Məhkəmə qərarları › İş №1(099)-169/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-169/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-169/2022 10.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X2, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1981-ci ildə Lənkəran rayonu, Şiləvar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvələr məhkum olunmamış, işləməyən, Lənkəran rayonu, Şiləvar kəndində qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 2021-ci ilin sentyabr ayının ortalarında, Lənkəran rayonu ərazisində özünə məlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq bir ədəd bükümdə külli miqdar təşkil edən 7,248 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və külli miqdar təşkil edən bir ədəd bükümdə 2,153 qram olan ağ rəngli kristal formada psixotrop maddə metamfetamini əldə edib, Lənkəran rayonu, Şilavar kəndində yerləşən yaşadığı evə daşıdıqdan sonra satışını realizə etmək üçün həmin heroini 30 ədəd bükümlərə: 0,358 qram, 0,478 qram, 0,394 qram, 0,401 qram, 0,665 qram, 0,491 qram, 0,345 qram, 0,480 qram, 0,353 qram, 0,324 qram, 0,495 qram, 0,473 qram, 0,322 qram, 0,135 qram, 0,089 qram, 0,073 qram, 0,118 qram, 0,109 qram, 0,082 qram, 0,108 qram, 0,072 qram, 0,031 qram, 0,101 qram, 0,116 qram, 0,079 qram, 0,099 qram, 0,102 qram, 0,055 qram, 0,167 qram, 0,133 qram çəkilərə və sözü gedən psixotrop maddə olan metamfetamini 12 ədəd bükümlərə: 0,142 qram, 0,194 qram, 0,176 qram, 0,229 qram, 0,213 qram, 0,168 qram, 0,144 qram, 0,166 qram, 0,225 qram, 0,115 qram, 0,202 qram, 0,179 qram çəkilərə bölərək sellofan kəsiyinə büküb üzərində saxlamış, 15 sentyabr 2021ci il tarixdə Lənkəran rayonu, Şilavar kəndi ərazisində həmin bükümlərdən 03 ədəd bükümdə, ayrılıqda çəkiləri 0,358 qram, 0,478 qram və 0,394 qram olmaqla, ümumi təmiz çəkisi 1,23 qram olan narkotik vasitə heroini Şahid6 15 manat müqabilində, 04 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,401 qram, 0,665 qram, 0,491 qram və 0,345 qram olmaqla, ümumi təmiz çəkisi 1,902 qram olan narkotik vasitə heroini və 01 ədəd bükümdə, çəkisi 0,142 qram psixotrop maddə metafetamini Şahid8 20 manat müqabilində, 03 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,480 qram, 0,353 qram və 0,324 qram olmaqla, ümumi təmiz çəkisi 1,157 qram olan narkotik vasitə heroini və 02 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,194 qram və 0,176 qram olmaqla, ümumi təmiz çəkisi 0,37 qram olan psixotrop maddə metafetamini Şahid9 15 manat müqabilində, 03 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,495 qram, 0,473 qram və 0,322 qram olmaqla, ümumi təmiz çəkisi 1,29 qram olan narkotik vasitə heroini və 02 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,229 qram və 0,213 qram olmaqla, ümumi təmiz çəkisi 0,442 qram olan psixotrop maddə metafetamini Şahid7 15 manat müqabilində satmış, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qalan bükümlərini satış məqsədi ilə üzərində saxlamaqla daşımış, 16 sentyabr 2021-ci il tarixdə saat 00:30-dan saat 04:00-dək olan müddət ərzində onun narkotik vasitə heroin və pxixotrop maddə metamfetamin satdığı şəxslər, Şahid6, Şahid8, Şahid9 və Şahid7 Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra üzərlərindən qeyd olunan bükümdə və çəkidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat-axtarış tədbirlərinin davamı olaraq 16 sentyabr 2021-ci il tarixdə saat 05:00 radələrində keçirilən əməliyyat-axtarış tədbiri zamanı o, Lənkəran rayonu, Şilavar kəndində küçədə saxlanılaraq Lənkəran şəhər rayon polis şöbəsinə gətirildikdən sonra şöbədə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən 01 sellofan torbanın içərisində 17 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,135 qram, 0,089 qram, 0,073 qram, 0,118 qram, 0,109 qram, 0,082 qram, 0,108 qram, 0,072 qram, 0,031 qram, 0,101 qram, 0,116 qram, 0,079 qram, 0,099 qram, 0,102 qram, 0,055 qram, 0,167 qram və 0,133 qram olmaqla, ümumi təmiz çəkisi 1,669 qram eyni tərkibli narkotik vasitə olan heroin, 07 ədəd bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,168 qram, 0,144 qram, 0,166 qram, 0,225 qram, 0,115 qram, 0,202 qram və 0,179 qram olmaqla, ümumi təmiz çəkisi 1,199 qram eyni tərkibli psixotrop maddə olan metamfetamin və 01 ədəd üzərində heroinin izləri olan elektron tərəzi aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə saat 05:00 radələrində yaşadığı Lənkəran rayonu Şiləvar kəndində həyətdə odun doğrayan zaman küçədə adam səslərinin gəldiyini eşidib küçəyə çıxmış. Küçəyə çıxdığı zaman bir neçə nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib, onu polis şöbəsinə aparmışlar. Polis əşöbəsində üzərinə baxış keçirilərkən üzərində heç bir narkotik vasitə aşkar olunmamış. Sonra polis əməkdaşları dördə nəfər Artur, Taleh, Elvin və Nəsib adlı şəxsləri şöbəyə gətirərək və onları şərləyərək ondan pulla narkotik vasitə almalarına dair izahat verməsini tələb etmişlər. Narkotik vasitələrindən isttifadə etsə də heç vaxt narkotikin satışı ilə məşğul olmur. Məhkəmədən ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, 10 sentyabr 2021-ci il tarixdə, axşam saatlarında Lənkəran şəhəri, “Böyük Bazar” adlaran ərazidə 150 manat müqabilində əvvəllər narkotik aldığı (adını xatırlamır) şəxsdən bir ədəd bükümdə narkotik vasitə olan heroin və bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin almışdır. Yaşadığı evə gedərək heroin və metamfetamini xırda bükümlərə bölmüşdür. 15 sentyabr 2021-ci il tarixdə Lənkəran rayonu, Şilavar kəndinin mərkəzində Şahid8 20 manat qarşılığında dörd bükümdə heroin və bir bükümdə metamfetamin, Şahid7 15 manat qarşılığında üç bükümdə heroin və iki bükümdə metamfetamin, Şahid9 15 manat qarşılığında üç bükümdə heroin və iki bükümdə metamfetamin, Şahid6 15 manat qarşılığında üç bükümdə narkotik vasitə heroin satmışdır. Həmin gecə səhər açılana yaxın, yəni, 16 sentyabr 2021-ci il tarixdə, saat 05 radələrində yaşadığı Lənkəran rayonu, Şilavar kəndində küçədə olarkən polis əməkdaşları yaxınlaşaraq onu polis şöbəsinə aparmışlar. Orada üzərində axtarış keçirilən zaman onda qalan 17 ədəd bükümdə narkotik vasitə olan heroin və 07 ədəd bükümdə psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə gecə saat 02 radələrində yaşadığı Lənkəran rayonu Şiləvar kəndində mülki geyimdə olan şəxslər onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində üzərinə baxış keçirilərkən üzərindən bir bükümdə heroin narkotik vasitə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs onun həmkəndlisidir, ondan narkotik vasitə almamışdır. Polis əməkdaşlarının təsirləri nəticəsindən üzərindən aşkar olunmuş narkotik vasitə heroini Təqsirləndirilən şəxs aldığını bildirmiş, reallıqda isə həmin maddələri Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır. Şahid6 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Şahid6 göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs üç bükümdə narkotik vasitə olan heroini hər bükümü 5 manat olmaqla ümumilikdə 15 manat qarşılığında almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə yaşadığı evin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Üzərindən 2 bükümdə psixotrop maddə olan metamfetamin və 3 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, onları tanımadığı şəxsdən almışdır. Polis əməkdaşlarının təsirləri nəticəsində heroin və metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirmiş, əslində isə həmin maddələri Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrinin satışı ilə məşğul olmasından məlumatı yoxdur. Şahid7 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmuşdur, həmin ifadədə o göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə Lənkəran rayonu, Şiləvar kəndində yaşayan Təqsirləndirilən şəxs 2 bükümdə psixotrop maddə metamfetamin və 3 bükümdə narkotik vasitə olan heroini 15 manat qarşılığında almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə Lənkəran şəhərində polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Üzərinə baxış keçirilərkən heç bir narkotik vasitə aşkar olunmadığı halda polis əməkdaşları tərəfindən üzərinə 2 bükümdə narkotik vasitə heroin qoyularaq, həmin bükümləri Təqsirləndirilən şəxs alması barədə ona təziqlər etmişlər. Polis əməkdaşlarının təsiri nəticəsində üzərindən aşkar olunmuş iki bükümdə heroin narkotik vasitəsini Təqsirləndirilən şəxs aldığını bildirmiş, əslində isə Təqsirləndirilən şəxs narkotik vasitələri almamışdır. Şahid8 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmuşdur, həmin ifadədə o göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə Lənkəran rayonu, Şiləvar kəndində yaşayan Təqsirləndirilən şəxs 1 bükümdə psixotrop maddə metamfetamin və 4 bükümdə narkotik vasitə olan heroini 20 manat qarşılığında almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə yaşadığı evin qarşısında polis əməkdaşları tərəfindən saxlanılmış və polis şöbəsinə gətirilmişdir. Üzərinə baxış keçirilərkən 03 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdə isə psixotrop maddə metafetamin aşkar edilərək götürülmüşdür. Polis əməkdaşlarının təsiri nəticəsində heroin və metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirmiş, əslində isə həmin maddələri Lənkəran şəhərində tanımadığı şəxsdən almışdır. Şahid9 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə verdiyi ifadəsi elan olunmuşdur, həmin ifadədə o göstərmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə Lənkəran rayonu, Şiləvar kəndində yaşayan Təqsirləndirilən şəxs 03 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdə isə psixotrop maddə metafetamini 15 manat qarşılığında almış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Məhkəmə şahidlər Şahid6 oğlu, Şahid9, Şahid7 və Şahid8 ibtidai istintaq və məhkəmə baxışı zamanı verdikləri ifadələrə obyektiv qiymət verərək hesab edir ki, onların məhkəmə baxışı zamanı verdikləri ifadələri işin faktiki hallarına və iş materiallarına uyğun olmadığından, digər sübutlarla təkzib olunduğundan, Təqsirləndirilən şəxs münasibətdə müdafiə məqsədini daşıdığından sübut kimi qəbul olunmamalıdır. Onların ibtidai istintaq zamanı verdikləri ifadələri isə işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul olunmalıdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Şilavar kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, istifadə etməsi və satması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Həmçinin Şahid6, Şahid7, Şahid6 və Şahid9 üzərlərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri Təqsirləndirilən şəxs əldə etdikləri müəyyən edilmişdir. 16 sentyabr 2021-ci il tarixdə saat 05 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Rzayev X3 rayonu, Şilavar kəndində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Orada üzərində axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd elektron tərəzi və şalvarın sol yan cibindən bir ədəd sellofan torba təqdim etmişdir. Həmin sellofan torbanın içərisində qəhvəyi rəngli, toz şəkilli, narkotik vasitə olan heroinə bənzər kütlələr olan 17 büküm və içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan 7 ədəd büküm aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etdiyini, həmçinin özündə olan narkotik vasitə və psixotrop maddələrdən Taleh, Elvin, Nəsib, Artur və Yalçın adlı şəxslərə satdığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşı Şahid5 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərmişdir ki, 16 sentyabr 2021-ci il tarixdə saat 02 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid6 narkotik vasitələri əldə etdiyinə görə Lənkəran rayonu, Şilavar kəndində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Axtarış zamanı üzərindan 3 ədəd bükümdə heroin aşkar edilmiş, sorğu zamanı Şahid6 heroini 15 manat müqabilində Lənkəran rayonu, Şilavar kəndi ərazisində Təqsirləndirilən şəxs adlı şəxsdən aldığını bildirmişdir. Əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Şilavar kənd sakini Təqsirləndirilən şəxs da polis şöbəsinə gətirilmiş və Şahid6 narkotik vasitə heroin satdığını etiraf etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Lənkəran şəhər rayon polis şöbəsinin əməkdaşı Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 16 sentyabr 2020-ci il tarixli 19/932 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş on yeddi ədəd bükümdə heroinə bənzər kütlələr” sözlər və imzalar olan bir ədəd zərfdəki, 17 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,135 qram, 0,089 qram, 0,073 qram, 0,118 qram, 0,109 qram, 0,082 qram, 0,108 qram, 0,072 qram, 0,031 qram, 0,101 qram, 0,116 qram, 0,079 qram, 0,099 qram, 0,102 qram, 0,055 qram, 0,167 qram, 0,133 qram, ümumi təmiz çəkisi 1,669 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yeddi ədəd bükümdə metamfetaminə bənzər kütlə......” sözlər və imzalar olan bir ədəd zərfdəki, 07 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,168 qram, 0,144 qram, 0,166 qram, 0,225 qram, 0,115 qram, 0,202 qram, 0,179 qram, ümumi təmiz çəkisi 1,199 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi.....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri vardır. Heroin iz şəkilində olduğuna görə onun dəqiq çəkisini, həmçinin tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynillik) aparmaq mümkün olmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs, Şahid7, Şahid8, Şahid6, Şahid9 məxsus heroinlər və metamfetaminlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 50 (əlli) manatdır. Tədqiqatdan sonrakı qalıq: heroin 1,329 qram, metamfetamin 1,059 qram təşkil edir. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli 1005 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli 916 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, saxlanılandan sonra Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 17 ədəd bükümlərdə narkotik vasitə olan heroinə bənzər, 07 ədəd psixotrop maddə olan metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlələr heroin və metamfetamindir. Həmin bükümlər və elektron tərəzi özünə məxsusdur. Özü həmin narkotik vasitədən istifadə edir. Həmin kütlələrdən Elvin adlı şəxsə və qeyrilərinə satmışdır. İş materiallarında olan Lənkəran şəhər Psixatriya Xəstəxanasının 05 oktyabr 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 21 oktyabr 2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 17 bükümdə, ümumi təmiz çəkisi 1,329 qram narkotik vasitə olan heroin, 07 ədəd bükümlərdə, ümumi təmiz çəkisi 1,059 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış, saxlanılmasından ötrü Lənkəran rayon-şəhər polis şöbəsinə təhvil verilmiş, şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntünün olduğu 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan «Sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Şahid6, Şahid7, Şahid8 və Şahid9 barələrində cinayət işlərinin istintaq olunması nəzərə alınmaqla onlardan aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin və narkotik vasitə heroinin ayrılmış iş üzrə maddi sübut kimi tanınması nəzərə alınmışdır. İş materiallarında olan 16 sentyabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 17 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Rzayev X3 rayonu, Şiləvar kəndində qeydiyyatda olmaqla, ailə tərkibi arvadından, xx.xx.2011-təvəllüdlü Nilufər və xx.xx.2013-cü il təvəllüdlü Xanımnisə adlı qızlarından ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “üzərində narkotik vasitələrin olmaması, polis əməkdaşları tərəfindən üzərinə yerləşdirilməsi, Artur, Nəsib, Elvin və Taleh adlı şəxslərə narkotik vasitə satmaması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə heroini və metamfetamin psixotrop maddəsini satış məqsədi ilə əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını və ilk məhkumluğunu məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Lənkəran şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 17 bükümdə, ümumi təmiz çəkisi 1,329 qram narkotik vasitə olan heroin, 07 ədəd bükümlərdə, ümumi təmiz çəkisi 1,059 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, həmçinin şəxsi axtarış və götürmənin aparılmasını əks etdirən 2 (iki) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 16 sentyabr 2021-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Lənkəran şəhər Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 17 bükümdə, ümumi təmiz çəkisi 1,329 qram narkotik vasitə olan heroin, 07 ədəd bükümlərdə, ümumi təmiz çəkisi 1,059 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv məhv edilsin. Şəxsi axtarış və götürmənin aparılmasını əks etdirən 2 (iki) ədəd DVD cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar