Məhkəmə qərarları › İş №1(099)-158/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-158/2024

17.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-158/2024 17.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri, Mərkəzi Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxx 1986-cı ildə Saatlı rayonu, Əlisoltanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu, Əlisoltanlı kəndində qeydiyyatda olmaqla yaşamış, 19 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Saatlı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 4(055)- 22/2023 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 126.2.4-cü maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə saat 20 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Saatlı rayonu, Əlisoltanlı kəndində X4 işlətdiyi çayxanada Zərərçəkmiş şəxs oynadığı domino oynuna qoşulmaq istədiyi zaman sonuncunun buna etiraz etməsi, nalayiq ifadələr işlətməsi, «durub səni vuracam» deyərək ayağa qalxıb vurmağa cəhd etməsi səbəbindən aralarında baş vermiş mübahisəyə görə qisas almaq niyyəti ilə çayxana binasından çıxdıqdan sonra, 15 metr aralıqda yaşadığı ev istiqamətində gedən Zərərçəkmiş şəxs yaxınlaşıb çayxanadan götürdüyü soyuq silah hesab edilməyən bıçağı ilə 6 dəfə qəsdən zərbələr endirməklə sonuncuya sağ qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən bir ədəd yara, sağ bazunun yuxarı 1/3-də bayır səthdə bir ədəd yara, sağ dirsək oynağının bayır səthində bir ədəd yara, sağ saidin yuxarı 1/3-də bayır və iç səthdə iki ədəd dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və qarnın ön sağ hissəsində qarın boşluğuna keçən, 12 barmaq bağırsağı zədələyən bir ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə əvvəldən şəxsi münasibəti yaxşı olmuş, dostluq etmişlər. Rəvanı öldürmək məqsədi, eləcə də Rəvana bir neçə bıçaq vurmaq məqsədi olmamışdır. Hadisə 18 aprel 2023-cü il tarixdə axşam tərəfi kənd ərazisində olmuşdur. Rəvanı bıçaqla vurmasının səbəbi Rəvanın onu söyməsi və təhqir etməsi olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə zamanı sərxoş olmuşdur. Rəvanı yaşadıqları kəndin ərazisində körpü tərəfdə vurmuşdur. Hadisə təxminən saat 23 radələrində olmuş, həmin vaxtı Rəvan tək olmuş, Rəvanın yanında, o cümlədən ətrafda heç kim olmamışdır. Rəvanı qoltuq nahiyəsindən vurmuş, Rəvana arxadan yaxınlaşaraq çağırmış, Rəvan çönüb onunla üzbə-üz olanda onu vurmuşdur. Rəvana bir bıçaq vurmuş, sonra elə bilmişdir ki, Rəvan onu vurmaq istəyir özünü müdafiə etmək üçün Rəvanı yenidən vurmuşdur. Hadisə zamanı Rəvanın əlində heç bir alət olmamışdır. Rəvan onu söyərək təhqir etmişdir. Rəvanla hazırda münasibəti əvvəlki kimi yaxşıdır. Rəvanla barışmış və Rəvana maddi köməklik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üç azyaşlı uşağının olmasını, uşaqlarının maddi, mənəvi və psixoloji vəziyyətini, zərərçəkmiş şəxslə barışmasını, maddi yardım göstərməsini, əməlindən peşman olmasını, özünü Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilməsini bildirərək, məhkəmədən barəsində ədalətli hökm çıxarılmasını xahiş etmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onu 18 aprel 2023-cü il tarixdə axşam saat 21-22 radələrində vurmuşdur. Səhər çayxanaya girəndə Baloğlan onu domino oynamağa çağırmış, Baloğlanla həmişə zarafatları olmuş, həmin vaxtı fikirli olmuş, Baloğlan onunla zarafat etmək istəmiş, Baloğlana ünvanını səhv salmamasını, onunla zarafatı qurtarmasını bildirmişdir. Baloğlan onun kurtkasından dartıb gəl domino oynayaq demiş, o da Baloğlana onunla zarafat etməməsini demişdir. Baloğlana domino oynamadığını demiş və yan tərəfdə olan stolda oturub çay içib çıxıb getmiş, Baloğlan da həmçinin çıxıb getmişdir. Həmin günü axşam tərəfi çayxanaya gəlmiş, ondan sonra Baloğlan da çayxanaya gəlmişdir. Baloğlan çayxanaya gələndə sərxoş vəziyyətdə olmuşdur. Təxminən saat 21 radələrində Baloğlanla mübahisələri olmuş, Baloğlan domino oynayarkən əlindəki daşları qabaqcadan demiş, Baloğlana oturmasını, belə hərəkətə yol verməməsini demişdir. Söhbət belə də qalmış, domino oyunu dağılmış, mübahisə olmuş, orada olanlar onunla Baloğlan arasında nəsə baş verməsinə qoymamışlar, aralarında söyüş olmamışdır. Mübahisə zamanı Baloğlana demişdir ki, «dursam səni vuraram». Bakı şəhərində 2002-2003-cü ildə şadlıq sarayında işləyəndə Baloğlan onun işçisi olmuş, Baloğlangili kənd uşağı kimi işləməyə özü aparmışdır. Baloğlanı vurmaq üçün durmaq istəmiş, lakin onu qoymamışlar, sonra isə özü oturmuşdur. Domino dağıldıqdan sonra evə getmək vaxtı çayxana bağlanmış, hamı dağılmış, özü isə körpüdə qalıb siqaret çəkmiş, yerindən tərpənmək istəyən zaman Baloğlanın gəldiyini görmüş, Baloğlana yaxın getmiş, Baloğlan isə ona bıçaq ataraq onu vurmuş, sonra isə Baloğlan tez-tez onu vurmuşdur. Baloğlanı itələyərək suya atmış, Baloğlan sudan çıxanda onu öldürə bilərdi, ancaq heç nə etməmiş və çıxıb getmişdir. Özü isə yeriyə-yeriyə evinə getmişdir. Baloğlan ona yaxınlaşan zaman qaranlıq olduğundan əlində bıçaq görməmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Baloğlana axşam təhqiredici söz deməmişdir. Baloğlana demişdir ki, «durub səni vuracam», ayağa duranda onu qoymamışlar. Baloğlana qarşı heç bir şikayəti və tələbi olmamış, Baloğlanla barışmışdır. Baloğlan sərxoş vəziyyətdə olduğu üçün onu vurmuşdur. Atası ilə Baloğlanın atası dost olmuşlar. Həyətlərində olan meyvələrdən Baloğlangilə də vermişlər. Çayxanada səhər vaxtı küçə sözü işlətmiş, Baloğlanla açıq zarafatları olmuşdur. Hadisə olan günü Baloğlana demişdir ki, onunla zarafat etməsin, keçib başqa stolda oturub çay içmiş, heç domino da oynamamışdır. Baloğlan gedib yeyib-içmiş, axşam çayxanaya sərxoş vəziyyətdə gəlmişdir. Həmin vaxtı domino oynamışdır. Baloğlan domino oynamaq istəyən zaman Baloğlanı domino oynamağa qoymamış, Baloğlan isə onun əlindəki daşları demiş, Baloğlana əlindəki daşları deməməyini, dursa onu vuracağını demiş, Baloğlanı vurmaq üçün durmaq da istəmiş, lakin orada olan şəxslər onu ayağa qalxmağa qoymamışlar. Baloğlanla bir-birlərinin üstünə getməmişlər. Dominonu 4 nəfər oynamışlar, domino oynayan şəxslərdən biri durmuş, o da Baloğlanı onlarla oturmağa qoymamış, həmin vaxtı İsa müəllim onlarla oturmuşdur. Baloğlanın ziyalı müəllimin yanında oturaraq ağzına gələni danışmağını istəməmişdir. Baloğlanla barışmış, heç bir tələb və şikayəti olmamış, məhkəmədən Baloğlanın həbsdən azad edilməsini xahiş etmişdir. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə yerində olmamış, baş vermiş hadisəni görməmişdir. 18 aprel 2023-cü il tarixdə, axşam hava qaralana yaxın Baloğlan ilə bir yerdə çörək yemişlər, sonra körpüdə olan çayxanaya getmişlər, orada domino oynamışlar, ancaq Baloğlanla bir yerdə olmamış, Baloğlan başqa stolda olub, yoldaşlarla domino oynamışdır. Baloğlangil çölə çıxıb savaşmışlar, Baloğlangili görməmiş, hadisədən xəbəri olmamışdır. Səsə çölə çıxmış, sakitçilik olduğunu görmüş, Baloğlandan başqa orada heç kim olmamışdır. Verilmiş suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Baloğlanla Rəvan arasında mübahisə olmasını görməmişdir. Baloğlan ilə 1 litr araq içmişlər, sonra araqları qurtarmış, 700 qramlıq yenidən araq alaraq içmişlər. Şahid3 22 noyabr 2023-cü il tarixli teleqramla müraciət edərək səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilməyəcəyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Saatlı rayonu, Əlisoltanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs bacısı oğludur, Təqsirləndirilən şəxs isə onun həmkəndlisidir, onları uzun müddətdir ki, tanıyır, düşmənçilik və ədavəti olmamışdır. Bacısı oğlu Rəvan rəsmi olaraq heç bir yerdə işləmədiyindən boş vaxtlarında hərdən yaşadığı kəndin giriş hissəsində yerləşən çayxanaya gedərək orada orada çay içib domino oynadıqdan sonra yaşadığı evə qayıdır. 18 aprel 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı evdə olarkən bacısı İradə mobil telefonuna zəng edərək oğlu Rəvanın çayxanada olarkən həmkəndlisi Baloğlanla aralarında mübahisə yarandığı, mübahisə zamanı Baloğlanın Rəvanı bıçaqla vurub xəsarət yetirdiyini deyərək yaşadığı ünvana gələrək Rəvanı xəstəxanaya aparmağa kömək etməyini istəmişdir. Yaşadığı evdən çıxaraq bacısı İradənin yaşadığı evə getmişdir. Ora çatarkən Rəvanın qarnından, sağ qolundan və sağ döş qəfəsindən qan axdığını, əynindəki paltarlarının qana bulandığını görmüşdür. Dərhal bacısı oğlu Rəvana məxsus «VAZ 2107» markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında əyləşmişdir. Bacısı oğlu Rəvan avtomobilin qabaq oturacağında, bacısı İradə isə arxa oturacaqda əyləşmişdir. Avtomobili «Saatlı Rayon Mərkəzi Xəstəxanası» X13 sürmüş, Rəvana xəstəxanada tibbi yardım göstərilmişdir. Şahid1 21 dekabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək bildirmişdir ki, 21 dekabr 2023-cü il tarixə təyin olunmuş məhkəmə baxış iclasına gəlmiş, lakin təqsirləndirilən şəxsin müdafiəçisi gəlməməsi səbəbindən məhkəmə iclası təxirə salınmışdır. İş üzrə ibtidai istintaq vaxtı verdiyi ifadəsini təsdiq etmişdir. Ailə vəziyyəti və səhhəti ilə əlaqədar keçiriləcək növbəti məhkəmə iclasında iştirak edə bilməyəcəyinin və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, Saatlı rayonu, Əlisoltanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun həmkəndliləridir. Rəvan və Baloğlanı uzun müdətdir ki, tanımış, düşmənçilik və ədavəti olmamışdır. Rəsmi olaraq heç bir yedə işləmədiyindən hərdən boş vaxtlarında tanışları ilə kəndlərinin giriş hissəsindəki körpünün yanında yerləşən Nicatın işlətdiyi çayxanaya gedərək orada çay içib domino oynayaraq yaşadığı evə qayıdır. 18 aprel 2023-cü il tarixdə saat 18:30 radələrində işi olmadığından yaşadığı evdən çıxaraq kəndin girişindəki Nicata məxsus çayxanaya getmişdir. Orada həmkəndlisi Rəvan, Elnur və əsil adı Hümmət olan, lakin kənd arasında Ravin adlanan şəxslərlə görüşüb çayxananın içərisinə daxil olmuşlar. Çayxanadakı masalardan birində oturaraq çay içib domino oynamağa başlamışlar. Bir qədər sonra həmkəndliləri Baloğlan, Elşən və Niyazi çayxanaya daxil olaraq onların yanındakı masaların birində əyləşib çay içib domino oynamışlar. Təxminən saat 20 radələrində Ravinə zəng gəlmiş, Ravin telefonla danışdıqdan sonra işinin olduğunu və getmək istədiyini demişdir. Ravin onlarla sağollaşaraq özünə məxsus avtomobilə əyləşərək çıxıb getmişdir. Ravin çayxanadan getdikdən sonra Baloğlan onların əyləşdiyi masaya yaxınlaşaraq boş qalmış stulda əyləşmişdir. Baloğlan onlara domino oynamaq istədiyini demişdir. Rəvan da Baloğlana spirtli içki qəbul edərək sərxoş vəziyyətdə olduğunu, oyun oynayarkən əlində olan domino daşlarını dediyini və bu səbəbdən Baloğlanla domino oynayaq istəmədiyini demişdir. Baloğlan da Rəvana israrla domino oynamaq istədiyini və əyləşdiyi stuldan qalxmaq istəmədiyini demişdir. Rəvan yenidən Baloğlana əyləşdiyi stuldan qalxaraq getməsini deyərkən aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt Nicat çayxanada olmadığından ora Ərşad nəzarət etmişdir. Baloğlanla Rəvanın mübahisə etdiyini görən Ərşad əyləşdiyi masaya yaxınlaşaraq hər ikisinin çayxanadan çıxıb getməyini istəmişdir. Çayxanada olan şəxslərlə yanaşı Baloğlan və Rəvan da çıxıb getmişlər. O da çayxanadan çıxdıqdan sonra yaşadığı evə getmişdir. Sonradan hazırda adı yadında qalmayan şəxslərdən o, çayxanadan çıxdıqdan sonra Baloğlanın Rəvanla aralarında yenidən mübahisə yarandığını, çayxanadan çıxıb getdikdən sonra Baloğlanın bıçaqla Rəvanın bədəninin müxtəlif nahiyələrinə vuraraq xəsarətlər yetirdiyini eşitmişdir. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işi başlamaq, icraata qəbul etmək və zərərçəkmiş şəxs qismində tanımaq haqqında» 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanması barədə Saatlı RPŞ-nin CAB-nin rəisi, polis kapitanı Qəhrəman Tağıyevin 18 aprel 2023-cü il tarixdə saat 20:51-də Saatlı RPŞ-yə verdiyi məlumat və həmin gün Zərərçəkmiş şəxs «qarnının ön divarının kəsilmiş-deşilmiş, qarın boşluğuna keçən nazik bağırsağın kəsilmiş-deşilmiş yarası» diaqnozu ilə Saatlı RMX-na Acil şöbəsinə daxil olması barədə həkim tərəfindən verilmiş arayış, əsas isə həmin məlumat və arayış əsasında toplanmış ilkin yoxlama materialı olmuşdur.(cild 1, i.v. 1-7) -18 aprel 2023-cü il tarxli, 67 nömrəli «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolun»dan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş olmuşdur.(i.v.8) -«baxış keçirilməsi haqqında» 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Saatlı RPŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 tərəfindən təqdim edilmiş baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi dəstək və tiyədən ibarət olan birtərəfli kəsici, dəstək hissəsi plastmas, metal konstruksiyalarla bərkidilmiş, dəstəyinin uzunluğu 11,5 sm, eni 1,7 sm, qalınlığı 0,6 sm, tiyəsinin uzunluğu 11 sm, qalınlığı 0,1 sm və eni əsas hissədə 2,7 sm olan dəstəyi açıq rəngli 1 ədəd bıçaq götürülmüşdür. (i.v.9-14) -«cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması haqqında» 19 aprel 2023cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə əsaslı şübhələr olduğundan həmin tarixdə saat 08:50-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v. 44-45) -«baxış keçirilməsi haqqında» 19 aprel 2023-cü il tarixli protokoldan görünür ki, baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 1 ədəd göy rəngli uzunqol 3 düymədən ibarət, üzərində qanabənzər ləkələr, üzərində köndələn istiqamətdə yerləşən ölçüsü 2,4 sm deşib keçən 1 ədəd zədə, sağ qoltuqaltı hissə köndələn istiqamətdə yerləşən ölçüsü 4 sm deşkib keçən 1 ədəd zədə, sağ qolun yuxarı hissəsində köndələn istiqamətdə yerləşən ölçüsü 15 sm deşib keçən 1 ədəd zədə, sağ qol hissəsində 5 sm, 3 sm, 1 sm deşib keçən zədələr olan köynək və 1 ədəd üzərində qanabənzər ləkələr olan üzərində 2 sm deşib keçən zədə olan ağ rəngli mayka götürülmüşdür.(i.v. 54-60) -Zərərçəkmiş şəxs 19 aprel 2023-cü il tarixdə Saatlı RPŞ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, 18 aprel 2023-cü il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs aralarında yaranmış mübahisə zamanı bıçaqla onun bədəninə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir.(i.v. 62) -«maddi sübut kimi tanıma haqqında» 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs götürülmüş 1 (bir) ədəd göy rəngli uzunqol köynək, 1 (bir) ədəd ağ rəngli mayka və Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Saatlı RPŞ-nin məsul saxlanışına verilmişdir.(i.v. 70) -«şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Əlisoltanlı kəndinin giriş hissəsində X4 işlətdiyi çayxananı, çayxananın içərisində həmkəndlisi Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi və çayxanadan çıxdıqdan sonra təxminən 15-20 metr aralıqda su arxının üzərindəki körpünün digər tərəfindəki yolda Zərərçəkmiş şəxs qəsdən vurub xəsarət yetirdiyi yeri, Zərərçəkmiş şəxs hansı vəziyyətdə vurduğunu əyani olaraq göstərmişdir.(i.v. 74-80) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 20 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə nəzərdə tutulan ittiham elan olunmuş və Saatlı Rayon Məhkəməsinin həmin tarixli, 4(055)-22/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 81-82, 102- 105) -«Saatlı Rayon Mərkəzi Xəstəxanası» X12 daxil olmuş 25 aprel 2023-cü il tarixli, PHŞ-6-65/2-260/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. (i.v.122- 123) -«baxış keçirilməsi haqqında» 03 iyun 2023-cü il tarixli protokol ilə hadisənin Saatlı rayonu, Əlisoltanlı kəndinin girişində yerləşən avtomobil yolunun kənarındakı X5 məxsus çayxananın yaxınlığında yerləşən körpünün yanındakı avtomobil yolunda baş verdiyi müəyyən olunmuşdur.(i.v.135-141) -«ambulator-məhkəmə psixiatrik ekspertizası»nın 13 may 2023-cü il tarixli, 1311 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman və ona qədər hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair xəstəlik qeyd olunmamışdır. Baloğlan Məhərəmov törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs öz hərəkətlərinı cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. (i.v.156-157) -«cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması barədə» 10 avqust 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay- 07 ayadək, yəni 19 avqust 2023-cü il tarixdən 19 noyabr 2023-cü il tarixədək uzadılmışdır. (i.v.168-169) -«məhkəmə-tibbi ekspertizası»nın 11 avqust 2023-cü il tarixli, 264 nömrəli rəyindən görünür ki, 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-qarnın ön sağ hissəsində qarın boşluğuna keçən 12 barmaq bağırsağı zədələyən bir ədəd yara, sağ qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən bir ədəd yara, sağ bazunun yuxarı 1/3-də bayır səthdə bir ədəd yara, sağ dirsək oynağının bayır səthində bir ədəd yara, sağ saidin yuxarı 1/3-də bayır və iç səthdə iki ədəd yara kəsicideşici alətin, bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 18 aprel 2023-cü il tarixə uyğundur. Ayrı-ayrılıqda dərəcəsinə görə qarnın ön sağ hissəsində qarın boşluğuna keçən, 12 barmaq bağırsağı zədələyən bir ədəd yara həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər xəsarətlər- sağ qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən bir ədəd yara, sağ bazunun yuxarı 1/3-də bayır səthdə bir ədəd yara, sağ dirsək oynağının bayır səthində bir ədəd yara, sağ saidin yuxarı 1/3-də bayır və iç səthdə iki ədəd yara isə dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədən səthindəki xəsarətlərin lokalizasiyası təqdim edilmiş paltarlar üzərindəki zədələrin lokalizasiyasına uyğundur. Xəsarətlər və zədələr təqdim edilmiş bıçağın da təsirindən əmələ gələ bilərdi. (i.v.170-173) -Saatlı Rayon Məhkəməsinin 14 avqust 2023-cü il tarixli, 4(055)-38/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlanılma müddəti 1 (bir) ay, 15 (on beş) gün müddətə, yəni 04 oktyabr 2023-cü il tarixədək uzadılmışdır.(i.v.184-187) -«əşyanın tanınmaya təqdim edilməsi haqqında» 07 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona tanınmaya təqdim edilmiş 4 ədəd nömrələnmiş bıçaqdan 2 nömrəli dəstəyi açıq yaşıl rəngli və ucu sivri olan mətbəx bıçağını göstərmiş və hadisə zamanı Zərərçəkmiş şəxs vurduğu bıçaq olduğunu bildirmişdir. (i.v.200-203) -07 sentyabr 2023-cü il tarixli «üzləşdirmə protokolun»dan görünür ki, üzləşdirmə aparılarkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs üzünə qarşı hadisənin necə olduğunu demiş, Təqsirləndirilən şəxs isə onun üzünə qarşı söyüş söydüyünə görə onu vurduğunu və onu bağışlamasını istədiyini demişdir.(i.v.204-206) -"xxxx" 05 sentyabr 2023-cü il tarixli 395-2023/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sol yarısının aşağı hissəsində 01 ədəd, ön səthinin sağ yarısının aşağı hissəsində 01 ədəd, arxa səthinin sağ yarısının orta hissəsində 01 ədəd, sağ qolunun arxa səthinin aşağı hissəsində 01 ədəd, sağ qolunun arxa səthinin orta hissəsi, dirsəklik nahiyyəsində 01 ədəd və sağ qolunun arxa səthinin yuxarı hissəsində 02 ədəd (cəmi 07 ədəd); maykanın isə, ön səthinin sağ yarısının yuxarı hissəsində 02 ədəd deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr kafi itilikli ucu və küpü olan yastı tiyə tippli kəsici-deşici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynək və maykanın üzərində olan deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətli bıçaqların tiyəsinin təsirindən əmələ gəlmələri inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin və maykanın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələri onun bədəni üzərində olan eyni xarakterli xəsarətlərlə yerləşmə nahiyələrinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin sağ yarısının aşağı hissəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədən səthində öz əksini tapmamışdır və bu, yalnız köynəyin həmin nahiyəsinin zədələnməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinə tikilmiş, yuxarı-orta hissəsində olan fabrik yarıq üzrə, yuxarıdan saymaqla 3-cü düymənin öz yerində olmaması aşkar olundu. Bu düymənin öz yerində olmaması köynəyin yaxasına küt qüvvə tətbiq etməklə (dartılmaqla) qopub düşməsi ilə izah oluna bilər. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassǝyǝ malik, məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Bıçağın üzərində sonradan onun təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. (i.v.208-218) -«məhkəmə-tibbi bioloji ekspertizası»nın 05 sentyabr 2023-cü il tarixli, 559/2023- MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu – Oalfa, beta (İ) /Şəxsiyyəti təsdiq edən sənədlər üzrə portal axtarış vərəqəsinin kserosurətinə əsasən/ Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus uzunqol köynək və mayka üzərindəki ləkələrdə insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda H antigeni həmçinin alfa,beta aqqlyutininləri də alındı. Beləliklə, bu qan ləkələri O-alfa,beta/İ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən hadisə yerindən götürülmüş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. (i.v.219-222) -«sübutların qiymətləndirilməsi haqqında» 08 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin Məcəllənin 126.2.4-cü maddəsinə tövsif edilmişdir.(i.v. 224-240) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında» 09 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Balğolan Məhərrəmov Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.(i.v. 242-243) Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməl ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 126.2.4-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Beləliklə, məhkəmədə mübahisəsiz surətdə obyektiv olaraq təsdiq edilmişdir ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə saat 20 radələrində orta dərəcəli sərxoş vəziyyətdə Saatlı rayonu, Əlisoltanlı kəndində X4 işlətdiyi çayxanada Zərərçəkmiş şəxs oynadığı domino oynuna qoşulmaq istədiyi zaman sonuncunun buna etiraz etməsi, nalayiq ifadələr işlətməsi, «durub səni vuracam» deyərək ayağa qalxıb vurmağa cəhd etməsi səbəbindən aralarında baş vermiş mübahisəyə görə qisas almaq niyyəti ilə çayxana binasından çıxdıqdan sonra, 15 metr aralıqda yaşadığı ev istiqamətində gedən Zərərçəkmiş şəxs yaxınlaşıb çayxanadan götürdüyü soyuq silah hesab edilməyən bıçağı ilə 6 dəfə qəsdən zərbələr endirməklə sonuncuya sağ qoltuqaltı nahiyədə döş boşluğuna keçməyən bir ədəd yara, sağ bazunun yuxarı 1/3-də bayır səthdə bir ədəd yara, sağ dirsək oynağının bayır səthində bir ədəd yara, sağ saidin yuxarı 1/3-də bayır və iç səthdə iki ədəd dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və qarnın ön sağ hissəsində qarın boşluğuna keçən, 12 barmaq bağırsağı zədələyən bir ədəd həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair»a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Hazırkı iş üzrə ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs şamil edilməli olan Cinayət Məcəlləsinin norması xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərərvurmanı nəzərdə tutan Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsidir. İş materiallarından göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs ibtidai istintaqın yekununda Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə ittiham elan etməklə bağlı nəticəyə gələrkən bu mövqeyini faktiki olaraq yalnız «sübutların qiymətləndirilməsi haqqında» 08 sentyabr 2023-cü il tarixli qərarında əsaslandırmağa cəhd etmiş və xuliqanlıq niyyətinə tövsif etməyə əsas olaraq baş vermiş hadisəni «Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs oynadığı domino oyununa qoşulmaq istədiyi zaman sonuncunun buna etiraz etməsi və nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisəyə görə çayxanadan götürdüyü mətbəx bıçağı ilə çayxana binasından çıxdıqdan sonra ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, domino oyununa qoşulmağa etiraz etməyə və nalayiq ifadələr işlətməyə adekvat olmayan hərəkət etməsi» ilə qiymətləndirmişdir. Hansıkı, iş materiallarından, təqdim edilmiş ittiham aktının nəticə hissəsinin məzmunundan və məhkəmə tərəfindən müəyyən edilmiş obyektiv həqiqətdən göründüyü kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oynadığı domino oyununa qoşulmaq istəmiş, zərərçəkmiş şəxs buna etiraz etmiş, nalayiq ifadələr işlətməsi səbəbindən aralarında mübahisə baş vermiş, bndan sonra isə Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində çayxanada səhər vaxtı küçə sözü işlətdiyini, axşam isə Təqsirləndirilən şəxs təhqiredici söz demədiyini, Təqsirləndirilən şəxs «durub səni vuracam» dediyini, ayağa duranda onu qoymadıqlarını bildirmişdir. Şərh edilənlərdən göründüyü kimi baş vermiş hadisənin səbəbi olmuş, məhz həmin səbəb nəticəsində yaranmış mübahisə gedişində cinayət hadisəsi baş vermişdir. Təqsirləndirilən şəxs cinayətkar hərəkətləri ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyma, ətrafdakılara qarşı laqeyidlik ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgəyaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozmaya yönəlməmiş, qeyd edilən hərəkətləri olmamış, aralarında yaranmış şəxsi münasibətlər zamanı qisas almaq üçün cinayət əməlini törətmişdir. Xuliqanlıq niyyətinin mahiyyəti ilə bağlı məhkəmə tərkibi bu qənaətdədir ki, xuliqanlıq niyyəti ilə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, eləcə də əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığından, qəddarlığından, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobut hərəkətlərində ifadə olunur. Əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissəsinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurmanın tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməli kimi tövsif edilməlidir. Qəsdən sağlamlığa ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın cinayət əməlini törətməmişdən əvvəlki, cinayət əməlini törədən zaman və cinayəti törətdikdən sonrakı hər bir davranışı dərindən təhlil edilməlidir. Nəzərə alınmalıdır ki, xuliqanlıq niyyəti ilə adam öldürmə həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Motivin müəyyən edilməməsi əməlin xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurma kimi tövsif edilməsinə əsas vermir. Motiv cinayət tərkibinin elementlərindən biridir, hər bir iş üzrə müəyyən edilmiş bütün halların məcmusu əsas götürülməklə müəyyən edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin motivsiz törədilməsi qeyri-mümkdür. Motivin müəyyən edilməməsi tam və hərtərəfli məhkəmə araşdırmasının nəticəsi olaraq ortaya çıxmalıdır. Hər bir halda, əgər motiv müəyyən edilməmişdirsə, təqsirkarın əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimaitəhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət-Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir çox qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır (Landvreugd Hollandiyaya qarşı iş üzrə 2002-ci il 4 iyun tarixli, Brumaresku Rumıniyaya qarşı iş üzrə 1999-cu il 28 oktyabr tarixli Qərarlar). Təqsirləndirilən şəxs hərəkətlərində «xuliqanlıq niyyətinin» əlamətlərinin olmasına hüquqi qiymət verilən zaman məhkəmə tərkibi həmçinin nəzərə almalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Maddə 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır(Maddə 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Maddə 21.3). Məzmununa görə, yəni CPM-nin bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynalxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsi vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kimi çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin Qaritski Polşaya qarşı iş üzrə 06 fevral 2007-ci il tarixli qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olması barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəlillərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Habelə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Təqsiri qanun əsasında sübut ediləndək şəxsin təqsirsiz hesab edilməsi prinsipi cinayət prosesinin ən vacib təminatlarından biridir. Bu birinsip beynəlxalq hüquqda və əksər dövlətlərin hüququnda, o cümlədən bizim dövlətin hüququnda tanınan prinsipdir. X3 Hüquqlar haqqında Xartiyasının 48-ci maddəsinə əsasən ittiham edilən hər bir kəs təqsiri qanuna əsasən sübuta yetirilməyənə qədər təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası icraatın ümumi ədalətliliyini təmin etməyə çalışan geniş anlayışdır. Prosessual təminat kimi təqsirsizlik prezumpsiyası sübutetmə yükünə, şübhəli və ya təqsirləndirilən şəxsin təqsirinə ictimai istinadlara, təqsirləndirilən şəxsin təqdimatına və özünü ittiham etməmək hüququna təsir göstərir. İkinci aspektdən baxdıqda isə təqsirsizlik prezumpsiyası cinayətə görə bəraət almış və ya barəsində icraat davam etdirilməmiş şəxsləri dövlət məmurları və ya hakimiyyət orqanları tərəfindən sanki təqsirli kimi rəftar edilməkdən qoruyur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Karelin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxsin təqsirinin müəyyən edilməsi üçün sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Həmin Məhkəmənin «Frumkin Rusiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, təqsir məsələlərinə dair hər hansı şübhə şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə olmalı, yəni «in dubio pro reo» prinsipi tətbiq edilməlidir. Həmin Məhkəmənin «Telfner Avstriyaya qarşı» qərarından görünür ki, sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur. Həmin Məhkəmənin «Kapo Belçikaya qarşı» qərarında qeyd edilmişdir ki, sübütetmə yükü məhkəmə işinə xitam verilməsi barədə yekun qərardan sonra zərərin ödənməsi üzrə məhkəmə işində də tərsinə çevrilə bilməz. Təqsirsizlik prezumpsiyası bütövlükdə cinayət prosesini tənzimləyir. Şəxsin cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan onun cinayət törətməsi barədə yekun qərarın qəti müəyyən edilməsinə qədər cinayət prosesinin bütün mərhələlərində tətbiq edilir. Şəxs cinayət törətməkdə şübhəli bilindiyi və ya təqsirləndirildiyi andan, hətta şəxs bu şübhə barədə məlumat verilməmişdən əvvəl, o təqsirsiz hesab edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Nestak Slovakiyaya qarşı» iş üzrə qərarında qeyd edilmişdir ki, məhkəməyədək icraat zamanı həbs qətimkan tədbirin seçilməsi barədə qərarlar məhkəmədə müəyyən edilməmişdən əvvəl şəxsin təqsiri ilə bağlı qəti rəyə əsaslanarsa, təqsirsizlik prezumpsiyasının pozulması sayıla bilər. Məhkəmə tərkibi digər bir məqamı da qeyd edir ki, ibtidai istintaq orqanı hələ 19 aprel 2023-ci il tarixdə «cinayət işi başlamaq, icraata qəbul etmək və zərərçəkmiş şəxs qismində tanımaq haqqında» qərar qəbul edilərkən hadisənin baş vermə səbəbi və harada olması artıq müəyyənləşdirilmiş və həmin qərarda da bu xüsusat birbaşa əksini tapmış, bununla xuliqanlıq niyyətinə dəlalət etmədiyi qənaəti ilə əsaslı olaraq cinayət işi Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə başlanmışdır. Təqsirləndirilən şəxs 19 aprel 2023-cü ildə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmkdə şübhəli şəxs qismində tutulmuş, 20 aprel 2023-ci ildə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. İbtidai istintaqın bütün sonrakı mərhələsində, yəni sübutlar qiymətləndirilib Cinayət Məcəlləsinin 126.2.4-cü maddələri ilə ittiham olunması qərarı qəbul edilməsi anınadək əməlin xuliqanlıq niyyəti ilə törədilməsini təsdiq edə biləcək heç bir sübut əldə olunmamışdır. Həmçinin həmin mərhələ ərzində ibtidai istintaq orqanına təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə tövsif edilməsi ilə bağlı Zərərçəkmiş şəxs tərəfindən heç bir müraciət də edilməmişdir. Məhkəmə tərkibinin diqqətini çəkən digər mühüm hal ondan ibarətdir ki, ibtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktının özündə belə əməlin «xuliqanlıq niyyəti» ilə törədilməsi məqamı ilə bağlı ittiham təsvir edilməmiş, Cinayət-Prosessual Məcəlləsinin 289.4-cü maddəsinin tələbinə əsasən ittiham aktının nəticə hissəsində həmçinin cinayət qanunun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. Hazırkı iş üzrə də ittiham aktının həmin hissəsində «Zərərçəkmiş şəxs oynadığı domino oyununa qoşulmaq istədiyi zaman sonuncunun buna etiraz etməsi və nalayiq ifadələr işlətməsi səbəbindən aralarında baş vermiş mübahisəyə görə çayxanadan götürdüyü məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə çayxana binasından çıxdıqdan sonra, 15 metr aralıqda davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə» ifadələrinin yazılması ilə kifayətlənilmiş, konkret olaraq Təqsirləndirilən şəxs cinayət əməlində «xuliqanlıq niyyəti» hərəkətlərinin nədən ibarət olması təsvir edilməmiş, çünki iş materiallarında bununla bağlı hər hansı sübut olmamışdır. Cinayət tərkibinin subyektiv cəhətinə aid zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) Cinayət Məcəlləsinin yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərinin Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələri ilə tövsifini istisna edir. Qeyd olunanlar və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən sağlamlığa ağır zərər vurma cinayət olaraq məhz Cinayət Məcəlləsinin 126.1-ci maddəsi nəzərdə tutmuşdur. Cinayət Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi göstərilən cinayət-prosessual qanunvericilik normalarına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Müvafiq ittihamın sübut edilməsinə maneə yaradan şübhələr digər sübut növü ilə aradan qaldırılmadıqda təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. Məhkəmə tərkibi bütün şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinməsi işin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.2.4-cü maddələrindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin əməlini daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Cinayət Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları həmin Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkiblərinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsi tərəfindən verilən 17 iyul 2023-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v. 150-151) -Saatlı rayonu İcra Hakimiyyəti Başçısının Əlisoltanlı kənd İƏD-i üzrə nümayəndəliyindən verilmiş 27 aprel 2023-cü il tarixli, 84 nömrəli arayış, xasiyyətnamə və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayonu, Əlisoltanlı kəndində qeydiyyatda olmaqla ailə üzvüləri ilə birlikdə orada yaşamışdır. Himayəsində üç azyaşlı uşağı 25 iyun 2014-cü il təvəllüdlü Pəricahan Məhərrəmova, 01 aprel 2016-cı il təvəllüdlü Vaqif Məhərrəmov, 26 yanvar 2019-cü il təvəllüdlü Azər Məhərrəmov vardır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.115-119) Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşağının olması, həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsi, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi cinayəti etiraf etməsi, əməlindən peşman olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, şəxsiyyəti, ailə, maddi və sosial vəziyyəti müəyyən olunur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi təqsirləndirilən şəxs Baloğlan Məhhərrəmov barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X7rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X6 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndiriliəsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən və təqsirləndirilən şəxslərin həmin cinayətləri törədərkən icra etdikləri rollardan asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sair.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxmaya yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; cəza ədalətli olmalıdır, cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudda təyin edilməlidir, cəza təyin edərkən ümumi hissənin müddəaları, cinayətin xarakterini və təhlükəlilik dərəcəsi, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti, cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cəza təyin edilərkən cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiyyətdən təcrid olunmadan islah təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensial yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlışdırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbələrini hökümdə əsaslandırmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsində sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai–təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, cinayət məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Məhkəmələr inadkarlıqla islah olunma yoluna düşmək istəməyənlərə, xüsusi ilə ağır cinayət törədənlərə qanuna əsasən daha ciddi cəza təyin edilməsini təmin etməlidirlər. Məhkəmə tərkibi bildirir ki, cinayətin ctimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyəni edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətlər heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinifə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növdən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və s.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan hal olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu hal nəzərə alınmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X11rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir.» Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayətlərə görə ilk dəfə azadlıqdan azadlıqdan məhrum etməyə görə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 19 aprel 2023-cü il tarixdən hesablanmalı, Saatlı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 4(055)- 22/2023 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Saatlı Rayon Polis Şöbəsində saxlanılan, 01 ədəd göy rəngli uzunqol köynək, 01 ədəd ağ rəngli mayka və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 8, 44, 51-2, 124-137-1, 144-146, 318, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 19 aprel 2023-cü il tarixdən hesablansın. Saatlı Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli, 4(055)-22/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 1 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs götürülmüş 1 (bir) ədəd göy rəngli uzunqol köynək və 1 (bir) ədəd ağ rəngli mayka hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar