Məhkəmə qərarları › İş №1(099)-167/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-167/2025

07.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-167/2025 07.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, 01 avqust 1998-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, məhkum olunmamış, Naxçıvan şəhəri, Xətai məhəlləsi, döngə 19, ev 42-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbirni seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs İran İslam Respublikasında olan şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananın və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanılması və ona ödənilməli olan 7350 ABŞ dolları müqabilində idarə etdiyi “Daf” markalı, ** BK ***/** ZK *** dövlət qeydiyyat nişanlı yük avtomobilində daşıyaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu keçirməklə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində cinayətkar qrupun digər üzvlərinə təhvil verəcəyi barədə razılaşmaqla qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, idarə etdiyi yük avtomobilinə Naxçıvan Muxtar Respublikasında yüklənmiş sirab suyu yükünü İran İslam Respublikası ərazisindən keçməklə Bakı şəhərinə aparmaq üçün 19 avqust 2024-cü il tarixdə Naxçıvn Muxtar Respublikasından yola düşmüş, həmin gün İran İslam Respublikası ərazisinə daxil olduqdan sonra 22 iyul 2024-cü il tarixədək həmin ölkənin ərazisində olduğu müddətdə Parsabad şəhərində idarə etdiyi yük avtomobilini cinayətkar qrupun üzvlərinə təhvil vermiş, cinayətkar qrupun üzvləri satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 38 ədəd bağlamalarda 30030 qram külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı və bir ədəd bükümdə 7,9 qram külli miqdarda psixotrop maddə metamfetamini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə yük avtomobilinin qoşqusunun ön hissəsində quraşdırılmış soyuducuhavalandırma sisteminin daxilindəki boşluqda yerləşdirmiş, o isə ümumi cinayətkar niyyətlə əldə etdiyi qeyd olunan narkotik vasitə marixuananı və metamfetamini avtomobilində qanunsuz olaraq saxlamış, X3 Azərbaycan Respublikasına daşımış və 22 iyul 2024-cü il tarixdə saat 11 radələrində Dövlət Gömrük Komitəsi Biləsuvar Gömrük İdarəsinin Biləsuvar rayonu ərazisində yerləşən Rəsmiləşdirmə Mərkəzi 1-ci bölmədə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmiş və gömrük nəzarəti zamanı həmin miqdarda narkotik vasitə qurudulmuş marixuana və psixotrop maddə metamfetamin gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Naxçıvan şəhərində yaşamaqla idarə etdiyi «DAF» markalı, 67BK368/99ZK452 dövlət qeydiyyat nişanlı avtomaşınla yük daşımaqla məşğuldur. Narkotik vasitələrdən istifadə etmir. 18 iyul 2024-cü il tarixdə idarə etdiyi avtomaşına Naxçıvan Muxtar Respublikasında sirab suyu yüklənmişdir. O, həmin sirab suyunu Bakı şəhəri Masazır qəsəbəsində yerləşən Sirab zavoduna təhvil verməli olmuşdur. O, avtomobili idarə etməklə 19 iyul 2024-cü il tarixdə Naxçıvandan Bakı şəhəri istiqamətində yola düşmüş, həmin gün Culfa gömrük postunu keçərək İran İslam Respublikasına daxil olmuşdur. Gömrükdə növbə olduğuna görə dörd gün İran İslam Respublikası ərazisində qalmışdır. Bu müddətdə avtomaşını yolun kənarında nəzarətsiz saxlayraq yemək yeməyə və hamamda çimməyə getmişdir. Avtomaşın və qoşqusu nəzarətsiz olduğu müddətdə avtomaşının qoşqusunun soyuducusunun havalandırma sistemində olan boşluğa 30 kiloqramdan çox narkotik vasitə qurudulmuş marixuananın və 7 qramdan çox metamfetaminin kim tərəfinldən yerləşdirilməsini bilməmişdir. Belə ki, qoşqunun soyuducusunun havalandırma siteminin boşluğu hər hansı şəxs tərəfindən açıla bilərdi. Həmin boşluğa narkotik vasitələr qoyulmasından xəbəri olmamışdır. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 8-9 aydır yükdaşıma fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasına qarpız yükü aparmaq məqsədi ilə Biləsuvar Gömrük İdarəsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac yoxlama xəttindən keçərək İran İslam Respublikasına daxil olmuşdur. Təyinat üzrə Naxçıvan Muxtar Respublikası istiqamətində hərəkətdə olarkən İran İslam Respublikasının Parsabad şəhəri ərazisində idarə etdiyi “DAF” markalı, ** BK ***/** ZK *** qeydiyyat nişanlı yük avtomobili ilə əvvəlcədən tanımadığı Hacı adlı İran İslam Respublikası vətəndaşının idarə etdiyi qara rəngli “Az-Samand” markalı minik avtomobilinin toqquşması nəticəsində sonuncunun minik avtomobili xeyli əzilmişdir. Hadisədən bir qədər sonra əraziyə polis əməkdaşları yaxınlaşmış, təqsirin onda olması səbəbi ilə avtomobilin sığorta vasitəsilə təmirinin mümkün olmadığını və aralarında razılığa gələrək avtomobili təmir etdirə biləcəyini bildirmişdir. “Az-Samand” markalı minik avtomobilinin sürücüsü Hacı adlı şəxs isə ondan avtomobilinin təmir xərclərini tələb etmişdir. O isə avtomobilin təmir xərclərini hazırda qarşılaya bilməyəcəyini, lakin bir neçə yük daşıması həyata keçirdikdən sonra avtomobilinin təmir xərclərini ödəyə biləcəyini bildirmişdir. Avtomobilin təmir xərclərini ödəyə bilmədiyi üçün “Az-Samand” markalı minik avtomobilinin sürücüsü Hacı adlı şəxs onun pasportunu özündə saxlamaq istəsə də, daha sonra onunla razılaşmışdır ki, yükü təyinatı üzrə Naxçıvan Muxtar Respublikasında boşaltdıqdan sonra yeni yük götürüb əks istiqamətdə qayıdarkən onun avtomobilinin təmir xərclərini ödəsin. Hacı adlı şəxs ondan əlaqə nömrəsi istəmiş, o, ***-***-**-** saylı mobil nömrəsini ona vermiş və bundan sonra Naxçıvan Muxtar Respublikasına yola düşmüşdür. xx.xx.2024-cü il tarixdə “Culfa” gömrük postundan Naxçıvan Muxtar Respublikasına daxil olmuş, yükü boşaltdıqdan sonra yeni sifariş alana qədər Naxçıvan şəhərində yerləşən evində qalmış, Naxçıvan Muxtar Respublikasında olarkən Hacı adlı iranlı şəxs 2-3 dəfə onunla əlaqə saxlayaraq avtomobilinin 7350 ABŞ dollar təmir xərci olduğunu bildirərək İran İslam Respublikası ərazisindən keçərkən ödənişi verməyini tapşırmışdır. xx.xx.2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasından təyinat üzrə Bakı şəhəri istiqamətində yola düşmüş, Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində olarkən Hacı adlı iran vətəndaşı onunla əlaqə saxlayaraq iki ədəd bağlamada çəkisi üç kilo olan narkotik vasitəni Bakı şəhərinə aparacağı təqdirdə avtomobilinin təmir xərci ilə bağlı 7350 ABŞ dollar borcunu siləcəyini bildirmiş və o da bu təkliflə razılaşmışdır. O, xx.xx.2024-cü il tarixdə Culfa gömrük postundan keçərək İran İslam Respublikası ərazisinə daxil olmuş, həmin gün axşam saatlarında İran İslam Respublikasının Parsabad şəhərinə çatmış və orada Hacı adlı şəxslə görüşmüşdür. Hacı adlı iran vətəndaşı oraya pikap tipli minik avtomobili ilə gəlmiş, minik maşını ilə gətirdiyi içərisində narkotik vasitə olan bağlamaları onun idarə etdiyi yük avtomobilinin qoşqusunun ön hissəsində, zavod konstruksiyasında nəzərdə tutulmuş qoşqunun soyuducu - havalandırma sistemi quraşdırılmış xüsusi yerin daxilindəki boşluğa yerləşdirəcəyini və Bakı şəhərinə çatan zaman onunla əlaqə saxlamasını, yük avtomobilini saxladığı yerdən içərisində narkotik vasitə olan bağlamaları gəlib götürəcəklərini bildirmişdir. Bundan sonra o yemək üçün yeməkxanalardan birinə getmiş, təxminən yarım saatdan sonra idarə etdiyi yük avtomobilinin yanına qayıtdıqda içərisində narkotik vasitələr olan bağlamaların idarə etdiyi yük avtomobilində əvvəlcədən ona deyilmiş yerə qoyulduğunu bildirmişlər. Bundan sonra yük avtomobilinə əyləşərək İranın Biləsuvar şəhərinə doğru yola düşmüş və xx.xx.2024-cü il tarixdə İİR-in Biləsuvar şəhərinə çatmışdır. Növbə olduğu üçün təxminən bir gün İranın Biləsuvar gömrüyündə gözləmiş və xx.xx.2024-cü il tarixdə saat 11 radələrində İran İslam Respublikasının Biləsuvar gömrüyündən keçərək Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. İdarə etdiyi “DAF” markalı, ** BK ***/** ZK *** qeydiyyat nişanlı yük avtomobilinə Biləsuvar Gömrük İdarəsinin yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttində xidməti itin tətbiqi ilə baxış keçirilmiş, baxış zamanı xidməti it avtomobilin qoşqusunun ön tərəfinə reaksiya vermişdir. Həmin zaman gömrük əməkdaşları onunla sorğu-sual apararaq idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş, həmçinin gömrük nəzarətinə bəyan olunmalı hər hansı predmetin, o cümlədən narkotik vasitə, psixotrop və güclü təsir edici maddələrin olub-olmaması barədə sual vermiş, o isə idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş, eyni zamanda gömrük nəzarətinə bəyan olunmalı hər hansı predmetin olmadığını bildirmişdir. Bundan sonra idarə etdiyi “DAF” markalı, 67BK368/99ZK452 qeydiyyat nişanlı yük avtomobili əsaslı yoxlanılmış və yoxlama zamanı avtomobilin qoşqusunun ön hissəsində, zavod konstruksiyasında nəzərdə tutulmuş qoşqunun soyuducu - havalandırma sistemi quraşdırılmış xüsusi yerin daxilindəki boşluqdan aliminium falqaya bükülmüş 39 bağlama aşkar edilmişdir. Həmin bağlamalara keçirilmiş baxış zamanı içərilərində külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi və metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Biləsuvar Gömrük İdarəsinin inspektoru Şahid1 məhkəmədə verdiyi ifadəsində göstərdi ki, 22 iyul 2024-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, ** BK ***/** ZK *** qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə Biləsuvar Gömrük İdarəsinin yük maşınları üçün nəzərdə tutulan idxal- yoxlama xəttinə daxil olmuşdur. O, Təqsirləndirilən şəxslə şifahi sorğu-sual aparmaqla ondan üzərində və idarə etdiyi yük nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər-hansı predmetin olub-olmamasını soruşmuşdur. O, üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən hər-hansı predmetin olmadığını bildirmişdir. Ancaq o, Təqsirləndirilən şəxs yoxlama xəttində avtomobili saxlayarkən mühərrikini söndürməməsinə və həyəcanlı olmasına görə onun üzərində və nəqliyyat vasitəsində narkotik vasitələrin ola biləcəyindən şübhələnmişdir. Belə ki, nəqliyyat vasitəsində narkotik olanda sürücülər itin iyə reaksiya verməsini çətinləşdirmək üçün avtomobilin mühərrikini söndürmürlər. Şübhə yarandığından Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə xidməti itin iştirakı ilə keçirilən baxış zamanı it nəqliyyat vasitəsinin qoşqusunun ön tərəfinə reaksiya vermiş və bu səbəbdən də nəqliyyat vasitəsinə ətraflı gömrük yoxlaması keçirilməsi məqsədi ilə iki nəfər hal şahidi idxal-yoxlama xəttinə dəvət edilmişdir. Keçirilən gömrük yoxlaması zamanı malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə edilməklə qoşqunun ön hissəsində, soyuducu-havalandırma sistemi quraşdırılan xüsusi yerin daxilindəki boşluqdan alminium falqaya bükülmüş altı ədəd iri ölçülü bağlamanın içərisindən cəmi 38 bağlamada qurudulmuş marixuana narkotik vasitəsi və bir bağlamada az miqdarda metamfetamin psixotrop maddəsinə bənzər maddə aşkar edilmişdir. Həmin maddələr elektron tərəzidə çəkilməklə götürülmüşdür. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, İran İslam Respublikası ərazisində idarə etdiyi avtomaşın iranlı şəxsə məxsus başqa avtomaşınla toqquşmuş və iranlının avtomaşınını əzmişdir. Həmin avtomaşına vurduğu ziyanla əvəzləşdirilməsi üçün iranlının təklifi ilə narkotik vasitələri avtomobilində gizlədib gömrükdən keçirmişdir. “Azərterminalkompleks” Birliyinin Kinoloji fəaliyyətə yardım şöbəsinin instruktorkinoloqu Şahid2 məhkəmədə Şahid1la eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Şahid3 məhkəmədə göstərdi ki, xx.xx.2024-cü il tarixdə Biləsuvar Gömrük İdarəsində Təqsirləndirilən şəxs idarə etdiyi «DAF» markalı yük nəqliyyat vasitəsinə baxış keçirilməsində hal şahidi kimi iştirak etmişdir. Nəqliyyat vasitəsində yoxlama inspektor Şahid1 tərəfindən aparılmışdır. Yoxlama zamanı nəqliyyat vasitəsinin qoşqusunun ön hissəsində yerləşən soyuducu-havalandırma sistemi quraşdırılmış xüsusi yerin daxilindəki boşluqdan aliminium falqaya bükülmüş bağlamanın içərisindən bükümlərdə narkotik maddələr aşkar olunmuşdur. Həmin maddələr tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Bu barədə protokol tərtib olunmuşdur. O da hal şahidi kimi protokola imza etmişdir. Biləsuvar Gömrük İdarəsində tərtib edilmiş nəqliyyat vasitəsinin yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 11 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “DAF” markalı, 67BK368/99ZK452 qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinə “Tom” ləqəbli xidməti itin tətbiqi ilə keçirilmiş baxış zamanı itin avtomobilin qoşqusunun ön tərəfinə reaksiya verməsi səbəbi ilə həmin hissəyə keçirilmiş yoxlama zamanı ön hissədə, soyuducu-havalandırma sistemi quraşdırılmış xüsusi yerin daxilindəki boşluqdan alüminium falqaya bükülmüş 6 ədəd iri ölçülü bağlama aşkar edilmişdir. Həmin bağlamalara keçirilmiş baxış zamanı onların içərisindən 38 ədəd bağlamada qablaşdırmaları ilə birlikdə ümumi çəkisi 32 kq 40 qram təşkil edən yaşıl rəngli marixuanayaoxşar bitki mənşəli kütlə və bir ədəd bağlamada qablaşdırması ilə birlikdə ümumi çəkisi 9 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə sayılan metamfetaminə oxşar maddə götürülərək xüsusi qablaşdırma vasitələrində qablaşdırılmışdır. Məhkəmə ekspertizasının 23 iyul 2024-cü il tarixli, 3-16-16/2-19/566 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 7,9 qram olan ağ rəngli, kristallardan ibarət maddə psixotrop maddə metamfetamindir. 38 ədəd bükümlərdə ümumi təmiz çəkisi 30030 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5682 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 2346 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmamışdır. Dövlət Gömrük Komitəsinin X2 sistemində sərhədkeçmə məlumatlarına keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 11:00-da idarə etdiyi “DAF” markalı, 67BK368 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Biləsuvar” DSBM-dən keçməklə ölkə ərazisinə daxil olduğu məlum olmuşdur. DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Təqsirləndirilən şəxs yaşayış yerindən verilmiş arayışda müsbət səciyyələnir. Cinayət işinin materiallarından xx.xx.2024-cü il tarixli qərarla cinayətin digər iştirakçıları barədə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs digər şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və idarə etdiyi yük nəqliyyat vasitəsində daşımaqla Azərbaycan Respublikasının gömrük sərhədindən gizli olaraq qaçaqmalçılıq yolu ilə keçirməsi, əməlində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs İran İslam Respublikası ərazisində avtomobili bir müddət nəzarətindən kənarda qoyaraq yemək yeməyə getməsi, avtomobilin qoşqusuna narkotik vasitələrin həmin vaxt onun məlumatı olmadan naməlum şəxslər tərəfindən yerləşdirilməsi barədə ifadəsini qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ittihamın məzmunu ilə bağlı etirafedici ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsinə nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 7,8 qram metamfetamin psixotrop maddəsi və 30026,2 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Cinayət işi materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd « Samsung » və 1 ədəd « Redmi Note » markalı mobil telefonlar onun ailəsinə verilməlidir. Ekspertiza xərci 180 manat Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin. Ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanılması otağında saxlanılan 7,8 qram metamfetamin psixotrop maddəsi və 30026,2 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Cinayət işi materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd « Samsung » və 1 ədəd « Redmi Note » markalı mobil telefonlar onun ailəsinə verilsin. Ekspertiza xərci 180 (bir yüz səksən) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar