Məhkəmə qərarları › İş №1(099)-177/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-177/2023

09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-177/2023 09.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Ağayev Elmar Sakit oğlunun katibliyi ilə, dövlət ittihamcısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1978-cı il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Şirvan şəhər Məhkəməsi tərəfindən 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış, məhkumluğu ödənilməmiş, Şirvan şəhəri, 20 Yanvar küçəsi ev 12 A, mənzil 46-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında acıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 2,105 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış və Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının 20 sentyabr 2022-ci il tarixdə, saat 17:30 radələrində keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı Şirvan şəhəri, 20 Yanvar küçəsində yaşadığı evin yaxınlığında hərəkət edən zaman saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı 2,105 qram çəkidə külli miqdar narkotik vasitə heroin əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə axşam saatlarında Şirvan şəhərində yaşadığı evin yaxınlığında 20 Yanvar küçəsində olarkən bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin gəzdirilməsində şübhəli olduğunu bildirmiş və üzərinə baxış keçirilmədən Şirvan şəhər polis şöbəsinə aparmışlar. Şöbədə olarkən polis əməkdaşları ona zor tətbiq etmiş və ona narkotik vasitə heroin verərək videoçəkiliş zamanı narkotikin özünə aid olduğunu deməsini bildirmişlər. Polis əməkdaşlarının hədəsindən qorxduğu üçün məcbur qalıb onlarla razılaşmışdır.Üzərinə axtarış keçirilərkən Ulduzə xanım vəkil qismində iştirak etmişdir. Saxlanılarkən üzərində narkotik olmamış, heç kimə narkotik satmamışdır. Üzərində heç bir xəsarət olmamışdır. Narkotikdən əvvəllər istifadə etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə verdiyi izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələri elan olunmuş, o, həmin izahat və ifadələrində özünü qismən təqsirli bilərək narkotik istifadəçisi olduğunu, 20 sentyabr 2022-ci il tarixdə axşam saatlarında yaşadığı binanın həyətində bir ədəd sellofan bükümdə narkotik vasitə heroin tapdığını, istifadə etmək üçün bükümü şalvarının cibinə qoyduğunu, saat 17 radələrində polis əməkdaşları tərəfindən saxlanıldığını, şöbədə narkotikin ona məxsus olmasını səmimi etiraf edərək polis əməkdaşları tərəfindən ona qarşı qanunsuz hərəkətlərin olmadığını etiraf etmişdir. Məhkəmədə tədqiq edilmiş videoçəkilişdən görünür ki, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı o, şalvarının cibindən bir büküm heroinə bənzər maddəni çıxarıb təqdim edərək bükümün ona məxsus olduğunu etiraf etmiş, saxlanılarkən ona qarşı zor tətbiq olunmadığını göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafedici ifadələri ilə yanaşı, dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmədə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 20 sentyabr 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, saat 17 radələrində Vurğun Şirvan şəhəri, 20 Yanvar küçəsində saxlanılıb şöbəyə aparılmış, üzərinə vəkilin iştirakı ilə videçəkilişlə aparılan şəxsi axtarış zamanı o, əynindəki şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan heroinə bənzər maddəni çıxarıb təqdim edərək ona məxsus olduğunu etiraf etmiş, şifahi sorğu zamanı heroini yaşadığı evin yaxınlığında yerdən tapdığını və üstündə gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu etiraf etmişdir. Sonradan Vurğunun kiməsə narkotik vasitə və ya psixotrop maddə satması öz təsdiqini tapmamışdır. Vurğun saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini şəxsi istifadəsi üçün saxladığını etiraf etdiyini, saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən hər hansı bir zor tətbiq olunmadığını, Vurğunun kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasından məlumatının olmadığını göstərmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2022-ci il tarixli 18/1049 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi – 2,105 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 noyabr 2022-ci il tarixli 7115 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş 20 sentyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan X2 X6 30 sentyabr 2022-ci il tarixli 1002 №-li məktubundan görünür ki, X1 ŞMP-nın “Tiryək narkomaniyası ” diaqnozu ilə narkoloji kabinetdə qeydiyyatdadır İş materiallarında olan əməliyyat tapşırığının cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs konkret olaraq kimə, nə vaxt və hansı şəraitdə psixotrop maddə metamfetamini əldə etməsini, həmçinin kiməsə satmasını müəyyən etmək mümkün olmamışdır. 19 dekabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın 7-ci bəndinə əsasən bir bükümdə ekspertiza tədqiqatından sonra qalıq qalan 2,055 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan ŞPŞ-nın saxlanc anbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində aşkar olunan heroinin ona məxsus olmaması, bükümün üzərinə polis əməkdaşları tərəfindən qoyulması, polis şöbəsində döyüldüyündən izahatında və ifadələrində üzərində aşkar olunan heroinin guya ona məxsus olmasına dair göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, ibtidai araşdırmanın ilk günündən öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istərsə də onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs da özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Eyni zamanda, Vüqar Məmmədov barəsində Şirvan Şəhər Məhkəməsində həbs qətimkan tədbiri seçilərkən o, özünü qismən təqsirli bilərək narkotik vasitələrin satışı ilə məşğul olmadığını, yalnız narkotikdən sitifadə etdiyini etiraf etmişdir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahatı, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Təqsirləndirilən şəxs üzərində aşkar olunan olan heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyulmasıilə bağlı göstərdiyi xüsusat videçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Belə ki, məhkəmədə tədqiq olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şalvarının cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim edir. Həmin videçəkilişdən açıq-aydın görünür ki, həmin narkotik vasitə kənar şəxslər tərəfindən onun üzərinə qoyulmamış, məhz təqsirləndirilən şəxsin özünə məxsus olmuşdur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan heroin narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Dövlət ittihamçısı məhkəməyə vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, işdə həmin narkotikin satış məqsədi ilə əldə edilməsinə dair hər hansı bir sübut növü müəyyən edilməmişdir. Məhkəmə kolle giyası yuxarıda qeyd olunan və iş materiallarında olan digər subutlara əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsinə dair müqayisəli qiymət verərək hesab edir ki, ibtidai istintaq orqan tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmamışdır. Belə ki, CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasına görə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında istifadə etmək məqsədi ilə prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə, daşıma və ya satma cinayət məsuliyyəti yaradır. Şəxsin həmin maddə ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün zəruri şərt onun külli miqdarda psixotrop maddəni satış məqsədi ilə əldə etməsidir. Yəni, şəxsin CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun psixotrop maddənin satış məqsədi ilə əldə etməsi və yaxud qanunsuz olaraq həmin maddəni satması sübuta yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd etmişdir ki, “İctimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız həmin Məcəllədə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin (cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin) bütövlükdə hamısının (həm də eyni vaxt ərzində) mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-nin 3-cü maddəsi)”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilmiş bir bükümdə heronin çəkisi külli miqdar - 2,105 qram təşkil etsə də, iş materiallarında onun həmin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən mötəbər subutlar mövcud deyildir. Belə ki, CM-nin 234.4.3-cü maddəsinə əsasən cinayət məsuliyyəti həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə yaranır. CM-nin 234.2-ci maddəsinə əsasən cinayət məsuliyyətini satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma yaradır. Həmin Məcəllənin 234.1-1-ci maddəsinə görə isə cinayət məsuliyyəti satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cü bəndinin qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə əldə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır”. Aparılan araşdırma ilə müəyyən olunur ki, nə ibtidai istintaq, nə də ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni satış məqsədilə əldə etməsini təsdiq edən qanuni yolla əldə edilmiş hər hansı bir sübut (sübutlar məcmusu) mövcud olmamışdır. Bunun əksinə olaraq iş materiallarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs uzun müddət narkomaniya xəstəliyindən əziyyət çəkmiş, yaşadığı evin yaxınlığında tapdığı bir bükümdə heroini öz istifadəsi üçün əldə etdiyini bildirmiş və saxlanıldığı gündən özünü narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə təqsirli bilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində narkomaniyadan əziyyət çəkməsi, ərazi (Şirvan ŞMP) narkoloji dispanserində qeydiyyatda olması, iş üzrə keçirilmiş məhkəmə-narkoloji ekspertizanın rəyi və Şirvan şəhər X3 Hüquqi Şəxsin xx.xx.2022-ci il tarixli məktubu ilə də təsdiq olunmuşdur. Bu halda narkomaniyadan uzun müddətdir əziyyət çəkən və həmin narkotik vasitələri mütəmadi digər şəxslərdən maddi vəsait hesabına əldə edən şəxsin öz istehlakı üçün lazım olan narkotik vasitəni və ya psixotrop maddəni satmaq niyyətində olması inandırıcı olmayan ehtimaldır. Bundan başqa, iş materiallarında olan Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması ilə bağlı Şirvan ŞPŞ-nın əməliyyat tapşırığının cavabından görünür ki, bunula bağlı müvafiq əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satmasına dair hər hansı bir müsbət nəticə əldə olunmamışdır. Həmçinin, Şirvan ŞPŞ-nin əməkdaşı Şahid1 20 sentyabr 2022-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni yalnız gəzdirməkdə kifayət qədər əsaslar olduğundan həmin gün saat 17.30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satması üçün hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi barədə cinayət işində heç bir məlumat yoxdur. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxsin özünü müdafiə məqsədi ilə irəli sürdüyü, yəni onda aşkar olunmuş 2,105 qram heroini şəxsi istifadəsi üçün əldə etməsinə dair dəlilləri təkzib edən hər hansı sübut mövcud olmadığı halda, həmçinin Təqsirləndirilən şəxs heroini satış məqsədilə əldə etməsini, bu məqsədlə hər hansı şəxslə danışıqlar aparmasını, alıcı ilə əlbir olmasını, psixotrop maddəni və ya narkotik vasitələri satmaqda şübhəli olması ilə əlaqədar əməliyyat məlumatlarının mövcudluğunu və sair zəruri halları sübuta yetirən mötəbər dəlillər olmadan ibtidai araşdırma orqanı əsassız olaraq onun satış məqsədi ilə qanunsuz olaraq 2,105 qram heroini əldə etməsi, saxlaması və daşıması qənaətinə gələrək ona qarşı CM-nin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən ittihamın əsası kimi yalnız ona istinad etmişdir ki, aşkar olunmuş heroinin çəkisi külli miqdarda olmuşdur. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsinə əsasən, şəxsin təsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-nin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-nin 21.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsindən çıxış edərək təqsirləndirilən (və ya şübhəli) şəxsi öz təqsirsizliyini sübut etmək vəzifəsindən azad edir. Qüvvədə olan cinayət prosessual qanunvericiliklə cinayət təqibi ilə bağlı icraatda sübut etmə yükü ittiham tərəfinin üzərinə qoyulmuşdur. İttiaham tərəfi nəinki təqsirləndirilən şəxsi ifşa edən sübutlar və dəlillər toplayraq məhkəməyə təqdim etməli, həm də müdafiə tərəfinin (təqsirləndirilən və ya şübhəli şəxsin, müdafiəçinin, mülki cavabehin) müdafiə üçün irəli sürdüyü sübutları və dəlilləri də təkzib etməlidir. Müdafiə üçün irəli sürülmüş sübut və dəlillər ittiham tərəfindən tutarlı dəlillərlə təkzib edilməzsə, sübuta yetirilmiş hesab edilir. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsində də oxşar norma nəzərdə tutulmuş və qeyd olunmuşdur ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrində təsbit edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs aşkar olunmuş 2,105 qram heroinin külli miqdarda olmasına görə şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair gəldiyi qənaəti ilə bağlı qeyd edir ki, həmin maddənin çəkisinin külli miqdar təşkil etməsi onun satış məqsədi ilə əldə etməsinə şübhələr yaratsa da, iş materiallarında təqsirləndirilən şəxsin heroini satış məqsədi ilə əldə etməsinə dair əsaslı və mötəbər subutlar müəyyən edilmədiyindən ibtidai istintaq oraqının bu barədə gəldiyi nəticəni əsassız hesab edir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması, onun tərəfindən həmin cinayətin törədilməsi barədə ittihamın sübut olunmasında əsaslı şübhələr mövcuddur, həmin şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün deyil, ittiham tərəfi həmin halı təsdiq edən hər hansı bir mötəbər sübuta istinad edə bilməmiş, iş materiallarında da belə sübut yoxdur və təqsirləndirilən şəxsə CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham konkret və mötəbər sübutlarla deyil, mülahizələrlə əsaslandırıldığından onun əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə, yəni satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə və saxlama kimi tövsif edilməli, onun əməli sonuncu maddə ilə ixtisaslaşdırılmaqla həmin maddə ilə cəza təyin olunmalıdır. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə vəictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinin məzmununa görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndində tövsiyyə olunmuşdur ki, “hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır”. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Şirvan şəhər Məhkəməsi tərəfindən 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iki il keçmədən qəsdən ağır cinayət əməlini törətdiyinə görə onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələblərinə görə cinayətlərin resdivini yaradır. 20 sentyabr 2022-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 22 sentyabr 2022-ci il tarixdə CM-in 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Şirvan Şəhər Məhkəməsinin 22 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün, habelə barəsində həmin Məcəllənin 62 və 70-ci maddələrinin tətbiq edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.1-1-ci maddənin sanksiyasında üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə hallara gəldikdə isə məhkəmə belə nəticəyə cəlir ki, o, əvvəllər qəsdən cinayət töərtdiyinə görə məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunu arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının son həddi – 8 ilin yarısından, yəni 4 ildən az ola bilməz. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 20 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun Şirvan ŞMP-nın narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olub Şirvan ŞPŞ-nın maddi sübutların saxlanc otağında saxlanılan 2,055 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə təyin edilməsi üçün əsaslar yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 20 sentyabr 2022-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın.alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutların saxlanma otağına təhvil verilmiş 2,055 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən- Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar