Məhkəmə qərarları › İş №1(099)-188/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-188/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-188/2024 25.01.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1970-ci ildə Sabirabad rayonunun Yaxa-Dəllək kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Şirvan şəhəri, Xəqani küçəsi ev 20, mənzil 5də qeydiyyatda olmaqla Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yaşayan və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımış, habelə qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda-435,20 qram narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, saxlayıb, daşıyaraq yaşadığı Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində bir ədəd plasatik qabın (vedrənin) üçərisində gizlədib saxlamış, habelə əldə etdiyi əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını 2023-cü ilin mart ayının əvvəllərində yaşadığı Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində torpağa, həmin toxumlardan torpaqda yetişmiş çətənə (kannabis) bitkilərinin şitillərindən 30 ədəd şitil torpaqda qalmaqla, qalan şitilləri torpaqdan çıxarıb qablara köçürməklə-dəmir vedrələrin hər birində 03 ədəd olmaqla cəmi 09 ədəd, plastik qabların birində 02 ədəd, digər 08 ədədinin hər binində 01 ədəd olmaqla cəmi 10 ədəd, ümumilikdə külli miqdarda-49 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin şitillərinə aqrotexniki qaydada qulluq etməklə kultivasiya etmişdir. Daxil olmuş əməliyyat məlumatına əsasən Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 27 mart 2023-cü il tarixdə, saat 21 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı, Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış zamanı həyətyanı sahədə bir ədəd plastik qabın (vedrənin) içərisində 4 ədəd bükümdə, ayrı-ayrılıqda 10,20 qram, 135,18 qram, 123,42 qram və 66,52 qram olmaqla cəmi-435,20 qram narkotik vasitə olan qurudulmuş marixuana, habelə həmin yerdə üç ədəd dəmir, doqquz ədəd plastik qabların içərisində və həyətyanı sahədə torpaqda qanunsuz olaraq əkib yetişdirilərək kultivasiya edilmiş külli miqdarda-49 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin şitilləri aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir və ailəsi ilə birlikdə Şirvan şəhəri, Xəqani küçəsi ev 20, mənzil 5-də qeydiyyatda olmaqla Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yaşayır, xeyli müddətdir ki, vərəm xəstəsidir və hazırki vaxtadək vərəm xəstəliyindən əziyyət çəkir, rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi qaydada təsərrüfat işləri ilə məşğul olmuşdur. O, 1-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla müharibə veteranıdır, xeyli müddətdir ki, yəni 10 ildən artıq müddətdir ki, “nəşə” adlanan narkotik maddədən (marixuanadan) istifadə etməyə başlamış, narkotiki tanımadığı şəxslərdən alıb istifadə etmişdir. 2022-ci ilin oktyabr ayında yaşadığı kənddə su kanalının kənarında bir ədəd vedrənin içərisində əkilmiş vəziyyətdə bir ədəd çətənə kolu tapmışdır. Marixuana istifadəçisi olduğundan çətənə kolunu yaşadığı evə gətirmiş və bir müddət sonra həmin çətənə kolunu qurudub hissə-hissə istifadə etmiş, həm də çətənə kolunun qurutduğu hissələrini 4 ədəd sellofan bükümlərə yığıb həyətdə olan plastik qabda saxlamışdır ki, lazım olanda oradan götürüb istifadə etsin. Həmçinin bu bitkinin toxumlarını yığıb saxlamışdır ki, şəxsi istifadəsi üçün çətənə kolu yetişdirsin. O, 2023-cü ilin mart ayının əvvəllərində, dəqiq sayını bilmədiyi qədər toxumları yaşadığı evin həyətyanı sahəsində torpağa səpmiş, bir müddət sonra həmin yerdə çətənə kolunun şitillərinin yetişdiyini görmüşdür. Yaxşı yetişmiş şitillərin bir hissəsini torpaqdan çıxarıb üç ədəd dəmir vedrələrin hər birinə 3 ədəd, plastik qablardan birinə 2 ədəd, digər səkkiz ədəd plastik qabların hər birinə isə 1 ədəd olmaqla cəmi 19 ədəd çətənə kolun şitillərini əkmiş, torpaqda 30 ədəd balaca şitillər qalmışdır. 27 mart 2023-cü il tarixdə, gecə saatlarında evdə olduğu zaman, bir qrup polis əməkdaşı həyətinə gəlib yaşadığı evin həyətyanı sahəsində çətənə kolu əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu, evin həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmiş, o da etiraz etməmişdir. Həmin vaxt polis əməkdaşları ondan həyətində çətənə kolu əkib-əkməməsi barədə soruşmuş, o da həyətyanı sahəsində özünün istifadəsi üçün çətənə kolu əkibyetişdirdiyini etiraf etmiş və çətənə kollarını əkdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Sonra polis əməkdaşları, özünün, kənd icra nümayəndəsinin və tanımadığı başqa şəxslərin iştirakı ilə yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyətyanı sahədə olan plastik qabın içərisində 04 ədəd sellofanda qurudulmuş marixuana, bir ədəd sellofan kəsiyinə bükdüyü çətənə bitkisinin yararsız olan xırda quru hissələri, üç ədəd dəmir, doqquz ədəd plastik qabların içərisində və həyətyanı sahədə torpaqda əkilmiş vəziyyətdə olan cəmi 49 ədəd çətənə bitkisinin şitilləri aşkar edilmişdir. Aşkar edilmiş çətənə kolunun şitilləri kökündən çıxarılıb sayılmış, sonra həmin şitillər və marixuana kütlələri polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra sənədləşmə aparılmışdır. O, marixuanadan istifadə etsə də, marixuananın satışı ilə məşğul olmamışdır. Özünün istifadəsi üçün çətənə bitkiləri əkdiyinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin Qaragüney PB-nin əməkdaşıdır. 27 mart 2023-cü il tarixdə polis bölməsinə Sabirabad rayonunun Yaxa-Dəllək kənd sakini Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkib-becərməsi, narkotik vasitələrin istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün axşam saat 21 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Elxan Həmidov və əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana, Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yerləşən evinə getmişdir. Onlar evin həyətinə daxil olduqdan sonra müstəntiq Elxan Həmidov Təqsirləndirilən şəxs qanunsuz olaraq çətənə bitkiləri əkib-yetişdirməsi barədə məlumat daxil olduğunu və bu səbəbdən həyətinə baxış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs da baxışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra müstəntiq Elxan Həmidov tərəfindən digər polis əməkdaşları, bir nəfər mütəxəssis-aqronom, Təqsirləndirilən şəxs və hal şahidləri iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəyə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində torpağa, elə həmin yerdə olan dəmir vedrələrin və plastik qabların içərisində əkilmiş vəziyyətdə olmaqla cəmi 49 ədəd çətənə kolunun şitilləri, həmin yerdə olan bir ədəd plastik vedrənin içərisində 4 ədəd bükümdə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Baxışda iştirak edən aqronom aşkar olunmuş həmin bitki şitillərinin çətənə kolu olduğunu və onların aqrotexniki qaydada qulluq edilməklə yetişdirildiyini bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə kollarını istifadəsi üçün əkdiyini, həmçinin aşkar olunmuş marixuana kütləsi özünə məxsus olmaqla istifadəsi üçün saxladığını bildirmişdir. Sonra aşkar olunmuş çətənə şitilləri və dörd ədəd torbada olan marixuana kütlələri qablaşdırılıb götürülmüş, daha sonra keçirilmiş baxışla bağlı sənədləşmə aparılmışdır. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayon Minbaşı kənd icra nümayəndəsi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Minbaşı kənd inzibati ərazisinə (İƏD-nə) daxil olan Yaxa-Dəllək kənd sakini kimi tanıyır. 27 mart 2023-cü il tarixdə, axşam saatlarında Sabirabad RPŞ-nin bir qrup polis əməkdaşları kəndə gələrək Yaxa-Dəllək kənd sakini Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkib-becərməsi barədə məlumat daxil olduğunu və onun həyətinə baxış keçirilməsində hal şahidi kimi iştirak etməsini, başqa bir nəfərin də hal şahidi kimi iştirak etməsi üçün dəvət olunmasını bildirmişdir. Bundan sonra Minbaşı kənd İcra Nümayəndiliyində mühasib işləyən Şahid4 və o, həmin gün gecə saatlarında polis əməkdaşları ilə birlikdə Yaxa-Dəllək kəndində yaşayan Təqsirləndirilən şəxs evinin həyətinə getmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkib-becərməsi barədə məlumat daxil olduğunu və həyətinə baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs da etiraz etməmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs, hal şahidi kimi özünün və Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində torpaqda, orada olan dəmir vedrələrin və plastik qabların içərisinə əkilmiş vəziyyətdə olmaqla cəmi 49 ədəd bitki şitilləri, həmin yerdə olan bir ədəd plastik vedrənin içərisində 4 ədəd bükümdə narkotik maddəyə aid kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş çətənə şitillərini istifadəsi üçün əkib-yetişdirdiyini, həmçinin aşkar olunmuş narkotik maddəyə aid kütlələrin də özünə məxsus olmaqla istifadəsi üçün saxladığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən aşkar olunmuş çətənə şitilləri və narkotik maddəyə aid kütlələr qablaşdırılıb götürülmüş, daha sonra keçirilmiş baxışla bağlı sənədləşmə aparılmışdır. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid4 Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Sabirabad RPŞ-nin Qaragüney PB-nin əməkdaşının 27 mart 2023-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Sabirabad rayonunun Yaxa-Dəllək kənd sakini Təqsirləndirilən şəxs həyətində çətənə bitkiləri əkib-becərməsi, narkotik vasitələrin istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması barədə” 27 mart 2023-cü il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Sabirabad RPŞ-nin İB-nin müstəntiqi Elxan Həmidov tərəfindən polis əməkdaşlarının, Təqsirləndirilən şəxs, aqronom-mütəxəssis Vahid Usubovun və iki nəfər hal şahidlərinin iştirakı ilə Sabirabad rayonunun Yaxa-Dəllək kəndində, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində torpağa, elə həmin yerdə olan dəmir vedrələrin və plastik qabların içərisinə əkilmiş vəziyyətdə olmaqla cəmi 49 ədəd çətənə kolunun şitilləri, həmin yerdə olan bir ədəd plastik vedrənin içərisində 4 ədəd bükümdə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilib qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış fotoşəkillər protokola əlavə edilmişdir. İşdə olan, 27 mart 2023-cü il tarixli “Mütəxəssis rəyi”nə əsasən həmin tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən Sabirabad rayonunun Yaxa-Dəllək kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar edilmiş əkilmiş vəziyyətdə olan 49 ədəd bitkilər çətənə bitkisinin şitilləridir və həmin bitkilər aqrotexniki qaydada qulluq edilməklə yetişdirilmişdir. İşdə olan, məhkəmə-bioloji ekspertizasının 28 mart 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki cəmi 49 ədəd yaş vəziyyətdə ümumi çəkisi-9,97 qram olan bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş şitillərə aqrotexniki qaydada xüsusi qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş, üzərində ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı ...” sözləri yazılmış və imzalar olan polietilen torbadakı 4 ədəd polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri-110,08 qram, 135,18 qram, 123,42 qram və 66,52 qram olmaqla ümumi çəkisi-435,20 qram olan bitki mənşəli kütlələr tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Bir ədəd sellofan kəsiyinə bükülmüş 512 ədəd ümumi çəkisi 125,0 qram olan bitki hissələri (budaqları) çətənə (kannabis) bitkilərinin hissələridir. Ekspertiza tədqiqatından sonra qalıq 512 ədəd çətənə bitkisinin hissələri (124,78 qram) və qalıq qurudulmuş marixuana 435,0 qramdır. Ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 29 sentyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən iş üzrə götürülmüş 512 ədəd bitki hissələri (125,78 qram) çətənə bitkisinin xırda hissələri ekspertiza rəyinə əsasən narkotik tərkibli bitki hissələri olmamasına görə həmin xüsusat üzrə CM-nin 237.2.3-cü maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan, “Maddi sübut kimi tanımaq haqqında” 30 mart 2023-cü il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq 435,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və 49 ədəd çətənə bitkisinin şitilləri və 512 ədəd çətənə bitkisinin hissələri (124,78 qram) iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 27 iyül 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və onun məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1, Şahid3, Şahid4 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini əkmə, yetişdirmə və kultivasiya etməsi, habelə satış məqsədi olmadan qanunsuz olaraq narkotik maddə əldə etmə, saxlama və daşıma cinayətləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adları “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddə narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar 500 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Habelə həmin Qanunun “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər”ə aid İİİ Siyahıya əsasən Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər siyahısına daxil olan “Çətənə növlü bitkilər”in sayı 16 ədəd və ya ondan artıq olduqda olduqda külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 49 ədəd çətənə (kannabis) bitkilərinin (şitillərin) sayı, habelə 435,20 qram narkotik vasitə olan qurudulmuş marixuana külli miqdardadır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini külli miqdarda əkib yetişdirməklə kultivasiya etmiş, habelə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs qtimkan tədbirinin seçilməsinə dair istintaq orqanının vəsatəti təmin edilməmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində dörd ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığın əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Şirvan Apelyasiya Məhkəməsinin 19 aprel 2023-cü il tarixli qərarıı ilə müəyyən edilir ki, Sabirabad Rayon Məhkəməsinin 29 mart 2023-cü il tarixli qərarı ləğv edilərək Təqsirləndirilən şəxs barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Sabirabad Rayon Məhkəməsinin 25 iyul 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qtimkan tədbiri müddətinin uzadılmasından imtina edilib barəsində üç ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş və ev dustaqlığın əvvəli 27 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İşdə olan, Sabirabad rayon Minbaşı kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 25 iyul 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Xəqani küçəsi ev 20, mənzil 5-də qeydiyyatda olmaqla Sabirabad rayonunun Yaxa-Dəllək kəndində yaşayır və yaşayış yeri üzrə müsbət (1-ci Qarabağ müharibəsi iştirakçısı olmaqla yaşadığı ərazidə verilən tapşırıqları yerinə yetirməklə özünü nümunəvi aparmış, ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, 020987 №-li Müharibə veteranı vəsiqəsinin surəti lə müəyyən edilir ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. İşdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin 28 iyul 2023-cü il tarixli və Şirvan şəhər MX PHŞ-nin 14 dekabr 2023-cü il tarixli xəstəlik tarixlərindən çıxarışlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs “Ağciyərlərin ocaqlı vərəmi” diaqnozu ilə xəstədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müharibə veteranı olması və onun hazırda “Ağciyərlərin ocaqlı vərəmi” xəstəliyindən əziyyət çəkməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1 və 237.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdən 19 aprel 2023-cü il tarixədək qətimkan tədbiri ev dustaqlığında, 19 aprel 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək qətimkan tədbiri həbsdə saxlanılması, eləcə də 27 iyul 2023-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək qətimkan tədbiri ev dustaqlığında olması müddətləri azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalında dərhal həbs edilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Sabirabad RPŞ-nin maddi sübutlar otağında saxlanılan 49 ədəd çətənə (kannabis) bitkisinin şitilləri, 435,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və 512 ədəd çətənə (kannabis) bitkisinin hissələri (124 qram) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X1 X2 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi tətbiq edilərək təyin olunmuş cəzaları qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 mart 2023-cü il tarixdən 19 aprel 2023-cü il tarixədək qətimkan tədbiri ev dustaqlığında, 19 aprel 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək qətimkan tədbiri həbsdə saxlanılması, eləcə də 27 iyul 2023-cü il tarixdən 25 yanvar 2024-cü il tarixədək qətimkan tədbiri ev dustaqlığında olması müddətləri azadlıqdan məhrumetmə müddətinə hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 27 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə o, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 435,0 qram narkotik vasitə olan qurudulmuş marixuana, 49 ədəd çətənə (kannabis) bitkisinin şitilləri və 512 ədəd çətənə (kannabis) bitkisinin hissələri (124 qram) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar