Məhkəmə qərarları › İş №1(099)-164/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-164/2024

12.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-164/2024 12.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1967-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Lənkəran şəhəri, Vidadi küçəsi, ev 52-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2023-cü ilin may ayının əvvəllərində əldə etdiyi çətənə bitkisinin toxumlarını yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsinin sol hissəsinə tökərək orada qanunsuz olaraq əkib, onlardan bitən 32 (otuz iki) ədəd olub külli miqdar təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərərək mütəmadi suvarıb və diblərini yumşaldıb yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan həmin bitkiləri külli miqdarda kultivasiya etmiş, narkotik təbiətli çətənə (kannabis) bitkilərinin yarpaqlarından dərib qurudaraq, tərkibində narkotik maddə olan həmin çətənə (kannabis) bitkilərindən kustar üsulla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 9,966 qram narkotik vasitə qurudulmuş marixuananı hazırlamaqla əldə edib, üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları əldə etmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin cənub bölgəsində regional şöbəsinin əməkdaşları tərəfindən 14 iyun 2023-cü il tarixdə saat 03:00 radələrində Lənkəran şəhərində keçirdikləri əməliyyat tədbiri nəticəsində iştirakı və icazəsi ilə yaşadığı ünvan 1 ünvanında yerləşən evə baxış keçirilərkən evin həyətyanı torpaq sahəsindən külli miqdarda olmaqla 14 ədədi kök üstə, 18 ədədi torpaqdan çıxarılmış, yaş vəziyyətdə, ümumi təmiz çəkisi 3280,0 qram olan həmin 32 (otuz iki) ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüş, həmin tarixdə saat 04:30-də regional şöbəyə gətirildikdən sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı yuxarıda qeyd olunan bükümdə və çəkidə narkotik vasitə qurudulmuş marixuana sellofan kəsiyə bükülmüş halda əynində olan şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən “nəşə”dən istifadə edir. Çətənə toxumlarını tapmış saxlanılmamışdan bir ay əvvəl yaşadığı evin həyətində əkmişdir. Həmin bitkilərə su verməmiş, bitkilər özü-özünə yetişmişdir. Həmin bitkilərin yarpaqlarından dərib qurutmuşdur. Saxlanıldığı gün polis əməkdaşları evinə gəlib onu çağırmış, özü isə əkdiyi bitkilərin yerin polislərə göstərmişdir. Şöbədə üstünə baxış keçirilmiş, lakin heçnə aşkar edilməmişdir. Hadisələr isə dəqiq yadında qalmamışdır. Əməlindən peşmandır, yaşlı və xəstə olmasının məhkəmə tərəfindən nəzərə alınmasını, ona köməklik edilməsini xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamlarla təqsirli bilərək göstərmişdir ki, 30 ildən çoxdur ki, narkotik vasitə marixuana, tiryək və heroindən istifadə edir. Rəsmi olaraq heç yerdə işləmir. 2023-cü ilin may ayının əvvəllərində yaşadığı evə yaxın çay kənarında gəzən zaman bükülmüş vəziyyətdə sellofan torbanı görmüşdür. Həmin sellofan torbanı götürüb içərisinə baxdıqda içərisində çətənə toxumlarını görmüşdür. Yaşadığı evin həyətində əkmək üçün həmin torbanı götürüb evə gəlmişdir. Səhəri günü tapdığı çətənə toxumlarını gündə qurutmuşdur. 2023-cü ilin may ayının əvvəllərində axşam radələrində ailə üzvlərinin evin içərisində olduğunu və həyətdə heç kimin olmadığını görüb, evin sol tərəfində yerləşən bağda, münbit torpaq sahəsində həmin çətənə toxumlarını əkmişdir. Əkdikdən sonra çətənə toxumlarına mütəmadi olaraq qulluq etmişdir. Təxminən 32 ədəd çətənə bitkisinin yetişdiyini görmüşdür. Çətənə bitkilərindən birini əkin sahəsinin yanında dibçəkdə basdırmşdır. Əkdiyi narkotik tərkibli bitkilər böyüdükcə onların yarpaqlarından dərib istifadəsi üçün qurutmağa başlamışdır. Saxlanılmamışdan təxminən 10 gün qabaq əkdiyi çətənə bitkilərindən 18 ədədinin hündürlükləri 1 metrə qədər olduğuna görə onları kökündən çıxarıb əkin sahəsinin yanında düzmüşdür. 14 iyun 2023-cü il tarixdə saat 03 radələrində yuxudan oyanıb qurutduğu marixuanadan istifadə etmək üçün yaşadığı evdən həyətə düşüb küçə darvazasından çölə çıxmışdır. Bu zaman bir neçə nəfər mülki geyimli şəxs ona yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə mübarizə İdarəsinin Cənub Bölgəsində Regional şöbəsinin əməkdaşları olduqlarını təqdim edib yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitiklər əkməsi ilə bağlı əməliyyat məlumatlarının olduğunu bildirmişlər. Həmin zaman onun həyətinə polislər tərəfindən baxış keçiriləcəyi təqdirdə əkdiyi narkotik tərkibli bitkilərin aşkar ediləcəyini bilib, onlara səmimi olaraq həyətində narkotik tərkibli çətənə kolları əkdiyini etiraf etmişdir. Sonra polis əməkdaşları, aqronom və hal şahidlərinin iştirakları ilə yaşadığı evin sağ tərəfində yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Bu zaman həmin yeri göstərərək, həmin bitkilərin çətənə kolları olduğunu, may ayının əvvəllərində şəxsi istifadəsi üçün əkdiyini, qulluq etdiyini bildirmişdir. Əkdiyi çətənə bitkiləri əkdiyi yerdən bir-bir dibçəkdən və torpaqdan kökündən çıxarılaraq, yerdə çıxarıb düzdüyü çətənə kollarının yanında düzülmüş və saylarının 32 ədəd, hündürlüklərinin 25-100 sm, çəkisinin isə 3 kq 545 qram olması məlum olmuşdur. Bundan sonra polis əməkdaşları onu özləri ilə birlikdə regional polis şöbəsinə aparmışlar. Regional polis şöbəsində otaqların birində müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olmuş şalvarın sağ yan cibində saxladığı 01 ədəd sellofan bükümü təqdim etmiş və içərisində narkotik vasitə olan qurudulmuş marixuana olmasını bildirmişdir. Aşkar olunmuş sellofan bağlamada qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisinin 11,82 qram olmuşdur. O şəxsi axtarış zamanı həmin narkotik vasitənin özünə məxsus olduğunu, çətənə toxumlarını həyətyanı sahəsində əkdiyini, qurudulmuş marixananı isə üzərində şəxsi istifadə məqsədilə gəzdirdiyini göstərmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadəsinin doğru olduğunu, ifadəsini tam təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şöbənin əməliyyat müvəkkili olmuş Şahid1 icraatına Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib yetişdirilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Bununla əlaqədar yaradılmış əməliyyat qrupunun tərkibində olmuşdur. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verildikdən sonra, əməliyyat qrupu ilə birlikdə 14 iyun 2023-cü il tarixdə, saat 03:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmişlər, onu görüb həyətində narkotik tərkibli bitkilərin onun tərəfindən əkilib becərilməsi ehtimalı olduğundan həyətə baxış keçirilməsinin zəruriliyi barədə ona məlumat verilmiş, baxış keçiriləcəyi barədə qərarla tanış etmişlər. Sonra Təqsirləndirilən şəxs həyətə baxış keçirilməsinə razılıq verməsi barədə ərizəsini yazıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olduqda yaşadığı evin sol yan tərəfində olan torpaq sahəsində bitkilərin əkildiyi məlum olmuşdur. Baxışda mütəxəssis qismində iştirak edən alim-aqronumun və polis əməkdaşlarının iştirakları ilə həmin yerə baxış keçirildikdə cəmi 32 ədəd narkotik tərkibli bitkilər aşkar olunmuşdu. Baxışda iştirak edən alim-aqronum 32 (otuz iki) ədəd torpaqda əkilmiş və çıxarılmış vəziyyətdə olan bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu, bitkilərə aqrotexniki qaydada qulluq edildiyini, dibləri yumuşaldıldığını və gübrələndiyini bildirmişdir. Təqsirləndirilən şəxs da bitkilərin çətənə bitkiləri olduğunu, özünün əkdiyini bildirərək əməlini etiraf etmişdir. Daha sonra həmin bitkilər qablaşdırılaraq, götürülmüşdür. Təqsirləndirilən şəxs regional şöbəyə gətirildikdən sonra onun üzərinə müdafiəçinin iştirakı ilə video-çəkiliş vasitəsilə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olmuş şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb təqdim edərək, həmin bükümün içərisində “nəşə”, narkotik vasitə qurudulmuş marixuana olduğunu, həyətində əkdiyi çətənə bitkisindən qurudaraq istifadəsi üçün yığdığını, heç kimə vermədiyini və ya satmadığını bildirmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ilə oxşar ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadəsində göstərmişdir ki, hadisə günü gecə saat 03:00 radələrində maşınının benzini qurtarmış və Vidadi küçəsindən piyada keçirmiş. Həmin vaxt yolda onu polis əməkdaşları bir nəfər şəxsin həyətinə baxış keçirmək üçün dəvət etmişlər, o isə razılaşmışdır. Həmin küçədə yerləşən evin həyətinə daxil olduqda sol tərəfdə həm torpağa basırılmış, həm də torpaqdan çıxarılmış, bir ədədi də qabda basdırılmış nəşə ağaclarını görmüşdür. Təxmini sayları 32 ya 33 ədəd olmuşdur. Təqsirləndirilən şəxs isə həmin vaxt heç bir etirazını bildirməmişdir. İşdə olan BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2023-cü il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkib yetişdirməsi ilə məşğul olması, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 4) İşdə olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin CBRŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 5-6) İşdə olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı yoxdur. (c 1, i.v 15) İşdə olan 14 iyun 2022-ci il tarixli baxış və götürmə aparılması haqqında protokoldan və fotoşəkillərdən görünür ki, 14 iyun 2023-cü il tarixdə saat 03:30-dan etibarən keçirilmiş baxışda Təqsirləndirilən şəxs özü polis əməkdaşlarına ünvan 2-də yerləşən yaşadığı fərdi yaşayış evinin sağ tərəfində yerləşən münbit torpaq sahəsində hər birinin boyu 25-100 sm olan hündürlükdə olmaqla narkotik vasitə çətənəyə bənzər kolluqları təqdim etmiş həmin çətə kollarının bir ədədi dibçəkdə, 13 ədədi torpağa basdırılmış və 18 ədəd torpaqdan çıxarılmış vəziyyətdə olmaqla ümumilkdə 32 ədəd çətənəyə bənzər kollar olması müəyyən edilmişdir. Həmin kolların dibçəkdə və torpaqda olanları torpaqdan çıxarılaraq yerdə düzlümüş çətənə kolları birgə ekspertizaya göndərilməsi üçün qablaşdırmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin bitkiləri şəxsi istifadə məqsədilə həyətində özünün əkdiyini, qulluq etdiyini bildirmişdir. (c 1, i.v 16-25) İşdə olan 14 iyun 2023-cü il tarixli Mütəxəssis rəyindən görünür ki, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin sol tərəfində sahəsi 3x4 metr olan bitkilərin əkildiyi torpaq sahəsində 13 ədəd torpaqda, 1 ədəd dibçəkdə və 18 ədəd torpaqdan çıxarılıb yerə qoyulmuş olmaqla cəmi 32 ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləridir. Hündürlükləri 25-100 sm-dir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. (c 1, i.v 27) İşdə olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 03:00 dəqiqədən tutulmuş hesab edilmişdir. (c 1, i.v 30) İşdə olan 14 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan və video-çəkilişdən görünür ki, 14 iyun 2023-cü il tarixdə saat 04:30-da regional şöbəyə gətirildindən sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə üzərinə videoçəkiliş vasitəsilə keçirilən şəxsi axtarış zamanı onun əynində olmuş şalvarın sağ yan cibindən 1 sellofan büküm aşkar edilmiş və həmin bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Şəxsi axtarış zamanı o, polis əməkdaşının şifahi sullarına cavab olaraq aşkar edilmiş qurudulmuş marixuaya bənzər kütləni özünə məxsusdur. Həyətində yerləşən torpaq sahəsində əkdiyini çətənə bitkilərindən qurudub şəxsi istifadəsi üçün üzərində gəzdiriyini bildirmişdir. (c 1, i.v 47-50) İşdə olan Məhkəmə-bioloji ekspertizasının 14 iyun 2023-cü il tarixli 19/651 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -9,966 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvan 2də yerləşən həyətdən aşkar olunmuş 32 (otuz iki) ədəd çətə bitkisinə bənzər bitkilər qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bağlamadakı, 32 (otuz iki) ədəd, ümumi təmiz çəkisi -3280,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 3280 qr, tədqiqata sərf edildi-0,1,6 qr, qalıq-3278,4 qr. Marixuananın təmiz çəkisi-9,966 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq-9,916 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60,00 manat təşkil edir. (c 1, i.v 63-66) İşdə olan xx.xx.2023-cü il tarixli, 4(049)-185/2023 nömrəli Lənkəran Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablanmışdır. (c 1, i.v 90-91) İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 631 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulundan yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 92) İşdə olan xx.xx.2023-cü il tarixli, 589 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c 1, i.v 94-95) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən və Lənkəran Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, № 1(049)- 28/2018 hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. (c 1, i.v 97-98, 122-129) İşdə olan 22 avqust 2023-cü il tarixli maddi sübut hesab edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsindən aşkar edilmiş 32 (otuz iki) ədəd, yaş vəziyyətdə təmiz çəkisi – 3280,0 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd sellofan bükümdə təmiz çəkisi 9,966 qram narkotik vasitə qurudulmuş marixuana və şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin əks olunduğu 1 (bir) ədəd DVD diskdə videogörüntülər maddi sübut hesab edilmişdir. (c 1, i.v 128-129) İşdə olan Lənkəran Şəhər İHB-nın Lənkəran şəhər 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi arvadı və 2002-ci il təvəllüdlü oğlundan ibarətdir. Barəsində qonşulardan, ictimai yerlərdən və inzibati orqanlardan heç bir şikayət və ərizə daxil olmamışdır. (c 1, i.v 148-149) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Belə ki, işin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrlə yanaşı, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təqsirləndirlən şəxsin yaşadığı ünvan 1 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsinin sol hissəsinə qanunsuz olaraq əkdiyi 32 (otuz iki) ədəd külli miqdar təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərərək mütəmadi suvarıb və diblərini yumşaldıb yetişdirməklə, qanunsuz olaraq tərkibində narkotik maddələr olan həmin bitkiləri külli miqdarda kultivasiya etməsi, narkotik təbiətli çətənə (kannabis) bitkilərinin yarpaqlarından dərib qurudaraq, tərkibində narkotik maddə olan həmin çətənə (kannabis) bitkilərindən kustar üsulla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 9,966 qram narkotik vasitə qurudulmuş marixuananı hazırlamaqla əldə edib, üzərində saxlayaraq daşıması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Cinayət törədilərkən qüvvədə olmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961- İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 12-ci sətrinə əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi isə 500 qramdır. Habelə həmin Qanunun «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan «Çətənə növlü bitkilər»in ölçü vahidləri-sayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edib, səmimi peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında azadlığın məhdudlaşdırılması kimi alternativ cəza da nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi digər əməlin - ağır cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin cinayətlərin məcmusu üzrə cəzaların toplanmasının zəruri olmasını nəzərə almaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə də azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı hesab edir. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və təyin edilmiş cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübutlar kimi tanınaraq Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 3278,4 qram 32 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi, 9,916 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 14 iyun 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 3278,4 qram 32 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi, 9,916 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış və götürmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-60,00 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar