Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-160/2022 25.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Musayev Aqil Əlisa oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1978-ci ildə Füzuli rayonu Aybasanlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, subay, imişli rayonu 1 May kənd xəstəxanasında kiçik tibb bacısı işləmiş, orta-ixtisas təhsilli, Füzuli rayonu Aybasanlı kəndində qeydiyyatda olmaqla İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş X3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs X5 məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 48,739 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə olan heroini, 30 mart 2021-ci il tarixdə saat 03:00 radələrində özünə məxsus əl çantasının içərisində saxlamaqla yaşadığı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsindəki evi istiqamətində piyada hərəkət edərək daşımış, bu zaman evinin yaxınlığında, küçədə Şahid1 və Şahid2 qabaqcadan əlbir olan bir qrup şəxs halında ona məxsus əl çatnasını içərisindəki külli miqdarda narkotik vasitə olan heroin və digər əmlakla birlikdə açıq talayaraq, narkotik vasitə olan heroini İmişli rayonu, Bəhrəmtəpə qəsəbə xəstəxanasının həyətyanı sahəsindəki ağacın altında gizlətmişlər. 31 mart 2021-ci il tarixdə saat 20 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun satış məqsədilə qanunsuz olaraq əldə etdiyi, saxladığı və daşıdığı külli miqdarda - 48,739 qram çəkidə narkotik vasitə olan heroin İmişli rayonu, Bəhrəmtəpə qəsəbə xəstəxanasının həyətyanı sahəsindəki ağacın altında aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş X5 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində bacısı Xamiz və onun oğlu Ruslanla bir evdə yaşayır. 2021-ci il mart ayının 29-dan 30-na keçən gecə saat 2 radələrində evə qayıdarkən tanımadığı şəxs ona yaxınlaşaraq çiynində olan əl çantasını zorla ondan alaraq qaçıb getmişdir. O, qışqıraraq kömək istəmiş, səsinə Ruslan və bacısı Xamiz də küçəyə çıxmışlar. Sonradan ona məlum olmuşdur ki, çantasını oğurlayan şəxs onların qəsəbəsində yaşayan Vüqar adlı şəxsdir. Bundan sonra o, öncə evə zəng edərək bu barədə məlumat vermiş və sonra şikayət etmək üçün İmişli rayon polis şöbəsinə getmişdir. Çantasının içində özünə aid olan kosmetik vasitələr, sənədlər, qızıl və 2500 manat pul olmuş, narkotik olmamışdır. İranlıdan narkotik almamışdır. Sumkasının harada olduğundan hələ də məlumatı yoxdur. Özü tutulana kimi Bəhrəmtəpə qəsəbəsində xəstəxanada tibb bacısı işləmişdir. Baba adlı iranlını tanımır, ondan narkotik almamışdır. Əvvəllər marixuana istifadə etmişdir. Narkotik satışı ilə məşğul olmamışdır. İstintaq zamanı verdiyi ifadələrini təsdiq etmir. Təqsirləndirilən şəxs X5 məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuşdur. Belə ki, o, 2 aprel 2021-ci il tarixli ifadəsində özünü CM-nin 234.4.3-cü maddəsilə təqsirli bilərək göstərmişdir ki, 2021-ci ilin mart ayının 15-də Baba adlı iranlının tanımadığı nömrəsindən onun hazırda xatırlamadığı mobil nömrəyə “Votsap” vasitəsilə zəng edərək tanışı Osmanın ondan narkotik alaraq pulunu verməməsi, Osmanın ondan aldığı narkotkin pulunu bacısı oğlu Ruslanın verdiyini demişdir. Baba təklif etmişdir ki, ona satmaq üçün narkotik göndərəcək, satıb pulunu Ruslanın borcunu ödəsin. Baba ilə razılaşmış və “Votsap” ilə ona göndərilən pul kartına “Dostlar” marketin yanındakı “Milliön” aparatı vasitəsil 1000 manat pul göndərmişdir. Bir neçə saat sonra Baba ona zəng edərək narkotikin Bəhrəmtəpədən Bakı istiqamətinə getdiyi yolun sağ tərəfindən olan “72” yazısı olan nişanın altında qoyduğunu demişdir. Həmin gün saat 20-21 radələrində Bəhrəmtəpə dairəsindən tanımadığı “Mersedes” markalı maşın ilə Bakı istiqamətinə hərəkət etmiş, bir saata yaxın yol getmişlər. “Votsap”la Baba ilə əlaqə saxlamış və onun dediyi “72” yazısı olan nişanın yaxınlığında maşını saxlatdırmış, maşından düşüb həmin plakatın altından bir ovuc qədər bağlamanı götürüb əl çantasına qoymuş, sürücüyə Bakıya getməli olmadığını və geri qayıtmalı olduğunu demişdir. Həmin vaxt sürücü maşından düşməmişdir. Gecə saat 2 radələrində Bəhrəmtəpə qəsəbəsində yaşadığı evin küçəsində düşmüş, sürücüyə 25 manat vermiş, maşın getmişdir. Əl çantasını sol çiynindən asmışdır. Yaşadığı evə tərəf gedərkən tanımadığı bir nəfər oğlan qəfildən ona hücum çəkərək çiynində olan çantanı dartıb ondan almaq istəmiş, lakin o, çantanı əli ilə tutaraq həmin şəxsə vermək istəməmiş, tanımadığı şəxs çantanı onun əlindən dartmağa başlamış, sonradan həmin şəxsin Bəhrəmtəpə qəsəbə sakini Mehparənin oğlu Vüqarın olmasını bilmişdir. Vüqar ondan çantanı almaq istəyərkən onun ayağı büdrəmiş və o, yerə yıxılmışdır. O, yerə yıxılsa da çantanı buraxmamışdır. Vüqar onu bir neçə metr sürüyərək çantanı dartmışdır. Çantanın qulpu qırılaraq onun əlində qalmış, Vüqar isə çantanı ondan alıb qaçaraq oradan uzaqlaşmışdır. Vüqar qaçıb getdikdən sonra bu zaman bacısı Xamiz və bacısı oğlu Ruslan onun səsinə küçəyə çıxıb birlikdə Vuqarın qaçdığı istiqamətdə qaçarkən Osmanla rastlaşmış, Vüqarın onun çantasını alıb qaçdığını Osmana demiş, Osman isə Vüqarı tapacağını və çantanı alıb gətirəcəyini demişdir. Vüqar onun çantasını gətirib vermədiyinə görə o, bu barədə polisə məlumat vermişdir. Narkotik vasitəni özünü ona “Baba” adlı iranlı göndərmişdir. Çantasında 2500 manat pul, 90 manat dəyərində bir cüt qızıl uşaq sırğası, 350 manat dəyərində bir ədəd qızıl qadın üzüyü, hər birinin dəyəri 10 manat olan iki ədəd pul qabı, bir ədəd 50 manatlıq təzyiqölçən aparat, 1 manat dəyərində 95%-li spirt, 2 manat dəyərində jqut, 0,60 manat dəyərində pambıq, 50 manatlıq “Oriflame” markalı kişi ətri olmuş və talanmış qara rəngli çantanın dəyərinin də 25 manat olduğunu nəzərə alaraq ona ümumilikdə 3088 manat 60 qəpik maddi ziyan dəymişdir. Həmin zaman Vüqar onu yerlə sürüdüyünə görə sağ bilək nahiyyəsindən, sol ayaq nahiyyəsindən xəsarət almışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini təqsirləndirilən şəxs Güluzə Şahverənova törətmişdir. Onun törətdiyi cinayət əməli şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında videokonfrans əlaqə sistemindən istifadə edilməklə Bakı İstintaq Təcridaxanasında saxlanılan Şahid1 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, Güluzəni Bəhrəmtəpə qəsəbə sakini kimi və narkotik satan kimi tanıyır. 2021-ci il mart ayının 29-dan 30-na keçən gecə saat 2 radələrində Güluzə tanımadığı «Mersedes» markalı maşından düşüb evinə tərəf gedərkən ona yaxınlaşaraq çiynində olan çantasını qəfil və zorla əlindən almış, Güluzə yerə yıxılaraq qışqırmış və köməyə çağırmışdır. Çantanı oğurladıqdan sonra qaçaraq oradan uzaqlaşmışdır. Çantanın içində 5-6 manat pul, sənədlər, kosmetika və bir büküm var idi. Bir qədər kənarda Osmanla görüşmüş, Osman ona “çantanı qaytar” demişdir. Çantanı Osmana vermişdir. Çantada olan bükümün narkotik olduğunu ona Osman demişdir. Çantada narkotikin olmasından məlumatı olmamışdır. Heç kimdən narkotik almamışdır. Narkotikdən istifadə etməmişdir. Məhkəmədə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş, o, müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 30 mart 2021-ci il tarixdə saat 00.30 radələrində Bəhrəmtəpə qəsəbəsi, Halal marketin yanında uşaqlıq dostu Osmanla rastlaşmış və söhbət əsnasında Osman ona “Mızı (Güluzə) narkotik gətirməyə gedib, onu gözləyək, sən əlindəki çantanı al gətir ver mənə” demişdir. Daha sonra peşə məktəbinin yanında gizlənib Güluzənin gəlməyni gözləmişlər. Güluzə maşından düşüb küçə ilə gedərkən onun əlindəki çantanı qəfil götürüb qaçmış, bir qədər oradan uzaqlaşdıqdan sonra Osman onun yanına gəlmiş və çantanı ona vermişdir. Çantaya baxdıqda içərisində bir büküm “kakos”–heroin olduğunu görmüşdür.Çanta Osmanda qalmış, özü isə evə getmişdir.Osman narkotiki satdıqdan sonra ona da pul verəcək idi. Məhkəmə istintaqında videokonfrans əlaqə sistemindən istifadə edilməklə Bakı İstintaq Təcridaxanasında saxlanılan Şahid2 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 2021-ci il mart ayının 29-dan 30-na keçən gecə saat 00.30 radələrində Güluzə ilə qəsəbədə yolda qarşılaşmış, Güluzə Vüqarın onun çantasını götürüb qaçdığını dedikdən sonra, o Vüqarın arxasınca qaçmışdır. Vüqara çatdıqdan sonra çantanı ondan almış və içində narkotik və sənədlər olduğunu görmüşdür. Çantada pul və qızıl olmamışdır. Narkotiki vermək istəmədiyindən çantanı su kanalına atmışdır. Güluzənin narkotik satdığını eşitməmiş, ondan narkotik almamışdır. Narkotiki polis əməkdaşlarına təqdim etmişdir. Vüqarla həmin gün Güluzənin narkotik dalınca getməsi, habelə Vüqara Güluzənin sumkasını alıb ona verməsi barədə aralarında hər hansı bir söhbətləri olmamışdır. Məhkəmədə Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmiş, o, müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, hadisədən 3-4 gün əvvəl Güluzədən (“Mızı” deyə çağırırlar) 30 manata 1 qr heroin almışdır. 2021-ci ilin mart ayının 29-də saat 21 radələrində tanışı Ruslan ondan 10 manat pul istəmiş, cavabında ona üstündə narkotik almaq üçün 30 manat olduğunu demişdir. Ruslan isə xalası Güluzənin bir-iki saata “mal”ı - narkotiki gətirməyə getdiyini, narkotiki gətirsə ona xəbər edəcəyini və “mal”ı ona satacağını demişdir. Ruslana 10 manatı tanışı Yadigardan gedib götürməyi demişdir. Həmin gün Bəhrəmtəpə qəsəbəsində gəzərkən gecə saat 2 radələrində tanışı Vüqarla rastlaşmış, söhbət əsnasında ona “Mızını gözləyirəm, mal gətirəcəkdir” demişdir. Ruslangilin evlərinin yaxınlığında olarkən Güluzənin tanımadığı “Mersedes” markalı maşından düşüb küçə ilə getdiyini gördükdə qaçıb peşə məktəbinin həyətində gizlənmişlər. Vüqar ona Güluzənin sumkasını götürüb qaçağacını demişdir. Güluzənin onu tanımaması üçün Vüqar əynində olan “kapişonun” papağını başına çəkərək arxadan qəfil Güluzəyə yaxınlaşıb onun çantasını zorla əlindən alıb qaçmağa başlamış, Güluzə qışqırmışdır. Dərhal Güluzəyə yaxınlaşıb nə baş verdiyi soruşmuş, Güluzə ona Vüqarın içərsində heroin olan çantasını götürüb qaçdığını demişdir. Dərhal Vüqarın arxasınca qaçmış, çantanı Vüqardan almış və içərisinə baxdıqda bir bükümdə heroinin, platsik kartların, 2 manatlıq qəpiklərin, təzyiq ölçən aparatın olduğunu görmüşlər. Vüqar evə getmiş, çanta isə onda qalmışdır. Heroini götürmüş, çantanı isə “Qarabağ” kanalına atmışdır. Evinə yaxın xəstəxananın həyətində heroindən bir qədərini istifadə etmiş, qalan hissəsini isə xəstəxananın həyətində gizlətmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Güluzə onun doğma xalasıdır, Bəhrəmtəpə qəsəbəsində xəstəxanada tibb bacısı işləyir, bir evdə Bəhrəmtəpə qəsəbəsində qalırlar. 2021-ci il mart ayının 29-dan 30-a keçən gecə saat 2 radələrində Güluzənin qışqırıq səsinə yola çıxmış, Güluzə Vüqarın onun çantasını götürüb qaçdığını demişdir. Bundan sonra Vüqarın evinə getmiş, Vüqara «çantanı sən götürmüsənsə ver» demişdir. Vüqar ona çantanı götürmədiyini bildirmişdir. Güluzədən çantada nə olduğunu soruşmamışdır. Polis şöbəsinə getdikdən sonra çantada narkotik olduğunu öyrənmişdir. Güluzənin hadisə baş verdiyi gün çantasında narkotikin olmasından məlumatı olmamış, onun narkotik satdığını eşitməmiş, Güluzədən narkotik almamışdır. Hazırda sumkanın harada olduğunu bilmir. Məhkəmədə Şahid3 ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi elan olunmaqla tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, 29 mart 2021-ci il tarixdə günorta vaxtı Güluzə ona axşam gedib iranlıdan narkotik alacağını demiş, xalasına tutululacağını deyib getməməsini bildirimşdir. Güluzənin evdə olmadığını görüb narkotik dalınca getdiyini düşünmüşdür. Tanışı Osmandan 10 manat borc pul almışdır. Osmana Güluzənin “mal”narkotik dalınca getməsini deməmişdir. Güluzə heroinin satışı ilə məşğul olmuşdur. X10 əvvəllər narkotik almışdır. Güluzənin narkotiki necə və haradan əldə etdiyini bilmir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizanın 01 aprel 2021-ci il tarixli, 18/391 N-li rəyindən görünür ki, İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən xəstəxananın həyətindəki ağacın altından aşkar edilib götürülmüş kağız paketdəki bir ədəd polietilen kəsiyi bükümündə olan maddə – təmiz çəkisi 48,739 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 24 noyabr 2021-ci il tarixli, 4665 N-li rəyindən görünür ki, müayinə zamanı X1 qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. 31 mart 2021-ci il tarixli “Götürmə aparılması haqqında” protokoldan görünür ki, istintaq zamanı Şahid2 ifadələrinin yerində yoxlanılması hərəkəti keçirilərkən o, Şahid1lə birlikdə Güluzə Şahverənovadan taladığı narkotik vasitəni gizlətdiyi yeri göstərmiş və onun göstərdiyi yerdən, yəni İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən xəstəxananın həyətindəki ağacın altından bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroin aşkar olunaraq götürülmişdir. 1 aprel 2021-ci il tarixli qərarla ekspertiza tədqiqatından sonra qalıq qalan 48,689 qram çəkidə narkotik vasitə maddi sübut kimi tanınmış və saxlanılaması üçün İmişli RPŞyə təhvil verilmişdir. İş materiallarında olan 27 dekabr 2021-ci il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs Güluzə Şahverənovanın məhkəmə istintaqında əl çantasında hər hansı bir narkotikin olmadığını, heç bir iranlını tanımadığını, iranlıdan narkotik vasitə əldə etmədiyini, heç kimə narkotik satmadığına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə təqsirləndirilən şəxs Güluzə Şahverənovanın məhkəməyədək icraat zamanı vermiş olduğu ilkin 2 aprel 2021-ci il tarixli ifadəsində narkotik vasitəni «Baba» adlı iranlıdan əldə etməsini, Baba ilə “Votsap”la əlaqə saxladığını və Babanın göstərişi ilə narkotikin qoyulduğu Bəhrəmtəpədən Bakı istiqamətinə getdiyi yolun sağ tərəfindəki “72” yazısı olan nişanının altından götürdüyünü, çantasında aşkar olunan heroinin ona məxsus olmasına dair göstərdiyi etirafedici xüsusatlar işin obyektiv hallarına uyğun gəldiyi üçün onları Güluzə Şahverənovanın təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Eyni zamanda, məhkəmə Şahid1 hazırda 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılmasını, həbsdə olan şəxslər arasında münasibətlərin və davranışın özünəməxsusluğunu və bilavasitə Güluzə Şahverənovanın üzünə qarşı doğru ifadə verməkdə çətinlik çəkməsini nəzərə alıb Şahid1 ifadəsində tanışı Şahid2 ilə Güluzə Şahverənovanın içərsində heroin olan çantasını talamaq barədə aralarında hər hansı bir razılaşmanın, habelə Güluzənin çantasında heroinin olmasından məlumatının olmadığı, bu barədə Osmanın ona heçnə demədiyinə dair göstərdiyi xüsusatlara tənqidi yanaşaraq onun bu ifadəsində göstərdiyi həmin xüsusatları işin obyektiv hallarına uyğun olmayan, Güluzə Şahverənovanı müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində Şahid2 ona «Mızı»-Güluzə mal gətirməyə gedib, onu gözləyək, sən əlindəki çantanı al gətir ver mənə» deməsi, bundan sonra birlikdə Güluzənin gəlməsini gözləmələrini, Güluzə gəldikdə ona yaxınlaşıb qəfil çantanı əlindən alıb qaçdığını, bir qədər sonra Osmanla kənarda görüşüb çantanı ona verdiyini, çantanın içərisinə baxdıqda orada heroinin olmasını gördüyünü, çantanı Osmana verdiyini, Osmanın həmin narkotiki satdıqdan sonra ona da pul verəcəyinə dair göstərdiyi xüsusatları işin obyektiv hallarına uyğun gəldiyi üçün onları Güluzə Şahverənovanın təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Eyni zamanda, məhkəmə Şahid2 hazırda təqsirləndirilən şəxs Güluzə Şahverənova ilə eyni İstintaq Təcridxanasında saxlanılmasını, həbsdə olan şəxslər arasında münasibətlərin və davranışın özünəməxsusluğunu və bilavasitə Güluzə Şahverənovanın üzünə qarşı doğru ifadə verməkdə çətinlik çəkməsini nəzərə alıb ifadəsində hadisə baş verdiyi gün tanışı Şahid1lə Güluzə Şahverənovanı heroin olan çantasını ələ keçirmək barədə aralarında hər hansı bir razılaşmanın olmadığını, Güluzənin həmin gün narkotik dalınca getməsi barədə Vüqara heçnə demədiyini, çantanın içərisində heroinin olduğunu bilmədiyini, Güluzədən heç vaxt narkotik almadığına dair göstərdiyi xüsusatlara tənqidi yanaşaraq onun bu ifadəsini işin obyektiv hallarına uyğun olmayan, Güluzə Şahverənovanı müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə Şahid2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində hadisə baş verməmişdən bir neçə saat əvvəl Ruslanın xalası Güluzənin 1-2 saata narkotik gətirəcəyini deməsi, Osmanla görüşdükdə «Mızı»-Güluzə mal gətirməyə gedib, onu gözləyək, sən onun əlindəki çantanı al gətir ver mənə» deməsi, bundan sonra birlikdə Güluzəni peşə məktəbinin yaxınlığında gözləmələri, Güluzənin tanımadıqları maşından düşməsini görüb Vüqarın ona yaxınlaşaraq əlindəki çantanı zorla götürüb qaçdığını, Vüqalra bir qədər kənarda görüşüb həmin çantanın içərisinə baxdıqda heroinin aşkar olunduğunu, çantanı Vüqardan alıb içərisində olan heroini özünə götürdüyünü, xəstəxananın həyətində heroinin bir hissəsini istifadə edib, qalan hissəsini isə orada ağacın altında gizlətdiyinə dair göstərdiyi xüsusatlar işin obyektiv hallarına uyğun gəldiyi üçün onları Güluzə Şahverənovanın təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Məhkəmə Şahid3 təqsirləndirilən şəxs Güluzə Şahverənova ilə qohumluq münasibətlərində-doğma xalası olması və sonuncunun həbs olunanadək bir evdə yaşamasını nəzərə alıb, ifadəsində xalası Güluzənin çantasında narkotikin olmadığını, Güluzənin heç kimə narkotik satmadığını və narkotik satışı ilə məşğul olmadına dair göstərdiyi xüsusatlara tənqidi yanaşaraq onun bu ifadəsini işin obyektiv hallarına uyğun olmayan, Güluzə Şahverənovanı müdafiə etmək məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və ifadənin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu 3 aprel 2021-ci il tarixli ifadəsində 29 mart 2021-ci il tarixdə Güluzənin heroini tanımadığı iranlıdan aldığını, xalası Güluzənin heroin satışı ilə məşğul olduğunu, əvvəllər xalası Güluzədən heroin götürüb Osmana satdığına dair göstərdiyi etirafedici xüsusatları işin obyektiv hallarına uyğun gəldiyi üçün onları Güluzə Şahverənovanın təqsirliliyini təsdiq edən sübut növü kimi qiymətləndirir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli hökmü ilə Şahid1 və Şahid2 CM-nin 180.2.1, 180.2.4, 234.4.1,234.4.3, 235.4.2 və 326.2-ci maddələri ilə təqsirli bilinib hər biri qəti olaraq 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bundan başqa, Güluzə Şahverənovanın çantasında aşkar olunan külli miqdarda heroinin ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat Şahid2 «ifadələrinin yerində yoxlanılması haqqında», «götürmə aparılması haqqında» istintaq hərəkəti protokolları, habelə məhkəmədə təqdiq edilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1, Şahid2, Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri tədqiq edilmiş, onlar həmin ifadələrində çantada aşkar olunan narkoti vasitə heroinin məhz Güluzə Şahverənovaya məxsus olduğunu bir daha israrla təsdiq etmişlər. Bununla yanaşı Güluzə Şahverənova barəsində cinayət təqibi başlanan andan 2 aprel 2021-ci il tarixli təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində çantasına narkotikin İlqar adlı və ya digər şəxslər tərəfindən qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə 2 aprel 2021-ci il tarixdə verdiyi ifadəsini, habelə yuxarıda qeyd olunan şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, təqsirləndirilən şəxs Güluzə Şahverənovanın çantasında aşkar olunan bir bükümdə külli miqdarda 48,739 qram heroini «Baba» adlı iranlının tapşırığı ilə sonuncunun dediyi yerdən götürüb üzərində qanunsuz daşımaqla saxlaması və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, çantada aşkar olunan heroinin Güluzə Şahverənovaya məxsus olması və külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Güluzə Şahverənovanın Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, buna görə də, o, həmin maddə ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 1 aprel 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Güluzə Şahverənova həmin gün saat 21 radələrində cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 2 aprel 2021ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və İmişli Rayon Məhkəməsinin 2 aprel 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 1 aprel 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən, X2 Rayon Məhkəməsinin xx.xx.2017-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, barəsində CM-nin 70-ci maddəsi tətbiq olunmaqla 2 il sınaq müddəti təyin olunmuşdur. Təyin olunmuş cəza icra olunduğundan Güluzə Şahverənova qeydiyyatdan çıxarılmışdır. Azərbacyan Respublikası CM-nin 83.3.1-ci maddəsinə əsasən Güluzə Şahverənova hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə, təqsirləndirilən şəxs X3 cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Güluzə Şahverənovanın təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Güluzə Şahverənova törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Güluzə Şahverənovaya Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Güluzə Şahverənova ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 1 aprel 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Güluzə Şahverənova barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübut kimi tanınmış və hazırda İmişli RPŞ-də saxlanılan 48,689 qram heroin, hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.1.4-cü maddəsinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə görə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 1 aprel 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda İmişli RPŞ-də saxlanılan 48,689 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-160/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-160/2022
25.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver