Məhkəmə qərarları › İş №1(099)-183/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-183/2025

09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-183/2025 09.04.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Lerik rayonu Siyov kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, Lənkəran rayonu Göyşaban kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29, 120.2.9-cu maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində Lənkəran şəhəri, Nizami küçəsində yerləşən 88 saylı binanın sağ yan tərəfində həmin binanın 20-ci mənzilində yaşayan, tanışı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində baş vermiş qarşılıqlı mübahisə zamanı Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə öldürmək qərarına gəlmiş və bu məqsədlə özündə olan bıçaqla (kəsici-deşici alətlə) Zərərçəkmiş şəxs döş, qarın, üz və kəllə nahiyələrinə, qəsdən bir neçə dəfə zərbələr vuraraq ona yetirdiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid döş və qarın boşluqlarına nüfuz edən, sol plevra, sol ağciyər, mədəaltı vəzini zədələyən, hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan 2 ədəd kəsilmiş-deşilmiş yaralar, sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid sol almacıq, sol göz bucağı, çənəaltı, sol gicgah, sağ said nahiyələrində 5 ədəd kəsilmiş yaralardan ibarət xəsarətlər yetirsə də, hadisə yerində olan Zərərçəkmiş şəxs qohumu Şahid1 müdaxilə etməsindən, həmçinin Zərərçəkmiş şəxs xəstəxanaya çatdırılaraq vaxtında ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən Təqsirləndirilən şəxs öz iradəsindən asılı olmayan səbəblərə görə cinayətkar niyyətini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 29,120.2.9-cu maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxsla əvvəllər münasibətləri yaxşı olmuşdur. Sonradan aralarında anlaşmamazlıqlar olmuşdur. Zərərçəkmiş şəxs onu dəfələrlə öldürməklə hədələmiş, döymüş, evlərinə alışqan maddə atmaqla yandırmağa cəhd etmiş, avtomobilinin təkərini bıçaqla deşmişdir. Bu barədə dəfələrlə polisə məlumat vermişdir. Bundan başqa Zərərçəkmiş şəxs 2023-cü ilin oktyabr-noyabr aylarında onun qardaşı Azər Dadaşzadəni Bakı şəhərində girov götürməklə Lənkəran şəhərinə evinə gətirib hədə-qorxu gəlmiş və incitmişdir. Zərərçəkmiş şəxs onu təqib etməkdə davam etmişdir. 11 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı evdə olduğu zaman Zərərçəkmiş şəxs onun telefonuna «WhatsApp» proqramı vasitəsi ilə zəng edərək onu söyüb təhqir etmiş və yaşadığı binanın qarşısına gəlməsini tələb etmiş, əks halda evinə gedərək evini yandırmaqla hədələmişdir. Atası xəstə olduğundan Zərərçəkmiş şəxs evlərinə gələrək onunla mübahisə etməsinin atasının səhhətinə pis təsir edəcəyini düşünərək Şahinə onlara gəlməməsini, özünün şahinin yanına gələcəyini bildirmişdir. Bundan sonra özünə məxsus avtomaşına minərək Zərərçəkmiş şəxs yaşadığı binanın qarşısına yola düşmüşdür. Zərərçəkmiş şəxs onun avtomobilini yandıra biləcəyindən ehtiyyatlanaraq avtomobilini Zərərçəkmiş şəxs yaşadığı binanın yaxınlığında yerləşən Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həyətində saxlamış və özü piyada olaraq Zərərçəkmiş şəxs yaşadığı binanın yanına getmişdir. Binanın yanına çatdıqda Zərərçəkmiş şəxs və xalası oğlu Anarla qarşılaşmışdır. Bu zaman Zərərçəkmiş şəxs əlində olan bıçaqla ona hücum edərək vurmağa çalışmışdır. Lakin o, Zərərçəkmiş şəxs əlindən bıçağı alaraq onun özünə bədən xəsarətləri yetirmişdir. Sonra isə hadisə yerindən xəstəxananın həyətinə gələrək avtomobilinə minib oradan uzaqlaşmış və Bakı şəhərinə getmişdir. 13 sentyabr 2024-cü il tarixdə isə özü könüllü olaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin X12 gələrək təslim olmuş və törətdiyi cinayəti etiraf etmişdir. Könüllü təslim olması barədə X10 növbətçisinə, kapitan Əzim müəllimə və polis rəisi Babək müəllimə mürəciət etmişdir. Lakin bu barədə protokol yazılmamışdır. Babək müəllim onu oz avtomaşını ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparmışdır. Zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsdən bağışlanmasını istəyir. Əməlindən peşimandır. O, hadisənin baş verdiyi gün Zərərçəkmiş şəxs xəstəxanada müalicə olunmasını bilməmişdir. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış və bu məqsədlə də gedib xəstəxananın həyətində onu gözləməmişdir. Zərərçəkmiş şəxs ona zəng edərək yaşadığı binanın yanına çağırmasa idi, oraya getməzdi və hadisə də baş verməzdi. Zərərçəkmiş şəxs onu «WhatsApp» proqrammı ilə zəng edərək hadisə baş verən yerə çağırmışdır. Ona görə də telefon danışıqlarında Zərərçəkmiş şəxs ona edilən zəngi qeydiyyata alınmamışdır. O, Zərərçəkmiş şəxs onunla «WhatsApp»la danışmasını telefonunda saxlamışdır. Lakin telefonu sonradan xarab olduğuna görə həmin danışığı təqdim edə bilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində isə göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər onun yaşadığı Göyşaban kənddə yerləşən “Maral” restoranını işlətmişdir. O, həmin restorana gedib-gəldiyi zaman Zərərçəkmiş şəxsla münasibətləri yaranmışdır. Zərərçəkmiş şəxs ona bir neçə dəfə başqa bir telefon nömrəsi ilə zəng etmişdir. O, 2023-cü ilin noyabr ayının ortalarında həmin nömrəyə zəng etmiş, lakin cavab verilməmişdir. Sonra Zərərçəkmiş şəxs ona zəng edərək nalayiq sözlərlə söymüş, arvadına nə üçün zəng etməsini soruşmuşdur. Bundan sonra Şahinlə münasibətləri pisləşmişdir. Şahin hər dəfə ona zəng edərək söhbət etməyə çağırmışdır. Lakin o, Şahinə əhəmiyyət verməyib, Bakı şəhərinə gedib işləmişdir. Şahin onu rayonda axtarsa da, tapa bilməmişdir. Buna görə Şahin onun yerini öyrənmək üçün soraqlaşaraq qardaşı Azərin mobil nömrəsini əldə edib Bakı şəhərində qardaşı ilə görüşmüşdür. Həmin vaxt Şahin öz dayısı oğlu Farid ilə birlikdə olmuşdur. Azəri bıçaqla hədələyərək, zor tədbiq etməklə Şahinin idarə etdiyi avtomobillə Lənkəran şəhərinə, Şahinin evinə aparmışlar. Azər ona telefonla zəng edərək Lənkəranda Şahinin evində olduğunu və oraya gəlməsini demişdir. Sonra Şahin ona zəng edərək qardaşının əllərində olduğunu bildirməklə ondan onlarla görüşməsini tələb etmişdir. O, məcbur olub Bakı şəhərindən Lənkərana Şahinin evinə getmişdir. Şahin qardaşını başqa otaqda saxlayıb onu döymüşdür. Sonra isə Azəri sərbəst buraxmışdır. 2024-cü ilin aprel ayında o, Lənkəran şəhərində olarkən Şahin onunla mübahisə edib üzərinə bıçaq çıxardaraq hədəlmiş, söyüb təhqir etmişdir. Buna görə o, DİN-nin “102” xidmətinə zəng edib məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə o rayonda olarkən Şahin ona zəng edərək hədə-qorxu gəlmiş, onu evini və avtomobilini yandırmaqla hədələmişdir. Şahin həmin gün yaşadığı evin qarşısına gəlib əlində olan benzin dolu butulkanı yandırıb avtomobilinin üzərinə atmışdır. O, həmin vaxt avtomobili oradan sürüb getsə də, avtomobilinin bir tərəfi yanmış, ona ziyan dəymişdir. Sonra Şahin evinin küçə qapısının üzərində olan lambirin tavanını yandırmışdır. Buna görə o, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə şikayət etmişdir. xx.xx.2024-cü il tarixdə atası xəstəxanada əməliyyat olunduqdan sonra onun yanında qalarkən Şahin ona zəng edərək yenə hədə-qorxu gəlmişdir. Şahinə xəstəxanada olduğunu deyərək görüşə bilməyəcəyini demişdir. Şahin həmin gün xəstəxananın həyətində saxladığı avtomobilinin təkərini bıçaqla deşmişdir. O, əsasən Bakı şəhərində olmuş, xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Lənkəran rayonuna qayıtmışdır. Şahin onun gəldiyini öyənmişdir. Buna görə xx.xx.2024-cü il tarixdə axşam saatlarında evində olarkən Şahin ona « Whatsapp » proqramı ilə zəng edərək söyüb təhqir edərək 10-15 dəqiqəyə yaşadığı binanın qarşısına gəlməsini, əks halda onun evinə gedib evini yandıracağını demişdir. O, atasının evdə xəstə olduğu üçün bu hadisə atasına pis təsir edəcəyindən Şahinə gəlməməsini, özünün gələcəyini bildirmişdir. Saat 22 radələrində o, tək özünə məxsus «Xəzər» markalı, ** AM *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şahinin yaşadığı binanın qarşısına gəlmişdir. Şahinin onun avtomobilini yandıracağından qorxduğu üçün avtomobili xəstəxananın həyətində saxlamışdır. Avtomobildən düşüb yaxınlıqda yerləşən Şahinin yaşadığı binaya yaxınlaşanda Şahinin ona tərəf gəldiyini görmüşdür. Şahinlə o, binanın yan tərəfində rastlaşmışdır. Şahin onu görən kimi onun valideynlərinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Şahin ona yaxınlaşanda belindən bıçaq çıxarıb ona hücum edəndə ilk öncə bir yumruq zərbəsi Şahinin sifət nahiyəsinə vurmuşdur. Şahin də ona bir neçə yumruq vurmuşdur. Şahin zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra Şahinin ona etdikləri son həddə çatdırdığı üçün hirsindən ağlaya-ağlaya nə etdiyini bilməmişdir. Şahinə bıçaqla neçə zərbə vurmuşdur. Sonra ayağa qalxıb oradan uzaqlaşıb, xəstəxananın həyətinə daxil olub avtomobilinə əyləşərək oradan uzaqlaşmışdır. Avtomobillə Bakı şəhərinə getmiş, iki gün sonra, yəni 13 sentyabr 2024-cü il tarixdə isə yaşadığı ərazi üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X12 könüllü gələrək təslim olmuşdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs çoxdan tanıyır, o, əvvəllər restoran işlətmişdir. Təqsirləndirilən şəxs onunla bir yerdə işləmişdir. Təqsirləndirilən şəxs ilə aralarında bir çox anlaşılmazlıqlar olmuşdur. 2024-cü ildə o, Təqsirləndirilən şəxs döymüşdür. Təqsirləndirilən şəxs ondan şikayət etmiş və inzibati qaydada həbs olunmuşdur. 2024-cü ilin sentyabr ayının əvvəllərində Lənkəran Rayon Xəstəxanasında müalicə olunmuşdur. Xəstəxanadan çıxıb həm özünə siqaret almaq, həm də evə gedib yuyunmaq istəmişdir. 11 sentyabr 2024-cü il tarixdə saat 20 radələrində xəstəxanaya ona baş çəkmək üçün gələn xalası oğlu Anarla birlikdə yeriyə-yerinə ünvan 1 ünvanında yerləşən evinə getmişlər. Evdə paltarlarını dəyişmiş, bir saatdan çox evdə qaldıqdan sonra saat 22:20 radələrində Anarla birlikdə binanın həyətinə düşmüşlər ki, xəstəxanaya getsinlər. Belə ki, onun evi xəstəxananın yaxınlığında yerləşir. Onlar xəstəxanaya gedərkən Təqsirləndirilən şəxs düz evinin qarşısında arxadan gəlmiş, kürəyinə bıçaq vurmuşdur. O, Təqsirləndirilən şəxs onu bıçaqla vurmasına reaksiya verərək onunla bir az mübarizə aparmış, ona iki yumruq vurmuş, əl-qol atmışdır ki, ona başqa bıçaq zərbələri dəyməsin. Lakin Təqsirləndirilən şəxs ona vurduğu bıçaq zərbələri nəticəsində yerə yıxılmışdır. Təqsirləndirilən şəxs onu yerdə də bıçaqla vurmağa başlamışdır. Təqsirləndirilən şəxs ayaqları ilə geri itələmiş lakin özünü tam qoruya bilməmişdir. Sonra huşunu itirmişdir. Bir də ayılanda xəstəxanada olduğunu görmüşdür. Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Məhkəmədən Təqsirləndirilən şəxs barəsində qaldırılmış cinayət işinin xitam olunmasını xahiş edir. Şahid1 məhkəmədə göstərdi ki, Zərərçəkmiş şəxs onun xalası oğludur. 2024-cü ilin sentyabr ayının əvvəllərindən Şahin Lənkəran Rayon Mərkəzi Xəstəxanasında nevroloji xəstəliklə əlaqədar stasionar müalicə almışdır. 11 sentyabr 2024-cü il tarixdə axşam saatlarında Şahin ona zəng edərək xəstəxanada darıxdığını bildirmiş və onu söhbət etmək üçün yanına çağırmışdır. O, xəstəxanaya getmişdir. Şahinlə görüşmüş, söhbət etmişlər. Bir neçə dəqiqə sonra Şahin evə gedib duş qəbul edib paltarlarını dəyişmək istədiyini bildirmişdir. Bundan sonra Şahinlə birlikdə xəstəxanadan Şahinin yaxınlıqdakı binada yerləşən evinə getmişlər. O, Şahinə yeriyərək evinə getməsində heç bir köməklik etməmişdir. Belə ki, Şahin özü sərbəst şəkildə yerimişdir. Şahinin onun hər hansı köməyinə ehtiyacı olmamışdır. Sadəcə onunla yoldaşlıq edib birlikdə getmişdir. Şahin mənzilə daxil olduqdan bir neçə dəqiqə sonra paltarlarını dəyişmiş və birlikdə həyətə düşüb xəstəxanaya yollanmışlar. Saat 22 radələrində o, mobil telefonla anası ilə danışdığı üçün Şahindən bir qədər irəlidə getmişdir. Şahin isə ondan arxada gəlmişdir. Başı anası ilə danışığa qarışdığı üçün Şahinin həmin vaxt Təqsirləndirilən şəxs telefonla zəng edibetməməsini bilməmişdir. Binanın sol yan küncündən ara yol ilə gedərkən anidən Şahinin səsini eşitmiş və geriyə dönüb baxdıqda Təqsirləndirilən şəxs əlində bıçaqla Şahinin bədən nahiyəsinə zərbələr vurduğunu görmüşdür. O, hadisəni gördükdə həyəcanlanmış, bir anlıq nə edəcəyini bilməmişdir. O, yerdən taxta parçasını götürüb Anara tərəf atmışdır. Sonra Anar qaçaraq əlindəki bıçaqla hadisə yerindən uzaqlaşmışdır. Şahin yerdə uzanıqlı vəziyyətdə olmuş və üz nahiyəsi qana bulaşmışdır. O, Şahini ayağa qaldırmış və xəstəxanaya doğru irəliləmişdir. Təqsirləndirilən şəxs xəstəxananın içərisinə daxil olub ağ rəngli, «Xəzər» markalı avtomobilinə əyləşib oradan uzaqlaşmışdır. Anarın nə səbəbə Şahini bıçaqla vuraraq xəsarət yetirdiyini bilmir. Məhkəmə istintaqında şahid kimi dindirilən X7 göstərdi ki, Təqsirləndirilən şəxs qardaşıdır. 2023-cü ilin oktyabr- noyabr aylarında Bakı şəhərində olduğu zaman Zərərçəkmiş şəxs ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Bakı şəhərində görüşərək Şahinin avtomaşınına minmişdir. Avtomaşında arxada bir nəfərdə şəxs də olmuşdur. Şahin onun avtomaşından düşməsinə imkan verməyərək onu avtomaşınla Lənkəran şəhərinə evinə gətirmişdir. Həmin vaxt Şahinin belində bıçaq gördüyündən ondan eyhtiyyatlanmışdır. Şahid onu öz evinə aparmış və evinin yataq otağında onu döyməyə başlamışdır. Daha sonra qardaşı Anar onun mobil telefonuna zəng etmiş və onunla danışmışdır. Şahin Anarla danışaraq onu Lənkərana gətirdiyini bildirmiş və Anardan onun evinə gəlməyi tələb etmişdir. Az sonra qardaşı Anar Şahingilin evinə gəlmiş və onlar mübahisə etməyə başlamışlardılar. Şahin qardaşı Anarın üzərinə bıçaq çıxarmış, onu öldürməklə hədələmişdir. Sonra Şahinin yoldaşı gəlmiş və baçağı onun əlindən almışdır. Bu zaman sahə müvəkkili ona zəng etmiş, harada olmasını, yerini deməsini tələb etmişdir. Atasının Şahinin onu evinə aparması barədə sahə müvəkkilinə məlumat verməsi məlum olmuşdur. Sonra ata-anası Şahin ilə danışmış, bundan sonra Şahin onları buraxmışdır. Bundan sonra Şahin yenə də Anardan əl çəkməmiş, onu daimi təqib etmiş, 2024-cü ilin may ayında Anarın üzərinə bıçaq çıxarmış, onların evlərinə pəncərədən butulkada benzin atmış, qardaşı Anarın avtomaşınının təkərini bıçaqla deşmiş, onlara ayrıayrı nömrələrdən zəng etmiş, hədə-qorxu gəlmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Lənkəran Rayon Məhkəzi Xəstəxanasında mühafizəçi işləyir. 11 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində xəstəxananın içərisində olarkən çöldə səs-küy eşitdib xəstəxananın həyətinə çıxmışdır. Həyətdə olarkən bir nəfər şəxsin, sonradan adını bildiyi Təqsirləndirilən şəxs qaçaraq xəstəxananın həyətinin giriş qapılarından daxil olduğunu və xəstəxananın həyətində saxladığı ağ rəngli avtomobilə əyləşərək surətlə sürüb getdiyini görmüşdür. Anarın avtomaşına minib getməsindən sonra Şahin adlı şəxsin yaralı şəkildə bir nəfərlə xəstəxanaya tərəf gəldiyini görmüşdür. Şahin xəstəxanada dərhal təcili tibbi yardım şöbəsinə yerləşdirilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanasında mühafizəçi işləyən Şahid2 da məhkəmədə Şahid3lə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən X4 göstərdi ki, Lənkaran Şəhər Rayon Polis Şöbəsinin X11 sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 13 sentyabr 2024-cü il tarixdə günorta saatlarında X3m zaman Təqsirləndirilən şəxs polis bölməsinin növbətçi issəsinə gələrək özünü təqdim etmiş və 11 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini bildirməklə polisə könüllü təslim olmuşdur. O həmçinin əməlindən peşiman olduğunu bildirmişdir. Bundan sonra polis bölməsinin rəisi X16 Dadaşzadəni avtomaşınla aparıb Lənkəran Şəhər Rayon Polis Şöbəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs polis bölməsinə gələrək könüllü təslim olsa da, bu barədə heç bir sənədləşdirmə aparmamış, protokol yazmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən X2 göstərdi ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X11 sahə inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 13 sentyabr 2024-cü il tarixdə günorta saatlarında X10 növbətçi hissədə növbədə olduğu zaman Təqsirləndirilən şəxs bölmənin növbətçi hissəsinə gələrək özünü təqdim etmiş, 11 sentyabr 2024-cü il tarixdə Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyini, polisə könüllü təslim olduğunu və əməlindən peşimaçılıq çəkdiyini bildirmişdir. O isə Təqsirləndirilən şəxs sahə rəisi Əzim Məlikovun yanına aparmışdır. Əzim Məlikov isə Təqsirləndirilən şəxs polis bölməsinin rəisi Babək Hüseynovun yanına aparmışdır. Babək Hüseynov isə Təqsirləndirilən şəxs öz şəxsi avtomaşını ilə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparıb təhvil vermişdir. Təqsirləndirilən şəxs könüllü gəlməklə təslim olsa da, bu barədə protokol tərtib olunmamışdır. 12 sentyabr və 25 sentyabr 2024-cü il tarixli hadisə yerinə baxış protokollarından görünür ki, hadisə yeri Lənkəran şəhəri Nizami küçəsi, 88 saylı binanın həyətidir. Hadisə yerində damcı formada uzanan qanabənzər ləkələr aşkar olunmuşdur. 27 noyabr 2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında xx.xx.2024cü il tarixdə danışıqlar aparılması müəyyən edilməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin «102» zəng mərkəzinə zəng edib Zərərçəkmiş şəxs onu təqib etməsi, öldürməklə hədələməsi barədə məlumat vermişdir. Həmin məlumat əsasında Lənkəran Şəhər Rayon X8 bölməsində araşdırma aparılmış və 16 may 2024-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin «102» zəng mərkəzinə zəng edərək Zərərçəkmiş şəxs evinə yandırıcı maddə atıb od vurması barədə məlumat vermiş, bununla bağlı araşdırma aparılmış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs evinin bir hissəsini yandırmaqla 500 manat ziyan vurması təsdiq olunmuşdur. Lakin Azərbaycan Respublikası CM-nin 186-cı maddəsinin tələbinə görə vurulmuş ziyan cinayət məsuliyyəti yaratmadığından 15 iyun 2024-cü il tarixli qərarla cinayət işinin başlanılması rədd edildmişdir. Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə tədbir görülməsi üçün qəbul edilmiş qərar Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X12 göndərilmişdir. Qeyd olunan məsələ ilə bağlı olaraq 7 iyun 2024-cü il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin qarşısında olduqları zaman Zərərçəkmiş şəxs ictimai qaydanı pozaraq Təqsirləndirilən şəxs döymüş və həmin vaxt polis işçilərinə müqavimət göstərdiyindən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə inzibati qaydada 10 gün müddətə həbs olunmuşdur. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə cinayət əməlini etiraf etməklə yanaşı polis şöbəsinə könüllü gəlib təslim olmasını göstərmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 892 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 1032 nömrəli rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində döş və qarın boşluqlarına nüfuz edən, sol plevra, sol ağciyər, mədəaltı vəzini zədələyən, hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan 2 ədəd kəsilmiş-deşilmiş yaralar, sol almacıq, sol göz bucaq, çənəaltı, sol gicgah, sağ said nahiyələrində kəsilmiş yaralar aşkar edilmişdir. Qeyd olunan xəsrətlər kəsici-deşici əşya(lar)nın təsirindən törənmişlər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə iti kənarlı və uclu alətlə (ola bilsin ki, bıçağın təsirindən) xəsarətlərin aşkar olunan nahiyələrinə vurma nəticəsində əmələ gələ bilərdi, yetirilmə müddəti tibbi sənəddə göstərilən tarixə xx.xx.2024-cü ilə uyğun gəlir və hər hansı bir xəsarət ayrıayrılıqda dərəcəsinə görə döş və qarın boşluqlarına nüfuz edən, sol plevra, sol ağciyər, mədəaltı vəzini zədələyən hemopnevmatoraks, daxili və xarici qanaxma ilə müşayiət olunan 2 ədəd kəsilmiş-deşilmiş yaralar həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya, digər xəsarətlər isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddirlər. Kompleks məhkəmə psixoloji və psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 3290 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xətəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir, məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan əlamətlər: emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, eqosentriz və.s kimi xarakterik xüsusiyyətlər müyyən edilir. Hadisə zamanı emosional halından asılı olaraq Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. İşdə olan tibbi sənədlərdən görünür ki Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə «xroniki beyin işemiyası» diaqonozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində stasionar müalicədə olmuş, 11 sentyabr 2024-cü il tarixdə stasionar rejim qaydalarına əməl etməyərək və tibb işçilərinin tələblərinə tabe olmayaraq xəstəxananı tərk etmişdir. Bu barədə xəstəxana işçiləri tərəfindən 11 sentyabr 2024-cü il tarixli protokol tərtib olunmuşdur. Lənkəran Rayon Psixiatriya Xəstəxanasının 01 noyabr 2024-cü il tarixli, 736 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda olmamışdır. Lənkəran RİHB-nin Göyşaban ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 06 noyabr 2024-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. Azərbaycan Respublikası Baş Prokurorluğu Kriminalistika və İnformasiya texnologiyaları idarəsindən daxil olmuş 01 noyabr 2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs subyadır. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı təqdim etdiyi, notarial qaydada təsdiq olunmuş xx.xx.2024-cü il tarixli ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət işinin xitam olunmasına etirazı yoxdur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı zərərçəkmiş Zərərçəkmiş şəxs bıçaq zərbələri vuraraq bədən xəsarətləri yetirməklə onu öldürməyə cəhd etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs hadisə vaxtı Lənkəran Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində «xroniki beyin işemiyası» diaqonozu ilə stasionar müalicədə olması əsas götürülməklə kömkəsiz vəziyyətdə olan şəxs hesab olunması və bu əsasla da Təqsirləndirilən şəxs onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı, yəni Zərərçəkmiş şəxs öldürməyə cəhd etməyə görə CM-nin 29,120.2.9-cu maddəsi ilə ittiham verilməsi əsassızdır. Bələ ki, müəyyən edilir ki, Zərərçəkmiş şəxs hadisə günü Lənkəran Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsində stasionar müalicədə olsa da, onun xəstəliyi onu hərəkət etmək, yerimək və özünü müdafiə məqsədi ilə müəyyən hərəkətlər etmək imkanından məhrum etməmişdir. Xəstəxana işçiləri tərəfindən tərtib olunmuş 11 sentyabr 2024-cı il tarixli aktdan məlum olur ki, Zərərçəkmiş şəxs hadisə günü xəstəxana işçilərinin tələblərinə tabe olmayaraq və xəstəxananın rejim qaydalarına əməl etməyərək özü xəstəxananı tərk edib yaşadığı evə getmişdir. Hadisə zamanı isə öz ifadəsində göstərdiyi kimi Təqsirləndirilən şəxs müəyyən müqavimət göstərmiş və ona bir neçə yumruq zərbələri vurmuş, lakin tam şəkildə müdafiə oluna bilməmişdir. Zərərçəkmiş şəxs xalası oğlu Şahid1 ifadəsindən görünür ki, 11 sentyabr 2024-cü il tarixdə, yəni hadisə günü Zərərçəkmiş şəxsla birlikdə xəstəxanadan sonuncunun evinə piyada olaraq getmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs sərbəst yerimiş və hər hansı köməyə ehtiyacı olmamışdır. Məhkəmə nəzərə alır ki, əgər Zərərçəkmiş şəxs yataq xəstəsi olsaydı, xəstəliyi ilə əlaqədar olaraq huşunu itirmiş halda olsaydı, sərbəst ayaq üstə durmaq, yermək imkanı olmasaydı və ya əl-ayaqları işləməsəydi, onun vəziyyəti hadisə zamanı köməksiz vəziyyət kimi qiymətləndirilə bilərdi. Lakin müəyyən edilir ki, Zərərçəkmiş şəxs ona baş çəkməyə gəlmiş qohumu Şahid1la birlikdə xəstəxanadan sərbəst şəkilə çıxıb, yeriyərək piyada olmaqla yaşadığı evə getmiş, evdə öz işlərini bitirmiş və yenidən xəstəxanaya qayıdarkən «WhatsApp» proqrammı ilə Təqsirləndirilən şəxs zəng edərək öz evinin yanında olmasını bildirib, oraya gəlməsini tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onun yaşadığı evin yanına getmiş və orada onu gözləyən Zərərçəkmiş şəxsla aralarında mübahisə və dalaşma baş vermişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng etmədiyini göstərsə də, məhkəmə bunu məntiqi cəhədtən mümkün hesab etmir. Belə ki, əgər Zərərçəkmiş şəxs Anar Dadaşzadyə zəng edərək olduğu yeri bildirməsə idi, Təqsirləndirilən şəxs hadisə anlarında onun öz yaşadığı evin yaxınlığında olduğunu bilə bilməzdi. Təqsirləndirilən şəxs göstərmişdir ki, 11 sentyabr 2024-cü ildə hadisədən əvvəl Zərərçəkmiş şəxs onunla telefon danışığı ona görə qeydiyyata alınmamışdır ki, Zərərçəkmiş şəxs onunla «WhatsApp» proqramı ilə danışmışdır. Bundan əlavə, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun 11 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində əvvəlcədən aralarında olan mübahisələrə görə münasibətləri pisləşmiş tanışı Zərərçəkmiş şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicə aldığını öyrəndikdən sonra qisas almaq niyyəti ilə Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib, bu məqsədlə 11 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində özünə məxsus avtomobillə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həyətinə gəlib avtomobilini orada saxladıqdan sonra xəstəxananın inzibati binasının yaxınlığında yerləşən Lənkəran şəhəri Nizami küçəsindəki 88 saylı binanın yan tərəfinə gedərək orada yerləşən bağda ağacların arxasında gizlənib Zərərçəkmiş şəxs binadan çıxmasını gözləyərkən, sonuncunun bağın kənarı ilə xəstəxanaya tərəf getdiyini görüb ağacların arxasından qəflətən çıxıb Zərərçəkmiş şəxs üzərindən çıxardığı bıçaqla (kəsici-deşici alətlə) bir neçə dəfə zərbə vuraraq öldürməyə cəhd etməsi göstərilsə də, həmin xüsusatlar hər hansı sübutla müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı ifadəsində Zərərçəkmiş şəxs xəstəxanada müalicə olunduğunu, onu öldürmək qərarına gəlməsini, bu məqsədlə 11 sentyabr 2024-cü il tarixdə xəstəxananın həyətinə gələrək avtomaşınını xəstəxananın həyətində saxlamasını, ağacların arasında gizlənib Zərərçəkmiş şəxs binadan çıxmasını gözləməsini, sonuncunun bağın kənarı ilə xəstəxanaya tərəf getməsini görərək ağacların arasından çıxıb ona hücum etməsini göstərməmişdir. Eyni ilə həmin xüsustlar Zərərçəkmiş şəxs və digər şahidlərin ifadələri və ya digər sübutlarla da müəyyən edilməmişdir. Müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəstəxanada müalicə olunduğunu bilərək onu öldürmək üçün xəstəxananın həyətinə gəlməsi, Zərərçəkmiş şəxs yaşadığı, xəstəxananın yaxınlığında olan binanın yaxınlığında ağacların arasında gizlənib Zərərçəkmiş şəxs binadan çıxmasını gözləməsi kimi xüsusatlar istintaq orqanı tərəfindən heç bir əsas olmadan ittihama daxil edilmişdir. Əksinə, məhkəmə Təqsirləndirilən şəxs 11 sentyabr 2024-cü il tarixdə saat 22 radələrində evində olduğu zaman Zərərçəkmiş şəxs ona zəng edərək öz evinin yanında olmasını bildirməklə həmin yerə çağırması barədə ifadəsini obyektiv ifadə hesab edir. Çünki Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs zəng edərək olduğu yer barədə məlumat verməklə Anar Dadşzadəni həmin yerə çağırmasa idi, Təqsirləndirilən şəxs onun olduğu yeri bilə bilməzdi. Eyni zamanda Təqsirləndirilən şəxs ittihamda göstərildiyi kimi xəstəxananın yaxınlığında ağacların arasında gizlənib Zərərçəkmiş şəxs binadan nə vaxtsa çıxmasını qeyri-müəyyən müddətə gözləyə bilməzdi. Ola bilərdi ki, Zərərçəkmiş şəxs binadan günlər keçməsinə baxmayaraq həyətə çıxmazdı. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd cinayət tərkibi olmadığından onun əməli CM-nin 29,120.2.9-cu maddəsindən CM-in 29,120.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməsindən sonra Bakı şəhərinə getsə də, 13 sentyabr 2024-cü il tarixdə günorta saatlarında azad və könüllü surətdə yaşayış yeri üzrə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin X12 gələrək törətmiş olduğu cinayəti etiraf etmiş və təqsirini boynuna almışdır. Lakin polis orqanı tərəfindən bu barədə müvafiq qaydada sənədləşmə aparılmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası CM-nin 59.1.9-cu və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, hüquq mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətməsindən bir gün sonra azad və könüllü surətdə polis bölməsinə gedərək təqsirini etiraf etməsi könüllü gəlmə kimi qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən könüllü gəlib təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə CMnin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddətini müəyyən edərkən CM-in 63.3 və 60.1-ci maddələrinin tələblərini nəzərə alır. Belə ki, CM-nin 63.3-cü maddəsinin tələbinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi CM-nin Xususi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. CM-in 60.1-ci maddəsinin tələbinə görə isə cəzanı CM-in 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş yüngülləşdirici hallar mövcüd olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi CM-in Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, CM-in 120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on dörd il müəyyən edildiyindən Təqsirləndirilən şəxs CM-in 29, 120.1-ci maddəsi ilə təyin edilən cəzanın müddəti on dörd ilin dörddə üçündən, yəni 10 il 06 aydan çox ola bilməz. Bundan əlavə, CM-in 60.1-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs təyin edilən cəzanın müddəti CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayətə görə qanunla müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin - 10 il 06 ayın dörddə üçündən, yəni 07 il 10 ay 15 gündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar