Məhkəmə qərarları › İş №1(099)-185/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-185/2023

08.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-185/2023 08.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Lənkəran rayonu, Darquba kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının ortalarında Lənkəran rayonunda satış məqsədi olmadan qanunsuz olaraq ümumilikdə təmiz çəkisi külli miqdar təşkil edən, 06 (altı) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,221 qram, 0,743 qram, 0,973 qram, 1,971 qram, 1,974 qram, ümumi təmiz çəkisi 5,965 qram olan ağ rəngli, kristal formada psixotrop maddə metamfetamini əldə edib, onları Lənkəran rayonu, Darquba kəndində yerləşən yaşadığı evə daşıdıqdan sonra həmin bükümlərdən 0,743 qram, 0,973 qram, 1,971 qram, 1,974 qram psixotrop maddə metamfetamini yaşadığı evdə şkafda gizlədərək saxlamış, qalan 0,083 qram, 0,221 qram çəkidə olan bükümləri isə üzərində saxlayaraq daşımış, bu barədə əməliyyat məlumatları almış Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən 20 iyul 2022-ci il tarixdə saat 19:30 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı sonuncu Lənkəran şəhəri, Fizuli küçəsində, X7 yaxınlığında saxlanılaraq ünvanı ünvan 4irilib üzərində şəxsi axtarış keçirilərkən əynində olmuş şalvarın sol yan cibindən sellofan kəsiklərinə bükülmüş halda 02 ədəd bükümdə 0,083 qram və 0,221 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüş, davam edən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı Lənkəran rayonu, Darquba kəndində yerləşən ona məxsus evə baxış keçirilərkən isə qalan 0,743 qram, 0,973 qram, 1,971 qram, 1,974 qram çəkidə eyni tərkibli psixotrop maddə metamfetamin yaşadığı evdə, şkafda hərəsi 1 ədəd bükümdə, sellofan kəsiyinə bükülmüş halda aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü narkotik vasitələrin istifadəçisi kimi təqsirli bilib, ifadəsində göstərmişdir ki, narkotik vasitələrdən heroindən, eləcədə metamfetamindən istifadə etmişdir. 20 iyul 2022-ci ildə hava limanının yaxınlığında dükandan siqaret alıb çıxarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt üzərində iki ədəd beş manatlıq bükümlər olmuşdur. Həmin bükümlərdə metamfetamin olmuş, öz istifadəsi üçün almışdır. Üzərindən aşkar edilmiş iki ədəd büküm özünə məxsusdur. Daha sonra isə evinə gətirmişlər onu, evdən də 4 büküm aşkar edilmişdir. Həmin vaxt ailəsi atası evində olmuş, evin qapısı bağlı olmuşdur. Yaşadığı evinə getdikdə polis əməkdaşları qabaqcadan ondan açarı alaraq evə girmişlər. Amma evdən çıxan bükümlərdən heç bir məlumatı olmamış, bükümlərin ona aidiyyəti olmamış, həmin bükümlərdən xəbəri olmamışdır. Onu polis əməkdaşları döydükləri üçün həmin bükümlərində ona məxsus olmasını etiraf etmişdir. Barəsində həbs qətimkan tədbiri seçilərkən də bu barədə hakimə heçnə deməmiş, törətdiyi əməli etiraf etmişdir. Törətdiyi əməlindən peşmandır, bir səhvdir eləmişdir, məhkəmədən mümkün qədər ona köməklik edilməsini, barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 8 aydır ki, psixotrop maddə olan metamfetamindən çəkmək üsulu ilə istifadə edir. Təxminən 5-6 gün bundan əvvəl Lənkəran rayonu, Darquba kəndində yaşayan bacanağının qardaşı Seymur adlı şəxsdən bükümünü 25 manata olmaqla şüşə deyilən psixotrop maddə metamfetamin almışdır. Metamfetamini əldə etməkdə məqsədi istifadə etmək olmuşdur. Konkret olaraq neçə bükümdə əldə etdiyini xatırlamır, lakin bükümlər halında əldə etmişdir. Həmin bükümlərdən bir neçəsini istifadə etmiş, qalan hissəsini isə yaşadığı evdə şkafdakı kibrit qutusunda qoymuşdur. Narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmur. 20 iyul 2022-ci il tarixdə, saat 19:30 radələrində evdə qoyduğu metamfetamin bükümlərindən 2 bükümünü götürüb üzərində saxlamış və istifadə etmək üçün evdən çıxaraq münasib yer axtarmağa başlamışdır. Bu zaman Lənkəran şəhəri, Fizuli küçəsində, X7 yaxınlığında küçədə olarkən polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmışdır. Şöbənin inzibati binasında, xidməti otaqlardan birində vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı əynindəki şalvarın sol yan cibindən iki bükümdə şüşə deyilən psixotrop maddə metamfetamini təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi bükümün içərisinə baxış keçirilmiş və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilmiş və başqa qanunsuz əşya aşkar edilməmişdir. Polis əməkdaşlarının onunla keçirdiyi şifahi sorğu-sual zamanı bildirmişdir ki, həmin bükümün içərisində metamfetamin var, ona məxsusdur və həmin bükümü 5-6 gün bundan əvvəl Lənkəran rayonu, Darquba kəndində yaşayan Seymur adlı şəxsdən bükümünü 25 manata almış, bir hissəsini istifadə etmişdir. Bundan başqa yaşadığı evdə də 3-4 büküm metamfetamin vardır. Bundan sonra müdafiəçisi Ədalət Muradov və polis əməkdaşları ilə birlikdə Lənkəran rayonu, Darquba kəndində yerləşən yaşadığı fərdi yaşayış evinə getmişlər. Yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış və videoçəkiliş vasitəsi ilə evə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı evdə ona məxsus olan otaqda, giriş qapısından sağda şkafda saxladığı içərisində metamfetamin bükümləri olan kibrit qutusunu və bir ədəd elektron tərəzini təqdim etmişdir. Polis əməkdaşları tərəfindən təqdim etdiyi kibrit qutusunun içərisinə baxış keçirilmiş və dörd bükümdə metamfetamin aşkar edilmişdir. Aşkar edilmiş bükümlərin içərisinə baxış keçirilmiş və içlərində metamfetamin olması müəyyən edilmişdir. Ona verilən suallara cavab olaraq bildirmiş ki, şöbədə üzərindən aşkar edilmiş metamfetamin evdən aşkar edilmiş metamfetaminin bir hissəsidir. Elektron tərəzini isə metamfetamini çəkərək istifadə etmək üçün özündə saxlamışdır. Polis əməkdaşları tərəfindən ona zor tətəbiq olunmamışdır. Əsəb xəstəliyi var, müalicələr almış, döyüş bölgəsində hərbi xidmətdə olmuşdur. Gün ərzində yüksək çəkidə metamfetamin qəbul edir, qəbul etmədikdə bədənində dözülməz ağrılar olur. Bu səbəbdən metamfetamini yüksək çəkidə əldə etmişdir ki, uzun müddət istifadə edə bilsin. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, orada yazılanlardan məlumatı olmadığını, müstəntiq tərəfindən ona regional şöbədə belə izahat verdiyini bildirdiyini, özünün isə həmin ifadələri oxumandan imza edərək təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, hazırda BNMİnin CBRŞ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etməsi, daşıması, saxlaması və satması barədə əməliyyat məlumatı icraatına daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı tərəfindən şöbə rəisinə məruzə edilmiş, bundan sonra şöbə rəisi tərəfindən imzalanmış əmrə əsasən tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri özü olmuşdur, əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 da qrupun üzvləri olub. 20 iyul 2022-ci il tarixdə saat 19:30 radələrində tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Seyfiyev X4 Beynəlxalq Hava Limanı yaxınlığında hərəkətdə olarkən saxlanılmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Şöbədə, xidməti otaqlarının birində təhqiqatçı Famil Həsənov tərəfindən müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən iki ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və içərisində psixotrop maddə şüşə, yəni metamfetamin olduğunu bildirmişdir. Təqdim edilən sellofan bükümün içərisinə baxış keçirilmiş və ağ rəngli, kristal şəkilli, metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ilə apardıqları şifahi sorğu zamanı bildirmiş ki, təqdim etdiyi bükümlərin içərisində şüşə var, özünə məxsusdur, həmin şüşəni bacanağının qardaşı Seymur adlı şəxsdən almışdır, bir hissəsini istifadə etmişdir, bundan başqa yaşadığı evdə də 3-4 bükümdə narkotik maddə vardır. Bundan sonra baxış keçirilməsindən ötrü Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu, Darquba kəndində yerləşən fərdi yaşayış evinə getmişlər. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmış və baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində ona məxsus otağa daxil olmuş və giriş qapısından sağda yerləşən şkafdan bir ədəd kibrit qutusunu və bir ədə elektron tərəzini təqdim etmişdir. Həmin kibrit qutusunun içərisinə baxıldıqda dörd ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Təqdim edilən dörd bükümdə metamfetaminə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə psixotrop maddə qoyulmamış, ona qarşı saxlanılarkən və polis şöbəsində olarkən heç bir fiziki zor və ya təhdid edilməmişdir, bu barədə bildirdikləri tamamilə yalan və böhtandır. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə, habelə onların prekursorlarını əldə etmə, saxlama, daşıma və satması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Onun ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə icazə verilməsini xahiş etmişdir. (c İ, i.v 5) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6-7) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-dan tutulmuş hesab edilmişdir. (c İ, i.v 14) İşdə olan, xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sol yan cibindən iki ədəd gümüşü bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Həmin 02 ədəd psixotrop maddə metamfetaminin çəkisi 0,38 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi bükümlərin içərisində şüşə var, özünə məxsusdur, həmin şüşəni Lənkəran rayonu, Darquba kəndində yaşayan bacanağının qardaşı Seymur adlı şəxsdən bükümünü 25 manata almışdır, bir hissəsini istifadə etmişdir, bundan başqa yaşadığı evdə də 3-4 bükümdə narkotik maddə vardır. (c İ, i.v 31-34) İşdə olan, Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Lənkəran rayonu, Darquba kəndində yerləşən yaşadığı ünvanda baxış keçirilməsinə heç bir etirazı yoxdur. (c İ, i.v 35) İşdə olan, xx.xx.2022-ci il tarixli baxış və götürmə protokolundan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən 04 ədəd bükümlərdə psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin 04 ədəd psixotrop maddə metamfetaminin çəkisi 5,96 qram olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümlərin içərisində şüşə deyilən maddə vardır, Seymur adlı şəxsdən almışdır, regional şöbədə aşkar edilən kütlələrin bir hissəsidir. Narkotik maddəni çəkib çəkisini bilmək məqsədi ilə elektron tərəzini özündə saxlamışdır. (c İ, i.v 37-39) İşdə olan, məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 19/808 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,083 qram, 0,221 qram, ümumi təmiz çəkisi 0,304 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 04 ədəd bükümdə metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,743 qram, 0,973 qram, 1,971 qram, 1,974 qram, ümumi təmiz çəkisi 5,661 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd elektron tərəzinin üzərində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi....” və “Vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş 04 ədəd bükümdə metamfetaminə bənzər kütlə və 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi....” sözlər və imzalar olan iki ədəd zərfdəki ümumilikdə sayı 6 büküm, ümumi təmiz çəkisi 5,965 qram metamfetaminlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata sərf edildi- 0,24 qram, qalıq-5,725 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c İ, i.v 47-50) İşdə olan, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 iyul 2022-ci ildən hesablanmışdır. (c İ, i.v 80-83) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər Narkoloji Xəstəxanası tərəfindən “ambulator məhkəmə-narkoloji ekspertiza” üzrə verilmiş 22 iyul 2022-ci il tarixli, 801 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs metamfetamindən suiistifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 84) İşdə olan, xx.xx.2022-ci il tarixli, 694 nömrəli Lənkəran Rayonlararası MTE və PA Zona Mərkəzi tərəfindən verilmiş tibbi rəydən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. (c İ, i.v 86-87) İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli qərarından görünür ki, BNMİ-nin CBRŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 əməliyyataxtarış tədbirinin həyata keçirilməsi haqqında 20 iyul 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (c İ, i.v 90) İşdə olan, xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 117-118) İşdə olan, məhkəmə mühəndis-texniki ekspertizasının xx.xx.2022-ci il tarixli 10/7445 №-li rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş İtem No. Mini-100 markalı elektron tərəzinin işlək vəziyyətdə olmadığı müəyyən edildi. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. (c İ, i.v 142-145) İşdə olan, 30 noyabr 2022-ci il tarixli maddi sübut qismində tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ekspertizadan qaytarılmış 06 ədəd bükümdə, ümumi təmiz çəkisi 5,725 qram metamfetamin və şəxsi axtarış və baxış aparılarkən qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd CD disk maddi sübut kimi tanınmış, metamfetamin saxlanılmasından ötrü Lənkəran ŞRPŞ-nin saxlama kamerasına təhvil verilmiş, 02 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. (c İ, i.v 146- 147) İşdə olan, xx.xx.2022-ci il tarixli Lənkəran şəhər İHB-nın Kərgəlan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Darquba kəndində evi vardır, orada yaşayıb, ailə tərkibi arvadından ibarətdir, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (c İ, i.v 161-162) İşdə olan, xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə başlanılmış cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş, Təqsirləndirilən şəxs metamfetamin əldə etdiyi X2 barəsində ayrı icraata material ayrılmış və araşdırmasının davam etdirilməsi qərara alınmışdır. (c İ, i.v 181-188) İşdə olan, xx.xx.2023-cü il tarixli Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq Təcridxanasına gətirilmiş və ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. (c İİ, i.v 56-60) Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: saxlanılarkən üzərində iki bükümdə şəxsi istifadəsi üçün metamfetamin olmuş, lakin yaşadığı evdən aşkar edilmiş dörd ədəd bükümdə metamfetaminin ona aidiyyəti olmamış, evində heç bir narkotik vasitə və qanunla qadağan edilmiş əşya və ya predmet olmamış, dörd ədəd bükümdə metamfetamin polis əməkdaşları tərəfindən yaşadığı evə qoyulmuş, polis əməkdaşları tərəfindən ona fiziki təzyiqlər, pis rəftar edildiyi üçün həmin bükümlərin özünə məxsus olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, pisə rəftara və təhdidlərə məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda o, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə, eləcədə baxış və götürmə istintaq hərəkətləri zamanı təhqiqatçı tərəfindən verilmiş suallara cavab olaraq söyləydiyi səsli nitqində üzərindən və yaşadığı evdən aşkar edilmiş metamftamin bükümlərini bacanağının qardaşı Seymur adlı şəxsdən bir bükümünü 25 manata olmaqla aldığını, yaşadığı evdən aşkar edilmiş metamfetamin bükümlərinin də üzərindən aşkar edilmiş metamfetamin bükümlərinin bir hissəsi olduğunu, saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini, zor tətbiq edilmədiyini, bu barədə şikayət və tələbinin olmadığını bildirmiş, eyni zamanda onun saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini, yaşadığı evə psixotrop maddə qoyulmadığını bildirmişlər. Eyni zamanda məhkəmə tərəfindən verilmiş müvafiq sorğu əsasında Bakı İstintaq Təcridxanasından daxil olmuş cavab məktubundan və tibbi kitabçanın kserosurətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadələrin məhz fiziki təzyiq, pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, pis rəftara məruz qalması ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar, yaşadığı evdən aşkar edilmiş dörd ədəd bükümdə psixotrop maddə metamfetaminin ona aidiyyətinin olmaması, həmin maddənin evinə polis əməkdaşları tərəfindən qoyulması, daha sonra ona fiziki təzyqilər, pis rəftar edilməsi və nəticədə rəsmiləşdirilməsi məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 55-57), xx.xx.2022-ci ildə təqsirləndirilən şəxs (cild İ – i.v. 72-74) qismində verdiyi ifadələrində, Lənkəran Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən verdiyi izahatında (cild İ – i.v. 80-83), eləcə də üzərinə və yaşadığı evə videoçəkiliş vasitəsilə şəxsi axtarış və baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətlərində təqsirləndirilən şəxs üzərindən çıxan iki ədəd bükümdə metamfetaminin özünə məxsus olmasını, saxlanılmamışdan 5-6 gün əvvəl bacanağının qardaşı Seymur adlı şəxsən bükümünü 25 manata aldığını və evində də 3-4 büküm metamfetamin olduğunu, həmin metamfetamin bükümülərinin də üzərindən aşkar edilmiş bükümlərin bir hissəsi olduğunu səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə, pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində üzərindən və yaşadığı evdən aşkar edilmiş psixotrop maddənin ona aid olduğunu bildirmişdir. Bununla yanaşı o, xx.xx.2022-ci ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə üzərindən və yaşadığı evdən aşkar edilmiş psixotrop maddə metamfetaminin özünə məxsus olmasını, daha sonra həmin maddənin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülməsini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məhkum olmasını, əmələindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Habelə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 20 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,725 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş materiallarında olan şəxsi axtarış və baxış istintaq hərəkətləri keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan olan 160 (bir yüz altmış manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 20 iyul 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,725 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq iş materiallarında olan şəxsi axtarış və baxış istintaq hərəkətləri keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-160 (bir yüz altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar