Məhkəmə qərarları › İş №1(099)-174/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-174/2025

07.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-174/2025 07.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Bakı şəhəri, 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Ağcabədi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Ağcabədi rayonu, Bilağan kəndində qeydiyyatda olmaqla həmin kənddə faktiki yaşamış, 07 sentyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 4(017)-78/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə, vaxtda və mənbədən külli miqdarda-5296,53 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək 6,89 qramını 07 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində istifadəsində olan Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində yerləşən pambıq sahəsinin kənarında tanışı X3 70 manat pulun müqabilində satmış, qalan külli miqdarda-5289,64 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində yerləşən pambıq sahəsində saxlamış, 07 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində saxlanılaraq həmin kənddə istifadəsində olan pambıq sahəsinə baxış keçirilən zaman sahədən 01 ədəd şüşə balonun içərisində saxladığı 12 ədəd kibrit qutusunda hər biri 3,48 qram, 3,63 qram, 3,19 qram, 3,68 qram, 2,99 qram, 3,44 qram, 3,85 qram, 3,62 qram, 1,45 qram, 3,35 qram, 3,61 qram və 3,35 qram olmaqla ümumi çəkisi 39,64 qram və 1 ədəd sintetik torbada təmiz çəkisi 5250,0 qram, ümumilikdə külli miqdarda-5289,64 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, aşkar olunan narkotik vasitələr ona məxsus olmamışdır. 07 sentyabr 2024-cü il tarixdə saat 2-3 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları gəlib onu götürmüşlər və onda külli miqdarda narkotik vasitə olduğunu demişlər. O, isə polislərə narkotik vasitəsi olmadığını bildirmişdir. Polis əməkdaşları onu sahəyə aparmışlar və sahədə onu 5 nəfər polis əməkdaşı döymüşlər. Ondan narkotik vasitənin yerini soruşmuşlar, o isə narkotik vasitəsi olmadığını bildirmişdir. Polis əməkdaşları ondan Mirağanı tanıyıb-tanımadığını soruşmuşlar, o da Mirağanı tanıdığını demişdir. Polis əməkdaşlarına özündə 50 qram qurudulmuş marixuana (nəşə) olduğunu, başqa narkotik vasitə olmadığını demişdir. Həmin narkotik vasitədən Mirağaya az miqdarda vermiş, Mirağaya narkotik vasitə satmamışdır. Mirağa ağrıdığı üçün ona narkotik vasitə vermişdir. Daha sonra polis əməkdaşları onu polis şöbəsinə aparmışlar, ona atasını da polis şöbəsinə gətirəcəklərini demişlər. Polis əməkdaşları ona narkotik vasitə tərkibli bitkilər əkdiyini, 60 kq narkotik vasitə qurudulmuş marixuananı evlərinə, 60 kq isə sahəyə qoyacaqlarını demişlər. Polis əməkdaşlarına yalvararaq and-aman etmiş, bundan sonra polis əməkdaşları 20 kq narkotik vasitə qurudulmuş marixuana qoyacaqlarını demişlər, sonunda isə polis əməkdaşları 10 kq-a düşmüşlər. Sonra onu sahəyə aparmışlar, sahədə 5 kq bir yerə, 5 kq da digər yerə atmışlar. Polis əməkdaşları onun başına gözünə döyə-döyə çəkiliş etmişlər. Onu döyüb narkotik vasitəni boynuna qoymuşlar. Onda 5 kq narkotik vasitə olmamışdır. Heç kim deyə bilməz ki, kiməsə narkotik vasitə satmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, ayda bir dəfə və ya iki dəfə narkotik vasitədən istifadə etmişdir. Mirağa ağrıdığı üçün ona yalvarmış, buna görə də Mirağaya narkotik vasitə vermişdir. Mirağanın ona 40 manat borcu olmuşdur. Narkotik vasitəni sahədə qoymuşdur, narkotik vasitənin çəkisi təxminən 50 qram olardı. Mirağa tez-tez yanına gəlib-getmiş və onun narkotik vasitə istifadə etdiyini görmüşdür. Mirağa qarpız satmış, Mirağanın qarpız satdığı yerdən sahəyə qədər olan məsafə 200 metr olardı. 50 qram narkotik vasitə qurudulmuş marixuananı sahədə saxlamışdır. Mirağa narkotik vasitə istifadə edəndə onu görmüş və ondan istəmişdir. Saxladığı narkotik vasitə qurudulmuş marixuana paketdə olmuş, yadında deyil ola bilsin kibrit qutusunda da qurudulmuş marixuana olsun. Polis əməkdaşları gəlib onu evdən tutmuşlar, sonra sahəyə aparmışlar. Polis əməkdaşlarına narkotik vasitənin yerini Mirağa demişdir. Polis əməkdaşları 5 kq narkotik vasitə qurudulmuş marixuana gətirib qoymuşlar. Polis əməkdaşları 3 meşok narkotik vasitə qurudulmuş marixuana gətirmiş, ona məxsus olduğunu demişlər. 20 nəfər polis əməkdaşı gəlmişdir. Narkotik vasitəni ora qoyanın adın bilməmiş, əsas Fərid və Röyal iştirak etmişlər. Polis əməkdaşları əvvəlcə onun üzərinə 60 kiloqram narkotik vasitə qoymaq istəmişlər, lakin sonradan üzərinə az miqdarda narkotik vasitə qoymuşlar. Döyülməsi ilə bağlı heç yerə şikayət etməmişdir. İstintaq Təcridxanasına daxil olanda xəsarəti olmasını deməmişdir və döyülməsi ilə bağlı bildirməmiş, lakin həmin vaxtı boğazında xəsarəti olmuşdur. Sonradan boğazına nə olduğu ondan soruşulmuş, o da sahədə işləyən zaman xəsarət aldığını demişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman da döyülməsini deməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmə tərkibindən hökm çıxaran zaman, xəstə atasının onun himayəsində olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, özünü Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilmişdir. Təxminən 6 ildir ki, qurudulmuş marixuanadan istifadə edir. 2024-cü ilin fevral ayınının əvvələrində Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində piyada hərəkət edən zaman yolun kənarından balaca bir sellofan tapmış, ardınca həmin sellofanı yerdən götürüb içərisinə baxdıqda içrəsində sayını dəqiq xatırlamadığı sayda çətənə bitkisinin toxumları olduğunu görüb həmin sellofanı cibinə qoyub evə getmişdir. Ağcabədi rayonu, Şərəfxanlı kəndinə pambıq sahəsi var və hər il orada pambıq əkmişdir. 2024-cü ilin fevral ayında dəqiq xatırlamadığı bir gündə həmin tapdığı çətənə bitkisinin toxumlarını həmin pambıq sahəsinin yaxınlığında yerləşən su arxının yanında əkmiş və daha sonra həmin toxumlara qulluq etməyə başlamışdır. Məqsədi isə əgər gələcəkdə yetişərsə, özü üçün istifadə edəcəkdi. 2024-cü ilin iyun ayının sonlarında həmin əkdiyi 12 ədəd çətənə bitkilərindən 11 ədədi yetişdiyindən həmin kolları çıxarıb qurutmuş, daha sonra həmin ağaclardan qurutduğu narkotik vasitə marixuananı kibrit qutularına və 1 ədəd kisəyə yığmışdır. Həmin içərisində narkotik vasitə olan 14 ədəd kibrit qutusunu 1 ədəd şüşə qabın içərsində qoyub sahəliyin arasında gizlətmişdir. Elə həmin içrəsində narkotik vasitə olan kisəni isə 1 ədəd qalmış, yetişməyən çətənə kolunun yaxınlığında bir yerə qoymuşdur. 07 sentyabr 2024-cü il tarxidə saat 12 radələrində tanışı olan Mirağa ona telefonla zəng edərək onunla görüşmək istədiyini dedikdə sonuncu ilə razılaşıb Şərəfxanlı kəndində sahədə olduğunu bildirmişdir. Bir qədər sonra Mirağa onun yanına gəlib söhbət eləməyə başlamış və söhbət əsnasında Mirağa çox ağrıdığını və özünə narkotik vasitə lazım olduğunu ona dedikdə, əvvəlcə özündə narkotik vasitə olmadığını Mirağaya bildirmiş, lakin bir qədər sonra Mirağanın daha çox ağrıdığını görüb sonuncuya yazığı gəlmiş və Mirağaya həmin yerdə gözləməyini demişdir. Daha sonra sahəliyə girib orada olan şüşə qabın içərisindən 2 ədəd kibrit qutusunu gətirib Mirağaya vermişdir. Ardına Mirağa ilə həmin kibrit qutularını sonuncuya 70 manata verməyə razılaşdıqdan sonra Mirağa cibindən 40 manat pulu çıxarıb ona verərək qalan 30 manatını sonra verəcəyini ona deyib oradan çıxıb getmişdir. Bir qədər sonra təxmini saat 15, 16 radələrində Şərəfxanlı kəndi ərazisində olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb narkotik vasitələrin istifadəsində, satışında və saxlanmasında şübhəli olduğunu bildirib onun iştirakı ilə istifadəsində olan pambıq sahəsinə baxış keçirəcəklərini bildirdikdə polis əməkdaşlarına heç bir etiraz etməmiş və daha sonra baxış başlanılmışdır. Ardınca polis əməkdaşları tərəfindən istifadəsində olan pambıq sahəsində qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığı soruşulduqda həmin sahədə qurudulmuş marixuana və 1 ədəd çətənə kolunun olduğunu bildirmişdir. Bundan sonra əvvəlcə içərisində marixuana olan 12 ədəd kibrit qutusunun olduğu şüşə qabı polis əməkdaşlarına təqdim etmiş və baxış zamanı həmin kibrit qutularının içərisində qurudulmuş marixuana olduğu müəyyən olunmuşdur. Ardında 1 ədəd çətənə kolunun olduğu yerə gedilmiş və orada aqronom tərəfindən həmin kola baxış keçirildikdən sonra həmin kol yerdən kökü ilə birlikdə çıxarılmışdır. Daha sonra həmin sahədə olan içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd kisəni polis əməkdaşlarına təqdim etmiş və həmin kisəyə də baxış keçiriləndən sonra aşkar olunmuş kütlələr, həmçinin 1 ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən qablaşdırılaraq üzəriləri möhürlə möhürlənmiş, ardınca o və digər iştirakçılar tərəfindən üzəriləri imzalanmışdır. Bundan sonra yaşadığ evə baxış keçirlməsi üçün gedilmiş, ardınca yaşadığı evə baxış keçirilməsi hər hansı bir etirazının olub-olmadığı soruşulduqda heç bir etirazının olmadığını bildirmişdir. Ardınca evə baxış keçirilməsi başlanılmış və baxış zamanı yaşadığı evdən qanunla qadan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmiş və RPŞ-də olarkən dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılan zaman, ilkin izahat və fadələrində, polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən, həmçinin polis şöbəsində ona qarşı heç bir hədə-qorxu gəlinmədiyini, hər hansı fiziki və ya psixi zor tətbiq olunmadığını göstərmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə üstünün yoxlanılması və digər istintaq hərəkətləri ilə bağlı aparılmış videoçəkilişlər tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib göstərmişdir ki, aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən qoyulmuş, həmin qurudulmuş marixuana ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən ona qarşı hədələr edildiyi, döyüldüyü, psixi zorakılığa məruz qaldığı üçün o, qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirmişdir. Ona verilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən qoyulması, həmin qurudulmuş marixuananın ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona qarşı hədələr edilməsi, döyülməsi, psixi zorakılığa məruz qalması səbəbindən o, qurudulmuş marixuananın özünə məxsus olduğunu bildirməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində demişdir ki, Ağcabədi rayonu, Şərəfxanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan X2 narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi, saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, qrupun tərkibinə CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4 daxil olmuşdur. Mirağa Süleymanovun yerini müəyyən etmək məqsədi ilə onun yaşadığı küçəyə getdikdən bir qədər sonra Mirağa Süleymanovu yaşadığı kənd ərazisində piyada hərəkət edən gördükdə sonuncuya yaxınlaşmışlar, üzəri yoxlanılan zaman Mirağa Süleymanov üzərində olan tünd-göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Ardınca həmin kibrit qutuları açılaraq baxıldıqda içərilərində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən olunmuş və götürülmüşdür. Mirağa Süleymanov narkotik vasitəyə bənzər kütlələri tanışı olan Bəhruz adlı şəxsdən 70 manat qarşılığında almasını bildirmişdir. Mirağa Süleymanov RPŞ-nə gətirilmişdir. Ağcabədi rayonu, Bilağan kənd sakini Təqsirləndirilən şəxs saxlanılması üçün Ağcabədi rayonu, Şərəfxanlı kəndinə getmişlər və pambıq sahəsinin kənarında Təqsirləndirilən şəxs saxlanılmış, üzəri yoxlanılmış və yoxlama zamanı sonuncunun üzərindən narkotik vasitə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs pambıq sahəsində narkotik vasitə saxladığını bildirmiş və bundan sonra həmin pambıq sahəsinə baxış zamanı bir ədəd şüşə balonun içərisində olan 12 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və götürülmüşdür. Pambıq sahəsindən Təqsirləndirilən şəxs məxsus bir ədəd narkotik tərkibli çətənə bitkisi torpağa əkilmiş vəziyyətdə aşkar olunmuş, ardınca aqronom tərəfindən həmin bitkiyə baxış keçirildikdən sonra olduğu torpaqdan kökü ilə birlikdə çıxarılaraq götürülmüşdür. Baxış zamanı həmin sahədən Təqsirləndirilən şəxs məxsus bir ədəd ağ rəngli sintetik torbada narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuş və həmin kütləyə də baxış keçirildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Bilağan kəndində yerləşən fərdi yaşayış evinə gedilmiş və baxış zamanı sonuncunun yaşadığı evdən qanunla qadağan olunmş əşya və ya predmet aşkar olunmamışdır. Sonra isə Təqsirləndirilən şəxs RPŞ-nə gətirilmiş və RPŞ-də olarkən dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, baxış zamanı aqronom da iştirak etmişdir. Təqsirləndirilən şəxs yalan ifadə vermiş, onun və digər polis əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs döyülməmiş, hədələnməmiş, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişlər. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs özünə məxsus olmuşdur və Təqsirləndirilən şəxs Mirağa Süleymanova narkotik vasitə satmışdır. İş üzrə şahid qismində dindirilmiş, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadələr vermişlər və verilən suallara cavab olaraq bildirmişlər ki, Təqsirləndirilən şəxs döyməmişlər, hədələməmişlər, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol verməmişlər. Aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana Təqsirləndirilən şəxs özünə məxsus olmuşdur və Təqsirləndirilən şəxs Mirağa Süleymanova narkotik vasitə satmışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 08 sentyabr 2024cü il tarixli qərardan görünür ki, Ağcabədi rayonu, Bilağan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs 07 sentyabr 2024-cü il tarixdə saat 12 radələrində Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində yerləşən pambıq sahəsinin kənarında tanışı X3 6,89 qram narkotik vasitə olan qurudulmuş marixuananı 70 manat qarşılığında satması, qalan 5289,64 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istifadəsində olan Ağcabədi rayonu Şərəfxanlı kəndi ərazisində yerləşən pambıq sahəsində saxlaması, keçirilmiş əməliyyat tədbirləri nəticəsində X2 üzərindən 6,89 qram çəkidə və Təqsirləndirilən şəxs məxsus pambıq sahəsindən 5289,64 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktları əsasında toplanmış materiallar üzrə Mirağa Süleymanovun barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs barəsində isə həmin Məcəllənin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmış və istintaq aparılmışdır.(i.v.1-94) -“əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 07 sentyabr 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Mirağa Süleymanov 07 sentyabr 2024-cü il tarixdə saat 13:00 radələrində Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində tərəflərindən saxlanılmış və üstü yoxlanılmışdır. Mirağa Süleymanov əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 02 (iki) bükümdə kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Qurudulmuş marixuanalar elektron tərəzidə çəkilmiş, hər biri 3,61 qram və 3,37 qram olmaqla ümumi təmiz çəkisi 6,98 qram olmuşdur. Mirağa Süleymanov aşkar olunmuş narkotik vasitəni tanışı Ağcabədi rayonu, Biləğan kənd sakini Təqsirləndirilən şəxs 70 manata aldığını bildirmişdir. Aşkar olunmuş 02 ədəd kibrit qutusunda narkotik vasitəyə qurudulmuş marixuanaya oxşar kütlə götürülmüşdür.(i.v.7-9) -“cinayət törətməkdə şübhəli şəxsin tutması haqqında” 07 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Mirağa Süleymanov həmin tarixdə saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.18-19) -“məhkəmə-bioloji ekspertizası”nın 08 sentyabr 2024-cü il tarixli, 18/788 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...X2 üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-3,61 qram, 3,37 qram, ümumi çəkisi-6,98 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.(i.v.36-39) -“əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 07 sentyabr 2024-cü il tarixli protokol və həmin protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Ağcabədi RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Ağcabədi RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid4 iştirakları ilə Məmmədov X5 rayonu Şərəfxanlı kəndi ərazisində pambıq sahəsninin kənarında saxlanılmış, ardınca həmin sahəyə baxış keçirilən zaman 12 ədəd kibrit qutusunda ümumi çəkisi 39,64 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, həmçinin həmin sahədən 1 ədəd narkotik tərkibli çətənə bitkisi və 1 ədəd ağ rəngli sintetik kisədə ümumi çəkisi 5250,0 qram narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunub göğtürülümş və həmin kütlələr qablaşdırılıb götürülmüşdür.(i.v.54-57) -“cinayət törətməkdə şübhəli şəxsin tutması haqqında” 07 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:20-də şübhəli şəxs qismində tutulmuşdur.(i.v.66-67) -“məhkəmə-bioloji ekspertizası”nın 08 sentyabr 2024-cü il tarixli, 18/789 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs pambıq sahəsindən... sözləri yazılmış kağız paketdəki 12 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri- 3,48 qram, 3,63 qram, 3,19 qram, 3,68 qram, 2,99 qram, 3,44 qram, 3,85 qram, 3,62 qram, 1,45 qram, 3,35 qram, 3,61 qram, 3,35 qram, ümumi çəkisi-39,64 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs pambıq sahəsindən...” sözləri yazılmış və imzalar olan 01 ədəd sintetik torbada təmiz çəkisi- 5250,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs pambıq sahəsindən götürülmüş marixuananın ümumi çəkisi- 5289,64 qramdır. Tədqiqata təqdim olunmuş, üzərindəki ağ kağızda, “...Təqsirləndirilən şəxs pambıq sahəsindən...” sözləri yazılmış və imzalar olan 01 ədəd sintetik torbada 01 ədəd yaş vəziyyətdə təmiz çəkisi- 300,0 qram bitki nümunəsi əkib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim olunmuş X2 üzərindən və Təqsirləndirilən şəxs məxsus pambıq sahəsindən götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər.(i.v.89- 93) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, barəsində Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 4(017)-78/2024 nömrəli qərarı ilə 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v.108-109, 131-132) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 09 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Mirağa Süleymanov Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, həmin tarixli qərarla Mirağa Süleymanov barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(i.v.133-134, 147) -“Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” X9 18 oktyabr 2024-cü il tarixli məktubundan görünür ki, PHŞ-in Konsultativ Poliklinika şöbəsində narkoloji və ruhi-əsəb kabinetindən dispanser qeydiyyatda deildir.(i.v.193) -“məhkəmə-psixatrik ekspertizası”nın 18 oktyabr 2024-cü il tarixli, 776 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman hər hanxı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. O, hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin təqibinə ehtiyacı yoxdur.(i.v.198-200) -“cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 22 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Mriağa Süleymanovun üzərində satış məqsədi olmadan saxladığı narkotik vasitə aşkar olunması faktı üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi materialları ayrıca icraata ayrılmış və ********* nömrə altında ibtidai istintaq davam etdirlmişdir.(i.v.207-208) -“əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın yoxlanılması barədə” 29 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasını təmin etmək məqsədi ilə təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə Ağcabədi RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 07 sentyabr 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir.(i.v.210) -“məhkəmə-narkoloji ekspertizası”nın 19 oktyabr 2024-cü il tarixli, 1709 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodk istifadə etmə halları olub. Narkomaniya xəsəliyindən əazb çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür.(i.v.218) -“sübutların qiymətləndirilməsi haqqında” 20 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 5822,99 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və 01 ədəd narkotik tərkibli çətənə bitkisi iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınaraq saxlanılması üçün Ağcabədi RPŞ-nə məsul saxlanca verilmişdir. Təqsirləndirilən şəxs məxsus pambıq sahəsinə, evə baxış keçirilən zaman və RPŞ-də təhqiqatçı tərəfindən həmin aşkar edilmiş kütlələrə baxış zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə əks etdirən 03 (üç) ədəd və telefon məlumatlarının ələ keçirilməsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “DVD” iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur.(i.v.227-239) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən qoyulması, həmin qurudulmuş marixuananın ona məxsus olmaması, polis əməkdaşları tərəfindən ona qarşı hədələr edilməsi, döyülməsi, psixi zorakılığa məruz qalması səbəbindən qurudulmuş marixuananın özünə məxsus olmasını bildirməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Bundan əlavə şəxsin Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a)şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b)şəxs belə hərəkətləri qanunsuz etməlidir; c)narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana narkotik hesab edilir. Siyahılara əsasən qrudulmuş marixuanın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı (təmiz halda qramlarla) xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra-961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başqa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə 6 müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində «miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər» şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində «digər şəxsi maraq» dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda-5296,53 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edərək 6,89 qramını Mirağa Süleymanova 70 manat pulun müqabilində satması, qalan külli miqdarda-5289,64 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı pambıq sahəsində saxlaması, 07 sentyabr 2024-cü il tarixdə saat 19 radələrində Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən Ağcabədi rayonu, Şərəfxanlı kəndi ərazisində saxlanılaraq həmin kənddə istifadəsində olan pambıq sahəsinə baxış zamanı həmin sahədən 01 ədəd şüşə balonun içərisində saxladığı 12 ədəd kibrit qutusunda hər birisi 3,48 qram, 3,63 qram, 3,19 qram, 3,68qram, 2,99 qram, 3,44 qram, 3,85 qram, 3,62 qram, 1,45 qram, 3,35 qram, 3,61 qram və 3,35 qram olmaqla ümumi çəkisi 39,64 qram, həmçinin həmin sahədən 1 ədəd sintetik torbada təmiz çəkisi 5250,0 qram, ümimilikdə külli miqdarda-5289,64 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilib qablaşdırılaraq götürülməsi onun narkotik vasitə qurudulmuş marixuananın satışı ilə məşğul olduğunu və qeyd edilən kütləni satış məqəsi ilə qanunsuz əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs aşkar edilmiş qurudulmuş marixuanaya münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitə qrudulmuş marixuanın satışı ilə məşğul olmaması barədə bildirdikləri iş materiallarına uyğun olmadığından və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilmədiyindən iş üzrə sübut kimi qiymətləndirmir. “X6 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında polis əməkdaşları tərəfindən döyülməsi, hədələrə və psixi zorakılığa məruz qalması ilə bağlı hər-hansı orqana şikayət etmədiyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılan zaman, ilkin izahat və fadələrində, polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən, həmçinin polis şöbəsində ona qarşı heç bir hədə-qorxu gəlinmədiyini, hər hansı fiziki və ya psixi zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Ağcabədi RPŞ-nin əməkdaşları Şahid1, Şahid3 və Şahid2 Təqsirləndirilən şəxs döymədiklərini, hədələmədiklərini, Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkətlərə yol vermədiklərini bildirmişlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Avropa Məhkəməsi “Assenov və Digərləri Bolqarıstana qarşı” və “Selmuni Fransaya qarş” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Eyni zamanda Avropa Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə bağlı aparılmış istintaq hərəkətləri aparılan zaman çəkilmiş vidioçəkilişlərdə sonuncunun bədəni üzərində hər hansı xəsarətin olması müşahidə olunmamışdır. Nə Təqsirləndirilən şəxs nə də müdafiəçisi tərəfindən polis əməkdaşlarının ona qarşı qanunsuz hərəkətlərə yol vermələri və onu döymələri barədə hər hansı bir müraciətləri olmamışdır. Təqsirləndirən şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqında İstintaq Təcridxanasına daxil olanda xəsarəti olmasını demədiyini, döyülməsi ilə bağlı bildirmədiyini, lakin həmin vaxtı boğazında xəsarəti olduğunu, sonradan boğazına nə olduğu ondan soruşulan zaman sahədə işləyən zaman xəsarət aldığını dediyini, barəsində həbs qətimkan tədbiri seçilən zaman da döyülməsini demədiyini bildirmişdir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Mövcud olan halda məhkəmə tərkibi, Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrində polis əməkdaşlarının narkotik vasitə qurudulmuş marixuananı qoyaraq götürmələri, narkotik vasitə satmamasını bildirməsi işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini daha çox inandırıcı hesab edir, onun məhkəmə istintaqı zamanı vediyi ifadələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin narkotik vasitə qurudulmuş marixuana satmaması, ümumiyyətlə narkotik vasitələrin satışı ilə məşğul olmamasına münasibətdə həqiqəti əks etdirməməsi öz təsdiqini tapmış, məhkəmə istintaqında obyektiv həqiqəti özündə ehtiva etməyən ifadə verməklə özünü ağır cinayətə görə məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətlərini yüngülləşdirmək məqsədinə xidmət etmiş, onun ibtidai istintaq zamanı özünə qarşı verdiyi ifadəsi alınan zaman konstitusiya hüquqları və azadlıqları, yaxud Cinayət- Prosessual Məcəlləsinin digər tələblərinin pozulması ilə qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi hallarına yol verilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrinin məhz təzyiqlər nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələrini, müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyindən, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokollar və həmin protokollara əlavə olunmuş videoçəkilişlə, öz izahatı, şübhəli və təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, digər istintaq hərəkəti protokolları, məhkəmə bioloji ekspertizasının rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qurudulmuş marixuananın qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında 5 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v.203) -Ağcabədi İcra Hakimiyyəti Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası Məmməd Məmmədov ilə birlikdə Ağcabədi rayonu, Bilağan kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.179-181) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən cəzasını yüngülləşdirlən hallar müəyyən edilməmiş, lakin məhkəmə tərkibi Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, ilk məhkumluğunu, ailə, maddi və sosial vəziyyətini, ailəsində tək qazanc gətirən şəxs olmasını, yaşlı atasının onun himayəsində olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 07 sentyabr 2024-cü il tarixdən hesablanmalı və Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 4(017)-78/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyinə əsasən Təqsirləndirilən şəxs məcburi müalicəyə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 5288,99 qram təşkil edən qurudulmuş marixuana və ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 299,95 qram təşkil edən 01 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi olan narkotik vasitələr məhv edilməli, Təqsirləndirilən şəxs məxsus pambıq sahəsinə, evinə baxış keçirilən zaman və RPŞ-də təhqiqatçı tərəfindən həmin aşkar edilmiş kütlələrə baxış zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə əks etdirən 3 (üç) ədəd “DVD” disk və telefon məlumatlarının ələ keçirilməsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 07 sentyabr 2024-cü il tarixdən hesablansın. Ağcabədi Rayon Məhkəməsinin 09 sentyabr 2024-cü il tarixli, 4(017)-78/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 5288,99 qram təşkil edən qurudulmuş marixuana və ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 299,95 qram təşkil edən 01 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi olan narkotik vasitələr hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus pambıq sahəsinə, evə baxış keçirilən zaman və RPŞ-də təhqiqatçı tərəfindən həmin aşkar edilmiş kütlələrə baxış zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə əks etdirən 3 (üç) ədəd “DVD” disk və telefon məlumatlarının ələ keçirilməsi ilə bağlı "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar