Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-172/2025 05.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Nuriyev Aqil Abdul oğlunun sədrliyi ilə, hakimlər Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi – X12, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Universal Vəkil Bürosunun vəkili Müdafiəçi, ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi – X23 iştirakları ilə, xx.xx.1998-ci ildə İmişli rayonu Şahverdilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, məhkum olunmamış, İmişli rayonu, Şahverdilər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs (FİN: xxxxxxx) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i:
1. Təqsirləndirilən şəxs 02 iyul 2024-cü il tarixdə, saat 23 radələrində "Toyota Corolla" markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobili İmişli-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonunun Rəsullu kəndindən keçən hissəsində, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi istiqamətində 110 km/saat sürətlə, yəni yaşayış məntəqələri daxilində - saatda 60 kilometrdən çox sürətlə idarə edib, yol hərəkəti üçün təhlükəli şərait yaratmaqla “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İ hissəsinin 3-cü bəndi, 50-ci maddəsinin İİ hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, qarşıda piyada X17 əks istiqamətli hərəkət zolağının kənarından asta yerişlə yolu soldan sağa doğru keçib onun hərəkət etdiyi zolağa çıxdığını görərək, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, avtomobili qarşı əks hərəkət zolağına çıxarıb, kəsib keçmək qadağan olan 1.1-1.3 üfüqi nişanlanma xəttini kəsib keçməklə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, piyada E.Şükürovun arxasından manevr edib keçmək istəyərkən, geriyə qayıdan piyada E.Şükürovu yolun hərəkət hissəsinin sol kənarından sağa doğru 2 metr məsafədə qarşı hərəkət zolağında avtomobilin qabaq hissəsi ilə vurub, ehtiyatsızlıqdan X3 təpə-alın-burun sümüyünün açıq qəlpəli basılmış sınığı, təpə-alın nahiyəsində baş-beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sərt və yumşaq qişanın cırılması, baş beyinin əzilməsi, sol yuxarı ətrafın sol saidin aşağı 1/3-dən travmatik amputasiyası, sol qamış və incik sümüklərinin açıq qəlpəli sınığı, sağ qamış və incik sümüklərinin qapalı yerdəyişən sınığı, sağ təpə nahiyəsində, burnun belində, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sol baldırın aşağı 1/3-də iç səthdə yaralar, qarnın ön yan səthində, sağ bazu oynağının bayır səthində, sağ əlin üst səthində, sağ diz oynağının ön səthində sıyrıqlardan ibarət həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirərək, onun başın açıq küt travması nəticəsində baş-beyin toxumasının əzilməsindən ehtiyatsızlıqdan ölümünə səbəb olmuş, daha sonra “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək hadisə barədə, habelə öz şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsin qohumlarına və ya Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər vermədən hadisə yerindən çıxıb yaşadığı İmişli rayonu, Şahverdilər kəndindəki evinə gedərək uzaqlaşmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır.
İşin halları və dəlilləri:
2. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, hadisə baş verən gün, yəni xx.xx.2024-cü il tarixdə tanışı Pərvin onu kafeyə (puba) çağırmış, kafedə Orxan, Pərvin və Faiqlə birlikdə əyləşmişlər, 4 nəfər olmuşlar, digər 3 nəfər pivə içmiş, o isə çay sifariş etmişdir, biraz onlarla oturduqdan sonra təxminən saat 22 radələrində evə getmək üçün durmuşdur, telefonunun enerjisi bitdiyi üçün sönmüşdür, o isə telefona enerji doldurmaq üçün naqil (usb kabel) almaq üçün yolüstü mağazaların birində saxlamış, lakin həmin mağaza bağlı olmuşdur, hərəkətini davam etdirərək növbəti mağazadan siqaret almış, yoluna davam etmiş, yolun əks hərəkət istiqamətindən yük maşını gəlmiş, həmin yük maşını uzaq işıqlardan istifadə etmiş, daha sonra uzaq işıqlarını yandırıb-söndürməklə ona işarə vermişdir, o isə yük maşınının işarəsinə fikir verməmişdir, yük maşını onun yanından keçdikdən sonra piyadanın yolu keçdiyini görmüş, əyləcdən istifadə etmiş, lakin piyadanı avtomobilin sol ön hissəsi ilə vurmuş, avtomobil dayandıqdan sonra avtomobildən düşərək piyadanın yanına qaçmış, onu yerdən qaldırmaq istəsə də gücü çatmamış, ətrafdan adamlar yığılmış, tanımadığı bir şəxsdən xahiş edib telefonunu almış, atasına zəng vuraraq hadisə törətməsi barədə məlumat vermiş, daha sonra atası və qohumları hadisə yerinə gəlmiş, daha sonra qohumları ilə birlikdə hadisə yerindən yaşadığı evə getmişdir.
3. Təqsirləndirilən şəxs məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, kafedə (pubda) olarkən o ümumiyyətlə spirtli içki qəbul etməmişdir, masada əyləşən digər 3 nəfər pivə içmişdir, kafedən çıxdıqdan sonra avtomobildə tək olmuş, telefonu söndüyündən ona enerji doldurucu naqil (usb kabel) almaq üçün mağazanın qarşısında dayanmış, mağaza bağlı olmuşdur, piyadanı görəndə əyləcdən istifadə etmişdir, piyadanı vuranda, piyada yolun sol tərəfinə düşmüşdür, avtomobil isə yolun orta hissəsində ağ xəttin üzərində yanakı formada dayanmışdır, hadisə baş verəndən sonra onun avtomobilinin yeri dəyişdirilmişdir, hesab edir ki, polis əməkdaşları tərəfindən deyil orada toplaşan insanlar tərəfindən avtomobilin yeri dəyişdirilə bilər, hadisədən sonra orada olan tanımadığı şəxs X68a zəng vurmuşdur, o tanımadığı şəxsin telefonundan atasına zəng edərək hadisə barədə bildirib, hadisə yerində tanımadığı şəxs ona təpiklə zərbə vurmuşdur, hadisə yerinə atası, Pərvin, Orxan və Faiq gəlmişlər, döyülməmək üçün oradan getmişdir, o gedərkən artıq X68 avtomobili gəlmişdi, X68 avtomobilin arxasında isə polis avtomobili dayanmışdı, polis avtomobilinin YPX və ya PPX avtomobili olmasını dəqiq xatırlamır, lakin X68 avtomobilinin arxasında daha bir sayrışan işıqları olan polis avtomobili olduğunu görmüşdür. O evə getdikdən sonra polis əməkdaşları gəlib onu evdən aparmışlar, xəstəxanada alkotesterlə yoxlamışlar, onda sərxoşluq müəyyən edilməmişdir, hətta başqa bir otağa aparıb orada da yoxlamışlar, ümumilikdə 2-3 dəfə alkotesterlə yoxlasalar da onda hər hansı spirt aşkarlanmayıb, polis şöbəsinə qaytarılmış, qısa müddət sonra sonra yenidən xəstəxanaya gətirilərək ondan qan nümunəsi götürülmüşdür.
4. Məhkəmədə Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri elan edilməklə tədqiq edilmişdir.
5. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində (şübhəli şəxs qismində cild İ, iş vərəqə 56-58 və təqsirləndirilən şəxs qismində, c.İ. i.v. 100-102) göstərmişdir ki, idarə etdiyi "Toyota Corolla" markalı **-GA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ona məxsusdur. 02 iyul 2024-cü il tarixdə saat 20 radələrində o İmişli şəhəri ərazisində apteklərin birindən qolunda olan yanıq xəsarəti ilə bağlı maz almış və oradan da İmişli şəhəri 28 May küçəsində, “Köhnə heyvan bazarı" adlanan yerdə yerləşən “Beer pub” restoranına gəlmiş, həmin pubda İmişli rayonu Şahverdilər kənd sakini Orxan adlı şəxs, kürəkəni, İmişli şəhər sakini Faiq və İmişli rayonu Məhəmmədli kənd sakini Pərvin adlı şəxs əyləşmişdir. O da gəlib onlarla birlikdə əyləşmiş və orada iki bakal pivə içmişdir. Saat 23:10 radələrində o pubdan çıxmış, avtomobili də pubun qarşısında dayanmışdır. O, maşına minmiş və telefonunun enerjisi bitdiyi üçün telefon mağazalarının birindən enerji doldurucusu axtarmış, bu məqsədlə İmişli şəhəri, M.Əsədov küçəsində 7 saylı tam orta məktəbin yaxınlığında yerləşən mağazaya gəlmiş amma bağlı olmuşdur. Sonra oradan İmişli şəhəri T.İsmayılov küçəsi ilə hərəkət edib İmişli rayonu Rəsullu kəndi istiqamətində hərəkət etmiş, İmişli şəhəri “Daş körpü" adlanan yerdə mağazada dayanmış və oradan siqaret alıb yoluna davam etmişdir. İmişli rayonu Rəsullu kəndi ərazisində hərəkətdə olan zaman görmüşdür ki, yolun sol tərəfində olan avtobus dayanacağının yaxınlığında bir nəfər şəxs piyada yavaş-yavaş yolu keçir. Həmin şəxs artıq onun hərəkət etdiyi zolağa keçmişdir. Piyada yolun ortasında olan bütöv düz xətti keçmişdir. O, fikirləşmişdir ki, həmin piyada onun hərəkət etdiyi zolağa keçib, o da əks istiqamətli zolağa keçib piyadanın arxası ilə keçib gedə bilər. Amma piyada qəfil arxaya qayıtmış və o, piyadanı maşının ön hissəsi ilə vurmuş və piyada yolun sol tərəfində digər hissəyə düşmüş, o isə avtomobili saxlamış və düşmüşdür. O, orada hadisə yerinə toplaşan tanımadığı şəxslərə kömək edib, maşına qoyub xəstəxanaya aparmalarını bildirmişdir. Orada olan şəxslərdən kimsə 103 X68 xidmətini çağırıldığını demişdir. Sonra isə o, piyadanın üzərində olan qanı görmüş və həyəcandan özündən getmişdir. Sonra onu ayıltmışlar, hadisə yerinin yaxınlığında kiçik su arxının yanında o, yenidən özündən getmiş və bir də gözünü açanda artıq evdə olmuşdur. Müstəntiqin “Hadisədən əvvəl siz təxmini nə qədər spirtli içki qəbul etmişdiniz?” sualına Təqsirləndirilən şəxs “iki bakal pivə içmişdim” deyə cavab vermiş, müstəntiqin “Siz İmişli rayonu Rəsullu kəndi istiqamətində hərəkətdə olan zaman yolun hərəkət hissəsini keçən piyadanı neçə metr məsafədən gördünüz?” sualına “Təxmini 40 metr məsafədən mən yolun ortasında, mənim hərəkət etdiyim zolaqda bir nəfər şəxsin olmasını gördüm. Hesabladım ki, mənim hərəkət zolağımda olan həmin şəxsin arxası ilə hərəkət edib, yəni ǝks istiqamətli hərəkət zolağına keçib, həmin şəxsin arxasından ötüb gedərəm. Amma mən maşının sükanını əks istiqamətli hərəkət zolağına tərəf döndərən zaman həmin şəxs anidən arxaya qayıtdı və mən maşınımın ön hissəsi ilə onu vurdum” deyə cavab vermiş, “Əyləcdən istifadə etdinizmi?” sualına “Bəli mən gördüm ki, piyada mənim hərəkət zolağıma keçmişdir. Mən bu zaman əylǝci basdım, sükanı əks istiqamətli zolağa tərəf döndərdim, bu zaman isə piyada anidən arxaya, yəni mənim keçdiyim əks istiqamətli zolağa qayıtdı. Həmin vaxtı da hadisə baş verdi” cavabını vermiş, “Hadisədən əvvəl sürət həddiniz nə qədər idi?” sualına şübhəli şəxs qismində ifadə verən zaman 100 km/saat, təqsirləndirilən şəxs qismində cavab verərkən isə dəqiqləşdirdiyini və surətinin 110 km/saatdan yuxarı olduğunu qeyd etmişdir. Müstəntiqin “Asfalt örtük üzərində təkərə məxsus tormoz izi müşahidə edilməmiş, avtobus dayanacağının qarşısında asfalt yolun üzərində sadəcə 30 sm uzunluqda sürtünmə izi müşahidə edilmişdir. Siz isə əyləcdən istifadə etdiyinizi qeyd edirsiniz. Bununla bağlı nə deyə bilərsiniz?” sualına Təqsirləndirilən şəxs “Xeyr, mən piyadanın mənim yoluma çıxdığını görüb əylǝci basmışdım” deyə cavab vermiş, “Siz 40 metr məsafədən ümumiyyətlə piyadanı gördünüz, yoxsa həmin məsafədə artıq sizin yolunuzda olmasını gördünüz?” sualına Təqsirləndirilən şəxs “Xeyr, mən piyadanın hansı istiqamətdən gəldiyini əvvəlcədən görmədim. 40 metr təxmini məsafədə piyadanın yolun ortasında olan düz xətti keçib mənim yolumda olmasını gördüm”, müstəntiqin “Piyada yolu qaçaraq, yoxsa yavaş-yavaş keçirdi?” sualına “Xeyr, yavaşyavaş keçirdi” deyə cavab vermişdir.
6. Bundan əlavə, “Təqsirləndirilən şəxsin yenidən ittihamdan sonra dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli ifadəsi (c.İİ. i.v. 58-61) elan edilərək tədqiq edilmişdir. Həmin ifadədə təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək qeyd etmişdir ki, "Beer pub" restoranına gəlib Orxan, Faiq və Pərvin adlı şəxslərlə birlikdə əyləşdikdən sonra həmin masaya pivə içkisi gəlmiş, yanında oturanlar pivə içsə də o içməmişdir, çünki həm qolu yanmış, həm də anası həmin vaxt ona zəng edib təzyiqinin olmasını və ona dərman alıb gətirməsini demişdir, buna görə də bir qədər onlarla söhbət edib oradan qalxmışdır... ... İmişli rayonu Rəsullu kəndi ərazisində hərəkətdə olan zaman əks istiqamətli hərəkət zolağında "Kamaz" markalı yük avtomobilinin gəldiyini görmüş, həmin yük avtomobili uzaq işıqlardan istifadə edirmiş, o da uzaq işıqlardan istifadə etmişdir, sonra o yaxın işıqlara keçmiş, həmin yük maşını ona üç dəfə işıqla işarə vermiş, o, elə hesab etmişdir ki, ona minnətdarlıq edir. Sən demə həmin vaxt onun yoluna çıxan piyadanın olduğunu bildirirmiş. O, yolun sağ tərəfindəki ərzaq mağazasının qarşısından keçib yolun işıqlandırılmayan hissəsinə daxil olanda hərəkət istiqamətində bir nəfərin keçdiyini görmüş, məsafə yaxın olduğu üçün, həmin piyadanı vurmamaq üçün o, avtomobili əks tərəfə çəkmişdir. Bu zaman həmin şəxs qeyri-iradi olaraq getdiyi istiqamətin əksinə dönüb artıq onun çıxdığı yola, əks istiqamətli yola çıxmışdır. Ara məsafəsi çox az olduğundan, ǝyləcdən istifadə etmiş, onu vurmamaq üçün çalışsa da gördüyü tədbirlər nəticə verməmiş və idarə etdiyi avtomobilin sol alın şüşəsinə çırpılmışdır. Həmin anda avtomobil dayanmış, piyadaya dəydiyi sürətə uyğun olaraq mərhum E.Şükürovun meyiti yolun sol kənarına düşmüşdür. Piyadanın avtomobildən neçə metr kənara düşdüyünü deyə bilmir, amma çox az məsafə olmuşdur. Toqquşma anına qədər onun idarə etdiyi avtomobilin sürət həddi təxmini 80-90 km/saat olardı... ...Telefonun zaryatkası olmadığı üçün hadisə yerində olan tanımadığı şəxsdən telefonu almış, atasına zəng edib Rəsullu kəndi ərazisində qəza etdiyini demişdir, meyiti qanlı vəziyyətdə görəndən sonra özündən getmiş, bir də özünə gələndə yüzə yaxın adam toplaşdığını görmüş, sonradan bilmişdir ki, hadisə yerinə gələn mərhumun yaxın adamları onu vurmaq istəmiş və hətta vurublar. Kimlərin onu vurduğunu bilmir. Ancaq hadisə yerinə gələn həmkəndliləri X9, X25, X26, X27, dayısı X18 və X37 tərəfindən öldürülməyinin qarşısını almaq üçün tanımadıqları bir yol maşınına mindirib onu yaşadığı evə yola salmışlar. Evə çatan kimi Namiq adlı polis əməkdaşı onu evdən gəlib götürmüş, Bəhrəmtəpə yolu ilə İmişli rayon xəstəxanasına aparmışdır. Orada alkotester vasitəsilə sərxoşluq müayinəsi aparılmış, həkimin yanında olan zaman orada mərhumun qohumlarından olan bir nəfər şəxs həkimlərə ona sərxoşluq yazılması iləbağlı təzyiqlər etmişdir. O, alkotesterə iki dəfə üfürəndən sonra heç bir nəticə çıxmadığı üçün alkotesterə üçüncü dəfə üfürmüş və artıq nəfəs almaq gücü qalmamışdır, nə yazırsız yazın demişdir. Sonradan öyrənmişdir ki, ona sərxoş yazıblar. Halbuki, o, həmin gün onu sərxoş vəziyyətə gətirə biləcək heç bir maddə, spirtli içki qəbul etməmişdir. O, polis şöbəsinə gətiriləndən bir iki saat sonra müstəntiq onu yenidən İmişli RMX-yə aparmış və ondan qan nümunəsi götürülmüşdür. Əlavə olaraq qeyd etmişdir ki, hadisədən sonra onun avtomobilinin yeri dəyişdirilmişdir. Amma kim tərəfindən və hansı şəraitdə dəyişdirilməsindən məlumatı olmamışdır.
7. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs əvvəlki, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrini deyil, ibtidai istintaq zamanı verdiyi sonuncu ifadəni, həmçinin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir.
8. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir.
9. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir.
10. Məhkəmədə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X46 ifadəsində göstərdi ki, hadisə günü – gecə saat 22:15 radələrində Eyyub İsmayılov ona zəng edərək bildirib ki, oğlunu avtomobil vuraraq yolun kənarına atıb. Hadisə yeri ilə yaşadığı ev arasında məsafə təxminən 1500 metr olar. Hadisə yerinə getmişdir, X68 hadisə yerinə çatdıqdan sonra mərhum dərhal avtomobilə yerləşdirilərək aparılmışdır. Şahidlərin ona verdiyi məlumata əsasən, mərhum avtomobil tərəfindən vurulduqdan sonra 40–50 metr məsafədə sürünmüşdür. Hadisə yerində çox sayda insanın olduğunu bildirmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən yer ona göstərilmişdir. Hadisəni törədən avtomobil yolun əks hərəkət istiqamətində torpaq yola yaxın dayanmışdır. Hadisəni kimin törətdiyini ilkin olaraq bilmədiyini, sonradan ona avtomobili vuran şəxsin Şahverdilər kəndindən olduğunu dediklərini qeyd etmişdir. Sürücü Təqsirləndirilən şəxs hadisə yerində görməmişdir. Mərhumun əlində paket olduğunu, marketdən çıxdığını, qənd və sair ərzaqlar aldığını bildirmiş, həmin ərzaqların yolun qırağına səpələndiyini qeyd etmişdir. Özünün şikayətçi olduğunu, barışmadığını bəyan etmişdir.
11. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən günü onlar əvvəlcə 2 nəfər – o və Pərvin kafedə oturmuşlar, 30-60 dəqiqə sonra Bəhmən, daha sonra Faiq gəlmişdir. Həmin vaxt kafedə meyxana deyilirdi. Onlar pivə içmişlər, Bəhmən isə çay sifariş vermiş, spirtli içki qəbul etməmişdir. Evdən Bəhmənə zəng gəlmiş, dərman almaq lazım olduğu deyilmiş, o da qalxıb getmişdir. Bir müddət sonra onlara zəng gəlmişdir ki, Bəhmən adam vurub, onlar da hadisə yerinə getmişlər. Bəhmən özündə deyil, şokdaymış. Hadisə yerində onların üstünə hücum olmuş, hamı üstlərinə gəlmişdir. Bəhməni oradan çıxarmışlar, Faiq Bəhməni evə aparmışdır. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, kafedə hesabı özü vermişdir, hesab 37 manat təşkil etmiş, masada ümumilikdə 12 bakal pivə içilmiş, o 4 bakal, Pərvin 5 bakal, Faiq isə 3 bakal pivə içmişdir. Hadisə yerində çox adam toplanmışdı, meyit yolun kənarında olmuşdur, Bəhmən hadisə yerindən gedəndə artıq X68 avtomobili orada idi.
12. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, onlar 4 nəfər kafedə oturub, meyxana dinləmişlər. O və digər 2 nəfər pivə içmiş, Bəhmən isə çay içmişdir. Evdən Bəhmənə zəng gəlmiş, dərman almaq lazım olduğu bildirilmiş, o da qalxıb getmişdir. Daha sonra onlara zəng gəlmişdir ki, Bəhmən adam vurub, onlar da hadisə yerinə getmişlər. Bəhmən özündə olmamış, şok vəziyyətində olmuşdur. Orada onların üstünə hücum olmuşdur. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Bəhmən spirtli içki qəbul etməmişdir, o özü 5 bakal pivə içmişdir, kafedən sonra Bəhmənin bacısı evində oturmağı planlamışdılar, hadisə barədə Orxan vasitəsilə məlumat almışlar, hadisə yerinə çatanda Bəhmənin üstünü qanlı görmüşlər, o, mərhumu kənara qoymaq üçün qucağına alıbmış. Hadisə yerində olan şəxslər Bəhmənin avtomobilini təpiklə vurub şüşəsini sındırmışlar, avtomobilin kiminsə tərəfindən hərəkət etdirildiyini görməmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəni müstəntiqin yazdığını, özünün isə oxumadan imzaladığını bildirmiş, belə ifadə vermədiyini, məhkəmədə verdiyi ifadənin həqiqət olduğunu qeyd etmişdir.
13. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bəhmənin bacısının əridir, hadisə günü axşam vaxtı onlar kafedə oturmuşlar, 3 nəfər pivə, Bəhmən isə çay içmişdir. Evdən Bəhmənə zəng edib, dərman almaq lazım olduğunu bildirmişlər, o da qalxıb getmişdir. Bəhmən dərmanı aparıb evə verdikdən sonra onlara gələcəkmiş, onlar birlikdə evdə çay içməyi planlamışlar. Bəhmən getdikdən bir müddət sonra onlara zəng gəlmiş və Bəhmənin adam vurduğunu bilmişlər. Birlikdə hadisə yerinə getmişlər, Bəhmənin meyitdən 5 metr aralıda oturduğunu, özündə olmadığını görmüşlər. Qənimət ona demişdir ki, Bəhməni götürüb evə aparsın, o isə yoldan keçən avtomobilə mindirib Bəhməni evə aparmışdır. Onlar evə çatdıqdan 5-10 dəqiqə sonra polislər gəlib Bəhməni aparmışlar. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, kafedə Bəhmənin spirtli içki içməsini görməmiş, kafeyə sonuncu o gəlmişdir, özü 3 bakal pivə içmişdir, ibtidai istintaq zamanı 2 dəfə izahat verməsinin səbəbini onunla izah etmişdir ki, birinci ifadəsini oxumadan imzalayıb, orada düzgün yazılmayıb, ikinci dəfə isə düzgün ifadə vermişdir.
14. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, mərhumun qardaşıdır, hadisə yeri ilə evləri arasındakı məsafə təxminən 500 metr olar. Evdən hadisə yerinə 3-4 dəqiqəyə çatmışlar, onlar gələndən 15 dəqiqə sonra X68 avtomobili gəlmişdir. O, hadisə yerinə çatanda orada 25-30 nəfər adam vardı. 30-40 dəqiqə atası ilə birlikdə polisi gözləmişlər. Polis gələndən sonra mərhumu mərkəzi xəstəxanaya apamışlar. Mərhumu əmisi oğlu avtomibilin altından çıxarmışdır. Əmisi oğlu maqazindən çıxanda səsi eşidib, gedib görüb mərhumun ayaq nahiyyəsi girib avtomobilin altına. Hadisə yerinə ilk öncə əmisi oğlu, sonra əmisi gəlib çatıb. Avtomobil əks hərəkət istiqamətində, yarı asfalt, yarısı isə torpaq yolda dayanmışdır. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, hadisə yerində sürücünü görməmiş, ona da heç kim yaxınlaşmamışdır, onlar xəstəxanaya gedənə qədər hadisənin kimin tərəfindən törədilməsi barədə məlumatları olmayıb, əvvəlcə o, təxminən 10-15 dəqiqə sonra atası hadisə yerinə çatmışdır, atası gələndə meyit artıq X68 avtomobilində idi, hadisə yerində Bəhməni görməmişdir. Hadisə yerində dava-dalaşın şahidi olmamışdır.
15. Məhkəmədə şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, o, yolun qırağında dayanıb Elbrusu gözləyirmiş, bir yerdə evə getməliydilər. Yüksək sürətlə avtomobilin gəlməsini eşitmiş amma Elbrusu vurmasını görə bilməmişdir. Avtomobil piyadanı vurduqdan sonra ona sarı gəlib dayanmış, sürücü hələ düşməmiş, avtomobilin qapısı açılmamışdır, o, özü tez mərhumun üstünə qaçmış, qol nahiyyəsinin olmadığını, üzünün qan içində, tanınmaz halda olduğunu bildirmişdir. Onun nəfəs almadığını görmüş, təxminən 3-4 dəqiqədən sonra mərhumun qardaşı gəlib çatmışdır. Ona verilən suallara cavab olaraq şahid bildirdi ki, Elbrus ilə əvvəlcədən danışıb evdən bir çıxmışlar, mərhum çörək almaq üçün mağazaya getmiş, o isə digər mağazaya girmiş, mağazadan çıxıb 3-4 dəqiqə mərhumu gözləmişdir. Avtomobil mərhumu vurandan sonra avtomobil yolun əks istiqamətində yolun kənarında dayanmışdır, tappıltını, yəni piyadanın vurulduğunu eşitdikdən sonra dərhal mərhumun üstünə qaçmışdır, sürücü avtomobildən düşməmiş, o həmin vaxt sürücünü görməmişdir, avtomobil ilk dayandığı yerdə olub, sonradan yerindən tərpədilməyib. Sonradan tanımadığı bir nəfərin, “Baba, hardasan?” deyə qışqırdığını eşitmişdir (məhkəmə iclasında Təqsirləndirilən şəxs onun ləqəbinin “Baba” olduğunu və hər kəsin onu “Baba” deyə çağırdığını bildirmişdir). Şahid Bəhməni hadisə yerində görmədiyini, sürücünün o olduğunu bilmədiyini qeyd etmişdir. Mərhuma ilk Şükürov Cavidin yaxınlaşdığını, çünki Cavidin meyitin olduğu yerə daha yaxın dayandığını bildirmişdir. Əlavə olaraq suallara cavabında, şahid qeyd etmişdir ki, o özü “Şamxalın mağazası”na, mərhum isə “Mirağanın mağazası”na girmişdir, mərhum qənd və digər ərzaqlar almışdır, Elbrusu vuran avtomobil Şahverdilər kəndi istiqamətinə gedirdi, həmin yöndə, yolun əks hərəkət istiqamətində, yolun kənarında, təxminən sağ arxa-qabaq təkərləri xəttin üzərində, sol təkərləri isə torpaq hissədə dayanmışdı. Hadisə baş verən zaman yalnız tappıltı eşitmiş, tormoz səsi gəlməmişdir, yalnız tappıltıdan sonra cüzi tormoz səsi eşidilmişdir. Hadisədən öncə həmin yoldan yük avtomobili keçməmişdir, ümumiyyətlə hadisə zamanı həmin avtomobildən başqa avtomobil olmamışdır, mərhumun üstünə ilk Cavid, ikinci o çatmışdır, orada olan, ətrafa toplanan insanlar 102-103 xidmətinə məlumat vermişlər, təcili-tibbi yardım və polis avtomobili eyni vaxtda gəlmişlər, Bəhməni hadisə yerində görməmişdir, mərhum vurulandan sonra həmin yerdə qalmış, meyiti götürməmiş, yerindən tərpətməmişlər, yolun kənarında şirəli su, qənd və səpələnmiş ərzaqlar olmuşdur, həmin ərzaqları mərhum mağazadan almışdı, Elbrusun ayaqqabısı dayanacağa düşmüş, irəlidə isə ərzaqlar olmuşdur. Hadisə yerində dava-dalaş görməmişdir.
16. Məhkəmədə şahid qismində dindirilmiş X38 ifadəsində göstərdi ki, o hadisə günü Rəsullu kəndində, hadisənin baş verdiyi ərazidə olmuşdur, mərhum ona yaxın yerdə olmuş, avtomobilin vurma səsini eşitmiş, dərhal mərhumun yanına qaçmış, onun qolu qopmuş, sağ ayağı avtomobilin altına ilişib qalmışdır. Qolunu yerdən götürüb üstünə qoymuşdur. 3-4 dəqiqə sonra adamlar gəlmişdir, mərhum Elbrusun qardaşı ilə birlikdə onu X68 avtomobilinə qoymuşlar, qarşı tərəfdən, yəni hadisəni törədən tərəfindən heç kim olmamışdır. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, Elbrus mağazadan çıxanda onunla salamlaşmış, o, özü toydan gəlmişdir, Elbrus vurulanda təxminən ondan 15 metr aralıda olmuşdur, avtomobilin vurduğu yerdən dayandığı yerə 40-50 metr məsafə olardı, həmin avtomobil İmişlidən Bəhrəmtəpə istiqamətinə gedirmiş.
17. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X25 ifadəsində göstərdi ki, o həmin gün yanında bir neçə şəxslə İmişli rayonundan gəlirmiş, hadisə baş verdiyini görmüşlər, baxanda hadisəni törədənin həmkəndlisi Bəhmən olduğunu görmüşlər, Bəhmən pis halda olmuş, orada dava düşmüş, Bəhmənin yeznəsi orada olmuş, ona demişdir ki, Bəhməni aparsın yoxsa döyüb öldürəcəklər. Bəhmənin avtomobili yolun ortasında, sağ tərəfə doğru dayanmışdır. Avtomobilin arxa şüşəsini sındırmışlar. Polis gələndə, hadisə törədəni yola saldıqlarını demişdir. Ona verilən suallara cavab olaraq şahid bildirdi ki, kəndin içərisində dava düşdüyünü görmüş və Bəhmənin oradan aparılmasını bildirmiş, lakin Bəhmənin vurulmasının şahidi olmamışdır.
18. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X28 ifadəsində göstərdi ki, o təqsirləndirilən şəxsin atasıdır, hadisə olan vaxt Bəhmən ona mərhumun qohumunun telefonu ilə zəng etmişdir, Qənimətlə bir yerdə hadisə yerinə getmişlər, Bəhmən mərhumun ayaq ucunda yerdə uzanmışdır. Onlar ora gedəndə mərhumun atası Adəm oradaydı, ona yaxınlaşıb heç nə deyə bilməmiş, hadisənin təsiri altında olmuşdur. Hadisə yerindəkilər isə sürücünü axtarırdılar. TTY avtomobili mərhumu apardıqdan sonra onlar da xəstəxanaya getmişlər. Xəstəxanada təxminən 20 dəqiqə qalandan sonra yenidən hadisə yerinə qayıtmışlar, onlar qayıdanda yolda hərəkət bərpa edilmişdi, avtomobili yerindən tərpətmişlər, münaqişə, dava-dalaş olmuş, avtomobilin arxa şüşəsini sındırıb, qapısını əzmişlər. Şahid X28 ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməyə çalışsa da buna nail ola bilmədiyini, onun hesabına 15000 manat pul qoysa da, qarşı tərəfin bunu qəbul etmədiyini bildirmişdir.
19. Məhkəmədə şahid qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, o həmin gün Şahverdilər kəndində çayxanada olmuş, ona zəng gəlmiş, hadisə barədə bildikdən sonra həmin yerə getmişdir, Bəhmən orada olmuş, oradakı adamlar Bəhmənin üzərinə hücum çəkmişlər, kənd camaatı toplaşmış, yeznəsi Faiq Bəhməni evə aparmışdır, Bəhmən gedəndən sonra dava düşmüş, onu başından vurmuşlar, avtomobili əzib, şüşəsini sındırmışlar. Camaat onların üzərinə qalxanda bir nəfər YPX-nin əməkdaşı vardı. Avtomobil rayondan kəndə gedən yolda sağ tərəfdə dayanmışdı. YPX-nin əməkdaşı avtomobilin içindən sənəd götürməyə çalışırdı. 10-15 dəqiqə orada qalandan sonra getmişdir.
20. Məhkəmədə şahid qismində dindirilmiş X31 ifadəsində göstərdi ki, o hadisə günü çayxanada oturmuş, kənd uşaqları zəng edib Bəhmənin hadisə törətdiyini bildirmiş, hadisə yerinə gedəndə Bəhmənin çökərək yolun kənarında oturduğunu, sol tərəfinin qan olduğunu görmüşdür. Bəhmən başından tutmuş amma onun döyülməsini görməmişdir. Onlar gələndə polis və TTY avtomobili eyni vaxtda hadisə yerinə gəlmişdir. Hadisə yerində bir nəfər YPX-nin əməkdaşı olmuş və Bəhmənin avtomobilindən sənəd götürməyə çalışmışdır. Avtomobil rayondan kəndə gedən istiqamətdə sağ tərəfdə dayanmışdı. Hadisə yerinə gələnlər və YPX-nin əməkdaşı sürücünü axtarmış, lakin tapmamışlar.
21. Məhkəmədə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, hadisə günü bacısı onlara gəlmiş, Bəhmənin hadisə törətdiyini bildirmiş, onlar gedəndə Bəhmən orda olmuş, avtomobili yolun sağında, rayon istiqamətində dayanmışdı, onun avtomobilinin qarşısında isə o saxlayıb, polis və TTY avtomobili eyni vaxtda gəlmiş, Bəhmən özündə olmamış, əli ilə başını tutmuşdur. Həmkəndliləri Vilayət demişdir ki, Bəhməni burdan çıxarın, sürücünü axtarırlar. Sonra Bəhmən hadisə yerindən getmişdir.
22. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X39 ifadəsində göstərdi ki, o həmin gün axşam saat 22 radələrində toydan çıxıb Nurlanla birlikdə kəndə tərəf gəlirmişlər. YDM-nə 300-400 metr məsafə qalmış geniş döngəli yolda Toyota markalı avtomobil onu sağdan sürətlə ötüb keçmişdir. Sürətlə keçdiyi üçün nömrəni dəqiq görə bilməmişdir, hadisə baş verən əraziyə gedəndə hadisəni məhz onları ötüb yanlarından keçən avtomobilin törətdiyini bilmişlər.
23. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o və Tural Əhmədov axşam vaxtı rayonda toydan çıxıb gəlirmişlər, heç biri içki içməmişdir, Turalın yanında, qabaq sərnişin yerində oturmuşdur, onlar saatda 100 kilometr sürətlə hərəkət edirmişlər, dönməyə çatanda sürətlərini azaltmışlar, bu vaxt Toyota markalı avtomobil onların sol tərəfindən sürətlə keçmişdir, 2-3 saniyə tez dönsələr onları vuracaqmış, onlar dönüb kəndə gəlmişlər, qısa bir müddət sonra eşitmişlər ki, yolda hadisə baş verib və hadisə yerinə gedəndən sonra bilmişdir ki, hadisəni törədən həmin onları sürətlə ötən avtomobil olub.
24. Məhkəmədə əlavə şahid qismində dindirilmiş X52 ifadəsində göstərdi ki, o həmin gün axşam tanışlarını düşürdükdən sonra, rayona tərəf qayıtmış, mərhum Elbrus onu fit çalaraq saxlatmış, o avtomobildən düşmədən 5-10 dəqiqə Elbrusla söhbət etmiş, Elbrus rayona gedən istiqamətdə yolun sağ hissəsində olmuşdur, Elbrusla sağollaşdıqdan sonra hərəkətə başlamaq istəyəndə qarşıdan yüksək sürətlə avtomobilin onun hərəkət zolağı istiqamətində gəldiyini görmüşdür. Həmçinin şahid bildirmişdir ki, həmin avtomobilin gəldiyi istiqamətdə təxminən 300-400 metr irəlidə yol əyridir, yəni döngədir, qarşıdan gələn avtomobil yüksək sürətlə hərəkət etdiyindən həmin əyri hissədə yolun əks hərəkət istiqamətinə çıxmış və öz zolağına qayıtmamışdır. Gələn avtomobil onun zolağında olduğundan o dayanmış və hərəkət etməmiş, o ötüb keçdikdən sonra hərəkətə başlamaq istəyəndə onu surətlə keçən avtomobilin nəyisə vurduğunu eşitmişdir. O, avtomobildən düşüb baxanda həmin avtomobilin mərhumu vurduğunu görmüşdür. Verilən suallara cavabında şahid həmin avtomobil gəlməzdən öncə ərazidən yük maşınının keçmədiyini bildirmişdir.
25. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, İmişli Rayon Mərkəzi Xəstəxanasının publik hüquqi şəxsinin Təcili və X15 Şöbəsinin dispetçer vəzifəsində işləyir. Təqsirləndirilən şəxsi dəqiq xatırlamır, yadına düşmür. O, sərxoşluq vəziyyətini alkotesterlə yoxlayıb, qeyd etmişdir, 2024-cü ilin iyul ayından sərxoşluğun yoxlanılması X4 çıxarılıb. Ona verilən suallara cavab olaraq şahid bildirmişdir ki, təqsirləndirilən şəxsi xatırlamır, onun sərxoş olub-olmadığı yadında deyil, o dispetçer vəzifəsində işləyir və xəstəxanaya gətirilən şəxslərin sərxoşluğunu alkotester vasitəsi ilə yoxlayıb kitaba qeyd edir, gecə yoxladıqlarını səhəri gün baş feldşer gəlib imzalayıb təsdiq edir, istifadə etdiyi alkotester marka və modelini xatırlamır, daha alkotesterlərdən istifadə edilmədiyi üçün onlar yığışdırılıb, əlavə olaraq bildirdi ki, həmin vaxtlar istifadə etdiyi alkotester testin nəticələrinə dair heç bir qəbz vermirdi, sadəcə ekranında promil göstərirdi, o sadəcə kitaba yazır, arayışı isə baş feldşer gəlib yazırdı. İclas zamanı Şəmsəddin Əliyev tərəfindən tərtib edilərək imzalandığı göstərilən müayinə aktı şahidə təqdim edildikdə, o həmin müayinə aktını özünün tərtib etmədiyini, oradakı xətt nümunəsinin ona məxsus olmadığını və imzanın da onun tərəfindən icra edilmədiyini məhkəməyə bildirmişdir. Həmçinin, verilən suallara cavabında o, X68 stansiyasında çalışdığını, onun dispetçer kimi vəzifə öhdəliyinin gələn zənglərə cavab vermək və aidiyyəti üzrə yönləndirmək olduğunu, bu işi ilə yanaşı həm də alkotester vasitəsi ilə sərxoşluq müayinələrini də apardığını, bunun hansısa təlimatda, əsasnamədə və sair qanunvericilik aktlarında yazılıb-yazılmadığını bilmədiyini, sadəcə ona deyilənləri icra etdiyini bildirmişdir. Çarpaz suallara cavabında Təqsirləndirilən şəxs ondan alkotester müayinəsini götürən şəxsin o olmadığını, görünüşcə oxşamadığını, ondan alkotester müayinəsini götürən şəxsin də kişi olduğunu, lakin saçlarının daha ağ olduğunu bildirmişdir. Şahid Şəmsəddin Əliyev onunla birlikdə başqa dispetçerlərin də növbədə olduğunu bildirmişdir, iş vaxtının səhər 09:00-dan axşam 20:00-dək olduğunu, iş fəaliyyətində hər zaman o və digər dispetçerlər tərəfindən alkotester müayinələrinin aparıldığını qeyd etmişdir. Həmçinin qeyd etmişdir ki, o hər hansı akt və ya arayış vermir, sadəcə müayinə aparıb kitaba yazır, daha sonra baş feldşer tərəfindən kitaba əsasən arayış və ya digər sənədlər yazılır.
26. Məhkəmə araşdırması zamanı ifadəsi elan edilərək tədqiq edilmiş iş üzrə şahid X29 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, İmişli rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı vəzifəsində xidmət edir, polis mayorudur. İmişli rayonu Şahverdilər kənd sakini Təqsirləndirilən şəxs tanımır, heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. 02 iyul 2024-cü il tarixdə o, İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində xidmət etmişdir. Həmin gün saat 23 radələrində o, İmişli RPŞ-nin Növbətçi hissəsindən İmişli-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə bağlı məlumat almışdır. Şöbənin digər əməkdaşları kimi o da baş əməliyyat müvəkkili qismində hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda orada xeyli sayda adam olmuşdur. O, hadisə yerində olan şəxslərdən avtomobilin piyadanı vurduğunu öyrənmişdir. Dərhal sürücünü axtarmış, tapmamışdır. Maraqlanan zaman orada tanımadığı şəxslər sürücünün İmişli rayonu Şahverdilər kəndində yerləşən evində olduğunu demişdir. Bundan sonra əməliyyatistintaq qrupunun digər üzvləri də hadisə yerinə getmişdir. O da bundan sonra sürücünü axtarmaq üçün İmişli rayonu Şahverdilər kəndinə getmiş və soraqlaşıb Təqsirləndirilən şəxs yaşadığı evi öyrənmişdir. Qapıdan səsləmiş və Bəhmən gəlmişdir. Onunla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmiş, sonuncu da razılaşmışdır. Sonra birlikdə geri qayıdan zaman Təqsirləndirilən şəxs İmişli rayon mərkəzi xəstəxanasına aparmağı ona bildirilmiş, o da İmişli RMX-nın X68 bölümünə gəlmiş və orada Təqsirləndirilən şəxs üfürmə yolu ilə sərxoşluq müayinəsi aparılmışdır.
27. Məhkəmə iclasının sonunda təqsirləndirilən şəxs hadisəni törədərkən sərxoş olmadığını və hadisə yerindən qaçmadığını bildirərək, ona bəraət verilməsini xahiş etmişdir.
28. Zərərçəkmiş şəxsin hüquqi varisi son məhkəmə iclasında təqsirləndirilən şəxslə barışmadığını, əgər o, avtomobili normal sürətlə idarə edib, mərhumu öz hərəkət istiqamətində vursaydı bu zaman bağışlaya biləcəyini, lakin təqsirləndirilən şəxsin avtomobili yüksək sürətlə idarə edib, onun oğlunu əks hərəkət istiqamətində vurduğu üçün onu bağışlamadığını bildirmişdir.
29. Təqsirləndirilən şəxsin müdafiəçisi məhkəmə çıxışını yazılı formada təqdim edərək, qeyd etmişdir ki, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, istintaqın gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmişdir. İlk olaraq qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiə hüquqları müstəntiq tərəfindən pozulmuşdur. Hadisə zamanı təqsirləndirilən şəxs hadisənin təsiri altında ilkin izahat və ifadələr vermişdir. Müdafiə hüquqlarının pozulması İmişli Rayon Prokurorunun işin müstəntiqin icraatından alınıb digər müstəntiqin icraatına verilməsi barədə qərarında da aydın göstərilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə ittiham olunmasına münasibətdə qeyd edir ki, həmin ittiham əsassızdır, belə ki, ibtidai istintaq aparıldığı ilk 4 ay ərzində ona bu maddə ilə ittiham verilməmiş, istintaqın sonuna yaxın xx.xx.2024-cü il tarixində cinayət işi Azərbaycan Respublikası CM-nin 263- 1.3-cü və 264-cü maddələrinə tövsif edilmişdir. Qeyd edir ki, hadisənin baş verməsindən dərhal sonra, Təqsirləndirilən şəxs hadisə yerinə yaxınlaşmış, zərərçəkənə kömək etməyə çalışmış, TTY və polis avtomobilləri hadisə yerinə gələndə o, orada olmuş, lakin onun döyülməməsi üçün qohumu tərəfindən hadisə yerindən uzaqlaşdırılmışdır. Qeyd edir ki, hadisə yerindən Təqsirləndirilən şəxs yaşadığı Şahverdili kəndindəki evinə məsafə təxminən 5 km (çatma məsafəsi minimum 5 dəqiqə), evdən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsinə 8,5 km (çatma məsafəsi minimum 8 dəqiqə), Bəhrəmtəpə qəsəbəsindən İmişli rayonu Mərkəzi Xəstəxanasına 17.5 km (çatma məsafəsi minumum 21 dəqiqə) məsafə vardır ki, həmin məsafələri gündüz saatlarda “Google Map”-dən götürmüşdür. Göründüyü kimi, hadisə yerindən hələ fasiləsiz olaraq Bəhrəmtəpə qəsəbəsi istiqamətindən hərəkət edilərək, İmişli Rayon Mərkəzi Xəstəxanasına gəlmək üçün 32 km məsafə vardır ki, həmin məsafəni də minimum 34 dəqiqə ərzində gəlmək mümkündür (məhkəmə çıxışına “Google Map”dan çıxarışlar əlavə olunur). Cinayət işinin materiallarında olan sənədlərə əsasən Təqsirləndirilən şəxs saat təxminən 23:17 radələrində oturduqları kafedən çıxıb, rayon ərazisində, həm anası üçün dərman, həm telefon üçün adapter axtarmaqla və marketə girib zəruri əşyaları almaqla müəyyən vaxt itirmiş və hadisənin baş verməsi vaxtı, onun hadisədən sonra təcili yardım avtomobilini görməsi və bir qədər sonra Faiq Xanmədovun onu evə aparması və polis əməkdaşları tərəfindən Xəstəxanaya aparılması çox qısa müddət ərzində baş vermişdir. İmişli RMX-nın məktubunda da qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs 00:26-da artıq alkotestr müayinəsindən keçmişdir. Bu 1 saat 9 dəqiqəlik müddət ərzində baş verən proseslərdə onun hadisə yerindən qaçmadığı aydın şəkildə görsənir. Bir məsələni də qeyd edir ki, avtomobillərlə törədilən yol-nəqliyyat hadisəsi zamanı, hadisə yerindən qaçan sürücülər barəsində cinayət məsuliyyəti müəyyən edilməsi həm onların şəxsiyyətlərinin müəyyən edilməsi, həm də zərərçəkmişə yardım göstərmədən hadisə yerindən qaçması ilə bağlı olur və bu hallar sürücüyə irad tutulur. Hadisənin törədildiyi avtomobil Təqsirləndirilən şəxs öz mülkiyyətində olmuş, özünə məxsus sənədlər, eləcə də mobil telefonu avtomobildə olmuşdur, yəni onun şəxsiyyəti istintaqa dərhal bəlli olacaqdır. İkinci halda isə, o, öz mobil telefonunun enerjisi bitdiyi üçün hadisə yerinə yaxınlaşmış şəxs İmişli rayonu, Rəsullu kənd sakini X13 mobil telefonu ilə atasına zəng etmiş, digər şəxsdən isə təcili yardıma zəng etməsini xahiş etmiş və hadisə yerinə də təcili yardım gəlmiş, həmçinin polis əməkdaşları da hadisə yerinə gəlmişlər. Təqsirləndirilən şəxs də həm polis əməkdaşlarını, həm təcili yardım briqadasının hadisə yerinə gəlməsini gördüyünü bildirmiş, şahidlər də bu halı təsdiq etmişlər. Yekun olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsinin tərkibi yoxdur, ona həmin maddə üzrə bəraət verilməlidir. Müdafiəçi öz çıxışında Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 263-1.3cü maddəsi ilə bağlı qeyd edir ki, həmin ittiham da tamamilə əsassız olaraq verilmişdir. Belə ki, hadisədən dərhal sonra, yəni xx.xx.2024-cü il tarixində polis əməkdaşları tərəfindən İmişli RMX-nə gətirilərək X68 bölməsində alkoqol nəfəs sınağı götürülmüşdür. Müayinənin nəticəsində Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 209 saylı Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavəyə uyğun tərtib edilmiş xx.xx.2024-cü il tarixli 959 saylı “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktında qeyd edilmişdir ki, müayinə nəticəsində xx.xx.2024-cü il saat 00:32-də yüngül dərəcəli alkoqol sərxoşluğunda olduğu göstərilmişdir. İlk öncə qeyd edir ki, həm aktda tarix, həm də müayinənin nəticəsində tarix düzgün qeyd edilməmişdir. Bundan əlavə, qeyd olunan Qərarın 3.1-ci bəndində göstərilmişdir ki, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Təqsirləndirlən şəxsin İmişli RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Namiq Fərzəliyev tərəfindən İmişli RMX-nə gətirildiyi işdə olan sənədlərlə təsdiq olunur, yəni onun tibbi müayinəyə göndərilməsi barədə protokol tərtib olunmamış və şəxsin də belə bir təşəbbüsü olmamışdır. Bundan əlavə, müayinə həkim narkoloq tərəfindən yox, feldşer Şahid5 tərəfindən aparılmışdır. Həmin Qərarın 3.4-cü bəndinə qeyd olunur ki, müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. Qeyd edildiyi kimi müayinə aparan feldşer şəxsin müayinəyə İmişli RPŞ tərəfindən göndərilməsi, şəxsin ad, soyadı ata adı və doğulduğu tarix barədə məlumatları qeyd etsə də, sürücülük vəsiqəsinin nömrəsi və hansı qərar əsasında müayinə aparılmasını qeyd etməmiş, müayinənin səbəblərini göstərməmişdir. Həmin Qərarın 3.5-ci bəndində qeyd edilmişdir ki, müayinənin nəticələri aktda qeyd olunur və aktın bir surəti müayinə edilən şəxsə, bir surəti isə onu müayinəyə təqdim etmiş vəzifəli şəxsə təqdim edilir. Lakin qeyd edlir ki, aparılmış müayinənin nəticələri Təqsirləndirilən şəxs təqdim edilməmiş və bu müayinə ilə bağlı heç kim onu məlumatlandırmamışdır. Belə ki, Təqsirləndirilən şəxs müayinənin nəticəsindən məlumatlı olsaydı, o bunu mübahisələndirə bilərdi ki, bu imkanından məhrum olmuşdur. Bundan əlavə, müsəntiq tərəfindən xx.xx.2024-cü il tarixli “Tədqiqat üçün nümunələrin götürülməsi barədə” qərarla Təqsirləndirilən şəxs qan nümunəsinin götürülməsi qərara alınmış və həmin gün guya saat 20:24-dən 20:58-ə kimi olan müddət ərzində İmişli RMXdə qan nümunəsinin götürülməsi qeyd edilmiş, müdafiəçi tərəfindən də bu protokola imza edilmişdir. Lakin, müdafiəçi tərəfindən xx.xx.2025-ci il tarixli vəkil sorğusu ilə Təqsirləndirilən şəxs nə vaxt X35 gətirilməsinin öyrənilməsi məqsədilə Saatlı RPŞ-yə sorğu verilmiş, Saatlı RPŞ-nin xx.xx.2025-ci il 102/2-2766 məktubunda Təqsirləndirilən şəxs 03 iyul 2024-ci il tarixində saat 20:00-da İmişli RPŞ-nin əməkdaşları tərəfindən Saatlı RPŞ-nin MSY-nə gətirildiyi, səhəri gün, yəni 04 iyul 2024-cü il tarixində saat 11:30-da İmişli RPŞ-nin əməkdaşlarına təhvil verildiyi qeyd olunmuşdur. Göründüyü kimi, müstəntiq tərəfindən saxtakarlığa yol verilmiş, təqsirləndirilən şəxs 03 iyul 2024-cü saat 20:00-dan Saatlı RPŞ-nin MSY-də olmasına baxmayaraq, bundan 24 dəqiqə sonra ondan İmişli RMX-da qan analizi götürülməsi barədə protokol tərtib etmiş, bu protokol ilə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə ittiham verilməsinə hüquqi zəmin hazırlanmışdır. Cinayət işi üzrə məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs bildirmişdir ki, alkotester müayinəsindən sonra İmişli RPŞ-yə aparılmış, müstəntiq İlqar Soltanlı onun saxlanıldığı İmişli RPŞ-nin Növbətçi Hissəsinin saxlama yerinə gələrək onu hədələmiş, təxminən yarım saat sonra yenidən gələrək, onu İmişli RMX-na apararaq, ondan qan analizi götürmüşdür. Bundan sonra səhəri gün ondan hadisə ilə bağlı izahat almış və nahardan sonra onu Saatlı RPŞ-nin MSY-nə aparmışlar, xx.xx.2024-cü il tarixində isə yenidən İmişli RPŞ-yə gətirərək hadisə yerinə və İmişli Rayon Məhkəməsinə aparmışlar. Müdafiəçi qeyd edir ki, hadisədən dərhal sonra təqsirləndirilən şəxsdən İmişli RMX-da qan nümunəsi götürülmüşdür, həmin qan nümunəsi ekspertizaya təqdim olunmuşdur. Lakin, Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə istintaq edilən cinayət işinin yenidən CM-nin 263.2-ci maddəsinə tövsüf edilməməsi məqsədilə müstəntiq tərəfindən saxtakarlığa yol verilərək, tərtib edilmiş qan nümunəsinin götürülməsi barədə protokolda saatlar saxtalaşdırılmışdır. Bu zaman isə onun həmin vaxt Saatlı RPŞ-nin MSY-də olması faktı nəzərə alınmamışdır. Belə ki, hadisədən az sonra polis əməkdaşlarının tabeliyində olan və İmişli RMX-na daha sonra İmişli RPŞ-yə aparılmış, qanunsuz olaraq saat 18:00-dək yəni 18 saat ərzində İmişli RPŞ-də saxlanılmış şəxsdən qan nümunələrinin dərhal götürülməsinə nə maneə ola bilərdi? Məhkəmə iclasında iştirak edən Şahid5 bildirmişdir ki, dispetçer vəzifəsində işləyir, “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” xx.xx.2024-cü il tarixli 959 saylı aktda olan imza ona məxsus deyildir, təqsirləndirilən şəxsi yoxlaması isə yadına gəlmir. Bu halda həmin aktı sübut kimi qəbul etmək hesab edir ki, qəbul edilməzdir. Eyni zamanda qeyd edir ki, hələ istintaq zamanı şahidlərdən Faiq Xanmədov müstəntiqə müraciət edərək, təkrar ifadə vermiş və bildirmişdir ki, hadisədən öncə Təqsirləndirilən şəxs spirtli içki qəbul etməmişdir. Məhkəmə istintaqında isə bunu müstəntiq tərəfindən saxtakarlığa yol verilərək onun adından guya Təqsirləndirilən şəxs spirtli içki qəbul etməsi ilə bağlı məlumat almasından sonra gedib təkrar ifadə vermək istədiyini bildirmişdir. X77, həm də Şahid1 və Şahid2 də Bəhmənin spirtli içki qəbul etmədiyini məhkəmə istintaqı zamanı təsdiq etmişlər, istintaq tərəfindən götürülmüş videogörüntüdə isə onun spirtli içki qəbul etməsini təsdiq edən sübut olmamışdır. Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işi üzrə toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etməsi əsası ilə şəxsin barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir.
30. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin hüquqi varisinin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş:
31. “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonrakı mətndə-CM-in) 263.2-ci maddəsi ilə İmişli RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı İlqar Soltanlı tərəfindən ********* nömrəli cinayət işi başlanılmışdır. (c İ, i.v 1)
32. İmişli RPŞ-nin məsul növbətçisi, polis mayoru Nəbi Babaşovun xx.xx.2024-cü il tarixli “Raport”undan görünür ki, 02 iyul 2024-cü ildə, saat 23 radələrində İmişli RPŞ-nin YPXB-nin YPX inspektoru, polis baş serjantı Elvin Nəhmədov telefonla İmişli rayon polis şöbəsinə məlumat verərək İmişli-Bəhrəmtəpə yolunun İmişli rayonunun Rəsullu kəndindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. Məlumatın “İmişli RPŞ-də Törədilmiş və Hazırlanan Cinayətlərin Qeydiyyatı Kitabı”nda qeydiyyata alınması üçün göstəriş verilməsi xahiş edilmişdir. (c İ, i.v 3)
33. «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında» 02 iyul 2024-cü il tarixli protokol, ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, piyadanı vurma yolnəqliyyat hadisəsi yeri İmişli-Bəhrəmtəpə avtomobil yolunun İmişli rayonu Rəsullu kəndindən keçən hissəsidir. Yolun hərəkət hissəsi düz, örtüyün növü isə asfaltdır. Örtüyün vəziyyəti qurudur. Yolun eni 8 metr olmaqla iki hərəkət zolaqlıdır, hər hərəkət zolağının eni 4 metrdir. Qarşı-qarşıya yolu ayıran bütöv düz xət var. Hərəkət hissəyə sağ və sol tərəflərdən yol çiyni birləşir. Sağda və solda həmçinin yaşayış evləri vardır. Avtomobil yolu kənar obyektlərdən düşən işıq hesabına işıqlandırılır. **-GA-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı maşın üzü İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkət etmişdir. Yolun hərəkət hissəsinin sol tərəfində, yəni **-GA-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı maşının hərəkət etdiyi zolağa əks hərəkət zolağında həmin avtomobilə məxsus qırılmış hissə, avtomobilin dayandığı əks hərəkət zolağının kənarında isə şüşə qırıntıları vardır. Piyadanın vurulma nöqtəsi **-GA-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı maşının hərəkət etdiyi zolağa əks olan ikinci hərəkət istiqamət zolağındadır. Həmin nöqtədən yolun hərəkət hissəsinin sol tərəfinə qədər metr, yolun sağ tərəfinə qədər isə 6 metr məsafə vardır. Piyadanın vurulma nöqtəsinin ətrafında nəqliyyat vasitəsinə məxsus qırılmış hissələr və piyadaya məxsus bir cüt ayaqqabı vardır. Piyadanın vurulma nöqtəsindən piyadaya məxsus ərzaq məhsullarının dağıldığı yerə qədər 12 metr məsafə vardır. Piyadanın vurulma nöqtəsindən **-GA-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı maşının hadisədən sonra dayandığı yer arasında 50 metr, meyitin hadisədən sonra düşdüyü yer arasında 45 metr məsafə vardır. Piyadanın hadisədən sonra düşdüyü yerlə nəqliyyat vasitəsinin hadisədən sonra dayandığı yer arasında 5 metr məsafə vardır. Piyadanın vurulduğu əks istiqamətli hərəkət zolağı üzərində 30 sm uzunluqda sürtünmə izi vardır. Meyitin hadisədən sonra düşdüyü yerdə qan izləri, nəqliyyat vasitəsinin isə hadisədən sonra dayandığı yerdə şüşə qırıntıları, ehtiyat hissələrinə məxsus qırıntılar vardır. Yolun sol kənarında, Bəhrəmtəpə qəsəbəsindən üzü İmişli şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələrinə xəbərdarlıq etmək üçün piyada keçidi işarəsi vardır(amma **-GA-*** dövlət qeydiyyat nişanlı “Toyota Corolla” markalı maşın İmişli şəhərindən üzü Bəhrəmtəpə qəsəbəsi istiqamətində hərəkət etmişdir). Baxış zamanı hadisə yerinin sxemi və fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Baxış 02 iyul 2024-cü il tarixdə, saat 23:55-də başlanmış, 03 iyul 2024-cü il tarixdə, saat 00:20-də bitmişdir. (c.İ. i.v. 4-19)
34. “Sərxoşluq Vəziyyətinin tibbi müayinəsi” haqqında 02 iyul 2024-cü il tarixli, 959 saylı aktdan görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilən zaman onun 0,5% promil ölçüdə, yüngül dərəcəli sərxoş olması müəyyən edilmişdir. (c İ, i.v 26)
35. «Zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında» 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, X46 iş üzrə zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. (Cild 1, i.v. 30)
36. «Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulmasına dair» 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 41)
37. Şübhəli şəxsə müdafiəçi təqdim edilməsi barədə xx.xx.2024-cü il tarixli protokol və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. (c İ, i.v 43-50)
38. «Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 54)
39. «Tədqiqat üçün nümunələrin götürülməsi haqqında» 03 iyul 2024-cü il tarixli, 1830 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı əsasında onun sağ qolundan İmişli rayon X8 və X15 Şöbəsinin adı protokolda qeyd edilməmiş əməkdaşı tərəfindən 5 qram miqdarında qan nümunəsi götürülmüş, həmin qan nümunəsi tədqiqat üçün əhəmiyyətini itirməsin deyə sınaq şüşəsinə əlavə edilməklə müvafiq qaydada qablaşdırılmış və zərflər üçün möhür ilə möhürlənmişdir. Həmin protokol Təqsirləndirilən şəxs tərəfindən və onun müdafiəçisi X11 tərəfindən imzalanmış, lakin İmişli rayon X8 və X15 Şöbəsinin əməkdaşı tərəfindən imzalanmamışdır. Qan nümunəsinin götürülməsinə 03 iyul 2024-cü il, saat 20:24-də başlamış, 20:58-də başa çatmışdır. (c İ, i.v 62)
40. «Şahidin dindirilməsi haqqında» 26 oktyabr 2024-cü il tarixli, 3010 №-li protokoldan görünür ki, şahid İlqar Soltanlı sonradan cinayət işinin istintaqının aparılması tapşırılmış müstəntiq İlqar Əhədov tərəfindən verilmiş suallara cavab olaraq bildirmişdir ki: “03 iyul 2024-cü il tarixli, 1830 nömrəli protokolu mən tərtib etmişəm və həmin protokol Təqsirləndirilən şəxs tədqiqat üçün nümunə olaraq 5 qram ölçüdə qan nümunəsinin götürülməsini əks etdirir. Həmin qan nümunəsi həqiqətən 03 iyul 2024-cü il tarixdə, saat 20:24-dən 20:58-dək olan müddət ərzində İmişli RMX-da Təqsirləndirilən şəxs götürülmüşdür. Qan nümunəsini xəstəxananın tibb işçilərindən biri götürmüşdü. Lakin həmin vaxt hadisə ilə bağlı olaraq zəruri prosessual sənədlərin hazırlanması, təqsirləndirilən şəxsin sərxoşluq müayinəsinin üfürmə yolu ilə yoxlanılması zamanı onun sərxoş vəziyyətdə olması qənaətinə gəlindiyi üçün şübhəli şəxs qismində tutulması, ona ittiham elan edilməsi və barəsində həbs qətimkan tədbirinin seçilməsi istiqamətində cinayət işi üzrə istintaqının tezliyinin təmin edilıməsi üçün hesab etdim ki, tədqiqat üçün nümunələrin götürülmə protokolunu tərtib edib imza edilməsi mümkün olacaqdır. Lakin tibb işçisinin sonradan işdə olmaması və hazırda isə xatırlamadığım üçün protokola imza edilməsi mümkün olmamışdır. Qeyd edirəm ki, həmin qan nümunəsi İmişli RMX-da, 03 iyul 2024-cü il tarixdə, saat 20:24-dən saat 20:58-dək olan müddətdə götürülmüşdür. Lakin tibb işçisinin kim olduğunu xatırlamadığım üçün imza edilməsi mümkün olmamışdır.” (c İ, i.v 253-255)
41. «Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında» 11 noyabr 2024-cü il tarixli qərarın nəticə hissəsinin 7-ci bəndindən görünür ki, “Tədqiqat üçün nümunələrin götürülməsi haqqında” 03 iyul 2024-cü il tarixli, 1830 nömrəli protokolun sübut növü kimi qiymətləndirilməməsi qərara alınmışdır. (c İİ, i.v 45)
42. «Baxış keçirilməsi haqqında» 04 iyul 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən yer İmişli-Bəhrəmtəpə yolunun İmişli rayonu Rəsullu kəndindən keçən hissəsidir. xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi yerinə baxış havanın qaranlıq vaxtı keçirildiyi üçün gündüz vaxtı hadisənin baş verdiyi yerin təsvir edilməsi məqsədilə yenidən baxış keçirilmişdir. Baxış zamanı yolun İmişli şəhəri və ona əks istiqamətli Bəhrəmtəpə qəsəbəsi istiqamətində fotoşəkilləri çəkilmişdir. Piyadanın vurulduğu yer əks istiqamətli hərəkət zolağı olmaqla yolun sol tərəfindən iki metr sağ tərəfindən isə 6 metr məsafədədir. Həmin yerdə meyitə məxsus ayaqqabı və maşına məxsus qırılmış hissələr olmuşdur. Piyadanın vurulma nöqtəsindən nəqliyyat vasitəsinin hadisədən sonra dayandığı yer arasında 50 metr, meyitin düşdüyü yer arasında isə 45 metr məsafə olmuşdur. Meyitlə avtomobil arasında 5 metr məsafə olmuşdur. Meyitin olduğu yerdə qan izləri, maşının dayandığı yerdə xırda şüşə qırıntıları olmuşdur. Nəqliyyat vasitəsi hadisədən sonra əks istiqamətli hərəkət zolağının kənarında dayanmış, orada şüşə və digər qırıntılar olmuşdur. Yolun sol kənarında piyada keçidi nişanı olmuşdur. Həmin nişan İmişli şəhəri istiqamətində hərəkət edən nəqliyyat vasitələrinə aiddir. (c İ, i.v 73-78)
43. «Baxış keçirilməsi haqqında» 4 iyul 2024-cü il tarixli protokoldan görünür ki, CD diskdə olan video görüntü 01 dəqiqə 34 saniyə uzunluqdadır. Videodan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 23:15:30-da Təqsirləndirilən şəxs İmişli şəhəri 28 May küçəsində yerləşən “Beer pub” restoranının qarşısında saxladığı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq avtomobilin sürücü hissədən qapısını açaraq əyləşmiş, iki saniyə sonra yenidən avtomobildən düşərək ağ köynəkli bir şəxslə görüşdükdən sonra yenidən həmin avtomobilə əyləşmişdir. Sonra avtomobili sürüb hərəkət etdirib həmin yerdən uzaqlaşmışdır. Videodan görünür ki, Təqsirləndirilən şəxs avtomobilə tək əyləşmişdir. Bundan başqa təqdim edilən bir ədəd fotoşəkildə stol arxasında əyləşən şəxslərin özü, İmişli rayonu Şahverdilər kənd sakini Orxan adlı şəxs, Məhəmmədli kənd sakini Pərvin adlı şəxs, İmişli şəhər sakini, yeznəsi olan Faiq adlı şəxs olmasını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs video görüntüdə nəqliyyat vasitəsinə əyləşən şəxsin özü olmasını tanıyıb təsdiq etmişdir. Təqsirləndirilən şəxs həmin yerdən nəqliyyat vasitəsinə tək əyləşdiyini, yanında heç kim olmadığını, sonra isə oradan İmişli şəhəri M.Əsədov küçəsində yerləşən 7 saylı tam orta məktəbin yanındakı telefon mağazasına getdiyini, lakin mağazanın bağlı olduğunu, İmişli şəhəri, T.İsmayılov küçəsi ilə yaşadığı İmişli rayonu, Şahverdilər kəndi istiqamətində hərəkət etdiyini, həmin yolun İmişli rayonu Rəsullu kəndindən keçən hissəsində isə yol-nəqliyyat hadisəsinin baş verdiyini bildirmişdir. (c İ, i.v 81)
44. «İfadələrin yerində yoxlanması haqqında» 04 iyul 2024-cü il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs dindirmə zamanı verdiyi ifadələrin düzgünlüyünü və dəqiqliyini müəyyənləşdirmək məqsədilə İmişli RPŞ-nin inzibati binasının qarşısından İmişli RPŞ-nin MSY-nin, **-JU-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İmişli- Bəhrəmtəpə yolunun İmişli rayonu, Rəsullu kəndindən keçən hissəsi istiqamətində hərəkət edilmişdir. Həmin yola çatanda Təqsirləndirilən şəxs maşını saxlamağı təklif etmişdir. Sonuncu istintaq zamanı verdiyi ifadəsinə uyğun olaraq hadisədən əvvəl gəldiyi istiqaməti, piyada mərhum Elbrus Şükürovun yolu keçdiyi hissəni, piyadanı vurduğu əks istiqamətli hərəkət zolağını, hadisədən sonra nəqliyyat vasitəsinin dayandığı əks istiqamətli hərəkət zolağının kənarını və mərhum E.Şükürovun meyitinin düşdüyü yeri əyani olaraq göstərmişdir. (c İ, i.v 85-88)
45. X16 4 iyul 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CMin 263.2-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi həmin Məcəllənin 263- 1.3-cü maddəsi ilə tövsif edilmiş və istintaq davam etdirilmişdir. (c İ, i.v 89-90)
46. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 05 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* №-li cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 92-93)
47. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(036)-57/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmışdır. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsində Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini bildirməsi əks olunmuşdur, həmçinin o qapalı məhkəmə iclasında, təqdimata baxan hakimə daimi yaşayış yerinin olduğunu, istintaqdan qaçıb gizlənmək niyyətinin olmadığını bildirmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilməsini xahiş etmişdir. (c İ, i.v 78-82)
48. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X79 İdarəsinin İmişli Regional Qİ və TB Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Qulu Quliyevin xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, İmişli rayonunun Şahverdili kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə “BC” dərəcəli BD-804141 nömrəli sürücülük vəsiqəsi 10 (on) il müddətinə verilmişdir və onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur.(c İ, i.v. 127).
49. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış məhkumluq haqqında arayışdan (tələbnamə) görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 136-137)
50. “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxs tərəfindən verilmiş 17 iyul 2024-cü il tarixli, 18-1-46/2-695/2024 nömrəli cavab məktubundan görünür ki, İmişli rayonu, Şahverdili kəndində anadan olmuş, həmin ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs “İmişli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin ruhi-əsəb, nevroloji və narkoloji kabinetində qeydiyyatda dayanmır. (c İ, i.v 142)
51. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Mil-Muğan regional filialından verilmiş 18 iyul 2024-cü il tarixli, 3-17-1/2-168704/2024 №-li cavab məktubundan görünür ki, İmişli rayonu, Şahverdilər kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Mil-Muğan filialından əlilliyə görə müavinət, təqaüd və əmək pensiyası almır. (c İ, i.v 144)
52. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-16-17/42/2-3046/2024 nömrəli xüsusi məlumatdan görünür ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 13:50 radələrində Saatlı RPŞ-nin əməkdaşları tərəfindən 3 saylı İstintaq Təcridxanasına təhvil verilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 12:00 radələrində Tibbsanitar hissəsində müayinə olunan zaman döş qəfəsinin ön səthinin orta 1/3-nin sol yarısında sarımtıl rəngli qançır, sağ saidin və sağ bazunun içəri səthində termiki yanıq izləri aşkar olunmuş, bununla bağlı akt tərtib olunaraq izahatı alınmışdır. Həbsdə saxlanılan şəxs Təqsirləndirilən şəxs yazılı izahatında həmin xəsarəti həbs olunmazdan əvvəl aldığını bildirmişdir. (c İ, i.v 167)
53. “Hesab dəftərinə baxış keçirilməsi haqqında” 25 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış keçirilən kitab göy üzlüklü olmaqla 76 vərəqdən ibarətdir. Jurnalın üz qabığında “Book” sözü yazılmışdır. Jurnalın 26-cı səhifəsi qələmlə çəkilməklə altı hissəyə bölünmüş, sağ yuxarı küncdəki hissədə 11-ci masaya aparılan sifarişlər qeyd edilmişdir. Həmin hissədə “set 28 m, limon+, pivə++++, çiko+, 12 pivə, 37” qeydləri aparılmışdır. Həmin qeydlərdən görünür ki, sifariş edilmiş setdən əlavə, bir ədəd limon, bir ədəd “Çiko” markalı günəbaxan tumu olmaqla ümumilikdə 12 bakal sayda pivə içkisi sifariş edilmiş. qeyd edilən sifarişlər isə 37 manat dəyərində olmuşdur. (c İ, i.v 168-170)
54. «Meyitin məhkəmə-tibbi ekspertizasına dair» Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 12 nömrəli rəyindən görünür ki, 1981-ci il təvəllüdlü X17 meyitinin məhkəmə-tibbi ekspertizasına, əlavə müayinənin nəticəsinə əsasən və ilk məlumatı alıb aşağıdakı nəticəyə gəlinmişdir; a) Müayinə zamanı aşkar edilmişdir: kəllənin açıq küt travması, sağ təpə-alın-burun sümüyünün açıq qəlpəli basılmış sınığı, təpə-alın nahiyəsində baş beyin sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sərt və yumşaq qişanın cırılması, baş beyinin əzilməsi, sol yuxarı ətrafın sol saidin aşağı 1/3-dən travmatik amputasiyası, sol qamış və incik sümüklərinin açıq qəlpəli sınığı, sağ qamış və incik sümüklərinin qapalı yerdəyişən sınığı, sağ təpə nahiyəsində, burunun belində, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sol baldırın aşağı 1/3-də iç səthdə yaralar, baş beyin maddəsi və ağ ciyərin ödemi, daxili orqanların doluqanlılığı, qarın ön yarı səthində, sağ bazu oynağının bayır səthində, sağ dirsək oynağının bayır səthində, sağ mil bilək oynağının üst səthində, sağ əlin üst səthində, sağ diz oynağının ön səthində sıyrıqlar; b) aşkar edilmiş xəsarətlər-sağ təpə-alın-burun sümüyünün açıq qəlpəli basılmış sınığı, təpə-alın nahiyəsində qansızma, sərt və yumşaq qişasında, baş beyin toxumasında və yumşaq toxumalarda qansızma, sərt və yumşaq qişanın cırılması, baş beyinin əzilməsi, sol yuxarı ətrafın sol saidin aşağı 1/3-dən travmatik amputasiyası, sol qamış və incik sümüklərinin açıq qəlpəli sınığı, sağ qamış və incik sümüklərinin qapalı yerdəyişən sınığı, sağ təpə nahiyəsində, burnunun belində, sağ bazunun yuxarı 1/3-də bayır səthdə, sol baldırın aşağı 1/3-də iç səthdə yaralar, qarının ön yan səthində, sağ bazu oynağının bayır səthində, sağ dirsək oynağının bayır səthində, sağ mil bilək oynağının üst səthində, sağ əlin üst səthində, sağ diz oynağının ön səthində sıyrıqlar-həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. c) X40 ölümündən az əvvəl spirtli içki qəbul etməmişdir. e) X20 ölümünə səbəb almış olduğu başın açıq küt travması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm müayinədən 4-5 saat əvvəl baş vermişdir.( Cild 1, i.v 173-180)
55. «Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası»nın 12 avqust 2024-cü il tarixli, 8/1918 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Toyota Corolla” markalı **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Toyota Corolla” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km\saat sürətdən artıq, yəni 110 km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış tədqiqatın dəyərinin 85 (səksən beş) manat olması qeyd edilmişdir. (Cild 1, i.v. 182-184)
56. «Məhkəmə-kimyəvi ekspertizası»nın xx.xx.2024-cü il tarixli, 2340/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Həmçinin təkrar məhkəməkimyəvi ekspertizasının 23 sentyabr 2024-cü il tarixli, 3098/K saylı rəyi də eyni nəticəni təkrar etmişdir.(Cild 1, i.v. 186-195)
57. «Sübutların qiymətləndirilməsi və cinayət əməlinin tövsif edilməsi haqqında» 11 noyabr 2024-cü il tarixli qərarın nəticə hissəsinin 2-ci bəndindən görünür ki, «Məhkəməkimyəvi ekspertizası»nın xx.xx.2024-cü il tarixli, 2340/K nömrəli və «Təkrar məhkəməkimyəvi ekspertizası»nın 23 sentyabr 2024-cü il tarixli, 3098/K nömrəli rəyləri cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməmişdirlər.(Cild 2, i.v. 45)
58. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(036)-84/2024 №-li qərarından görünür ki, 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 (iki) ay müddətinə, yəni 03 yanvar 2025-ci il tarixədək uzadılmışdır.(Cild 1, i.v. 217-222)
59. Ölüm haqqında şəhadətnamələrdən görünür ki, X53 xx.xx.2023-cü il tarixdə və X41 xx.xx.2023-cü il tarixdə ölmüşlər. .(Cild 1, i.v. 240-241)
60. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, X5 ikinci dərəcəli əlilliyi var.(Cild 1, i.v. 243)
61. İmişli Asan xidmət mərkəzinin qeydiyyat şöbəsində 13 oktyabr 2023-cü il tarixdə qeydiyyata alınmış nikah haqqında şəhadətnamədən görünür ki, Əliyev X22 Usara Nemət qızı ilə nikaha girmişlər və X32 Əliyeva soyadı verilmişdir.(Cild 1, i.v. 250)
62. İmişli rayon qeydiyyat şöbəsində 29 yanvar 2024-cü il tarixdə qeydiyyata alınmış doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs 02 yanvar 2024-cü il təvəllüdlü X21 adında uşağı var.(Cild 1, i.v. 251)
63. Elektron məhkəmə informasiya sistemi vasitəsi ilə əldə edilmiş vətəndaşın qohumluq məlumatlarına dair çıxarışa əsasən müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin xx.xx.2025-ci il təvəllüdlü X42 adında övladı dünyaya gəlmişdir. Bu barədə müdafiə tərəfindən doğum haqqında şəhadətnamənin surəti təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmişdir.
64. İmişli rayon Hərbi Komissarlığından xx.xx.2001-ci il tarixdə verilmiş vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası X30 müharibə veteranıdır.(Cild 1, i.v. 252)
65. İmişli Rayon İcra Hakimiyyəti başçısının Göbəktala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024-cü il tarixli, 5-53/12-10/2-471-2024 nömrəli ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası xx.xx.1962-ci il təvəllüdlü X6, anası xx.xx.1972-ci il təvəllüdlü X2, arvadı xx.xx.2001-ci il təvəllüdlü X14 və qızı xx.xx.2024-cü il təvəllüdlü X7 ibarətdir, İmişli rayonunun Şahverdili kəndində yaşayırlar.(Cild 2, i.v. 4)
66. İmişli Rayon İcra Hakimiyyəti başçısının Göbəktala kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur.(Cild 2, i.v. 5)
67. İmişli rayonu, Şahverdilər kənd sakini X30 tərəfindən verilmiş 03 noyabr 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs atası X30 ölmüş zərər çəkmiş şəxs X17 yaxın qohumları ilə barışıq əldə edilməsi üçün miras qalmış kredit borcları və digər xərclərin qarşılanması üçün tələb oluna bilən bütün vəsaiti ödəməyə hazırdır.(Cild 2, i.v. 7)
68. Məhkəmə istintaqı zamanı təqdim edilmiş qəbzin surətindən görünür ki, təqsirləndirilən şəxsin atası X28 tərəfindən xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxsin hüquqi varisi, atası X23 adına “Hesab açmadan pul köçürməsi” əməliyyatı edərək 15000 (on beş min) manat məbləğində pul köçürmüşdür.
69. "xxxx" MMC X63 Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışa əsasən müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə X23 adına köçürülən 15000 (on beş min) manat məbləğ hesabdan çıxarılmadığı üçün saxlancda saxlanılmışdır.
70. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 26 noyabr 2024cü il tarixli, 2570 nömrəsi ilə qeydiyyata alınmış qərarın nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 263-1.3 və 264-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs həmin qərarla tanış olması barədə imza atmış və əlavə olaraq həmin maddələrlə özünü təqsirli bilmədiyini qeyd etmişdir”.(Cild 2, i.v. 49-51)
71. «Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında» 26 noyabr 2024-cü il tarixli, 2581№-li qərardan görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2024-cü il tarixdə yenidən ittiham elan edilən zaman o, yenidən elan olunmuş ittihamda əks olunan maddələr (Azərbaycan Respublikasının CM-in 263-1.3 və 264-cü maddələri) üzrə özünü təqsirli bilməyərək hadisədən əvvəl spirtli içki içmədiyini, hadisə zamanı sərxoş olmadığını, habelə hadisə yerindən qaçmadığını bildirib özünü Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə təqsirli bildiyini bildirmiş, təqsirləndirilən şəxsin bu ifadələri vəsatət kimi qəbul edilmiş və həmin vəsatət təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıması, həmçinin əsassız ması qeyd edilərək, təmin edilmədən rədd edilmişdir.(Cild 2, i.v. 62-66)
72. «Təqsirləndirilən şəxsin vəsatətinin rədd edilməsi haqqında» 28 noyabr 2024-cü il tarixli, 2585№-li qərardan görünür ki, Təqsirləndirilən şəxs və müdafiəçisi X43 28 noyabr 2024-cü il tarixdə İmişli RPŞ-nin inzibati binasında cinayət işinin materialları ilə tanış olan zaman təqsirləndirilən şəxs hadisədən əvvəl spirtli içki içmədiyini, hadisə zamanı sərxoş olmadığını, habelə hadisə yerindən qaçmadığını bildirərək özünü Azərbaycan Respublikasının CM-in 263-1.3 və 264-cü maddələri üzrə deyil, Azərbaycan Respublikasının CM-in 263.2-ci maddəsi ilə təqsirli bildiyini bildirmiş, təqsirləndirilən şəxsin bu ifadələri vəsatət kimi qəbul edilmiş və həmin vəsatət təqsirləndirilən şəxsin özünümüdafiə xarakteri daşıdığı, həmçinin əsassız olduğu qeyd edilərək təmin edilmədən rədd edilmişdir.(Cild 2, i.v. 74-78)
73. Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilən və təqsirləndirilən şəxsə məxsus avtomobilin arxa şüşəsinin sındırılması və ön qapısının əziklərini göstərən 5 ədəd fotoşəkil cinayət işi materiallarına əlavə edilmişdir. Həmçinin müdafiə tərəfindən təqdim edilən “Hadisə yerinin müayinəsi zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərərkən təsadüfən çəkilmiş videogörüntülər” yazısı qeyd edilmiş disk elan və tədqiq edilmiş və iş materiallarına əlavə edilmişdir. Həmin videogörüntülərdə Təqsirləndirilən şəxs yolun ortasında durduğu müşahidə edilir.
74. Məhkəmə tərəfindən işin araşdırılması zamanı Azərbaycan Respublikası TƏBİB PHŞ “İmişli RMX” PHŞ-nə məhkəmə sorğusu göndərilmiş və həmin sorğuya verilən cavab məktubunda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə qan nümunəsinin götürülmədiyi bildirilmiş, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:26 radələrində “İmişli RMX” PHŞ-nin TTY bölməsində Alkoqol (etanol) nəfəs sınağının götürülməsi üçün müraciət etdiyi qeyd edilmişdir.
75. Azərbaycan Respublikası DİN Saatlı Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə CMnin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra İmişli RPŞ-nin əməkdaşları tərəfindən Saatlı RPŞ-nə gətirilmiş və saat 20:00-da RPŞ-nin MSY-nə yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs İmişli RPŞ-nə aparılmasından ötrü MSY-dən çıxarılaraq İmişli RPŞ-nin əməkdaşlarına təhvil verilmişdir.
Əməlin tövsifi və digər hüquqi məsələlər:
76. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən-hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən-hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
77. Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.
78. Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir.
79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istəniləncinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir.
80. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər.
81. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər.
82. CPM-nin 139.0-cı maddəsinin tələblərinə görə, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. Qanunun bu normasından çıxış edərək məhkəmə tərkibi hesab etmişdir ki, CPM-nin 139.0.3-cü maddəsinin tələbinə və mənasına əsasən “əməldə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayətin əlamətləri də sübutlar əsasında müəyyən edilir” dedikdə, bu və ya digər cinayətin tərkib əlamətləri ilə (obyektiv və subyektiv cəhətlər, obyekt və subyekt) yanaşı, həmçinin həmin cinayətin tövsifedici əlamətlərinin də olub-olmamasının və əməlin düzgün tövsif edilməsi üçün onun törədilməsinin hər hansı nəticəyə səbəb olub-olmamasının da sübutlar əsasında müəyyən edilməsi tələb olunur.
83. CM-nin 263-1.3-cü maddəsinin dispozisiyasına görə, bu Məcəllənin 263.1-ci maddəsində nəzərədə tutulmuş əməllərinə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətinə cəlb edilməsinə və CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalarla cəzalandırılmasına səbəb olur. Göründüyü kimi, şəxsin Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün aşağıdakı halların sübutlar əsasında müəyyən edilməsi tələb olunur: belə şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması, həmin əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda törədilməsi və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olması. Lakin, hazırki cinayət işi üzrə ibtidai istintaq, eləcə də məhkəmə baxışı zamanı toplanmış sübutlara əsasən şəxsin yol nəqliyyat hadisəsi törətməzdən öncə alkoqollu içki qəbul etməsi və ya hadisəni törədərkən sərxoş halda olması öz təsdiqini tapmamışdır.
84. Belə ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs kimi ilkin ifadələrində (şübhəli şəxs qismində cild İ, iş vərəqə 56-58 və təqsirləndirilən şəxs qismində, c.İ. i.v. 100-102) 2 bakal spirtli içki olan pivə içməsini bildirmişdir. Lakin, ibtidai istintaq zamanı verdiyi sonrakı ifadələrində və məhkəmə araşdırması zamanı verdiyi ifadələrində o spirtli içki qəbul etmədiyini qeyd etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarınının 33-cü bəndində qeyd edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin spirtli içki qəbul etməməsi və hadisədən öncə əyləşdiyi kafedə yalnız çay içməsi ilə bağlı ifadəsini iş üzrə digər şahidlərin ifadələri və iş materiallarında mövcud olan digər sübutlarla qarşılıqlı təhlil edilməsini zəruri hesab edir.
85. Belə ki, təqsirləndirilən şəxslə eyni kafedə, bir masa ətrafında əyləşmiş 3 şahid – Faiq Xanmədov, Şahid1 və Şahid2 də ibtidai istintaqa verdikləri ilkin şahid ifadələrində Bəhmənin onlarla birlikdə əyləşərək, 2 bakal pivə içməsini bildirmişlər. Şahidlərdən Faiq Xanmədov ibtidai istintaq zamanı yenidən ifadə verərək ilkin ifadəsini təsdiq etmədiyini, Bəhmənin onlarla əyləşərkən pivə yox, çay içdiyini bildirmiş, məhkəmə istintaqı zamanı dindirilərkən sonuncu ifadəsini təsdiq etmişdir. Digər şahidlər də məhkəmə istintaqı zamanı Bəhmənin spirtli içki qəbul etmədiyini bildirmiş, ibtidai istintaq zamanı verdikləri ifadələri oxumadan imzaladıqlarını qeyd etmişlər. “Hesab dəftərinə baxış keçirilməsi haqqında” 25 avqust 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxs və digər 3 şahidin əyləşdiyi masaya 12 bakal pivə sifariş edilmiş, həmin pivələrin Şahid1 - 4 bakal, Şahid2 - 5 bakal, Xanmədov Faiq isə - 3 bakal olmaqla digər şəxslər tərəfindən içildiyi müəyyən edilmişdir. İş materiallarında olan “Sərxoşluq Vəziyyətinin tibbi müayinəsinin” 02 iyul 2024-cü il tarixli 959 saylı aktına əsasən Təqsirləndirilən şəxs sərxoşluq müayinəsindən keçirilən zaman onun 0,5% ölçüdə, yüngül dərəcəli sərxoş olması qeyd edilmişdir. Həmin akta baxış zamanı aktın Təqsirləndirilən şəxs təqdim edilmədiyi, onun tərəfindən imzalanmadığı və imzalamaqdan imtina etməsi barədə hər hansı qeyd olmadığı müəyyən edilmişdir. Həmçinin, aktda müayinəni həyata keçirən Şahid5 Xaləddin oğlunun TTY bölməsində dispetçer vəzifəsində çalışmasını, onun həkim narkoloq olmamasını, həmçinin məhkəmə istintaqı zamanı dindirilərkən təqsirləndirilən şəxsin onu tanımaması, onun da təqsirləndirilən şəxsi xatırlamaması, həmçinin akt ona nümayiş etdirildikdən sonra həmin aktı onun tərtib etmədiyini və imzanın ona məxsus olmamasını bildirməsini, ümumiyyətlə müayinə aparılmış alkotesterin marka və modelinin qeyri-müəyyən olması, müayinə nəticələrini təsdiq edən yazılı qəbzin iş materiallarında mövcud olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, “Sərxoşluq Vəziyyətinin tibbi müayinəsi”nin 02 iyul 2024-cü il tarixli 959 saylı aktı sübut qismində nəzərə alına bilməz. Əlavə olaraq, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq edilmiş "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın 3.1-ci bəndində alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinənin yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən Narkoloji tibb müəssisəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yaradılmış və narkoloji yardım sahəsində fəaliyyət göstərən ixtisaslaşdırılmış tibb müəssisəsidir. Qanunvericiliyin tələbinə baxmayaraq, hazırki iş üzrə təqsirləndirilən şəxsin sərxoşluq vəziyyətinin müayinəsi rayon xəstəxanasında, dispetçer tərəfindən aparılmış və qanunvericiliyin tələbləri pozulmuşdur.
86. Məhkəmə təqsirləndirilən şəxsdən qan nümunəsinin götürülməsi ilə bağlı hissədə qeyd edir ki, «Məhkəmə-kimyəvi ekspertizası»nın xx.xx.2024-cü il tarixli, 2340/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. Həmçinin təkrar məhkəməkimyəvi ekspertizasının 23 sentyabr 2024-cü il tarixli, 3098/K saylı rəyi də eyni nəticəni təkrar etmişdir. «Tədqiqat üçün nümunələrin götürülməsi haqqında» 03 iyul 2024-cü il tarixli, 1830 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs razılığı əsasında onun sağ qolundan İmişli rayon X8 və X15 Şöbəsinin adı protokolda qeyd edilməmiş əməkdaşı tərəfindən 5 qram miqdarında qan nümunəsi götürülmüş, həmin qan nümunəsi tədqiqat üçün əhəmiyyətini itirməsin deyə sınaq şüşəsinə əlavə edilməklə müvafiq qaydada qablaşdırılmış və zərflər üçün möhür ilə möhürlənmişdir. Həmin protokol Təqsirləndirilən şəxs tərəfindən və onun müdafiəçisi X11 tərəfindən imzalanmış, lakin İmişli rayon X8 və X15 Şöbəsinin əməkdaşı tərəfindən imzalanmamışdır. Qan nümunəsinin götürülməsinə 03 iyul 2024-cü il, saat 20:24-də başlamış, 20:58-də başa çatmışdır. Məhkəmə tərəfindən işin araşdırılması zamanı Azərbaycan Respublikası TƏBİB PHŞ “İmişli RMX” PHŞ-nə məhkəmə sorğusu göndərilmiş və həmin sorğuya verilən cavab məktubunda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə qan nümunəsinin götürülmədiyi bildirilmiş, həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 00:26 radələrində “İmişli RMX” PHŞ-nin TTY bölməsində Alkoqol (etanol) nəfəs sınağının götürülməsi üçün müraciət etdiyi qeyd edilmişdir. Azərbaycan Respublikası DİN Saatlı Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktuba əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə CM-nin 263.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduqdan sonra İmişli RPŞ-nin əməkdaşları tərəfindən Saatlı RPŞ-nə gətirilmiş və saat 20:00-da RPŞ-nin MSY-nə yerləşdirilmiş, xx.xx.2024-cü il tarixdə saat 11:30-da Təqsirləndirilən şəxs İmişli RPŞ-nə aparılmasından ötrü MSY-dən çıxarılaraq İmişli RPŞ-nin əməkdaşlarına təhvil verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs həmin faktı təsdiq edərək, xx.xx.2024-cü il tarixdə saat 20:00 radələrində Saatlı RPŞ MSY-nə daxil olduğunu və növbəti gün səhər saat 11:30 radələrində çıxarıldığını, xx.xx.2024-cü il tarixdə saat 20:24-20:58 ərəfəsində MSY-də olduğunu, İmişli RMX-nə aparılmadığını, ondan götürülən qan nümunəsini isə hadisə baş verdikdən bir müddət sonra, yəni təxminən xx.xx.2024-cü il tarixdə gecə saat 01:00 radələrində alkotester müayinəsi keçirildikdən qısa müddət sonra, ikinci dəfə xəstəxanaya aparıldıqdan sonra götürüldüyünü bildirmişdir. Göründüyü kimi, müstəntiq İlqar Soltanlı tərəfindən tərtib edilmiş «Tədqiqat üçün nümunələrin götürülməsi haqqında» 03 iyul 2024-cü il tarixli, 1830 nömrəli protokol saxtadır. Sadalananan xüsusatlara əsasən, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin alkoqollu içkilər qəbul etməsi və hadisə törədərkən sərxoş olması barədə gəldiyi nəticə əsaslı deyil, iş materialları ilə sübuta yetirilmir, onun spirtli içki qəbul etməməsinə dair əsaslı şübhələr var.
87. “İn dubio pro reo” prinsipi (Şübhə doğduğu halda, təqsirləndirilən şəxsin xeyrinə qərar verilməlidir) hüquqi dövlətin və ədalətli məhkəmə araşdırmasının əsas sütunlarındandır. O, günahsız şəxsin cəzalandırılmasının qarşısını almağa yönəlib və ədalət prinsipi ilə birbaşa bağlıdır. Məhkəmə qeyd edilən prinsip ilə yanaşı, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (Ədalətli məhkəmə araşdırması hüququ - “Hər kəs onun günahı qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməyənədək təqsirsiz sayılmaq hüququna malikdir”), Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi (təqsirsizlik prezumpsiyası – İ. hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İİ. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İİİ. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. İV. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz), Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsi (Təqsirsizlik prezumpsiyası) və CPM-nin 23-cü maddəsində (Şübhələrin təqsirləndirilən şəxsin xeyrinə qiymətləndirilməsi) qeyd edilən prinsiplərini əsas götürərək, hesab edir ki, ibtiadi istintaq orqanı tərəfindən şəxsin əməli düzgün tövsif edilməmişdir.
88. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir.
89. CM-nin 263-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
90. CM-nin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
91. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin yol nəqliyyat hadisəsi törədərkən sərxoş olması sübuta yetirilmədiyindən şəxsin əməli CM-nin 263-1.3-cü maddəsindən həmin məcəllənin 263.2-ci maddəsinə tövsif edilməlidir.
92. Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi üzrə təqsirinin sübuta yetirilməsi hissəsində məhkəmə qeyd edir ki, iş üzrə keçirilmiş «Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası»nın 12 avqust 2024-cü il tarixli, 8/1918 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur... ...Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km\saat sürətdən artıq, yəni 110 km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.
93. Təqsirləndirilən şəxsin özünü ümumiyyətlə təqsirli bilməyərək ona bəraət verilməsi, eləcə də müdafiəçi tərəfindən hüquqlarını müdafiə etdiyi şəxsə bəraət verilməsi xahişini məhkəmə əsaslı hesab etmir, həmçinin təqsirləndirilən şəxsin və onun müdafiəçisinin, eləcə də müdafiə tərəfindən əlavə şahid qismində çağırılmış şahidlərin yol nəqliyyat hadisəsindən sonra avtomobilin yolun asfalt hissəsinin ortasında, xəttin üzərində dayanması ilə bağlı qeyd etdiklərini təqsirləndirilən şəxsin xeyrinə cəhd, onun məsuliyyətdən boyun qaçırmasına xidmət edən ifadələr kimi qiymət verərək, onları sübut kimi qəbul etmir. Hadisə yerinə baxış protokolundan, çoxsaylı şahid ifadələrindən, hadisənin sxemindən və iş materiallarında olan tədqiq edilmiş digər sübutlara əsasən toqquşma yerinin və toqquşmadan sonra avtomobilin dayandığı yerin məhz “Yol-nəqliyyat hadisəsinin sxemi”ndə qeyd edildiyi kimi olduğu qənaətinə gəlir.
94. Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə mərhumun toqquşma yeri, yəni hadisənin baş verdiyi yerin əvvəlki ifadələrindən fərqli olaraq, yolun əks hərəkət istiqamətində deyil, Təqsirləndirilən şəxs öz hərəkət istiqamətində baş verməsi ilə bağlı qeyd etdiklərinə münasibətdə məhkəmə bildirir ki, təqsirləndirilən şəxsin bu ifadəsi özünün əvvəlki ifadələri və hadisə yerinin plan sxemi ilə ziddiyyət təşkil edir, eləcə də heç bir əlavə sübut ilə təsdiq edilmir. Bunun əksinə, avtomobilin toqquşmadan sonra dayandığı yer, meyitin olduğu yer, mərhumun əlində olan ərzaqların dağıldığı yer təqsirləndirilən şəxsin dediklərini təkzib edərək, piyadanın məhz yolun əks hərəkət istiqamətində vurulduğunu təsdiq və sübut edir.
95. Bundan əlavə, müdafiə tərəfindən məhkəməyə təqdim edilmiş, üzərində “Hadisə yerinin müayinəsi zamanı Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərərkən təsadüfən çəkilmiş videogörüntülər” yazısı qeyd edilmiş diskdə olan görüntülərə baxış keçirərək, Təqsirləndirilən şəxs yolda dayanmasının iş üzrə hər hansı halı təsdiq və ya inkar etmədiyini qeyd edərək, məhkəmə həmin videogörüntüləri sübut növü kimi qəbul etmir.
96. «Yol hərəkəti haqqında» 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir.
97. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli Qərarının 12-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, konkret bir hadisədə yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması CM-in 263.1, 263.1-1, 263.2, 263.3, 263-1.1, 263-1.2, 263-1.3, 263-1.4, 351.1, 351.1-1, 351.2 və 351.3-cü maddələrində nəzərdə tutulmuş nəticələrdən bir neçəsinə səbəb olduqda, təqsirləndirilən şəxsə elan olunmuş ittihamda və ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində baş vermiş nəticələrin hamısı göstərilməli, lakin onun əməli cinayət qanununun bu nəticələrdən daha ağırına görə məsuliyyət nəzərdə tutan maddəsi ilə tövsif edilməlidir. Belə hallarda yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlıqlarına müvafiq maddələrin dispozisiyalarında göstərilən ağırlıqda fiziki zərər vurulmuş şəxslər zərər çəkmiş şəxs qismində, ölmüş zərər çəkmiş şəxsin yaxın qohumu və ya yaxın qohumu olmadıqda CPM-in 106.1-ci maddəsində göstərilən digər şəxs zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmalı və cinayət təqibi zamanı onların CPM-in 87 və 106-cı maddələrində nəzərdə tutulmuş hüquqları təmin edilməlidir. Qeyd edilən cinayətlərin törədilməsi nəticəsində əmlakına maddi zərər vurulmuş şəxs cinayət prosesində CPM-in tələblərinə müvafiq olaraq mülki iddia verdikdə mülki iddiaçı qismində tanına bilər.
98. Hazırki hökmün 97-ci bəndində qeyd edilmiş qərarın 19 və 20-ci bəndlərində isə göstərilmişdir ki, izah olunsun ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yolnəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar sübutları qiymətləndirərkən məhkəmələr iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli ekspertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-in 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşıdırılmış sübutların hüquqi qiymətləndirilməsindən sonra verilə bilər.
99. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyin, «Yol hərəkəti haqqında» 3 iyul 1998-ci il tarixli Azərbaycan Respublikasının Qanunun tələblərini rəhbər tuturaraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli və «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli Qərarlarının müddəalarını da nəzərə alır.
100. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi – CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməli təqsirləndirilən şəxsin öz ifadəsi, zərər çəkmiş şəxsin hüquqi varisinin, şahidlər və əlavə şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi protokolu, eləcə də ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sənədlərlə tam sübuta yetirilir.
101. Məhkəmə təqsirləndirilən şəxsin CM-nin 264-cü maddəsi ilə ittiham edilməsinə münasibətdə isə qeyd edir ki, işin faktiki hallarından, istintaq materiallarından, məhkəmə araşdırması zamanı elan və tədqiq edilmiş sübutlardan və araşdırma nəticəsində müəyyən edilmiş hadisənin ümumi mənzərəsindən məlum olur ki, yol nəqliyyat hadisəsini törətdikdən sonra Təqsirləndirilən şəxs müəyyən müddət hadisə yerində olmuş, orada olan tanımadığı şəxs vasitəsi ilə atasına zəng edərək hadisə törətdiyini bildirmiş, onlar gəldikdən sonra isə hadisəni özünün törətməsi barədə zərərçəkmiş şəxsin yaxın qohumlarına və ya artıq hadisə yerinə gəlmiş polis əməkdaşlarına öz şəxsiyyəti barədə heç bir məlumat vermədən hadisə yerindən çıxaraq yaşadığı evə getmişdir.
102. Təqsirləndirilən şəxs özünü müdafiə üçün dəlil gətirərək, hadisə yerinə toplaşan adamlar tərəfindən döyülməsindən, hətta öldürülməsindən qorxduğu üçün hadisə yerini tərk edərək, getdiyini bildirir. Məhkəmə təqsirləndirilən şəxsin bu dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, əvvəla, təqsirləndirilən şəxs məhz döyülməsindən və öldürülməsindən ehtiyat etdiyi üçün hadisə yerindən uzaqlaşırdısa, o, evə yox, birbaşa polis şöbəsinə gedib sığına bilərdi. İkincisi, hadisə yerində olan heç kəs avtomobilin sürücüsünün məhz o olduğunu bilmirdi, çünki çoxsaylı şahid ifadələrinə əsasən məlum olur ki, hadisə yerində sürücünün kimliyi nə orada toplaşan insanlara, nə də zərərçəkənin qohumlarına məlum olmamışdır, ona görə döyülməkdən ehtiyat edərək getməsi ağlabatan görünmür, üçüncü olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin məhz özünün verdiyi ifadəyə, eləcə də digər hadisə şahidlərinin ifadələrinə əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs hadisə yerindən gedərkən artıq TTY avtomobili hadisə yerində olmuş, onun arxasında isə polis avtomobili dayanmışdır. Digər şahid ifadələrinə əsasən də müəyyən edilir ki, TTY və polis avtomobilləri hər ikisi eyni vaxtda hadisə yerinə gəlib çatmışdır. Belə olduğu halda, artıq hadisə yerinə polis avtomobili gəldiyindən o, hadisə yerindən uzaqlaşıb evə getmək əvəzinə polis əməkdaşlarına yaxınlaşa, özünü təqdim edib onlardan kömək istəyə bilərdi. Təqsirləndirilən şəxsin özünün ifadəsindən görünür ki, o, hadisə yerindən gedərkən özünün şəxsiyyəti barədə zərərçəkmişin yaxın qohumlarına, orada olan insanlara və artıq hadisə yerinə çatmış hüquq mühafizə orqanlarının əməkdaşlarına öz şəxsiyyəti barədə məlumat vermədən hadisə yerindən uzaqlaşmışdır. Hadisə yerinin ümumi mənzərəsindən görünür ki, orada toplaşan şəxslər sürücünün kimliyi barədə məlumatsız olduğundan onu axtarmış, hadisə yerinə gələn YPX əməkdaşı avtomobildəki sənədlərə baxış keçirərək sürücünün kimliyini müəyyən etməyə çalışmış, təhqiqatçı X29 isə hadisə yerinə gəldikdə sürücünü tapmamış, onun kim olmasını bilməmiş, sonradan Şahverdilər kəndinə gedib, soraqlaşıb Təqsirləndirilən şəxs yaşadığı evi müəyyən edərək, Təqsirləndirilən şəxs tapıb özü ilə birlikdə xəstəxanaya, sonra polis şöbəsinə aparmışdır.
103. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarında formalaşdırılmış mövqeyə əsasən, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili-tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə X68 göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Həmçinin, nəqliyyat vasitəsinin sürücüsünün yol-nəqliyyat hadisəsi yerində qalaraq öz şəxsiyyəti ilə bağlı məlumatları zərərçəkmiş şəxsə aşkar etmək öhdəliyinin Konstitusiyanın 66-cı maddəsindən, eləcə də Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndindən irəli gələn özünə qarşı ifadə verməmək hüququna uyğun olubolmamasına gəldikdə, göstərilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan 29 yanvar 2004-cü il tarixli Qərarı ilə CM-in 264-cü maddəsi Konstitusiyanın 66-cı maddəsinə uyğun hesab edilmişdir. Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu yekun olaraq belə nəticəyə gəlir ki, CM-in 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz.
104. Konstitusiya Məhkəməsinin Plenum qərarında göstərilən hüquqi mövqeyin əksinə olaraq, Təqsirləndirilən şəxs hadisə yerindən gedərkən bu barədə zərərçəkmiş şəxsin yaxın qohumlarına və ya artıq hadisə yerinə çatmış hüquq mühafizə orqanının əməkdaşlarına öz şəxsiyyəti barədə məlumat vermədən hadisə yerindən getdiyindən, onun əməli CM-nin 264-cü maddəsinin dispozisiyasında göstərilən yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməlinə uyğundur.
105. Məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən onun əməlində CM-nin 264-cü maddəsinin tərkib əlamətlərinin olmaması barədə müdafiə çıxışında göstərilən dəlillərinə münasibətdə qeyd edir ki, müdafiəçi tərəfindən göstərilən məsələlər (“google map” proqramından çıxarışlar, yol, məsafə, qət edilən sürət, müddət və s.) təqsirləndirilən şəxsin məsuliyyətdən kənarda qalmasına xidmət edən dəlillər kimi qiymət verərək qeyd edir ki, təqsirləndirilən şəxsin artıq hadisə yerindən getdikdən sonra onun polis əməkdaşları tərəfindən nə qədər müddət sonra yaxalanması şəxsin əməlinin CM-nin 264cü maddəsinə tövsif edilib-edilməməsinə və ittihamın mahiyyətinə təsir etmir. Belə ki, CMnin 264-cü maddəsinin obyektiv cəhəti indiki halda CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş nəticənin – zərərçəkmiş şəxsin ölümünün baş verdiyi halda nəqliyyat vasitəsini idarə edən sürücünün hadisə yerindən qaçmasında ifadə olunur. Həmçinin, təhlil edilən cinayət formal tərkibli olduğu üçün 263-cü maddədə nəzərdə tutulmuş nəticələrdən hər hansı biri baş verdikdən sonra məsuliyyətdən yayınmaq üçün hadisə yerinin tərk edildiyi andan həmin cinayət başa çatmış hesab olunur.
106. Beləliklə, məhkəmə şərh edilən xüsusatlara, təqsirləndirilən şəxsin özünün verdiyi ifadəyə, eləcə də digər şahid ifadələrinə və məhkəmə istintaqı zamanı elan və tədqiq edilmiş iş materiallarına əsasən bu nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlində CM-nin 264-cü maddəsinin tərkib əlamətlərinin olması barədə gəldiyi nəticə əsaslı olmuş və toplanmış cinayət işi materialları ilə tam sübuta yetirilmişdir.
107. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi CM-in 263.2-ci və 264-cü maddələri ilə olan cinayət əməllərinin tövsifi ilə əlaqədar qeyd edir ki, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərin obyekti yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərdir. Şərh olunan cinayətin əlavə obyektini insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Yol hərəkəti qaydalarının pozulması dedikdə, sürücü tərəfindən «Yol hərəkəti haqqında» Qanunla onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsi və ya lazımınca riayət edilməməsi başa düşülməlidir. Şərh olunan cinayət maddi tərkibli olduğu üçün CM-in 263cü maddəsində sadalanan ictimai təhlükəli nəticələrdən hər hansı biri baş verdiyi andan başa çatmış hesab olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə baş vermiş ictimai təhlükəli nəticələr arasında səbəbli əlaqə mövcud olmalı və bu müəyyən olunmalıdır. Təhlil olunan cinayətin subyektiv cəhəti baş vermiş nəticələrə təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Hərəkət təhlükəsizliyi və ya nəqliyyatın istismarı qaydalarını pozan şəxs bu əməlinin ictimai təhlükəli xarakterini dərk edir, onların insanın sağlamlığına az ağır və ya ağır zərər vurulmasına və ya onun ölümünə səbəb olacağı imkanını qabaqcadan görür, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edir (cinayətkarcasına özünəgüvənmə), yaxud nəqliyyat vasitəsini idarə edən şəxs hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozarkən qanunda nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrin baş verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görmür (cinayətkarcasına etinasızlıq). Bu cinayətin subyekti nəqliyyat vasitəsini idarə edən, cinayət əməlini törədənədək 16 yaşı tamam olmuş fiziki anlaqlı şəxs ola bilər.
108. CPM-in 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.
109. Qeyd edilənlərə əsasən, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları tədqiq edib CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, məhkəmədə təqsirləndirilən şəxsin yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan bir şəxsin ölümünə səbəb olması tam sübuta yetirildiyindən onun əməli yuxarıda qeyd edilənlər nəzərə alınmaqla məhkəmə tərəfindən düzgün olaraq CM-in 263.2 və 264-cü maddələri ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir.
110. Beləliklə, məhkəmə kollegiyası, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını bir daha qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətlərində CM-in 263.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Buna görə də, Təqsirləndirilən şəxs CM-in 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Cəzanın təyin edilməsi və digər həll edilən məsələlər:
111. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə «Məhkəmə hökmü haqqında» və «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları da nəzərə alır.
112. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır.
113. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarın 45-ci bəndində göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir.
114. Məhkəmə, CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alır.
115. Məhkəmə CM-nin 61.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlində cəzasını ağırlaşdıran halın olmasının müəyyən edilmədiyini qeyd edir.
116. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarının və həmin Məcəllənin 264-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini məqsədə müvafiq hesab edir.
117. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür.
118. CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir.
119. CM-in 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz.
120. Qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263.2 və 264-cü maddələri ilə cəza təyin edilən zaman cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, cəzalarını tam və qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir.
121. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir.
122. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(036)-57/2024 saylı qərarı ilə, həbs etmənin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmaqla, 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır.
123. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6).
124. Məhkəmə, CPM-in 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
125. Məhkəmə, hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır.
126. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə maddi sübut olmaması nəzərə alınmalıdır.
127. “Şahidin dindirilməsi haqqında” istintaq hərəkəti zamanı aparılmış videoçəkilişin videogörüntülərinin köçürüldüyü 01 (bir) ədəd disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır.
128. CPM-ə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır.
129. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına (X1 210005 kod, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE********************) ödənilməlidir.
130. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur.
131. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur.
132. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır.
133. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 15 noyabr 2013-cü il tarixli və «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında» 30 aprel 2021-ci il tarixli qərarlarının müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir.
134. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 381, 383, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 5 (beş) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq, 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli 03 iyul 2024-cü il tarixdən hesablanmaqla, həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutun olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsdən 85 (səksən beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə videogörüntülərin əks olunduğu 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə üzərinə həbs qoyulmuş və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Aqil Nuriyev Hakimlər: Cavid Səfərli Cavanşir Nəbiyev