Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-164/2023 22.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər- Səfərli Cavid Şamil oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Lənkəran Rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə - Azərbaycan Respublikası CM) 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, daşıma, saxlama və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikasının (bundan sonra mətndə İİR) vətəndaşı “Abuzər İslami” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, şəxsiyyəti məlum olmayan İİR vətəndaşı “Abuzər İslami” adlı şəxs və qeyriləri ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitələrin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçməklə İİR-dən Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və satışının təşkil edilməsi ilə bağlı razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında əldə olunmuş cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələri əldə etmək üçün 15 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasını tərk edərək Biləsuvar sərhəd-keçid məntəqəsindən İİR-in ərazisinə daxil olub Parsabad rayonunun Yenikənd kəndinə getmiş, bundan sonra şəxsiyyəti məlum olmayan İİR vətəndaşı “Abuzər İslami” adlı şəxs və qeyrilərinin məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə etdikləri külli miqdarda 3 kq 616 qram çəkidə narkotik vasitə heroini və külli miqdarda 19 kq 400 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə 23 sentyabr 2022-ci il tarixdə İİR-in Parsabad rayonunun Yenikənd kəndində “Abuzər İslami” adlı şəxs və qeyrilərindən qanunsuz olaraq əldə edib üzərində saxlayaraq Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda, İİR-dən Azərbaycan Respublikası istiqamətində qanunsuz keçərək Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayon qaçqınları üçün inşa olunmuş 1-11 saylı qəsəbənin ərazisinə qaçaqmalçılıq yolu ilə keçirərək daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 sentyabr 2022-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 06:35-də qeyd olunan qəsəbənin ərazisində saxlanılaraq Biləsuvar RPŞ-yə aparılıb üzərinə şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 3 kq 616 qram çəkidə narkotik vasitə heroin ayrı-ayrılıqda 919 qram, 936 qram, 832 qram və 929 qram olmaqla dörd ədəd bağlamada və 19 kq 400 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana ayrı-ayrılıqda 1003,8 qram, 537 qram, 536,6 qram, 1059,2 qram, 550,2 qram, 536,3 qram, 534,7 qram, 1048,9 qram, 1072,9 qram, 1069,9 qram, 1067,6 qram, 1079 qram, 1750 qram, 2020 qram, 1874 qram, 1825,7 qram və 1834,2 qram olmaqla 17 ədəd bağlamada olmaqla üzərində gəzdirdiyi 01 ədəd narıncı rəngli sellofan torbadan və 01 ədəd qara rəngli idman çantasından aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən - CM-in 318.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5 il əvvəl Bakı şəhəri, Xətai rayonu ərazisində iranlı “tır” srücüsü olan “Ramazan” adlı şəxslə tanış olmuş, ondan istifadəsi üçün bir neçə dəfə narkotik almışdır. Ramazan onun narkotik istifadəçisi olduğunu bilib iranlı Abuzərin mobil nömrəsini vermiş, bundan sonra Abuzərlə “Votsap” vasitəsilə əlaqə saxlamış, aralarında narkotik alış-verişi ilə bağlı danışıqları olmuşdur. Abuzərin dəvəti ilə ondan narkotik götürmək üçün 15 sentyabr 2022ci il tarixdə avtobusla Naxçıvana getmək adı ilə Azərbaycan Respublikasnın Biləsuvar sərhəd-gömrük keçid məntəqəsindən İrana keçmiş, lakin Naxçıvana getməyərək İranın Biləsuvar rayonunda avtobusdan düşmüş, xarici pasportu isə Naxçıvana gedən avtobusda qalmışdır. İranlı tanışı Abuzər adlı şəxs onu İranın Biləsuvar rayonunda qarşılamış, Ariflə bir həftə İranda Abuzərgildə qalmış, sonra ona bir çanta narkotik vermişlər ki, Azərbaycan Respublikasına aparsın. Narkotiki gətirmək üçün qaçaq yolla iranlı Ariflə Abuzərin köməyi ilə 22 sentyabr 2022-ci il tarixdən 23 sentyabr 2022-ci il tarixə keçən gün gecə saatlarında belində narkotik olan çanta ilə Azərbaycan Respublikasının Biləsuvar rayonu istiqamətinə yollanmış, Araz çayından Biləsuvar rayonu ərazisinə olan Cəbrayıl rayonunun məcburi köçkünlər üçün inşa edilmiş 1-11 saylı qəsəbələrinin ərazisinə qaçaq yolla keçmiş və onu orada iranlıların tanışı olan Ümid Rzayev adlı şəxs qarşılamışdır. Onu qarşılayan Ümidin avtomobilində hərəkətdə olarkən 3 nəfər mülki geyimli şəxs əl işarəsi verərək avtomobili saxlatdırmış və onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Biləsuvar rayon polis şöbəsinə aparmışlar. Lakin, maşını sürən Ümid Rzayevi hara apardıqlarından xəbəri olmamışdır. Saxlanılarkən üzərində balaca çanta olmuş, çantanın içində öz istifadəsi üçün saxladığı 5- 6 qram marixuana və 2-3 qram heroin, özünə məxsus mobil telefonu, pul qabısı və digər əşyaları olmuşdur. Əvvəllər heç vaxt İranda olmamış, narkotik gətirmək üçün İrana getməmişdir. Video çəkiliş zamanı əlində olan selofan torbanın və belində olan çantanın içərisində aşkar olunmuş külli miqdarda marixuananın, heroinin saxlanılarkən ona polis əməkdaşları tərəfindən verilmiş və polislərin təkidi ilə məcbur olub çəkiliş zamanı bel çantasında və əlindəki sellofan torbadakı həmin narkotik vasitələrin guya özünə məxsus olduğunu yalandan bildirmişdir. Saxlanılarkən üzərinə keçirilən axtarışla bağlı videogörüntü ilə məhkəmədə tanış olmuşdur. Arif adlı iranlını tanıyır. Şəxsi axtarış zamanı üzərində istifadəsində olan “Samsunq” markalı mobil telefon da olmuşdur. Bel çantasında və sellofan torbada bağlamalarda olan külli miqdarda marixuana və heroinlər ona məxsus deyildir. Özü narkotik istfadəçisdir, əvvəllər narkomaniyadan müalicə alıb. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü elan olunmuş CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318-ci maddələri ilə tam təqsirli bilərək göstərmişdir ki, 2022ci ilin iyun ayının əvvəllərində “tır” sürücüsü Ramazan adlı iranlı ilə tanış olmuş, Ramazan ona çəkmək üçün bir neçə dəfə tiryək də vermişdir. Ramazana əgər tanışları olrsa ucuz qiyəmətə onlardan narkotik almaq istədiyini demiş, Ramazan da ona iranlı tanışı “Arif və Abuzər İslami”nin mobil nömrələrini vermiş, bundan sonra Arif və Abuzərlə “Votsap” la danışmış, onların dəvəti ilə 2022-ci ilin iyul ayının sonlarında Biləsuvar rayonu Cəbrayıl rayonunun məcburi köçkünləri üçün inşa edilmiş 1-11 saylı qəs. ərazisindən gecə saatlarında Araz çayından sərhədi qaçaq yolla İrana keçmiş, Parsabad rayonu, Yenikənd kəndində Arif və Abuzərlə görüşmüş, 15 gün orada qaldıqdan sonra onların göndərəcəkləri narkotikləri Azərbaycanda dedikləri yerə qoyacağı barədə razılşmışlar. 2022-ci ilin avqust ayının əvvəllərində Arif və Abuzər onu yola salaraq gəldiyi qaçaq yolla da Azərbaycana qayıtmışdır. 2022-ci ilin avqust ayının sonlarında Arif və Abuzərin göndərdikləri və Cəbrayıl qəsəbəsinin ərazisində gizlətdikləri 5 kq narkotiki götürüb onların göstərişlərinə əsasən Salyan rayonu ərazisində dedikləri yerdə gizlətmiş, bunun müqabilində ona istifadəsi üçün 300 qram heroin vermişlər. Bir müddət sonra Arif və Abuzər onu narkotik aparmaq üçün Parsabada çağırmış, 15 avqust 2022-ci il tarixdə Naxçıvan avtobusu ilə rəsmi olaraq İranın Biləsuvar rayonuna getmiş, Parsabad rayonunda Arif və Abuzərlə görüşmüş, Arif və Abuzər ona içərisində çoxlu narkotik olan qara çanta vermişlər ki, qaçaq yolla Azərbaycana aparsın, Bakı şəhərində dedikləri yerə çatdırarsa ona bunun müqabilində 5000 manat pul verəcək idilər. Sentyabr ayının 22-dən 23-ə keçən gecə İrandan qaçaq yolla Biləsuvar rayonu Cəbrayıl qaçqınları üçün inşa edilmiş 1-11 saylı qəsəbələri istiqamətindən Azərbaycan Respublikasının ərazisinə keçmiş, belində çanta və əlində torba ilə piyada hərəkət edərkən polis əməkdaşları tərəfindən saxlanılaraq Biləsuvar RPŞyə aparılmış, şəxsi axtarış zamanı bel çantasında və torbada aşkar olunan külli miqdarda marixuana və heroin aşkar olunmuş, həmin narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 22 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs İrandan qaçaqmaqlçılıq yolu ilə Azərbaycan Respublikasının Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayon qaçqınları üçün inşa olunmuş 1-11 saylı qəsəbəsinin ərazisindən külli miqdarda naroktik vasitələr keçirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Dərhal əməliyyat qrupu yaradılmış, 22 sentyabr 2022-ci il tarixdə Bakı şəhərindən həmin əraziyə yollanmışlar. 23 sentyabr 2022-ci il tarixdə, saat 06 radələrində Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayon qaçqınları üçün inşa olunmuş 1-11 saylı qəsəbənin ərazisində piyada hərəkət edən zaman saxlanılaraq Biləsuvar RPŞ-nə gətirilmişdir. Həmin vaxt onun belində çanta əlində isə sellofan torba olmuşdur. Şöbədə Ümid narıncı rəngli, polietilen torbanı və çiynindən asdığı, qara rəngli çantanı təqdim edərək içindən ümumilikdə 4(dörd) bükümdə, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər, 17(on yeddi) bükümdə, yaşıl rəngli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən “Samsung” markalı mobil telefon, sağ arxa cibindən içində siqaret dənələri olan siqaret qutusu, 1 (bir) ədəd alışqan, qəhvəyi rəngli pul qabı, həmin pul qabından isə 1 (bir) ədəd reklam kartı və 1 (bir) ədəd bank kartı aşkar olunmuşdur. Daha sonra qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş, çanta ilə birlikdə ümumi çəkisi 23 kq 70 qram (iyirmi üç kq yetmiş qram), heroin elektron tərəzidə çəkilmiş, çəkisi 4 kq 75 qram(dörd kq yetmiş beş qram) olmuşdur. Siqaret qutusu, 1(bir) ədəd alışqan, qəhvəyi rəngli pul qabı, 1(bir) ədəd reklam kartı Ümidə qaytarılmış, mobil telefon və bank kartı isə götürülmüşdür. Şifahi sorğu zamanı Ümid narkotiki İranın “Parsabad” rayonunda “Arif” adlı şəxsdən deyiləcək ünvana çatdırıb əvəzində 5000 (beş min) manat pul qazanmaq məqsədi ilə əldə etdiyini, narkotikləri Parsabad rayonundan götürərək qaçaq yolla Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl rayonu məcburi köçkünləri üçün inşa edilən qəsəbədən keçdiyini, bundan əvvəl 2022-ci ilin avqust ayında həmin yerdən ölkə ərazisinə 5 kq müxtəlif növ narkotik maddəni qaçaqmalçılıqla gətirdiyini, əvvəllər sərhəd qoşunlarında əsgər kimi xidmət etdiyi üçün ərazini yaxşı tanıdığını, iranlı “Arif” adlı şəxs ilə vhatsappda əlaqə saxladığını, qurudulmuş marixuanadan və heroindən istifadə etdiyini, 051 *** ** ** mobil nömrəsini işlətdiyini bildirmişdir. Ümid saxlanılarkən onun yanında heç kim olmamışdır. Məhkəmə istinatqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 Cəmyət oğlu Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs saxlanılarkən ciynində boyük qara rəngli çanta, əlində isə narıncı rəngdə sellofan torba olduğunu, çantaya və torbaya videoçəkilişlə baxış keçirilərkən içərisində külli miqdarda çoxsaylı bağlamalarda qurudulmuş marixuana və heroin aşkar olunduğunu, Ümid saxlanılarkən yanında heç kimin olmadığını, Ümidin özünün deməsinə görə narkotiki İrandan qaçaqmalçılıq yolu ilə keçirdiyini göstərmişlər. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 23 sentyabr 2022-ci il tarixli 6/5462 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan kağız yapışdırılmış torbadakı dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 919 qram, 936 qram, 832 qram və 929 qram ümumi təmiz çəkisi 3616 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizanın 23 sentyabr 2022-ci il tarixli 7/1084 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” yazı və imzalar olan 1 ədəd narıncı rəngli torbada və 1 ədəd qara rəngli idman çantasında üzəri şəffaf yapışqan lentlə yapışdırılmış ümumi sayı 17 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1003,8 qram, 537 qram, 536,6 qram, 1059,2 qram, 550,2 qram, 536,3 qram, 534,7 qram, 1048,9 qram, 1072,9 qram, 1069,9 qram, 1067,6 qram, 1079 qram, 1750 qram, 2020 qram, 1874 qram, 1825,7 qram və 1834,2 qram olmaqla ümumi təmiz çəkisi 19 kq 400 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 noyabr 2022-ci il tarixli 6987 N-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs müayinə zamanı bildirmişdir ki, 2006-cı ildən narkotik vasitə olan marixuanadan çəkməklə istifadə edir. Həmçinin 1-2 ildir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edir. Narkoloji vasitələrdən sui-istifadə etməsi ilə əlaqədar stasionar şəraitdə müalicə kursu aldığını qeyd etmişdir. Məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Biləsuvar RPŞ-yə dəvət olunub üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi 01 ədəd narıncı rəngli torbadan və 01 ədəd qara rəngli idman çantasından 04 ədəd bağlamada narkotik vasitə heroin və 17 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş 28 oktyabr 2022-ci il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***- **-** saylı mobil telefon nömrəsini istifadə etmiş, həmin nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. Qeyd edilən nömrənin sms yazışmalarına baxdıqda məlum olur ki, həmin nömrə Təqsirləndirilən şəxslə bərabər İran vətəndaşı Abuşər adlı şəxs tərəfindən istifadə edilmişdir. Belə ki, “....Malin yoxdu hec olmasa newe verde onun yerine ay kiwi....”, “....salam olsun qardaslar abuzer qardasım uzurlu say 3 gundu senle elaqe saxlıya bılmırem hormetsızlık cıxdısa bagısda qardasım mendekı emanetın pullu ne qeder elıyır onu mene neceye veresen 430 qram ot 17 eded 300 derman bunları mene neceye verersen....”. “.... prablerı hell qutarmısam bırazdan zeng vuracam rahat danısag qardasım hardadı necedı neynır onu da pıs vezıyet qoydum.....”. “....umud qardasım bagısda menı ortalıga baxan usaglarla prablem var ıdı ona gore atam baglandı sobat....”, “...abuzer o nedı yazmısan mene 7 nefer adam gonderırem qapınıza men sene qardasım demısem se menden sene zıyan ve qehbelıy gelmez ancag kısı hereketı menıcın 7 nefer yoxe 40 nefer de gelse hecnedı bız burda qardasdıq elıyırık ograsdıq menım qardasım ordadı bılırsen men senın tuxda 430 qram otuna qalmısam 430 qram menım qardasım umudun dırnagına deymez ayıbdı o soz nedı mene yazmısan bız ıs qururuq ograsdıq elemırık men fıkırlesırem kı abuzer qardasım zıyana gedmesın men goturum gudvdu otla qarısıdırım satım menım qardasım menım qapıma adam gonderır cox sagol qardasım allah razı olsun qardasım ne vaxt gelır....”.. “..Adaw qurban sene mene tecili 5 list m 40 lazimdi ureyin hara isteyir qoy gedib goturum..” və sair. Məhkəmədə tədqiq edilmiş 17 noyabr 2022-ci il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ***-***- **-** saylı mobil telefon nömrəsini istifadə etmiş, həmin nömrənin müxtəlif mobil telefon nömrələri arasında həm telefon danışıqları, həm də sms mətn yazışmaları olmuşdur. İran İslam Respublikasının mobil telefon operatoruna məxsus **********47 və **********29 nömrələrindən “Gardaslar galilr..”…”… Sasi cxardma…” və sair. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs “sərhədkeçmə hesabatı”na baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bir dəfə, xx.xx.2022-ci il tarixdə Biləsuvar gömrük-sərhəd keçid məntəqəsi vasitəsi ilə İran İslam Respublikası istiqamətində Azərbaycan Respublikasının hüdudlarını tərk etmiş və rəsmi məlumatlarda geri qayıtması göstərilməmişdir. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin 22 sentyabr 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra qalıq qalan iki ədəd ağ rəngli torbada və bir ədəd kağız paketdə qablaşdırılan 3615,9 qram çəkidə narkotik vasitə olan heroin və 19399,32 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama kamerasında təhvil verilmişdir. 5 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 6-cı bəndinə əsasən, axtarış və götürmə aparılması haqqında 1 ədəd DVD disk, o cümlədən “Azercell” və "xxxx" MMC-lərdən daxil olmuş 2 dədə disk maddi sübut kimi tanınmış və cminayət işinə əlavə edilmişdir. İş materiallarında olan 5 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunan külli miqdarda narkotik vasitələrin mənbəyini müəyyən etmək üçün həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs Ümid Ağayevin məhkəmə istintaqında üzərində yalnız 2 qram heroin, 5-6 qram isə qurudulmuş marixuana aşkar olunması, çantada və torbada aşkar olunan külli miqdarda narkotik vasitələri videoçəkilişdən əvvəl polis əmkdaşlarının ona verdiklərini və polislərin təkidi ilə məcbur olub çəkiliş zamanı bel çantasında və əlindəki sellofan torbadakı həmin narkotik vasitələrin guya özünə məxsus olduğunu yalandan etiraf etməsinə dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş videoçəkilişdən açıq-aydın görünür ki, Təqsirləndirilən şəxs bel çantasında və əlindəki narıncı rəngli torbadan çoxsaylı bağlamaları çıxarıb təqdim edərək hansının içərisində heroin, hansının içərisində isə qurudulmuş marixuana olmasını izah edir, həmin bağlamaları İran vətəndaşlarından əldə edərək qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasının ərazisinə keçirtdiyini, narkotiki Azərbayca Respublikasının ərazisində İranlıların dediyi yerə çatdıracağı təqdirdə ona 5000 manat pul veriləcəyini bildirmişdir. Eyni zamanda sərhədkeçmə hesabatından da görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2022-ci il tarixdə saat 22.19-da Biləsuvar DSBM-dən İrana keçmiş, rəsmi olaraq geri qayıtmamışdır. Qeyd olunan xüsusatları Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı ilk gündən başa çatanadək müdafiəçisinin işitirakı ilə verdiyi ifadələrində də etiraf etmişdir. Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması məhkəmədə dindirilmiş şahid ifadələri,iş materiallarında olan telefon danışıqları ilə də tam təsdiq olunur. Odur ki, Təqsirləndirilən şəxs yalınz üzərində 2 qram heroin və 5-6 qram marixuana aşkar edilməsi, çantasında və əl torbasında aşkar olunan külli miqdarda heroinin və marixuananın ona məxsus olmaması, həmin külli miqdarda narkotiklərin polis əməkdaşları tərəfindən ona verilməsi barədə göstərdiyi xüsusatların məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan bu ifadəsi yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələrini, şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən və daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs narkotik vasitələrin akşar edilməsi və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin, marixuana narkotik vasitələr, metamfetamin isə psixotrop maddədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cinayətkar qrupun müəyyən edilməyən digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında qaçaqmalçılıq yolu İİR-dən Azərbaycan Respublikasına qanunsuz keçirtdiyi ilə keçirilmiş külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş və onun bu əməlləri ibtidai istintaq orqanıtərəfindən düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 23 sentyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 24 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilib Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 206.3.2 , 234.4.1, 234.4.3-cü maddələri “ağır”, CM-nin 318.1-ci maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş idən on iki ilədək azadlıqdan məhrum etmə, 318.1-ci maddənin sanksiyasında isə alternativ cəza ilə yanaşı iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamalığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişlər Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və yüksək ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələri ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan – 23 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. CPM-nin 132.0.1-ci maddəsinə əsasən, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama otağına təhvil verilmiş qalıq çəkiləri 19399,32 qram narkotik vasitə qurudulmuş marixuana, 3615,9 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, axtarış və götürmə aparılması haqqında 1 ədəd DVD disk, o cümlədən “Azercell” və "xxxx" MMC-lərdən daxil olmuş 2 ədəd disk cinayət iştində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 169 (yüz altmış doqquz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 318.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 14 (on dörd ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2022-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutların saxlama otağında saxlanılan 19399,32 qram narkotik vasitə qurudulmuş marixuana, 3615,9 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış və götürmə aparılması haqqında 1 ədəd DVD disk, o cümlədən “Azercell” və "xxxx" MMC-lərdən daxil olmuş 2 ədəd disk cinayət iştində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatın dəyəri 169 (yüz altmış doqquz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-164/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-164/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver