Məhkəmə qərarları › İş №1(099)-179/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-179/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-179/2022 10.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxxx 1982-ci ildə Astara rayonunun Ərçivan qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-6626,606 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlayıb, daşıyaraq yaşadığı Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən evinə aparmış, bundan sonra o, realizə etmək məqsədi ilə həmin narkotik vasitəni üç hissəyə bölüb, onların bir hissəsi-3,387 qram və 3,219 qramı iki ədəd kibrit qutusuna qablaşdırıb üzərində, qalan hissəsini-6620,0 qramını bir ədəd sellofan torbada yaşadığı evin həyətindəki toyuq hininin damında gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 21 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Astara rayonunun Ərçivan qəsəbəsində küçədə olarkən saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda 3,387 qram və 3,219 qram olmaqla cəmi 6,606 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, habelə əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən evinə və həyətinə baxış zamanı həyətdəki toyuq hininin damından bir ədəd sellofan torbanın içərisində 6620,0 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib (özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyib, CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib) ifadəsində göstərmişdir ki, o, evli olsa da, ailəsindən ayrı, Astara rayonunun Ərçivan qəsəbəsində atasına məxsus evin həyətdə olan yarımtikilidə tək yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmiş, fəhləliklə məşğul olmuşdur. Xeyli müddətdir ki, narkotik vasitələrdən istifadə etməyə başlamış, əsasən də “nəşə”dən (qurudulmuş marixuanadan) istifadə etmişdir. 2021-ci ilin avqust ayında yaşadığı Ərçivan qəsəbəsində çay qırağında dəmir materialından olan əşyaları toplayarkən böyürtkən kollarının arasında dörd ədəd çətənə kolu bitdiyini görmüşdür. Sonra kisə gətirib həmin çətənə kollarını kisəyə büküb evinə aparmış, evdə onları qurudub (qurudulmuş marixuananı) sellofan torbaya yığıb həyətindəki toyuq hini kimi istifadə etdiyi tikilinin damında gizlətmişdir. Həmin vaxtdan başlayaraq hər gün sellofan torbadakı hazır marixuanadan bir az götürüb kibrit qutusuna yığıb sonra istifadə etmişdir. Həmçinin istifadəsi üçün daim üzərində kibrit qutusunda marixuana saxlamışdır. 21 sentyabr 2021-ci il tarixdə, axşam saatlarında yaşadığı Ərçivan qəsəbəsində küçədə olarkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində narkotik maddə saxlamaqda şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Polis şöbəsinə aparılarkən üzərində iki ədəd kibrit qutusunda marixuana olmuş, həmin vaxt qutuları cibindən çıxarıb kənara ata bilməmişdir. Polis şöbəsində vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmış, axtarış zamanı özü əynindəki şalvarın cibindən iki ədəd kibrit qutusunu çıxarıb polislərə təqdim edib qutuların içərisində marixuana (qurudulmuş marixuana) olduğunu bildirmişdir. Şifahi sorğu zamanı o, həmin marixuananı bir müddət əvvəl yaşadığı qəsəbədə çay kənarında olan kolluqda gördüyü çənətə kolundan toplayıb qurudub hazırladığını, bir hissəsinin də yaşadığı evdə olduğunu bildirmişdir. Üzərində aşkar olunmuş marixuana polis əməkdaşları tərəfindən qabşlaşdırılıb götürülmüşdür. Bundan sonra polis əməkdaşları tərəfindən özünün və vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə həyətinə baxış keçirilmişdir. Baxış zamanı o, yaşadığı tikilinin sol tərəfində olan toyuq hini kimi istifadə olunan tikilinin damında gizlətdiyi bir ədəd sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim edib torbanın içəriəsində “nəşə” (qurudulmuş marixuana) olduğunu bildirmişdir. Aşkar olunmuş marixuana kütləsi polis əməkdaşları tərəfindən qabşlaşdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır. Üzərində və yaşadığı həyətdən aşkar olunmuş marixuana kütlələri özünə məxsusdur, həmin marixuananı özünün şəxsi istifadəsi üçün üzərində və yaşadığı həyətdə saxlamışdır. O, narkotiklərdən istifadə etsə də, narkotik maddələrin satışı ilə məşğul olmamışdır. Özünün şəxsi istifadəsi üçün narkotik maddə əldə edib saxladığına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Astara RPŞ-nin əməkdaşıdır. 21 sentyabr 2021-ci il tarixdə Astara rayonunun Ərçivan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində və yaşadığı evində saxlaması, daşınması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbiri keçirilmişdir. Belə ki, həmin gün, axşam saatlarında Təqsirləndirilən şəxs Ərçivan qəsəbəsində küçədə saxlanılıb üzərində narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində müstəntiq Ülvi Yüsübzadə tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən iki ədəd kibrit qutusu çıxarıb təqdim edib qutuların içərisində marixuana olduğunu, özünün istifadəsi üçün üzərində saxladığını bildirmiş, həm də yaşıdığı evin həyətində də marixuana gizlətdiyini etiraf etmişdir. Təqdim olunmuş kibrit qutuların içərisində quru halda marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar olunmuş kütlələr müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Bundan sonra müstəntiq Ülvi Yüsübzadə tərəfindən müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həyətində olan tikiliyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində olan toyuq hininin damından bir ədəd sellofan torbanı çıxarıb təqdim edib həmin torbanın içərisində marixuana olduğunu, bir ay əvvəl kənd ərazisində çay kənarında böyürtkən kollarının arasında çətənə kolu tapdığını, həmin kolları qurudub marixuana hazırladığını və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Təqdim olunan torbanın içərisində qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlə müstəntiq tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Astara RPŞ-nin əməkdaşının 21 sentyabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində və yaşadığı evində saxlaması, daşınması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 21 sentyabr 2021-ci il tarixdə, saat 16 radələrində Astara rayonunun Ərçivan qəsəbəsində, küçədə saxlanılıb Astara RPŞ-nə aparılmışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 21 sentyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə saat 17 radələrində Astara RPŞ-də müstəntiq Ülvi Yüsübzadə tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən iki ədəd kibrit qutusu çıxarıb təqdim edib qutuların içərisində qurudulmuş marixuana olduğunu, yaşadığı kəndin ərazisində çay qırağında dəmir yığan zaman kollarının arasında dörd ədəd çətənə ağacı tapdığını və ağacları evinə gətirib qurudaraq marixuana hazırladığını bildirmişdir. Təqdim olunmuş kibrit qutuların içərisində yaşıl rəngli, quru halda qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar olunmuş kütlələr qablaşdırılıb götürülmüş və şəxsi axtarışının aparılmasına dair videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış və götürmə keçirilməsi haqqında” 21 sentyabr 2021-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə saat 18-19 radələrində müstəntiq Ülvi Yüsübzadə tərəfindən müdafiəçinin və Təqsirləndirilən şəxs iştirakı ilə, həm də videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı Astara rayonunun Ərçivan qəsəbəsində yerləşən fərdi yaşayış evinə və həyətində olan tikiliyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin sol tərəfində, toyuq hini kimi istifadə olunan tikilinin damında gizlədilmiş bir ədəd göy rəngli sellofan torbanı çıxarıb təqdim edib həmin torbanın içərisində qurudulmuş marixuana olduğunu, bir ay əvvəl kənd ərazisində çay kənarında böyürtkən kollarının arasında dörd ədəd çətənə ağacı tapdığını və həmin ağacları evinə gətirib doğrayıb qurudaraq həmin marixuana kütləsini hazırladığını və qurudulmuş marixuananı yalnız özünün istifadəsi üçün saxladığını bildirmişdir. Təqdim olunan torbanın içərisində quru halda olan kəskin spesifik qoxuya malik ələnmiş ot kütləsi-qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş kütlə qablaşdırılıb götürülmüş və baxış aparılmasına dair videoçəkliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 22 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri- 3,387 qram, 3,219 qram və ümumi təmiz çəkisi-6,606 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim edibmiş üzərində “Astara rayon Ərcivan qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı fərdi-yaşayış evinin həyətindəki tikilidən aşkar edilmiş 01 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 1 ədəd bükümdə təmiz çəkisi-6620,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərilərində “... Təqsirləndirilən şəxs ...” və “Astara rayon Ərcivan qəsəbə sakini Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətindəki tikilidən aşkar edilmiş 01 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki və bir ədəd bağlamadakı marixuanalar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qurudulmuş marixuana 6626,546 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 09 və 19 oktyabr 2021-ci il tarixli qərarlarla müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 6626,546 qram narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Həmin maddi sübut saxlanılması üçün Astara RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə istintaq hərəkətlərinin aparılmasına dair videoçəkilişin yazıldığı 2 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 23 sentyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır və ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilməsi haqqında” 13 dekabr 2021-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə mənbəyi barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (yəni üzərindən və yaşadığı evin həyətindəki toyun hininin damında aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə deyil, özünün şəxsi istifadəsi üçün üzərində və yaşadığı evdə saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərindən və yaşadığı evin həyətindəki toyun hininin damında aşkar olunmuş narkotik vasitəni satmaq niyyəti ilə deyil, özünün şəxsi istifadəsi üçün üzərində və yaşadığı evdə saxlaması, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları «Qurudulmuş marixuana» olan maddə narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 6626,606 qram (6 kq 626,606 qram) narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Həmçinin Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdarda qurudulmuş marixuananın bir hissəsini üzərində, daha çox hissəsini isə yaşadığı evdə gizlədib saxlaması məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşaması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edilir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Astara RayonMəhkəməsinin 23 sentyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-21 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və məhkəmə hökmünün surəti ilə müəyyən olunur ki, Astara Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə təqsili bilinib 06 ay müddətə islah işləri cəzasına məhkum edilmiş, Astara Rayon Məhkəməsinin 29 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məlləsində dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiq edilərək təyin edilmiş cəzadan azad edilmiş və qeydiyyatdan çıxarılmışdır. İşdə olan, Astara rayon İHB-nın Ərçivan qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 30 dekabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Astara rayonunun Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə mənfi (narkotik maddələrə meyilli şəxs olmaqla nümayəndəliyə onun barəsində dəfələrlə neqativ məlumatlar daxil olmuşdur) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmış cəmi 6626,546 qram (6 kq 626,546 qram) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarış və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 21 sentyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan ayrı-ayrı qablaşdırılmış cəmi 6626,546 qram (6 kq 626,546 qram) narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarış və baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkilişin yazıldığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Oruc Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar