Məhkəmə qərarları › İş №1(099)-182/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-182/2022

08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-182/2022 08.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxx 1986-cı ildə Özbəkistan Respublikasının Sırdərya vilayətində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər Şirvan şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş,hazırda Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda yəni 35.066 qram çəkidə narkotik vasitə heroini və 60,55 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2021-ci il tarixdə saat 22:50 radələrində Şirvan şəhər polis şöbəsinin post patrul xidməti bölüyü əməkdaşları tərəfindən Şirvan şəhəri, Nizami küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman qeyd edilən həmin narkotik vasitə heroinin 0, 548 qramı bir ədəd siqaret gümüşü kağızı bükümündə, narkotik vasitə olan qurudulmuş marixuananın isə 0,55 qramı bir ədəd ağ kağız kəsiyi bükümündə, əynində olan şalvarın sağ yan cibindən, narkotik vasitə heroinin 34, 518 qramı və qurudulmuş marixuananın 60 qramı Şirvan şəhəri, Şirin Şükürov küçəsində yerləşən, Peşə liseyinin inzibati binasında, yaşadığı evə baxış keçirlərkən evin otağında, televizorun altında yığılmış paltarların arasından sellofan kəsiyi bükümündə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 22 sentyabr 2021-ci il tarixdə səhər vaxtı Şirvan kanal deyilən yerə balıq tutmaq üçün getmiş və orada 2 ədəd sellofan bükülü görüb götürərək içərisinə baxarkən bir bükülüdə heroin və digər bükülüdə isə marixuna olduğunu görüb onları özü istifadə etmək üçün dötürüb evinə gətirərək, evindəki televizorun altına yığılmış istifadə olunmayan paltarların arasında gizlətmişdir. Maddi vəziyyəti pis olduğundan 24 sentyabr 2021-ci il tarixdə Peşə liseyindən 30 ədəd taxta parçası və 19 ədəd daş piltə oğurlayaraq onları, həyətinə yığmışdır. Ertəsi gün yəni 25 sentyabr 2021-ci il tarixdə oğurladığı əşyaları qonşusu Faiqə 60 manata satmışdır. Faiq həmin əşyaları oğurladığını bilməmişdir. Həmin taxtaları avtomobilə yükləyərkən polis əməkdaşları onlara yaxınlaşaraq , onlardan oğurluqda şübhələnib onları Şirvan şəhər Polis şöbəsinə aparmışlar. Orada videoçəkilişlə vəkilin iştirakı ilə onun üzərində axtarış aparıılmış və ona əynində hər hansı qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. O da evində gizlətdiyi heroin və marixuanadan özü istifadə etmək üçün götürüb üzərində saxladığı iki ədəd bükümlərdə olan heroin və marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Təhqiqatçının sorğusuna cavab olaraq həmin narkotik vasitələrin bir hissəsinin də yaşadığı evdə olduğunu bildirdiyindən, polis əməkdaşları ilə birlikdə yaşadığı evə getmişlər. Yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazandan sonra vəkilinin və hal şahidlərinin iştirakları ilə onun yaşadığı evə baxış keçirilmişdir. Baxış keçirilən vaxt evin həyətinə yığdığı taxta parçaları aşkar edilmişdir. Bundan sonra o yaşadığı evdə otaqda televizorun altına yığılmış paltarların arasından bükülüdə olan narkotik vasitə olan heroin və qurudulmuş marixuananı təqdim etmişdir. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilərək ucadan oxunmuş və o protokolu imzası ilə təstiq etmişdir. O həmin narkotik vasitələri özü istifadə etmək üçün üzərində və yaşadığı evdə saxlamışdır. Ona görə də özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilir və əməlindən peşmandır. Himayəsində iki nəfər azyaşlı uşağının olmasını cəza təyin edilərkən nəzərə alınmasını xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlinin törətməsi özünün qismən etirafedici ifadəsindən başqa, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o Şirvan şəhər polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 sentyabr 2021ci il tarixdə Polis Şöbəsində olduğu zaman ona 25 sentyabr 2021-ci il tarixdə şöbənin Post Patrul Xidməti Bölməsinin əməkdaşları tərəfindən 3 nəfər şəxsin polis şöbəsinə gətirildiyini, həmin şəxslərdən biri Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat olduğundan üzərinə şəxsi axtarış keçirilərkən üzərindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə və bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddələr olan bükümlərin aşkar olunduğunu və həmin narkotik vasitələrin də bir qisminin Təqsirləndirilən şəxs yaşadığı evdə olduğunu bildirdiyi barədə məlumat verilməklə, Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, 28 nömrəli peşə məktəbinin inzibati binasında yerləşən mənzilə baxış keçirilməsində onun da iştirak etməsi tapşırılmışdır. Bundan sonra o, Şirvan şəhər polis şöbəsinin təhqiqatçısı İlqar Novruzov və polis nəfərləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi üçün getməyi qərara almışlar. Ona yaşadığı mənzilə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, o isə ərizə yazaraq yaşadığı mənzilə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs özünün, vəkilin və iki nəfər hal-şahidlərinin iştirakı ilə onun yaşadığı binaya getmişlər. Təqsirləndirilən şəxs yaşadığı həyətə girdikdə sol tərəfdə olan 19 ədəd hər biri 5 metr uzunluğunda olan döşəmə təyinatlı taxtanı və hər biri 1,20x40 ölçüdə olan 11 ədəd mərmər daşlarını göstərərək həmin taxta və mərmər daşları yaşadığı evlə üzbəüz olan peşə məktəbinin içərisindən sökərək evinə gətirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs polis şöbəsində qeyd etdiyi narkotik vasitənin yaşadığı evin içərisində olduğunu bildirib, onlarla birlikdə evə daxil olmuş və evə girən kimi giriş qapısından sağda yerləşən otaqda olan televizorun altında yığılmış paltarların içərisində olan iki ədəd sellofan bükülünü çıxararaq təqdim etmiş və onların narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu bildirmişdir. Qeyd olunan taxtalar, mərmər daşlar və eləcə də narkotik vasitələr maddi sübut əhəmiyyəti daşıdığı üçün baxış iştirakçıları və hal-şahidlərinin iştirakı ilə götürülmüşdür. Bu barədə fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuş, ucadan oxunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır.Onlarda əvvələrdə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumatlar olmuşdur. Dindirilmiş sahid Şahid2 vermiş olduğu ifadəsində göstərmişdir ki, Şirvan şəhər polis şöbəsinin Post Patrul Xidməti Bölüyünün polis nəhəri işləyir. 25 sentyabr 2021-ci il tarixdə şəhərin "Köhnə şəhər" adlanan ərazisində iş yoldaşları Şahid3, Şahid5 və X2 ilə birlikdə xidmətdə olarkən , saat təxminən 22:50 radələrində Nizami küçəsində 3 nəfər şəxsin **- JX-*** dövlət nömrə nişanlı "Mercedess Yük" markalı maşına söküntü taxtalarını yüklədiyini görmüşlər. Onlara yaxınlaşıb özlərini təqdim edərək taxtaları haradan əldə etmələrini soruşduqda həmin şəxslər onlara cavab verməmiş, bu səbəbdən də həmin taxtaları haradan əldə etdiklərini araşdırmaq üçün onları Şirvan şəhər Polis Şöbəsinə dəvət etmişlər. Onlar əvvəlcə polis şöbəsinə getməkdən boyun qaçırsalar da sonradan təkliflərini qəbul edərək birlikdə polis şöbəsinə getmişlər. Polis şöbəsində şəxsiyyətləri aydınlaşdırılarkən onların Şirvan şəhər sakinləri Təqsirləndirilən şəxs, Şahid8 və X3 olduqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi barədə məlumat olduğundan onun üzərinə videoçəkilişlə vəkilinin iştirakı ilə Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs şalvarının sağ cibindən iki ədəd bükümlər təqdim edərək onların birində heron digərində iusə marixuana olduğunu və həmin narkotik vasitələri Şirvan kanalının yaxınlığından tapdığını bildirmişdir. Sonra da onun təqdim etdiyi bükülülər qablaşdırılaraq üzərləri möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs özü tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs evində də heroin və marixuana olduğunu bildirdiyindən, onun yaşadığı evə baxış keçirilməsi üçün təhqiqatçı İlqar Novruzov tərəfindən qərar qəbul edilmişdir. Daha sonra onlar baxış keçirilməsi üçün Rəsulun yaşadığı Şirvan şəhəri, 28 nömrəli peşə məktəbinin inzibati binasına getmişlər. Onun yaşadığı həyətə girdikdə sol tərəfdə olan 19 ədəd hər biri 5 metr uzunluğunda olan döşəmə təyinatlı taxtanı və hər biri 1,20x40 ölçüdə olan 11 ədəd mərmər daşlarını göstərərək həmin taxta və mərmər daşlarını peşə məktəbinin içərisindən sökərək gətirdiyini bildirmişdir. Sonra da Rəsul onlarla birlikdə yaşadığı mənzilə daxil olaraq, evin giriş qapısından sağda yerləşən otaqdakı televizorun altında yığılmış paltarların içərisindən iki ədəd sellofan bükülünü çıxararaq təqdim etmiş və onların narkotik vasitə heroin və qurudulmuş marixuana olduğunu bildirmişdir. Həyətdən aşkar olunan taxtalar, mərmər daşlar və eləcə də mənzildən aşkar edilən narkotik vasitələr götürülmüşdür. Bu barədə fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuş protokol onlara ucadan oxunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır.Rəsul Hüeynovun əvvəllər narkotik vasitələrin satışı ilə məşqul olması barədə onlarda məlumat olmuşdur. Dindirilmiş şahidlər X2, Şahid3 və Şahid5 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr verdilər. Dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 26 sentyabr 2021-ci il tarixdə saat 01:05 radələrində Şirvan şəhəri, 28 nömrəli peşə məktəbinin inzibati binasında yaşayan Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirməsində Şahid6 Bayraməli oğlu ilə birlikdə hal şahidi kimi iştirak etmişlər. Orada polis əməkdaşları onlara hüquq və vəzifələrini başa saldıqdan sonra onlar polis əməkdaşları, vəkil və Təqsirləndirilən şəxs özü ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı həyətə girdikdə sol tərəfdə olan 19 ədəd taxtanı və 11 ədəd mərmər daşlarını göstərərək həmin taxta və mərmər daşları yaşadığı evlə üzbəüz olan peşə məktəbinin içərisindən sökərək götürdüyünü və narkotik vasitənin yaşadığı evin içərisində olduğunu bildirmişdir. Birlikdə evə daxil olduqdan sonra, Rəsul evə girən kimi giriş qapısından sağda yerləşən otaqda olan televizorun altında yığılmış paltarların içərisindən iki ədəd sellofan bükülünü çıxararaq təqdim etmiş və onların narkotik vasitə olan heroin və qurudulmuş marixuana olduğunu bildirmişdir. Həyətdən aşkar olunan taxtalar, mərmər daşlar və eləcə də mənzildən aşkar edilən narkotik vasitələr götürülmüş, narkotik vasitələr qablaşdırılaraq üzərləri möhürlənmişdir. Bu barədə fotoşəkillər çəkilmiş, protokol tərtib olunmuş protokol onlara ucadan oxunmuş, protokol iştirakçılar, eləcə də Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 0,548 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi- 0,55 qram olan bitki mənşəli kütlə (çətənə) kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs ... yaşadığı evdən...” sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 34,518 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd polietilen torbada təmiz çəkisi-60 qram olan bitki mənşəli kütlə (çətənə) kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş heroin eyni tərkiblidir. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş marixuana eyni tərkiblidir. İşdə olan ibtidai istintaq orqanının sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, qalıq çəkiləri 0,548 və 34,518 qram heroin, həmçinin 0,55 və 60 qram olan qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji ribbi yoxlama rəyindən görünür ki, ki, Təqsirləndirilən şəxs opoidlərin və kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunmuş ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xaraketrini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında təhqiqatçı İlqar Novruzov tərəfindən 26 sentyabr 2021ci il tarixdə tərtib edilmiş şəxsi axtarış və götürmə barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən yəni, əynində olan şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızı bükümündə bükümdə narkotik vasitə olan heroinə bənzər maddə, bir ədəd siqaretin gümüşü kağızı bükümündə narkotik vasitə olan heroinə bənzər maddə, 1 ədəd ağ kağız bükümündə isə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan təhqiqatçı İlqar Novruzov tərəfindən 26 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş baxış keçirilməsi haqqımnda protokoldan məlum olur ki, Şirvan şəhəri, Peşə məktəbinin inzibati binasında, Təqsirləndirilən şəxs yaşadığı mənzildə üzərinə televizor qoyulmuş masanın altındakı paltarların arasından narkotik vasitə olan heroinə bənzər maddə və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində CM-in 177-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və İXM-in 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün materiallar Şirvan Şəhər məhkəməsinə göndərilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü CM-in 234.4.3-cü maddəsi ilə deyil, 234.1ci maddəsi ilə təqsirli bilərək, onun üzərindən və yaşadığı mənzildən aşkar edilərək götürülmüş heroin və marixuana narkotik vasitələrini satış məqsədi ilə deyil özü istifadə etmək üçün üzərində və yaşadığı mənzildə saxladığını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təstiq edilmədiyindən və işin hallarına uyğun gəlməyən ifadə olduğundan həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə dindirilmiş şahidlərin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşqul olması barədə ifadələrindən başqa, onun üzərindən iki bükümdə az miqdarda müxtəlif növdə heroin və marixuana narkotik vasitələrinin,eləcədə yaşadığı mənzilə baxış keçirilərkən eyni tərkibdə şəxsi istehlak miqdarından əhəmiyyətli dərəcədə çox olan heroin və qurudulmuş marixuananın aşkar edilərək götürülməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, bu hal Təqsirləndirilən şəxs həmin narotik vasitələri məhz satış məqsədi ilə əldə etməsinə dəlalət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi , narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxx 1986-cı ildə Özbəkistan Respublikasının Sırdırya vilayətində doğulmuşdur. Azərbaycan Respublikasının vətəndaşıdır. ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşamışdır.Himayəsində iki nəfər azyaşlı uşağı vardır. İşdə olan Şirvan şəhər məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 05 sentyabr 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin məlumatından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 26 iyul 2013-cü il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, həmin məhkəmənin 29 noyabr 2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin 4 iyun 2020-ci il tarixli qərarı ilə cəzasından 15 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, 25 iyun 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki nəfər azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin 29 noyabr 2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 27 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı rayon Məhkəməsinin 04 iyun 2020-ci il tarixli qərarı ilə cəzadan 15 gün vaxtından əvvəl azad olunmuş, 25 iyun 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Göründüyü kimi CM-in 18-ci maddəsinə əsasən onun əməlində cinayətlərin residivi halı mövcuddur. Ona görə də bu hal CM-in 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı və CM-in 65.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirdiyi maddədə nəzərdə tutulan cəzanın yarısından az olmamaqla müddəasına əsaslanmaqla cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 25 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 34,966 qram heroin və qalıq çəkisi 60,55 qram qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə 63,90 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 132, 344-349, 351- 353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. CM-nin 93.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 34,966 qram heroin və qalıq çəkisi 60,55 qram qurudulmuş marixuana məhv edilsin. İş üzrə 63,90 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar