Məhkəmə qərarları › İş №1(099)-183/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-183/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-183/2022 10.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X2 və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1969-cu ildə Salyan şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşqlı uşağı olan,orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, Salyan şəhəri, Y.Zərgərli küçəsi, ev 102-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində 04 oktyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci ildə, saat 15 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Lökbatan dairəsi” adlanan ərazidə idarə etdiyi “Mersedes” markalı, **- SD-*** dövlət qeydiyyat nişanlı avtomobillə Salyan rayonuna müştəri aparmaq məqsədilə dayanıb gözləyən zaman Salyan rayonunun Noxudlu kənd sakini Zərərçəkmiş şəxs “X6” markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gələrək orada növbə gözləmədən Salyan şəhərinə müştəri aparmaq istəməsinə görə sonuncu ilə mübahisə edib dalaşmış, bundan sonra Bakı şəhərindən Salyan rayonuna qayıdarkən Zərərçəkmiş şəxs ona etdiyi telefon zəngi əsasında Salyan şəhər qəbirstanlığının yanında həmin gün saat 20:30 radələrində sonuncunun idarə etdiyi avtomobildə onunla görüşərək Bakı şəhəri, Qaradağ rayonu ərazisində yumruqla vurub ona xəsarətlər yetirdiyi üçün üzr istəməsini tələb etməsinə görə yenidən aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs qəsdən bir dəfə vuraraq ona döş qəfəsinin sol nahiyəsinin bir ədəd daxilə keçən deşilmiş-kəsilmiş yarası, sol tərəfli pnevmotoraks yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün icarəyə götürdüyü “Mersedes” markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. 01 oktyabr 2021-ci ildə, saat 15 radələrində onun kimi Bakı şəhərinə sərnişin daşımaqla məşğul olan Zərərçəkmiş şəxsla aralarında Salyan şəhərinə sərnişin aparmaqla bağlı mübahisə yaranmış, lakin aralarında dava-dalaş olmamış, həmin gün saat 20 radələrində Bəşir ona zəng vuraraq onunla Salyan şəhər qəbirstanlığının yanında görüşmüş, Bəşir onu vurduğuna görə ondan üzr istəməsini tələb etmiş, sonuncu üzr istəmək əvəzinə ona “yaxşı etmişəm səni vurmuşam”, deyərkən yenidən aralarında dava-dalaş olmuş, o da cibində olan açılıb qatlanan, qara rəngli cib bıçağınıı çıxarıb ona bir zərbə vurmuş, həmin vaxt maşınla yoldan keçən yol patrul xədmətinin əməkdaşları onları görüb maşını saxlayıb onlara yaxınlaşaraq Bəşiri xəstəxanaya onu isə Salyan rayon polis şöbəsinə aparmışlar. Hazırda zərər çəkmiş şəxslə barşımasını, ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının və 2 azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə Təqsirləndirilən şəxsla oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, hadisə vaxtı ilk olaraq təqsirləndirilən şəxs başı ilə ona zərbə atmış, hadisədən sonra sonuncu bir neçə dəfə telefon vasitəsilə onu yığaraq təkidlə görüşmək istəyini bildirmiş, təqsirləndirilən şəxsin onu yenidən bıçaqla vurmasından ehtiyat etdiyi üçün maşında olan plastik kiçik boru ilə onu bir neçə dəfə vurmuşdur. Hazırda səhhətinin yaxşı olmasını, təqsirləndirilən şəxslə barışmasını nəzərə alaraq məhkəmədən Təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında BDYPİ YPXA-nın 10-cu taqımında yol-patrul inspektoru vəzifəsində işləyən Şahid2 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 2021-ci ilin oktyabr ayının 01-də axşam saat 21 radələrində iş yoldaşı Şahid3lə birlikdə xidməti avtomobillə Şirvan-Salyan yolunda xidmət apararakən yolun kənarında dayanan ağ rəngli Mersedes markalı avtomobildən düşən 2 nəfər şəxsin dalaşdığını görüb onlara yaxınlaşmış, Bəşir adlı sürücü ona Bəxtiyar adlı şəxsin bıçaqla onu vurduğunu demiş, Bəxtiyara ondan bir az kənara çəkilməsini tələb etmiş, Bəşirdən nə baş verdiyini soruşarkən sonuncu maşınla gələrkən yolda aralarında sərnişin daşımaqla bağlı yaranmış mübahisə zamanı Bəxtiyar adlı şəxsin əlində olan bıçaqla onu vurduğunu demiş, Bəşiri Salyan rayon mərkəzi xəstəxanasına yola salmış, Bəxtiyarı isə özləri ilə rayon polis şöbəsinə aparıb təhvil vermişlər. Məhkəmədə Şahid3 şahid qismində dindirilərkən məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 Əbdülhəsən oğlu istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun oğludur. Sonuncu ailəsi ilə birlikdə Salyan rayonu Noxudlu kəndində yerləşən fərdi yaşayış evində onlarla yaşayır. 01 oktyabr 2021-ci ildə axşam saat 21 radələrində evdə olarkən oğlu Bəşirin Bəxtiyar adlı şəxs tərəfindən bıçaqlanması xəbərini eşidib rayon mərkəzi xəstəxanasına getmiş, orada olarkən Bəşirin əməliyyat olunduğunu öyrənmiş, ertəsi gün Bəşirin özünə gəldiyini görüb ondan nə baş verdiyini soruşarkən oğlu ona rayon sakini Bəxtiyar adlı şəxslə sərnişin daşımaqla bağlı aralarında yaranmış mübahisəni aydınlaşdırmaq məqsədi ilə görüşüb maşında söhbət edərkən Bəxtiyarın onu bıçaqla bir dəfə vurduğunu bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsin, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 597 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər–döş qəfəsinin sol nahiyyəsinin bir ədəd daxilə keçən deşilmişkəsilmiş yaralanması, sol tərəfli pnevmotoraks kəsici əşya (əşyalar) təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə yəni 01 oktyabr 2021-ci ildə bıçaqla vurulma nəticəsində əmələ gələ bilərdi. Həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 24 noyabr 2021-ci il tarixli, 3/1810 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş uzunqol köynəyin səthində olan zədə kəsici, ucu deşici xassəyə malik olan predmetin, (bıçaq və s) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədəsidir. Təqdim edilən qolsuz maykanın səthində trasoloji zədə yoxdur. İş materiallarında olan ambulator-məhkəmə psixatrik ekspertizasının 22 noyabr 2021-ci il tarixli, 2748 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs 01 oktyabr 2021-ci ildə törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin etirafedici, zərər çəkmiş şəxsin və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və işdə olan digər sənədləri də sübut növü kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət təqibi ilə bağlı ona elan edilmiş ittihamda nəzərdə tutulan ictimai təhlükəli əməlin törədilməsini, həmin əməlin törədilməsində təqsirləndirilən şəxsin qəsdən iştirak etməsini, törədilmiş əməlin ona aid edilməsini təsdiq edən, yuxarıda sadalanan sübutları tam, hərtərəfli və obyektiv araşdırıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayəti zərər çəkmiş şəxslə aralarında yaranmış mübahisə zamanı törətmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun əməlini Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMin 126.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından Təqsirləndirilən şəxs əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsi, eyni zamanda onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiq olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Salyan rayon məhkəməsinin 25 dekabr 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhər Nizami rayon məhkəməsinin 28 iyul 2017-ci il tarixli qərarı ilə 06 ay 08 gün cəzadan vaxtından əvvəl şərti azad olunmuş və cəzasını tam çəkib qurtarmışdır. Hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan şəhəri, Y.Zərgərli küçəsi, ev 102-də qeydiyyatda olmaqla heç bir yerdə işləməyən arvadı, ikisi azyaşlı olmaqlı üç uşağı ilə birgə orada yaşamış və yaşayış yerindən kafi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü, zərər çəkmiş şəxslə barışmasını CM-in 59.1.12-ci maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onu bağışlamasını, təqsirini etiraf etməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallarmüəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ağır cinayət törətdiyini nəzərə alaraq onun cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir və ona azadlıqdan məhrum etmə cəzasını təyin etməklə çəkiləcək bu cəzanın maksimum dərəcədə onun islah olunması məqsədinə xidmət edəcəyini əsas götürür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin izah və tələblərinə əsasən (mad. 41.2) “cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs kimi tutulduğu 02 oktyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Salyan rayon məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 02 oktyabr 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı cinayət işi üzrə maddi sübut kimi tanınaraq Salyan rayon polis şöbəsində saxlanılan və hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzun qol qara rəngli kişi koftası və və bir ədəd ağ rəngli kişi maykası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, şəxsi axtarış və ifadənin yerində yoxlanılmasının görüntülərini əks etdirən iki ədəd CD diski isə cinayət işinin materiallarında saxlanılmalıdır. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 02 oktyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Salyan rayon polis şöbəsində saxlanılan və hadisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzun qol qara rəngli kişi koftası və bir ədəd ağ rəngli kişi maykası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, şəxsi axtarış və ifadənin yerində yoxlanılmasının görüntülərini əks etdirən iki ədəd CD diski isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev

2. Oruc Cəlilov

3. Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar