Məhkəmə qərarları › İş №1(099)-165/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-165/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-165/2023 25.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1984-cü ildə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.2 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında Sabirabad şəhəri Anar Məmmədov küçəsi ev 90 ünvanındakı yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə külli miqdarda, yəni 31 ədədini yetişdirərək kultivasiya etmiş, 24 iyun 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, orada ümumi çəkisi 1500 qram olan 31 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda 0,224 qram çəkidə narkotik vasitə heroini və 70,20 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində daşımış, 24 iyun 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən təxirəsalınmadan keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evində saxlanılaraq Sabirabad rayon polis şöbəsinə dəvət edilib üzərində şəxsi axtarış aparılan zaman, əynindəki şalvarın arxa sağ cibindən 1 ədəd bükümdə təmiz çəkisi 0,224 qram olan həmin narkotik vasitə heroin və 1 ədəd bükümdə təmiz çəkisi 70,20 qram olan narkotik vasitə qurudulmuş marixuana, eləcə də həmin narkotik vasitələrin satışı zamanı istifadə etdiyi bir ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi özünü qismən təqsirli, CM-nin 237.2.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, özü narkotik vasitələrdən qurudulmuş marixuanadan istifadə edir. Elə bu səbəbdən də 2022-ci ilin aprel ayında öz yaşadığı evin həyətində 31 ədəd çətənə bitkisi əkmişdir. Həmin bitkiləri əkdikdən sonra isə onlara su vermişdir. 24 iyun 2022-ci ildə öz evinin həyətində polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları həyətə baxış keçirərkən isə əkdiyi çətənə bitkilərini onlara təqdim etmişdir. Daha sonra isə onu polis şöbəsinə aparmışlar. Şöbədə olarkən isə üzərinə axtarış keçirilmiş, bu zaman üzərində saxladığı qurudulmuş marixuananı, heroini və elektron tərəzini çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş narkotiklər və tərəzi özünə məxsus olmuşdur. Narkotikləri şəxsi istifadəsi üçün əldə etmiş, tərəzini isə narkotik alarkən aldanmasın deyə üzərində saxlamışdır. Üzərindən aşkar edilmiş qurudulmuş marixuananı əkdiyi çətənə bitkilərinin yarpaqlarını toplamaqla əldə etmiş, heroini isə tapmışdır. Törətdiyi əməlindən çox peşmandır, himayəsində üç məktəbli uşağının və onkoloji xəstə arvadının olmasını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmdən xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamlarla təqsirli bilərək göstərmişdir ki, həyətində əkdiyi 31 ədəd çətənə bitkiləri, şəxsi axtarış zamanı təqdim etdiyi narkotik vasitələr heroin və qurudulmuş marixuana, eləcə də elektron tərəzi özünə məxsusdur. Heç vaxt narkotik vasitə satmadığını, üzərindən aşkar edilmiş narkotik vasitələri tutulmamışdan 3-4 gün əvvəl Sabirabad şəhəri ərazisində tapdığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını, kiməsə narkotik vasitə vermədiyini, narkotik maddələrin satışını həyata keçirmədiyini bildirmişdir. Yaşadığı evin həyətyanı sahəsində əkdiyi çətənə bitkilərini 2020-ci ilin aprel ayında həm özü istifadə etmək üçün, həm də maddi imkanı zəif olduğu üçün satmaq məqsədi ilə əkmiş, lakin konkret olaraq kimlərə satmağı planlaşdırmamışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs həmin ifadəsindən məlumatsız olduğunu, istintaq zamanı ifadə vermədiyini, yalnız təhqiqatçıya izahat verib, həmin sənədələri də oxumadan imza etdiyini, həmin ifadələrini isə təsdiq etmədiyini, məhkəmədə dediklərinin isə doğru olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 24 iyun 2022-ci il tarixdə ona daxil olmuş məlumat əsasında raportla baş idarənin rəisinə məruzə edərək, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik maddələr olan bitkiləri kultivasiya edərək, Sabirabad rayonu ərazisində dövriyyəsi ilə məşğul olduğunu bildirmişdir. Sonra həmin tarixdə tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmiş və həmin qərar baş idarənin rəisi tərəfindən təsdiq edilərək tədbirin keçirilməsinə icazə verilmişdir. Bundan sonra tədbirdə iştirak edən polis əməkdaşları ilə birlikdə Sabirabad şəhərinə ezam olunmuşlar. Sabirabad şəhərində isə Təqsirləndirilən şəxs yaşadığı ünvana yaxınlaşıb, qapını döymüşlər, giriş qapısını Təqsirləndirilən şəxs açmış, o və digər əməliyyat qrupunun üzvləri özlərini təqdim etmişlər və gəlişlərinin səbəbini bildirmişlər. Sonra Təqsirləndirilən şəxs onu və əməliyyat qrupunun digər üzvlərini evin həyətinə dəvət etmişdir və evin həyətində videoçəkiliş başlanmışdır. Təqsirləndirilən şəxs fərdi yaşayış evinin otaqlarına və yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazıb təqdim etmişdir. Bundan sonra həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə 31 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Aşkar edilmiş bitkilər topaqdan çıxarılaraq çəkilmiş və qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin otaqlarına baxış keçirilmiş və baxış zamanı qanunla qadağan olunmuş hər hansı bir əşya predmet və ya maddə aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs Sabirabad Rayon Polis Şöbəsinə gətirilməklə, müdafiəçinin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının arxa sağ cibindən bir ədəd bükümdə qurudulmuş marixuanaya oxşar, bir ədəd bükümdə heroinə oxşar kütləni və bir ədəd elektron tərəzini təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim edilmiş kütlələr elektron tərəzidə çəkilmiş, həmin kütlələr qablaşdırılmış və üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar ifadə vermişdir. İşdə olan BNMİ-nin X.M.İ.Ü baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”undan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya edərək Sabirabad rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. (c 1, i.v 4) İşdə olan «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin X.M.İ.Ü baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c 1, i.v 5-6) İşdə olan xx.xx.2022-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, yaşadığı evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etirazı yoxdur. Nəzərə alınmasını xahiş edir. (c 1, i.v 17) İşdə olan 24 iyun 2022-ci il tarixli evə baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, Sabirabad şəhəri Anar Məmmədov küçəsi ev 90 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədə qanunsuz olaraq əkib-becərdiyi 31 ədəd narkotik tərkibli çətənə kollarına oxşar bitkilər aşkar edilərək götürülmüşdür. (c 1, i.v 19-20) İşdə olan 24 iyun 2022-ci il tarixli Mütəxəssis rəyindən görünür ki, həmin tarixdə ünvan 6 ünvanında Təqsirləndirilən şəxs yaşadığı evin torpaq sahəsinə və yaşadığı evə baxış keçirilmiş, baxış zamanı həyətdə əkilmiş, 31 ədəd çətənə bitkiləri, ştilləri aşkar olunmuşdur. Həmin bitkilər tərkibindəki narkotik maddələr olan çətənə bitkiləridi, bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir, dibləri yumşaldılmış, mütəmadi olaraq suvarma işləri aparılmışdır. (c 1, i.v 21) İşdə olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30 dəqiqədən tutulmuş hesab edilmişdir. (c 1, i.v 30) İşdə olan 24 iyun 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Hüseynov X2 Rayon Polis Şöbəsinə dəvət edilib üzərində şəxsi axtarış aparılan zaman, əynindəki şalvarın arxa sağ cibindən 1 ədəd bükümdə narkotik vasitə heroinə oxşar, 1 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. (c 1, i.v 41-42) İşdə olan Məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasının 25 iyun 2022-ci il tarixli 18/702-703 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,224 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd elektron tərəzinin üzərində heroinin izləri vardır. İz mikrohissəcikləri normal çəki təşkil etmədiyindən (elektron tərəzinin ölçmə həddindən xaric mikroçəki) və bu səbəbdən də iz mikrohissəciklərinin miqdarını və 01 ədəd bükümdə olan heroin ilə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 01 ədəd bükümdə təmiz çəkisi 70,20 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri və imzalar olan baş-başa keçirilmiş polietilen torbalarda ümumi sayı 31 ədəd, yaş vəziyyətdə, ümumi çəkisi 1500 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Heroinin təmiz çəkisi-0,224 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq-0,174 qr. Çətənə (kannabis) bitkilərinin ümumi çəkisi 1500 qr, tədqiqata sərf edildi-0,62 qr, qalıq-1499,38 qr. Marixuananın təmiz çəkisi-70,20 qr, tədqiqata sərf edildi-0,02 qr, qalıq-70,18 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 63,90 manat təşkil edir. (c İ, i.v 48-51) İşdə olan nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2006-cı il təvəllüdlü, xx.xx.2014-cü il təvəllüdlü, xx.xx.2008-ci il təvəllüdlü üç uşağı var. (c İ, i.v 59-63) İşdə olan xx.xx.2022-ci il tarixli Sabirabad Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 24 iyun 2022-ci il tarixdən hesablanmışdır. (c İ, i.v 78-79) İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (c İ, i.v 82) İşdə olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4736 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (c 1, i.v 106- 107) İşdə olan 16 dekabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, ilkin çəkisi 1500 qram olan, tədqiqatdan sonra çəkisi 1499,38 qram qalmış 31 ədəd çətənə (kannabis) bitkilərinin, ilkin çəkisi 0,224 qram olan, tədqiqatdan sonra çəkisi 0,174 qram qalmış narkotik vasitə heroinin, ilkin çəkisi 70,20 qram olan, tədqiqatdan sonra çəkisi 70,18 qram qalmış narkotik vasitə qurudulmuş marixuananın, eləcə də üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi maddi sübut hesab edilmiş və saxlanması üçün RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (c 1, i.v 128-135) Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərindən aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 0,224 qram çəkidə narkotik vasitə heroini və 70,20 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə etmək məqsədilə əldə edib, üzərində saxlamaqla daşımasına münasibətdə bildirdikləri istisna olmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Belə ki, işin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələrlə yanaşı, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə təqsirləndirlən şəxsin yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkib, külli miqdar hesab edilən 31 (otuz bir) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərib əkib yetişdirməklə kultivasiya etməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Bundan başqa Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, üzərindən aşkar edilmiş şəxsi istehlak miqdarından artıq miqdarda 0,224 qram çəkidə narkotik vasitə heroini və 70,20 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadə etmək məqsədilə əldə edib, üzərində saxlamaqla daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz olaraq əldə etdiyi 0,224 qram çəkidə narkotik vasitə heroini və 70,20 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlamaqla daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, eyni zamanda təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə də tam təsdiq edilir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs həmin narkotik vasitələri əldə edərkən, üzərində saxlamaqla daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu hissədə qeyd olunmalıdır ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın arxa sağ cibindən 1 ədəd bükümdə 0,224 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd bükümdə 70,20 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş maddələrin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış maddələrin növünü mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu imzalamaqla yuxarıda sadalanan narkotik vasitələrin və elektron tərəzinin özünə məxsus olmasını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını təsdiq etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs üzərindən aşkarlanmış narkotik vasitələrin çəkisini, həmin kütlələrin olduğu bükümlərin sayını və onların növünü mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində heç kəsə narkotik vasitə satmadığını, aşkar edilmiş narkotik vasitələri öz şəxsi istifadəsi üçün əldə etdiyini, elektron tərəzini isə öz istifadəsi üçün narkotik vasitə alarkən çəkidə aldanmamaq məqsədilə daşımasını iddia etmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəni inandırıcı saymayaraq belə hesab edir ki, o, qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, aşkar edilmiş narkotik vasitə heroinin və qurudulmuş marixuananın şəxsi istehlak miqdarından və gündəlik istifadə dozasından dəfələrlə çox olması, həmin maddələrin iki növdə olmaqla, təqsirləndirilən şəxsin isə yalnız kannabioidlərin qəbulu nəticəsində yaranan asılılığının olması, narkotik vasitələrlə yanaşı üzərində elektron tərəzi daşıması, həmin tərəzinin üzərində isə heroin izlərinin olması kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də narkotik vasitələrin satışı ilə məşğul olmuş, habelə o, üzərindən aşkar edilmiş narkotik vasitələri məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanması başa düşülür. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5-ci və 12-ci sətlərinə əsasən heroin və qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığı ilə 0,15 qram və 5 qram külli miqdarının aşağı həddi isə 2 qram və 500 qramdır. Habelə həmin Qanunun «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan «Çətənə növlü bitkilər»in ölçü vahidləri-sayı 16 ədəddən yuxarı olduqda külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməllərini qəsdən törətmişdir. Onun əməlləri başa çatmış cinayətlərdir və cinayətlərin təsnifatına görə az ağır və ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinməklə həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, 2 (iki) yetkinlik yaşına çatmayan uşağının olması isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 237.2.3-cü maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və təyin edilmiş cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübutlar kimi tanınaraq Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 1499,38 qram 31 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi, 70,18 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 0,174 qram narkotik vasitə olan heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-63,90 (altmış üç manat, doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkiləri 1499,38 qram 31 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi, 70,18 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, 0,174 qram narkotik vasitə olan heroin və üzərində heroinin izləri olan bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-63,90 (altmış üç manat, doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar