Məhkəmə qərarları › İş №1(099)-181/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-181/2022

02.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-181/2022 02.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müvafiq olaraq onların müdafiəçiləri olan Lənkəran rayon Vəkil Bürosunun vəkilləri – Müdafiəçi5 və Müdafiəçi4 iştirakları ilə, xx xxxx 1956-cı il tarixdə Masallı rayonu, Mollaoba kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, İİ qrup əlil, orta təhsilli, evli, işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsində həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə, 03 avqust 1971-ci il tarixdə Astara şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq ayrı-ayrılıqda bir ədəd bükümdə, müvafiq olaraq təmiz çəkiləri 26,423 qram və 3,812 qram, yəni külli miqdar təşkil edən narkotik vasitə olan heroin (bundan sonra - heroin) və psixotrop maddə olan metamfetamini (bundan sonra - metamfetamin) əldə etmiş, üzərində ünvan 1 ünvanında yerləşən yaşadığı evə (bundan sonra – yaşadığı ev) daşımış, orada saxlamış, həmin heroini ayrı-ayrılıqda təmiz çəkiləri 0,182 qram, 0,468 qram, 0,483 qram, 0,828 qram, 0,853 qram, 1,201 qram, 1,386 qram və 21,002 qram olmaqla səkkiz ədəd bükümlərə böldükdən, quru halda təmiz çəkisi 0,02 qram təşkil edən hissəsini isə bir ədəd şprisə maye halında çəkdikdən sonra 22 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində heroinin bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram təşkil edən hissəsini yaşadığı evin həyətində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq müəyyən məbləğdə pula satmış, qalan bükümlərdə və bir ədəd şprisdə olan hissələrini, həmçinin göstərilən metamfetamini satış məqsədi ilə qanunsuz olaraq yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs1 22 sentyabr 2021-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı evin həyətində satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdar təşkil edən heroini müəyyən məbləğdə pula almaqla əldə etmiş, üzərində saxlamışdır. 23 sentyabr 2021-ci il tarixdə Astara Rayon Polis Şöbəsinin (bundan sonra – Astara RPŞ) əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilərkən təmiz çəkisi 0,182 qram təşkil edən heroin sonuncunun əynində olmuş şalvarın sağ yan cibindən, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilərkən üç ədəd bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 0,468 qram, 0,483 qram və 0,853 qram təşkil edən heroinlər evin mətbəxindəki masanın üzərində olmuş külqabıdan, hər biri bir ədəd bükümdə olmaqla, təmiz çəkiləri müvafiq olaraq 21,002 qram və 3,812 qram təşkil edən heroin və metamfetamin evin hamamının döşəməsi üzərindən, üç ədəd bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,828 qram, 1,201 qram və 1,386 qram təşkil edən heroinlər evin qonaq otağındakı divanın üzərində olmuş döşəyin altından, bir ədəd şprisə maye halında çəkilmiş, quru halda təmiz çəkisi 0,02 qram təşkil edən heroin isə üzərində heroin izləri olan bir ədəd elektron tərəzi ilə birlikdə evin qabaq otağındakı masanın üzərindən aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilərək göstərmişdir ki, əvvəllər heroin və metamfetamindən istifadə etmiş, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. 22 sentyabr 2021-ci il tarixdə axşam saatlarında Astara şəhərində avtomobilini idarə edərkən əvvəllər tanıdığı, mehriban münasibətdə olduğu Təqsirləndirilən şəxs1 (bundan sonra - Təbriz) oğlunu görüb avtomobilinə götürmüş, sonuncudan kafeyə sifariş verdiyi kababı onun əvəzindən götürməsini xahiş etmişdir. Kafenin qarşısında olanda Təbriz onun sifariş verdiyi kababı götürmək üçün avtomobilindən düşmüş, sonra o, avtomobilini Astara şəhərində idarə etməkdə davam etdirmişdir. Kafeyə tərəf qayıdanda ona Təbrizin kababı götürüb getdiyi deyilmiş, buna görə də avtomobilini yaşadığı ev istiqamətində idarə etmişdir. Təbrizin piyada getdiyini görüb avtomobilinə götürmüş, həmin vaxt avtomobilindən arxada iki ədəd polis avtomobilinin dayandığını görmüşdür. İdarə etdiyi avtomobildə Təbrizlə birlikdə özünün yaşadığı evin həyətinə girmişlər. Təbrizə əvvəllər də istifadə etməsi üçün narkotik vasitəni pay kimi verdiyinə görə sonuncu ondan istifadə etməsi üçün narkotik vasitə istəmişdir. Özü yaşadığı evə girmiş, Təbriz isə həyətdə gözləmişdir. Evində saxladığı heroindən birdəfəlik şəxsi istifadə miqdarında götürüb Təbrizə pay kimi vermişdir. Həmin vaxt sonuncu ona heroinə görə deyil, əvvəllər borclu qaldığı 24 manat məbləğində pula görə 5 manat məbləğində pul vermişdir. Buna görə də Təbrizə heroini satmamışdır. Sonuncu getdikdən sonra polis əməkdaşları yaşadığı evin həyətinə daxil olmuş, yaşadığı evə baxış keçirmişlər. Bu zaman evinin qonaq otağında stolun üzərində ona məxsus 20 qram heroin, 0,5 qram metamfetamin və bir ədəd elektron tərəzi olmuşdur. Həmin heroin və metamfetamini satış deyil, şəxsən istifadə etmək məqsədilə saxlamışdır. Həmin tərəzidən şəxsi istifadəsinə lazım olmuş heroinin çəkisini müəyyən etmək məqsədilə istifadə etmişdir. Polis əməkdaşlarının guya evinin hamam və yataq otaqlarından aşkar etdikləri heroinlər isə ona məxsus olmamışdır. Həmin kütlələrin yaşadığı evə polis əməkdaşları tərəfindən qoyulmasını zənn etsə də, bu halın şahidi olmamışdır. Göstərdiyi bütün kütlələr və elektron tərəzi polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür. İbtidai araşdırma zamanı ona hər hansı məzmunda ifadə verməsi ilə bağlı qanunsuz təsir göstərilməmiş, izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə vermişdir. Bununla belə, ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etmir. Törətdiyini etiraf etdiyi əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 iş üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsini və barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilərkən videoçəkiliş aparılmaqla şifahi qaydada verdiyi izahatında, bundan sonra yazılı qaydada verdiyi izahatında, eləcə də şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində bir-biri ilə eyni məzmunda, məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 2021-ci ilin iyun ayında Astara rayonu, Şahağacı kəndində yerdən tapdığı sellofan paketi yaşadığı evə gətirmiş, içərisində ayrı-ayrılıqda bir ədəd bükümdə heroin və metamfetamin olduğunu görmüşdür. 23 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində yaşadığı evin həyətinə giriş darvazasının yanında dayanmış polis əməkdaşları ona yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmiş, bu səbəbdən evinə baxış keçirmək istədiklərini demişlər. Yazılı qaydada razılıq verdikdən sonra polis əməkdaşları onun iştirakı ilə yaşadığı evə baxış keçirmişlər. Baxışın əvvəlində polis əməkdaşlarına yaşadığı evdə heroin və metamfetamin saxladığını demişdir. Polis əməkdaşları onun göstərməsi əsasında mətbəxdə masanın üzərindəki külqabının içindən üç ədəd bükümdə heroin, hamamının döşəməsi üzərindən ayrı-ayrılıqda bir ədəd bükümdə heroin və ümumi çəkisi təxminən 5 qram təşkil edən metamfetamin, evin qonaq otağındakı divanın üzərində olmuş döşəyin altından üç ədəd bükümdə heroin, evin qabaq otağındakı masanın üzərindən bir ədəd şprisə çəkilmiş heroin məhlulu və bir ədəd elektron tərəzini aşkar etmiş, qablaşdırıb götürmüşlər. Həmin narkotik vasitələr, metamfetamin və elektron tərəzi ona məxsus olmuş, həmin kütlələri şəxsən istifadə etmək məqsədilə yaşadığı evdə saxlamışdır (İ cild, səh. 43-45, 61-65, 90-93, 120- 123). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmiş, həmçinin ibtidai istintaq zamanı sərbəst qaydada dindirilərkən və Təqsirləndirilən şəxs2 (bundan sonra - Gülxan) ilə üzləşdirilərkən verdiyi ifadələrinin məzmununu təsdiq etmiş və sonuncu ilə ifadəsində onunla bağlı bildirdiyi hallar barədə əsasən eyni məzmunda göstərmiş, Təqsirləndirilən şəxs2 fərqli və əlavə olaraq qeyd etmişdir ki, bədənində ağrılar olduğuna görə arabir tiryəkdən, tiryək olmayanda isə çox az hallarda heroindən istifadə etmişdir. 24 sentyabr 2021-ci il tarixə keçən gecə Gülxanın yaşadığı evin həyətində olarkən sonuncudan istifadə etmək üçün ona tiryək verməsini istəmiş, Gülxan yaşadığı evdən onun üçün bir ədəd kiçik bükümdə heroin gətirmişdir. Gülxana 24 manat məbləğində pul borclu olsa da, 5 manat məbləğində pulu borc məbləğinə görə deyil, ona satdığı heroinə görə vermişdir. Həmin heroini şalvarının cibinə qoyub sonuncunun yaşadığı evin həyətindən çölə çıxmışdır. Yaşadığı evə tərəf gedərkən polis əməkdaşları onu üzərində narkotik vasitə olması şübhəsilə saxlayıb Astara RPŞ-yə gətirmişlər. Orada şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə, videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibində bir ədəd bükümdəki olmuş heroini polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlə qablaşdırılıb götürülmüşdür. Bu zaman şifahi qaydada verdiyi izahatında həmin heroini Gülxandan aldığını göstərmişdir. Bu barədə tərtib edilmiş protokola imza etmişdir. Əməlindən səmimi peşimandır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid7 ifadəsində, həmçinin ibtidai istintaq zamanı verdiyi ifadəsinin məzmununu təsdiq etmiş, Təqsirləndirilən şəxs1 ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində, Təqsirləndirilən şəxs2 ilə isə ibtidai istintaq zamanı verdiyi ifadəsində iş üzrə onların saxlanılmaları, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsinin mexanizmi və nəticələri barədə eyni məzmunda göstərmiş və əlavə olaraq qeyd etmişdir ki, 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə olması barədə ona daxil olmuş əməliyyat məlumatı üzrə qəbul etdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar əsasında saxlamışlar. Təbriz Musayev şifahi qaydada verdiyi izahatında üzərindən aşkar edilmiş heroini Təqsirləndirilən şəxs2 5 manat məbləğində pula aldığını göstərdiyinə və əvvəllər də sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatları daxil olduğuna görə qəbul etdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar əsasında Təqsirləndirilən şəxs2 Astara şəhərində yaşadığı evə baxış keçirmişlər. Bu zaman sonuncu hər hansı hala etiraz etməmiş, yaşadığı evdən aşkar edilmiş heroinlər və metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Göstərdikləri barədə tərtib edilmiş protokollara imza etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Astara RPŞ-nin PPXB-nin tağım komandiri Şahid6, əməliyyat müvəkkili Şahid3 və polis nəfəri Şahid2 Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarışın keçirilməsi, Astara RPŞ-nin polis nəfərləri Şahid5, Şahid4 və Şahid1 isə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi barədə Şahid7 ilə eyni məzmunda ifadə vermişlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni 23 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində tərtib edilmiş əməliyyat məlumatlarına dair raportlar, “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə” qərarlar, onların icra edilməsinin nəticələri barədə raportlar, Təqsirləndirilən şəxs2 tərtib edib imzaladığı ərizə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, sonuncunun yaşadığı evə baxış keçirilməsi barədə protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirləri, şəxsi axtarış və sonuncunun yaşadığı evə baxış keçirilməsinin əsasları, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların Təqsirləndirilən şəxs1 və şahidlərin məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs2 isə ibtidai istintaq zamanı verdikləri ifadələrində göstərdikləri qaydada baş verdiyi, sonuncunun yaşadığı evə baxış və üzərinə şəxsi axtarış keçirilərkən hər hansı hala etiraz etmədiyi, yaşadığı evdən aşkar edilmiş heroinlərin və metamfetaminin ona məxsus olmasını bildirdiyi müəyyən edilir (İ cild, səh. 4-6, 25, 26, 36-38, 42-45, 61, 62). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 19/954 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 ...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram təşkil edən maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 0,182 qram təşkil edir. Ekspertiza xərci 50 manatdır (İ cild, səh. 74, 75). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 19/955 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 ...” sözləri yazılmış zərfdəki yeddi ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,468 qram, 0,483 qram, 0,828 qram, 0,853 qram, 1,201 qram, 1,386 qram və 21,002 qram, bir ədəd şprisin içərisindəki heroin məhlulunda quru maddəsinin ümumi təmiz çəkisi 0,02 qram təşkil edən maddələr kustar üsulla hazırlanmış, xarici görünüşləri və kimyəvi tərkiblərinə görə bir-biri ilə eyni olan narkotik vasitə heroinlər, bir ədəd bükümdə təmiz çəkisi 3,812 qram təşkil edən maddə psixotrop maddə olan metamfetamindir. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzi üzərində heroin izləri aşkar edildi. Tədqiqata sərf edildikdən sonra metamfetaminin qalıq çəkisi 3,762 qram, bir ədəd şprisdəki heroin məhlulunun qalığı 0,5 ml. təşkil edir. Ekspertiza xərci 50 manatdır (İ cild, səh. 77-79). - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 noyabr 2021-ci il tarixli, 19/1081 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərilərində “...Təqsirləndirilən şəxs1 ...” və “Təqsirləndirilən şəxs2 ...” sözləri yazılmış zərflərdəki bükümlərdə olan heroinlər xarici görünüşləri və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata sərf edildikdən sonra heroinin ümumi qalıq çəkisi 26,103 qram təşkil edir. Ekspertiza xərci 50 manatdır (İ cild, səh. 276, 277). - Əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Astara RPŞ-nin 05 dekabr 2021-ci il tarixli məktubunda göstərilmişdir ki, verilmiş əməliyyat tapşırığı üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs2 əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olduğu, Təqsirləndirilən şəxs1 narkotik vasitələr satdığı müəyyən edilmişdir (İ cild, səh. 243). - Məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 1042 və 1043 nömrəli rəylərində müvafiq olaraq göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Onların narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Onların ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 165, 166). İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və saxlamağa görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində, Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və ya psixotrop maddəni əldə etmə, saxlama, daşıma və ya satmağa görə həmin Məcəllənin 234.4.3-cü maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə, metamfetamin psixotrop maddə hesab edilir. Heroin və metamfetaminin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı hədləri 0,15 qram, külli miqdarının (qramla) isə aşağı hədləri 2,0 qramdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrinin yaşadığı evdən aşkar edilmiş heroinlərin və metamfetaminin hamısının ona məxsus olması barədə hazırki ifadəsi ilə ziddiyyət təşkil edən hissələrini təsdiq etməməsi, ona qarşı irəli sürülmüş ittihamda yaşadığı evdən aşkar edildiyi göstərilmiş heroinin təmiz çəkisinin 20 qramdan və metamfetaminin isə təmiz çəkisinin 0,5 qramdan artıq hissəsinin, eləcə də hamam və yataq otaqlarından aşkar edildiyi göstərilmiş heroinlərin ona aid olmaması, polis əməkdaşları tərəfindən qoyulması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər onun ibtidai araşdırma zamanı özünün qeyd etdiyi kimi, müdafiəçisinin iştirakı ilə, hər hansı qanunsuz təsir olmadan, bir qismini videoçəkiliş aparılarkən verdiyi izahat və ifadələrinin yaşadığı evdən aşkar edilmiş heroinlərin və metamfetaminin hamısının ona məxsus olması barədə hissələri, məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının eyni məzmunlu ifadələri, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi barədə protokol, ona əlavə edilmiş videogörüntülər, məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 19/955 nömrəli rəyi ilə, məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram təşkil edən heroini Təqsirləndirilən şəxs1 satmaması, pay verməsi, yaşadığı evdən aşkar edilmiş heroin və metamfetaminə münasibətdə satış niyyətinin olmaması barədə özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər isə sonuncunun məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi bütün izahat və ifadələrində həmin heroini Təqsirləndirilən şəxs2 5 manat məbləğində pula almasını göstərməsi, sonuncunun və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdikləri ifadələri əsasında sonuncunun əvvəllər də Təqsirləndirilən şəxs2 narkotik vasitə almasının müəyyən edilməsi, Astara RPŞ-nin 05 dekabr 2021-ci il tarixli məktubunda keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncunun əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və Təqsirləndirilən şəxs1 narkotik vasitələr satmasının müəyyən edilməsinin göstərilməsi, məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 19/955 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş bir ədəd elektron tərəzinin üzərindən heroin izlərinin aşkar edilməsinin müəyyən edilməsi, sonuncunun yaşadığı evdən aşkar edilmiş heroinlərin yeddi ədəd bükümlərdə, bir-biri ilə fərqli çəkilərdə, ayrı-ayrılıqda əsasən birdəfəlik istifadə miqdarından, hətta təmiz çəkisi 21,002 qram təşkil edən bir ədəd bükümdəki hissəsinin külli miqdarından 10,5 dəfədən çox olması, eləcə də təmiz çəkisi 3,812 qram təşkil edən metamfetaminin külli və şəxsi istehlak miqdarlarından artıq olması ilə tam təkzib edilir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrinin ona qarşı irəli sürülmüş ittihamla ziddiyyət təşkil edən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq xarakterli olması barədə nəticəyə gəlməklə iş üzrə sübut kimi nəzərə almır, qalan hissələrini isə sübut kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmənin müəyyən etdiyi məzmunda ictimai-təhlükəli hərəkətləri törətməsi əməllərində Azərbaycan Respublikası CM-in müvafiq olaraq 234.4.3 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai araşdırma zamanı sonuncunun verdiyi tam etirafedici, Təqsirləndirilən şəxs2 verdiyi qismən etirafedici izahat və ifadələri, şahid qismində dindirilmiş Şahid7, Şahid6, Şahid3, Şahid2, Şahid5, Şahid4 və Şahid1 verdikləri ifadələri, Rahim Hüseynov və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış, sonuncunun yaşadığı evə baxış keçirilməsi barədə 23 sentyabr 2021-ci il tarixli protokollar, onlara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, digər istintaq hərəkəti protokolları, məhkəmə fiziki-kimyəvi ekspertizasının 23 sentyabr 2021-ci il tarixli, 19/954 nömrəli və 19/955 nömrəli, 02 noyabr 2021-ci il tarixli, 19/1081 nömrəli rəyləri, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən Astara RPŞ-nin 05 dekabr 2021-ci il tarixli məktubu, digər sənədlər, göstərilən ekspert rəyləri əsasında tədqiqatları aparılmış və iş üzrə maddi sübut qismində tanınmış heroin və metamfetamin qalıqları, bir ədəd elektron tərəzi ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlərini tam sübuta yetirmiş və onların müvafiq əməllərini düzgün tövsif etmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Buna görə də onlar müvafiq qaydada təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir (İ cild, səh. 272, 274). - Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamə, 022316 nömrəli əlillik vəsiqəsinin surəti və “Astara Rayon Mərkəzi Xəstəxanası” X7 14 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, 1961-ci il təvəllüdlü arvadı ilə birlikdə yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Təqsirləndirilən şəxs2 həmin xəstəxananın poliklinika şöbəsində “Xroniki virus hepatit C, dekompensasiya mərhələsi. Qaraciyər serrozu. Portal hipertenziya. Xroniki pankreatit. Şəkərli diabet, tip İİ” diaqnozu ilə dispanser qeydiyyatda durur. Ona İİ qrup əlillik dərəcəsi təyin edilmişdir (İ cild, səh. 193, 194). - Astara RİHB-nın Astara şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, anası, arvadı və bir nəfər yetkinlik yaşına çatmış övladı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir (İ cild, səh. 203, 204). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, cinayətin açılmasına fəal kömək göstərmək törədilmiş cinayətlə əlaqədar şəxsin ona məlum olan bütün hallar haqqında istintaq zamanı düzgün ifadə verməsində, həmçinin, cinayətin iştirakçılarının aşkar edilməsində istintaq orqanlarına kömək göstərməsində ifadə olunur. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi bütün izahat və ifadələrində iş üzrə üzərindən aşkar edilmiş heroini Təqsirləndirilən şəxs2 aldığını göstərməsi, bu barədə ilkin məlumatından sonra sonuncu barəsində cinayət təqibinin başlanması və onun cinayət məsuliyyətinə cəlb edilməsindən ibarət işin faktiki halları Azərbaycan Respublikası CM-in 59.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 tərəfindən törədilmiş cinayət əməlinin açılması və sonuncunun ifşa edilməsinə fəal kömək etməsi kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi, sonuncunun əvvəllər məhkum olunmaması, “Xroniki virus hepatit C, dekompensasiya mərhələsi. Qaraciyər serrozu. Portal hipertenziya. Xroniki pankreatit. Şəkərli diabet, tip İİ” xəstəliyindən əziyyət çəkməsi və İİ qrup əlil olması, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən səmimi peşiman olmasını Azərbaycan Respublikası CMin 59.2-ci maddəsinə əsasən müvafiq qaydada onların cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Göstərilənlərə əsasən məhkəmə: - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, şəxsiyyətini, 65 yaşında olmasını, əvvəllər məhkum olunmaması və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi, “Xroniki virus hepatit C, dekompensasiya mərhələsi. Qaraciyər serrozu. Portal hipertenziya. Xroniki pankreatit. Şəkərli diabet, tip İİ” xəstəliyindən əziyyət çəkməsi və İİ qrup əlil olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvünün həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi halını, məhkumluğu olmayan şəxs olmasından ibarət şəxsiyyətini xarakterizə edən halı, cinayətin açılması və cinayətin digər iştirakçısının ifşa edilməsinə fəal kömək etməsi, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsi və törətdiyi cinayət əməlindən səmimi peşiman olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə cinayət qanunvericiliyinin göstərilən müddəaları və iş üzrə təqsirləndirilən şəxslərin hər birinə cəza təyin edərkən nəzərə aldığı hallara əsaslanaraq belə nəticəyə gəlir ki,: - həmçinin cinayət işi materialları ilə Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş heroin və metamfetaminə münasibətdə niyyətinin satış olması ilə yanaşı, Təqsirləndirilən şəxs1 bir ədəd bükümdə heroin satması sübut edildiyinə görə Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona iş üzrə azadlıqdan məhrumetmə cəzasının barəsində cinayət əməllərini törətdiyi heroinin ümumi təmiz çəkisi və metamfetaminin təmiz çəkisi nisbətən az həddə olduğuna görə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın, konkret olaraq 5 (beş) il 6 (altı) ay müddətə təyin edilməsi Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. - Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinin təmiz çəkisi nisbətən az həddə olduğuna görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiq deyildir. Ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının ən yuxarı həddə təyin edilməsi həmin Məcəllənin 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsinə kifayət edir. Göstərilənlərə əsasən hər iki təqsirləndirilən şəxsə qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPMin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 sentyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət işi materiallarında olan Astara Rayon Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 4(018)126/2021 nömrəli, 13 oktyabr 2021-ci il tarixli, 4(018)-132/2021 nömrəli və 16 dekabr 2021-ci il tarixli, 4(018)155/2021 nömrəli qərarlarının surətləri, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin iş üzrə 21 yanvar 2022-ci il tarixli hazırlıq iclası qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində müvafiq məhkəmə qərarları ilə əvvəli şübhəli şəxs qismində tutulduğu 23 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, 13 oktyabr 2021-ci il tarixdə həmin qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, 16 dekabr 2021-ci il tarixdə ev dustaqlığı qətimkan tədbirinin müddəti 23 yanvar 2022-ci il tarixədək uzadılmış, məhkəmənin hazırlıq iclasının qərarı ilə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır (İ cild, səh. 110-112, 189-191, 266, 267). Məhkəmə hesab edir ki,: Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23 sentyabr 2021-ci il tarixdən 02 mart 2022-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 5 (beş) ay 6 (altı) gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.2 və 52-1.3.1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə barəsində təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını çəkəcəyi müddət ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Astara rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalı, onun davranışı üzərində nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalı, buna görə iş üzrə barəsində olan ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın təsdiq edilməsi barədə 9 fevral 2006-cı il tarixli, 39 nömrəli Qərarının 3.2 və 3.7-ci bəndlərinə əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə və 60 yaşından yuxarı olan kişilərə məcburi müalicə tətbiq oluna bilməz. Məhkəmə hesab edir ki, məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 1043 nömrəli rəyində Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə ehtiyacının olduğu göstərilsə də, göstərilən normativ hüquqi aktın tələbinə görə ona İİ qrup əlil olması və 65 yaşının olmasına görə narkomaniyadan məcburi müalicə tətbiq oluna bilməz. Amma o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 27 sentyabr 2021-ci il tarixli, 1042 nömrəli rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2 100 (bir yüz) manat, Təqsirləndirilən şəxs1 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 26,103 qram təşkil edən heroin, bir ədəd şprisdəki 0,5 ml. qalıq qalan heroin məhlulu, qalıq çəkisi 3,762 qram təşkil edən metamfetamin və bir ədəd elektron tərəzi məhv edilməli, iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi barədə protokollara disklərin yaddaşına yazılaraq əlavə edilmiş videogörüntülər cinayət işi materiallarında saxlanılmalıdır. Cinayət işi materiallarında olan “Cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 24 dekabr 2021-ci il tarixli qərarla (İ cild, səh. 290, 291) cinayət işindən iş üzrə Təqsirləndirilən şəxs2 heroin və metamfetamini əldə etdiyi mənbə ilə bağlı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başqa cinayət işinin ayrıldığı nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 23 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 23 sentyabr 2021-ci il tarixdən 02 mart 2022-ci il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında olduğu cəmi 5 (beş) ay 6 (altı) gün müddət ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına bir günə iki gün hesabı ilə hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 1 (bir) ay 18 (on səkkiz) müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş cəza müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Astara rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və başqa tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Astara rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2 100 (bir yüz) manat, Təqsirləndirilən şəxs1 50 (əlli) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 26,103 qram təşkil edən heroin, bir ədəd şprisdəki 0,5 ml. qalıq qalan heroin məhlulu, qalıq çəkisi 3,762 qram təşkil edən metamfetamin və bir ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi barədə protokollara disklərin yaddaşına yazılaraq əlavə edilmiş videogörüntülər cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs2 münasibətdə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar