Məhkəmə qərarları › İş №1(099)-191/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-191/2022

23.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-191/2022 23.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Astara rayonu Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Astara rayonu Şahağacı kəndində qeydiyyatda olmaqla yaşayan, iş üzrə 22 oktyabr 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasındabaxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 3,212 qram narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 22 oktyabr 2021-ci il tarixdə saat 14:30 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Astara rayonu Şahağacı kəndində yolun kənarında saxlanılaraq rayon polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümdə 3,212 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, təxminən 10 il olar ki, narkotik vasitə heroindən istifadə edir. Heroini həm ineksiya yolu ilə damara vurmaqla, həm də tüstüsünü çəkməklə istifadə edir. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Keşlə qəsəbəsində tanımadığı şəxsdə öz istifadəsi üçün 90 manata heroin almışdır. Həmin heroin şəffaf sellofan kəsiyinə bükülmüşdür. Heroini aldıqdan sonra yaşadığı Astara rayonu Şahağacı kəndinə gəlmişdir. Aldığı heroindən bir qədərini özü tək istifadə etmiş, qalan hissəsini isə üzərində gəzdirimişdir ki, lazım olanda istifadə etsin. xx.xx.2021-ci il tarixdə saat 14:30 radələrində yaşadığı Astara rayonu, Şahağacı kəndində olarkən yol kənarında polis əməkdaşları tərəfindən saxlanılmış, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu bildirilməklə rayon polis şöbəsinə dəvət olunmuşdur. O, üzərində bir bükümdə heroin olduğunu və heroini öz istifadəsi üçün saxladığını bildirmişdir. Polis işçiləri ilə birlikdə rayon polis şöbəsinə getdikdən sonra hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət olunmuşdur. Daha sonra video çəkiliş vasitəsi ilə və müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılarkən üzərində saxladığı, 1 ədəd şəffaf sellofan kəsiyi bükümündə olan heroin əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. O, üzərində aşkar olunmuş heroini öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin naroktik vasitə heroin 1 ədəd zərfdə qablaşdırılıb üzərinə möhür vurulmuşdur. Bu barədə onun iştirakı ilə protokol tərtib olunmuşdur. Protokolu imzalamışdır. O, heç bir vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır. Narkotik vasitəni yalnız öz istifadəsi üçün əldə etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Astara rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. Astara rayonu Şahağacı kənd sakini Təqsirləndirilən şəxs narkotik vaitələrin istifadəçisi olması və üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməklə Təqsirləndirilən şəxs 22 oktyabr 2021-ci il tarixdə saat 14:30 radələrində Astara rayonu Şahağacı kəndində yaşadığı küçədə piyada hərəkətdə olarkən onu saxlamışlar. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmiş, şübhəli şəxs kimi tutulmaqla üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılarkən əynində olan ağ rəngli parça gödəkçənin sağ yan cibindən şəffav sellofana bükülmüş, 1 ədəd bükümdə spesifik iyə malik, toz formada, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan heroini xx.xx.2021-ci il tarixdə Bakı şəhərində tanımadığı şəxsdən özünün istifadəsi üçün aldığını bildirmişdir. Həmin maddə qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Onda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamış, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi kimi tanımışdır. Məhkəmədə şahid qismində dindirilən polis əməkdaşları Şahid2 və Şahid3 da Şahid1lə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Cinayət işi materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli protokoldan və videçəkilişdən görünür ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə əlaqədar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan ağ rəngli parça gödəkçənin sağ yan cibindən şəffaf sellofana bükülmüş 1 ədəd bükümdə spesifik iyə malik, toz formada, qəhvəyi rəngli, narkotik vasitə heorinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 22 oktyabr 2021-ci il tarixli, 19/1065 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə təmiz çəkisi 3,212 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 1162 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011 və xx.xx.2013-cü illərdə doğulmuş iki azyaşlı uşaqları vardır. Yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamədə onun barəsində inzibati ərazi dairəsi üzrə nümayəndəliyə şikayət daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdlarından artıq miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 3,212 qram heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə etməsi həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı toplanmış sübutlarla təsdiq olunmamışdır. Belə ki, iş materiallarında olana ilkin sənədlərlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs yalnız narkotik vasitə istifadəçisi olması barədə məlumat olmuş, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat olmamışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolan görünür ki, onun üzərində narkotik vasitə aşkar olunduğu zaman həmin maddəni öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Eyni zamanda ibtidai istintaqda verdiyi ifadələrində də narkotik vasitəni öz istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Eyni zamanda məhkəmə istintaqında şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələrindən məlum olur ki, onlarda Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və istifadəçisi olması barədə məlumat olmuş, satışı ilə məşğul olması barədə məlumat olmamışdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsiən dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə miqdarca az olmaqla onu satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni satmaq üçün istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi müəyyən edilmir, həmçinin narkotik vasitə bir ədəd bağlamada olmaqla xırda bükümlərə bölünməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmaqla onun üzərində aşkar olunan narkotik vasitəni satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün əldə etməsi kifayət qədər sübuta yetirildiyindən əməli CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Astara Rayon Polis Şöbəsində saxlanılan 3,162 qram heroin məhv edilməlidir. Ekspertiza xərci 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 22 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Astara Rayon Polis Şöbəsində saxlanılan 3,162 qram narkotik vastə heroin məhv edilsin. Ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar