Məhkəmə qərarları › İş №1(099)-185/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-185/2022

25.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-185/2022 25.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X6 iştirakı ilə, xx xxxx 1994-cü ildə Sabirabad rayonunun Bulduq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 1 (bir) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 11 yanvar 2021-ci ildə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün satış məqsədi ilə külli miqdarda, yəni 3120,26 qram təmiz çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq Sabirabad rayonunun Bulduq kəndində yerləşən, dayısı X2 məxsus yaşayış olmayan evinə gətirib, evin birinci mərtəbəsindəki otaqda saxlamış, 09 yanvar 2021-ci ildə saat 17 radələrində Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri ilə bağlı İraqəm Həsənova məxsus evə, həyətyanı sahəyə və həyətdəki yardımçı tikililərə baxış keçirilən zaman, evin birinci mərtəbəsindəki otaqda qeyd olunan narkotik vasitədən 01 ədəd ağ rəngli polietilen torbada 140 qram, 01 ədəd qarışıq rəngli polietilen torbada 120 qram, 01 ədəd göy rəngli polietilen torbada 855 qram, 1 ədəd dəmir qabda qara rəngli polietilen torbaya qablaşdırılmış halda 250 qram, 1 ədəd taxta yeşikdə narıncı rəngli polietilen torbaya qablaşdırılmış halda 1755 qram, üzərində isə 1 ədəd bükümdə 0,26 qram, ümumilikdə isə, külliq miqdarda- 3120,26 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2020-ci ilin sentyabr ayında yaşadığı Bulduq kəndindən keçən su kanalının kənarında yabanı halda bitən bir ədəd çətənə bitkisinin hissələrindən yığıb qurudaraq öz istifadəsi üçün dayısı İraqimə Həsənova məxsus yaşayış olmayan evinə gətirmiş, 09 yanvar 2020-ci ildə saat 12 radələrində bacanağı Fariz və həmkəndlisi Rüfətlə birlikdə dayısının həyətində ağac budayarkən rayon polis şöbəsinin əməkdaşları həyətə gələrək evdə narkotik vasitə olması barədə məlumat əldə etdiklərini deyərək evə baxış keçirəcəklərini bildirmiş, hal şahidlərinin iştirakı ilə evə baxış keçirilmiş, baxış zamanı üzərində və evin birinci mərtəbəsində yaşayış olmayan otaqda 3 ədəd sellofan torbada, 1 ədəd taxta yeşikdə və 1 ədəd dəmir qabda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, sorğu-sual zaman həmin narkotik vasitələrin ona məxsus olduğunu, öz istifadəsi məqsədi ilə saxladığını polis əməkdaşlarına bildirmiş, aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüş, sonra protokol tərtib edilərək hal şahidləri, polis əməkdaşları və onun tərəfindən imzalanmışdır. Hazırda himayəsində Qarabağ Müharibəsinin veteranı olmaqla İİ qrup əlil olan atasının, xəstə anasının, heç bir yerdə işləməyən arvadının və 1 azyaşlı uşağının olmasını, heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamasını, narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Sabirabad rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 Elsəvər oğlu şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 09 yanvar 2021ci ildə Sabirabad rayonu Bulduq kənd sakini Təqsirləndirilən şəxs həmin kənddə dayısı İraqəm Həsənova məxsus yaşayış olmayan evdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, onlar hal şahidlərinin iştirakı ilə qeyd olunan ünvana getmiş, həyətdə olan 3 nəfər şəxsdən 2 nəfəri onlarıgörüb qaçmış, Təqsirləndirilən şəxs isə həyətdə qalmış, sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə alınmış məlumata əsasən dayısina məxsus həyətə və yaşadığı evə baxış keçiriləcəyi bildirilmiş, baxış zamanı evin birinci mərtəbəsində yaşayış olmayan otaqda 3 ədəd sellofan torbada, 1 ədəd taxta yeşikdə və 1 ədəd dəmir qabda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin ona məxsus olduğunu və öz istifadəsi üçün əldə edərək saxladığını bildirmiş, baxış keçirildikdən sonra aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüş, baxış keçirilməsi ilə bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid5 da Şahid3 Elsəvər oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 09 yanvar 2021-ci ildə saat 17 radələrində rayonun Bulduq kənd sakini Təqsirləndirilən şəxs həmin kənddə yerləşən dayısı İraqəm Həsənova məxsus yaşayış olmayan evinə baxış keçirilərkən orada hal şahidi qismində iştirak etmiş, baxış zamanı evin birinci mərtəbəsində yaşayış olmayan otaqda 3 ədəd sellofan torbada, 1 ədəd taxta yeşikdə və 1 ədəd dəmir qabda narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuş, Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin ona məxsus olduğunu və öz istifadəsi üçün əldə edərək saxladığını bildirmiş, baxış keçirildikdən sonra aşkar edilmiş kütlələr qablaşdırılaraq götürülmüş, baxış keçirilməsi ilə bağlı protokol tərtib edilərək orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 da Şahid7 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan baxış keçirilməsi haqqında 09 yanvar 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Sabirabad rayonunun Bulduq kənd sakini Təqsirləndirilən şəxs iştirakı ilə dayısı X2 məxsus Bulduq kəndində yerləşən yaşayış olmayan fərdi evə baxış zamanı evin birinci mərtəbəsindəki otaqda 01 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi-140 qram, 01 ədəd qarışıq rəngli polietilen torbada təmiz çəkisi-120 qram, 01 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi-855 qram, 1 ədəd dəmir qabda aşkar edilmiş və qara rəngli polietilen torbaya qablaşdırılmış təmiz çəkisi 250 qram, 1 ədəd taxta yeşikdə aşkar edilmiş və narıncı rəngli polietilen torbaya qablaşdırılmış təmiz çəkisi 1755 qram, bundan əlavə Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd bükümdə təmiz çəkisi 0,26 qram olmaqla, ümumilikə 3120,26 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 10 yanvar 2021-ci il tarixli 18/50 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “X2 məxsus evə baxış...” sözləri və imzalar olan 05 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkisi- 250 qr, 120 qr, 140 qr, 855 qr, 1755 qr, ümumi təmiz çəkisi 3120 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs təqdim etmiş olduğu..” sözləri və imzalar olan kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi-0,26 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. X2 məxsus evdən aşkar edilmiş 05 ədəd polietilen torbada olan qurudulmuş marixuana ilə Təqsirləndirilən şəxs təqdim etmiş olduğu 01 ədəd bükümdəki qurudulmuş marixuana eyni tərkiblidir. Həmin narkotik vasitədən 0,12 qram tədqiqata sərf olunmuş, 3120,14 qram qalıq qalmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 01 aprel 2021-ci il tarixli 943 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3120,14 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuana miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalında həbsə alınmalı, saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilməli, oradan da Bakı İstintaq Təcridxanasına etap olunmalıdır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 09 yanvar 2021-ci ildə şübhəli şəxs qismində tutulmuş, 11 yanvar 2021-ci ildə ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2021-ci ilin yanvar ayının 09-dan 11-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 03 (üç) gün ona təyin olunacaq cəzaya hesablanmaqla çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarına əlavə edilmiş 11 yanvar 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxs Əliyev X4 rayonunun Bulduq kəndində qeydiyyatda olmaqla, himayəsində heç bir yerdə işləməyən arvadı, anası və bir azyaşlı uşağı ilə birgə göstərilən ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənd sakini kimi nümayəndəliyin ictimai işlərində yaxından iştirak etmiş, kənd sakinləri arasında nümunəvi davranışı ilə hörmət qazanmış, kəndin toy və yas məclislərində fəal iştirak etməklə zəhmətkeş kənd sakinidir. İş materiallarına əlavə edilmiş AZ 568682 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 16 dekabr 2018-ci ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 14 nömrəli Zona Tibbi-Sosial Ekspertiza Komissiyasının TSE-O AR 03361 nömrəli arayışından görünür ki, X8 Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz İİ qrup əlildir. İş materiallarına əlavə edilmiş 08 noyabr 2019-cu il tarixli “Yanğın haqqında akt”ın surətindən görünür ki, 04 noyabr 2019-cu ildə Sabirabad rayonunun Bulduq kənd sakini X5 məxsus fərdi yaşayış evində yanğın baş vermiş, yanğın nəticəsində yaşayış evi əşyaları ilə birlikdə tamamilə yanaraq məhv edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də atası X3 Qarabağ Müharibəsinin veteranı olmaqla İİ qrup əlil olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadının və xəstə anasının olmasını, həmçinin ailəsinin və valideynlərinin ağır maddi həyat şəraitində yaşamasını (həmin ailəyə məxsus 5 otaqlı mənzil elektrik xətlərində baş vermiş qısaqapanma nəticəsində tamamilə yanaraq məhv olmuşdur), ilk məhkumluğunu, yaşayış yerindən müsbət xarakteriz edilməsini, cəzasını ağırlaşdıran halların olmamasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Eyni zamanda CPM-in 132.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsində saxlanılan və ümumi təmiz çəkisi 3120,14 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Qeyd edilənlərlə yanaşı, Təqsirləndirilən şəxs 31 (otuz bir) manat, 95 qəpik məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 25 fevral 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni 2021-ci ilin yanvar ayının 09-dan 11dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 03 (üç) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 4 (dörd) il, 11 (on bir) ay, 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Lənkəran şəhər-rayon polis şöbəsinə təhvil verilsin, oradan da Bakı İstintaq Təcridxanasına etap olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad rayon polis şöbəsində saxlanılan ümumi təmiz çəkisi 3120,14 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərcləri olan 31 (otuz bir) manat, 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar