Məhkəmə qərarları › İş №1(099)-158/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-158/2025

03.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-158/2025 03.03.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri:Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi-Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 2001-ci ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi 1-də qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları, N.Əliyev küçəsi, ev 92-də yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 181.2.4-cü maddəsi ilə təqsirləndilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə saat 07 radələrində Cəlilabad şəhəri, H.Aslanov küçəsinin giriş hissəsində atası Zərərçəkmiş şəxs anası X3 qarşı qanunsuz hərəkətlərə yol verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla bir dəfə Zərərçəkmiş şəxs ağız nahiyəsindən qəsdən vurub yerə yıxaraq sonuncuya başın sol ənsə nahiyəsində hematoma, alt dodağın selikli qişasında əzilmiş yara, alt çənədə sol üçüncü dişdə orta dərəcəli travmatik laxlama və sağ dirsək oynağı nahiyəsində əzilmiş səthi yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, atasının məhkumluğu olduğu üçün atasının yanında böyüməmiş, onu anası böyütmüşdür. Atası həm Rusiya Federasiyasında həm də burda uzun müddət məhkumluq həyatı yaşamışdır. Atası 2-3 il olardı ki, Rusiya Fedrasiyasından qayıtmışdır. Onlar ev satmışlar, evlərini satdıqdan sonra həmin müddətdə dostugildə qalmışdır. Atası evin pulundan 5000 manatını anasından istəmişdir. Hadisə 18 iyun 2024-cü il tarixdə baş vermişdir. Satdıqları ev anasının adına olmuş, atası həmin evdə qeydiyyatda olmamış, anası ilə atası bir yerdə yaşamamışlar. Yaşadıqları evi 33000 manata satmışlar. Bu vaxta qədər nə pis vərdişi olmuş, nə də bu günə kimi polis şöbəsinə düşmüş, işə gedib evə gəlmişdir. Anası ona zəng edib ağlaya-ağlaya demişdir ki, belə bir məsələ var, anasının vəziyyətinə dözə bilmədiyi üçün iki dostu ilə bir yerdə Cəlilabad rayonuna getmişdir. Cəlilabad rayonunda yaşayan əmisigilin evinə gəlmiş və əmisi oğlundan atasının harada olduğunu soruşmuşdur. Əmisi oğlu atasının əmisi ilə bazara getdiyini bildirmişdir. Həmin vaxt küçəyə çıxmış, həmin vaxtı da atası «Niva» markalı avtomobildən düşmüşdür. Həmin vaxtı atasını vurmağı düşünməmişdir. Atasından anasını niyə vurduğunu soruşmuş, atası ona «arvadımdır yaxşı etmişəm vurmuşam» demiş və onu itələmişdir. Atası onu itələyən vaxt istər-istəməz ona əsəb gəlmiş və həmin vaxt atasını yumruqla vurmuş, atasını yumruqla vurduqdan sonra o, özündən getmiş və yıxılmışdır. Həmin vaxtı ağlamağa başlamışdır. Ondan sonra atasının üzünə su vurmuş, səs-küyə dostlar qonşular çıxmış, daha sonra Ağababa əmisi və qonşu Sabir gəlmişdir. Atasının üzünə su vurduqdan sonra atası özünə gəlmiş, həmin vaxtı əmisi və əmisi oğlu daşla üzərinə gəlmişlər və bu səbəbdən onlar hadisə yerindən uzaqlaşmışlar. Hesab etmişlər ki, orada qalsa əmisigil onu vurarlar. Daha sonra hazırda hərbi xidmətdə olan dostu Ülvini polis əməkdaşları saxlamışlar, dostunu tək qoymamaq üçün onlar da RPŞ-nə getmişlər. Polis şöbəsində atası onun cibindən 5000 manat pul götürdüyünü demişdir. Həmin vaxtı atası yalan demişdir. Atası bir iki həftə sonra Cəlilabad rayonunda diş həkimində dişlərini düzəltdirmiş və həkimə 2000 manat pul ödəmişdir. Polis şöbəsində onları buraxdıqdan sonra evinə getmişdir. Daha sonra polis şöbəsindən yenə onları çağırmışlar, polis şöbəsində müstəntiq ona barəsində Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə cinayət işi açıldığını demişdir. Onlar müstəntiqlə danışdıqdan sonra yenidən evlərinə qayıtmışdır. Daha sonra müstəntiq onu yenə polis şöbəsinə çağırmış, müstəntiqə atasıyla eyni evdə yaşadığını, gəlməyinə nə ehtiyac olduğunu demiş və müstəntiqin çağrışına getməmişdir. İmtahana gedərkən metroda polis əməkdaşları onu saxlayıb şəxsiyyət vəsiqəsini yoxlamışlar və ona axtarışda olduğu üçün polis şöbəsinə getməli oluğunu demişlər. Polis əməkdaşları onu polis şöbəsinə gətirdikdən sonra Cəlilabad RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkiləri gəlib onu Cəlilabad RPŞ-nə aparmışlar. Onu iki gün Cəlilabad RPŞ-də müvvəqqəti saxlama yerində saxlamışlar, daha sonra məhkəmə olmuş və o baş vermiş hadisəni olduğu kimi məhkəmədə hakimə danışmışdır. Məhkəmədən onu buraxmışlar və bütün çağrışlara gəlməsini bildirmişlər. Daha sonra Şirvan Apellyasiya Məhkəməsinə getmişlər və oradan onu buraxmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, doğulandan Sumqayıt şəhərində yaşamışdır. Hazırda Bakı şəhərində kirayədə yaşayırlar. Ailələrində ondan başqa bir bacısı vardır. Anasının satdığı evi atası tikməmişdir. Cəlilabad rayonunda evləri olmuş, evləri yandıqdan sonra valideynləri Bakı şəhərinə köçmüşlər, dayıları və əmiləri köməklik etmişlər, onlar da özlərinə ev tikmişlər. Daha sonra həmin evi satıb başqa yerə köçmüşlər, illər ərzində 4 ev dəyişmişlər. Atası içki içib onları çox incitmişdir, atasına qarşı içində həmişə kin olmuşdur. Hazırda yaşadıqları evdə atası ilə birgə yaşayırlar. Anasının satdığı evdə atasının heç bir əməyi olmamışdır. Evin satılmasında atası iştirak etməmiş, ancaq evin satılmasından atasının məlumatı olmuşdur. Evi satmaqda məqsədləri atasının qonşuluqdan oğurluq etməsi olmuş, çünki qonşular onlara pis baxmışlar. Atasının etdiyi oğurluqlar ilə bağlı heç bir yerə şikayət olunmamışdır. Atası zavodda mühafizəçi işləmiş, işlədiyi zavodda da oğurluqlar etmişdir. Ev satılan günün axşamı atası evə gəlmiş və bir yerdə gedib ev taparıq demişdir. Atası özü də köməklik edəcəyini demişdir. Atası onun yanında anasına heç nə edə bilməmişdir. Ancaq o kiçik yaşlarında olan zaman atası anasını daima döymüşdür. O, evdə olmayanda atası anasını sıxmışdır. Atası içki içəndən sonra çox dəyişmiş, həmin gün “qurban bayramı” günü olmuş, atası spirtli içki içmiş və gedib darvazanı bağlayıb evə girərək anasından pulu istəmişdir, anası pulun onda olmadığını və anasına verdiyini demişdir. Atası anasının üzərinə getmiş, anası evdən qaçmaq istəmiş, lakin qapı bağlı olduğu üçün qaça bilməmişdir. Daha sonra atası anasının çantasını cıraraq pulları yerə tökmüş və puldan götürüb çıxıb getmişdir. Anası gecə saat 03 radələrində ona zəng edərək atasının onu döydüyünü demişdir. Atası pulu götürüb Cəlilabad rayonuna getmişdir. O, da dostları ilə taksi sifariş verib gecə Cəlilabad rayonuna getmişdir. Atasına zəng etsə də atası zənglərə cavab verməmişdir. Hadisədən bir müddət sonra atası dişlərini düzəltdirmiş və həmin puldan həkimə vermişdir. Atasını vurandan sonra atası yıxılmış, atası yıxılan zaman telefonu düşmüş, atasının telefonun dostu gətirib ona vermişdir. Atasını vurduqdan sonra atası yıxılmış, vedrə ilə su gətirib atasının üzərinə tökmüş, atası özünə gəlmiş və daha sonra təcili tibbi yardım maşını gəlmişdir. Atasının telefonun orda olan bir kişiyə aparıb vermiş, telefonu atasına verməsini demişdir. Atası ayılan zaman onu görmüş, ancaq həmin vaxt ona heç nə deməmişdir. Atası ayılan zaman «cibimdə pulum olub, həmin pullar hanı» deməmişdir. Əmisigildən çıxdıqdan sonra 200 metr aralıda atasını görmüşdür. Atası «Niva» markalı avtomobil ilə gəlmişdir. Atası ilə avtomobildən təxminən 40 metr aralıda söhbət etmiş, həmin vaxt atasına anasını niyə vurduğunu demişdir. Ətrafda olan adamlar da onların söhbətlərini eşitmişlər. Atasına anasını niyə vurduğunu soruşduqdan sonra atası anasının arvadı olduğunu, buna görə özünün bildiyini, yaxşı etdiyini demişdir. Atasına arvad gördüyünü illərlə Rusiyada olduğunu demişdir. Həmin vaxt atası onu itələmiş, özündən aslı olmayaraq atasına bir yumruq vurmuş və nəticədə atası yıxılmışdır. Atası yıxılandan sonra Ağababa əmisi qoy ölsün demişdir. Əmilərinin də atasından xoşları gəlməmiş, atası tərəfdən yarımamışdır. Əmiləri də məhkumluq həyatı yaşamışlar. Atasını vurduqdan sonra atası xırıldamağa başlamışdır. Atasını vurmasını Cavid və Ülvi görmüşlər. Cəlilabad rayonunda evləri olmamışdır. Atası Cəlilabad rayonunda əmisigildə yaşamışdır. Atasının hadisədən sonra dişlərini düzəltdirdiyi diş həkiminin adını və harada işlədiyini bilməmişdir. Ülvi hazırda hərbi xidmətdədir. Atasını vurmamışdan qabaq atası ilə onun arasında olan söhbəti, əmisi Ağababa və dostları da eşitmişlər. Atası ilə söhbət zamanı evdən niyə pul götürməsi ilə bağlı heç bir söz deməmişdir. Pulla bağlı aralarında heç bir söhbət olmamışdır. Atasının yanına pula görə gəlməmiş, atasının yanına anasını incitdiyinə görə gəlmişdir. Anası ilə atasının nigah haqqında şəhadətnamələri vardır. Müvəqqəti saxlama yerindən çıxandan sonra müstəntiqin yanında atasi ilə görüşmüşdür. Atası ilə bir yerdə bir dəfə müstəntiqin yanında olmuş, həmin vaxtı heç bir sənədə imza etməmişdir. Sabir telefonu gətirib ona vermək istəyəndə Sabirə «telefon mənim deyil atamındır aparın atama verin» demişdir. Telefonu dostu Ülviyə vermiş, Ülvi telefonu qaytarmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bildiyini və atası ilə barışdığını deyərək, məhkəmədən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Cəlilabad rayonuna gəlmişdir. Səhər vaxtı qardaşı ilə bazara getmiş, qayıdanda oğlu Neməti görmüşdür. Həmin vaxt Nemət ona yumruq atmış, o xəstəxanda özünə gəlmişdir. Hadisə yerində Nemət üstünə su töküb onu ayıltmışdır. Polis şöbəsində izahatında da bildirmişdir ki, pulu Nemət götürməmiş, hadisə yerinə çox adam yığılmışdır. Pulu itmiş, pulunu kimin götürməsini bilməmişdir. Ev satılmışdır, pul həmin satılan evin pulu olmuşdur. Ev hadisədən 3 gün qabaq satılmışdır. Ev ailəsinin evi olmuş, həmin evdə onun da payı olmuşdur. Şəxsiyyət vəsiqəsində Cəlilabad rayonunda qeydiyyatda olmuş, satılan ev arvadının adına olmuş, evi bir yerdə almışlar. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, təcili tibbi yardıma qardaşı zəng edib məlumat vermişdir. Nemətlə aralarında olan mübahisəni və davadalaşı qardaşı Ağababa görmüşdür. Qardaşı Ağababanın maşını ilə gəlmiş, maşından çıxmış və Nemətlə təqribən 10 metr aralı çəkilmişlər. Hadisə yerindən kənarda camaat olmuş, həmin şəxslər domino oynamışlar. 5000 manat pulu ailəsindən ayrıldığı üçün götürmüş, evin satılmasını istəməmiş və bu səbəbdən də evdən ayrılmışdır. Satılan evə darvaza qoydurmuş, qapının pulunu vermək üçün pul götürmüşdür. Cəlilabad rayonunda evi olmamışdır. Ailəsindən ayrılıb kirayə yaşayacaqdır. Nemət onu yumruqla boğazından vurmuş, Neməti vurmamış, Nemətin onu vuracağına da inanmamışdır. Nemət onu yumruqla vuran kimi yıxılmışdır. O, yıxılandan sonra onu sürüyə-sürüyə qonşunun həyətinə aparmışlar, orada vedrə ilə başına su töküb ayıltmışlar. Onu qonşunun həyətinə Nemətgil aparmışlar. Qardaşı Ağababanın evi həmin qonuşunun evi ilə 300 metr aralıqda yerləşir. Qonşunun həyətində özünə gəlmişdir. Nemət onu vurmamışdan qabaq üzərində pul qabı və mobil telefon olmuşdur. Pul qabı qara rəngdə olmuş, pul qabının içində 5600 manat pul, işlədiyi yerin əmək haqqı kartı və bir də pensiya kartı olmuşdur. Aylıq 750 manat əmək haqqı almışdır. Pulunun üzərində olmadığını xəstəxanada bilmişdir. Onu xəstəxanaya xərəkdə aparmışlar, həmin vaxtı ayaq üstdə dura bilməmişdir. Evdən 5000 manat pul sayıb götürmüşdür. Pulu götürəndə arvadı ilə mübahisəsi olmamış, arvadı ona gəl ev tikək demiş, o isə arvadına ev tikmək istəmədiyini demişdir. Satdıqları ev tikdikləri 4-cü ev olmuş və 100 yaşına kimi ev tikmək istəməmişdir. Satılan evi özü tikmişdir. Cəlilabad rayonunda olan evi yanmış, bundan sonra yanan evin taxtasın kərpicin Cəlilabad rayonundan Sumqayıt şəhərinə aparmış və orada zəbt etdiyi torpağda ev tikmişdir. Daha sonra evi satıb başqa ev tikmiş, daha sonra onu da satıb yenə başqa ev tikmişdir. Sonuncu evi 3 otaqlı ev olmuş və 35000 manata satmışlar. Evi ucuz satdıqları üçün ailəsindən incimişdir. Evin satılmasından xəbəri olmamış, evə gələndə evin satılmasını bilmişdir. Arvadı pulun 28000 manat olduğunu demiş, həmin vaxt pulu saymamış və arvadına həmin puldan 5000 manatını ona verməsini demişdir. Bundan əvvəlki evi arvadı satıb qızına cehiz almışdır. Qalan pulla sonuncu satdıqları evi almışdır. O, Rusiya Federasiyasından gələndə ev 4 divar olmuş, bundan sonra evi təmir etdirmişdir. Arvadına qoyun quzu alacağını deməmiş, ancaq arvadına ondan ayrılacağını demişdir. Pul qabında 5000 manatdan əlavə 600 manat əmək haqqısı olmuşdur. Pulu götürüb Cəlilabad rayonuna gələndə oğlu ona zəng etməmişdir. Arvadı zəng edib qayıtmasını və ev tikmələrini demişdir. O, isə qayıtmayacağını ayrılacağını demişdir. Halhazırda ailəsi ilə birlikdə kirayədə bir yerdə yaşayırlar. Evi satmazdan əvvəl həmin evdə ailəsi ilə birlikdə yaşamışdır. Nemət Cəlilabad rayonunda ona «anamı niyə vurmusan» demiş, o isə cavabında vurmadığını demişdir. Həmin vaxtı Nemət ondan pul tələb etməmiş və pul barədə danışmamışlar. Xəstəxanda ayılan zaman qardaşı Ağababa yanında olmuş, qardaşından pulunu soruşmuş, qardaşı pulu görmədiyini demişdir. Qardaşından pulunu Nemətin götürüb-götürməməsini soruşmuş, qardaşı da Nemətin pul götürmədiyini, Nemətin onun hayında olduğunu demişdir. Hadisə günü xəstəxanadan çıxmış, xəstəxanadan çıxan zaman Nemət polis şöbəsində olmuş, o da həmin gün polis şöbəsinə getmişdir. Polis şöbəsində Nemətdən pulu soruşanda Nemət pul görmədiyini demişdir. Nemətə bəlkə yanındakılar götürüb demiş, Nemət yanlarındakıların da pul götürmədiklərini demişdir. İzahatında «pulunu götürdü yox, pulunun itməsini» yazmışdır. Latın qrafikası ilə nə oxuya, nə də yaza bilmişdir. Pul qabı itən zaman şəxsiyyət vəsiqəsi pul qabının içində olmamışdır. Şəxsiyyət vəsiqəsi evində olmuşdur. Nemət bu yaşa kimi evdən heç nə götürməmişdir. Nemət pulunu götürməmişdir. Nemətin onu vurması nəticəsində alt çənəsinin sol tərəfində bir dişi laxlamışdır. Nemət onu vurduğuna görə ondan üzr istəmiş, o da Neməti bağışlamışdır. 5600 manat pulu itmiş, ancaq heç kim tapa bilməmiş, həmin itən pulu Nemətdən tələb etməmişdir. Nemət onu vurandan sonra su töküb onu ayıltmışdır. Nemətdən şikayəti olmamışdır. Pulunun itməsi ilə bağlı da şikayətçi deyil, pulunu tələb etməmişdir. Cinayət işi materillarında olan imza onun imzasıdır. İzahat verən zaman yanında mütəxəsis olmamış, müstəntiq yazmış, o da imzalamışdır. Nemətlə istintaq zamanı üzləşmələri olmamışdır. Müstəntiqin yanında iki dəfə olmuş, həmin vaxt mütəxəssis yanında olmamışdır. 10 sentyab 2024-cü il tarixdə barışıq ərizəsi vermişdir. 10 sentyabr 2024-cü il tarixdə üzləşdirmə keçirilməmişdir. Müdafiəçini bir dəfə görmüş, ondan sonra görməmişdir. Kartları pulu ilə bir yerdə itmiş, daha sonra tapa bilməmişdir. Pulunun itməsi ilə bağlı heç kimdən şübhələnməmişdir. İtmiş pulunu heç kimdən tələb etməmişdir. Mobil telefonu ilə pul qabı şalvarının sağ cibində olmuşdur. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, yay aylarında Cəlilabad rayonuna gəzməyə gəlmişlər. Daha sonra Nemətin atasının yanına getmişlər, əsgərlikdə olan dostu ilə Nemətin əmisinin yanında kənarda durmuşlar. Həmin vaxtı Nemət atası ilə söhbət etmiş, ancaq onların danışıqların eşitməmişdir. Onun arxası Nemətgilə tərəf olmuş, Nemətin əmisinin üzü, Nemətlə atasına tərəf olmuşdur. Nemətgilə tərəf baxanda Nemətin atasının huşunun getdiyini görmüşlər və gedərək Nemətə köməklik etmişlər. Kişini ayıltmışlar, daha sonra təcili tibbi yardıma zəng etmişlər. Daha sonra uşaqlarla polis şöbəsinə gedib ifadə vermişlər.Sonra müstəntiq onları polis şöbəsinə çağırmış, polis şöbəsində iki dəfə ifadə vermişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Cəlilabad rayonuna taksi sifariş edib, həmin taksi ilə gəlmişlər. Həmin axşam üç dost bir yerdə qalmışlar. Cəlilabad rayonuna gəzməyə gəlmişlər, sonra isə bu hadisə baş vermişdir. Nemət əmisigilə getmişdir. Nemətin atası təcili tibbi yardım gələnə kimi ayılmışdır. Nemətin atası ilə pul barədə söhbətini eşitməmişdir. Nemətin atası ayılanda telefonunu və pul qabısını soruşmuş, orada olan tanımadığı kişi «telefon buradadır» demiş və telefonu Nemətin atasına vermişdir. Pul qabının kimin götürdüyünü görməmişdir. Hadisə günü Nemətin atasının nə geyindiyi yadında qalmamışdır. Cəlilabad rayonuna gələrkən Nemət maşında atasının anasını incitməsi barədə danışmışdır. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, hadisə günü qardaşı Vaqif ilə evə gələndə yolda bir nəfərin əl etdiyini görərək avtomobili saxlamışdır. Qardaşından bu kimdir deyə soruşmuş, Vaqif oğlu Nemət olduğunu demişdir. Neməti iki ildir ki, görməmişdir, Nemət çox dəyişilmişdir. X7 avtomobildən 30-40 metr aralaşmışlar, sonra Vaqifin yıxıldığını görmüşdür. Nemətin qardaşı Vaqifi yumruqla vurduğunu görmüşdür. Acığından qoy Vaqif ölsün demişdir. Evə gedib qayıdandan sonra Vaqifin yanına 20-30 nəfərin yığıldığını görmüş və su töküb Vaqifi ayıltmışlar. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, hadisə baş verən zaman avtomobilində olmuş, həmin vaxtı maşınından düşməmişdir. Maşından düşsə savaşmağa məcbur olardı. Evə getməkdə məqsədi öz oğlunu götürüb gələrək Vaqifi birlikdə götürərək evə aparmaq olmuşdur. Vaqif yıxılandan sonra Nemət «gedin su gətirin, su tökək» demişdir. Nemətin qardaşının cibinə girib pul götürdüyünü görməmişdir. Utandığından hadisə baş verən an onların yanına getməmişdir. Avtomobili ilə gedib oğlu Nahidi götürüb dərhal qayıtmışdır. Təcili tibbi yardım bir az gec gəlmiş, həmin vaxt Vaqif özünə gəlmiş və Vaqifin üstünə su tökmüşlər. Qardaşı Vaqif hadisə baş verəndən sonra pulunun yoxa çıxdığını demiş, hadisə yerinə gəlib baxmışlar, ancaq pulu tapa bilməmişlər. X8 cibindən pulunu götürməsi barədə ona heç nə deməmişdir. X4 tanımamışdır. Latın qrafikası ilə yazıb oxuya bilməmişdir. İfadə verəndə otaqda bir nəfər olmuş, ancaq həmin adamın kim olduğunu bilməmişdir. Müstəntiq ifadəsini ona oxumamışdır. İfadəsində olan imzalar ona məxsusdur. Şahid3 davadan sonra hadisə yerinə gəlmişdir. Vaqifi xəstəxanaya aparandan sonra Sabir hadisə yerinə gəlmişdir. Sabir Vaqifin mobil telefonunu gətirib ona vermişdir. Sabir telefonun yerə düşdüyünü və götürdüyünü demişdir. Sabir ona demişdir ki, telefonu Nemətə vermiş, Nemət isə telefonun onun deyil atasının olduğunu demişdir. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, hadisə günü həyətində işləyən zaman səs-küy eşidib küçəyə çıxmış və görmüşdür ki, Zərərçəkmiş şəxs oğlu Nemətlə sözlə mübahisə edir. Onunla Vaqifgilin arasında təxminən 10 metrə yaxın məsafə olardı. Neməti əvvəllər tanımamış, Vaqifə acıqlanıb demişdir ki, «uşaq tayı deyilsən, ayıbdır yekə kişisən» Vaqif də ona «uşaq valdeyninə əl qaldırmaz» demişdir. Vaqif elə deyəndən sonra oğlu Neməti tanımış və qoluna girib «bizim həyətdə əl-üzünə su vur, sonra çıx get» demişdir. Evlərinə 15 metr qalmış uşaq kiməsə zəng etmək istəmiş, telefonunu çıxartmış baxmış «əmi telefon mənim deyil, bu telefon atamındır, versəm sizə atama verə bilərsən» demişdir. O, da həmin uşağa «hə niyə vermirəm» demişdir. Nemət telefonu ona vermiş, daha sonra Ağbaba ilə Vaqif «Niva» markalı avtomobil ilə gəlmiş, Nemət qorxusundan qaçmış, o da Vaqifgili saxlayıb telefonu vermişdir. Verilmiş suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Nemət ona telefondan başqa heç nə verməmişdir. Vaqiflə oğlu Nemətin arasında baş verən dava-dalaşı görməmişdir. Vaqif pulunun oğurlanması barədə ona heç nə deməmişdir. İbtidai istintaq zamanı Nemətin kiməsə zəng etməsi ilə bağlı demək yadından çıxmışdır. Nemət qorxduğu üçün telefonu Vaqifgilə özü verməmişdir. Həyətdən çıxıb Vaqiflə Neməti görən zaman aralarında 10 metr məsafə olmuş, onlar dayanıb söhbət etmişlər. Nemətin əmisinə irad tutub acıqlanmışdır. Həmin vaxtda ətrafda kimlərin olduğunu xatırlamamışdır. Vaqifin qardaşına acıqlanan zaman Vaqif həmin vaxt avtomobildə oturmuşdur. Vaqifin yanına getməmiş, onlar maşınla onun evinin yanına gəlmişlər, həmin vaxtı uşaq qorxusundan qaçmışdır. Telefonu qaytaran zaman Vaqif maşında olmuş, Vaqif telefonla və pul qabı ilə bağlı ona heç nə deməmişdir. Nemətin əlində pul qabı olmamışdır. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, hər ailədə söz-söhbət olur. Borcları olduğuna görə evi satmışlar, Vaqif satdıqları evin pulundan 5000 manat götürmüş və rayona gedərək mal-qara alıb saxlayacağını demişdir. Vaqifə mal-qara lazım deyil demiş, evin pulundan borclarını da vermişdir. Vaqifə demişdir ki, həmin puldan 5000 manat pul götürsə ev ala bilməyəcəkdir. Həmin vaxtı Vaqiflə söz-söhbətləri düşmüş və Nemətə zəng edərək «gəl atana de pulu qaytarsın» demişdir. Vaqif onu vurmuşdur, oğlu evə gələndə onun hansı vəziyyətdə olduğunu görüb əsəblə evdən çıxıb getmişdir. Oğlu Nemət gedib atasına götürdüyü pulu qaytarmasını demiş, əri oğlunun üzərinə qışqırıb onun üstünə cummuş, həmin vaxt oğlu ərini yumruqla vurmuşdur. Həmin vaxt oğlu özün itirib qışqırmış və qaçıb su gətirmək üçün getmişdir. Həmin vaxtı necə ola bilər ki, oğlu pul qabını götürsün. Oğlu Cəlilabad rayonundan taksı ilə onun iş yerinə getmiş, iş yerində taksinin pulunu özü vermişdir. Verilmiş suallara cavab olaraq şahid Sara Fətullayeva bildirmişdir ki, satdıqları ev onun adınadır. Evi tikib sonradan satmışlar. Yoldaşı burada da olmuş, Rusiyaya gedib 4- 5 ildən sonra da qayıtmışdır. Yoldaşının həmin evdə qeydiyyatda olub-olmadığını dəqiq bilməmiş, ev onun öz adına olmuş, evi atası-anası köməklik edib tikmişdir. Eşitdiyinə görə hadisə baş verən yerdə çox adam olmuşdur. 5000 manatın necə oduğunu bilməmişdir. Oğlu pulu götürüb gətirib ona verməmiş, belə bir şey olmamışdır. Oğlunun üzərində pul olsa idi, onun taksi pulunu özü verməzdi. Hal-hazırda əri ilə bir evdə yaşayırlar. Əri evdən 5000 manat pul götürmüşdür. Əri evdən 5000 manat pul sayıb götürmüşdür. Sonra 200 manatında yerində olmadığını görmüşdür. Şəxsiyyət vəsiqəsində qeydiyyat yeri Qaradağ rayonudur, Qaradağ rayonunda doğulub böyümüşdür. Oğlu Nemətin doğulduğu yer Cəlilabad rayonudur. Ərinin də qeydiyyatı Cəlilabad rayonudur. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, təqsirləndirilən şəxsi tanımamış, bu günə kimi bir dəfə belə olsa zalda oturan şəxsi görməmişdir. Müstəntiq onu RPŞ-nə bu işlə bağlı bir dəfə çağırmışdır. Səhv etmirsə ata oğul arasında mübahisə olmuşdur. Oğul atasını vurmuşdur, aralarında pul məsələsinə görə problem olmuşdur. Bildiyinə görə oğul atasının pulun götürmüşdür. Cinayət işinin materiallarında olan imzalar özünə məxsus olmuşdur. Səhv etmirsə otağda iki nəfər olmuşdur. Vaqif yazıb-oxuya bilmədiyi üçün müstəntiqin yazdığını ona oxumuşdur. Vaqif hətta müstəntiqə «oğlum çöldə niyə gəzir o, məni soyub tutun onu» demişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs döyərək sonuncunun bədəni üzərində aşkar edilmiş başın sol ənsə nahiyəsində hematoma, alt dodağın selikli qişasında əzilmiş yara, alt çənədə sol 3-cü dişdə orta dərəcəli travmatik laxlama və sağ dirsək oynağı nahiyəsində əzilmiş səthi yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi faktına görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1) -Zərərçəkmiş şəxs Cəlilabad RPŞ-nə ünvanladığı 18 iyun 2024-cü il tarixli ərizəsində göstərmişdir ki, 18 iyun 2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs onu döyərək xəsarət yetirmiş, onun cibində olan 5600 manat məbləğdə pulunu, şəxsiyyət vəsiqəsini və pensiya kartını götürmüşdür.(i.v.5) -Cəlilabad RPŞ-nin NH-nin məsul novbətçisi, polis kapitanı Elçin Hüseynov tərəfindən tərtib edilmiş 18 iyun 2024-cü il tarixli «raport»da göstərilmişdir ki, 18 iyun 2024-cü il tarixdə saat 09:17-də Cəlilabad RMX-nın həkimi Bayramov telefonla məlumat verərək, Cəlilabad şəhəri, M.Hadi küçəsində yaşayan 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin hematoması, şişkinliyi, sıyrılmış yarası və sağ dirsəyin əzilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olduğunu bildirmişdir. Deməsinə görə tanıdığı şəxs tərəfindən döyülmüşdür.(i.v.6) -Təqsirləndirilən şəxs tərəfindən Cəlilabad RPŞ-nə ünvanlanmış 18 iyun 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, 18 iyun 2024-cü il tarixdə atası Zərərçəkmiş şəxs onu döyərək xəsarət yetirmişdir.(i.v.9) -Cəlilabad RPŞ-nin NH-nin məsul növbətçisi, polis kapitanı Səməd Məmmədov tərəfindən tərtib olunmuş 22 iyun 2024-cü il tarixli «raport»da göstərilmişdir ki, 22 iyun 2024-cü il tarixdə saat 13:44-də DİN-nin «102» xidmətinə Cəlilabad şəhəri, H.Aslanov küçəsi, ev 57-də yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** nömrədən zəng edərək 18 iyun 2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs, Ramil və Elnur adlı şəxslərlə birlikdə onu döyərək xəsarət yetirməsi, həmin vaxtı cibindən 5600 manat pulunun götürülməsi barədə müraciət etmişdir.(i.v.17) -«məhkəmə-tibbi ekspertizası»nın 25 iyun 2024-cü il tarixli, 508 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindən aşkar edilmiş başın sol ənsə nahiyəsində hematoma, alt dodağın selikli qişasında əzilmiş yara, alt çənədə sol 3 dişdə orta dərəcəli travmatik laxlama və sağ dirsək oynağı nahiyəsində əzilmiş səthi yara müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir.(i.v.21-22) -Cəlilabad RPŞ-nin NH-nin məsul növbətçisi, polis mayoru Sücaət Quliyev tərəfindən tərtib olunmuş 10 iyul 2024-cü il tarixli «raport»da göstərilmişdir ki, 10 iyul 2024-cü il tarixdə saat 16:59-da Cəlilabad şəhəri, H.Aslanov küçəsi ev 57-də yaşayan Zərərçəkmiş şəxs ***-***-**-** nömrəsindən DİN-nin «102» xidmətinə zəng edərək 18 iyun 2024-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs və dostları Ramil və Elnur adlı şəxslər tərəfindən döyülərək cibində olan 5600 manat pulunu götürmələri ilə müraciət etdiyi Cəlilabad RPŞ-də müraciətinə baxılmaması səbəbi ilə körpüyə çıxıb intihar edəcəyini bildirmişdir.(i.v.33) -Cəlilabad RPŞ-nin NH-nin məsul növbətçisi, polis leytenantı Ağayar Cəfərli tərəfindən tərtib olunmuş 11 iyul 2024-cü il tarixli «raport»da göstərilmişdir ki, 11 iyul 2024-cü il tarixdə saat 12:25-də DİN-nin «102» xidmətinə Cəlilabad rayonu, Petrovka kənd sakini Təqsirləndirilən şəxs ***-***-**-** nömrə ilə zəng edərək iki həftə əvvəl atası açarla onun qarın nahiyəsinə xəsarət yetirməsi bu səbəbdən atasını itələməsi barədə müraciət etmişdir.(i.v.34) -Zərərçəkmiş şəxs tərəfindən Cəlilabad rayon prokurorluğuna ünvanlanmış 29 iyul 2024-cü il tarixli ərizədə göstərilmişdir oğlu Nemətin və dostlarının onu döyərək cibindən oğurladıqları 5600 manat pulunun, sənədlərinin alınıb ona qaytarılmasına köməklik edilməsi, Nemətin və dostlarının barəsində tədbir görülməsini xahiş etmişdir.(i.v.45) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 18 avqust 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.52) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir.(i.v.69) -«ittiham elan edilməli olan şəxsin tutulması, təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılmasına dair» 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə zəruri istintaq hərəkətlərinin aparılması məqsədilə tutularaq cinayət prosesini həyata keçirən orqanın sərəncamına verilməsi, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır.(i.v.71-72) -«axtarış olan şəxsin tutulması barədə» 08 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri ərazisində saxlanılaraq Cəlilabad RPŞ-nə gətirilmiş və Cəlilabad RPŞ-nin MSY-nə təqdim edilmişdir.(i.v.77) -«cinayət işi üzrə icraatın təzələnməsi haqqında» 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və istintaq aparılmışdır.(i.v.78) -«cinayət əməlinin hüquqi tövsifi haqqında» 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 181.2.4-cü maddəsinə tövsif edilmişdir.(i.v.105) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək, o, Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir.(i.v.107-108) -Cəlilabad Rayon Məhkəməsinin 10 sentyabr 2024-cü il tarixli, 4(073)-76/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad olunmuşdur.(i.v.126-132) -«polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və MSY-dən azad etmə barədə» 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Cəlilabad RPŞ-nin MSY-dən azad edilmişdir.(i.v.133) -Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2024-cü il tarixli, 4(106)-124/2024 nömrəli qərarından görünür ki, Cəlilabad rayon prokuroru Vahid Məmmədov tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Cəlilabad Rayon Məhkməsinin 10 sentyabr 2024-cü il tarixli, 4(073)-76/2024 saylı qərarı apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.(i.v.148-152) -«məhkəmə psixiatrik ekspertizası»nın 07 oktyabr 2024-cü il tarixli, 2924 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar edilmir, onun barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. O, istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. O, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə özünə və ətrafındakılarına zərər yetirmək təhlükəsi yoxur.(i.v.156-159) İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə, xeyli miqdarda özgənin əmlakını ələ keçirtmək məqsədi ilə 18 iyun 2024-cü il tarixdə saat 07 radələrində Cəlilabad şəhəri, H.Aslanov küçəsinin giriş hissəsində ondan ayrı yaşayan atası Zərərçəkmiş şəxs qarşısını kəsərək, Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli zor tətbiq edəcəyi ilə hədələyərək sonuncudan üzərində olan pulları verməsini tələb etmiş, Zərərçəkmiş şəxs ona pul verməkdən imtina etməsi səbəbindən yumruqla bir dəfə sonuncunun ağız nahiyəsindən qəsdən vurub yerə yıxırtmaqla, ona başın sol ənsə nahiyəsində hematoma, alt dodağın selikli qişasında əzilmiş yara, alt çənədə sol 3-dişdə orta dərəcəli travmatik laxlama və sağ dirsək oynağı nahiyəsində əzilmiş səthi yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək sonuncunu vuraraq əlində olan içərisində 5600 manat pul, şəxsiyyət vəsiqəsi və "xxxx" ASC-nin plastik kartı olan pul kisəsini və pul kisəsinin arasında olan «Samsung» markalı mobil telefonu qanunsuz götürüb hadisə yerindən uzaqlaşmaqla Zərərçəkmiş şəxs 5600 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla quldurluq etmiş, yəni, xeyli miqdarda özgənin əmlakını ələ keçirtmək məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan xeyli miqdarda əmlak etməklə basqın etmişdir. Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsinə əsasən quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə iclasında çıxış edən dövlət ittihamçısı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif olunmadığını, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsindən həmin Məcəllənin 322.2-ci maddəsinə tövsif olunmasını və sonuncunun həmin maddə ilə təqsirli bilməsini xahiş etmişdir. «Banditizm işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 iyun 1996-cı il tarixli, 1 nömrəli qərarının 9-cu bəndində göstərilmişdir ki, zərərçəkmiş üzərində zor tətbiq etməklə cinayətkar nəticənin əldə edilməsi və ya dərhal zor tətbiq edilməsi üçün real təhlükə yaratmağa yönəldilmiş hərəkətlər basqın etmə kimi qiymətləndirilməlidir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayiət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Həmin Plenum qərarının 7-ci bəndində göstərilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Quldurluq cinayəti isə özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 181.1-ci maddəsində «həyat və sağlamlıq üçün təhlükəli zorakılıq tətbiq ediləcəyi hədəsi hücuma məruz qalmış şəxsi (şəxsləri) öldürməklə, sağlamlığına zərər vurmaqla, onlara işgəncə verməklə və bu kimi psixi təsirləri» ehtiva edir. Belə hədə həm sözlərlə, həm də hərəkətlərlə (məsələn, zərərçəkmişin boğazına kəndir keçirməklə və s.) ifadə oluna bilər. Həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq Cinayət Məcəlləsinin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, Cinayət Məcəlləsinin 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl Cinayət Məcəlləsinin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Özgə əmlakının ələ keçirilməsi qeyri-müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları:cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və sair nəzərə alınmaqla həll edilməlidir. Özgə əmlakının talanması gedişində zərərçəkmişin zorakılıqla azadlığı məhdudlaşdırılarsa, şəxsin hərəkətində soyğunçuluq və ya quldurluq cinayətinin olması, zərərçəkmişin həyatı və ya sağlamlığı üçün bu hərəkətlərin xarakteri və təhlükəlilik dərəcəsi, həmçinin baş vermiş və ya baş verə biləcək nəticə (məsələn, əli-qolu bağlı zərərçəkmişin soyuq otaqda və ya kamerada saxlanılması, onun kömək üçün müraciət etmək imkanlarından məhrum edilməsi) nəzərə alınmaqla həll edilməlidir. Məhkəmə tərkibi dövlət ittihamçısının Təqsirləndirilən şəxs törətdiyi əməlin Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsindən Cinayət Məcəlləsinin 322.2-ci maddəsinə tövsif olunmasını və sonuncunun həmin maddə ilə təqsirli bilməsini təklif etməsinə də tənqidi yanaşaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 322.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olması məhkəmə istintaqı nəticəsində öz təsdiqini tapmamışdır. Cinayət Məcəlləsinin 322.1-ci maddəsində göstərilmişdir ki, özbaşınalıq, yəni qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilən hər hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 322.2-ci maddəsində göstərilmişdir ki, eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyekti subyektiv hüquqların həyata keçirilməsinin və vəzifələrinin icrasının qanunla və ya digər normativ hüquqi aktla müəyyən edilmiş qaydasıdır. Bu cinayətin əlavə obyekti qismində fiziki və ya hüquqi şəxslərin qanuni hüquq və mənafeyləri çıxış edir. Həmin cinayət tərkibinin yaranması üçün onun obyektiv cəhətinə daxil olan aşağıdakı şərtlərinin məcmusunun mövcud olması tələb olunur. 1.Hərəkət qanunla və digər normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməlidir. Bu baxımdan özbaşınalığa görə cinayət məsuliyyəti yalnız o halda yarana bilər ki, təqsirkar şəxs öz hərəkətləri ilə subyektiv hüquqların həyata keçirilməsi və vəzifələrin icrası sahəsində müəyyən edilmiş davranış qaydasını pozmuş olsun. Hərəkətin müəyyən edilmiş davranış qaydasına zidd olaraq törədilməsi dedikdə həmin hərəkətin davranış qaydasını aşkar surətdə pozması və ya onun davranış qaydasında nəzərdə tutulmayan üsul və vasitələrlə və yaxud formada həyata keçirilməsi başa düşülür. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs məxsus 5600 (beş min altı yüz) manat pul vəsaitini götürməsi sübuta yetməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş Vafiq Fətullayev bildirmişdir ki, Nemət Cəlilabad rayonunda ona «anamı niyə vurmusan» demiş, o isə cavabında vurmadığını demişdir. Həmin vaxtı Nemət ondan pul tələb etməmiş və pul barədə danışmamışlar. Xəstəxanda ayılan zaman qardaşı Ağababa yanında olmuş, qardaşından pulunu soruşmuş, qardaşı pulu görmədiyini demişdir. Qardaşından pulunu Nemətin götürübgötürməməsini soruşmuş, qardaşı da Nemətin pul götürmədiyini, Nemətin onun hayında olduğunu demişdir. Hadisə günü xəstəxanadan çıxmış, xəstəxanadan çıxan zaman Nemət polis şöbəsində olmuş, o da həmin gün polis şöbəsinə getmişdir. Polis şöbəsində Nemətdən pulu soruşanda Nemət pul görmədiyini demişdir. Nemətə bəlkə yanındakılar götürüb demiş, Nemət yanındakıların da pul götürmədiklərini demişdir. İzahatında pulunu götürdü yox, pulunun itməsini yazmışdır. 5600 manat pulu itmiş, ancaq heç kim tapa bilməmiş, həmin itən pulu Nemətdən tələb etməmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaq həm də məhkəmə istintaqı zamanı atasını vursa da ona məxsus 5600 (beş min altı yüz) manat məbləğdə pul vəsaitini götürmədiyini bildirmişdir. Cinayət işi üzrə həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 Səki oğlu ifadələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus 5600 manat məbləğdə pul vəsaitini götürmədiyini demişlər. Həmçinin məhkəmə istintaqı nəticəsində o da müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs anası Sara Fətullayevanı döyüdüyü və incitdiyi üçün görüşməkdən ötrü Cəlilabad rayonuna gəlmiş və onunla görüşmüşdür. Aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş şəxsi vurmuşdur. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs götürməsini istinad etdiyi pulun 5000 (beş min) manatı Zərərçəkmiş şəxslə arvadı Sara Fətullayeva ilə aralarında olan birgə nikah dövründə aldıqları evin satılması nəticəsində əldə etdikləri pul vəsaiti, 600 (altı yüz) manatı isə Zərərçəkmiş şəxs əmək haqqısı olmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs 5600 (beş min altı yüz) manat pulu tələb etməsinə subyektiv hüququ belə olmamışdır. 2.Hərəkətin qanuniliyi fiziki və ya hüquqi şəxs tərəfindən təkzib edilməlidir, yəni mübahisələndirilməlidir. Mübahisələndirmə faktı qanuniliyi təkzib edilən hərəkətin edilməsinədək, onun edilməsi prosesində və bundan sonra mövcud ola bilər. Hərəkətin qanuniliyinin təkzib edilməsi məhkəmə qaydasında, inzibati və intizam qaydasında ola və ümumiyyətlə, qeyri-hüquqi xarakter daşıya bilər. Hər hansı bir hərəkət özbaşına edilsə də, onun qanuniliyi təkzib olunmursa, bu hərəkət cinayət kimi qiymətləndirilə bilməz. Qanun cinayət tərkibinin zəruri əlaməti kimi məhz özbaşına hərəkətin özünün qanuniliyinin təkzib edilməsini nəzərdə tutur. Buna görə də hərəkətin qanuniliyi deyil, əsasında hərəkətin edildiyi normativ hüquqi aktın qanuniliyinin təkzib olunması şərh olunan cinayətin tərkibini yaratmır. Çünki bu halda hərəkət həmin normativ hüquqi aktla müəyyən edilmiş davranış qaydasına uyğun həyata keçirilir. Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs onu döyərək 5600 (beş min altı yüz) manat məbləğdə pul vəsaitini götürməsi barədə ibtidai istintaqın ilkin mərhələsində şikayət etsə də ibtidai istintaqın sonrakı mərhələsində şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarının 139-cu səhifəsində olan Zərərçəkmiş şəxs tərəfindən Cəlilabad RPŞ-nə ünvanlanmış 10 sentyabr 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, oğlu Təqsirləndirilən şəxs onu döyməsi və pul qabını götürməsi barədə RPŞ-nə şikayət etmişdir. Həmin müraciəti əsasında cinayət işi başlanmış və zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayəti, tələbi və iddiası yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib cinayət işinə xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş 07 noyabr 2024-cü il tarixdə notariat qaydada təsdiq olunmuş ərizədə göstərilmişdir ki, «mən Zərərçəkmiş şəxs, bildirirəm ki, oğlum Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair iş üzrə zərərçəkən şəxsəm. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışam və mənim ona qarşı heç bir şikayətim, iddiam və tələbim yoxdur. Ərizənin mətni mənim iradəmə uyğun öz sözlərimlə və mənim iştirakım ilə tərtib edildi». Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış 11 dekabr 2024-cü il tarixli ərizədə göstərilmişdir ki, oğlunun barəsində olan cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış, oğlu Təqsirləndirilən şəxs qarşı şikayəti, tələbi və iddiası olmamış, gələcəkdə də olmayacaqdır. İş materiallarında qeyd olunan ona məxsus 5600 manat pulu oğlu götürməmişdir. Oğlu ilə bağlı hər hansı bir cəza təyin olunmamasını xahiş etmişdir. Cinayət işinin materiallarının 1-ci səhifəsində olan «cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 15 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs döyərək sonuncunun bədəni üzərində aşkar edilmiş başın sol ənsə nahiyəsində hematoma, alt dodağın selikli qişasında əzilmiş yara, alt çənədə sol 3-cü dişdə orta dərəcəli travmatik laxlama və sağ dirsək oynağı nahiyəsində əzilmiş səthi yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməsi faktına görə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır. Cinayət işinin materiallarının 69-cu səhifəsində olan «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarının 105-ci səhifəsində olan «cinayət əməlinin hüquqi tövsifi haqqında» 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin Məcəllənin 181.2.4-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarının 107-108-ci səhifələrinə olan «təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamın məzmununa əlavə və dəyişiklik edilərək, o, Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. İbtidai istintaq zamanı toplanmış cinayət işinin materiallarını təhlil edən zaman aydın olur ki, zərərçəkmiş şəxs Vafiq Fətullayev 10 sentyabr 2024-cü il tarixdə Cəlilabad RPŞ-nə ünvanladığı ərizəsində oğlu Təqsirləndirilən şəxs ilə barışdığını, ondan şikayəti, tələbi və iddiası olmadığını bildirməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib cinayət işinə xitam verilməsini xahiş etmişdir. Cəlilabad RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Nahid Hüseynov tərəfindən məlumatın daxil olduğu 16 iyun 2024-cü il tarixdən, cinayət işinin başlandığı 15 avqust 2024-cü il tarixdən 10 sentyabr 2024-cü il tarixədək Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olmasına dair hər hansı subut toplanmadan, tərəflər arasında hər hansı bir mübahisə olmadığı halda, ən əsası isə Təqsirləndirilən şəxs atası Zərərçəkmiş şəxs məxsus pulu götürməsi sübut olunmadan törədilmiş cinayət əməli əsassız olaraq Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi üzrə tövsif olunmuş və Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan olunmuşdur. Bundan əlavə məhkəmə tərkibi bildirir ki, hər hansı mübahisə olmadığı halda dövlət ittihamçısı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini Cinayət Məcəlləsinin 322.2-ci maddəsinə tövsif edilməsini xahiş edərək sonuncuya müvafiq cəzanın verilməsini təklif edən zaman, ortada hər hansı mübahisənin olmamasını nəzərə almamışdır. Hansıkı, Cinayət Məcəlləsinin 73.1-ci maddəsində göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 3.Hərəkət özbaşına törədilməlidir. Yəni təqsirkar öz hərəkətinin müəyyən edilmiş davranış qaydasına zidd olaraq icazəsiz həyata keçirildiyini dərk etməlidir. Cinayət Məcəlləsinin 24.1-ci maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Həmin Məcəllənin 25.1-ci maddəsində göstərilmişdir ki, birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsində göstərilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsində göstərilmişdir ki, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Cinayət Məcəlləsinin 322.2-ci maddəsində nəzərdə tutulmuş cinayət subyektiv cəhətdən təqsirin qəsd formasında törədilir. Təqsirkarın özbaşına hərəkətə psixi münasibəti birbaşa qəsdlə, mühüm ziyan vurulmasına psixi münasibəti isə həm birbaşa, həm də dolayı qəsdlə xarakterizə olunur. Məhkəmə istintaqı nəticəsində Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 322.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini tərətməkdə qəsdinin olması müəyyən edilməmişdir. 4.Hərəkət nəticəsində fiziki və ya hüquqi şəxslərin qanunla qorununan mənafeylərinə mühüm ziyan vurulmalıdır. Mühüm ziyan qiymətləndirici əlamət olmaqla işin bütün faktiki halları nəzərə alınaraq müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 15 noyabr 2019-cu il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiya) 71-ci maddəsinin Vİİİ hissəsinə əsasən, heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Azərbaycan Respublikasında cinayətə görə məsuliyyəti müəyyən edən yeganə qanunvericilik aktı Cinayət Məcəlləsidir. Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Beləliklə, cinayət hüququnun mühüm prinsiplərindən olan qanunçuluq prinsipinə uyğun olaraq yalnız Cinayət Məcəlləsində nəzərdə tutulan halda əməlin cinayət sayılmasına, belə əməli törədən şəxsin təqsirli hesab edilərək cinayət məsuliyyətinə cəlb edilməsinə yol verilir. Cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini yaradan ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Qanun cinayət sayılan əməlləri müəyyən edərkən həmin əməl üçün xarakterik olan əlamətləri də göstərir. Məhz bu əlamətlərin köməyi ilə törədilən hər hansı əməlin cinayət hüquq normasında nəzərdə tutulan cinayət olub-olmaması müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin 128-ci maddəsində göstərilmişdir ki, sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə istintaqı nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il tarixdə saat 07 radələrində Cəlilabad şəhəri, H.Aslanov küçəsinin giriş hissəsində atası Zərərçəkmiş şəxs anası X3 qarşı qanunsuz hərəkətlərə yol verməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı yumruqla bir dəfə Zərərçəkmiş şəxs ağız nahiyəsindən qəsdən vurub yerə yıxaraq sonuncuya başın sol ənsə nahiyəsində hematoma, alt dodağın selikli qişasında əzilmiş yara, alt çənədə sol üçüncü dişdə orta dərəcəli travmatik laxlama və sağ dirsək oynağı nahiyəsində əzilmiş səthi yara ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Cinayət işinin materiallarının 21-22-ci səhifələrində olan «məhkəmə-tibbi ekspertizası»nın 25 iyun 2024-cü il tarixli, 508 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərindən aşkar edilmiş başın sol ənsə nahiyəsində hematoma, alt dodağın selikli qişasında əzilmiş yara, alt çənədə sol 3 dişdə orta dərəcəli travmatik laxlama və sağ dirsək oynağı nahiyəsində əzilmiş səthi yara müəyyən olundu. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yumruqla vurulma nəticəsində əmələ gələ bilər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir. Dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəmə istintaqı zamanı alınmış «məhkəmə-tibbi ekspertizası»nın 12 dekabr 2024-cü il, tarixli 508 nömrəli rəyə əlavədə göstərilmişdir ki, Zərərçəkmiş şəxs başın sol ənsə nahiyəsində hematoma, alt dodağın selikli qişasında əzilmiş yara, alt çənədə sol 3dişdə orta dərəcəli travmatik laxlama və sağ dirsək oynağı nahiyəsində əzilmiş səthi yara müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə, alt dodağın selikli qişasındakı əzilmiş yara və alt çəncdə sol 3-cü dişdəki orta dərəcəli laxlama ümumlikdə vahid kompleks təşkil edərək, eləcədə başın sol ənsə nahiyəsindəki hematoma sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Sağ dirsək oynağı nahiyəsindəki əzilmiş səthi yara isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Vət. Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlərdən alt dodağın selikli qişasındakı əzilmiş yara və alt çənədə sol 3-cü dişdəki orta dərəcəli laxlama yumruqla vurulma nəticəsində, başın sol ənsə nahiyəsindəki hematoma və sağ dirsək oynağı nahiyəsindəki əzilmiş səthi yara isə, şəxsin öz boyu hündürlüyündən sürətləndirici əlavə qüvvənin təsiri altında yıxılaraq hər hansı bir bərk küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilərdi. Vət. Zərərçəkmiş şəxs aşkar olunan xəsarətlər onun bədəninin öz əli çatan nahiyəsində yerləşmişdir. Məhkəmə istintaqı zamanı alınmış «təkrar-məhkəmə tibbi ekspertizası»nın 07 fevral 2025-ci il tarixli, T 88/2025 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol ənsənin hematoması, alt dodağın selikli qişasının əzilmiş yarası, alt çənədə sol 3-cü dişinin orta dərəcəli travmatik laxlaması və sağ dirsək oynağının əzilmiş yarası olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni 18 iyun 2024-cü il tarixdə alt dodağın selikli qişasının əzilmiş yarası, alt çənədə sol 3-cü dişin orta dərəcəli travmatik laxlaması kənar şəxs tərəfindən yumruqla yetirilən zərbə, başın sol ənsə nahiyəsinin hematoması və sağ dirsək oynağının əzilmiş səthi yarası şəxsin öz boyu hündürlüyündən sürətlənmiş yıxılması nəticəsində törənə bilərdi, dərəcəsinə görə başın sol ənsə nahiyəsinin hematoması, alt dodağın selikli qişasının əzilmiş yarası və alt çənədə sol 3-cü dişinin orta dərəcəli travmatik laxlaması istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarət isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqları üçün dərəcəsi təyin edilmir. Vətəndaş Zərərçəkmiş şəxs barəsində verilmiş 25.06 və xx.xx.2024-cü il tarixli, 508 və 508 saylı rəyə əlavə məhkəmə-tibbi ekspertiza rəyləri ümumlikdə əsaslıdır. Cinayət işinin materiallarının 6-cı səhifəsində olan Cəlilabad RPŞ-nin NH-nin məsul novbətçisi, polis kapitanı Elçin Hüseynov tərəfindən tərtib edilmiş 18 iyun 2024-cü il tarixli «raport»da göstərilmişdir ki, 18 iyun 2024-cü il tarixdə saat 09:17-də Cəlilabad RMX-nın həkimi Bayramov telefonla məlumat verərək, Cəlilabad şəhəri, M.Hadi küçəsində yaşayan 1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs başın ənsə nahiyəsinin hematoması, şişkinliyi, sıyrılmış yarası və sağ dirsəyin əzilmiş yarası diaqnozu ilə xəstəxanaya daxil olduğunu bildirmişdir. Deməsinə görə tanıdığı şəxs tərəfindən döyülmüşdür. «Cəlilabad Rayon Mərkəzi Xəstəxanası» X18 daxil olmuş 27 fevral 2025-ci il tarixli, 18-1-32/2-390/2025 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs 18 iyun 2024-cü il tarixdə «Başın ənsə nahiyəsinin hemotoması, şişkinliyi, sıyrılmış yarası. Sağ dirsək nahiyənin əzilmiş yarası» diaqnozu ilə «Cəlilabad Rayon Mərkəzi Xəstəxanası» X19 ambulator müalicə almış və evə göndərilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli, 269 nömrəli qərarı ilə təsdiq edilmiş «ağır, az ağır və yüngül xəsarət növləri»nin siyahısının 3.1-ci bəndində yüngül xəsarətlərə aşağıdakılar aid edilmişdir; sağlamlığın qısa müddətdə (21 gündən az) pozulmasına səbəb olan xəsarətlər (3.1.1.); 11-12-ci qabırğalar istisna olmaqla, bir qabırğanın fraqmentlərinin yerini dəyişməyən sınığı (3.1.2.); burun sümüyünün cərrahi müdaxilə tələb etməyən deformasiyasız sınığı (3.1.3.); əl və ayaq barmaqlarının falanqa sümüklərinin sadə (yerini dəyişməyən, qəlpəsiz) sınıqları (əllərin 1-ci barmaqları, ayaqların 1, 2 və 3-cü barmaqları istisna olmaqla) (3.1.4.); cərrahi tikilən və ya cərrahi tikişə ehtiyacı olan yaralar (3.1.5.); baş beyin silkələnməsi (3.1.6.); sağlamlığı qısa müddətə pozan digər zədələnmələr (3.1.7.); əmək qabiliyyətinin cüzi (10%-ə qədər) dayanıqlı itirilməsinə səbəb olan zədələnmələr (3.1.8.). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, Nemət onu yumruqla boğazından vurmuş, o isə Neməti vurmamış, Nemətin onu vuracağına da inanmamışdır. Nemət onu yumruqla vuran kimi yıxılmışdır. Nemətin onu vurması nəticəsində alt çənəsinin sol tərəfində bir dişi laxlamışdır. O, yıxılandan sonra onu sürüyə-sürüyə qonşunun həyətinə aparmışlar, orada vedrə ilə başına su töküb ayıltmışlar. Onu qonşunun həyətinə Nemətgil aparmışlar. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 128ci maddəsi ilə təqsirli bilmiş və atasına bir dəfə yumruqla zərbə vurduğunu demişdir. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Göründüyü kimi, məhkəmə-tibbi ekspertizasının rəyləri ilə də Zərərçəkmiş şəxs başının sol ənsə nahiyəsində hematoma, alt dodağın selikli qişasında əzilmiş yara, alt çənədə sol üçüncü dişdə orta dərəcəli travmatik laxlama və sağ dirsək oynağı nahiyəsində əzilmiş səthi yaranın olması təsdiq olunmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında qeyd etmişdir ki, Cinayət Məcəlləsində əks olunmuş prinsiplər, demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən və cinayət hüququnda insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan bir sıra Konstitusiya prinsiplərindən irəli gəlir (Azərbaycan Respublikası Konstitusiyasının 25, 28, 32, 33, 60, 61, 63, 64, 65, 66, 67, 68, 71, 125 və 127-ci maddələri). Həmin plenum qərarında göstərilmişdir ki, cinayət qanununun başlıca prinsiplərindən olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir. Eyni zamanda, şəxsin cinayət tərkibi yaradan ictimai-təhlükəli əməli törətməsinin onun cinayət məsuliyyətinin əsaslarını yaratması, əməlin cinayət sayılması və cəzalanmalı olmasının yalnız cinayət qanunu ilə müəyyən edilməsi qanunçuluq prinsipinin təmin edilməsinin əsas üsullarındandır. Cinayət qanununun prinsiplərinin sabitliyi onların xarakterik cəhətidir. Bununla belə, cəmiyyətin inkişafı bu prinsiplərin məzmununu dərinləşdirir, nəticədə onlar cinayət hüququnda daha əhatəli əksini tapmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 2009-cu il 12 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmənin nüfuzunun yüksəldilməsi insan hüquq və azadlıqlarının müdafiəsi üzrə məhkəmənin qarşısında duran vəzifələrin icrasına xidmət edən ədalət mühakiməsinin demokratik prinsiplərinin təsbiti və həyata keçirilməsi ilə ayrılmaz surətdə bağlıdır. Ədalət mühakiməsinin əsas prinsipləri Konstitusiyanın 127-ci maddəsində müəyyənləşdirilmiş və sonradan digər qanunvericilik aktlarında, o cümlədən Cinayət- Prosessual Məcəlləsində daha geniş əks olunmuşdur. Bu prinsiplər sırasında qanunçuluq prinsipi mühim və xüsusi yerə malikdir. O, həm Konstitusiyada, həm də maddi və prosessual qanunvericilikdə təsbit olunaraq yalnız qanunlara dəqiq və dönmədən riayət olunmasını və onların icrasını nəzərdə tutmur. Qanunçuluq həmçinin hüquqi dövlətin mühüm prinsipi, məhkəmə icraatında isə ədalət mühakiməsinin təməlini təşkil edən başlıca əlamətlərdən biridir. Qanunçuluq prinsipinin əsas mahiyyəti ondan ibarətdir ki, o, nəinki hakimlərin yalnız Konstitusiyaya və qanunlara tabe olmasını bərqərar edir, həm də məhkəmə tərəfindən aşkarlanmış qanun pozuntularının aradan qaldırılması vəzifəsinə və iş üzrə hər kəsin məhkəmə müdafiəsinin təminatına, vətəndaşların hüquq və azadlıqlarının təmin olunmasına xidmət etməklə, ədalətli məhkəmə araşdırmasının digər prinsiplərinin həyata keçirilməsi şərtilə bütövlükdə məhkəmə icraatının məqsədini müəyyənləşdirir. Cinayət məhkəmə icraatı üzrə məhkəmə Konstitusiya və prosessual qanunla (Cinayət-Prosessual Məcəlləsinin 8-36-cı maddələri) nəzərdə tutulmuş prinsip və şərtlər üzrə ədalət mühakiməsini həyata keçirən orqandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 14 sentyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, hüquqi müəyyənlik prinsipi, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun bununla bağlı formalaşdırdığı hüquqi mövqelər əsas götürülməlidir. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiq edənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Landvreugd Hollandiyaya qarşı və Brumaresku Rumıniyaya qarşı» qərarlarında göstərmişdir ki, əsas hüquqların məhdudlaşdırılması yalnız o halda qanunla müəyyən olunmuş hesab edilə bilər ki, şüurlu şəxs norma ilə tanış olaraq və hüquqşünasın yardımına və ya məhkəmə təcrübəsinə müraciət etmədən öz hərəkətlərinin nəticələrini kifayət qədər dəqiq dəyərləndirə bilsin. Məhkəmə, həmçinin hesab etmişdir ki, baxılan aspektdə hüquqi müəyyənlik üçün əsas təhlükəni hədsiz ümumi ifadələr, əsas terminlərin açıqlanmaması və ya eyni terminlərin müxtəlif qanunlarda müxtəlif şərhlərinin mövcudluğu yaradır. Təqsirləndirilən şəxs əməlində zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə özbaşınalıq cinayətinin əlamətinin olmasına hüquqi qiymət verilən zaman məhkəmə tərkibi həmçinin nəzərə almalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, Mülki və siyasi hüquqlar haqqında Paktın 14-cü maddəsinin 2-ci bəndində və İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. Təqsirsizlik prezumpsiyası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri həmin Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır (Maddə 21.1). Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eynilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır (Maddə 21.2). Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür (Maddə 21.3). Məzmununa görə, yəni Cinayət-Prosessual Məcəlləsinin bəzi digər normaları, o cümlədən 138.2, 139.0.4, 233.11, 351.1-351.4-cü maddələrinin müddəaları da təqsirsizlik prezumpsiyasını təmin edir. Göründüyü kimi, Konstitusiyada, beynəlxalq müqavilələrdə və ölkə qanunvericiliyində təsbit olunmuş təqsirsizlik prezumpsiyası şəxsin səlahiyyətli məhkəmə qarşısında cinayət mühakiməsindən kənar təqsirli olmağını istisna edir. Bu mənada, təqsirsizlik prezumpsiyası obyektiv hüquqi vəziyyəti əks etdirməklə, təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ya cinayət törətməkdə şübhəli bilinən şəxsin vaxtından əvvəl cinayət törətməkdə təqsirli bilinməkdən qoruyur. Bundan başqa, təqsirsizlik prezumpsiyası Konstitusiyada təsbit olunmuş digər insan hüquqlarının, o cümlədən 46-cı maddədə nəzərdə tutulan hər kəsin şərəf və ləyaqətinin təminatlarından biri kimi çıxış edir. Bu mövqeyi İnsan hüquqları Avropa Məhkəməsinin «Qaritski Polşaya qarşı» iş üzrə qərarında öz əksini tapmışdır. Həmin qərarda göstərilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin İİ bəndində təsbit olunmuş təqsirsizlik prezumpsiyası bu maddənin İ bəndi ilə tələb olunan ədalət mühakiməsinin elementlərindən biridir. Təqsirsizlik prezumpsiyası o halda pozulmuş olur ki, qanuna müvafiq olaraq təqsiri sübuta yetirilməmişdən əvvəl cinayət törətməkdə ittiham olunan şəxsə aid məhkəmə qərarı və ya vəzifəli şəxsin çıxışı onun təqsirli olduğu barədə fikri əks etdirsin. Hər hansı rəsmi qənaət olmasa belə, məhkəmə və ya vəzifəli şəxs tərəfindən ittiham olunan şəxsi təqsirli kimi qələmə verməyə təklif edən müəyyən dəlillərin mövcud olması kifayətdir. Məhkəmənin özü tərəfindən qabaqcadan belə fikrin ifadə olunması qaçılmaz olaraq sözü gedən prezumpsiya ilə ziddiyyət təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Barbara, Messege və Habordo İspaniyaya qarşı işin»də qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Habelə İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Hoanq Fransaya qarşı işin»də qeyd etmişdir ki, bütün sübutları diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyinəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı, Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı, Lüdi İsveçrəyə qarşı, Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə tərkibi bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsinə görə hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Həmin Məcəllənin 19.1-ci maddəsinə əsasən cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə təqsirləndirilən şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirləri görməlidir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair» qərarında qeyd etmişdir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun ictimai əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq öz mahiyyətinə görə insan və vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsinin vacib təminatıdır. Bu hüququn funksiyalarından bırı olan preventiv funksiya nəinki şəxsin öz hüquq və azadlıqlarının qanunauyğun həyata keçirilməsinə kömək edir, həmçinin dövlət hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin insan və vətəndaş hüquq və azadlıqlarının qeyri-qanuni məhdudlaşdırılmasına yönəldilmiş hərəkətlərinin qarşısının alınmasına zəmanət verir. Hər bir şəxsin müdafiəçinin köməyindən istifadə etmək hüququ yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun növü olaraq Konstitusiyada təsbit olunmuş digər hüquqlarla qarşılıqlı əlaqədədir (qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını müdafiə etmək hüququ, azadlıq hüququ, məhkəmə müdafiəsi hüququ) və onların həyata keçirilməsini təmin edir. Bunun davamı olaraq ədalət mühakiməsinin əsas ünsürlərindən biri kimi, müdafiəçinin köməyindən istifadə etmək hüququnun başlıca məqsədi şübhəli və ya təqsirləndirilən şəxsi müdafiəçi ilə təmin etməklə cinayət prosesində tərəflərin real (həqiqi) bərabərliyinə zəmanət verməkdir. Həmin qərarda daha sonra göstərilmişdir ki, müdafiə hüququ şəxsin qanuni maraqlarının təminatı ilə yanaşı, həm də ədalət mühakiməsi maraqlarının təminatıdır, sosial dəyərdir. Hər kəsin hüquqi yardım almaq hüququnun təmin edilməsi ilə bağlı yaranan hüquq münasibətləri özündə ictimai maraqları əks etdirdiyi üçün dövlətin bu sahədə üzərinə düşən konstitusiya öhdəliklərinin yerinə yetirilməsinə dəlalət edir. Bu isə dövlət tərəfindən zərurət olduqda şəxsin hüquqlarının müdafiəsi üçün pozitiv tədbirlərin görülməsini tələb edir. «Vətəndaş və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktda hər bır şəxsin səmərəli hüquqi yardım hüququnun təmin olunması müəyyən edilmişdir. Paktın 14-cü maddəsinə görə, hər bir şəxs ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılarkən öz iştirakı ilə mühakimə olunmaq və özünü şəxsən və ya seçdiyi müdafiəçi vasitəsilə müdafiə etmək əgər müdafiəçisi yoxdursa, bu hüququ barədə xəbərdar edilmək və ədalət mühakiməsinin maraqları bunu tələb etdiyi istənilən halda onun üçün təyin edilmiş müdafiəçiyə, bu müdafiəçinin haqqını ödəməyə kifayət qədər vəsaiti olmadığı istənilən halda isə pulsuz müdafiəçiyə malik olmaq hüququna malikdir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi «praktik və səmərəli» hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərə dövlət hesabına vəkillərin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmiş, çünki hazırkı iş üzrə təyin edilmiş vəkillər öz fəaliyyətlərini Cinayət- Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirmişlər. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, dövlət hesabına təyin edilmiş vəkillərin təqsirləndirilən şəxslərlə ünsiyyət quraraq müdafiə hüquqlarını tam şəkildə həyata keçirmişlər. Avropa İnsan Hüquqları Məhkəməsinin «Puatrimol Fransaya qarşı» iş üzrə qərarında qeyd etmişdir ki, hər bir təqsirləndirilən şəxsin müdafiəçi ilə səmərəli müdafiə olunmaq hüququ ədalət mühakiməsinin əsas cəhətlərindən biridir. Təqsirləndirilən şəxsin müdafiəçisi həmçinin cinayət prosesinin qanuniliyinin təminatçısı kimi çıxış edə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin «Salduz Türkiyəyə qarşı» qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin «Lagerblom İsveçə qarşı» və «Qalstyan Ermənistana qarşı» qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin «X9rşı» və «Pelladoa Niderlanda qarşı» qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Cinayət işinin materiallarının 82-ci səhifəsində olan «müdafiəçi təyin olunması haqqında» 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Cəlilabad rayon Vəkil Bürosunun vəkili X10 cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi təyin olunmuşdur. Cinayət işinin materiallarının 84-cü səhifəsində olan «təqsirləndirilən şəxsə müdafiəçi təqdim etmə haqqında» 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, vəkil X11 RPŞ-də Təqsirləndirilən şəxs təqdim edilmişdir. Cinayət işinin materiallarının 87-ci səhifəsində olan sənəddən görünür ki, «təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 04 sentyabr 2024-cü il tarixli qərar 10 sentyabr 2024-cü il tarixdə saat 09:20də müdafiəçi Tağı İbrahimovun iştirakı ilə Cəlilabad RPŞ-də elan olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş müdafiəçi Tağı İbrahimovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi həmin saatda, Shirvan sh., Shirvan-Haciqabul yolu ustu,"QARASU" N. Sh-ti və digər stansiyaları göstərmişdir. Cinayət işinin materiallarının 98-101-ci səhifələrində olan «təqsirləndirilən şəxsin dindirilməsi haqqında» 10 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 10:10-dan saat 10:40-dək Cəlilabad RPŞ-də müdaifəçi Tağı İbrahimovun iştirakı ilə Təqsirləndirilən şəxs qismində ifadəsi alınmışdır. "xxxx" MMC-dən daxil olmuş müdafiəçi Tağı İbrahimovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi həmin saatda Salyan r-nu, Xelec və digər stansiyaları göstərmişdir. İş materiallarından görünür ki, Cəlilabad RPŞ-nin inzibati binası, Cəlilabad şəhəri, H.Əliyev pr,154 ünvanda yerləşir. Cinayət işinin materiallarının 107-108-ci səhifələrinə olan «təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 10 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə saat 12:15-də qərar Cəlilabad RPŞ-də müdafiəçi Tağı İbrahimovun iştirakı ilə Təqsirləndirilən şəxs elan olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş müdafiəçi Tağı İbrahimovun istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi həmin saatda Celilabad r-nu stansiyasını göstərmişdir. "xxxx" MMC-dən alınmış məlumatdan görünür ki, «00077_CEL_CELİL» şərti adlı radio-baza stansiyasının Cəlilabad şəhəri, Heydər Əliyev prosepekti, 326A ünvanında (Cəlilabad ATS) yerləşmişdir. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafiə hüquqlarının tam təmin olunmaması və digər hallarda cinayət-prosessual qanunvericiliyinin tələblərinin pozulması təqsirləndirilən şəxsin təqsirsiz olmasına dəlalət etmir. Bundan əlavə cinayət işinin materiallarının 52-ci səhifəsində olan «zərərçəkmiş şəxs qismində tanınma haqqında» 18 avqust 2024-cü il tarixli qərardan görünür ki, Vafiq Fətullayev zərərçəkmiş şəxs qismində tanınmış, həmin tarixdə qərar cinayət işi üzrə mütəxəssis kimi cəlb olunmuş X1 iştirakı ilə Cəlilabad RPŞ-nin inzibati binasında Zərərçəkmiş şəxs elan olunmuşdur. "xxxx" MMC-dən daxil olmuş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi gün ərzində Sumqayıt şəhərini göstərmişdir. Cinayət işinin materiallarının 188-ci səhifəsində olan «ibtidai istintaqın qurtarması barədə zərərçəkmiş şəxsə məlumat verilməsi haqqında» 22 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Vafiq Fətullayevə mütəxəssis Pərviz Qasımovun iştirakı ilə ibtidai istintaq müddətinin bitməsi barədə məlumat verilmişdir. "xxxx" MMC-dən daxil olmuş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi gün ərzində Sumqayıt şəhərini göstərmişdir. Cinayət işinin materiallarının 190-cı səhifəsində olan «zərərçəkmiş şəxsi cinayət işinin materialları ilə tanış etmə haqqında» 23 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs Vafiq Fətullayev mütəxəssis Pərviz Qasımovun iştirakı ilə cinayət işinin materialları ilə tanış olmuşdur. "xxxx" MMC-dən daxil olmuş Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi gün ərzində Sumqayıt şəhərini göstərmişdir. Təhlil edilən hallardan görünür ki, cinayət işi üzrə bəzi istintaq hərəkətləri, o cümlədən Pərviz Qasımovun mütəxəssis kimi cəlb olunması formal olmuş, faktiki olaraq icra edilməyən istintaq hərəkətləri ilə bağlı protokollar yazılaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi bütün şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, cinayət işinin müəyyən edilmiş hallarına uyğun olmaqla yanaşı, cinayət və cinayət-prosessual qanunların normalarının tələblərinə də cavab verən nəticə olduğundan Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini və digər sübutları Cinayət-Prosessual Məcəllənin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Cinayət-Prosessual Məcəllənin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkiblərinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirli olması tam sübuta yetirilir. Buna görə də Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş 14 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.64) Avropa İnsan hüquqları məhkəməsi «Delkourt Belçikaya qarşı, Piersack Belçikaya qarşı, X15rşı» işlər üzrə qərarlarından görünür ki, özünün bir çox qərarlarında ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir». Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Həmin Məcəllənin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Göründüyü kimi zərərçəkmiş şəxslə barışmaqla cinayət məsuliyyətindən azad etmə institunun tətbiqi məhkəmə, prokuror, müstəntiq və təhqiqat orqanı tərəfindən həyata keçirilir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilməli və onun barəsində həmin maddə ilə olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsində göstərilmişdir ki, cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Həmin Məcəllənin 346.1.20-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olub-olmadığı, o cümlədən girov haqqında məsələnin necə həll ediləcəyi məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilərkən onun haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2, 44, 197-198, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və ona dəymiş ziyanı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət məsuliyyətindən azad edilsin və onun barəsində həmin maddə ilə olan cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv olunsun. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar