Məhkəmə qərarları › İş №1(099)-19/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-19/2023

05.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-19/2023 05.01.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (Cinayət qanunu ilə nəzərdə tutulmuş və cinayət məsuliyyətinə səbəb olan əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilməsi və tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X7, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxs Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Nümayəndə iştirakları ilə, xx.xx.2003-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, Şirvan şəhəri X16 küçəsi ev 26da qeydiyyatda olub həmin ünvanda yaşayan, cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunan və barəsində başqa yerə getəməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair xüsusi icraat materiallarına Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə yəni, “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları” kimi psixi pozuntudan əziyyət çəkməsi ilə əlaqədar öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməməklə və onları idarə etmək iqtidarında olmadan 28 mart 2022-ci il tarixdə saat 00:15 radələrində «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun» 33-cü maddəsinin 4-cü bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə zidd olaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi və etibarnaməsi olmadan «Mercedes Benz 609D Xüsusi T.Y» markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili Fəhlə Qəsəbəsi-Çadırlı- Şirvan avtomobil yolu ilə Salyan rayonu istiqamətində hərəkət etdirərkən həmin yolun Salyan rayonu Pambıqkənd kəndi ərazisindən keçən 22-ci kilometrliyində göstərilən Qanununn 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 98 km/saat sürətlə idarə edərək əks istiqaməti hərəkət zolaqlarını ayıran 1.1 üfüqi nişanlanma xəttini kəsib keçməməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş və nəticədə ehtiyatsızlıqdan piyada X1 başın sağ gicgah nahiyyəsinin hematoması, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə əsası sümüklərinin qapalı sınıqları, sağ döş boşluğuna qansızma, sağ ağciyərin zədələnməsi, sağda İİİ-İV-V qabırğaların, solda İİ qabırğanın qapalı yerindəyişən sınıqları, hər iki göz orbitasının qançırı, sifətin sağ, sağ gicgah, sağ və sol diz qapağı nahiyyələrinin sıyrıqları kimi insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən hadisə yerində ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmiş, bundan sonra Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun» 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən zərərçəkənə ilk tibbi yardım göstərməli olduğu halda bunu etməyərək hadisə yerindən qaçmışdır. İlkin məhkəmə baxışında anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs ifadə verməsi təklif edilmiş, lakin o, işin mahiyyəti üzrə ifadə verməmiş, susaraq danışmamış, verilən sualları cavablandırmayaraq susmuşdur. Beləliklə, onun məhkəmədə dindirilməsi mümkün olmamışdır. Lakin xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclasında anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs verilmiş sualları cavablandırmaq istədiyini bildirərək, məhkəmə iclasında verilmiş suallara cavab vermişdir. İş üzrə ibtidai istintaqın gedişində Təqsirləndirilən şəxs psixi xəstəliyinin olması müəyyən edilmiş, yəni kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs onda qeyd olunan «Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları» xroniki psixi xəstəlik nəticəsində törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığından ittiham olunan əməl barəsində anlaqsız hesab olunmuş və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmuşdur. Qeyd olunanlar, habelə Azərbaycan Respublikası CPM-nin 126.4.1-ci maddəsinə əsasən şəxsin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk edilməsi qabiliyyətinə malik olmadığı səbəbindən onun ifadələrinə sübuti əhəmiyyət verilməsinin qeyri-mümkünlüyü nəzərə alınaraq Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı verdiyi ifadələri sübut kimi məhkəmədə araşdırılmamışdır. Lakin, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verilmiş sualları cavablandırarkən bildirdiyi xüsusatlar da (hadisə günü idarə etdiyi Mercedes Benz 609D Xüsusi T.Y markalı, ** BC *** dövlət nömrə nişanlı avtomobili, yəni evakuatoru artıq aylar əvvəldən sərbəst idarə etməsi, təyinatı üzrə sifarişləri icra etməsi) iş üzrə aşağıda göstərilən sübutlarla birə-bir öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulan ictimai təhlükəli əməli törətməsi və bu əməli anlaqsız vəziyyətdə törətməsi, habelə anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyacın olması məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıda şərh olunan sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 27 mart 2022-ci il tarixdə oğlu Pünhan Şirvan şəhərinə toya getmiş, mart ayının 28-nə keçən gecə toydan çıxmış və Şirvan şəhərindən evə qayıtmışdır. Oğlu Salyan rayonu, Bəşirbəyli kəndində yolun kənarında gəldiyi avtomobildən düşmüş, həmin vaxt övladları qaynatasıgildə olduğundan, ailə üzvlərin oradan götürüb evə gəlmək istəyib. Lakin yol kənarında onun başına bu hadisə gəlib. Həmin vaxt hadisə barədə kənddən eşidənlər olub, hadisə yerinə gedib baxıblar, lakin oğlunu tanıyan olmayıb. Hadisə vaxtı isə orada parnikdə işləyən bir nəfər gözətçi qəza olduğunu görüb. Həmin şəxs qəza yerində bir maşının dayandığını, bir-iki dəqiqə sonra isə çıxıb getdiyinin şahidi olub. Daha sonra gözətçi gəlib yerdə oğlunu görüb, meyidi tanıyıb. Bundan iki-üç saat sonra isə hadisə yerinə polis əməkdaşları gəlib. Polis əməkdaşları hadisə yerindən həmin maşının bufer, nömrə və sağ güzgüsün tapıblar. Sonra isə maşının yiyələrindən kim isə gəlib, oğlunun meyidini Neftçala rayonunda morqa aparıblar. Həmin vaxt isə qudası ilə birlikdə ora getmiş və meyitə baxış keçirəndə onun oğlu X4 olduğunu bilmişdir. Sonra oğlunu təhvil alıb Salyan rayon Pambıqkənd kənd qəbiristanlığında dəfn etmişdir. Barışıqla bağlı maşın sahibinin atası Nurəddin, onun dostu yanına gəliblər. İkinci dəfə isə kənd camaatı vasitəsilə ondan xahiş edib, yasa gəliblər. Oğlunun yeddi mərasimindən sonra isə Bilalı tapıb, onun atası və Nurəddin isə onlara gəlib yas mərasiminin xərclərinə kömək etməyi təklif ediblər. O, isə yalnız baş daşına və oğlunun övladlarına kömək etmələrini istəyib. Nurəddin baş daşına kömək etməyi öhdəsinə götürmüş və etmişdir. Lakin, Bilalın atası nəvələrinə kömək üçün bank kartı verməsini vəd etsədə, daha sonra vədinə əməl etməmişdir. O, gündən isə onları görməmiş, aralarında heç bir barışıq əldə edilməmişdir. İşin tam, düzgün və ədalətli araşdırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında anlaqsız vəziyyətdə cinayət törətmiş şəxsin qanuni nümayəndəsi Nümayəndə şahid kimi verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur, anadangəlmə psixi xəstədir, qıcolmaları var. Camaləddini tanıyır, Camaləddin uzun müddətmiş ki, oğlu Bilalı ələ almış, onu evində işlədirmiş. Artıq vəziyyət o yerə çatmışdır ki, oğlu onlara baxmamış, ailəsini eşitməmişdir. Oğlunun birdəfə Camaləddinə məxsus maşını sürdüyün görmüş, bununla bağlı isə ona iradını bildirmişdir. Hadisə günü gecə saat birə işləmiş, digər uşağını qonşuda çimizdirmək üçün aparmışdır. Həmin vaxt Camaləddin ona zəng vurub bildirmiş ki, özünün də yaxın münasibətdə olduğu Kəmaləgildədirlər, bir nəfər adamı maşınla vurmuşlar, lakin həmin adam ölməyib. Daha sonra Camaləddinin atası ilə özü telefon əlaqəsi saxlamışdır. Onun atası Nurəddinlə birlikdə polis şöbəsinə getmişlər. Orada isə müstəntiqə oğlunun psixi xəstə olması barədə məlumat vermişdir. Oğlu Bilal isə xəstəxanada olarkən bildirmiş ki, hadisə günü maşını Camaləddin sürüb, özü sürməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ona məxus evakuator var. Həmin evakuatoru isə Bilala çörək pulu qazanması üçün vermişdir. Lakin Bilalın sürücülük vəsiqəsinin olmamasını da bilirmiş. Bilalın ailə vəziyyəti pis olmuş, maddi durumları çox aşağı həddə olmuşdur. Bilal isə sürücülük vəsiqəsini alacağına söz vermişdir. Bilal evakuatoru yaxşı idarə edirmiş, sürməyi bacarırmış. Hadisədən təxminən yeddi-səkkiz ay əvvəl Bilal evakuatoru sürüb, sifarişlərə gedirmiş. 2022-ci ilin martın 27-də evakuator qrup olan mobil tətbiqə sifariş gəlmişdir. Həmin sifarişi isə Bilal qəbul etmiş, o zaman ona məxsus evakuator da Bilalın özündə olmuşdur. Bilal gəlib onu evindən götürmüş, birlikdə yola çıxmışlar. Şirvan şəhərindən Hacıoğlu istiqamətinə hərəkətə başlamışlar. Xeyli yol getdikdən sonra bir nəfər şəxsin gəlib yolu keçdiyini görmüşlər. Bilal həmin an əyləci sıxmış, sükanı sola əks istiqamətə çəkmişdir. Lakin qəzadan qaçmaq mümkün olmamış, maşının sağ tərəfi piyadaya dəymişdir. Bundan sonra Bilal dayanmadan maşını sürüb oradan uzaqlaşmışdır. Bilal maşını tanımadığı bir nəfər şəxsin evinə sürmüşdür. Həmin evə çatan kimi isə xahiş etmiş ki, qonşuluqda taksi varsa çağırıb onları hadisə yerinə aparsınlar. Onlar isə bu vaxt taksi tapa bilməyəcəklərini bildirmişlər. Məcbur olub Şirvandan evakutor sürücülərinə xəbər vermiş, eyni zamanda atasına zəng vurmuşdur. Atasına dərhal Pambıqkənd ərazisinə gəlməsini bildirmişdir. Sonra isə qardaşına zəng edərək, aidiyyatı polis əməkdaşına xəbər etməsini bildirmişdir. Bilala demişdir ki, tez qayıdaq hadisə yerinə, lakin Bilal həmin vaxt əsirmiş, özündə olmamışdır. Bu zaman Şirvandan çağırdığı evakuator sürücüsü gəlmiş, Bilalı hadisə yerinə aparmış, özü də hadisə yerinə getmişdir. Hadisə yerinə çatanda çoxlu adamın ora yığışdığını görmüş, polislərin də gəldiyinin şahidi olmuşdur. Daha sonra müstəntiq Bilaldan ifadə almışdır. Sonra isə meyidə yaxınlaşmış, həmin yerdə meyidi tanıyan olmamışdır. Özləri isə meyidi başqa maşına qoyub atası tərəfindən Neftçala rayonunda yerləşən morqa aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Yuxarı Bəşirbəyli kəndində yerləşən istixanada gözətçi işləyir. 27 mart 2022-ci ildə işlədiyi istixanada olan otaqda oturan zaman birdən möhkəmə əyləc səsi eşitmişdir. Həmin səsə otaqdan çölə çıxmış, görmüş ki, bir maşın asta sürətlə hərəkət edir və sonra isə sürətlənərək yoluna davam etmişdir. Maşınla aralarında olan məsafə isə 50-60 metr olmuşdur. Hava soyuq olduğundan içəri otağına qayıtmış və qalın paltar geyinmişdir. Bu zaman orada müdiri demişdir ki, ora çoxlu adamlar yığışıb, get bax gör nə hadisədir. Buna görə otaqdan çıxıb həmin yerə gəlmiş, bir şəxsin öldüyünü görmüşdür. Maşını ilk gördükdə hava qaranlıq olduğundan içirəsindəkiləri görə bilməmişdir. Ölünü isə daha sonra gələndə hadisə yerində görmüşdür. Maşın isə evakuator olmuşdur. Təxminən bir saat, saat yarım həmin yerdə qalmış, hadisə yerinə sonradan evakutorun qayıtdığını görmüşdür. Lakin, ayağı zədəli olduğundan və hava bərk soyuq olduğuna görə yenidən işlədiyi yerin otağına qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, Salyan rayonu, Yolüstü kəndində evində gecə saat birin yarısı yatarkən birdən səs-küyə yuxadan oyanmışdır. Otaqdan çölə çıxdıqda isə görmüşdür ki, Bilal gəlir, onun bir qolundan Camaləddin, bir qolundan isə Şirvan tutub gətirirlər. Bilalı gətirib evdəki divana uzatmışlar. Camaləddin həmin vaxt Bilalın Salyan rayonu, Pambıqkənd ərazisində adam vurduğun demişdir. Camaləddin isə demişdir ki, “gedirəm Şirvan şəhərinə maşının nömrəsin axtaram”. Camaləddinlə Şirvan birlikdə evdən çıxmış, bir-neçə saat sonra isə evə qayıtmışlar, demişdirlər ki, “tapa bilmədik.” Ondan sonra polislər Camaləddinə zəng etmiş, demişlər ki, qayıdın hadisə yerinə və maşını gətirin. Camaləddin isə evdən çıxanda onlara bildirmiş ki, bura gəldiyini heç kimə deməyək. Bilala isə demişdir ki, maşınlarımı satıb səni qurtaracam. Camaləddin gedəndən sonra isə Bilal gecə saat 04:00-a kimi onların evində qalmış, ondan sonra isə özü işə getmişdir. Şirvan ona Camaləddinin maşını sürüb həyətə gəldiyini demişdir. Camal və Şirvan hadisə yerinə birlikdə getmişlər, maşın isə evin arxasında qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə olan günü Salyan rayonu, Yolüstü kəndində olan qayınanasıgilin evində qalmışdır. Ümumiyyətlə, həmin ərazidə çoban işlədiyindən çox vaxt qayınanasının evində qalır, hadisə günə də beş-altı günmüş ki, orada qalırmış. Bilalı uzun müddətdir ki, tanıyır, onunla əlaqəsi vardır. Gecə saat 00:10 radələrində Bilal onun mobil telefonuna zəng etmiş və demişdir ki, maşını əzmişəm, aç qapını içəri salım. Bilalın ona zəng vurduğu nömrəni isə artıq dörd-beş ay olarmış ki, Bilal işlədirmiş. O, da qapıya çıxıb, qapını açdıqda maşını əzilmiş vəziyyətdə görmüş və əli ilə işarə etmiş ki, maşını arxaya versin. Bu zaman maşın evin arxasına verilmiş, sükanda oturan isə Təqsirləndirilən şəxs olmuşdur. Bilal həmin vaxt maşını sərbəst surətdə evin arxasına sürmüşdür. O, qapını açdıqda Bilalın maşını sürdüyünü gözləri ilə görmüşdür. Evdən çölə çıxdıqda isə tək olmuş, daha sonra qayınanası yuxudan oyanmış, ondan sonra isə qaynı Amid yuxudan oyanmışdır. Bilalın yanında isə maşının sahibi Camaləddin əyləşmişdi. Daha sonra onların ikisi də maşından düşüb içəri girmişlər. Bilal içəri girərkən isə halı psiləşmişdir. Lakin maşından düşəndə Bilalın halı özündə olmuş, yolda adam vurduğunu, maşını isə saxlaya bilmədiyini və qorxduğunu ona demişdir. İçəridə oturduqdan sonra isə Bilala su vermişlər, Bilal isə demişdir ki, “maşınla adam vurmuşam”. Daha sonra Camaləddin, Bilal və qaynanası ilə birlikdə hadisə yerinə getmişlər, maşını isə Camaləddin sürmüşdür. Təxminən 40 dəqiqə yolda olmuşlar, yol boyu isə Bilal heçnə danışmamışdır. Camaləddin isə demişdir ki, qəfil adam çıxdı, Bilal isə maşını saxlaya bilməyib, onu vurdu. Bilalın isə həmin evakuatoru Şirvan şəhərində dəfələrlə sürdüyünə şahid olmuşdur. Belə ki, Bilal o maşınla özü tək Yolüstü kəndinə də sürüb gəlmişdir. Hadisədən sonra da Bilalla danışmış, Bilal bildirmişdir ki, hələki məhkəmədədi işi, istintaq gedir, araşdırma gedir. Qaynı Amid hadisə günü Bilal artıq evlərinə girdikdən və ona su verdikdən sonra yuxudan oyanmışdır. İş materiallarında olan DİN Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və təhqiqat şöbəsinin rəisi Vüqar Əhmədov tərəfindən DİN-in BDYPİ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 00:15 radələrində Fəhlə qəsəbəsi- Çadırlı-Şirvan yolunun Salyan rayonu Pambıqkənd kəndi ərazisindən keçən 22-ci kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz 609D Xüsusi T.Y markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə, Fəhlə qəsəbəsi istiqamətinə hərəkətdə olarkən şəxsiyyəti məlum olmayan, 27-30 yaşlarında piyada kişini vurmuş, nəticədə piyada hadisə yerində ölmüşdür. (c 1, i.v 4) İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, yol-nəqliyyat hadisəsi Şirvan şəhəri istiqamətindən Fəhlə qəsəbəsi istiqamətində avtomobil yolunda baş vermişdir. Hərəkət zolaqlarının sayı 2 (iki) hissədən ibarətdir. Hadisənin növü isə piyadanın vurulmasıdır. (c 1, i.v 5-13) İş materiallarında olan xx.xx.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. (c 1, i.v 15) İş materiallarında olan xx.xx.2022-ci il tarixli meyitin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, X10 MTE və PA Birliyi Neftçala rayon şöbəsinin meyitxanasında olan kişi meyitinə baxaraq bildirdi ki, həmin meyit onun oğlu xx.xx.1993-cü il təvəllüdlü Salyan rayonu Bəşirbəyli kəndində qeydiyyatda olan X2r. (c 1, i.v 24) İş materiallarında olan xx.xx.2022-ci il tarixli DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c 1, i.v 32-33) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Şirvan şəhər İHB-nın 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, M.S.ünvan 2 ünvanında qeydiyyatdadır, ailə tərkibi atası (İİ dərəcli əlil), anası, qardaşı və bacısından ibarətdir. Onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (c 1, i.v 35-37) İş materiallarında olan xx.xx.2021-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, Təqsirləndirilən şəxs xəstəliyinə görə hərbi xidmətə yararsız hesab olunub. Suallara cavab vermir. Əsəbidir. Adi bilik ehtiyyatları yoxdur. Bir yerdə qərar tutmur. Anası ilə dalaşır. Diaqnozu yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları. (c 1, i.v 38) İş materiallarında olan xx.xx.2022-ci il tarixli zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınma haqqında qərardan görünür ki, X10 zərər çəkmiş şəxs X1 hüquqi varisi qismində tanınmış və bu barədə ona məlumat verilmişdir. (c 1, i.v 47) İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016-39986-1222 nömrəli məktubdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə sürücülük vəsiqəsi verilməmişdir. (c 1, i.v 57) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmə-kimya şöbəsinin xx.xx.2022-ci il tarixli 1140/k nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. (c 1, i.v 61-63) İş materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 11 №-li rəyindən görünür ki, X1 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər başın sağ gicgah nahiyyəsinin hemotoması, beyin toxumasının əzilməsi, beyinin qişaları altına, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə əsası sümüklərinin qapalı sınıqları, sağ döş boşluğuna qansızma, sağ ağciyərin zədələnməsi, sağda İİİ-İV-V qabırğaların, solda İİ qabırğanın qapalı yerinidəyişən sınıqları. Hər iki göz orbitasının qançırı, sifətin sağ, sağ gicgah, sağ və sol diz qapağı nahiyyələrinin sıyrıqları həyati olub, ölümündən bir qədər əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb başın küt travmasından törənmiş beyin toxumasının əzilməsi, beyin toxumasına, beyin mədəciklərinə qansızmalar, kəllə əsası sümüklərinin sınıqları olmuşdur. P.A.Abbasbəylinin almış olduğu xəsarətlər xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yük maşını piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Mərhum P.A.Abbasbəylinin meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində 2,1% etil aşkar edilmişdir və buda canlı şəxslərdə orta dərəcəli sərxoşluq kimi qiymətləndirilir. (c 1, i.v 64-68) İş materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 15 aprel 2022-ci il tarixli 8/832 nömrəli rəyindən görünür ki, «Mercedes Benz 609D Xüsusi T.Y» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü bəndinin, 37-ci maddəsinin 4-cü hissəsinin, 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 manat təşkil edir. (c 1, i.v 69-72) İş materiallarında olan xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan və qəbzdən görünür ki, cinayət işi üzrə «Mercedes Benz 609D Xüsusi T.Y» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahibinə qaytarılmışdır. (c 1, i.v 73-74) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Salyan Rayonlararası Psixiatriya Xəstəxanasının 25 aprel 2022-ci il tarixli 17 nömrəli arayışından görünür ki, sürücü Təqsirləndirilən şəxs xx.xx.2020 – xx.xx.2020-ci il müddət arası «Davranış pozuntusunun olması və ya zəif dərəcədə təzahür etməsini göstərməklə» diaqnozu ilə adı göstərilən xəstəxanaya stasionar müalicədə olmuşdur. (c 1, i.v 75) İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, yüngül dərəcəli əqli gerilik, davranış pozuntuları ilə, dəqiqləşdirilməmiş ensefalopatiya, Ensefalopatiya, tez-tez huşun itməsi ilə müşahidə olunan qıcolma tutmaları diaqnozu ilə müddətsiz üçüncü dərəcli əlillik verilmişdir. (c 1, i.v 111) İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin qanuni nümayəndə təyin edilməsi haqqında qərardan görünür ki, Nümayəndə Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmış və cinayət prosesində iştirakı təmin edilmişdir. (c 1, i.v 116-117) İş materiallarında olan 08 iyun 2022-ci il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam seçilmişdir. (c 1, i.v 136-137) İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 79 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməli törədənədək və həmin əməlini törədən zaman “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları ilə” kimi psixi pozuntudan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs qeyd edilən psixi patologiya hal hazırda da davam edir. Orta dərəcəli müxtəlif yardım növlərinə möhtac olması ilə səciyyələnən bir patologiyadır. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törədən anda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə münasibətdə anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası JM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs “Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları ilə” kimi psixi pozuntu hal hazırda da davam edir. Buna görədə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi psixi patologiyanın gedişində davranış pozuntularının qabarıq şəkildə ifadə olunması, qıcolma tutmalarının tez-tez təkrarlanması, impulsiv hərəkətlərə meyl etməsi, adi qıcığa qarşı aqressiv şəkildə cavab verməsi və s. əlamətlərin olması səbəbindən onun məcburi müalicəyə ehtiyacının yarandığı müəyyən edilir. Hal-hazırki psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə, öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan vermir. Təqsirləndirilən şəxs qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, primitivlik, məsuliyyətsizlik, impulsivlik, səthilik, başqalarına və özünə qarşı laqeydlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli və psixi inkişafında gerilik əlamətləri özünü biruzə verir (qavrama və yaddaş prosesləri zəifdir, yaddasaxlama mexanikdir, diqqəti dayanıqsızdır, tez yayınır, gec mərkəzləşir, diqqətin həcmi, paylanması normadan aşağıdır, təfəkkürü konkret tiplidir, təhlil-tərkib prsesləri primitiv olmaqla proqnozlaşdırma qabiliyyəti zəifdir. Mühakimələrində səthilik, maraq dairəsinin məhdudluğu, dünyagörüşü, elmi bilikləri və söz ehtiyyatının kasad, intellektual imkanlarının aşağı olması müəyyən edilir). Təqsirləndirilən şəxs cinayət işində olan ifadəsinin təhlilinə görə, o, ona ittiham olunan cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət törədən zaman güclü ruhi həyəcan vəziyyətində (fizioloci affekt) vəziyyətində olmamışdır. (c 1, i.v 169-176) İş materiallarında olan xx.xx.2022-ci il tarixli tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə iş başlanılmışdır. (c 1, i.v 178-179) İş materiallarında olan xx.xx.2022-ci il tarixli Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. (c 1, i.v 182-185) İş materiallarında olan 09 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Şahid1 avtomobili sürücülük vəsiqəsi olmayan Təqsirləndirilən şəxs verib sonuncu yol-nəqliyyat hadisəsi törətdiyi üçün Şahid1 barəsində İXM-nin 335.3-cü maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. (c 1, i.v 186-190) İş materiallarında olan “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 145 saylı təkrar komisyon kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən «Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmalan ilə» formasında kəmağıllıqdan əziyyət çəkmişdir. Halhazırkı ekspertiza zamanı Təqsirləndirilən şəxs «Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları ilə» formasında kəmağıllıq müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs müəyyən edilən «Orta dərəcəli əqli gerilik, davranış pozuntulan və qıcolma tutmaları ilə» formasında kəmağıllıq spesifik intellektual, motor, sosial funksiyaların mənimsənilməsi və icrasında əhəmiyyətli çətinliklərlə müşayiət olunan davranış və idrak pozuntusunda, koqnitiv çatışmazlıqlarda ifadə olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs «Orta dərəcəli əqli gerilik, davranış pozuntulan və qıcolma tutmaları ilə» formasında kəmağıllıq müəyyən edilir. Elmi ədəbiyyatlarda olan məlumatlara əsasən (istinad edilmiş ədəbiyyat siyahısı rəyin sonunda göstərilmişdir) orta dərəcəli əqli gerilik kəmağıllığın uşaqlıqdan nəzərə çarpan inkişaf geriliyi ilə səciyyələndiyi bir formasıdır. Təqsirləndirilən şəxs da tibbi sənədlərə görə kiçik yaşlarından həmin psixi patologiyaya xas əlamətlər müşahidə edilmişdir. Müxtəlif elmi mənbələrdəki məlumatlara əsasən fiziki inkişafın kifayət qədər normal getməsi zamanı orta dərəcəli əqli gerilikdən əziyyət çəkən şəxslər əməyin elementar növlərinə yiyələnməyə qadirdirlər. Onlardan bəziləri gücləri çatan fiziki əməyə maraq göstərir və böyük səylə işləyirlər. Lakin onların işi stereotip xarakter daşıyır və daimi nəzarət tələb edir. Onlar öz fəaliyyətlərini dəyişən şəraitə uyğun olaraq dəyişə bilmirlər. Müstəqil həyata az uyğunlaşır, daimi himayəyə ehtiyac duyurlar. Cinayət işi materiallarının və hal-hazırkı ekspertiza zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili göstərir ki, Təqsirləndirilən şəxs fiziki inkişafı kifayət qədər normal, lakin psixi inkişafı qüsurludur. Orta dərəcəli əqli gerilikdən əziyyət çəkən şəxs olaraq əməyin elementar növlərinə yiyələnməyə qadir olmuş, gücü çatan fiziki əməyə maraq göstərmiş və böyük səylə işləmişdir. Ancaq onun işi stereotip xarakter daşımaqla daimi nəzarət tələb etmişdir. Çünki o, öz fəaliyyətini dəyişən şəraitə uyğun olaraq dəyişə bilməyən, müstəqil həyata az uyğunlaşan, daimi himayəyə ehtiyac duyan şəxsdir. Yüksək təlqin olunma səbəbindən Təqsirləndirilən şəxs qanunazidd əməlin ağırlığı barəsində özünə hesabat verməyərək digər şəxslərin təsiri altında qanun pozuntusu törədə bilərdi. Belə ki, qanunun ona qarşı hansı tələbləri irəli sürdüyünü başa düşməyərək təsadüfi hallarda nəqliyyat vasitəsini idarə etmiş olsa da, ümumiyyətlə, əziyyət çəkdiyi orta dərəcəli əqli gerilik nəticəsində elementar əmək hesab olmayan, kifayət qədər diqqət və bu sahə üzrə vərdiş tələb edən hər hansı nəqliyyat vasitəsinin qanun pozuntusuna yol vermədən, yol-hərəkət qaydalarını pozmadan, təhlükəli vəziyyət yaratmadan Təqsirləndirilən şəxs tərəfindən idarə edilməsi mümkün deyildir. Hadisə baş verən zaman «ani olaraq piyada ilə qarşı-qarşıya gəlmək» situasiyası onun üçün uyğunlaşmadığı, öncədən düşünüb nəticəsini proqnozlaşdıra bilmədiyi situasiya olduğuna görə Təqsirləndirilən şəxs müstəqil qərar verə bilməmiş, idarəetməni itirmişdir. Burada onun törətdiyi cinayət əməlinin xarakteri onda aşkarlanan intellektual-mnestik çatışmazlıqla uzlaşır. Beləliklə, kəmağıllığın məhz burada sadaladığımız elementləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli dövründə onda müəyyən edilmiş intellektual-mnestik çatışmazlıq nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı, törətmiş olduğu cinayət əməlinə görə anlaqsız hesab edilməli olduğu qənaətinə gəlməyə əsas verir. Beləliklə, Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayat əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlinə görə anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi «Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları ilə» formasında kəmağıllıq hazırda kəskin davranış pozuntusu ilə təzahür etdiyindən hal-hazırda o, öz hərəkətlərinin faktiki xarakterini va ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Özü və ətrafdakılar üçün sosial təhlükə kəsb edir. Hal-hazırkı psixi durumuna görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində müəyyən edilir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs halhazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı həkimi yanıldıcı davranış (simulyativ davranış) aşkarlanmamışdır. Lakin Təqsirləndirilən şəxs 27 oktyabr 2022-ci il tarixdə məhkəmə baxışı zamanı verdiyi ifadənin təhlili göstərir ki, cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı istintaq hərəkətlərində iştirak edərkən onda olan çaşqınlıq, qorxu səbəbindən həmin ifadə orta dərəcəli əqli geriliyi olan şəxsə xas özünümüdafiə xarakterli olmuşdur. Təqsirləndirilən şəxs onda olan orta dərəcəli əqli gerilik nəticəsində istintaq üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onların barəsində düzgün izahat və ifadə vermək qabiliyyətinə malik deyildir. «Orta dərəcəli əqli gerilik, davranış pozuntuları və qıcolma tutmaları ilə» formasında kəmağıllıq səbəbindən hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə, öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qeyd olunan cinayəti törədən zaman güclü ruhi həyacan vəziyyətində (fizioloji affekt) olmamışdır. Təqsirləndirilən şəxs müəyyən edilən orta dərəcəli əqli geriliyə xas olan laqeydlik, səthilik, primitivlik, məsuliyyət hissinin olmaması, başqalarının və özünün hiss və yaşantılarına biganəlik kimi fərdi-psixi xüsusiyyətlər ona istinad edilən cinayət əməlini törədərkən onun psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik yaratmamışdır. (c 2, i.v 113-123) Anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs psixi durumu onunla hər hansı bir istintaq hərəkətinin aparılmasına yol vermədiyi və iş üzrə olan kompleks, həmçinin komisyon kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının rəylərinə əsasən anlaqsız olması nəzərə alınaraq, onun məhkəmə baxışında dindirilməsi mümkün olmamış, lakin xx.xx.2022-ci il tarixli məhkəmə baxışı iclasında verilmiş sualları cavablandırmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 126.4.1-ci maddəsinə əsasən şəxsin cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müvafiq anda dərk və ya təsvir edilməsi qabiliyyətinə malik olmadığı qəbul edildikdə həmin şəxsin ifadələrinə sübuti əhəmiyyət verilə bilməz. Məhkəmə iş üzrə mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Beləliklə, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadələri sübut kimi qəbul edilməsə də, məhkəmə tədqiq olunmuş digər mötəbər sübutlara məcmu halında qiymət verməklə hesab edir ki, ibtidai istintaq orqanı iş üzrə əməlin tövsifi və əməli törətmiş şəxs barəsində düzgün nəticəyə gəlmiş, yəni Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş əməli-nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma və hadisə yerindən qaçma əməlini anlaqsız vəziyyətdə törətmişdir. Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Həmin Məcəllənin 93.2-ci maddəsinə görə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlər o halda təyin edilir ki, psixi pozuntu şəxsin özünə və ya başqa şəxslərə zərər yetirilməsi təhlükəsi yaradır. Həmçinin Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi belə şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Azərbaycan Respublikası CPM-nin 348.2.1 və 477.3-cü maddələrinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirmiş hesab edildikdə, məhkəmə onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Beləliklə də, məhkəmədə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini həqiqətən də törətmiş, lakin, bunu edərkən anlaqsız vəziyyətdə olmuş və hazırda da anlaqsızdır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini anlaqsız vəziyyətdə törətməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.1-ci maddəsinə əsasən, ona tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və Azərbaycan Respublikası CM-nin 95.0.2-ci maddəsinə və Azərbaycan Respublikası CPMnin 477.3 maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, barəsində ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsə tapşırılmalıdır. Həmçinin qərar qanuni qüvvəyə minənədək anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1 və 132.0.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan «Mercedes Benz 609D Xüsusi T.Y» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmiş, maddi ziyan yoxdur. Azərbaycan Respublikası CPM-nin 198.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatlarının xərci 85 manatın tutulmasından azad edilməlidir. Cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs məxsus hər hansı bir əmlak üzərinə həbs qoyulmamış, cinayət yolu ilə əldə etdiyi əmlakları müəyyən edilməmişdir. Buna əsasən məhkəmə hesab edir ki, ona xüsusi müsadirə tətbiq olunmamalıdır. Azərbaycan Respublikası CM-nin 94-cü maddəsinə əsasən psixi pozuntusu olan şəxslərə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması və ya psixi vəziyyətinin yaxşılaşdırılmasından, habelə həmin şəxslər tərəfindən yeni cinayət törədilməsinin qarşısının alınmasından ibarətdir. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası CM-nin 93.1.1, 93.1-1, 93.1-1.1, 93.2, 95.0.2-ci maddələrini və Azərbaycan Respublikası CPM-nin 348.2, 468, 470 və 477.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3 və 264-cü maddələrində nəzərdə tutulmuş ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunsun. Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olduğuna görə cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.1 və 95.0.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmaqla, ona ümumi tipli psixiatriya stasionarında məcburi müalicə təyin edilsin. Qərarın icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X9 Şəxsə tapşırılsın. Qərar qanuni qüvvəyə minənədək anlaqsız vəziyyətdə cinayət törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə maddi sübut olan «Mercedes Benz 609D Xüsusi T.Y» markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Şahid1 qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs iş üzrə aparılmış ekspertiza tədqiqatlarının xərci 85 (səksən beş) manatı ödəməkdən azad edilsin. Qərar Təqsirləndirilən şəxs Psixiatriya Xəstəxanasına yerləşdirilməsi hissəsində icra edilməsi üçün Şirvan Şəhər Polis Şöbəsinə və Şirvan Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar