Məhkəmə qərarları › İş №1(099)-161/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-161/2023

07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-161/2023 07.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hakimlər - Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1990-cı ildə Cəlilabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Cəlilabad şəhəri, Sabir küçəsi, ev 39-da qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə; xx xxxxxx 1971-ci ildə Cəlilabad rayonu Kövüzbulaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu Kövüzbulaq kəndində qeydiyyatda olmaqla Cəlilabad rayonu Uzuntəpə kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 04 sentyabr 2022-ci il tarixdə günorta saatlarında tanışı, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı, Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən evinin həyətində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd bükümdə 1,416 qram narkotik vasitə heroini 9 manat pul müqabilində almaqla əldə edib daşımaqla üzərində saxlamış, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 04 sentyabr 2022-ci il tarixdə, saat 18 radələrində Cəlilabad şəhəri ərazisində keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş və onun üzərində şəxsi axtarış aparılan zaman həmin heroin üzərindən aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq 02 ədəd bükümdə külli miqdarda-2,162 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 04 sentyabr 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndindəki evinin həyətində həmin narkotik vasitədən bir bükümdə olan 1,416 qramını tanışı Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq 9 manat müqabilində satmış, həmin gün saat 21 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Cəlilabad şəhəri Azərbaycan küçəsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılaraq Cəlilabad Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman narkotik vasitə heroinin qalan 0,746 qramı 1 bükümdən əynindəki şalvarın cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, özü narkotik vasitələrin istifadəçisidir. Təqsirləndirilən şəxs2lə yaxın məsafədə yaşayırlar. Onunla münasibəti yaxşı olmuşdur. Onun narkotik vasitələr satdığını bilmişdir. 04 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2lə telefonla danışaraq onunla günorta saatlarında yaşadığı Cəlilabad rayonu Uzuntəpə kəndində yerləşən evinin həyətində görüşərək ona doqquz manat məbləğində pul verməklə bir ədəd bükümdə öz istifadəsi üçün «kokos», yəni narkotik vastə heroin almışdır. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs2 aldığı narkotik vasitə üzərində olmaqla Cəlilabad şəhəri Sabir küçəsində piyada gəzən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onu rayon polis şöbəsinə dəvət etmişlər. Üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi tutulmuş və üzərində müdafiəçinin iştirakı il əvə videoçəkilişdən istifadə olunmaqla şəxs axtarış aparılması zamanı o, əynində olan idman şalvarının sol yan cibimdən 1 ədəd bükümdə narkotik vasitə herini çıxarıb təqdim etmiş, narkotik vasitəni həmin gün öz istifadəsi üçün doqquz manat pul verməklə Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Onun təqdim etdiyi heroinin çəkisi 1.68 qram olmuş və onun iştirakı ilə qablaşdırılmaqla götürülmüşdür. Təqsirləndirilən şəxs2 guya ona narkotik vasitəni pul müqabilində satmadığını, pay verdiyini göstərsə də, bu yalandır. O, Təqsirləndirilən şəxs2 narkotik vasitəni faktiki olaraq 9 manat pul verməklə almışdır. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, narkomaniya xəstəsdidir, özü narkotik vasitələrdən istifadə edir. Təqsirləndirilən şəxs1 onun uzaq qohumudur, onunla münasibətləri yaxşı olmuşdur. Onda «bir çet», 0,1 qram narkotik vasitə heroin olmuşdur. Həmin heroinin yarısını 04 sentyabr 2022-ci il tarixdən 3-4 gün əvvəl pay olaraq Təqsirləndirilən şəxs1 pulsuz vermişdir. Belə ki, Təqsirləndirilən şəxs1 ona yalvararaq öz istifadəsi üçün heroin istəmişdir. O, Təqsirləndirilən şəxs1 04 sentyabr 2022-ci il tarixdə doqquz manat pul müqabilində heroin satmamışdır. 04 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Cəlilabad şəhərində polis işçiləri Xalis, Aqşin və Rəhman tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitə heroin olmamışdır. Həmin vaxt onun üzərinə polis əməkdaşı Rəhman tərəfindən 0,83 qram heroin qoyulmuşdur. Polis işçiləri onu evinə 12 kiloqram narkotik qoymaqla hədələmişlər və döyüb boynuna qoymaqla 0,5 qram heroinə görə sənədlərə imza etdirmişlər. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmimşdir ki, 04 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Təqsirləndirilən şəxs1 öz istifədəsi üçün pay olaraq narkotik vasitə heroin vermiş, ona heroini pula satmamışdır. O, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Cəlilabad şəhərində polis işçiləri tərəfindən saxlanılmaqla üzərində şəxsi axtarış keçirilərkən əynində olan şalvarının sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Həmin heroin çəkilmiş, çəkisi 0.83 qram olmuş və götürülmüşdür. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilən Cəlilabad Rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili Şahid1 məhkəmədə şahid kimi dindirilərkən göstərdi ki, Cəlilabad rayon sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumat əsasında 04 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Cəlilabad şəhəri, Sabir küçəsində saxlamaqla ondan üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs1 üzərində 1 ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 Cəlilabad Rayon Polis Şöbəsinə dəvət edilmiş, şübhəli şəxs kimi tutulmuş və üzərində videoçəkilişdən istifadə olunmaqla, müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılarkən onun üzərindən 1 ədəd bükümdə narkotik vasitə heroinəbənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini Cəlilabad rayonu Uzuntəpə kənd sakini «Əlzair» ləqəbi ilə tanınan Rasət adlı şəxsdən 9 manat pul müqabilində aldığını bildirmişdir. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs2 04 sentyabr 2022-ci il tarixdə saat 21 radələrində Cəlilabad şəhərində saxlanılmış, üzərində narkotik vasitə olub-olmamasını ondan soruşulduqda üzərində narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 rayon polis şöbəsinə dəvət olunmuş, şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunaraq şəxsi axtarış aparılmazdan əvvəl ona təklif olunmuşdur ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, təqdim etsin. Təqsirləndirilən şəxs2 də üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş və şalvarının cibindən çıxardaraq həmin kütlələri təqdim etmişdir. Həmin bükülü açıldıqda içərisində narkotik vasitə heroinəbənzər maddə olması aşkar olunmuşdur. Həmin maddə götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs2 qarşı polis işçiləri tərəfindən hər hansı təzyiq və ya təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs2 üzərinə narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsi yalan ifadədir. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid4 və Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynində olan şalvarın yan cibindən narkotik vasitə heroinə bənzər 01 ədəd bükümdə kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 üzərində aşkar olunan heroini «Əlzair» ləqəbi ilə tanınan Rasət adlı şəxsdən öz istifadəsi üçün 9 manat pul müqabilində aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 1 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. O, narkotik vasitəni təqdim edərək özünə məxsus olduğunu bildirmişdir. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli, 19/933 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi -1,416 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspertizanın xx.xx.2022-ci il tarixli, 19/934 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi -0,746 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aşkar edilmiş heroinlər xarici görünüşlərinə və kimyəvi komponentlərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1085 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində 2021-ci ildən «Opium narkomanlığı» diaqnozu ilə qeydiyyatda durur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1272 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixatrik ekspertizasının xx.xx.2022-ci il tarixli, 3178 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur, törətdiyi əməl barəsində anlaqlı hesab olunur, əməli CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Mobil telefona baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan «MAXVİ» markalı mobil telefonda Təqsirləndirilən şəxs1 istifadəsində olan ********** telefon nömrəsi «Xa» adı ilə kontakta qeyd olunmuşdur. Həmin nömrə ilə Təqsirləndirilən şəxs2 məxsus mobil telefon vasitəsi ilə xx.xx.2022-ci il tarixdə saat 23:45-də və xx.xx.2022-ci il tarixdə saat 13:14-də 2 dəfə telefon danışığı aparılmışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CM-nin 263-1.2-ci maddəsi ilə təqsirli bilinməklə 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Həmin məhkəmənin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməklə və əvvəlki hökmlə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş hissəsi CM-nin 67.1 və 67.5-ci maddəllərinə əsasən yeni cəzaya birləşdirilməklə ona hökmlərin məcmusu üzrə 01 il 02 ay 25 gün müddətə nəqliyyat vasitələrini idarə etmək hüquqndan məhrum edilməklə 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. O, xx.xx.2020-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzadan 14 gün şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. CM-nin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzası azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi halda əsas cəzanı çəkdiyi bütün müddətdə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Odur ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayəti törədərkən əvvəlki hökmlə təyin edilmiş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etməcəzasını çəkib qurtarmışdır. Eyni zamanda məhkumluq müddəti əsas cəzanı çəkib qurtardığı gündən hesablanmaqla məhkumluğu hazırkı cinayəti törədən vaxtda ödənilmişdir. Təqsirləndirilən şəxs2 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib ona 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 hazırkı iş üzrə həbs olunduğu gün, yəni xx.xx.2022-ci il tarixdə həmin cəzasının 02 il 09 ay 12 gününü çəkməmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 04 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində 06 sentyabr 2022-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs2 iş üzrə 04 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, barəsində 06 sentyabr 2022-ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Cəlilabad rayonu Uzuntəpə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 ailəlidir,himayəsində xx.xx.2010-cu və xx.xx.2012-ci ildə doğulmuş iki azyaşlı uşaqları vardır. Həmin tarixli xasiyyətnamədə göstərilmişdir ki, Rəsat Ağayevin barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 subaydır. Həmin tarixli xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-2,162 qram narkotik vasitə heroini əldə etməsi, onun 1,416 qramını 04 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 9 manat pul müqabilində satması, Təqsirləndirilən şəxs1 isə öz növbəsində 04 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 1,416 qram, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini satış tməqsədi olmadan qanunsuz olaraq əldə edərək üzərində saxlaması, hər ikisinin əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs1 pul müqabilində satmaması, pay verməsi barədə ifadəsini öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndir və sübut kimi qəbul etmir. Belə ki, məhkəmə narkotik vasitənin alıcısı qismində iştirak edən Təqsirləndirilən şəxs1 narkotik vasitəni Təqsirləndirilən şəxs2 9 manat pul müqabilində alması barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.4.3 və Təqsirləndirilən şəxs1 əməli CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə aşkar olunan anda həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 pul müqabilində alması barədə məlumat verməklə cinayətin digər iştirakçısı olan Təqsirləndirilən şəxs2 ifşa olunmasına fəal köməklik etməsini CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan əlavə, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 09 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 01 il 04 ay 21 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunmalı və CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 polis əməkdaşlarına məlumat verməklə cinayətin digər iştirakçısı olan Təqsirləndirilən şəxs2 ifşa olunmasına fəal köməklik etməsini, şəxsiyyətini-yəni məhkumluğunun olmamasını, əməlindən səmimi peşimançılıq keçirməsini, narkotik vasitə istifadəçisi olmaqla əldə etdiyi narkotik vasitənin faktiki miqdarını nəzərə alınmaqla ona CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini ədalətli və məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun iş üzrə 04 sentyabr 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması növündə cəzasının müddətinə 02 gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilməli və təyin edilən cəzadan çıxılmalıdır. Azadlığın məhdudlaşdırılması cəzası müddətində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdəiştirak etməmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Ona təyin edilən cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olumalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 “Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin narkoloji kabinetində 2021-ci ildən “Opium narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs1 isə CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 1,366 qram və 0,696 qram narkotik vasitə heroin məhv edilməlidir. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 130 manat təqsirləndirilən şəxslərin hər birindən 65 manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Cəlilabad Rayon Məhkəməsinin 18 may 2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 2 (iki) il 9 (doqquz) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 2 günü 1 gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla 1 (bir) il 4 (dörd) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz olunsun və CM-nin 67.1-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəza təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 04 sentyabr 2022-ci il tarixdən 06 sentyabr 2022-ci il tarixədək həbsdə saxlanıldığı 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilsin və təyin edilən cəzadan çıxılmaqla onun üzərində 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22.00-dan növbəti gün saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayonunun inzibati ərazisinin hüdludlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablansın. Ona təyin edilən cəzanın icrası Cəlilabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 1,366 qram və 0,696 qram narkotik vasitə heroin məhv edilsin. İş materiallarına əlavə olunmuş 02 ədəd DVD disklər cinayət işində saxlanılsın. Ekspertiza xərci 130 (yüz otuz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 65 (altmış beş) manat alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar