Məhkəmə qərarları › İş №1(099)-179/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-179/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-179/2025 15.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Cəlilabad rayonu, Sərhədabad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olmuş, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2 və 234.4-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən isttifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq xüsusi ilə külli və külli miqdarda narkotik vasitələr və külli miqdarda psixotrop maddələr əldə edilməsi, saxlanması və daşınması barədə İran İslam Respublikası vətəndaşı olması güman edilən “Məhəmməd” adı ilə tanıdığı şəxslə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, sonuncu tərəfindən Cəlilabad şəhəri, S.Vurğun küçəsinin yaxınlığında yerləşən sahibsiz yarımçıq tikilinin içərisində yerləşdirildiyi sözü gedən qanunsuz maddələri götürmək məqsədilə 14 sentyabr 2024-cü il tarixdə, saat 23 radələrində Cəlilabad şəhəri, S.Vurğun küçəsinin yaxılığında yerləşən sahibsiz yarımçıq tikilinin yaxınlığına gələrək tikiliyə daxil olub, orada yerləşdirilmiş həmin narkotik vasitə və psixotrop maddələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşımış, artıq 15 sentyabr 2024-cü il tarixdə saat 00 radələrində Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 00:50-də Cəlilabad şəhəri, S.Vurğun küçəsinin yaxınlığında saxlanılaraq üstü yoxlanılmış və çiynində olan bağlamanın içərisindən 7 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1610.0 qram, 1730.0 qram, 2115.0 qram, 1830.0 qram, 1705.0 qram, 2010.0 qram, 2020.0 qram olmaqla külli miqdarda, ümumi təmiz çəkisi 13020.0 qram olan tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -1475.0 qram, -1745.0 qram olmaqla xüsusilə külli miqdarda, ümumi təmiz çəkisi 3220.0 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 58.033 qram olan ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamin və həblərin təsiredici maddəsinin ümumi miqdarı 4.0 qram olan külli miqdarda 10 ədəd konvalyutda ümumi sayı 100 ədəd qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanımadığı iranlı ilə öz istifadəsi üçün 100 qram narkotik vasitə nəşə (qurudulmuş marixuana) götürülməsi ilə bağlı razılaşmış. 14 sentyabr 2024-cü il tarixdə, saat 23 radələrində iranlının narkotik vasitəni gizlətdiyi Cəlilabad şəhəri, S.Vurğun küçəsinin yaxılığında yerləşən yarımçıq tikilinin yaxınlığına getmiş, lakin narkotik vasitəsini götürmədən polis əməkdaşları onu tutmuşlar. Polis şöbəsində onun üzərinə bağlama qoyaraq ona təziqlər göstərmişlər, o da məcbur qalaraq bağlamanın ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, tutulmazdan təxminən bir il əvvəl istifadəsində olan Whatsapp vasitəsi ilə Məhəmməd adlı İran vətəndaşı ilə tanış olmuş, Məhəmməd ona təklif etmiş ki, İrandan Azərbaycana narkotik vasitə göndərsin, o, isə burada həmin narkotik vasitələri aparıb onun dediyi yerə qoysun və bunun müqabilində Məhəmməd ona 1000 manat pul göndərsin. Onun bu təkilifini qəbul etməmişdir. Lakin sonradan 100 manat müqabilində Məhəmməddən 10 qram marixuana almışdır. 14 sentyabr 2024-cü il tarixdə, səhər saatlarında Məhəmməd səsli mesaj göndərərək Cəlilabad rayonunda olan narkotik vasitələri Bakı şəhərində Xırdalan qəsəbəsinə aparmağını istəmiş və bunun müqabilində ona 1000 manat pul verəcəyini demişdir. Oğlunun müalicəsi üçün pul lazım olmuşdur. Bu səbəbdən də, o razılaşmışdır. Həmin gün saat 23 radələrində Məhəmməd Whatsapp vasitəsilə həmin narkotik vasitələrin gizlədildiyi yerin məkan məlumatlarını və şəkillərini göndərmişdir. Bundan sonra evdən o, yol maşını ilə Cəlilabad rayonunda axra yol deyilən əraziyə gəlmişdir. Telefonunda narkotik vasitələrin gizlədildiyi yerin məkan məlumatlarına baxıb piyada həmin əraziyə doğru getməyə başlamışdır. Həmin əraziyə çatdıqda narkotik vasitələrin gizlədildiyi yarımçıq tikiliyə daxil olmuşdur. Məhəmmədin ona göndərdiyi bağlamanı oradan götürüb avtomobil yoluna doğru getməyə başlamışdır ki, bir avtomobil tapıb Bakı şəhərinə getsin. Yola çatmağına az bir məsafə qalmış polis əməkdaşları onu saxlamışlar. Bundan sonra videoçəkiliş aparılmaqla üzərində yoxlama aparılmağa başlanmışdır. Çiynində olan bağlamanı təqdim etmiş və həmin bağlama açılaraq içərisinə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Həmin bağlamadan 2 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin, 7 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana və 10 ədəd listdə metadon həbləri aşkar olunmuşdur. Aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, “şəxsi istifadəsi üçün 100 qram qurudulmuş marixuana sifariş verməsi, həmin narkotik vasitəsini qoyulduğu yerə getdiyini, lakin narkotik vasitəsini götürmədən polis əməkdaşları tərəfindən tutulması, onun üzərinə bağlama qoyularaq ona təziqlər edilməsi, bu səbəbdən bağlamanın ona məxsus olmasını bildirməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünün müdafiə xarakteri daşıyır. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində göstərdiyi sözü gedən xüsusatları onun cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunan xüsusatları işin faktiki hallarına uyğun olduğunu hesab edərək sübut kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad Rayon Polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Cəlilabad rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, bununla bağlı əməliyyat qurupu yaradılmışdır. xx.xx.2024-cü il tarixdə, saat 00:00 radələrində Təqsirləndirilən şəxs Cəlilabad şəhəri, S.Vurğun küçəsində yerləşən sahibsiz tikilinin yaxınlığında əməliyyat müşahidəsinə götürülmüşdür. Təqsirləndirilən şəxs həmin sahibsiz tikiliyə daxil olub bir neçə dəqiqə sonra oradan çiynində bir ədəd bağlama ilə çıxıb tikilinin qarşısında dayanmışdır. Təqribən 30-40 dəqiqə sonra Təqsirləndirilən şəxs həmin sahibsiz tikilinin yerləşdiyi boş ərazidən çiynində 1 ədəd bağlama ilə asvalt yola doğru hərəkət etməyə başlamışdır. Asfalt yola çatmağına bir qədər qalmış dərhal ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona Cəlilabad rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib həmin ərazidə üstündə videoçəkiliş aparılmaqla yoxlama aparacaqlarını bildiriblər. Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparılmaqla yolxama aparılmağa başlanılmışdır. Təqsirləndirilən şəxs çiynində asdığı bağlamaya baxış keçirilmiş, bağlama açılmış və bağlamadan skoçla bükülümüş bükülülər aşkar olunmuş, həmin bükülülərdən 7 ədədinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 2 ədədinin içərisində narkotik vasitə heroinə bənzər maddə, 1 ədədinin içərisində psixotrop maddə metamfetaminə bənzər maddə və 10 ədəd listdə metadona bənzər həblər olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmiş, şöbədə videoçəkilişlə və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, bağlamadan aşkar olunmuş 7 ədəd bükülüdə narkotik vasitə marixuanaya bənzər kütlə, 2 ədəd bükülüdə narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 10 ədəd listdə narkotik vasitə metadon həblərinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitə və psixotrop maddələr ayrıayrılıqda elektron tərəzidə çəkilərək qablaşdırılmışdır. Şahid qismində dindirilmiş Sabirabad rayon polis şöbəsinin əməkdşları Şahid2, Şahid4 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki kimyəvi və bioloji ekspertizasının 15 sentyabr 2024-cü il tarixli 19/660 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd kisədəki, 2 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: -1475.0 qr; -1745.0 qram olmaqla ümumi təmiz çəkisi: -3220.0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi: -58.033 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir; 7 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: -1610.0 qr; -1730.0 qr; - 2115.0 qr; -1830.0 qr; -1705.0 qr; -2010.0 qr; -2020.0 qram: -ümumi təmiz çəkisi: -13020.0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 10 ədəd konvalyutda ümumi sayı 100 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadon həbləridir, xarici görünüşlərinə və təsir edici maddəsinin miqdarına görə birbiriləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı: -4.0 qramdır (Üzərində olan göstəriciyə əsasən bir həbdə 0.04 qr). Qeyd:-heroinin ümumi təmiz çəkisi-3220.0 qr., cəmi tədqiqata sərf edildi-0.2 qr., (hər.ob-0.1qr)., qalıq-3219.8qr.(1-2№-li ob.) metamfetaminin təmiz çəkisi-58.033 qr., tədqiqata sərf edildi-0.1 qr., qalıq-57.933 qr.(3№-li ob.). marixuananın ümumi təmiz çəkisi-13020.0 qr., cəmi tədqiqata sərf edildi-0.7 qr. (hər.ob-0.1qr)., qalıq-13019.3 qr.(4-10№-li ob.). metadon həb-100 ədəd, cəmi tədqiqata sərf edildi-10 ədəd, qalıq-90 ədəd. (11-110№-li ob.) Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil edır. İş materiallarında olan 19 sentyabr 2024-cü il tarixli 710 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin təqdim etdiyi 223480 nömrəli arayışa əsasən İİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstəriş vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 26 oktyabr 2024-cü il tarixli 3123 saylı ambulator məhkəmə psixitarik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxsda törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulmasl əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və s. psixi xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs barəsində tibb xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları norma daxilindədir. İnadkarlıq, nümayişkaranəlik, emosionallıq kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan 15 sentyabr 2024-cü il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və götürmə haqqında» protokoldan və videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs çiynində olan narıncı rəngli kisənin içərisindən 7 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 2 ədəd bükülüdə narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 10 ədəd listdə narkotik vasitə metadon həblərinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 15 sentyabr 2024-cü il tarixli «təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə» haqqında protokoldan videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin qablaşdırıldığı ağ rəngli bağlamadan 7 ədəd bükülüdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə, 2 ədəd bükülüdə narkotik vasitə heroinə bənzər kütlə, 1 ədəd bükülüdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 10 ədəd listdə narkotik vasitə metadon həblərinə bənzər kütlə aşkar edilmiş, həmin kütlələrə baxış keçirilmiş və ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmışdır. İş materiallarında olan 27 sentyabr 2024-cü il tarixli “Telefon məlumatlarına baxış keçirilməsi” haqqında protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş Samsung A20S markalı mobil telefon quraşdırılmış Whatsapp tətbiqi vasitəsilə +98-***-***-**-** saylı İran İslam Respublikası məxsus prefiks ilə olan nömrə ilə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitələrin əldə edilməsi və daşınması haqqında söhbət aparılmışdır. İş materiallarında olan 15 sentyabr 2024-cü il tarixli «şübhəli şəxs qismində tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 16 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” olunmasının əvvəli 15 sentyabr 2024-cü il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Vəkilov X4 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycane Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib 2 il 8 ay, 3 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona 2 il sınaq müddəti tətbiq edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu yoxdur. İş materiallarında olan 16 sentyabr 2024-cü il tarixli «maddi sübut qismində tanınma haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 3219,8 qram narkotik vasitə heroin, 57,933 qram psixotrop maddə metamfetamin, 13019,3 qram narkotik vasitə qurudulmu marixuanna və 90 ədəd metadon həbləri, şəxsi axtarış və baxış keçirilməsinə dair 2 ədəd DVD diskdə olan videogörüntü maddi sübut kimi tanınmış, 2 ədəd DVD disk iş materiallarına əlavə olunmuş, narkotik vasitələri saxlanılması üçün Cəlibalab RPŞ-nin saxlanc anbarına verilmişdir. İş materiallarında olan 27 sentyabr 2024-cü il tarixli «maddi sübut qismində tanınma haqqında» qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung A20S” markalı mobil telefon maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-nin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs ətrafında aparılan əməliyyat axtarış tədbirləri qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan Cəlilabad rayon Sərhədabad kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 sentyabr 2024-cü il tarixli arayışdan, xasiyyətnamədən görünür ki, Vəkilov X2 rayon Sərhədabad kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2016-cı il təvəllüdlü Vəkilov Hakim Cahid oğlu, xx.xx.2019-cu il təvəllüdlü Vəkilova Yağmur Cahid qızı və xx.xx.2023-cü il təvəllüdlü Vəkilov Uğur Cahid oğlu adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamış yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş 13 yanvar 2017-ci il tarixli 223480 nömrəli vəsiqənin surətindən və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2016-cı il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs İİ tərəcəli əlildir. Məhkəmə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamdan CM-nin 32.5,206.3.2-ci maddəsindən imtina etdiyinə görə məhkəmə tərəfindən həmin hissədə cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edilmiş və cinayət təqibi CM-nin 234.4-1-ci maddəlsi ilə davam etdirilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4-1-ci maddəsi ilə düzgün ittiham verilmişdir. Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs İİ qrup əlil olması, əməlini qismən etiraf etməsi, yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.4-1-ci maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddə üzrə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi xəstəliyi aşkar olunur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispenserdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Cəlilabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3219,8 qram narkotik vasitə heroin, 57,933 qram psixotrop maddə metamfetamin, 13019,3 qram narkotik vasitə qurudulmu marixuanna və 90 ədəd metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Samsung A20S” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və baxış keçirilməsinə dair videogörüntünü özündə əks etdirən 2 ədəd DVD disk cinayət təqibi üzrə materialların saxlama müddətində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə iş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 15 sentyabr 2024-cü il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 sentyabr 2024-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə 120 (yüz iyirmi) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Cəlilabadl Rayon Polis Şöbsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 3219.8 qram narkotik vasitə heroin, 57.933 qram psixotrop maddə metamfetamin, 13019.3 qram qurudulmuş marixuana və 90 ədəd metadon həbləri məhv edilsin. -İş materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə aparılmasına dair 2 ədəd DVD disk cinayət təqibi üzrə materialların saxlama müddətində işlə saxlanılsın. Cəlilabadl Rayon Polis Şöbsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş “Samsung A20S” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Aqil Nuriyev Ayşən Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar