Məhkəmə qərarları › İş №1(099)-162/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-162/2022

30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-162/2022 30.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Astara Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxxx 1987-ci ildə Astara şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli olub boşanmış, bir övlad atası, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla 06 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş , Astara şəhəri Qum küçəsi ev 64-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamış, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında vüdeokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə şəxsiyyəti istintaqa məlum olmayan, “Kərbəlayi” adlı İran İslam Respublikası vətəndaşı ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək, qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda 2491,336 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə qanunsuz olaraq əldə edib sonuncunun vasitəsiylə Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirmiş, sonra isə həmin narkotik vasitəni özü ilə daşıyaraq yaşadığı Astara şəhəri, H.Əliyev prospekti ev-70 ünvanda yerləşən evinə aparıb satış məqsədilə saxlamış, daha sonra həmin narkotik vasitəni hissələrə ayıraraq-1,336 qram çəkidə hissəsini üzərində, qalan-2490,0 qram çəkidə hissəsini satış məqsədi ilə yaşadığı evdə saxlamış, 15 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X4 əməkdaşları tərəfindən saxlanılaraq üzərində aparılan şəxsi axtarış zamanı həmin narkotik vasitənin 01 ədəd bükülüdə-1,336 qram çəkidə hissəsi onun əynində olan cins şalvarın sol yan cibindən aşkar edilərək götürülmüş, daha sonra keçirilmiş tədbirlərin davamı olaraq mənzildə axtarış aparılan zaman narkotik vasitənin 01 ədəd qara rəngli sellofan torbanın içərisində olan 02 ədəd parça torbada ayrıayrılıqda təmiz çəkisi-1360,0 qaram və 1130,0 qram olmaqla ümumi təmiz çəkisi-2490,0 qram olan hissəsi və 1 ədəd elektron tərəzi yaşadığı Astara şəhəri, H.Əliyev prospekti ev- 70 ünvanda yerləşən evin ona məxsus olan otağındakı şkafın yuxarı hissəsindən aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisədən əvvəl onun Mehti ilə pul söz-söhbəti olmuşdur. Ona görə də 15 sentyabr 2021-ci il tarixdə saat 11-12 radələrində Astara şəhərində yerləşən “Optimal” adlanan mağazanın yaxınlığında küçədə avtomobilini təmir etdirərkən polislər onu tutub regional şöbəyə aparmışlar. Orada polis əməkdaşı Mehti narkotik vasitəni onun cibinə qoymuş və ona görərsən polisdən pul almaq nə deməkdir. Sonra da videoçəkilişlə üzərində axtarış aparmışlar. Üzərindən həmin maddələr aşkar edilərək götürülmüşdür. Maddələrdən başqa onda bir ədəd ona məxsus telefon da olmuşdur. Sonra da həmin gün saat təxminən 5-6 radələrində onu yaşadığı Astara şəhərində olan evinə apardılar. Evə aparılarkən Mehti anasına zəng edib evdən getməsini bildirdiyindən o da anasına zəng edərək evdən getməsini demişdir. Onlar evə çatdıqdan sonra Mehti otağın hansının ona məxsus olduğunu soruşmuş o da otağını göstərmişdir. Sonra da evə baxış keçirilmiş və evdən içərisində heroin olan 2 ədəd bağlama götürmüşlər. Həmin narkotik vasitəni onun evinə Mehti qoymuşdur. Ona təzyiq göstərildiyinə görə o qəbul etmişdir. Məhkəmədə CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Astara şəhəri, H.Əliyev prospektində yerləşən “Optimal” adlanan mağazanın yaxınlığında küçədə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu ona bildirmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə avtomaşınla Lənkəran şəhərində yerləşən Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinə getmişdir. Polis şöbəsində otaqların birində ona vəkil təqdim olunmuş, şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Üzərinə şəxsi axtarış və götürmə aparılması barədə qərarla tanış olmuş və ona verilən suallara cavab olaraq bildirmişdir ki, əvvəllər AR CM-nin 234.4.3-cu maddəsi ilə məhkum olunmuş, 2019-cu ildən narkotik vasitə kakos, yəni heroin qəbul etməyə başlamış, bir ildir qəbul etmir, heroindən başqa digər narkotik vasitələrdən qəbul etməmişdir. Sonra ona təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və maddə varsa təqdim etsin. Bu təklifdən sonra əynindəki cins şalvarının sol yan cibində gizlətdiyi özünə məxsus bir ədəd selofan bükümdə olan heroini, şalvarının arxa sağ cibindən bir ədəd «Samsung» markalı mobil telefonunu çıxarıb təqdim etmiş və ona verilən suallara cavab olaraq etiraf edib bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində narkotik vasitə olan heroin var, özünə məxsusdur, təxminən on gün əvvəl «Kərbəlayi» adlı İranlı Astara şəhərinin mərkəzində küçədə qoydurmuş və özü gedib gecə saat 9-10 radələrində götürmüş və yaşadığı evə aparmışdır. İranlının göndərdiyi narkotik vasitənin üstündən, təqdim etdiyi narkotik vasitəni götürmüş və özü qəbul edəcəyinə görə üzərində saxlamışdır. Həbsdə olduğu vaxt Murtuza adlı İranlının vasitəsi ilə «Kərbəlayi» adlı İranlı olan şəxslə tanış olmuş və telefonla danışmış, «Kərbəlayi» adlanan şəxs ona əvvəllər iki dəfə narkotik vasitə olan heroin göndərmişdir. O, Kərbəlayinin deyəcəyi ünvanda həmin kütləni qoyacaqmış və bunun müqabilində ona 2000 manata qədər pul veriləcəkmiş. İranlı «Kərbəlayi» adlanan şəxsin ona göndərdiyi narkotik vasitə olan heroini özü qəbul etməmiş, heç kimə verməmiş, kiməsə satmamışdır. Onun təqdim etdiyi sellofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya, maddə və digər əşya aşkar olunmamış və götürülməmişdir. Təqdim etdiyi «Samsung» markalı mobil telefon götürülərək protokola əlavə olunmuşdur. Həmin bir ədəd sellofan büküm elektron tərəzidə çəkildikdə heroin 1,51 qram çəkidə olması müəyyən edilmişdir. Sonra həmin büküm zərfə qoyulmuş, zərfin üstü möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. O, polis əməkdaşlarına bildirmişdir «Kərbəlayi» adlı İranlının göndərdiyi narkotik maddə olan heroini yaşadığı ünvandadır, təqdim edə bilər, törətdiyi əmələ görə peşimandır. Bundan sonra vəkil və polis əməkdaşları ilə birlikdə Astara şəhəri, H.Əliyev prospekti 70 nömrəli ünvanda yerləşən yaşadığı evə getmişlər. Yaşadığı evinə video çəkilişlə onun razılıq ərizəsinə əsasən baxış keçirilmiş, sonra ona təklif olunmuşdur ki, yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya, maddə varsa təqdim etsin. Bu təklifdən sonra yaşadığı evin ona məxsus olan otağında şkafın yuxarı hissəsində bir ədəd qara rəngli sellofan torba iki ədəd bükülüdə narkotik vasitə olan heroin və elektron tərəzini götürüb təqdim etmişdir. Selofan torbaya baxılmış, içərisində parçadan olan torbadakı iki ədəd sellofan bükülü və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqdim etdiyi sellofan bükülülərin içərisinə baxıldıqda içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Sonra həmin bükülülər parça torbanın içərisinə qoyulmuş, elektron tərəzidə çəkildikdə heroin 2,605 kiloqram çəkidə olmuşdur. Həmin iki ədəd sellofan bükülülər və bir ədəd elektron tərəzi parça torba ilə birlikdə sellofan torbada qablaşdırılmış, sellofan torbanın üstü möhürlənmiş, üzərində qeydlər aparılmış və imzalanmışdır. Yaşadığı ünvanda başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Üzərinə şəxsi axtarış keçirilməsi və yaşadığı evə baxış keçirilməsi barədə ayrı-ayrılıqda polis əməkdaşları tərəfindən tərtib edilmiş protokolların doğruluğunu imzalarla təsdiq etmişlər. Əslində isə narkotik vasitə onun deyil. Ona qarşı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsində fiziki zor tətbiq olunmuş, bu səbəbdən üzərindən və evindən aşkarlanmış narkotik vasitə olan heroinin özünə məxsus olduğunu bildirmişdir. O, İran İslam Respublikası vətəndaşı “Kərbəlayi”adlı şəxslə telefonla əlaqə saxlamış, nömrəsini bilmir. O, Kərbəlayi ilə bu barədə danışmış, onlar əvvəlcədən planlaşdırmışları ki, Kərbəlayi külli miqdarda narkotik vasitələri Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirib, ona təhvil verdikdən sonra, o, həmin narkotik vasitələri Bakı şəhərinə aparıb Kərbəlayinin dediyi yerə çatdıracaqmış. Cinayət işinin materiallarında olan vəkilinin iştirakı ilə yazdığı izahatında da qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməllərini törətməsi özünün məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə vermiş olduğu ifadəsindən başqa məhkəmədə dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspertiza rəyləri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə saxalaması, daşınması və satışı ilə məşğul olması barədə regional şöbəyə əməliyyat məlumatı daxil olmuşdur. 15 sentyabr 2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs Astara şəhərində yerləşən «Optimal» adlanan mağazanın yaxınlığında küçədə saxlanılaraq Regional Şöbəyə aparılmış və orada vəkilinin iştirakı ilə vidüoçəkilişlə onun üzərində axtarış aparılmışdır. Axtarış zamanı üzərindən bir bükümdə heroin aşkar edilmişdir. Sorğu zamanı həmin narkotik vasitəni İranlı Kərbəlayi adlı şəxsin ona göndərdiyini və yaşadığı evdə də narkotik vasitə olduğunu da etiraf etmişdir. Bu barədə protokol tərtib edilmiş və təxirə salınmaz tədbir olaraq onun yaşadığı Astara şəhərinə getmişlər. Orada da vəkilinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs razılığı ilə evə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs özü yaşadığı evin ona məxsus olan otağındakı şkafın (dolab) tumbuçkasından (siyirtmə) iki ədəd bağlamada olan heroini və bir ədəd elektron tərəzini onlara təqdim etmişdir. Bu barədə də protokol tərtib edilmişdir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, onun əvvəllər Təqsirləndirilən şəxsla aralarında heç bir pul söhbəti olmamışdır. Ona qarşı hər hansı zor tətbiq edilməmişdir. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə verdilər. Cinayət işinin materiallarında olan «Şəxsi axtarış və götürmə aparılması barədə» 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 15:45-dən saat 15:56-dək olan müddət ərzində DİN-in BNMİ-nin Lənkəran şəhərində yerləşən CBRŞ-nin xidməti otaqlarının birində videoçəkiliş vasitəsi ilə və dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sol yan cibindən bir ədəd selofan büküm, şalvarın arxa sağ cibindən bir ədəd «Samsung» markalı mobil telefon çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi bükümün içərisində kakos var, özünə məxsusdur, təxminən on gün əvvəl həmin kakosu «Kərbəlayi» adlanan İranlı Astara şəhərinin mərkəzində küçədə qoydurmuş və özü gedib gecə saat 9-10 radələrində götürmüş və yaşadığı evə aparmışdır. Üstündən aşkar edilmiş kakosu İranlının göndərdiyi kakosun üstündən götürmüş və özünün qəbul etməsi üçün üzərində saxlamışdır. «Kərbəlayi» adlanan şəxs əvvəllər iki dəfə kakos göndərmiş, sonuncu dəfə göndərdiyi kakosu Kərbəlayinin deyəcəyi ünvanda qoyacaqmış və bunun müqabilində 2000 manata qədər pul veriləcəkmiş. İranlı «Kərbəlayi» adlanan şəxsin göndərdiyi kakosdan özü qəbul etməmiş, heç kimə verməmiş, satmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümün içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində hər hansı bir qanunsuz əşya, maddə və digər əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd selofan büküm elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlənin 1,51 qram olması müəyyən edilmişdir. Sonra həmin büküm zərfə yerləşdirilib, zərfin üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, «Kərbəlayi» adlanan İranlının göndərdiyi narkotik maddə heroini yaşadığı ünvandadır və təqdim edə bilər. Sonda bu barədə protokol tərtib olunmuş, iştirakçılara oxunmuş və düzgünlüyü imzalarla təsdiq olunmuşdur. İşdə olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o həmin ərizəsində yaşadığı Astara şəhəri H.Əliyev prospekti 70 saylə evə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan baxış və götürmə aparılması haqqında 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 18:50-dən saat 19:00dək olan müddət ərzində Təqsirləndirilən şəxs Astara şəhəri H.Əliyev prospekti 70 ünvanda yerləşən evində, sonuncunun razılığı ilə axtarış keçirilmiş, axtarış hərəkəti videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı həyata keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvanda baxış keçirilərkən ona təklif olunmuşdur ki, yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya, maddə varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin özünə məxsus olan otağının giriş qapısından irəlidə sağda yerləşən şkafın yuxarı hissəsindən bir ədəd qara rəngli selofan torba çıxarıb təqdim etmiş və selofan torbaya baxıldıqda içərisində parçadan olan tordada iki ədəd selofan bükülü və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, bükülülərin içərisində kakos var, «Kərbəlayi» adlanan İranlı göndərmişdir, tərəzi özünə məxsusdur, hissə-hissə kakosu verərkən tərəzi ilə çəkəcəkmiş. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükülülərin içərisinə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sonra həmin iki ədəd selofan bükülülər parça torbanın içərisinə qoyulmuş və elektron tərəzidə çəkildikdə heroinə bənzər kütlələr 2,605 kiloqram çəkidə olması müəyyən edilmişdir. Sonra həmin iki ədəd selofan bükülülər və bir ədəd elektron tərəzi parça torba ilə birlikdə selofan torbada qablaşdırılmış, selofan torbanın üstü möhürlənmiş və üzərində müvafiq qeydlər aparılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı ünvanda başqa hər hansı bir qanunsuz əşya aşkar olunmamış, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamış, bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşmandır. Məhkəmədə yuxarıda qeyd edilən baxış və götürmə aparılması zamanı videoçəkilişin köçürüldüyü disklərdə olan görüntülər nümayiş etdirilmişdir. Nümayiş zamanı da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı ünvan 1 ünvanına baxış və götürmə keçirilməsi haqqında protokolda göstərilən xüsusatların öz təsdiqin tapması müəyyən edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 16 sentyabr 2021-ci il tarixli 19/924 №-li rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi…” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi - 1,336 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilərək götürülmüş 02 ədəd bükümdə heroinə bənzər kütlə və 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd torbadakı, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi -1360,0 qr; -1130,0 qram: ümumi təmiz çəkisi -2490,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biri ilə eynidirlər; 1 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğuna görə onun dəqiq çəkisini, həmçinin tədqiqata təqdim olunmuş heröiniə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərilərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi.....» və «Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvanda aşkar edilərək götürülmüş 02 ədəd bükümdə heroinə bənzər kütlə və 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd torbadakı heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, təmiz çəkiləri - 2490,0 qram və 1,336 qram olan heroinlər, eləcə də 2 ədəd DVD disklər maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayonlararası MTE və PA zona mərkəzinin 21 oktyabr 2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Rəyin təsviri hissəsində Təqsirləndirilən şəxs müayinə olunarkən bədən səthində hər hansı xəsarətlərin olmadığını, tibb müəssisəsinə müraciət etmədiyini və şikayət olmadığını bildirmişdir. Məhkəmədə tədqiq edilmiş 21 oktyabr 2021-ci il tarixli, 1136 nömrəli ambulator məcburi narkoloji tibbi yoxlama rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tiryək alkolidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan Astara Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli qərarlarının surətlərindən görünür ki, Azərbaycan Respublikası Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbənin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında 15 sentyabr 2021-ci il tarixli qərarları qanuni və əsaslı hesab edilmişdir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd bükülüdə-1,336 qram və yaşadığı evdən götürülmüş 2 ədəd bükülüdə 2490,0 qram narkotik vasitə olan heroin şəxsi istehlak miqdarından təxminən min dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxsla cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlərin və təqsirləndirilən şəxsin məhkəmədə tədiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama, daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilib həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun əməli CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və şəxsiyyəti məlum olmayan İİR-nın vətəndaşı kimi özünü təqdim etmiş Kərbəlayi adlı şəxs əvvəlcədən İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitəni göndərməsi və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs qəbul edib Azərbaycan Respublikasında satması barədə razılaşmışlar. Həmin razılaşmadan sonra Kərbəlayi adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs tanımadığı şəxs vasitəsi ilə göndərmiş və həmin narkotik vasitəni Astara rayonu ərazisində qoydurmuş, Təqsirləndirilən şəxs da satış məqsədi ilə həmin narkotik vasitəni götürərərk yaşadığı evə apardıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılaraq qeyd edilən külli miqdarda narkotik vasitə heroin ondan götürülmüşdür. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan Kərbəlayi adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən bir qrup şəxsin icra etdiyi cinayət iştirakçılığın “bir qrup şəxs” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. CM-nin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Qabaqcadan əlbir olan bir qrup şəxs”-i CM-nin 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirilən yeganə cəhət də CM-nin 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. Hazırki iş üzrə şəxsiyyəti məlum olmayan Kərbəlayi adlı şəxs tərəfindən külli miqdarda narkotik vasitə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına gətirilmiş, yəni narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Həmçinin müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan Kərbəlayi adlı şəxs tərəfindən həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə gətirildikdən sonra əldə edib, saxlayıb Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran vətəndaşı olan Kərbəlayi adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni əldə edib satışını təşkil etməsi ilə bağlı onunla əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif olunmalı və onun əməli CM-nin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş külli miqdar hesab edilən narkotik vasitə heroinin ona məxsus olmadığını, həmin narkotik vasitələrin polis əməkdaşı Şahid1 tərəfindən üzərinə və yaşadığı evə qoyulduğunu habelə ona zor tətbiq edildiyindən ilkin ifadələrində həmin kütlələrin ona məxsus olması barədə izahat və ifadə verdiyini bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşıyan ifadə olmaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin hallarına uyğun gəlmədiyindən, habelə məhkəmədə tədqiq edilmiş onun ibtidai istintaq zamanı üzərinə və yaşadığı evə videoçəkilişlə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, məhkəmədə elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə verdiyi həm cinayət törətməkdə şübhə edilən, həm də təqsirləndirilən şəxs qismində dindirmə protokolları ilə, dindirilmiş şahidləri ifadələri ilə, onun üzərindən və yaşadığı evdən götürülmüş külli miqdarda heroinin eyni tərkibli olması barədə məhkəmə kimyəvi ekspertizasının rəyi ilə, məhkəmədə tədqiq edilmiş onun bədənində hər hansı xəsarətlərin olmaması barədə məhkəmə tibbi ekspertizasının rəyi ilə, əldə olunmuş maddi sübutlar və işin faktiki halları ilə tamamilə təkzib olunduğundan həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsini səmimi, işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş külli miqdarda heroini təqdim etməsi könüllü təqdim etmə kimi qiymətləndirilə bilməz. Belə ki, təhvil vermənin könüllü olması o halda təsdiq edilir ki, predmeti bundan sonra da saxlamaq imkanının olmasına baxmayaraq, şəxs onu təhvil verir. Lakin hazırki iş üzrə Təqsirləndirilən şəxs onun üzərində və evində narotik vasitələr olması barədə əməliyyat məlumatına əsasən saxlanılaraq üzərində axtarış və evinə baxış keçirilərkən həmin kütlələr aşkar edilmşdir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1987-ci ildə Astara şəhərində anadan olmuş, Astara şəhəri Qum küçəsi ev 64-də qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşamışdır. Himayəsində 01 fevral 2011-ci il təvəllüdlü oğlu Rövşən vardır. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamədən və Lənkəran ACM-in hökmünün surətindən görünür ki, Məmmədov X2 Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2011-ci il tarixli hökmü ilə CM-in 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 06 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İşdə olan Astara Rayon Məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 15 sentyabr 2021-ci tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Məmmədov X2 Ağır Cinayətlər Məhkəməsinin 02 dekabr 2011-ci il tarixli hökmünə əsasən CM-in 206.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 10 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və 06 iyul 2021-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilmişdir. CM-in 18.2.2-ci maddəsinə əsasən onun əməlində cinayətlərin təhlükəli residivi halı mövcuddur. Ona görə də bu hal CM-in 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməklə CM-nin 65.2-ci maddəsinin tələbinə əsasən onun təqsirləndirildiyi maddələrədə nəzərdə tutulan daha ciddi cəza növünün üçdə ikisindən az olmamaqla müddəasına əsaslanmaqla ona cəza təyin ediməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın cəza təyin edilməsi məqsədə uyğundur. Eyni zamanda Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona təyin olunacaq cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-nin 56.1.3-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 15 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2491,186 qram heroin məhv edilməli, 2 ədəd DVD diskələr cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 50 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 318,344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2491,186 qram heroin məhv edilsin, 2 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 50 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar