Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-184/2022 04.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən) Musayev Aqil Əlisa oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə 25 may 1996-cı ildə Sabirabad rayonu Suqovuşan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sisitemindən istifadə etməklə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 iyun 2021-ci il tarixdə gecə saat 01 radələrində Sabirabad rayonu Bulqalı kəndi ərazisində yerləşən “Qələbə” kafesinə gələrək, həmin kafeni icarə əsasında işlədən, şəxsi və təsərrüfat işlərində kömək etdiyi, lakin aralarında baş vermiş anlaşmazlığa görə bir neçə gün əvvəl onu yanından uzaqlaşdırmış Zərərçəkmiş şəxs ilə görüşmüş, sonuncu ilə, bir neçə dəqiqə əvvəl mobil telefonda ünvanına nalayiq ifadələr işlədib təhqir etməsi səbəbindən mübahisə etmiş, aralarında baş vermiş şəxsi münasibətlər zəminindəki həmin mübahisə zamanı o, üzərində gəzdirdiyi bir tərəfi kəsici, ucu deşici xassəyə malik, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən 3 dəfə vuraraq, sonuncuya qarnın ön sol yan səthində qarın boşluğuna keçməyən bir ədəd, döş qəfəsinin sol yan səthində, sol ön qoltuqaltı xətt üzrə 7-8-ci qabırğa səviyyəsində döş boşluğuna keçməyən bir ədəd yara ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına yüngül, qarnın ön sol yan səthində, sol məmə xətti üzrə 12-ci qabırğa səviyyəsində qarın boşluğuna keçən, nazik bağırsaqları yaralayan yara ilə müşayiət olunan, həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı və həmkəndlisi Zərərçəkmiş şəxs iri buynuzlu heyvan alqı-satqısı ilə məşğul olmuş, o da Yusifin yanında hər dəfə Şəhriyar kəndində yerləşən mal bazarına getmiş və bazarda Yusifə kömək etmişdir. Buna görə Yusif hər dəfə ona 15-20 manat pul vermişdir. Bundan əlavə Yusifin rayonun Bulaqlı kəndində işlətdiyi “Qələbə” adlı kafesində işləyib ona köməklik etmiş, Yusif gündəlik ona 8 manat pul vermişdir. Sonuncu dəfə 2021-ci ilin iyun ayının 10-da Yusiflə birlikdə Şəhriyar kəndində yerləşən mal bazarına getmələri barədə razılaşmışlar. Lakin evdə ailədaxili problemləri olduğundan gecə Yusiflə birlikdə bazara gedə bilməmişdir. Səhərisi gün Yusifin işlətdiyi kafeyə getmiş, Yusif onu oradan qovmuş və danışmasına imkan verməmişdir. Bundan sonra Yusifə heç nə deməmiş və kafedən uzaqlaşmışdır. 13 iyun 2021-ci il tarixdə saat 23 radələrində Yusif ona zəng edərək nalayiq sözlərlə harada olduğunu soruşmuşdur. Yusifə “sənə açot verməliyəm? söyüşsüz, adam kimi danış mənnən” deyə cavab vermiş və Yusif dərhal telefonu söndürmüşdür. Bir neçə dəqiqə keçdikdən sonra Yusif təkrar ona zəng edərək özünün, arvadının və varyoxunun ünvanına nalayiq sözlər işlədərək kafeyə çağırlmışdır. Yusifin söyüşləri ona pis təsir etdiyi üçün evə girib mətbəxdən stolun üzərindən bıçaq götürmüş, bıçağı belinə qoymuş, tanımadığı taksi ilə Yusifin işlətdiyi rayonun Bulaqlı kəndində yol kənarında yerləşən “Qələbə” adlı kafenin qarşısına getmiş, Yusif onun gəldiyini görüb söykəndiyi dirəyin yanından çomağını götürmüş və söyə-söyə onun üzərinə gələrək əlindəki çomaqla bir neçə dəfə onu vurmuşdur. Yusif yenidən onu vurmaq istəyəndə, o, sol əli ilə çomağı tutmuş və sağ əlindəki bıçaqla Yusifin sol tərəfindən 3 dəfə zərbə endirmişdir. 3-cü dəfə bıçaqla vurduqdan sonra əlindəki bıçağı yerə atmış, sonra Yusifin paltarının yaxasından tutub onu özünə tərəf dartdığını görüb yumruqla bir dəfə sifətinin sol tərəfindən zərbə endirmişdir. Daha sonra kənarda olan tanımadığı şəxslər gəlib onları aralamış, oradan uzaqlaşmış və qorxduğu üçün rayonda gizlənmişdir. 14 iyun 2021-ci il tarixdə Sabirabad rayon polis şöbəsinə gəlmiş və axşam tanışını bıçaqla vurub xəsarət yetirdiyini demişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı, məhkəmə baxışı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq sənədləri və protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, heyvan alveri ilə məşğul olur, eyni zamanda “Qələbə” adlı kafeni icarəyə götürüb işlətməklə çörək pulu qazanır, tanışı Təqsirləndirilən şəxs də onun yanında işləmişdir. Kərəm ona həm kafedə, həm evlərinin təsərrüfatında, həm də heyvan alverində köməklik etmişdir. Buna görə ona müəyyən məbləğdə pul vermişdir.10 iyun 2021-ci il tarixdə Şəhriyar kəndində yerləşən mal bazarına heyvan almağa getmiş, lakin həmin vaxt Kərəm onunla gəlmədiyindən, Kərəmə qarşı acıqlı olmuşdur. Kərəm sonradan onun mobil telefonuna zəng etsə də, həmin gecə Kərəmin zənglərinə cavab verməmişdir. Səhəri günü, işlətdiyi “Qələbə” kafesinə gələn zaman, Kərəmi həmin kafedə görmüş və acıqlı formada Kərəmə kafeni tərk etməyi, bir daha da gözünə görsənməməyi bildirmişdir. Bundan sonra bir neçə gün Kərəm onunla əlaqə saxlamamış, belə ki, nə kafedə, nə evdə, nə də ki bazarda ona köməklik etməmişdir. 13 iyun 2021-ci il tarixdə təxminən gecə saat 23 radələrində Kərəmə zəng edib harada olmasını soruşmuşdur. Kərəm ona telefonda kobud cavab vermiş və ona açot vermək məcburiyyətində olmadığını demiş, daha sonra zəng edib Kərəmi işlədiyi kafeyə çağırmışdır. Kərəm də bir necə dəqiqəyə kafeyə gəlmiş və onun üstünə hücum edərkən Kərəmin əlində bıçaq olduğunu görmüşdür.Bıçaqdan özünü qorumaq üçün ağacla Kərəmin boyun nahiyəsinə bir neçə dəfə vurmuşdur. Həmin vaxt Kərəm onun qarın və sol yan tərəfinə 3 dəfə bıçaq zərbəsi vurmuş sonra əlindəki bıçağı yerə atmış və qaçıb getmişdir. Sonra Şirvan şəhər mərkəzi xəstəxanasına aparılmışdır. Hazırda Kərəmi bağışlayır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, Kərəmlə barışmışdır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış,ona qarşı hər hans bir iddiası, şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 iyun 2021-ci il tarixdə saat 23 radələrində tanışı X3 kəndində işlətdiyi “Qələbə” adlı kafe yemək yeyərkən birdən Kərəm əlində bıçaq kafeyə daxil olmuş, Yusif yerdən ağac götürüb Kərəmin boynundan bir neçə dəfə vurmuş, həmin vaxt Kərəm əlindəki bıçaqla Yusifin qarın nahiyəsindən bir neçə dəfə vurmuş, sonra bıçağı kənara tullayıb oradan qaçmışdır. Yusifin qarın nahiyəsindən qan gəldiyini görüb Mahir birlikdə Yusifi əvvəlcə Sabirabad rayon mərkəzi xəstəxanasına, oradan da təcili tibbi yardım avtomobili ilə Şirvan şəhər mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Kərəm onun doğma oğludur. Yusiflə oğlu Kərəmin münasibətləri həmişə yaxşı olmuş, oğlu Kərəm Yusifin həm evin təsərrüfat işlərində, həm mal bazarına alverə gedəndə, həm də Yusifin icarəyə götürdüyü “Qələbə” adlı kafedə ona köməklik etmişdir. 14 iyun 2021-ci il tarixdə gecə saat 02 radələrində Yusifin atası Böyükxan onun mobil telefonuna zəng edərək, Kərəmin Yusifi bıçaqla vurmasını, Yusifin də Şirvan şəhər mərkəzi xəstəxanasında olmasını bildirmişdir. O da dərhal evdən çıxıb, öz avtomobili ilə Şirvan şəhər mərkəzi xəstəxanasına getmişdir. O, xəstəxanaya gedəndə artıq Yusifi əməliyyat etmişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 371 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-qarnın ön sol yan hissəsində, sol məmə xətti üzrə 12-ci qabırğa səviyyəsində, qarın boşluğuna keçən, nazik bağırsaqları yaralayan bir ədəd yara, həmin proyeksiyada qarın boşluğuna keçməyən bir ədəd yara, döş qəfəsinin sol yan səthində sol ön qoltuqaltı xətt üzrə döş boşluğuna keçməyən bir ədəd yara, cəmi üç ədəd yaralar kəsici-deşici alətin-bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2021-ci il tarixə uyğundur. Qeyd edilmiş qarnın ön sol yan səthində, sol məmə xətti üzrə 12-ci qabırğa səviyyəsində qarın boşluğuna keçən yara, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Digər iki ədəd yara-qarnın ön sol yan səthində qarın boşluğuna keçməyən bir ədəd yara və döş qəfəsinin sol yan səthində, sol ön qoltuqaltı xətt üzrə 7-8-ci qabırğa səviyyəsində döş boşluğuna keçməyən bir ədəd yara isə ayrı-ayrılıqda dərəcəsinə görə sağmalığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmdə tədqiq edilmiş və iş materillarında olan ambulator-məhkəmə psixiatrik ekspertizasının 18 dekabr 2021-ci il tarixli 3015 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-ballistik –trasoloji ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 3/1817 və 3/1818 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir.Tədqiqata təqdim edilmiş köynəyin və maykanın üzərində rəyin təqdqiqi hissəsində təsvir edilən zədələr vardır. Köynəyin və maykanın səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (məs: bıçaq və ya bənzər xassəli alətin) təsirindən yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin, təqdim olunmuş köynəyin və maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən, həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim edilmiş şalvarın üzərində trasoloji zədə yoxdur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 14 iyun 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Sabirabad rayonu Bulaqlı kəndində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi kafedə baş vermişdir. İş materiallarında olan 24 dekabr 2021-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 6-cı bəndinə əsasən hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olan bir ədəd köynək, bir ədəd mayka və bir ədəd şalvar, eyni zamanda, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində tanışı Zərərçəkmiş şəxs qəsdən qarın nahiyyəsində 3 bıçaq zərbəsi vuraraq həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməsi təsdiq olunur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsi nəticəsində ən mühüm dəyərlərdən biri olan insan sağlamlığına həyat üçün təhlükəli olan zərər vurulur. Bu cinayətin obyekti insanın sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətdir. Təqsirləndirilən şəxs hadisə vaxtı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq söyüşlər işlətməsini digər üsullarla, yəni ona əhəmiyyət vermədən də hadisə yerindən uzaqlaşmaqla ağır nəticələrə səbəb olmayan hər hansı bir ictimai təhlükəli əməl törətmədən də ala bilərdi. Lakin o, bunu etməyərək cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs qarın nahiyəsinə 3 bıçaq zərbələri yetirməklə başqa şəxsin sağlamlığı üçün təhlükəli olan əməl törətdiyini dərk etmiş, bunun həmin şəxsin sağlamlığına ağır zərər vuracağını qabaqcadan gömüş, belə zərərin vurulmasını arzu etmişdir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən, onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli “ağır cinayət” növünə aiddir. Həmin maddənin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli qətnamədən görünür ki, Təqsirləndirilən şəxs hər ay 9 yanvar 2019-cu il təvəllüdlü qızı Rüqayyə Abbasovaya yetkinlik yaşına çatanadək sabit pul məbləğində 130 manat aliment ödəyir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.12 -ci maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8 və 59.1.10-59.1.13-cu maddələrində göstərilən cəzanı yüngülləşdirən hallar olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qanunverici CM-nin 60-cı maddəsinin tətbiqi üçün həmin məcəllənin 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulan halların mütləq qaydada məcmu halında mövcud olmasını şərtləndirmir, təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq bu maddələrdə nəzərdə tutulan halların müstəqil olaraq tətbiqini də mümkün edir. Ona görə də, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddəti 8 ilin dörddə üçündən, yəni 6 ildən artıq ola bilməz. İş materiallarında olan «cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 14 iyun 2021-ci il tarixdən məhdudlaşdırılmaqla Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 16 iyun 2021-ci il tarixdə həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həmin gün Sabirabad Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məhkmuluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası “ümumi rejimli” cəza çəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 iyun 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, “İnsan Hüquqlarının və X1 Haqqında” Konvensiyanın 5-ci maddəsinin tələblərinə əsasən, “tutulmuş və ya həbsə alınmış hər kəs dərhal hakimin yanına gətirilir və ağlabatan müddət ərzində məhkəmə araşdırılması hüququna malikdir. Tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, “təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığınını faktiki məhdudulaşdırıldığı........andan hesablanmalıdır (mad. 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir” (mad. 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs azadlığı faktiki oalarq 14 iyun 2021-ci il tarixdən məhdudlaşdırılmışdır. Barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olub hazırda Sabirabad RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd mayka və bir ədəd köynək, eyni zamanda bir ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir İş üzrə məhkəmə məsrəfləri - ekspertiza xərci 150 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 - 349, 351, 353, 356, 358, 381, 383 - 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 iyun 2021-ci il tarixdən hesablansın. Kərəm Abbsov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olub hazırda Sabirabad RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvar, bir ədəd mayka və bir ədəd köynək, eyni zamanda bir ədəd hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə məsrəfləri - ekspertiza xərci 150 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya protesti və ya apelyasiya şikayəti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-184/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-184/2022
04.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver