Məhkəmə qərarları › İş №1(099)-186/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-186/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-186/2024 09.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçiləri - Lənkəran Rayon Vəkil Bürosunun Vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə xx xxxxxx 1993-cü ildə Rusiya Federasiyası Krasnoyarsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, 09 avqust 2021-ci ildə Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 20 iyun 2022-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 01 ay 02 gün şərti olaraq vaxtından əvvəl cəzadan azad edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran şəhəri Məhəmməd Əsədov küçəsi ev 17-də qeydiyyatda olmaqla, orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədiyi və ya götürülmədiyi halda 2023-cü ilin iyun ayın əvvəlində Lənkəran şəhəri ərazisində satış məqsədi ilə qanunsuz olaraq bir ədəd sellofan bağlamada təmiz çəkisi 3235 (üç min iki yüz otuz beş) qram külli miqdarda təşkil edən, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib yaşadığı ünvan 1 ünvanında yerləşən evdə gizlətməklə, sonra isə üzərində saxlamaqla daşımış, Lənkəran ŞRPŞ-nın əməkdaşlarının 29 iyun 2023-cü il tarixdə saat 20 radələrində keçirdikləri əməliyyat tədbirləri nəticəsində o, yaşadığı Lənkəran şəhəri Məhəmməd Əsədov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına aparılıb, orada üzərində şəxsi axtarış keçirilərkən əlində tutduğu sellofan bağlamanın içərisindən qeyd olunan çəkidə külli miqdar təşkil edən narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, valideynləri rəhmətə getdikdən sonra Lənkəran şəhəri, Ə.Vahid küçəsində yerləşən evlərini satmışdır. Bacısı isə hazırda ərdədir. Qalmağa yeri olmadığı üçün «Port»da yaşayan əmisigildə yaşamış, fəhləliklə məşğul olub çörəkpulu qazanmışdır. Tutulmamışdan 4 gün əvvəl dayısı Məzahir Əliyevlə mübahisə etmiş, dayısı evini satdığı üçün onu evdən çıxarmışdır. Qalmağa yeri olmadığından əsəbləşib dayısının həyətindən 10 ədəd cücə oğurlamış, dayısı polisə şikayət etmişdir. 28 iyun 2023-cü ildə «Port»da yaşayan əmisigildə olmuşdur. 29 iyul 2023-cü ildə saat 11-12 radələrində Lənkəran şəhərinə gəlmişdir. Həmin gün saat 20 radələrində Lənkəran şəhərində rus qəbirstanlığının yanında polis əməkdaşları tərəfindən saxlanılmış, şöbəyə Səbuhi müəllimin yanına aparılmışdır. Şöbədə dayısının evindən 10 cücə oğurladığını etiraf etmişdir. Sonra ona deyilmişdir ki, bu torbadakı nəşəni öz üzərinə götür, cəzan yüngül olacaq. Nəşənin ona məxsus olmadığını bildirmiş, lakin oğurluq etməsini etiraf etmişdir. Şöbədə ona hədə qorxu gəlmişlər, məcbur olub nəşənin özünə məxsus olduğunu etiraf etmişdir. İstintaq vaxtı verdiyi ifadəsini müstəntiq özü düzübqoşubdur. Müstəntiqin yazdıqları yalandır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, onu dayısı tutdurmuşdur. Heç vaxt narkotikdən istifadə etməmiş, heç kimə narkotik satmamışdır. Ekspertiza zamanı qanından analiz götürülməyib. Şöbədə heç kim tərəfindən döyülməyib. 2021-ci ildə CM-nin 234.1-ci maddəsilə 1 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin iyun ayın ilk günlərində küçədən keçən çayın dənizə tökülən hissəsinin yaxınlığında çay kənarında kol-kosların içində 2 metr hündürlüyündə yabanı halda 2 ədəd çətənə kollarını görüb kolları dartıb yerdən çıxarıb kənara qoymuş, çətənə kollarının yarpaqlarını dərmiş və çay kənarında gizlətmişdir. Çətənə bitkilərinin kökünü və gövdəsini isə çaya atmışdır. Bir neçə gün gedib dərdiyi yarpaqlara baxmışdır. Daha sonra 29 iyun 2023-cü il tarixdə saat 19 radələrində sellofan götürüb həmin yerə getmişdir. Qurutduğu həmin marixuananı sellofana doldurmuş və həmin gün saat 20 radələrində oradan çıxıb evə qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıb şöbəyə aparılmış, üzərinə videoçəkilişlə axtarış keçirilmiş, əlində tutduğu içərisində marixuana olan sellofan bağlamanı, şalvarının sağ yan cibindən bir qutu Bakı siqaretini və bir qutu kibriti təqdim etmişdir. Bağlamada olan marixuana elektron tərəzidə çəkilmiş və çəkisi 3310 qram olmuşdur. Həmin bağlamada olan qurudulmuş marixuana qablaşdırılmış və götürülmüşdür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş istintaq zamanı verdiyi özünün etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, istintaq hərəkətinin protokolları, cinayət işində olan digər sənədlərlə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nın Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis mayoru Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər məhkum olunmuş Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin habelə onların prekursorlarını əldə etməsi, üzərində saxlaması və daşıması barədə məlumat daxil olmuş, əməliyyat qrupu yaradılmış, 29 iyun 2023-cü il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs Lənkəran şəhəri M.Əsədov küçəsində saxlanılaraq şöbəyə aparılmışdır. Müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilmiş, Həsənbala əlindəki göy rəngli bağlamanı, sonra şalvarının sağ yan cibindən 1 ədəd siqaret qutusunu, 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Göy rəngli bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar edilmişdir. Faiq Baxşıyev verilən suallara cavab olaraq bildirmişdir ki, Həsənbalanın üzərinə narkotik qoymamışdır. O saxlanılarkən sellofan paket əlində olmuşdur. Onu şəhər sakini kimi tanımışdır. Oğurluqla bağlı Həsənbalanı şöbəyə aparmamışdır. Paketdə olan kütlə marixuanaya oxşar kütlə olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 30 iyun 2023-cü il tarixli, 19/692 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd zərfdəki 1 ədəd bağlamadakı 1 ədəd bükülüdə təmiz çəkisi: -3235,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 690 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və Opioidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2023-cü il tarixli 642 №-li məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 29 iyun 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan və protokola əlavə olunmuş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan bir sellofan bağlamada 3310 qram narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş, həmin narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu, narkotik vasitə olan qurudulmuş marixuananı Lənkəran şəhəri M.Əsədov küçəsində yerləşən çay kənarında əkilmiş narkotik tərkibli çətənə kolundan dərmiş, bağlamaya yığaraq istifadə etməkdən ötrü götürdüyünü göstərmişdir. İşdə olan əməliyyat tapşırığının cavabından görünür ki, Lənkəran şəhəri M.Əsədov küçəsi ev 17-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə yanaşı onların satışı ilə də məşğuldur. Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi 3235 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı hardan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. 3 oktyabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarın 5 və 6-cı bəndlərinə əsasən 3234,9 qram narkotik vasitə qurudulmuş marixuana, habelə «Şəxsi axtarış və götürmə» zamanı aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Lənkəran ŞRPŞ-yə təhvil verilmiş, disk isə cinayət işinə əlavə edilmişdir. İşdə olan Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının 07 iyul 2023-cü il tarixli, 1086 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda deyildir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünün müdafiəsi üçün dəlillər gətirərək saxlanılan zaman üzərində heç bir narkotik vasitənin olmadığını, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində hədə-qorxuya və təzyiqlərə məruz qaldığı üçün məcbur olub qeyd olunan çəkidə qurudulmuş marixuananın özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi bu dəlillərə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma başlandığı ilk gündən istintaq başa çatanadək izahatında, habelə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması, üzərinə qurudulmuş marixuananın polis əməkdaşları tərəfindən qoyulması ilə bağlı heç yerə şikayət etməmiş, ümumiyyətlə ifadələrində bu xüsusatla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs əlində saxladığı külli miqdarda qurudulmuş marixuananı təqdim edərək özünə məxsus olduğunu səmimi etiraf edir, narkotikin polis əməkdaşları tərəfindən üzərinə qoyulması, hədə-qorxuya və ya təzyiqlərə məruz qalması ilə bağlı müdafiəçinin iştirakı ilə hər hansı bir dəlil irəli sürmür. Eyni zamanda, iş materiallarında olan məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz hədə-qorxu nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları tərəfindən narkotik vasitənin qoyulması ilə bağlı göstərdiyi xüsusat ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə öz xətti ilə yazdığı etirafedici izahatı, habelə verdiyi ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişləri və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlərin olunması və üzərinə narkotik vasitənin qoyulmasına dair gətirdiyi dəlillər əsassız hesab edilməlidir. Bununla da, Təqsirləndirilən şəxs üzərində külli miqdarda – 3235 qram qurudulmuş marixuananın aşkar edilməsi təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitəni qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana narkotik vasitədir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, ona həmin maddədə qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. İşdə olan məhkumluq haqqında tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Rzayev X1 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 01 ay 02 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş və xx.xx.2022-ci ildə cəza müddəti başa çatmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Belə ki, CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə residiv sayılır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Hazırki iş üzrə əvvəllər az ağır cinayət əməli törətdiyinə görə məhkum olunmuş Təqsirləndirilən şəxs iki il keçmədən, məhkumluğu qanunla müəyyən edilmiş qaydada götürülmədiyindən və ya ödənilmədiyindən onun qəsdən CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ağır cinayət əməlini törətməsi cinayətlərin residivini yaradır. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə qənaətbəxş xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yünügülləşdirən halları müəyyən etmədi. Məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. İşdə olan xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Lənkəran Rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29.06. 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, qısa müddət ərzində yenidən qəsdən cinayət əməlini törətmişdir. CM-nin 65.2-ci (residivə görə cəzanın təyin olunması) maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası onun təqsirləndirildiyi CM-nin 234.4.3-cü maddənin son həddinin - 12 ilin yarısından, yəni 6 ildən az ola bilməz. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş 6 ildən az olmayaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. CPM-nin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs in cəzaçəkmə müddətinin əvvəli 29 iyun 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan 3234,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1).Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 29 iyun 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan 3234,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd “CD” disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakimlər: (sədrlik edən) Müşfiq Məmmədov Cəlil Nəbiyev Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar