Məhkəmə qərarları › İş №1(099)-162/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-162/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-162/2023 16.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1987-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Sabirabad rayonu, Sabirabad şəhəri, Vüqar Əhmədov küçəsi ev 8A-da qeydiyyatda olmaqla yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə hazırlamış, əldə etmiş və saxlamışdır. Belə ki, o, əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin may ayında ünvan 1 ünvanında, yaşadığı evin həyətyanı sahəsində olan mişar daşlarından əhatəyə alınmış yarımtikilidə, eləcə də həmin həyətdə olan evdə yaşamış, mərhum əmisi Rəşid Nəsirovun evinin arxa tərəfindəki bağçada və yardımçı tikilinin içərisində torpağı şumlayıb əkinə yararlı hala gətirməklə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkib, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda-20 (iyirmi) ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edib yetişdirməklə kultivasiya etmiş, həmçinin 2022-ci ilin sentyabr ayında satış məqsədi ilə əkib-yetişdirdiyi həmin çətənə (kannabis) bitkilərinin hissələrini yığıb qurutmaqla qanunsuz olaraq külli miqdarda-3430 qram narkotik vasitə olan qurudulmuş marixuananı kustar üsulla hazırlayıb əldə edib, həmin qurudulmuş marixuananın 3100 qramın hissəsini bir ədəd sintetik torbada və 330 qramın hissəsini bir ədəd polietilen torbada qablaşdırıb saxlamış, daxil olmuş əməliyyat məlumatına əsasən Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 08 sentyabr 2022-ci il tarixində, saat 15 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanında olan fərdi yaşayış evin həyətyanı sahəsinə baxış zamanı 04 ədəd çətənə (kannabis) bitkiləri, eyni həyətdə olan, mərhum Rəşid Nəsirovun evinin arxa tərəfindəki sahəyə baxış zamanı 10 ədəd çətənə (kannabis) bitkiləri, çətənə bitkiləri əkilmiş ərazidə bir ədəd sintetik torbada 3100 qram narkotik vasitə olan qurudulmuş marixuana, habelə həmin evin arxa tərəfindəki yardımçı tikilidən 6 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və bir ədəd polietilen torbada 330 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyib, CM-nin 237.2.3-cü maddəsi ilə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, Sabirabad şəhəri, Vüqar Əhmədov küçəsi ev 8A-da qeydiyyatda olmaqla yaşayır və yaşadığı evin qarşı tərəfində, yəni eyni həyətdə mərhum əmisi Rəşid Nəsirovun evi yerləşir və evdə əmisinin arvadı Şəkibə Nəsirova yaşayır.O, rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin fərdi qaydada fəhləliklə məşğul olmuşdır.O, bir müddətdir ki, “nəşə” adlanan marixuanadan istifadə etməyə başlamış, başqa narkotiklərdən istifadə etməmişdir. Bir sıra hallarda marixuanadan istifadə edərkən toxumlarını özündə saxlamışdır ki, sonradan həmin toxumları səpib özünün istifadəsi üçün çətənə kolu yetişdirsin.Topladığı 20 ədəd çətənə toxumlarını əkmək qərarına gəlib 2022-ci ilin may ayında həmin toxumlardan 4 ədədini yaşadığı evin həyətyanı sahəsində mişar daşlarından tikilmiş yarımtikilinin içərisində, 10 ədədini mərhum əmisi Rəşid Nəsirova məxsus evin arxa hissəsində və 6 ədədini əmisinə məxsus evin arxa hissəsində olan tikilinin içərisində torpağa əkmişdir. Əkdiyi toxumlardan cücərmiş bitkilərə su verməklə qulluq etmişdir.Tutulmamışdan bir müddət əvvəl mərhum əmisinin evinin arxa hissəsində olan tikilidə əkdiyi 6 ədəd çətənə bitkilərinin bəzilərinin istifadəyə yararsız yarpaqlarını və digər hissələrini qırıb bir ədəd sellofan torbaya, daha sonra mərhum əmisinin evinin arxa hissəsində əkdiyi 10 ədəd çətənə bitkilərinin aşağı hissəsində olan istifadəyə yararsız hissələrini bir ədəd sintetik torbaya yığmışdır ki, həmin kütlələri aparıb zibilliyə atsın və ya kənarda bir yerdə yandırsın. Dediyi səbəbdən çətənə bitkilərinin istifadəyə yararsız hissələri yığılmış iki ədəd torba bitkilərin əkildiyi sahədə qalmış, onları aparıb ata bilməmişdir.08 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında bir qrup polis əməkdaşı həyətə gəlib ona həyətyanı sahədə çətənə bitkilərinin əkməsi barədə məlumat daxil olduğunu, yaşadığı evin həyətyanı sahəsinə baxış keçiriləcəyi bildirilmiş, o da etiraz etməmişdir.Sonra polis əməkdaşları özünün və digər şəxslərin (hal şahidləri və aqronom-mütəxəssisin) iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə, həm də həmin həyətdə olan, mərhum əmisi Rəşid Nəsirova məxsus evinin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən yaşadığı evin və həmin həyətdə olan, mərhum əmisinin evinin arxasında, eləcə də həyətində olan yarımtikili və tikilinin içərisində əkdiyi cəmi 20 ədəd çətənə bitkiləri, həmin bitkilərinin əkildiyi yerdə çətənə bitkilərin istifadəyə yararsız yarpaqları və digər hissələri yığılmış iki ədəd torba aşkar edilib götürülmüş, sonra sənədləşmə aparılmışdır.Aşkar olunmuş çətənə kollarını özü əkmişdir.Həmçinin aşkar olunmuş iki ədəd torbada aşkar edilmiş çətənə bitkilərinin hissələri ona məxsusdur və o, əkib-yetişdirdiyi çətənə bitkilərin aşağı hissələrində olan yarpaq və digər hissələri yararsız olduğundan onları yandırmaq və ya zibil qutusuna atmaq niyyəti ilə iki ədəd torbalara yığmışdır ki, aparıb zibil qutusuna atsın və ya vaxtı olanda yandırsın, lakin vaxtında torbalarda olan kütlələri aparıb ata bilməmiş, elə bu səbəbdən də həmin torbalar bitkilərin əkildiyi yerdə qalmışdır.O, əkdiyi çətənə bitkilərinin yarpaqlarını istifadəsi məqsədi ilə qurutmaq üçün yığmamış və narkotik maddələrin satışı ilə məşğul olmamışdır.Ona görə də o, narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin özünün istifadəsi üçün çətənə bitkiləri əkibyetişdirməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin əməkdaşıdır.08 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində çətənə bitkiləri əkibbecərməsi barədə polisə daxil olmuş məlumata əsasən o, Təqsirləndirilən şəxs yaşadığı evin (Sabirabad şəhəri, V.Əhmədov küçəsi ev 8A) həyətyanı sahəsinə baxışın keçirilməsində iştirak etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətə daxil olduqdan sonra müstəntiq X6 Nəsirova həyətində qanunsuz olaraq çətənə bitkiləri əkibyetişdirməkdə şübhəli olması və həyətinə baxış keçiriləcəyi bildirilmiş, Tamerlan da etiraz etməmiş, həm də öz həyətində çətənə kolları əkdiyini bildirmişdir.Sonra polis əməkdaşları tərəfindən hal şahidləri, Təqsirləndirilən şəxs və bir nəfər aqronomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir.Baxış zamanı evin həyətində olan yarımtikilidə 04 ədəd çətənə kolu aşkar edilib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yerdən, yəni onun mərhum əmisi Rəşid Nəsirova məxsus evin arxa tərəfində olan sahədə 10 ədəd çətənə bitkisi, həmin bitkilərin yanında bir ədəd torbada quru halda bitki kütləsi (qurudulmuş marixuanaya oxşar kütlə), həmçinin evin arxa tərəfində yerləşən tikilinin içərisində 6 ədəd çətənə bitkisi və həmin bitkilərin yanında bir ədəd sellofan torbada quru halda bitki kütləsi (qurudulmuş marixuanaya oxşar kütlə) aşkar edilib götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə kollarını özünün əkib-yetişdirdiyini, iki ədəd torbada olan kütlələrin də özünə məxsus olduğunu, çətənə kollarından yığdığını bildirmişdir.Aşkar olunmuş cəmi 20 ədəd çətənə bitkiləri və iki ədəd torbalarda olan kütlələr qablaşdırılıb müstəntiq tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid3, Şahid4 və Şahid5 Şahid2 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, Sabirabad şəhər İƏD üzrə Nümayəndəlikdə baş mühasib vəzifəsində işləyir.O, 08 sentyabr 2022-ci il tarixdə, günorta saatlarında Sabirabad RPŞ-nin hazırda adını xatırlamadığı polis əməkdaşının xahişi ilə Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs (Təqsirləndirilən şəxs) yaşadığı fərdi yaşayış evin həyətyan sahəsinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir.O, birinci dəfədir ki, hal şahidi kimi belə bir tədbirdə iştirak etmiş, özündən başqa Rəsul adlı şəxs də (Şahid7 Mirhadi oğlu) orada hal şahidi olmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində və Təqsirləndirilən şəxs mərhum əmisinə (Rəşid Nəsirova) məxsus evin həyatyanı sahəsində çətənə bitkiləri və iki ədəd torbada quru halda bitki hissələri aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə bitkilərini özünün əkib-yetişdirdiyini, iki ədəd torbada olan kütlələrin də özünə məxsus olduğunu bildirmişdir. Aşkar olunmuş çətənə bitkiləri və iki ədəd torbalarda olan kütlələr qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. İşdə olan, Sabirabad RPŞ-nin əməkdaşının 08 sentyabr 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Sabirabad şəhəri, V.Əhmədov küçəsi ev 8A-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması və narkotik tərkibli bitkilər əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 08 sentyabr 2022-ci il tarixli protokol və protokola əlavə edilmiş fotoşəkilərlə müəyyən edilir ki, həmin tarixdə, saat 18 radələrində Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Mirzahid Abasov tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Sabirabad şəhəri, Vüqar Əhmədov küçəsi ev 8A ünvanında olan fərdi yaşayış evinin həyətyanı sahəsinə və həmin həyətdə olan, Təqsirləndirilən şəxs əmisi mərhum Rəşid Nəsirova məxsus evinin həyətyanı sahəsinə polis əməkdaşları, Təqsirləndirilən şəxs, hal şahidləri və aqronom-mütəxəssis Əliyar Vəliyevin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahədəki mişar daşlarından əhatəyə alınmış yarımtikilidə 4 ədəd çətənə bitkilərinə oxşar bitkilər, mərhum Rəşid Nəsirovun evinin arxa tərəfindəki bağçada 10 ədəd çətənə bitkilərinə oxşar bitkilər, həmin bitkilərin yanında bir ədəd sintetik torbada qurudulmuş marixuanaya oxşar kütlə, evin arxa tərəfindəki yardımçı tikilinin içərisində 6 ədəd çətənə bitkilərinə oxşar bitkilər və həmin bitkilərin yanında bir ədəd polietilen torbada qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş cəmi 20 ədəd bitkiləri özünün əkib-yetişdirdiyini, habelə iki ədəd torbalarda aşkar edilmiş kütlələrin çətənə bitkisinin yarpaqları və hissələri olmaqla istifadə üçün yararsız olduğundan zibilliyə atmaq məqsədi ilə torbalara yığdığını bildirmişdir.Aşkar edilmiş bitkilər və iki ədəd torbada olan kütlələr qablaşdırılıb götürülmüşdür. İşdə olan, 08 sentyabr 2022-ci il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə ünvan 3 ünvanında baxış zamanı aşkar edilmiş 20 ədəd bitkilər çətənə kollarıdır və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 09 sentyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs mərhum əmisi Rəşid Nəsirovun evinin arxa tərəfindəki bağçadan ...”sözləri yazılmış və imzalar olan bir ədəd sintetik torbada təmiz çəkisi-3100,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “... Təqsirləndirilən şəxs mərhum əmisi Rəşid Nəsirovun evinin arxa tərəfindəki yardımçı tikilidən ...” sözləri yazılmış və imzalar olan bir ədəd polietilen torbada təmiz çəkisi-330,0 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Marixuananın ümumi çəkisi-3430,0 qramdır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “... Təqsirləndirilən şəxs mərhum əmisi Rəşid Nəsirovun evinin arxa tərəfindəki bağçadan ...” sözləri yazılmış və imzalar olan 5 ədəd sintetik torba bağlamada cəmi 10 ədəd yaş vəziyyətdə ümumi çəkisi-70300,0 qram (70 kq 300 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs mərhum əmisi Rəşid Nəsirovun evinin arxa tərəfindəki yardımçı tikilidən ...” sözləri yazılmış və imzalar olan bir ədəd sintetik torba bağlamada 6 ədəd yaş vəziyyətdə ümumi çəkisi-7100,0 qram (7 kq 100 qram) olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “... Təqsirləndirilən şəxs evinin arxa tərəfindəki yardımçı tikilidən ...” sözləri yazılmış və imzalar olan bir ədəd sintetik torba bağlamada 4 ədəd yaş vəziyyətdə ümumi çəkisi-8900,0 qram (8 kq 900 qram) olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuşnarkotik tərkibli çətənə (kannabis) bitkiləridir. 20 ədəd çətənə (kannabis) bitkilərinin yaş halda ümumi çəkisi-86300,0 qramdır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 20 ədəd bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur.Tədqiqata təqdim edilmiş 20 ədəd çətənə bitkiləri və qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər.Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qurudulmuş marixuana 20 ədəd çətənə (kannabis) bitkisi və qalıq qurudulmuş marixuana 3429,9 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 dekabr 2022ci il tarixli qərarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 3429,9 qram narkotik vasitə olan qurudulmuş marixuana və 20 ədəd çətənə (kannabis) bitkisi iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 17 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub.Hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur.Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, Sabirabad RPŞ-nin 26 sentyabr 2022-ci il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, Sabirabad şəhəri, V.Əhmədov küçəsi ev 8A-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəfələrlə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (əkib-yetişdirdiyi çətənə bitkilərin aşağı hissələrində olan yarpaq və digər hissələri yararsız olduğundan onları yandırmaq və ya zibil qutusuna atmaq niyyəti ilə toplaması, çətənə bitkilərini hissəllərini satış məqsədi ilə toplamaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni əkib-yetişdirdiyi çətənə bitkilərin aşağı hissələrində olan yarpaq və digər hissələri yararsız olduğundan onları yandırmaq və ya zibil qutusuna atmaq niyyəti ilə toplaması, çətənə bitkilərini hissəllərini satış məqsədi ilə toplamaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və kultivasiya etməsi, habelə satış məqsədi ilə qanunsuz olaraq çətənə bitkilərinin hissəllərini toplamaqla hazırlayıb narkotik maddə əldə etmə və saxlama cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitələrdir.Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə həmin Qanunun “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 16 ədəd və ya ondan artıq olduqda olduqda külli miqdar hesab olunur. Həmçinin Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 20 ədəd çətənə (kannabis) bitkilərinin sayı, habelə 3430 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdardadır.Habelə Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın çəkisinin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması, eləcə də polis şöbəsinə onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə dəfələrlə əməliyyat məlumatının daxil olması belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs məhz satış məqsədilə külli miqdarda çətənə bitkisini əkib-yetişdirmiş və eyni məqsədlə bu bitkilərin hissələrini qurudub hazırlamaqla satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana əldə edib saxlamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda qurudulmuş marixuana hazırlamış, əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 10 sentyabr 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 07 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanda yaşayır və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CMnin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin qəsdən törədilməsi və törədilən əməlin ağır cinayət hesab edilməsi, qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərin əkilib-yetişdirilməklə əldə edilmiş külli miqdarda narkotik vasitənin satılması və ya başqa qaydada yayılmasının dövlətə və cəmiyyətə zərərin yetirilməsinə, o cümlədən insanların sağlamlığına zərər vurulmaqla narkomanlıq xəstəliyinə düçar olmasına, eləcə də gənc nəslin tərbiyəsinə mənfi təsir göstərməsinə səbəb ola bilcəyi və s. hallar), təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 20 ədəd çətənə (kannabis) bitkisi və 3429,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 08 sentyabr 2022-ci il tarixdən 23 noyabr 2022-ci il tarixədək həbsdə saxlanılması, eləcə də 23 noyabr 2022-ci il tarixdən 16 fevral 2023-cü il tarixədək ev dustaqlığında olması müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 20 ədəd çətənə (kannabis) bitkisi və 3429,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar