Məhkəmə qərarları › İş №1(099)-172/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-172/2024

19.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-172/2024 19.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü il tarixdə Saatlı şəhərində doğulmuş, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, tutulanadək ünvan 2nında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs rəsmi nikahda olduğu faktiki olaraq ondan ayrı yaşayan arvadı Zərərçəkmiş şəxs onunla olan nikah qeydinin pozulması ilə əlaqədar Sabirabad 1 saylı Mediasiya təşkilatına müraciət etməsi və ona xəyanət etməsindən şübhələnməsi səbəbindən qısqanclıq zəminində aralarında şəxsi münasibətlərin pozulması nəticəsində qisas alıb Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gələrək öz cinayətkar niyyətini həyata keçirmək üçün soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını xx.xx.2023-cü il tarixdə saat 07:30 radələrində yaşadığı evin mətbəxindən götürüb əynində olan gödəkçənin altında gizlədərək Zərərçəkmiş şəxs kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş, həmin tarixdə saat 08 radələrində göstərilən ünvana çatıb darvaza qapısının bağlı olduğunu görüb hasarın üzərinə çıxaraq həyətə daxil olmuş, daha sonra evin giriş qapısı bağlı olduğundan qapının yanında olan pəncərəni örtmüş mavi rəngli çadır materialdan olan örtüyü cırıb oradan Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, Zərərçəkmiş şəxs iradəsi ziddinə evə daxil olub onun mənzil toxunulmazlığını pozaraq, evdə olan Zərərçəkmiş şəxs tərəf qətiyyətlə irəliləyərək, birgə nikahlarından olan övladı xx.xx.2006-cı il təvəllüdlü Şahid1 gözləri qarşısında müstəsna dərəcədə rəhimsizlik və qəddarlıq göstərib, Şahid1 xüsusi əzab verdiyini dərk edərək, arvadı Zərərçəkmiş şəxs bir əli ilə boğazından tutaraq evin yataq otağının sol divarına söykəyib ayaq üstə əlində olan mətbəx bıçağı ilə sol bazunun yuxarı 1/3-də arxa səthdə beş ədəd, sol əlin ovuc səthində 1-2-ci əldarağı sümüyü proyeksiyasında bir ədəd, sol əlin 1-2-3-cü barmaqlarının ovuc səthində əsas falanqa proyeksiyasında üç ədəd, sağ əlin ovuc səthində bir ədəd, sol sağrının yuxarı iç kvadratında bir ədəd, döş qəfəsinin ön səthində orta xətt üzrə dördüncü qabırğa səviyyəsində bir ədəd, sol məmə xətti üzrə 6-cı qabırğa səviyəsində bir ədəd, döş qəfəsinin arxa səthində onurğa xətti üzrə 11-ci döş fəqərəsi səviyəsində bir ədəd yara, sol onurğayanı xətt üzrə 2-ci bel fəqərəsi səviyəsində bir ədəd, döş və qarın boşluğuna keçməyən cəmi 15 ədəd kəsilmiş-deşilmiş yaralardan ibarət dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya xarakterik olan bədən xəsarətləri yetirmiş, daha sonra Zərərçəkmiş şəxs yerə yıxaraq dizləri ilə sinəsi üzərinə oturub əli ilə onun ağzını tutaraq boğazını kəsmək istəyərkən sonradan evə daxil olan Təqsirləndirilən şəxs bacısı Şahid2 bıçağı onun əlindən alması və Zərərçəkmiş şəxs aktiv hərəkətlərlə fəal müqavimət göstərməsi nəticəsində cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmiş, bununla da Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın yəni rəsmi nikahda olduğu lakin faktiki olaraq ondan ayrı yaşayan arvadı Zərərçəkmiş şəxs iradəsi ziddinə mənzilinə daxil olaraq Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni digər şəxsi xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1 və 29,120.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bələrək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edir. Belə ki, 18 ildir arvadı Məleykə ilə ailəlidir. Birgə nikahdan üç övladları var. Həmişə arvadı ilə mehriban münasibətlərdə olmuşdur. 2020-ci ildə “İnstaqram” da tanış olduğu bir qadınla dini nikaha girmiş, lakin həmin qadınla görüşməmişdir. Arvadı Məleykə bu barədə bilmiş və aralarında soyuqluq yaranmışdır. 2023-cü ilin mart ayında Novruz bayramından sonra Məleykə uşaqlarını da götürüb atası evinə getmişdir. 2023-cü ilin aprel ayının əvvəllərində Mediasiya təşkilatından ona arvadının boşanması ilə bağlı məktub gəlmişdir. Arvadı Məleykəyə zəng etmiş, arvadı zənglərinə cavab verməmişdir. Sonra ona məlum olmuşdur ki, Məleykə uşaqları ilə birlikdə atası evindən köçmüş və ünvan 4 ünvanda kirayə yaşamışdır. Məleykə əvvəllər “Araz” marketdə işləyərkən, onun orada kiminləsə yaxın münasibətdə olmasından şübhələnmişdir. Lakin bu barədə dəqiq məlumatı olmamışdır. Arvadının qohumu Zamiq də ona zəng edib söymüş, “niyə uşaqları atmısan” demişdir. Cavabında ona uşaqlarını atmadığını bildirmişdir. Arvadına isə nə üçün atasıgilə getdiyini deyərək əsəbləşmişdir. 10 aprel 2023-cü ildə səhər saat 7 radələrində yaşadığı evin mətbəxindən bıçağı götürmüş və Məleykənin kirayə yaşadığı evə tərəf yollanmışdır. Həmin vaxt oğlu Fəridin məktəbə getdiyini görmüşdür. Məleykənin yaşadığı evin küçə qapısını aça bilmədiyi üçün hasardan hoppanıb həyətə daxil olmuşdur. Evdə olan arvadı Məleykə və qızı Mələk onun gəldiyini görmüşlər. Qapını təpiklə vurub aça bilmədiyindən pəncərənin şüşəsini əlindəki bıçaqla sındırmışdır. Daha sonra digər qapı tərəfə getmiş, qapı bağlı olmuş, həmin qapının yanında olan pəncərəni örtmüş çadır örtüyü cırıb evə daxil olmuş və arvadı Məleykənin üstünə getmiş, Məleykə qaçmaq istədikdə onu yataq otağında tutmuş, bir əli ilə Məleykənin boğazından tutub divara dirəmiş, ayaq üstə bıçaqla Məleykənin bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirmişdir. Məleykə halsız vəziyyətdə yerə yıxılmış, bundan sonra onun boğazını kəsmək üçün üstünə oturmuşdur. Bu zaman bacısı İlahə içəri daxil olmuş, əsəbi olduğundan heçnə eşitməmiş, bıçaq qanın içində olduğu üçün əli bıçağın qulpundan sürüşüb tiyəsindən tutmuş, bıçaq əlini kəsmişdir. Bacısı İlahə birtəhər bıçaqı onun əlindən almış, Məleykəni boğmaq istəsə də buna gücü çatmamış, Zamiq və Raqil onun qollarından tutub dərhal çölə çıxartmışlar. Bir qədər sonra həkimlər gəlib Məleykəni xəstəxanaya, polislər isə onu evin həyətindən şöbəyə aparmışlar. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, arvadı boşanmaq istədiyi üçün onu bıçaqla vurmuşdur. Arvadının yaşadığı evin qapısı bağlı olduğu üçün evə pəncərədən daxil olmuşdur. Arvadını vurarkən özündə olmamışdır. Əlini bıçaq kəsmiş, polis şöbəsində həkim tərəfindən ona tibbi yardım edilmişdir. Əməlindən peşmandır. Anası infakt keçirib, xəstə yatır. Üzr istəyir arvadından, günahı var. Gözü zəif gördüyü üçün İİ qrup əlildir. Hadisə günü nə narkotik, nə də ki, spirtli içki qəbul etməmişdir. Hadisə vaxtı qızı Mələyin orada olub olmamasını xatırlamır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri özünün etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə tədqiq olunmuş çoxsaylı ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Məlikəjdər qızı ifadəsində göstərmişdir ki, 18 ildir əri Xəyalla evlənmiş, birgə nikahdan üç uşaqları vardır. Xəyalla münasibətləri əvvəllər yaxşı olmuş, bir-birlərini sevib evlənmişlər. Əri Xəyal gözdən əlildir, buna görə pensiya alır. Xəyalla birlikdə əvvəlcə ünvan 2nda kirayə yaşamışlar. 2020-ci ilin aprel ayında Xəyallın «instaqram»da adını xatırlamadığı bir qadınla ona xəyanət etdiyini bilmişdir. Xəyalın özü də bunu etiraf etmişdir. Buna görə Xəyalla aralarında söz-söhbət olmuş, bir-birləri ilə danışmamışlar, münasibətləri pozulmuşdur. Hətta, valideyinləri onları barışdırmağa çalışmış, Xəyal isə onunla barışmaq istəməmiş, heç üzr də istəməmişdir. Xəyalla 3 ay danışmamışlar. Bundan sonra, 2023-cü ilin mart ayının 23-də evi tərk edib uşaqları ilə birlikdə anasının evinə getmiş, bir neçə gündən sonra boşanması üçün mediasiya təşkilatına müraciət etmişdir. Atasının evi kiçik olduğu üçün övladları ilə birlikdə ünvan 3 ünvanda yerləşən evə köçmüşdür. Kirayə pulunu atası öz üzərinə götürmüşdür. 11 aprel 2023-cü il tarixdə səhər tezdən oğlu Fəridi və qızı Zəhrənuru məktəbə yola salmış, qızı Mələk isə evdə onunla qalmışdır. Birdən Xəyalın evin həyətində olduğunu və qışqıraraq «Məleykə çıx çölə səni öldürəcəm» demiş, sonra qapıya və pəncərəyə zərbələr vurmuşdur ki, içəri girsin. Dərhal qaynanasına zəng edib Xəyalın onu öldürəcəyini deyərək köməklik istəmiş, sonra 102 xidmətinə zəng vurub ərinin onu öldürəcəyini demişdir. Evin qapısını içəridən bağlamış, qorxusundan yataq otağına keçib oranın da qapısını örtmüşdür. Bir neçə dəqiqədən sonra Xəyalı evdə görmüş, Xəyalın necə içəri keçdiyini bilməmişdir. Xəyal yataq otağının qapsını sındırmış və ona hücum edərək çoxsaylı bıçaq zərbələri ilə onu vurmağa başlamışdır. Həmin vaxt otaqda qızı Mələyin olduğunu görmüş, Mələk qorxusundan ağlamışdır. Birtəhər Xəyalın əlindən qaçmış, o biri otaqda yerə yıxılmış, Xəyal əlindəki bıçaqla onun boğazını kəsmək istəmiş, ona müqavimət göstərərək bıçağın tiyəsindən tutmuşdur. Bu zaman oğlu Fərid içəri daxil olub əlindəki çanta ilə Xəyalı arxadan vurmuş, Mələk isə həmin vaxt ağlamışdır. Qəfildən baldızı İlahə içəri daxil olub qanlı bıçağı Xəyalın əlindən birtəhər alıb onu çölə çıxarmış, Xəyal isə həmin vaxtı onun üstündə oturub onu boğmaq istəmişdir. Hadisə yerinə gələn yeznələri Zamiq və Raqil Xəyalın qollarından tutub onu çölə çıxartmışlar. Dərhal təcili tibbi yardım maşını gəlib onu xəstəxanaya aparmışdır. 10 günə yaxın xəstəxanada yatmış, sonra evə buraxılmışdır. Hazırda Xəyalı bağışlamır, onunla barışmır, ondan şikaytəçidir. Zərərçəkmiş şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, Xəyalın pensiyası kəsildiyindən və maddi vəziyyətləri yaxşı olmadığı üçün əvvəllər rayonda «Araz» marketdə işləmiş, sonra işdən çıxmasına baxmayaraq Xəyalla münasibətləri yaxşı olmuşdur. Xəyalın xəyanətini bildikdən sonra ərinin münasibəti ona qarşı aqresiv olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 təqsirləndirilən şəxs qardaşı Təqsirləndirilən şəxs qarşı ifadə verməkdən imtina etdiyiynə görə onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş, o həmin ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının axırlarında Məleykə ayrılmaq məqsədilə məhkəməyə müraciət etmişdir. X5 yaşadığı evdən əvvəlcə ata evinə getmiş, sonra isə ünvan 4 ünvanına kirayə köçmüş uşaqları ilə birlikdə orada yaşamışlar. 11 aprel 2023-cü il tarixdə saat 08 radələrində anası Tamella ona həyəcanla qışqıraraq təcili Məleykənin yaşadığı evə getməyini, Xəyalın ora gedərək nəvələrini və Məleykəni döydüyünü demiş, o da dərhal yaşadığı evdən çıxaraq əvvəlcə polis şöbəsinə müraciət etmiş və qaçaraq Məleykənin yaşadığı evə getmiş, Məleykənin yaşadığı evə çatmağına az qalmış qardaşı oğlu Fərid onun qarşısına çıxmış və atası Xəyalın onların yaşadıqları evə gəldiyini, anası Məleykəni öldürəcəyini demiş, dərhal ora gedib anası Məleykəyə kömək etməyini istəmişdir, O da Məleykənin yaşadığı evin həyətinə daxil olmuş və evə tərəf yaxınlaşmış, evə çatarkən qapının açıq, yerdə isə çoxlu şüşə qırıntılarının olduğunu görmüşdür, evə daxil olduqda qapının giriş hissəsində yerdə çoxlu qan ləkələrini görmüşdür. Qardaşı qızı Mələk kənarda oturub qorxudan valideynlərinə baxmışdır. İçəri daxil olarkən Məleykənin yerdə arxası üstə uzandığını, qardaşı Xəyalın dizlərinin onun sinəsinə qoyaraq oturduğunu, əlindəki bıçağı isə boğazına dirədiyini, Məleykənin də əli ilə bıçağın iti hissəsindən yapışaraq boğazını kəsməyə qoymadığını görmüş, Xəyal Məleykənin boğazını bıçaqla kəsib öldürmək istəyərkən dərhal arxadan ona yaxınlaşmış, bıçaq qan olduğundan dəstəyi sürüşgən olmuş, Xəyal bıçağın tiyəsindən yapışmış, Xəyalın kürəyində oturaraq belindən dişləmiş, Xəyalın əli boşaldıqdan sonra qəflətən əlindəki bıçağın dəstəyindən yapışmışdır. Bıçağı tutub çəkərkən bıçaq Xəyalın sağ əlini kəsmiş, bıçağı Xəyaldan alıb dərhal həyətə çıxmış, bıçağı kənara atmış, daha sonra Xəyalın bacanaqları Zamiqlə Raqil oraya gəlmiş və evə daxil olaraq Xəyalı evdən həyətə çıxarmışlar. Dərhal hadisə yerində polis şöbəsinə və təcili tibbi yardıma zəng edərək məlumat vermiş, təcili tibbi yardım avtomobili ora çatdıqdan sonra Məleykəni Saatlı RMX-ə, Xəyalı isə polis şöbəsinə aparmışlar. Şahid2 qeyd etmişdir ki, əgər hadisə yerinə vaxtında çatmasa idi qardaşı Xəyal arvadı Məleykənin boğazından kəsərək öldürəcəkdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacanağıdır. 11 aprel 2023-cü ildə səhər saat 8 radələrində qəssab köməkçisi kimi işlədiyi bacanağı Zamiqin yanına yollanmış və onunla görüşmüş, bu zaman Zamiqin mobil telefonuna zəng gəlmişdir. Zamiq ona «tez min maşına, gedək, Xəyal Məleykəni öldürür» demişdir. Dərhal Məleykənin yaşadığı evə getmişlər.Həyətə daxil olduqda Xəyalın bacısı İlahənin əlində qanlı bıçağı görmüş, İlahə bıçağı həyətə atmışdır. Məlum olmuşdur ki, Xəyal Məleykəni bıçaqla vurub öldümək istəmişdir. Bu vaxtı Xəyalın qızı Mələk qarşısına çıxmış, sonuncu «atam anamı öldürür» demişdir. İçəri daxil olduqda hər tərəfin qan içində olduğunu görmüşdür. Xəyal Məleykənin sinəsində oturub onu boğmaq istəmişdir. Zamiqlə birlikdə Xəyalın qollarından tutub çölə çıxartmışlar.Xəyal əsəbi olduğundan sakitləşməmiş, Məleykədən əl çəkməmişdir. Xəyal onların əlindən çıxıb yerdən bıçağı götürüb yenə də Məleykənin üstünə hücum etmək istəyərkən Zamiqlə onu tutub saxlamışlar, həmin vaxtı Xəyal çox əsəbi olmuşdur. Təcili tibbi yardım maşını gəlib Məleykəni xəstəxanaya aparmışdır. Daha sonra polis əməkdaşları gəlib Xəyalı tutub şöbəyə aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 Şahid3lə eyni məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs onun bacanağı olduğunu, 11 aprel 2023-cü ildə səhər tezdən işdə olarkən Məleykənin qonşusu olan qardaşı Xəlilin arvadı İradə onun mobil telefonuna zəng edərək Xəyalın Məleykəni öldürməsi barədə məlumat verdiyini, dərhal bacanağı Raqillə hadisə yerinə yollandıqlarını, evin həyətinə daxil olduqda Xəyalın bacısı İlahənin üst-başı qanın içində, əlində isə bıçağın olmasını, sonra içəri daxil olduqda evin də qanın içində və Xəyalın Məleykənin sinəsində oturub onu boğmaq istədiyini görmüşdür. Raqillə birlikdə Xəyalın qollarından tutub onu çölə çıxartmışlar. Lakin Xəyal əsəbi olduğundan sakitləşməmiş, yenə də Məleykənin üzərinə getmişdir. Evdə ağlayan Xəyalın qızı Mələyi və oğlu Fəridi görmüşdür. Bundan sonra təcili tibbi yardım maşını gəlib Məleykəni xəstəxanaya aparmışdır. Sonra polis əməkdaşları gəlib Xəyalı şöbəyə aparmışlar.Hadisə yeri müayinə olunarkən bıçağın yerini polislərə göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 93 A №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər-sol bazunun yuxarı 1/3-də arxa səthdə beş ədəd, sol əlin ovuc səthində 1-2-ci əldarağı sümüyü proyeksiyasında bir ədəd, sol əlin 1-2- 3-cü barmaqlarının ovuc səthində əsas falanqa proyeksiyasında üç ədəd, sağ əlin ovuc səthində bir ədəd, sol sağrının yuxarı iç kvadratında bir ədəd, döş qəfəsinin ön səthində orta xətt üzrə dördüncü qabırğa səviyyəsində bir ədəd, sol məmə xətti üzrə 6-cı qabırğa səviyəsində bir ədəd, döş qəfəsinin arxa səthində onurğa xətti üzrə 11-ci döş fəqərəsi səviyəsində bir ədəd yara, sol onurğayanı xətt üzrə 2-ci bel fəqərəsi səviyəsində bir ədəd, döş və qarın boşluğuna keçməyən cəmi 15 ədəd kəsilmiş deşilmiş yaralar kəsici-deşici alətin-təqdim edilmiş bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlərin xarakteri, yerləşmə nahiyələri nəzərə alındıqda, xəsarətlərin kənar şəxs tərəfindən yetirilmişdir və ilk məlumatda göstərilən şəraitdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədən səthindəki xəsarətlərin lokalizasiyası, təqdim edilmiş paltardakı zədələrin lokalizasiyasına uyğun gəlir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 94 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı aşkar edilmiş xəsarətləri sağ əlin 1-ci barmağının ovuc səthində, sağ əlin 3-cü barmağının əsas falanqası proyeksiyasında üst səthində, sağ əlin 4-cü barmağının dırnaq falanqası proyeksiyasında ovuc səthdə səthi kəsiklər kəsici səthə malik alətin - bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi şəraitdə əmələ gələ bilər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 178-MTKŞ/2023 №-li rəyində göstərilir ki, təqdim edilmiş X1 məxsus uzunqol jaketin və koftanın hər birinin ön və arxa səthlərində, hər birinin sol qolunun arxa səthində çoxsaylı deşilmiş-kəsilmiş zədələr, şalvarın arxa səthinin sol yarısında bir ədəd deşilmiş-kəsilmiş zədə var. Bu zədələr iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişlər. X1 məxsus paltarların (uzunqol kofta, jaket, şalvar) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus vadalazkanın ön səthinin sol yarısının aşağı hissəsində bir ədəd dəlib-keçən zədə var. Bu zədə deşilmiş-kəsilmiş zədədir, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən törənməyə uyğun gəlir. Bu zədəyə uyğun Təqsirləndirilən şəxs məxsus digər paltarların (gödəkcə, mayka, şalvar) üzərində hər hansı bir zədə aşkar edilmədi. Təqsirləndirilən şəxs məxsus gödəkçənin yaxalıq tikişi və hər iki qolunun dairəvi tikişi üzərində məhdud sökülmə zədələri var. Bu zədələr küt yaranma mexanizmi ilə, paltarın həmin nahiyyələrinin kəskin dartılması nəticəsində törənməyə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus cins şalvarın və qolsuz maykanın üzərində zədə aşkar edilmədi. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Təqdim edilmiş maddi sübutların üzərində məhkəmə-tibbi-bioloji tədqiqat nəticəsində aşkar edilmiş qan ləkələrinin əmələgəlmə mexanizmi aşağıdakı kimidir: X2ma məxsus paltarlarda: jaketin və koftanın hər birinin üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir, şalvarın üzərində olan əksər ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir, bu fonda şalvarın hər iki ayağının ön və arxa səthində olan bəzi ləkələr qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir. Təqsirləndirilən şəxs məxsus paltarlarda: şalvarın üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir, gödəkcənin ön səthində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir, bu fonda gödəkcənin sağ qolunun üzərində olan bəzi ləkələr qan mənbəyi ilə (qanlı səthlə) dinamiki kontakt nəticəsində əmələ gəlmiş yaxma xarakterli ləkələrdir, maykanın arxa səthində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) statik kontakt və zəif dinamiki kontakt nəticəsində əmələ gəlmiş hopma xarakterli ləkələrdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-lifli materialların ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2446 №-li rəyində göstərilmişdir ki, təqdiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərində aşkar edilmiş tünd boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərində aşkar edilmiş göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Təqdiqata təqdim edilmiş 01 ədəd bıçağın səthi üzərindən tapılmış kənar lif mikrohissəciklər arasında Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 259/2023-MTBŞ №-li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-A/İİ/. Zərərçəkmiş şəxs portaldan çıxarışının kserosurətinə əsasən qan qrupu-A/İİ/. Ekspertizaya təqdim olunan 01 ədəd bıçaq, 02 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs məxsus şalvar, kofta, jaket, Təqsirləndirilən şəxs məxsus şalvar, alt mayka və gödəkçə üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər onların qanında müşayiətçi “H” antigeni varsa və sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus vodolazka üzərində şübhəli ləkələr aşkar olunmadı. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1607 №li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulmasının, kəmağıllığın və sair psixi xəstəliyin əlamətləri qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs özünümüdafiə etməyə meyilllik, inadkarlıq, laqeydlik, emosionallıq kimi fərdi-psixi xüssusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qısqanclıq fikirləri və həyat yoldaşı Zərərçəkmiş şəxs ondan ayrılmaq istəməsi səbəbindən qərarın təsviri hissəsində qeyd olunmuş cinayət əməlini törətməsini əvvəlcədən planlamış, hadisə zamanı onun psixi-emosional sferasında emosional reaksiyalara meyillilik əmələ gəlmişdir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq hadisə vaxtı öz hərəkətlərinin mahiyyətini dərk etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Respublika Narkoloji Mərkəzinin xx.xx.2023-cü il tarixli 4226 №-li rəyində göstərilir ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmadı, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan xx.xx.2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evidir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək qanabənzər ləkələrdən ümumilikdə 02 ədəd pambıq tampon nümunələr və 01 ədəd bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bıçağın dəstək hissəsi taxta materialdan olub ümumi uzunluğu 27 sm tiyəsinin uzunluğu 14.5, dəstəyinin uzunluğu 12.5 sm-dir. Bıçağın tiyəsi itidir. Dəstək və tiyədə qanabənzər ləkələr vardır. İşdə olan xx.xx.2023-cü il tarixli “əşyaların tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş və ümumi uzunluğu 27 sm, üç yerdən bərkidilmiş 12.5 sm uzunluğunda dəstəyi olan və 14.5 sm uzunluğunda tiyəsi olan 3 nömrəsi altında nömrələnmiş bıçağı eyni növdən olan digər üç əşya arasında tanıyaraq cinayəti törədən zaman istifadə etdiyi bıçağın məhz həmin bıçaq olduğunu göstərmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli “əşyaların tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə hadisə yerinə baxış keçirilən zaman götürülmüş və ümumi uzunluğu 27 sm, üç yerdən bərkidilmiş 12.5 sm uzunluğunda dəstəyi olan və 14.5 sm uzunluğunda tiyəsi olan 2 nömrəsi altında nömrələnmiş bıçağı eyni növdən olan digər üç əşya arasında tanıyaraq Təqsirləndirilən şəxs ona məhz həmin bıçaqla çoxsaylı xəsarətlər yetirərək öldürməyə cəhd etdiyini bildirmişdir. İşdə olan 19 aprel 2023-cü il tarixli Sabirabad 1 saylı Mediasiya təşkilatının məktubundan görünür ki, Zərərçəkmiş şəxs 27 mart 2023-cü ildə nikahın pozulması, aliment və əmlak tələbi ilə bağlı həmin təşkilata müraciət etmişdir. İşdə olan DSMF publik hüquqi şəxsin Mil-Muğan regional filialının 16 may 2023-cü il tarixli 3-17-1/2-107719 N-li məktubu ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildən İİİ dərəcəli əlilliyə görə, xx.xx.2021-ci ildən İİ dərəcəli əlilliyə görə aylıq olaraq 327,21 manat pensiya alır. İşdə olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndiriməsi haqqında ” qərarın 5ci bəndinə əsasən hadisə yerindən götürülmüş qana bənzər ləkələrdən 02 ədəd tampon nümunələr, cinayətin aləti olan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd sintetik materialdan tünd yaşıl rəngli uzunqol kofta, 1 ədəd yun materialdan açıq qəhvəyi rəngli yaxası düyməli jaket, 1 ədəd sintetik materialdan tünd mavi rəngli şalvar, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan 1 ədəd qara rəngli boğazlı köynək (vadalaska), 1 ədəd açıq boz rəngli (kül rəngli) şalvar, 1 ədəd ağ rəngli mayka və 1 ədəd astarı qara üzəri tünd mavi rəngli gödəkçə maddi sübut kimi tanınmış saxlanılması üçün Saatlı rayon prokurorluğuna təhvil verilmişdir. Təqsirləndirilən şəxs istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı özünün müdafiəsi üçün hər hansı bir dəlil gətirməmiş, məntiqli və ardıcıl olmaqla hadisənin səbəbini, xarakterini, mexanizmini və inkişafını səmimi olaraq təsvir etmişdir. Həmçinin, onun məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi iş üzrə bütün sübutların məcmusu ilə - zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, “hadisə yeriən baxış aparılması haqqında” protokolu, çoxsaylı ekspertizanın rəyləri, istintaq hərəkətnin protokolları və digər sənədlərlə təsdiq olunur və işin obyektiv hallarına uyğun gəlir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Buna görə də, məhkəmə tərkibi ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə baxışı dövründə verdiyi etirafedici ifadələrini, habelə zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, çoxsaylı eskpertizanın rəylərini, «hadisə yerinə baxış keçirilməsi», «əşyalara baxış keçirilməsi» haqqında protokolları və digər istintaq hərəkətinin protokollarını, sənədləri Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsası kimi cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən Təqsirləndirilən şəxs məişət təyinatlı bıçaqla arvadının və övladlarının yaşadıqları evə zərərçəkmiş şəxsin iradəsi ziddinə qanunsuz daxil olması, evdə arvadı Zərərçəkmiş şəxs qızı Mələyin gözünün qarşısında çoxsaylı bıçaq zərbələri vurması və işin digər halları təqsirləndirilən şəxsin aşkar surətdə arvadı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə cəhd etməsi, habelə zərərçəkmiş şəxsin iradəsi ziddinə evə daxil olaraq mənzil toxunulmazlığı hüququnu pozması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1 və 29,120.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiq olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan 25 aprel 2023-cü il tarixli 890 N-li arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda kirayə yaşamaqla ailə tərkibi 2006-cı il təvəllüdlü qızı Şahid1, 2009-cu il təvəllüdlü oğlu Fərid Abasovdan və 2016-cı il təvəllüdlü qızı Zəhrənur Abasovadan ibarətdir. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində azyaşı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşıdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 29,120.2.4-cu maddəsi “xüsusilə ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında 14 ildən 20 ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə, CM-nin 157.1-ci maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında alternativ cəzalarla yanaşı bir ilədək islah işləri cəzaları nəzərdə tutulmuşdur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələri görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası, CM-nin 157.1-ci maddəsində nəzərdə tutulmuş islah işləri cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməldir. CM-nin 63.3-cü (başa çatmayan cinayətə görə cəza təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs həmin Məcəllənin 29,120.2.4-cü maddəsilə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının son həddi - 20 ilin dörddə üçündən,yəni 15 ildən artıq ola bilməz. Bundan başqa, CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsilə təyin olunacaq islah işləri cəzasının 4 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməli, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs 13 aprel 2023-cü ildə şübhəli şəxs qismində tutulmuş, 14 aprel 2023-cü ildə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin günü Saatlı Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən həbsdə saxlanıldığı müddət təyin olunacaq cəza müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 13 aprel 2023-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Saatlı rayon prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş qana bənzər ləkələrdən 02 ədəd tampon nümunələr, cinayətin aləti olan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd sintetik materialdan tünd yaşıl rəngli uzunqol kofta, 1 ədəd yun materialdan açıq qəhvəyi rəngli yaxası düyməli jaket, 1 ədəd sintetik materialdan tünd mavi rəngli şalvar, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 1 ədəd qara rəngli boğazlı köynək (vadalaska), 1 ədəd açıq boz rəngli (kül rəngli) şalvar, 1 ədəd ağ rəngli mayka və 1 ədəd astarı qara üzəri tünd mavi rəngli gödəçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 154 (yüz əlli dörd) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.4 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-nin 29, 120.2.4-cü maddəsi ilə 14 (on dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsi ilə qazancından dövlət nəfinə 20% tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 157.1-ci maddəsilə təyin olunmuş qazancından dövlət nəfinə 20% tutulmaqla 1 (bir) il müddətinə islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulmaqla 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları tamamilə toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 14 (on dörd) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 13 aprel 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Saatlı rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş qana bənzər ləkələrdən 02 ədəd tampon nümunələr, cinayətin aləti olan bir ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd sintetik materialdan tünd yaşıl rəngli uzunqol kofta, 1 ədəd yun materialdan açıq qəhvəyi rəngli yaxası düyməli jaket, 1 ədəd sintetik materialdan tünd mavi rəngli şalvar, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olan 1 ədəd qara rəngli boğazlı köynək (vadalaska), 1 ədəd açıq boz rəngli (kül rəngli) şalvar, 1 ədəd ağ rəngli mayka və 1 ədəd astarı qara üzəri tünd mavi rəngli gödəçə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 154 (yüz əlli dörd) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar