Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-187/2022 12.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsi - hakim Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər: Səfərli Cavid Şamil oğlu və Nəbiyev Cəlil Cabbar oğlundan ibarət tərkibdə, Ağayev Elmar Sakit oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi uzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə xx xxxx 1980-ci ildə Lənkəran rayonu, Port-İliç (hazırda Liman şəhəri) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə 234.4.3-cü maddəsilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Lənkəran rayonu Liman şəhəri Rəsulzadə küçəsi ev 110 qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs qəsdən ağır cinayət əməlini törətdiyinə görə əvvəllər məhkum olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda tərbiyə və islah olunmayaraq satış məqsədilə məlum olmayan mənbədən əldə etdiyi çətənə toxumlarını 2021-ci ilin aprel ayında, Lənkəran rayonu Liman şəhəri, Rəsulzadə küçəsi ev 109-da yerləşən qonşusu X2 məxsus həyətyanı sahədə qanunsuz olaraq əkmiş, həmin toxumlardan bitən, külli miqdar hesab edilən 170 (yüz yetmiş) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini suvarıb yetişdirərək aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, həmin çətənə bitkilərinin yarpaqlarından külli miqdar hesab edilən ümumi təmiz çəkisi - 4699.321 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edərək satışını həyata keçirmək üçün 03 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri - 5,155 qram, - 4,798 qram, - 4,458 qram; ümumi təmiz çəkisi - 14,321 qramdan ibarət hissələrə bölüb üzərində saxlamaqla daşımış, qalan bir ədəd qara rəngli sellofan torbada - 4685,0 qram çəkidə olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı qonşusu X1 fərdi yaşayış evinin arxasında olan torpaq sahəsindəki plastik qabda saxlamış, 17 sentyabr 2021-ci il tarixdə, saat 06 radələrində polis əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayon, Liman şəhəri, Rəsulzadə küçəsində saxlanılmış, şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən 03 ədəd kibrit qutusunda yuxarıda qeyd olunan çəkilərdə narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra əməliyyat axtarış tədbirlərinin davamı olaraq 17 sentyabr 2021-ci il tarixdə saat 07 radələrində Təqsirləndirilən şəxs qonşusu X2 məxsus fərdi yaşayış evinin arxasında yerləşən toraq sahəsində qanunsuz saxladığı plastik qaba baxış keçirilən zaman bir ədəd qara rəngli sellofan torbada külli miqdarda 4685,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və yaş vəziyyətdə ümumi təmiz çəkisi - 44240,0 qram olan 170 ədəd tərkibində narkotik maddələr (komponentlər) olan çətənə (kannabis) bitkiləri kök üzərində aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2021-ci il sentyabr ayının 16-da gecə vaxtı polis əməkdaşları tərəfindən evində olarkən saxlanılmış və Lənkəran Şəhər-Rayon polis şöbəsinə aparılmışdır. Həmin gecəni polis şöbəsində üçüncü mərtəbədə qalmış və 17 sentyabr 2021-ci il tarixdə saat 7 radələrində qonşuluqda yaşayan Reyhanənin torpaq sahəsinə özünün iştirakı ilə əkib becərdiyi çoxsaylı çətənə kollarına polislər tərəfindən baxış keçirilmişdir. Bakı şəhərində yaşayan qonşusu Reyhanə çox gec-gec evinə gəldiyi üçün torpaq sahəsindən istifadə etməyi ona tapşırmış, həmin həyətdə tərəvəz əkmiş, toyuq cücə saxlamışdır. 2021-ci ilin mart ayının axırlarında aprel ayının əvvəllərində yığdığı toxumları ilk olaraq dibçəklərdə əkib sonra onları qonşusunun evinin arxasındakı kolluqların arasında torpaq sahəsinə keçirmişdir. Bu müddət ərzində əkdiyi çətənə bitkilərinə qulluq etməyə başlamış, onları mütəmadi suvarmışdır. Təxminən 170-dək narkotik tərkibli çətənə bitkisi yetişmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində narkotik olmamışdır. Üzərindən çıxan 3 kibrit qutularda və həyətdə qara rəngli selofan torbada tapılan 4 kq yaxın qurudulmuş marixuana polislər tərəfindən cibinə və həyətə qoyulmuşdur. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona zor tətbiq olunduğundan məcbur qalaraq həmin narkotiklərin özünə məxsus olduğunu bildirmişdir. Özünü narkotik satmaqla təqsirli bilmir, Reyhanın həyətində aşkarlanan əkib becərdiyi 170 ədəd narkotik tərkibli çətənə kolları özünə məxsusdur. Narkotik istifadəçisidir. Heç kimə narkotik satmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ilkin və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai araşdırma dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu etirafedici ifadələri elan olunmuş, həmin ifadələrində o, rayon polis şöbəsində üzərinə şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarımın sağ yan cibində aşkar olunan 03 ədəd kibrit qutusunda olan qurudulmuş marixuananın və yığıb topladığı plastik qabın içərisində saxladığı qara rəngli sellofan torbanın içərisində 4 kq yaxın olan qurudulmuş marixuananın ona məxsus olduğunu etiraf etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməlləri özünün qismən etirafedici ifadələri ilə yanaşı şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ-nin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Lənkəran rayonu Liman şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayış olmayan qonşusunun həyətyanı torpaq sahəsində narkotik xassəli bitkiləri əkib becərməsi, kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 17 sentyabr 2021-ci il tarixdə, saat 06 radələrində Təqsirləndirilən şəxs Lənkəran rayonu Liman şəhəri Rəsulzadə küçəsində saxlanılaraq polis şöbəsinə aparılmış, o, əynində olan şalvarın sağ yan cibindən içərisində qurudulmuş marixuana olan 03 ədəd kibrit qutusunu təqdim etmişdir. Şifahi sorğu sual zamanı bildirmişdir ki, həmin narkotik ona məxsusdur, yaşadığı evin qonşuluğunda və istifadəsində olan həyətyanı sahəsində əkdiyi çətənə bitkilərini qurudulmuş yarpaqlarından yığmışdır. Həmin gün saat 07 radələrində Təqsirləndirilən şəxs qonşusuna məxsus olan Lənkəran rayonu Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 109-a gəlmişlər. Eminin iştirakı ilə həyətə baxış zamanı evin arxasında yerləşən, kolluqlarla əhatə olunmuş torpaq sahəsində bitmiş, hündürlükləri təxminən 70-220 sm hündürlükdə olan 170 (yüz yetmiş) ədəd çətənə kolları aşkar olunmuşdur. Baxışda iştirak edən mütəxəssis aqranom bildirmişdir ki, həmin kollar narkotik vasitə çətənə bitkiləridi və onlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Həmin çətənə bitkilərinin əkildiyi torpaq sahəsinin yanında, plastik qabın içərisində qara rəngli sellofan torbada 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilmişdir. Emin bildirmişdir ki, həmin narkotiki əkib becərdiyi çətənə kollarının yarpaqlarından yığmışdır. Müəyyən edilmişdir ki, Eminin qonşusu Reyhanə Bakı şəhərində yaşadığı üçün evdə yaşayan olmamışdır. Həyətdən istifadə üçün qonşusu ona icazə vermişdir. Buna görə də öz həyəti ilə qonşusunun həyətini ayıran daş hasardan bir neçəsini sökərək ora yol açmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran ŞRPŞ- nın əməkdaşları Şahid2 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 17 sentyabr 2021-ci il tarixdə saat 7 radələrində narkotik maddələr olan bitkiləri kultivasiya edilməsində şübhəli olan Liman şəhər sakini Təqsirləndirilən şəxs qonşusu, Reyhanə Axundovaya məxsus fərdi yaşayış evinin həyətinə keçirilən baxışda hal şahidi qismində iştirak etmişdir. X4 özü də iştirak etmişdir. Həmin evin arxasına keçirilən baxış zamanı oradan 170 ədəd çətənə bitkisi aşkar edilərək, kollar kökündən çıxarılmış, sonra Təqsirləndirilən şəxs əkin sahəsinin yanında plastik qabın içərisində olan qara rəngli sellofan torbanın içərisində 4 kq yaxın qurudulmuş marixuananın olduğunu, onları əkdiyi çətənə bitkilərinin yarpaqlarından yığdığını bildirmişdir. Aşkar olunmuş çətənə bitkiləri qablaşdırılmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 19/934 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş üç ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə...” sözlər və imzalar olan 1 ədəd zərfdə, 3 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi: 5,155 qr; 4,798 qr; 4,458 qram; ümumi təmiz çəkisi 14,321 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi 109№-un evin həyətində əkib becərilən çətənə bitkilərinə bənzər bitkilərin yanında aşkar edilmiş bir ədəd bükümdə marixuanaya bənzər kütlələr.....” sözlər və imzalar olan 1 ədəd torbada təmiz çəkisi 4685,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi Liman şəhərii M.Ə.Rəsulzadə küçəsi 109№-un evin həyətində əkib becərdiyini bildirdiyi 170(yüz yetmiş) ədəd çətənə bitkisinə bənzər bitkilər....” sözlər və imzalar olan 1 ədəd bağlamada ümumilikdə sayı 170 ədəd, hündürlüyü 70-220 sm olan yaş vəziyyətdə ümumi təmiz çəkisi 44240,0 qram molan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis)bitkiləridir. Aqranomun (mütəxəssisin ) rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan əlavə məhkəmə-bioloji ekspertizasının 11 mart 2022-ci il tarixli 19/305 N-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus marixuanalar...” sözlər və imzalar olan 1 ədəd kisədəki, 1 ədəd torbada təmiz çəkisi-4684,98 qram və 1 ədəd zərfdəki, 3 ədəd kibrit qutularında ümumi təmiz çəkisi:-14,261 qram olan marixuanalar, xarici görünüşlərinə və tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus 170 ədəd çətənə bitkiləri Rəy №-19/934...” sözlər və imzalar olan 01 ədəd bağlamada ümumlikdə sayı 170 ədəd olan çətənə bitkiləri, xarici görünüşlərinə və tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus marixuanalar...” və “Təqsirləndirilən şəxs məxsus 170 ədəd çətənə bitkiləri...” sözlər və imzalar olan bir ədəd kisədəki marixuanalar və bir ədəd bağlamadakı 170 ədəd çətənə bitkiləri, tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarına əlavə olunmuş məhkəmə narkoloji ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 1014 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan əməliyyat tapşırığının cavabından görünür ki, Lənkəran rayon Liman şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 110-da yaşamış Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olmaqla yanaşı həm də, o, narkotik vasitələrin satışını həyata keçirməsi ilə məşğul olmuşdur. İş materiallarında olan mütəxəssis rəyindən görünür ki, əkilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin münbit torpaqda hər birinin boyu 70-220 smdir. Həmin bitkilərin toxumu aprel ayının sonlarında dibçəkdə əkilərək sonradan torpağa əkilmişdir, həmin çətənəyəbənzər bitkilərə aqrotexniki qaydada qulluq edilmiş, dibləri yumşaldılmış, gübrələnmiş, mütəmadi olaraq suvarma işləri aparılmışdır. Məhkəmə həmçinin, iş materiallarında olan 17 sentyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” və “baxış keçirilməsi və əşyanın götürülməsi” haqqında protokolları iş üçün əhəmiyyət kəsb edən sübut kimi qəbul edir. İş materiallarında olan Lənkəran rayonlararası psixiatriya xəstəxanasının arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada hər hansı bir diaqnozla qeydiyyatda durmur. 30 noyabr 2021-ci il tarixli qərarla 03 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 14,321 qram narkotik vasitə qurudulmuş marixuana, bir bağlamada təmiz çəkisi 4699,241 qram narkotik vasitə qurudulmuş marixuana, 170 ədəd, yaş vəziyyətdə təmiz çəkisi- 44239,72 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri və 1 ədəd DVD disk maddi sübut kimi tanınmş, qurudulmuş marixuana və 170 ədəd çətənə bitikləri saxlanlıması üçün Lənkəran ŞRPŞ-yə təhvil verilmiş, DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Təqsirləndirilən şəxs məhkəmə istintaqında üzərində olan kibrit qutusunda və qara rəngli sellofan torbanın içərisində olan qurudulmuş marixuananın ona məxsus olmaması, həmin narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulduğu, polis əməkdaşları tərəfindən ona qarşı təzyiq və zor tətbiq olunmasına dair ifadəsində göstərdiyi xüsusatlara məhkəmə tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 VƏ 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşakar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs, istər onun vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlıvaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş və eyni zamanda Təqsirləndirilən şəxs özü bu halı hər hansı bir dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs saxlanıldıqdan üç gün sonra tibbi müayinədən keçirilmiş, məhkəmə tibbi ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 929 saylı rəyinə əsasən bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Təqsirləndirilən şəxs barəsində Lənkəran Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilərkən keçirilən qapalı məhkəmə iclasında izahatında göstərmişdir ki, narkotik vasitələri kultivasiya etməsinə səbəb onun maddi imkansızlığı olmuşdur. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici izahat, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində və çətənə kollarını əkdiyi torpaq sahəsindəki plastik qabın içərisində saxladığı qara rəngli sellofan torbanın içərisində olan qurudulmuş marixuananın ona məxsus olmaması ilə bağlı göstərdiyi xüsusat şəxsi axtarış və götürmə aparılması, baxış keçirilməsi və əşyanın götürülməsi haqqında istintaq hərəkəti protokollar, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla tam təkzib olunur. Belə ki, məhkəmə baxışında dindirilmiş şahidlər Təqsirləndirilən şəxs üzərində və torpaq sahəsində narkotik vasitə qurudulmuş marixuananın aşkar olunduğunu, həmin marixuananı əkib becərdiyi və yetişdirdiyi çətənə bitkilərinin yarpaqlarından hazırladığını bir daha israrla təsdiq etmişlər. Bununla yanaşı Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində polis əməkdaşları tərəfindən üzərinə və torpaq sahəsindəki plastik qabın içərisində olan qurudulmuş marixuanının qoyulması ilə bağlı fikir ifadə etməmişdir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi etirafedici izahatını, ifadələrini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. İşin faktiki halları, o cümlədən əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, həmçinin heç yerdə işləməyən Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməsi, külli miqdarda qurudulmuş marixuananın aşkar edilməsi və işin digər halları təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan qurudulmuş marixuana narkotik vasitədir. Marixuanan 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramı və ya ondan artıq hissəsi isə külli miqdar hesab olunur. Həmin Siyahıya əsasən qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin 15 ədəddən yuxarısı külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır». Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda əkib yetişdirməklə kultivasiya etməsi və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri hazırlayaraq əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs CM-nin qeyd olunan maddələrlə təqsirli bilinərək, cəzalandırılmalıdır. 17 sentyabr 2021-ci il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət törətməsində şübhəli şəxs qismində tutulmuş, 18 sentyabr 2021-ci il tarixdə CM-in 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Lənkəran Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, 10 il müddətə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə azadlqıdan məhrum etmə cəzası 08 il 06 aya endirilmiş və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gündən 6 il keçmədən, yəni məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət əməlini törətməsi həmin Məcəllənin 18.2.2-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi sayılır. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə kafi xarakerizə olunur (barəsində şikayət daxil olmamış, ictimai işlərdə fəal iştirak etməmişdir). İş materiallarında olan AZ-İİ 648577 №li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16 mart 2011-ci il təvəllüdlü (11 yaş) Ramin adında azyaşlı oğul övladı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.4.3 və 237.2.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 234.4.3-cü maddəsində beş idən on iki ilədək, 237.2.3-cü maddəsində üç ildən səkkiz ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar törətdiyi cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bunun nəticəsində əhalinin sağlamlığını təhlükə altına alır, insan sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən hallara gəldikdə isə məhkəmə belə nəticəyə gəlir ki, o, əvvəllər ağır cinayət əməlini törətdiyinə görə məhkum olunmasına baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən ağır cinayətləri törətməkdə davam etmişdir. Bu bir daha onu göstərir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olan şəxsdir və islaholunmazdır. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzası və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq cəza ittiham olunduğu maddələrdə müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan 03 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 14,321 qram narkotik vasitə qurudulmuş marixuana, bir bağlamada təmiz çəkisi 4699,241 qram narkotik vasitə qurudulmuş marixuana, 170 ədəd, yaş vəziyyətdə təmiz çəkisi-44239,72 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfləri olan (ekspertiza xərci) 100 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 234.4.3-cü maddəsilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 237.2.3-cü maddəsilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə qəti olaraq ona 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 17 sentyabr 2021-ci ildən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narokmaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Lənkəran ŞRPŞ-də saxlanılan 03 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 14,321 qram narkotik vasitə qurudulmuş marixuana, bir bağlamada təmiz çəkisi 4699,241 qram narkotik vasitə qurudulmuş marixuana, 170 ədəd, yaş vəziyyətdə təmiz çəkisi - 44239,72 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-187/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-187/2022
12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver