Məhkəmə qərarları › İş №1(099)-160/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-160/2025

13.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-160/2025 13.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Vəliyeva Ayşən Umud qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)- 437/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə cəzasının çəkilməmiş hissəsindən qalan 09 (doqquz) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, həmin vaxtından əvvəl şərti olaraq azad edildiyi cəzasını çəkmiş, lakin hazırda məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırdaAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Təqsirləndirilən şəxs, məlum olmayan mənbədən və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda, 430,0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, 3950,0 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib, heroini 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada, marixuananı isə 1 ədəd sintetik torba bağlamada olmaqla hər iki bağlamanı 1 ədəd qara rəngli çantanın içərisinə qoyaraq satışını təşkil etmək məqsədilə üzərində daşıyaraq Bakı şəhərinə aparmaq istəyərkən, 27 avqust 2024-cü il tarixdə saat 16:37 dəqiqədə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu, Cavad kəndində piyada hərəkətdə olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, həmin vaxt əməliyyat-axtarış tədbirlərini həyata keçirən əməliyyat-axtarış fəaliyyəti subyekti – Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən üstü yoxlanılarkən çiyninə aşırmaqla üzərində gəzdirdiyi qara rəngli çantanın içərisində 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 430,0 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd sintetik torba bağlamada təmiz çəkisi 3950,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür.

İşin halları və dəlilləri:

2. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, həbs edilənə qədər Sabirabad şəhəri, Q.Namazəliyev küçəsi ev 115 ünvanında yaşamış və həmin vaxtlar heç bir yerdə işləməmişdir. Əvvəllər iki dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib 07 il azadlıqdan məhrumetmə cazasına məhkum edilmiş, təxminən 4 ay bundan əvvəl azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra heç yerdə işləmədiyindən, bəzən yaşadığı Sabirabad rayonunun ərazisindən keçən Kür çayına çimməyə, balıq tutmağa və dəmir yığmağa getmişdir. Əvvəllər müxtəlif narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında dəqiq saatı yadında qalmayan vaxtda dəmir yığmaq üçün Kür qırağına getmiş, Kürün kənarında bir ədəd qara rəngli çanta tapmışdır. Həmin çantanın açıb baxdıqda qurudulmuş marixuana və heroin olduğunu görmüşdür. Özü də narkotik vasitə istifadəçisi olduğundan həmin narkotik vasitələri tanımış və sumkanı yenidən bağlayaraq özü ilə götürmüş və evə tərəf yollanmışdır. Çiynində sumka ilə evə doğru gedərkən avtomobil ona yaxınlaşmış, avtomobildə olan şəxslər ondan nə isə soruşmuş, o cavab verərkən həmin avtomobildən düşən mülki geyimli polis əməkdaşları onu yaxalamışlar.

3. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, polis əməkdaşları ona yaxınlaşdıqda 4 nəfər idilər, onlardan bir nəfər əlində olan telefon vasitəsi ilə video-çəkiliş aparırdı, polis əməkdaşları tərəfindən ona hər hansı təzyiq və ya təsir edilməmişdir.

4. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.

5. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində (ilkin şübhəli və təqsirləndirilən şəxs qismində) göstərmişdir ki, Sabirabad şəhəri, Q.Namazəliyev küçəsi ev 115 ünvanında yaşayır, özü heç bir yerdə işləmir. Bir neçə ildir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmiş, son illər də isə tapdıqca "nəşǝ", yəni qurudulmuş marixuana çəkmişdir. Bir neçə dəfə məhkumluq həyatı yaşamış, sonuncu dəfə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib 07 il azadlıqdan məhrumetmə cazasına məhkum edilmiş, təxminən 4 ay bundan əvvəl azadlığa çıxmışdır. Azadlığa çıxdıqdan sonra dolanışıq üçün iş tapa bilməmiş, işsiz qalmış, maddi vəziyyəti də çox çətin olmuşdur. Boşluq olduğundan tez-tez yaşadığı rayon ərazisindən keçən Kür çayına çimməyə, ya da balıq tutmağa getmişdir. Təxminən xx.xx.2024-cü il tarixdə günorta saatlarında dəqiq saatı yadında qalamayan vaxtda balıq tutmaq üçün yenə Kür qırağına getmiş, Kürün kənarı ilə piyada gedərək özünə uyğun yer axtarmış, bu zaman orada kolların arasında bir ədəd qara rəngli çanta görmüşdür. Həmin çantada özünə əlverişli bir şey tapa biləcəyini düşünüb həmin çantanı götürmüş, çantanın içərisində 1 ədəd kisə olmuş, kisəni çıxarıb içinə baxdıqda içərisində "nəşə", yəni qurudulmuş marixuana görmüşdür. Bundan sonra həmin çantanın bütün ciblərinə baxmış, üst cibində 1 ədəd yapışkan lentlə sıxılmış bağlama olduğunu görmüş, bağlamanın içərisində nə olduğunu bilmək üçün bağlamanı kəsmiş, içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Əvvəllər də həmin narkotik vasitələrdən istifadə etdiyi üçün onları tanımış, sonra həmin narkotik vasitələri gələcəkdə istifadə etmək və ya satmaq üçün Kür kənarında gizlətmişdir. 27 avqust 2024 saat təxminən 15 radələrində yaşadığı evdən çıxıb çantanı gizlətdiyi yerə tərəf, yəni Sabirabad rayonu, Cavad kəndinə getmiş, orada çantanı gizlətdiyi yerdən götürmüş, piyada torpaq yolla hərəkət etmiş, saat artıq 16 radələri olmuşdur. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş və videoçəkilişlə üstünün yoxlanılacağını demiş, əməliyyat müvəkkili ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsini təklif etmişdir. O da əynində, çantasında olan narkotik vasitələri təqdim etmiş, əməliyyat müvəkkili tərəfindən həmin kütlələrə baxış keçirilmiş və narkotik vasitə qurudulmuş marixuanaya oxşaması müəyyən edilmişdir. Daha sonra üstündə olan 01 ədəd "inoi" markalı mobil telefon, 150 manat pul və özünə məxsus şəxsiyyət vəsiqəsini də vermişdir. Bundan başqa, üzərindən əlavə olaraq qanunsuz heç bir əşya və predmet aşkar edilməmiş, təqdim etdiyi narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və 4 kiloqram 80 qram təşkil etmişdir. Sonra heroin elektron tǝrəzidə çəkilmiş, çəkisinin 465 qram olması müəyyən olunmuş, sonda aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana və heroin çantaya qoyulmuşdur. Çantanın üzərinə ağ kağızda yazılar yazılmış, o və digər iştirakçılar kağıza imza etdikdən sonra kağız çantanın üzərinə qoyulmuşdur. Əməliyyat müvəkkili tərəfindən çanta qablaşdırılmış, "Zərflər üçün No139" möhürü ilə möhürlənmiş və götürülmüşdür. Aşkar edilmiş 01 ədəd "inoi" markalı mobil telefon, 150 manat pul və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüş, daha sonra isə o, Sabirabad rayon Polis Şöbəsinə gətirilmiş, şöbədə müstəntiqin xidməti otağında həmin çantaya yenidən baxış keçirilmişdir. Müvafiq qaydada açıldıqdan sonra çəkiləri çəkilmiş, heroinin çəkisində bir dəyişiklik olmasa da, qurudulmuş marixuananın çəkisinin 4 kiloqram 30 qram olması müəyyən edilmiş, sonra həmin kütlələr çantaya qoyularaq müvafiq qaydada qablaşdırılmış, üzəri möhürlənmişdir. O və digər iştirakçılar kağızın üzərinə imza etmiş, bundan sonra ona hüquq və vəzifələri izah edilmiş və müdafiəçi təqdim edilmişdir. Daha sonra onun üzərinə, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərindən heç nə aşkar olunmamışdır. Eləcə də 01 ədəd "inoi" markalı mobil telefon, 150 manat pul və şəxsiyyət vəsiqəsi iş üçün əhəmiyyət kəsb etdiyi üçün müstəntiq tərəfindən götürülmüşdür.

6. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etdiyini bildirmiş, narkotik vasitələri tutulmazdan 10 gün əvvəl tapıb gizlətdiyini, həmin gün isə gizlətdiyi yerdən götürüb evə apardığını bildirmişdir.

7. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli ilə bağlı hazırkı halda etirafını iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir.

8. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.

9. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad rayon polis şöbəsinin X3 əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 27 avqust 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edərək üzərində saxlaması, istifadə etməsi və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuş, qanunvericiliyə uyğun əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul edilmiş, qrup üzvləri ilə birlikdə saat 16 radələrində Təqsirləndirilən şəxs olacağı Sabirabad rayonu, Cavad kəndinə getmişlər. Saat 16:37-də Sabirabad rayonu, Cavad kəndində Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman onlar tərəfindən saxlanılmışdır. Saxlanıldıqdan sonra şəxsə üzərində olan qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif edilmiş, o da üzərində daşıdığı qara rəngli çantanı təqdim edərək, içində narkotik vasitə olduğunu bildirmişdir. Onlar tərəfindən çantaya baxış keçirilmiş, narkotik vasitələr olan heroin və qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmiş, tərəzi vasitəsi ilə çəkilmiş, bu zaman qurudulmuş marixuananın çəkisinin 4 kiloqram 80 qram olması, heroinə bənzər kütlənin çəkisinin isə 465 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitələrin toxunulmazlığının təmin edilməsi məqsədi ilə bağlanaraq, möhürlənmişdir. Həmçinin, şübhəli şəxsin üzəri yoxlanılmış və üzərindən 1 ədəd “İnoi” markalı mobil telefon, 150 manat pul və özünə aid şəxsiyyət vəsiqəsi aşkar edilmişdir. Qeyd edilən bütün hərəkətlər əvvəldən axıra qədər, video qeydə alınmış, yəni əməliyyat çəkilişi aparılmışdır. Təqsirləndirilən şəxs hər hansı fiziki güc, təzyiq və ya təsir edilməmişdir.

10. Məhkəmə iclasında dindirilmiş digər şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişlər.

11. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də ittiham və müdafiə tərəfinin təqdim etdikləri sübut növləri kimi mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə tədqiq edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:

12. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi başlanılmışdır. (c İ, i.v 1)

13. Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi narkotik vasitəni üzərində saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə əməliyyat məlumatı daxil olduğu bildirilmişdir. Onun ətrafında əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsinə göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 4)

14. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə» 27 avqust 2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyataxtarış tədbirinin keçirilməsinə dair Sabirabad Rayon Polis Şöbəsinin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6-7)

15. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, 27 avqust 2024cü il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokola əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbiri zamanı xx.xx.2024-cü il tarixdə saat 16:37 dəqiqədə Sabirabad rayonu, Cavad kəndində piyada hərəkət edən zaman saxlanılmış, üzərində olan qara rəngli çantadan 4 kiloqram 80 qram narkotik vasitə olan qurudulmuş marixuana bənzər kütlə, 465 qram heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (c İ, i.v 10-11)

16. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, əməliyyat axtarış tədbirinin əks olunduğu bir ədəd DVD diskə baxış zamanı əməliyyat tədbiri iştirakçılarının video-çəkilişdən istifadə edərək avtomobildə hərəkət etmələri, bir müddət getdikdən sonra yolun kənarı ilə piyada hərəkət etməkdə olan Təqsirləndirilən şəxs yaxınlaşmaları, daha sonra onu yaxalayıb üstünə və üzərində olan qara rəngli çantaya baxış keçirmələri, narkotik vasitə olan qurudulmuş marixuanaya və heroinə bənzər kütlələr aşkar etmələri, daha sonra həmin kütlələrin elektron tərəzi vasitəsi ilə çəkilməsi, yenidən qara rəngli çantaya qoyularaq bağlanıb, möhürlənməsi müşahidə edilmişdir. (c İ, i.v 12)

17. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «Əşyaya baxış keçirilməsi və götürmə haqqında» xx.xx.2024-cü il tarixli protokola əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli çantadan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya və heroinə bənzər kütlələrə baxış keçirilmişdir. Həmçinin, əşyaya baxış keçirilməsinə dair video-görüntülərin əks olunduğu DVD disk məhkəmə iclası zamanı baxılaraq tədqiq edilmişdir. (c İ, i.v 13-15)

18. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «şübhəli şəxsə vəkilin təqdim edilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokol və tədqiq edilmiş digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi təqdim olunmuşdur. (c İ, i.v 17-24)

19. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 30)

20. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Məhkəmə-bioloji ekspertizasının 28 avqust 2024-cü il tarixli, 18/769-18/770 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan 1 ədəd qara rəngli çantadakı: - 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi – 430,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. - 1 ədəd sintetik torba bağlamada təmiz çəkisi – 3950,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir. (İ siyahı) (c İ, i.v 41-42)

21. Aparılmış ekspertiza tədqiqatının dəyəri 99,48 manat təşkil edir. (c İ, i.v 40)

22. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(056)-133/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 27 avqust 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 66-69)

23. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmənarkoloji ekspertizasının 06 sentyabr 2024-cü il tarixli, 6087 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamatləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 129-130)

24. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, maddi sübut kimi tanınma haqqında qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi – 430,0 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 429,95 qramı, 3950,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 3949,95 qramı işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. (c İ, i.v 70-71)

25. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Kərimov X6 Ağır Cinayətlər məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. (c İ, i.v 83-84)

26. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-437/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 09 (doqquz) gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.

27. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sabirabad rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən vaxtından əvvəl şərti olaraq azad edilmiş məhkum Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxsin məhkumluğu ödənilməmiş və üzərindən götürülməmişdir.

28. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş, Sabirabad rayon İcra Hakimiyyətinin Sabirabad şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (c İ, i.v 115-116)

29. Azərbaycan Respublikası Sabirabad rayon İcra Hakimiyyəti Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli arayışda və xasiyyətnamədə şəxsin subay olduğu qeyd edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünün ailə həyatı qurduğunu, lakin nikahının rəsmi qeydiyyata alınmadığını, iki övladı olduğunu bildirmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-437/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında da məhkum Təqsirləndirilən şəxs evli, iki övladı olduğu qeyd edilmişdir. Davam edən məhkəmə iclaslarında, ona verilən suallara cavabında Təqsirləndirilən şəxs, X5 ilə ailə həyatı qurduğunu, Pərvanənin 1989-cu il təvəllüdlü olduğunu, iyun ayında doğulduğunu, lakin dəqiq günün xatırlamadığını bildirmiş, övladlarının isə 15 yaşlı X9 və 11 yaşlı X10 olduğunu bildirmişdir. Məhkəmə tərəfindən elektron məhkəmə informasiya sistemi vasitəsi ilə X2 və övladları, xx.xx.2010-cu il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X4 məlumatları əldə edilərək, iş materiallarına əlavə edilmişdir.

Əməlin tövsifi və digər hüquqi məsələlər:

30. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

31. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

32. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə - CM) 3-cü maddəsinin tələbinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

33. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.

34. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir.

35. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir.

36. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. CPM-in 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayət-prosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarla birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş ola, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər.

37. CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır.

38. CPM-nin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir.

39. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir.

40. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir.

41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir.

42. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmişdir, başa çatmış cinayətlərdir. Təsnifata görə CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməl ağır cinayətdir.

43. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

44. CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

45. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

46. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş müvafiq siyahıya əsasən təmiz halda 500 qramdan artıq çəkidə marixuana və 2 qramdan artıq heroin külli miqdar təşkil edir. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:

47. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır.

48. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.

49. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, həmçinin Təqsirləndirilən şəxs özü tərəfindən səmimi olaraq etiraf edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur.

50. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri).

51. Məhkəmə CM-in 59.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin 1 az yaşlı, 1 yetkinlik yaşına çatmayan övladının olması, törədilməsində özünü təqsirli bildiyi cinayət əməlinə münasibətdə peşman olmasını bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.

52. CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi hesab edilir.

53. CM-in 83-cü maddəsinin tələbinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

54. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin olmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir (bax: hökmün 27-ci bəndi). Həmin Məcəllənin 65.1 və 65.2-ci maddələrinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz.

55. Qeyd edilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş məhz azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər.

56. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir.

57. CM-in 15-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayətlər kimi təsnif edilmişdir. CM-in 56.1.3-cü maddəsinin tələbinə görə azadlıqdan məhrum etmə növündə cəza cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.

58. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir

59. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).

60. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CMin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.

61. Məhkəmə hökmün 26-cı bəndində qeyd edilən ekspertiza rəyini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır.

62. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi – 430,0 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspert tədqiqatı nəticəsində qalıq qalmış 429,95 qramı, 3950,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspert tədqiqatı nəticəsində qalıq qalmış 3949,95 qramı məhv edilməlidir.

63. “Əməliyyat-axtarış tədbirinin keçirilməsi”, “əşyaya baxış keçirilməsi”, “şəxsi axtarış və götürülmə aparılması” istintaq hərəkətləri zamanı aparılmış videoçəkilişlər zamanı videogörüntülərin köçürüldüyü 3 (üç) ədəd disk, "xxxx" MMC və "xxxx" MMC tərəfindən təqdim edilmiş 2 (iki) ədəd disk olmaqla, ümumilikdə 5 (beş) ədəd disk hazırkı cinayət işinin materiallarında saxlanılmalıdır.

64. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.

65. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 99,48 manat (doxsan doqquz manat qırx səkkiz qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

66. İş üzrə ekspertiza tədqiqatı xərci - 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzinin X1 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, hesab AZ34CTRE******************** dövlət büdcəsinə ödənilsin.

67. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.

68. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.

69. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.

70. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 4 mart 2011-ci il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

h ö k m e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ilkin çəkisi 430,0 qram olan, tədqiqatdan sonra çəkisi 429,95 qram qalmış narkotik vasitə heroin, ilkin çəkisi 3950,0 qram olan, tədqiqatdan sonra çəkisi 3949,95 qram qalmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci - 99,48 (doxsan doqquz manat qırx səkkiz qəpik) manat təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış videogörüntülərin əks olunduğu 05 (beş) ədəd disk iş materiallarında saxlanılsın Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar