Məhkəmə qərarları › İş №1(099)-170/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-170/2023

09.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-170/2023 09.03.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 Əflatdin oğlunun iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Beyləqan rayonu, Bünyadlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, “Oba” marketdə satıcı işləyən, Beyləqan rayonu, Bünyadlı kəndində kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə, saat 15 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ – sürücülük vəsiqəsi olmadan idarə etdiyi 13 mart 2019-cu il tarixdə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X14 İdarəsinin Ağcəbədi rayon qeydiyyat-imtahan və texniki baxış şöbəsi tərəfindən verilmiş AD seriyalı 395833 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 21013 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocavənd-Beyləqan avtomobil yolunun 5-ci kilometrliyində Beyləqan şəhəri istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cü maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, hərəkət zamanı diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, yolun döngəli olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, yolun döngəli hissəsində avtomobilin hərəkət zolağında dayanıqlı hərəkətini təmin etməli olduğu halda və hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələblərə əməl etməyərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət sürəti «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda idarə etdiyi “VAZ 21013 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili 60 km/saat sürətdən yüksək sürətlə idarə edərək idarəetməni itirib avtomobili yoldan sağa çıxararaq aşırmış, nəticədə onun ehtiyatsızlığından idarə etdiyi “VAZ 21013 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X6 ağır travmatik-hemorragik şokla müşayiət olunan dalağın, mədəaltı vəzin, sol böyrəyin əzilməsi və sol böyrəkətrafı hematoma, soldan çanaq sümüklərinin, sol said, sol bud, sol baldır sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sınıq nahiyələrində toxumalara geniş qansızmalar (hematomalar) və imbibisiya, sol budun, sol diz oynağı nahiyəsinin və sol baldırın geniş ölçülü hematomaları, sağ kürək nahiyəsinin, döş qəfəsinin arxa səthinin, sağ bazunun əzilmiş-cırılmış yaraları, sağ gicgah, sağ qulaq seyvanı, sağ almacıq, boyun, sağ bazu oynağı, sol kürək, bel, qarın nahiyələrinin sıyrıqları, qarın nahiyəsinin qançırı xarakterli xəsarətlər almış və X6 aldığı çoxsaylı skelet sümüklərinin sınığı və daxili üzvlərin dalaq, qaraciyər, mədəaltı vəz, sol böyrəyin zədələnməsindən yaranmış hemorragik-travmatik şok xarakterli xəsarətlərdən 09 iyun 2022-ci il tarixdə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna çatdırılına qədər yolda onun ehtiyatsızlığından ölmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, X4 əvvəllər tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Onun “VAZ 21013 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır, lakin avtomobili idarə etmək üçün sürücülük hüququ yoxdur. 09 iyun 2022-ci il tarixdə onun avtomobilinin “starter” aparatında nasazlıq yarandığı üçün yenisi ilə əvəz etmək qərarına gəlmişdir. O, əvvəllər Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbədə yaxşı “starter” avtomobil ehtiyat hissəsi satıldığını eşitdiyi üçün Xocavənd qəsəbələrinə getmişdir. O, Xocavənd rayonuna gedib “starter” avtomobil ehtiyat hissəsi satan şəxsin olub-olmaması barədə maraqlansa da tapa bilməmiş, buna görə də geri qayıtmalı olmuşdur. Həmin gün saat 15 radələrində o, Xocavənd rayon polis şöbəsinin inzibati binasının yaxınlığından keçərkən iki nəfər şəxs ona əl ilə işarə edərək avtomobili saxlamasını istəmişlər. O, həmin yolu getdiyini, həmin şəxsləri də gedəcəkləri yerə qədər aparıb düşürməsini fikirləşmiş, həmin şəxslərdən təxminən 30-40 metr irəlidə avtomobili saxlayıb geriyə hərəkət edərək qayıtmışdır. Həmin şəxslər ona pulllarının olmadığını bildirmiş və onları Beyləqan şəhərinə aparmasını xahiş etmişlər. O, pula ehtiyac olmadığını, özünün də Beyləqan şəhərinə getdiyini və onları aparmağa razılığını bildirmişdir. Həmin şəxslərdən biri avtomobilin ön sağ oturacağında, digəri isə arxa sağ oturacaqda əyləşmiş, o, avtomobili hərəkət etdirmiş, Beyləqan rayonunun Xaçınabad kəndinə gedən döngəyə çatmasına təxminən 20 metr qalmış avtomobilin alt hissəsindən səs gəlmişdir. Yol düz olmuş və yolda heç bir çökəklik olmamışdır. Avtomobilin nə üçün belə səslər çıxarmasını anlamamışdır. Bundan sonra avtomobilin sükanı sürətlə sağa tərəf fırlanmağa başlamış, o, sükanı əli ilə saxlamağa çalışsa da buna gücü çatmamış, tormozlama etsə də avtomobili saxlaya bilməmiş və avtomobil yolun hərəkət hissəsindən sağ kənara çıxmışdır. O, sonradan hadisə yerinə toplaşmış tanımadığı şəxslərdən avtomobilin “şaravoy” ehtiyat hissəsinin qırılıb yerindən çıxdığını eşitmişdir. Hadisə nəticəsində o, huşunu itirmiş, huşu özünə gələn zaman təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə getdiyini ona tibb işçiləri bildirmişlər. Onu həmin gün Bakı şəhəri, M.Mirqasımov adına Respublika klinik xəstəxanasına aparmışlar. O, xəstəxanada olan zaman vəziyyəti yaxşı olmadığı üçün ona Məyiş Hüseynovun ölməsi barədə heç bir söz deyilməmişdir. O, sağalıb Beyləqan rayonuna qayıtdıqdan sonra avtomobilində əyləşmiş sərnişinlərdən Məyiş Hüseynovun ölməsini ona demişlər. Hadisə baş verən zaman o, avtomobili saatda 80 kilometr sürətlə idarə etmişdir. Zərərçəkmiş şəxsin ailəsi ilə barışmağa çalışsada buna nail ola bilməmişdir. İkinci Qarabağ müharibəsi iştirakçısıdır, əməlindən peşimandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, X2 anasıdır, Xocavənd rayon Mərkəzi Xəstəxanasında işləyir, 09 iyun 2022-ci il tarixdə işdə olarkən xəstəxanada səs-küy qalxmış, işçilərdən nə baş verdiyini soruşduqda avtoqəza baş verdiyini ona bildirmişlər. O, bir nəfəri xərəkdə xəstəxanaya gətirdiklərini görmüş, həmin şəxsin köynəyini gördükdə üzünə diqqətlə baxmış və oğlu X6 olduğunu görmüşdür. X11 şəhərinə universitetə qəbul olmaq üçün müəllim yanına hazırlaşmaq üçün getmişdir. Məyişi təxminən yarım saat Xocavənd rayon Mərkəzi xəstəxanasında saxladıqdan sonra həkimlər onu Bakı şəhərinə, Travmatologiya İnstitutuna aparmaq lazım olduğunu bildirmişlər. Bundan sonra oğlu Məyişi təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə yola salmışlar. O, özü də Məyişin yanında əyləşib təcili tibbi yardım avtomobili ilə Bakı şəhərinə yola düşmüş, yolda Məyişdən hadisənin necə baş verməsini soruşduqda Məyiş ona avtomobili idarə edən İlknur adlı şəxsin avtomobili sürətlə idarə etdiyini və hadisənin də bu səbəbdən baş verdiyini bildirmişdir. Hətta oğlu Məyiş İlknurun ona əgər qorxurdusa avtomobilə minməməli olduğunu, buralarda həmişə “avtoşluq” etdiyini dediyini bildirmişdir. Məyiş Bakı şəhərində yerləşən Travmatologiya İnstituna çatmağa az qalmış təcili tibbi yardım avtomobilində vəfat etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədən ona ağır cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 Elyaz oğlu ifadəsində göstərmişdir ki, X6 onun sinif yoldaşıdır, Təqsirləndirilən şəxs Fəxrdədin oğlunu isə hadisədən sonra tanımış, aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 09 iyun 2022-ci il tarixdə, saat 15 radələrində o, X6 ilə Xocavənd qəsəbəsində görüşmüşdür. Məyiş ona ev üçün parça almaq məqsədilə Beyləqan şəhərinə getmək lazım olduğunu bildirmiş və ona birlikdə getməyi təklif etmişdir. O, Məyişlə razılaşmış, birlikdə Xocavənd rayon polis şöbəsinin yaxınlığına gəlmişlər. Məyiş orada bankomatdan pul çıxarmış, pulu çıxardıqdan sonra oradan keçən avtomobil yolunun kənarında dayanmışdır. Bu zaman bir nəfər şəxs onları görüb avtomobili saxlamışdır. O, həmin şəxsə yaxınlaşıb taksi sürücüsü olub-olmadığını soruşmuş, həmin şəxs taksi sürücüsü olduğunu bildirdikdə o, taksi sürücüsünə getməsini bildirmişdir. Onun üzərində pul olmamış, Məyiş də taksiyə pul vermək istəməmişdir. Bundan sonra bir nəfər şəxs də gəlib avtomobili saxlamış, o, avtomobilə yaxınlaşıb taksi sürücüsü olub-olmadığını ondan da soruşmuşdur. Həmin şəxs də taksi sürücüsüsü olduğunu bildirmiş, o, taksi sürücüsünə getməsini bildirmişdir. Həmin şəxs onlara əgər pulları olmadığı üçün minmirlərsə pul istəmədiyini, onları pulsuz aparacağını bildirmişdir. Onlar avtomobilə əyləşmişlər. O, qabaq sağ oturacaqda, Məyiş isə sağ arxa oturacaqda əyləşmişdir. Həmin şəxs avtomobili hərəkətə gətirərək yola düzəlmişdir. O, avtomobili idarə edən həmin şəxsi əvvəllər tanımamış, lakin həmin şəxs adının İlknur olduğunu demişdir. İlknur avtomobili Xocavənd-Beyləqan avtomobil yolu ilə təxminən saatda 120 kilometr sürətlə idarə etmişdir. İlknur qarşıdakı döngəli yola yaxınlaşanda da sürətini azaltmamış, bu zaman idarəetməni itirmişdir. İlknur idarəetməni bərpa etmək üçün sükanı biraz fırlatmış, bu zaman avtomobilin təkərlərinin səs etdiyini eşitmişdir. Onun başı avtomobilin salonuna dəymiş və o, huşunu itirmişdir. Sonra o, gözünü açan zaman onu kiminsə çağırdığını görmüşdür. O, huşunu itirdiyi üçün onu kimin çağırdığını görə bilmımişdir. Təxminən 3-5 saniyə sonra gözünü tam açdıqda onu çağıran şəxsin sürücü İlknur olduğunu görmüşdür. İlknur ona avtomobildən çıxmasını bildirmişdir. O, sürünərək avtomobildən çıxmış və Məyişi axtarmışdır. Bu zaman Məyiş də onu çağırmışdır. O, Məyişin orada olan bir ağacın yanında sağ tərəfi üzərində yerə uzanıb qaldığını görüb oraya getmiş, Məyiş ondan kömək etməsini istəmişdir. Bu zaman hadisə yerinə ətrafdan kənar şəxslər gəlib onlara kömək etmiş, ona su gətirmişlər. Həmin şəxslər onların üçünü də avtomobilə qoyub Xocavənd rayon Mərkəzi xəstəxanasına aparmışlar. Bundan sonra xəstəxanadan onu və İlknuru bir təcili tibbi yardım avtomobilində Bakı şəhəri, “Respublikanskiy” deyilən xəstəxanaya aparmışlar. Məyiş isə həmin vaxt xəstəxanada qalmış, həkimlər Məyişə ilkin tibbi yardım göstərmişlər. O, Bakı şəhərinə çatdıqdan sonra özünü yaxşı hiss etdiyi üçün xəstəxanaya daxil olmamış, Bakı şəhərində qohumlarından birinin evində qalmış və səhəri gün yaşadığı Xocavənd qəsəbəsinə qayıtmış, qəsəbəyə qayıtdıqda Məyişin vəfat etdiyi məlum olmuşdur. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Beyləqan rayon polis şöbəsinin X13 bölməsinin Yol-Patrul Xidmətinin inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs və mərhum X4 əvvəllər tanımamış, həmin şəxslərlə arasında ədavət və düşmənçilik olmamışdır. 09 iyun 2022-ci il tarixdə, saat 17 radələrində Beyləqan şəhəri ərazisində Beyləqan rayon polis şöbəsinin X13 bölməsinin Yol-Patrul Xidmətinin inspektoru polis baş serjantı Şahid1 ilə birlikdə xidmətdə olarkən Beyləqan rayon polis şöbəsinin Növbətçi hissəsindən onlara Xocavənd-Beyləqan avtomobil yolunda yolnəqliyyat hadisəsinin baş verməsi barədə radiorabitə vasitələ məlumat verilmişdir. Onlar dərhal xidməti avtomobillə hadisə yerinə gedib hadisə yerinin mühafizəsini təşkil etmiş və yol-nəqliyyat hadisəsi törətmiş şəxsin şəxsiyyətini müəyyən etmişlər. Yol nəqliyyat hadisəsi törətmiş Təqsirləndirilən şəxs olması, Təqsirləndirilən şəxs sürücülük hüququ olmadan idarə etdiyi, qeytdiyyat şəhadətnaməsi ilə mülkiyyətində olan “Vaz 21013 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xocavənd-Beyləqan avtomobil yolunun 5-ci kilometrliyində Beyləqan şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun sağ kənarına çıxarıb aşırması məlum olmuşdur. Hadisə zamanı İlknurun özündən başqa avtomobildə iki nəfər sərnişin də olmuşdur. Hadisə yerinə getdiyim zaman orada nə təqsirləndirilən şəxsi, nə də maşında olan digər iki şəxsi görməmişdim. Onları xəstəxanaya kimin apardığını bilmirəm. Sonradan mənə məlum oldu ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Təqsirləndirilən şəxs, həmçinin, avtomobildə olan sərnişinlər - X6 və Şahid3 Elyaz oğlu müxtəlif bədən xəsarətləri almışlar. Onlar hadisə yerində olarkən Beyləqan rayon Mərkəzi Xəstəxanasından oraya dəvət edilmiş, adını bilmədiyi həkim Təqsirləndirilən şəxs sərxoş olub-olmadığını yoxlamış və Təqsirləndirilən şəxs sərxoş olmadığı müəyyən edilmişdir. Həkim bu barədə kitabında qeydiyyat aparmışdır. Lakin hadisə zamanı Təqsirləndirilən şəxs və digər sərnişinlər xəsarət aldığından onların hadisə yerində saxlanılmaları mümkün olmamışdır. Buna görə də hadisə yerinə toplaşmış şəxslərin köməyi ilə həmin şəxsləri təcili-tibbi yardım avtomobili ilə xəstəxanaya yola salmışlar. Daha sonra Beyləqan rayon polis şöbəsinin istintaq-əməliyyat qrupunun üzvləri hadisə yerinə gəlib onların iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. Bundan sonra “Vaz 21013 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil Beyləqan rayon polis şöbəsinin duracağına yerləşdirilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan «baxış aparılması haqqında» 12 iyun 2022-ci il tarixli protokoldan görünür ki, 09 iyun 2022-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi törədən zaman idarə etdiyi “Vaz 21013 minik” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə Beyləqan rayon polis şöbəsinin duracağında baxış keçirilərək avtomobilin təkərlərinin, sol arxa qapısının, hər iki ön təkərə birləşdirilmiş “şaravoy” adlı ehtiyat hissəsinin, sağ arxa stop işıq şüşəsi, ön işıqlarının saz vəziyyətdə olması müəyyən edilmişdir. Avtomobilin kapotu, buferi, sağ ön, sol ön və sağ arxa qapıları, bel hissəsi, arxa buferi, kapotu, avtomobilin mühərrik yuvası, axra alın və ön alın şüşəsi, qapıların üzərindəki yan şüşələri, salonda yerləşmiş sağ və sol günlüklər, salona bərkidilmiş ayna, sol arxa stop işığı zədələnmiş və yararsız vəziyyətdə olmuşdur. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli 653 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktıdan görünür ki, Təqsirləndirilən şəxs “Yol nəqliyyat” hadisəsi baş verən zaman orta dərəcəli sərxoşluq vəziyyətində olmamışdır. İş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 8/2085 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə Vaz 21013 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Vaz 21013 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Vaz 21013 markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırlması” yol nişanı ilə 60 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saatdan artıq sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırlması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan komission məhkəmə-tibbi ekspertizasının T537/2022 nömrəli rəyinndən görünürn ki, mərhum M.X.Hüseynovun meyitində ağır travmatik-hemorragik şokla müşayiət olunan dalağın, mədəaltı vəzin, sol böyrəyin əzilməsi və sol böyrəkətrafı hematoma, soldan çanaq sümüklərinin, sol said, sol bud, sol baldır sümüklərinin qapalı, yerdəyişmiş sınıqları, sınıq nahiyələrində toxumalara geniş qansızmalar (hematomalar) və imbibisiya, sol budun, sol diz oynağı nahiyəsinin və sol baldırın geniş ölçülü hematomaları, sağ kürək nahiyəsinin, döş qəfəsinin arxa səthinin, sağ bazunun əzilmiş-cırılmış yaraları, sağ gicgah, sağ qulaq seyvanı, sağ almacıq, boyun, sağ bazu oynağı, sol kürək, bel, qarın nahiyələrinin sıyrıqları, qarın nahiyəsinin qançırı aşkar edilmişdir. Mərhum M.X.Hüseynovun ölümünə səbəb çoxsaylı skelet sümüklərinin sınığı və daxili üzvlərin dalaq, qaraciyər, mədəaltı vəz, sol böyrəyin zədələnməsindən yaranmış hemorragiktravmatik şok olmuşdur. Mərhum M.X.Hüseynovun meyitindən götürülmüş qanda etil spirti, zəhərləyici və güclü təsiredici maddələr aşkar edilməmişdir. İş materiallarında olan 09 iyun 2022-ci il tarixli 653 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından» görünür ki, Təqsirləndirilən şəxs 09 iyun 2022-ci il tarixdə ayıq vəziyyətdə olmuşdur İş materiallarında AD N 395833 nömrəli “Nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”-nin surətindən görünür ki, “VAZ 21013” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtombil Təqsirləndirilən şəxs mülkiyyətindədir. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli Baş X13 İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Beyləqan rayon Bünyadlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 23 iyun 2022-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Əliyev X1 rayonu Bünyadlı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə ata, anası və bacısından ibarətdir, yaşadığı müddət ərzində həmdyaşıdları arasında həmişə nümunəli olmuş, Azərbaycan Respublikasının Ərazi Bütövlüyü uğrunda gedən İİ Qarabağ döyüşlərində könüllü olaraq iştirak etmiş və ona vətən müharibəsi veteranı adı verilmişdir, onun barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan 11 iyun 2022-ci il tarixli “maddi subut kimi tanınma haqqında” qərardan görünür ki, “VAZ 21013” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtombil avtombil maddi sübut kimi tanınmış və 31 oktyabr 2022-ci il tarixli “Qəbz”lə mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəməyə təqdim olunmuş İ-20004 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il tarixli 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin sosial müavinət və təqaüd haqqında 06 yanvar 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 80 manat məbləğində vətən müharibəsi iştirakçısı kimi təqaüd verilir. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli Beyləqan Mərkəzi rayon xəstəxanası Publik hüquqi şəxs tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın polklinika şöbəsinin psixoloji, psixiatrik, və narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İİ Qarabağ döyüşlərində iştirak etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub - “VAZ 21013” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtombilin mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri il əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, məhkəmənin hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 mart 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan “VAZ 21013” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtombilin mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Neymət Məmmədov Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar