Məhkəmə qərarları › İş №1(099)-161/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-161/2024

18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-161/2024 18.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abışoğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1991-ci ildə Astara rayonu Pəlikəş kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu Pəlikəş kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda- 4,450 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 06 iyul 2023-cü il tarixdə saat 11 radələrində Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı o, Astara rayonu Pəlikəş kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığından keçən küçədə piyada hərəkətdə olan zaman saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümdə 4,450 qram narkotik vasitə heroin onun əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə Astara rayonu Pəlikəş kəndində yaşayır, narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. 5 iyul 2023-cü il tarixdə saat 21-22 radələrində Pəlikəş kəndində evində olduğu zaman kənd icra nümayəndəsi Şahid4 onu kəndin mərkəzinə çağırmışdır. O, kəndin mərkəzinə gedərək onunla görüşmüşdür. Həmin vaxt regional narkotiklə mübarizə şöbəsinin əməkdaşları Taleh, Kamal və Zaur orada olmuşlar. Həmin əməkdaşlar onu 5 iyul 2023-cü il tarixdə özləri ilə Lənkəran şəhərinə, regional polis şöbəsinə gətirmişlər. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Polis işçiləri onun üzərinə narkotik qoymuşlar. Demişlər ki, boynuna götürməlisən. Onu döymüşlər. 2023-cü il iyul ayının 5-dən 6-dək onu regional polis şöbəsində otaqlardan birində saxlamışlar. Gecəni polis şöbəsində qalmışdır. Səhəri gün, yəni 6 iyul 2023-cü il tarixdə onu polis işçiləri özləri ilə Pəlikeş kəndinə, oradan isə Astara Rayon Polis Şöbəsinə aparmışlar. Guya ki, həmin gün Pəlikəş kəndində saxlanılmasını və üzərində narkotik vasitə aşkar olunmasını sənədləşdirmişlər. Polis işçilərinin təzyiqləri altında və bu barədə tərtib olunmuş sənədlərə imza etmiş və vedeoçəkiliş zamanı üzərində narkotik vasitə olmasını, narkotikin özünə məxsus olmasını göstərmişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 2023-cü ilin iyun ayının əvvəllərində işləmək üçün Xəzər rayonu Türkan qəsəbəsində yerləşən daş karxanalarının birinə getmiş, iyunun sonlarında maaşını almış və yaşadığı kəndə qayıtmağa hazırlaşdığı zaman karxanasında olan bir nəfər şəxsin narkotik vasitə heroindən istifadə etdiyini görmüşdür. Həmin şəxsə 180 manat pul verərək ondan öz istifadəsi üçün 4,5 qram narkotik vasitə heroin almışdır. Narkotik vasitəni aldığı gün yaşadığı Astara rayonu Pəlikəş kəndinə gəlmişdir. 06 iyul 2023-cü il tarixdə saat 11 radələrində evdən çıxaraq piyada kənddə yerləşən mağazaya yollanmışdır. Narkotik vasitə həmin vaxt üzərində olmuşdur. Piyada getdiyi zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Ona narkotik vasitələri qanunsuz əldə edib üzərində saxlamaqda şübhəli olduğunu bildirməklə onu polis şöbəsinə dəvət etmişlər. Üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlanan zaman ona üzərində narkotik vasitə vardıpsa, təqdim etməsi təklif olunmuşdur. O, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini çıxarb təqdim etmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmış, lakin başqa qanunsuz əşya aşkar olunmamışdır. Onun təqdim etdiyi büküm elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Onunla şifahi sorğu aparılarkən narkotik vasitənin özünə məxsus olduğunu, Xəzər rayonu ərazisində 180 manata aldığını demişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyəlri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında iş üzrə şahid qismində dindirilən Şahid1 göstərdi ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbənin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 06 iyul 2023-cü il tarixdə Astara rayonu Pəlikəş kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün əməliyyat tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs saat 11 radələrində Astara rayonu Pəlikəş kəndində yaşadığı evin yaxınlığında küçədə saxlamışlar. Ona narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına şübhələrin olması bildirilməklə rayon polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində video çəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. İlk öncə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və yaxud dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının qabaq sağ yan cibindən 1 ədəd büküm çıxarıb, masa üzərinə qoymuş, bükümün içində kakos, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içində narkotik vasitə heroinə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və zərfdə qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin narkotik vasitə heroin olduğunu, Bakı şəhəri Xəzər rayonu ərazisində tanımadığı şəxsdən öz istifadəsi üçün 180 manat pula aldığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs və onunla eyni kənddə yaşayan Əbülfət Fərəcovu 5 iyul 2023-cü il tarixdə yaşadıqları kənddən regional polis şöbəsinə gətirməmişlər və 6 iyul 2023-cü il tarixədək polis şöbəsində saxlamamışlar. Ona qarşı heç bir təzyiq-təsir göstərməmiş və onu döyməmişlər. 5 iyul 2023-cü il tarixdə Pəlikəş kənd icra nümayəndəsi Şahid4 zəng etməklə onunla danışmış, lakin həmin gün Pəlikəş kəndində olmamış və Təqsirləndirilən şəxs özləri ilə polis şöbəsinə aparmamışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbənin polis nəfəri vəzifəsində xidmət edir. 06 iyul 2023-cü il tarixdə Astara rayonun Pəlikəş kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə şöbəyə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin keçirilməsində o da iştirak etmişdir. Xəqan Vahabovu 06 iyul 2023-cü il tarixdə saat 11 radələrində yaşadağı Astara rayonu Pəlikəş kəndində evinin yaxınlığında küçədə saxlamışlar. Onu narkotik vasitələrlə qanunsuz məşğul olan şəxs kimi polis şöbəsinə dəvət etmişlər. Üzərində şəxsi axtarış aparılarkən ona üzərində narkotik vasitə və yaxud başqa qanunsuz əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın qabaq sağ yan cibindən 1 ədəd büküm çıxarıb, masa üzərinə qoymuş, bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Büküm açıldıqda içərisində heroinəbənzər maddə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş və zərfdə qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlənin narkotik vasitə heroin olduğunu, özünə məxsus olduğunu, öz istifadəsi üçün Bakı şəhəri Xəzər rayonu ərazisində tanımadığı şəxsdən 180 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs 5 iyul 2023-cü il tarixdə onlar tərəfindən Əbülfət Fərəcovla birlikdə regional polis şöbəsinə aparılması, üzərinə narkotik qoyulması, bir gün şöbədə saxlanılması, ona qarşı təzyiq-təsir göstərilməsi və döyülməsi, 6 iyul 2023cü il tarixdə isə yaşadığı kəndə aparılmaqla tutulmasına dair sənədləşmə aparılması barədə ifadəsi həqiqətə uyğun deyildir. Təqsirləndirilən şəxs 5 iyul 2023-cü il tarixdə polis şöbəsinə aparmamışlar və 6 iyul 2023-cü il tarixədək polis şöbəsində saxlamamışlar. Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Astara Rayon İcra Hakimiyyəti Başçısının Pəlikəş kənd inzabati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. 5 iyul 2023-cü il tarixdə saat 21-22 radələrində Narkotiklərlə Mübarizə Baş İdarəsinin Cənub Bölməsində Regional Şöbəsinin əməkdaşı Şahid1 onun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə zəng edərək Pəlikəş kəndinə gəldiyini, orada şübhəli adamlar olduğunu, onlarla görüşəcəklərini bildirmişdir. Taleh ona həmin kənddə yaşayan Təqsirləndirilən şəxs, X5 və X1 mərkəzinə çağırmasını tapşırmışdır. O, Əbülfət Fərəcova zəng edərək özünün və qayını Təqsirləndirilən şəxs kəndin yaxınlığındakı körpünün yanına gəlmələrini demişdir. Eyni zamanda Habil Əhmədova da zəng edərək kəndin yanındakı körpüyə gəlməsini demişdir. Habil Əhmədov, Əbülfət Fərəcov və Təqsirləndirilən şəxs az sonra kəndin mərkəzinə, körpünün yanına gəlmişlər. Həmin vaxt polis əməkdaşları Tale və başqaları polis maşını ilə həmin yerə gəlmişlər. Polis işçiləri Habil Əhmədov, Əbülfət Fərəcov və Təqsirləndirilən şəxs polis avtomobilinə mindirməklə özləri ilə aparmışlar. Lakin Şahid4 məhkəmə istintaqında verdiyi təkrar ifadəsində isə göstərmişdir ki, əvvəlki ifadəsində səhvə yol vermişdir. Belə ki, 5 iyul 2023-cü il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşı Tale ona zəng edərək ərazisində şübhəli şəxslər olduğunu bildirmiş, Təqsirləndirilən şəxs və Fərəcov Əbülfət barəsində danışmışdır. O da 5 iyul 2023-cü il tarixdə Fərəcov Əbülfətə zəng edərək harada olduqlarını soruşmuş, həm də Əbülfətdən qayını Xəndanı da soruşmuşdur. Əbülfət Fərəcov kənddə olduqlarını bildirmişdir. Sonra 6 iyul 2023-cü il tarixdə polis işçilərinin Fərəcov Əbülfəti və Təqsirləndirilən şəxsı apardıqlarını eşitmişdir. Polis işçisi Şahid1 və başqaları 5 iyul 2023-cü il tarixdə onların yaşadığı Astara rayonu Pəlikəş kəndinə gəlməmişlər, həmin gün Təqsirləndirilən şəxsı və Əbülfət Fərəcovu kənddən aparmamışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən X6 göstərdi ki, ailəsi ilə Astara rayonu Pəlikəş kəndində yaşayır. 5 iyul 2023-cü il tarixdə saat 21 radələrində kənddə yaşadığı evdə olduğu zaman kənd icra nümayəndəsi Xəqani müəllim onların evlərində olan mobil telefona zəng edərək onu körpünün yanına çağırmışdır. O, evdən çıxaraq körpünün yanına getmiş, lakin üzərində telefon götürməmişdir. Oraya gedəndə yeznəsi Təqsirləndirilən şəxs da orada olduğunu görmüşdür. Orada icra nümayəndəsi və narkotiklərlə mübarizə şöbəsinin dörd nəfər əməkdaşı olmuşlar. Polis işçiləri onu və Xəndanı bir avtomobilə mindirib regional polis şöbəsinə aparmışlar. Həmin gecə polis şöbəsində saxlanılmışlar. 6 iyul 2023-cü il tarixdə axşam üstü onu və Xəndanı Astara rayon Polis Şöbəsinə aparmışlar. Polis şöbəsində onun cibinə narkotik vasitə qoymuşlar. Məcbur olub narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. 06 iyul 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və vidoçəkilişdən görünür ki, həmin tarixdə videoçəkilişdən istifadə edilməklə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən ona üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşyanın olduğu təqdirdə təqdim edilməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan mükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, lakin qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açıldıqda içərisində narkotik vasitə heroinəbənzər kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 6 qram olması müəyyən edilmiş və zərfdə qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən kütlənin heroin olduğunu, özünə məxsus olmasını, istifadəsi üçün əldə etdiyini bildirmişdir. Materialların məhkəmə ekspertizasının 07 iyul 2023-cü il tarixli, 19/701 saylı rəyində qeyd olunur ki, tədqiqata təqdim edilmiş, 1 ədəd bükümdə təmiz çəkisi 4,450 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 06 iyul 2023-cü il tarixli, 704 saylı rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibb ekspertinin 06 iyul 2023-cü il tarixli, 654 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin tarixdə müayiən olunarkən onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Bakı İstintaq Təcridxanasından daxil olmuş sənədlərdən görünür ki, Xandan Vahabov xx.xx.2023-cü il tarixdə təcridxanaya daxil olarkən tibbi müayinə zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Astara Rayon Məhkəməsinin 07 iyul 2023-cü il tarixli qərarı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 06 iyul 2023-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir. Telefon danışıqları barədə məlumatlardan görünür ki, əməliyyatçı Şahid1 istifadəsində olan ***-***-**-** nömərəsindən icra nümayəndəsi Şahid4 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə 5 iyul 2023-cü il tarixdə saat 14:58 və 20:59-da zəng olub və həmin vaxtlarda Şahid1 Astara rayon Sım kəndində olmuş, yəni Pəlikəş kəndində olmamışdır. Xəqani Xalıqovun istifadəsində olan ***-***-**-** telefon nömrəmsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə 05 iyul 2023-də saat 21:06:38 və 21:42:59-da, Əbüləfət Fərəcovun istifadəsinə olan ***-***-**-** nömrəsinə isə 21:09-da zəng etmişdir. Əməliyyatçı Şahid1 istifadəsində olan ***-******* telefon nömərəsindən Xəqani Xalıqovun istifadəsində olan ***-***-**-** telefon nömrəsinə 6 iyul 2023-cü il tarixdə saat 08:43-də zəng edib, bu zaman onun anteni Lənkəranda olub. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Astara Rayon Mərkəzi Xəstəxanasının 28 iyul 2023-cü il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda olmamışdır. Ailə tərkibi haqqında 01 sentyabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2014-cü və xx.xx.2018-ci il tarixlərdə doğulmuş iki azyaşlı uşaqları vardır. O, yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 əməkdaşı Şahid1 və başqa əməkdaşlarının 5 iyul 2023-cü il tarixdə saat 21-22 radələrində yaşadıqları Astara rayonu Pəlikəş kəndinə gələrək onu və qayını Əbülfət Fərəcovu avtomobilə mindirib, Lənkəran şəhərində yerləşən regional polis şöbəsinə aparmaları, gecə polis şöbəsində saxlamaları, 6 iyul 2023-cü il tarixdə isə Astara rayonu Pəlikəş kəndinə, sonra isə Astara Rayon Polis Şöbəsinə aparmaqla cibinə narkotik vasitə qoymaları barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Belə ki, telefon danışıqları barədə məlumatlardan görünür ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 əməkdaşı Şahid1 istifadəsində olan ***-***-**-** telefon nömərəsindən Pəlikəş kənd icra nümayəndəsi Şahid4 istifadəsində olan ***-***-**-** telefon nömrəsinə 5 iyul 2023-cü il tarixdə saat 14:58 və 20:59-da zəng etməklə danışıq apardığı zaman onun telefon nömrəsinin anten dairəsi Astara rayon Sım kəndində olmuş, Pəlikəş kəndin ərazisində olmamışdır. Əgər 5 iyul tarixdə saat 21-22 radələrində əməliyyatçı Şahid1 digər polis əməkdaşları ilə birlikdə Pəlikəş kəndinə gələrək Təqsirləndirilən şəxs özü ilə regional polis şöbəsinə aparsaydı, onun telefon nömrəsinin anten dairəsi də Pəlikəş kəndi ərazisində olardı. Bu isə onu sübut edir ki, polis işçisi Taleh Əkbərov 5 iyul 2023-cü il tarixdə saat 21- 22 radlərində Astara rayonu Pəlikəş kəndində olmamış və Təqsirləndirilən şəxs özü ilə kənddən götürüb aparmamışdır. Pəlikəş kəndi üzrə icra nümayəndəsi Şahid4 Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 əməkdaşı Şahid1 5 iyul 2023-cü il tarixdə saat 21-22 radələrində ona mobil telefonla zəng edərək Təqsirləndirilən şəxs və Əbülfət Fərəcovla maraqlanması, lakin həmin gün kəndə gəlməməsi, Təqsirləndirilən şəxs özü ilə aparmaması barədə ifadəsi telefon danışıqları barədə obyektiv məlumatlarla tam şəkildə üst-üstə düşür. Belə ki, telefon danışıqları barədə məlumatlardan görünür ki, Şahid1 5 iyul 2023-cü il tarixdə Şahid4 zəng edərək telefonla danışmış, lakin həmin vaxt Astara rayonu Sım kəndində olmuş, Pəlikəş kəndində olmamışdır. Məhkəmə həmçinin Şahid4 məhkəmə istintaqı zamanı verdiyi əvvəlki ifadəsinin ziddiyyətli olmasını da nəzərə alır. Belə ki, o həmin ifadəsində göstərmişdir ki, 5 iyul 2023cü il tarixdə saat 21-22 radələrində Narkotiklərlə Mübarizə Baş İdarəsinin Cənub Bölməsində Regional Şöbəsinin əməkdaşı Şahid1 onun istifadəsində olan ***-***-**-** saylı telefon nömrəsinə zəng edərək kəndə gəldiyini bildirmiş, başqa polis işçiləri ilə birlikdə kəndə gəlmiş, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs, X5 və X3 özləri ilə aparmışlar. Təqsirləndirilən şəxs və Əbülfəz Fərəcov isə ifadələrində göstərmişlər ki, 5 iyul 2023-cü il tarixdə polis işçiləri kəndə gələrək onların hər ikisini özləri ilə polis şöbəsinə aparmışlar. X4rla birlikdə polis şöbəsinə aparılmamışdır. Odur ki, məhkəmə Şahid4 məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən CMnin 234.1-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Maddi sübut kimi tanınmaqla Astara Rayon Polis Şöbəsində saxlanılan 4,350 qram narkotik vasitə heroin məhv edilməli, cinayət işinə əlavə edilmiş 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 65 manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 06 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Maddi sübut kimi tanınmaqla Astara Rayon Polis Şöbəsində saxlanılan 4,350 qram narkotik vasitə heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar