Məhkəmə qərarları › İş №1(099)-166/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-166/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-166/2023 18.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Səfərli Cavid Şamil oğlunun sədrliyi, Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, müdafiəçi – Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1982-ci ildə Lənkəran şəhərində anadan olmuş, ali təhsilli, evli, əvvələr məhkum olunmamış, Lənkəran rayonu, Lənkəran şəhəri, Hacılar küçəsi, ev 87-də qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 206.3.2, 234.4.1, 234.4.3, 29,234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olması güman edilən “Raşif” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması, habelə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitələrin əldə edib qrupun digər üzvünə çatdırmağı və realizə etməyi qabaqcadan vəd vermiş, bundan sonra məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdar təşkil edən təsiredici maddəsinin ümumi miqdarı 119,2 qram olan 2980 həb metadonu Lənkəran şəhəri ərazisində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 14-cü sərhəd zastavasının 17-ci sahəsində, 403,3 qram heroini isə Ələt-Astara avtomobil yolunun üzərində yerləşən 13 nömrəli nişanın yaxınlığında gizlədilməsi barədə ona məlumat verilməsindən sonra o, 07 iyun 2022-ci il tarixdə, saat 22 radələrində həmin narkotik vasitəni gizlədildiyi yerdən götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan bir ədəd bağlamada, külli miqdarda narkotik vasitə, təsiredici maddəsinin ümumi miqdarı 119,2 qram olan 2980 həb metadon aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxslə aparılmış filtrasiya tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun üzərində yerləşən 13 nömrəli nişanın yaxınlığında külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 403,3 qram heroinin olduğu müəyyən edilmiş, o, təkrarən qanunsuz olaraq satış məqsədi ilə həmin narkotik vasitəni əldə edib, saxlayıb daşımağa cəhd etsə də, saxlanıldığı üçün iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməmiş, həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 403,3 qram heroin onun özünün iştirakı ilə gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir İran vətəndaşını tanımır, heç bir iran vətəndaşı ilə telefonla və ya whatsaap tətbiqi vasitəsilə danışmamışdır. Tanışı bir nəfərin +994 70 803 25 71 saylı mobil nömrəsini vermiş, ondan narkotik vasitələr əldə edə biləcəyini demiş, hadisədən bir müddət əvvəl həmin şəxslə whatsapp tətbiqi vasitəsilə zəng edərək tanış olmuş, narkotik vasitə göndərməsini istəmiş, həmin şəxs də ona narkotik vasitə göndərəcəyini demişdir. Saxlanılmamışdan 2-3 gün əvvəl adı yadında qalmayan şəxs ona zəng edərək yaxınlarda narkotik vasitə olacağını demiş, 07 iyun 2022-ci il tarixdə həmin şəxs ona zəng vuraraq metadon göndərəcəyini bildirmiş, həmin gün saat 22 radələrində həmin şəxs narkotik vasitənin gizlədildiyi yarımtikilinin fotoşəklini və koordinatları whatsaap tətbiqi vasitəsilə göndərmiş, daha sonra ona başqa bir əraziyə narkotik vasitə heroin qoyulacağını və onu da götürməsini bildirmiş, həmin kordinat üzrə hərəkət etmiş, həmin ərazi təxminən Lənkəran rayonu Siyavar kəndinin ərazisi olmuşdur. O, taksi ilə həmin əraziyə getmiş, narkotik vasitəsinin göndərdiyi əraziyə çatdıqda taksi sürücüsünə avtomobili saxlamasını demiş, avtomobildən düşmüş, narkotik vasitənin gizlədildiyi yarımtikiliyə yaxınlaşmış, lakin qorxduğu üçün geri qayıtmaq istədikdə bir neçə nəfər mülki geyimli şəxslər onu saxlamışlar. Həmin şəxslərin Dövlət sərhəd xidmətinin əməkdaşları olması bilmiş, metadon həbləri narkotik vasitə yarıtikilidən aşkar edilmiş, lakin o, həmin maddələri götürməmişdir, əməliyyatçılar özləri götürmüşlər. Bundan başqa ikinci koordinat üzrə əməliyyatçılarla birlikdə gedərək Astara rayonundan Lənkəran şəhəri istiqamətdə yolun kənarında olan 13 nömrəli nişanın yanından heroin aşkar edilərək götürülmüşdür. Özünü yalnız narkotik vasitəsi götürməyə getdiyi üçün təqsirli bilir, narkotik vasitəsini götürməyə getsə də, taksidən düşəndən sonra həmin narkotik vasitə saxlanıldığı yarımtikiliyə qorxduğu üçün girməmiş, heç bir bağlama götürməmişdir. Törətdiyi əməldən peşimandır, məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqda verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, metadon həblərini əldə etmək üçün sözü gedən yarımtikilinin içərisinə girmiş və həmin narkotik maddələri götürdükdən sonra saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı verdiyi ifadəsində “narkotik vasitənin gizlədlidiyi yarımtikiliyə yaxınlaşmış, lakin qorxduğu üçün geri qayıtmaq istədikdə əməliyyatçılar onu saxlamış, metadon həblərini götürməmiş, narkotiki əməliyyatçılar özləri götürmüşlər” hissəsi obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları ona daha yüngül cəza təyin edilməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu Şahid1 ifadəsində göstərmişdir ki, 07 iyun 2022-ci il tarixdə alınmış əməliyyat məlumatına əsasən Lənkəran şəhəri Siyavar kəndi ərazisində yerləşən yarımtiklidə pusqu xidmətini təşkil etmiş, pusqu xidmətini təşkil edərkən təxminən saat 22 radələrində yarımtikilinin yaxınlığında “Kia” markalı avtomobilin dayandığını və sərnişin tərəfdən bir nəfərin düşdüyünü və özünü şübhəli aparmasını müşahidə etmiş, daha sonra həmin şəxs yarımtikilidə gizlədilmiş 01 ədəd qara rəngli politetilen torbanı götürərək ərazidən uzaqlaşarkən saxlanılmış, saxlanılan şəxsdən içərisində metadon həbləri olan qara rəngli selofan torba aşkar olunaraq götürülmüş, saxlanılan şəxs özünü Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs olduğunu təqdim etmiş, daha sonra onunla aparılmış filtirasiya tədbirləri zamanı Ələt-Astara avtomobil yolunun üzərində yerləşən 13 nömrəli nişanın yaxınlığında narkotik vasitə olduğu məlum olmuş, Təqsirləndirilən şəxs iştirakı ilə həmin ərazidən içərisində narkotik vasitə heroin olan ağ rəngli torba aşkar olunaraq götürülmüş, daha sonra aşkar olunmuş narkotik vasitələr və saxlanılan şəxs Təqsirləndirilən şəxs hərbi hissəyə gətirilmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Lənkəran şəhərində taksi fəaliyyəti ilə məşğuldur, X8 müştəri aparan zaman Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonuncu ondan mobil telefon nömrəsini istəmiş, o da mobil telefon nömrəsini Təqsirləndirilən şəxs vermiş, sonradan bir neçə dəfə taksi sürücüsü kimi ona xidmət göstərmişdir. 07 iyun 2022-ci il tarixdə təxminən nahar vaxtı Təqsirləndirilən şəxs zəng edərək saat 21:30-da Lənkəran şəhərində yerləşən “Kiçik bazar”ın yaxınlığında Təqsirləndirilən şəxs ilə görüşmüş, birlikdə Astara rayonu istiqamətdə hərkət etmiş, Astara rayonuna çatanda Təqsirləndirilən şəxs yenidən Lənkəran şəhəri istiqamətdə hərəkət etmələrini demiş, Siyavar kəndi yaxınlığına çatanda Liman kafenin qarşısında ona avtomobili saxlamağını, bu zaman Təqsirləndirilən şəxs görüşəcəyi adamlar hələ gəlmədiyini, avtomobildən düşərək ayaqyoluna gedib-gələcəyini demiş, Təqsirləndirilən şəxs avtomobildən təxminən 15-20 addım aralandıqdan sonra qaranlıq olduğu üçün gözdən itdiyini müşahidə etmiş, bu zaman təxminən 5-6 nəfərin hərəkət etdiyini və “buraxın məni” səslərini eşitmiş, dava-dalaş olduğunu düşünmüş, problem olmasın deyə həmin yerdən uzaqlaşmış, Lənkəran şəhəri istiqamətdə hərkət etmiş, polis işləyən qardaşı Camal Əliyevə bununla bağlı məlumat vermiş, daha sonra internet resurslarında Təqsirləndirilən şəxs narkotik vasitə əldə edərkən saxlanıldığını görmüşdür. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə N nömrəli hərbi hissənin inzibati binasına dəvət olunmuş, onlara hal şahidi kimi hüquq və vəzifələri izah olunmuş, saat 22 radələrində Təqsirləndirilən şəxs saxlanıldığı Lənkəran şəhəri Siyavar kəndi ərazisində, avtomobil yolunun yaxınlığındakı yarımtikiliyə baxış keçirilmiş, Təqsirləndirilən şəxs 01 ədəd içərisində metadon həbləri olan qara torba aşkar olunaraq götürülmüş, Təqsirləndirilən şəxs ilə aparılan söhbətdən sonra onun iştirakı ilə Ələt-Astara avtomobil yolunda 13 nömrəli nişanın yaxınlığından içərisində heroinə oxşar maddə olan 01 ədəd ağ rəngli torba aşkar olunaraq götürülmüş, aşkar olunaraq götürülmüş içərisində heroinə oxşar maddə olan torba və metadon həblər qablaşdırılmışdır. Bundan başqa aşkar edilərək götürülmüş torbalara N nömrəli hərbi hissənin inzibati binasında baxış keçirilmiş, Lənkəran şəhəri Siyavar kəndi ərazisində yarımtikilidə saxlanılarkən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd qara rəngli selofon torbanın içərisində təxminən 2950-3000 ədəd metadon həbinin və Ələt-Astara avtomobil yolunda 13 nömrəli nişanın yaxınlığından aşkar olunaraq götürülmüş 01 ədəd ağ rəngli torbadan içərisində isə təxminən 500 qram heroinə oxşar maddənin olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/3225 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün №-29 dairəvi möhür əksləri olan qutudakı üzərində “Ələt-Astara avtomagistral yolunun üzərində yerləşən 13 № nişanın yaxınlığında aşkar olunmuş heroinə oxşar vasitə yazısı olan bükümdə təmiz çəkisi 403,3 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, üzərində “Lənkəran şəhəri Siyavar kəndi ərazisində yerləşən yarımtikilidən aşkar olunmuş “Metadon 40” psixotrop həblər” yazısı olan bağlamada üzərində “Methadone 40” markalanma göstəricisi olan 298 ədəd konvalyutda, hər konvalyutda 10 ədəd, ümumilikdə 2980 ədəd üzərlərində “F/Ç40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 2980 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 119,2 qramdır (konvalyutların üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Ekspertiza tədqiqatından sonrakı qalıq heroin 403,1 qram və 2960 ədəd metadon həb. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2499 nömrəli ambulator məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilməyib, hadisə zamanı öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur, istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 4654 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, 07 iyun 2022-ci il tarixdə saat 20:41-dən 23:35-dək Təqsirləndirilən şəxs istifadəsində olan “SAMSUNG GALAXY A10” mobil telefonunda olan whatsaap proqramında “Tre” adı ilə qeyd olunmuş Azerfon operatoruna məxsus ***-***-**- ** nömrəsi ilə iş üçün əhəmiyyətli olan aşağıdakı yazışmalar, səslər və fotoşəkillər aşkar olunmuşdur. Belə ki, Təqsirləndirilən şəxs : “pul hazırdı, kartı at” sözlərini göndərmiş; (20:41) -“Tre” adı ilə qeyd olunmuş Azerfon” operatoruna məxsus ***-***-**-** nömrə: “əla, əla”, “leo bankdı, adı da rozadı” səs yazılarını və “**********328416” nömrəli bankomat kartının şəklini göndərmiş;(20:42-20:49) -Təqsirləndirilən şəxs: “ok, ataram mən” sözlərini göndərmiş; (21:09) -“Tre” adı ilə qeyd olunmuş Azerfon” operatoruna məxsus ***-***-**-** nömrə; “qardaş amandı çeki şey edən kimi, əlivə çatdısa çek mənə at” səs yazılarını göndərmiş; (21:10) -Təqsirləndirilən şəxs: “oldu” sözünü, “özüm atıram qardaş narahat olma” səs yazısnı, və “leobanka məxsus X4 məxsus bankomat kartına 1500 manat məbləğində pul köçürülməsi olan çekin” foto şəklini göndərmiş; (21:10-21:27) -“Tre” adı ilə qeyd olunmuş Azerfon” operatoruna məxsus ***-***-**-** nömrə: “qardaş bu 1500-dür, 2000 vuracağdınız, olacaq ya olmayacaq?” səs yazılarını göndərmiş; (21:29) - Təqsirləndirilən şəxs : “Sənə mən dedim ki, 1500-2000 arası, yəni 2000-ə qədər düzələr, 1500 düzəldi altdım sənin üçün, axşama qədər düzəlsə ataram 500, olmasa səhər hökmən, səhər nə qədər düzəldi atacam sənə, hər gün sənin üçün pul atacağıq, darıxdırma özünü ” və “inşallah 10-un yarısıdı bizdə qardaş,sən mənə deyərsən göndərirəm uşağı,bəlkə özüm getdim, gedim ora qayıdanda təkəridə hötürə bilsəydikda rahat olardıq, bir dəfə çıxardıqda maşınla” səs yazılarını göndərmiş; (21:30-21:31) -“Tre” adı ilə qeyd olunmuş Azerfon” operatoruna məxsus ***-***-**-** nömrə: “oldu qardaş, oldu, sənə qurban, Allah bərəkət versin” və “ təkər ehtimal sizin tərəfdə olacaq darıxma, bunu əvvəl götürək, sonra onu götürərik” səs yazılarını göndərmiş; (21:31-21:32) - Təqsirləndirilən şəxs : “Qismətdi bilmək olmaz birdə gördün təkərləri özümüz yerbə-yer etdik, indi sən kimə deyərsən onu verərik,qalanı qalar verə bilməsən biz verərik, problem yoxdu, alverdi da bilmək olmur, istədilər verdikda sənin də işin aşdı bizimdə işimiz aşdı” səs yazılarını göndərmiş; (21:32) -“Tre” adı ilə qeyd olunmuş Azerfon” operatoruna məxsus ***-***-**-** nömrə: “oldu qrdaş, oldu” səs yazılarını göndərmiş; (21:33) - Təqsirləndirilən şəxs : “Qardaş mən saat 10-du bizdə mən nə qədərə çıxacam?, mənə bir xəbər edərsən” səs yazılarını göndərmiş; (21:54) -“Tre” adı ilə qeyd olunmuş Azerfon” operatoruna məxsus ***-***-**-** nömrə: “Qardaş danışmışam, zəng edirəm çıxassan” səs yazısını (22:10) və “yarımtikili olan evin fotoşəklini” (22:10) , “ qardaş o dərmanınkıdı indi konumunuda atıram” səs yazısını (22:13) , “Google map vasitəsilə narkotik vasitə olan metadonun olduğu kordinatları” olan fotoşəkli (22:18), “bu dərmanlarınkıdı, o birsidə atıb o torpaq” (22:18) və “Qardaş bunu əvvəl götür dərmanı” (22:19) səs yazılarını göndərmiş; - Təqsirləndirilən şəxs : “Bir dənə məni düz başa sal, bu konum haradır?, birinci dərmanındır?, bu konum, şəkillə?, haradır, hansı tərəfdir, bu konum açmır məndə, Astara tərəfdir?” (22:19) -“Tre” adı ilə qeyd olunmuş Azerfon” operatoruna məxsus ***-***-**-** nömrə: “Denən getsin götürsün, o evi görürsən?, o xarabalıq kimi, birinci otaq yox, ikinci otaqdır de, qoyubdur ora” (22:20), “qardaş bir dənə konumu açsan yaxşı olar, belə başa salmaq olmaz, sənə mən qurban olum, amandı bir dənə şey elə konumu aşdır” (22:27), “konumu açmasan sən gedib götürə bilməyəcksən, sən bir konumu olan tap, bir dənə konumla aç bax ona” (22:28) və “qardaşım velsiyavar kəndi var ha, köhnə yoldu, köhnə yol ilə gəlirsən, konuma girsən Lənkəranın Velsiyavar kəndi var ha bax ordadı,əgər konbiri tərəfdən gələrsən sağda restorandı,həmin o sənə şəkil atdım haa evin şəkli onun içindədir, düz onunla üzbəüz sağda restorandır, bu tərəfdə də dəniz kənarı parkdır, girsin içəridə binanın içərisinə girsin, qabağa getsin götürsün” ( 22:29) səs yazılarını göndərmiş; - Təqsirləndirilən şəxs : “oldu” sözünü (22:30) göndərmiş; -“Tre” adı ilə qeyd olunmuş Azerfon” operatoruna məxsus ***-***-**-** nömrə: “qardaş götürdün mənə de” (22:39), “qardaş o biri də hazırdı, elə gedəssən Astaradan firlanacaqsan” (22:39) səs yazılarını və “qardaş” sözünü (22:50)göndərmiş; -Təqsirləndirilən şəxs : “ay can” sözünü (22:30) , “yoldayam” (22:51) sözlərini göndərmiş; -“Tre” adı ilə qeyd olunmuş Azerfon” operatoruna məxsus ***-***-**-** nömrə: “qardaş o biri də hazırdı onu deyim sənə?” (22:51) səs yazısını göndərmiş; -Təqsirləndirilən şəxs : “götürüm xəbər edəcəm” sözünü (22:51) və “at mənə görüm o hansı tərəfdədi” (22:52) sözlərini göndərmiş; -“Tre” adı ilə qeyd olunmuş Azerfon” operatoruna məxsus ***-***-**-** nömrə: “13” rəqəmini (22:52) və “qardaş Astaradan Bakıya gedən tərəfə, znakdan 2 metr Bakıya tərəf ordadır” (22:52) səs yazısını göndərmiş; -Təqsirləndirilən şəxs : “birincisi hazırdır, gedirəm indi ikincisinə” (23:33) sözünü göndərmiş; -“Tre” adı ilə qeyd olunmuş Azerfon” operatoruna məxsus ***-***-**-** nömrə: “qardaşım oldu başına dönərəm, o bir dənə haçandı qalıb, söküblər məni haa, amandı get onu götür qardaşımsan” (23:35) səs yazısını göndərmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli «Milliön» elektron ödəmə sistemindən Terminal №02047 nömrəli qəbzdən görünür ki, X3 adında olan 64328416 nömrəli kartına 1500 (min beş yüz) manat pul köçürülmüşdür. İş materiallarında olan «şəxsi axtarış, fiziki şəxsdə olan şeyləri yoxlama, şeylərin və sənədlərin götürülməsi haqqında» 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən bir ədəd «Samsung» markalı mobil tetefon, bir ədəd plastik kart, 2 ədəd pul köçürməsi ilə bağlı çek, 10 ədəd açar və 182 manat 10 qəpik məbləğində pul aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli «götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Siyavar kəndi ərazisində saxlanılrakən 01 ədəd qara rəngli selofan torba aşkar olunaraq götürülmüş, o saxlanıldıqdan sonra Ələt- Astara avtomobil yolunun üzərində yerləşən 13 nömrəli nişanın yaxınlığında 01 ədəd içərisində narkotik vasitə olan bağlamanın olduğunu bildirmiş, hal şahidlərinin və özünün iştirakı ilə həmin ərazidən 01 ədəd ağ rəngli bağlamada narkotik vasitə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli «aşkar olunmuş predmetə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman aşkar olunmuş qara rəngli bağlamanın içərisindən 2980 ədəd metadon həbi, bundan başqa Ələt-Astara avtomobil yolunun üzərində yerləşən 13 nömrəli nişanın yaxınlığından götürülmüş ağ rəngli bağlamadan isə 525 qram narkotik vasitə heroinə oxşar maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli “inzibati qaydada tutulma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:30-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan 08 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli inzibati qaydada və şübhəli şəxs qismində tutulduğu 08 iyun 2022-ci il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. Lakin, iş materiallarında olan DSX-in 2004 saylı Hərbi hissənin komandirinin xx.xx.2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:50-də saxlanılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 07 iyun 2022-ci il tarixdə məhdudlaşdırılmışdır. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası təyin edildiyi halda cəzaçəkmənin əvvəlinin 07 iyun 2022-ci il tarixdən hesablanmasını məqsədəmüvafiq hesab edir. İş materiallarında olan 21 iyun 2022-ci il tarixli Respublika Psixiatriya Xəstəxanası Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan 07 iyul 2022-ci il tarixli Respublika Narkoloji Mərkəzi Publik Hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında 09 iyun 2022-ci il tarixli «maddi sübut kimi tanınması haqqında» qərarından görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 403,1 qram narkotik vasitə heroin və 2960 ədəd metadon həbləri maddi sübut kimi tanınaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan 14 dekabr 2022-ci il tarixli «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» qərarı ilə qərardan görünür ki, şəxsiyyəti istintaqa “Raşif” adlı ilə məlum olan İran İslam Respublikası vətəndaşı və qeyriləri barəsində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 318.1, 206.3.2, 234.4.1 və 234.4.3 -cü maddələri ilə ayrı icraatda cinayət işi ayrılmışdır. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli aktdan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 182 manat 10 qəpik məbləğində pul onun özünə qaytarılmışdır. İş materiallarında olan Lənkəran şəhər 1 nömrəli inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 iyun 2022-ci il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Ağayev X2 şəhəri, Hacılar küçəsi ev 87-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2013-cü il təvəllüdlü və xx.xx.2011-ci il təvəllüdlü azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə neç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti özünə məlum olan “Raşif” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və güclü təsir edən maddə metadon həblərini ı əldə etmiş, saxlamış və daşımış, habelə həmin maddələrin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə, narkotik vasitə və güclü təsir edən maddəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq 234.4.1, 234.4.3, 29,234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və “Raşif” adlı şəxs əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitə və güclü təsir edən maddəni Təqsirləndirilən şəxs qəbul edib Azərbaycan Respublikasında həmin maddələrin realizə olunmasını təmin edəcəkdir. Həmin razılaşmadan sonra “Raşif” adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi narkotik vasitə və güclü təsir edən maddəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin yerdən bu maddələri satış məqsədi ilə əldə edib saxlamış, lakin həmin vaxt sonuncu Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti özünə məlum olan “Raşif” adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik və silahın qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan “Raşif” adlı şəxs tərəfindən narkotik vasitələrin, psixotrop və güclü təsir edən maddələr, eləcə də odlu silah və qaz silahı qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddələri əldə etmiş, yəni göstərilən halda qaçaqmalçılıq yalnız bir nəfər şəxs icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi maddə və əşyaların Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan “Raşif” adlı şəxs tərəfindən həmin maddə və əşyaların qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan “Raşif” adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş külli miqdarda narkotik vasitə və güclü təsir edən maddələri əldə edib realizə olunmasına əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-nin 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1, 234.4.3, 29,234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və metadon maddələr “külli miqdar” kimi qiymətləndirilir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3, 29,234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmalıdır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı 07 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs 2 azyaşlı uşağnn olmasnı CM-nin 59.1.4-cü maddəsinə, ilk məhkumluğunu, cənc olmasını, əməlini qismən etiraf etməsini isə Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsir1əndirilən şəxs Təqsirləndirilən şəxs cəzasının ağırlaşdıran hal müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq – Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 403,1 qram narkotik vasitə heroin və 2960 ədəd metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon aparatı onun yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 07 iyun 2022ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 29,234.4.1, 29,234.4.2 və 29,234.4.3-cü maddələri ilə 6 (altı) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına və CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Təqsirləndirilən şəxs qəti cəza 7 (yeddi) 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq - Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 403,1 qram narkotik vasitə heroin və 2960 ədəd metadon həbləri məhv edilsin. - Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd «Samsung» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə ekspertiza xərcləri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar