Məhkəmə qərarları › İş №1(099)-193/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-193/2022

10.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-193/2022 10.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu il tarixdə Kürdəmir rayonu, Yenikənd kəndində anadan olmuş, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, Kürdəmir rayonu, Yenikənd kəndində yaşayan nənəsi Zərərçəkmiş şəxs evində 2000 manat pulu olmasını güman edərək, əmlakını ələ keçirmə məqsədi ilə basqın etməyə qərar vermiş, nənəsi ilə birlikdə yaşayan sonuncunun gəlini Şahid1 xahişi ilə onu 08 sentyabr 2021-ci il tarixdə saat 09 radələrində Kürdəmir rayonu, Qağacılı kəndində yerləşən anası evinə apardıqdan sonra Zərərçəkmiş şəxs evdə tək qalmasını, gözünün zəif görməsini və qulağının ağır eşitməsini əlverişli şərait hesab etməklə, həmin gün saat 14 radələrində sonuncunun yaşadığı evin həyətinin qarşısına gəlib, tanınmamaq üçün üzünə mavi rəngli tibbi maska taxaraq həyətə daxil olmuş, pilləklənlərdən eyvana qalxaraq Zərərçəkmiş şəxs yatdığı otağın qapısını döymüş, sonuncu qapını döyənin kim olduğunu soruşmuş, o cavab verməmiş, zərərçəkmiş şəxs qapını açdığı zaman iradəsinə zidd olaraq yaşayış sahəsinə, yəni otağa qanunsuz girməklə basqın etmiş, tanınmamaq üçün dərhal sol əli ilə Zərərçəkmiş şəxs göz nahiyəsini bağlamış, sonuncunun qışqırıb ona müqavimət göstərməsi ilə əlaqədar, sağ əli ilə boğazından sıxmaqla boğaraq, müqavimətini qırıb, yerə yıxmaqla ona sol yanaq nahiyəsinin sıyırığı, sol gözün yan bucaq nahiyəsində qansızması ilə müşayiət olunan sağlamlığa yüngül zərərvuran xəsarətlər yetirməklə həyat və sağlamlığı üçün real təhlükə yaradan zorakılıq etmiş, Zərərçəkmiş şəxs yerə yıxılmasından istifadə edərək, otaqda pulun saxlanıldığını güman etdiyi, çarpayının döşəyinin altına baxmış, pulu tapa bilmədikdə, otaqda sağ tərəfdə olan asma qıfılla bağlanan sandığı açmağa çalışdıqda, kilidli olduğundan qıfılı aça bilməmiş, həmin vaxt Zərərçəkmiş şəxs ayağa qalxıb, onun üstünə gəldiyinə görə evdən çıxıb, qaçaraq quldurluq cinayətini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2021-ci ilin sentyabr ayinin əvvəllərində işlədiyi dükana 7.000 manat borcu yaranmış, həmin borcu ödəmək üçün nənəsi Zərərçəkmiş şəxs pul almaq istəmiş, belə ki, nənəsi pensiyasını yığdığına görə onda pul olmasını düşünümüş. Bu məqsədlə də, 8 sentyabr 2021-ci il tarixdə səhər saatlarında nənəsinin evinə getmiş, orada nənəsindən pul istəmiş, sonuncu isə dayısının evdə olduğunu əsas gətirərək pulu sonra verəcəyini vəd etmişdir. Həmin vaxt dayısı sərxoş halda evə gəlir və ona pul veriləcəyini bilərək Güldənə ilə dalaşmağa başlamışdır. O, isə dayısı ilə nənəsini ayırmağa çalışmış, nəticədə nənəsi xəsarətlər almışdır. Sonra o, çıxıb getmiş, bir müddət sonra polis əməkdaşları gəlib onu evindən şöbəyə aparmışlar və həbs olunmuşdur. Əslində o, quldurluq etməmiş, nənəsinə zor tətbiq etməmiş, sadəcə borcu olduğu üçün nənəsindən pul istəmişdir. Məhkəmədən günahı olmadığı üçün bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və hazırkı məhkəmə baxışında verdiyi ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan olunmuşdur. Həmin ifadədə o, özünü təqsirli bilərək göstərmişdir ki, lombarda 3000 manat, başqa bir neçə yerə də borcu var. Nənəsi Zərərçəkmiş şəxs pensiya almaqla, pul yığır. Nənəsinin təxminən onun evində 2000 manat pulu olduğunu güman etmiş, həmin pulu oğurlamaq qərarına gəlmişdir. Nənəsinin zəif gördüyünür, ağır eşitdiyini, evdə tək olanda ora basqın edərək pullarını oğurlaya biləcəyini düşünürmüşdür. 07 sentyabr 2021-ci il tarixdə axşam saatlarında nənəsi Güldənənin yanına getmiş, sonuncu ilə birlikdə yaşayan gəlinbacısı (dayısının arvadı) Arifə “səhər xalanı Bakıya yola salarsan, məni də anamgilə apararsan” demiş, o, da razılaşmışdır. 08 sentyabr 2021-ci il tarixdə səhər saat 09 radələrində Arifəni taksi ilə Qağaclı kəndində yerləşən anasının evinə düşürdüb geri qayıtmışdır. Artıq nənəsinin evində heç kimin olmamasından istifadə etməklə basqın etmək üçün real fürsət yarandığını görərək nənəsinin evinin qarşısına getmişdir. Orada tibbi maska taxmış, Arifəyə zəng edərək evə nə vaxt qayıdacağını soruşduqda, sonuncu axşam saatlarında qayıdacağını bildirmişdir. Açıq çöl qapısından həyətə daxil olmuş, pilləkənlərlə eyvana qalxmışdır. Qapını döydükdən sonra nənəsi Güldənənin qapıya yaxınlaşmış, həmin vaxt ağzında göy rəngli tibbi maska olmuş, maskanı nənəsinin onu tanımaması üçün taxmışdır. Nənəsinin qapıya gəlib kim olduğunu soruşduqda səsini çıxarmamamışdır. Nənəsi qapını açan kimi onun üstünə hücüm etmiş, sol əli ilə göz nahiyəsini tutmuş, nənəsi müqavimət göstərmiş, üz-gözünü cırmağa çalışmışdır. O, da sağ əli ilə nənəsini boğazından sıxaraq müqavimətini qırmağa çalışmış, nənəsinin qışqıraraq kömək çağırdığı, müqavimət göstərdiyinə görə, müqavimətini qırmaq üçün, boğaraq yerə yıxmış, qısa müddətli zərərsizləşməsindən istifadə edərək, çarpayıya yaxınlaşıb döşəyi qaldırıb pul axtarmış, lakin tapa bilməmışdır. Daha sonra sağ tərəfdə olan sandığa yaxınlaşıb üzərində olan asma qıfılı açmaq üçün əli ilə yoxlamış, alət gətirmədiyindən aça bilməmış, açarı axtarmış, lakin tapa bilməmişdir. Bu vaxt nənəsinin ayağa qalxmağa çalışaraq əlində olan taxta ilə onun ayağına vurmuş, nənəsinin ucadan qışqırması, kömək çağırması səbəbindən evdən qaçmışdır. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 08 sentyabr 2021-ci il tarixə səhər saatlarında evdə tək olan zaman qapı döyülmüş, qapını açdıqda üzərində maska olduğu üçün tanıya bilmədyi şəxs ona xəsarət yetirib yerə yıxmış, evdən pul axtarmış, pul tapa bilmədiyi üçün həmin şəxs qaçıb getmişdir. Baş vermiş hadisəyə görə polis çağırmışlar, onlar da nəvəsi Təqsirləndirilən şəxs tərəfindən basqın olmasını deyərək nəvəsini tutmuşlar. Nəvəsi Təqsirləndirilən şəxsla barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, azadlığa buraxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı və məhkəmə baxışında ifadələr arasında ziddiyyətlər olduğu üçün Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə günorta saatlarında yataq otağında uzanıb istirahət edən zaman otağının qapısının döyüldüyünü eşitmişdir. Qapıya yaxınlaşıb kim olduğunu soruşmuş, qapıda olan şəxs səsini çıxarmamış, bir qədər həmin şəxsin cavab verməsini gözlədiyini, bundan sonra yəqin cavab verdiyini, özünün eşitmədiyini düşünüb qapını açmışdır. Qapını açan kimi gələn şəxs onun üstünə hücum edib, göz nayihəsini bağlamış, onu görməməsi üçün gözlərindən tutmuş, o, qışqırmağa başlamış, kömək çağırmışdır. Bundan sonra həmin şəxsin nəvəsi Rəmzi olduğunu bilmişdir. Rəmzi onun üstünə hücum edən zaman, həmçinin onu boğmağa çalışan zaman özünü müdafiə edib Rəmzinin üz-gözünü cırmaqlamışdır. Rəmzi onu boğmağa başlamış, yerə yıxıb, dizini sinəsinin üstünə qoyub bir əli ilə gözünü tutmuş, digər əli ilə onu möhkəm boğmuş, bir anlıq boğulduğu üçün səsinin kəsilmiş, qışqıra bilməmişdir. Rəmzi onun üstündən qalxaraq yatağının yanına gedib pul axtarmış, həmin vaxt hələ özünə gəlməmiş, öskürürmüş, təxminən 1-2 dəqiqə sonra dikəlməyə başlamış, yenidən qışqırmışdır. Rəmzi qaçıb getmişdir. Sonra gəlini Arifə gələndə məlumat vermiş, onlar da polisə müraciət etmişdilər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 Əlimövsum qızı ifadəsində göstərmişdir ki, əri Zaur ilə birlikdə qayınanası Zərərçəkmiş şəxs Hikmət qızının evində yaşayırlar. xx.xx.2021-ci il tarixdə ərinin bacısı oğlu Təqsirləndirilən şəxs onların yaşadığı evə gəlmiş, o, səhəri gün Kürdəmir rayonu Qağacılı kəndində yaşayan anasıgilə getmək istədiyini deyərək, Rəmzidən onu aparmasına köməklik istəmişdir. xx.xx.2021-ci il tarixdə səhər saatlarında Rəmzi taksi ilə onu anasının yaşadığı evə aparmışdır. Anasının evində oturarkən Rəmzi zəng edərək gəlib-gəlməyəcəyini soruşmuş, o, da cavabında hələ anasının yanında olması bir müddət sonra qayıdacağını demişdir. Həmin vaxt Rəmzi ona bir neçə dəfə zəng etmişdir. Bir neçə saat sonra anasıgildən yaşadığı evə qaynanasının yanına qayıtmışdır. Qaynanasının həyətdə stulda oturaraq ağladığını görmüş, qaynanasının ona evə bir nəfərin basqın etdiyini, həmin şəxsin onu boğduğunu bildirmiş, Qayınanasına ilkin yardım edib onu sakitləşdirmiş və polisə məlumat vermişlər. Polis tərəfindən evə keçirilən baxışda iştirak etmiş, polis əməkdaşları evdən qıfıl, tibbi maska və əl-barmaq izlərini götürmüşlər. Bundan sonra basqın edən şəxsin Təqsirləndirilən şəxs olduğu məlum olmuş, lakin Rəmzi pulu tapa bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir, Təqsirləndirilən şəxs oğludur, Zərərçəkmiş şəxs isə anasıdır. xx.xx.2021-ci il tarixdə Rəmzi səhər saatlarında evdən çıxmış, saat 14-dən sonra anasını ziyarət üçün onun kənd ərazisində olan evinə getmiş, anası “bir nəfər tanımadığım şəxs evdə mənim yaşadığım otağa daxil oldu, mənim qolumdan tutaraq pul istədi, mən ona pulumun olmamasını dedim, sonra həmin şəxs evi axtardı, heç nə tapa bilməyib çıxıb getdi” sözlərini demiş, bundan sonra qohumlarına məlumat vermiş. orada olan zaman polis əməkdaşları gələrək anasından izahat almışlar. Bir müddət sonra basqın edən şəxsin oğlu Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur, Zərərçəkmiş şəxs qayınanasıdır. xx.xx.2021-ci il tarixdə Rəmzi səhər saatlarında bir neçə dükana gedərək satıcı işləməsi üçün maraqlanacağını deyərək evdən çıxmış, həmin gün saat saat 14:00-dan sonra arvadı İradə anasını ziyarət etmək üçün onun kənd ərazisində olan evinə getmişdir. Dəqiq vaxtını xatırlamır, lakin həmin ərəfədə Rəmzi evə gələrək şəhəri gəzdiyini, lakin iş tapa bilmədiyini, yolüstü də nənəsi Gülədənəgilə dəydiyini demişdir. Təxminən 1 saatdan sonra İradə polis avtomobili ilə evə gəlmiş, İradə ona anası Güldanənin “bir nəfər tanımadığım şəxs evdə mənim yaşadığım otağa daxil oldu, mənim qolumdan tutaraq pul istədi, mən ona pulumun olmamasını dedim, sonra həmin şəxs evi axtardı, heç nə tapa bilməyib çıxıb getdi” bildirdiyini demişdir. Polis əməkdaşları hadisənin Rəmzi tərəfindən törədildiyinə şübhələri olduğu üçün oğlunu polis şöbəsinə aparmışlar. Sonradan ona məlum olmuşdur ki, polis əməkdaşları Güldanə Məmmədovanın sandığında olan qıfılı götürərək barmaq izlərini yoxlamışlar və məlum olmuş ki, qıfılda oğluna məxsus barmaq izləri vardır, buna görə də hadisənin Rəmzi tərəfindən törədildiyini polis əməldaşları şübhələnmişlər. Məhkəmə Zərərçəkmiş şəxs məhkəmə baxışı zaman ifadəsində “evinə hansı şəxs tərəfindən basqın olunmasını bilmədiyini” sözlərini bildirmiş, lakin ibtidai istintaq zamanı ifadəsində “evinə basqın edən şəxsin tibbi maskada olması və onun gözlərini əli ilə bağladığı üçün əvvəlcə tanımasa da, sonradan həmin şəxsin nəvəsi Təqsirləndirilən şəxs olduğunu bilmiş” sözlərini göstərmişdir. Məhkəmə qeyd olunan iki ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək məhkəmə baxışı zamanı verdiyi ifadəsi Təqsirləndirilən şəxs müdafiə məqsədini daşıdığı qənaətinə gəlir və sübut kimi qəbul etmir. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-tibb ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 554 saylı rəyində göstərilmişdir ki, 1935-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəninin səthində sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən “sol yanaq nayihəsinin sıyrığı”, sağlamlığa yüngül zərərvurmaya aid “sol gözün yan bucaq nayihəsində qansızma” xəsarətləri vardır. Həmin xəsarətlər küt əşya(lar) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə və şəraitə, yəni 08 sentyabr 2021-ci il tarixə uyğun gəlir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 10 sentyabr 2021-ci il tarixli 553 saylı rəyində əsasən 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs bədəninin səthində ayrıayrlıqda sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən “alın nayihəsinin sıyrığı, sol gözün iç bucaq hissəsinin sıyrığı, boynun ön səthinin sıyrıqları, sol topuq nayihəsinin sıyrığı xəsarətləri vardır. Həmin xəsarətlər küt əşya(lar) təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə və şəraitə, yəni 08 sentyabr 2021-ci il tarixə uyğun gəlir. İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 26 oktyabr 2021-ci il tarixli 3/1695 saylı rəyindən göstərilmişdir ki, tədqiqata təqdim edilmiş daktilolentin səthindəki “a”, ”b” əl-barmaq izləri müqayisəli tədqiqat üçün yararlıdır, həmin izlər əlin barmaq hissəsinin dırnaq falanqının toxuması nəticəsində qalmışdır. Cinayət işi ilə əlaqədar tədqiqata təqdim edilmiş daktilolentin səthindəki “a” və “b” əl-barmaq izləri Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağından qalmışdır. Tədqiqata təqdim edilmiş daktilolentin səthindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 61,29 manatdır. İş materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 11 oktyabr 2021-ci il tarixli 605 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Kürdəmir MRX PHŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 792 saylı arayış, xx.xx.2021-ci il tarixli 553 saylı ekspert rəyi), istintaq zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, hazırki ekspertiza zamanı bir qədər fərqli ifadə verərək nənəsinin ondan şikayətçi olmadığını ön plana çəkməsi və etdiyi hərəkətdən peşimançılığım bildirməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, eskpertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. İş materiallarında olan “baxış keçirilməsi” haqqında 08 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs qarşı törədilmiş cinayət hadisəsi onun yaşadığı Kürdəmir rayonu, Yenikənd kəndi ərazisində yerləşən evində baş vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 17 sentyabr 2021-ci il tarixli 011-8724-1221 saylı məktubda göstərilmişdir ki,Kürdəmir RPŞ-nin xx.xx.2021-ci il tarixli, 171-20023-1221 nömrəli məktub vasitəsi ilə xx.xx.2021-ci il tarixdə Kürdəmir rayonu Yenikənd kəndində yaşayan vətəndaş Zərərçəkmiş şəxs qarşı yaşadığı evdə baş vermiş quldurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş içərisində qıfıl olan 01 ədəd zərf xx.xx.2021-ci il tarixdə KTİ-yə daxil olmuşdur.Tədqiqata təqdim edilmiş zərfi açdıqda onun içərisindən 01 ədəd qıfıl aşkar edilmişdir. Həmin qıfıl DİN-in kriminalistik laboratoriyasında xüsusi kimyəvi tozlarla aşılanmışdır. Aşılanmadan sonra onun səthi adi göz və böyüdücü lupa vasitəsilə müayinə edilmişdir. Müayinə zamanı qıfılın üzərindən 02 ədəd əl-barmaq izi müəyyən olundu. Müəyyən olunan əl-barmaq izləri yapışqanlı lent vasitəsilə götürülüb zərfdə qablaşdırılaraq üzərində müvafiq qeydlər aparıldı. Qıfılın üzərindən götürülmüş əlbarmaq izlərinin ümumi və xüsusi əlamətləri kifayət qədər aydın əks olunduğundan şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır və DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində əl izlərindən 01 ədədi (ADİS-in məlumat bankına Kürdəmir RPŞ-nin KTQ-dən daxil olan) xx.xx.1999-cıı il tarixdə Kürdəmir rayonunda anadan olmuş vətəndaş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağı ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli 011-9562-1221 saylı məktubda göstərilmişdir ki,xx.xx.2021-ci il tarixdə Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən, Zərərçəkmiş şəxs qarşı yaşadığı evdə baş vermiş quldurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 ədəd tibbi maska Kürdəmir RPŞ-nin xx.xx.2021-ci il tarixli, 171-20022-1221 №-li məktubu ilə tədqiqata təqdim edilmişdir.Aparılmış müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində müəyyən olundu ki, təqdim edilmiş 01 ədəd tibbi maskanın iç səthində olan bioloji materiallar Təqsirləndirilən şəxs (xx.xx.1999 Kürdəmir r.) (Kürdəmir RPŞ-nin xx.xx.2021-ci il tarixli, 171-20024-1221 №-li məktubu ilə) məxsusdur. İş materiallarında olan “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2021-ci il tarixli 792 nömrəli məktubdan görünür ki, Bəşirov X2 rayon mərkəzi xəstəxanasının poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. İş materiaallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə Fondu X4 12 saylı Regional Ərazi Filialı tərəfindən verilmiş məktubda göstərilmişdir ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs filialdan 3-cü qrup əlilliyə görə sosial müavinət alır. İş materiallarında olan istintaq orqanının 22 dekabr 2021-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, cinayət işi üzrə hadisə yerindən götürülmüş bir ədəd kilid, bir ədəd tibbi maska, bir ədəd daktiloxəritə və bir ədəd daktilolent maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Kürdəmir rayon polis şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Kürdəmir Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 08 sentyabr 2021-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Bəşirov X2 rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla anası və atası ilə birlikdə yaşayır, yaşayış yeri üzrə nizam-imtizamlı, kənd ictimai işlərində fəal iştirak etməyi əsas gətirilməklə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “nənəsinin evinə basqın etməməsi, ona xəsarət yetirməməsi, ondan pul istəməsi, nəticədə dayısı ilə nənəsi arasında dava baş verməsi, onları aralayaraq çıxıb getməsi” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Əksinə isə, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun gəlir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında göstərilir ki, Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Lakin, məhkəmə işin faktiki hallarını araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaşayış sahəsinə daxil olarkən üzünü maska ilə gizlətməsi, zərərçəkmiş tərəfindən onun tanınmaması üçün əlləri ilə zərərçəkmiş şəxsin gözlərinin bağlanmasında ehtiva edən hərəkətlər sözü gedən Plenumun qərarında göstərildiyi kimi “qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin razılığı ilə daxil olma” bəndini istisna edir. Odur ki, Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək qənaətə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz girməklə quldurluq etmişdir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 181.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Bundan əlavə, Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsinə görə ona təyin olunacaq cəzanın müddəti ittiham olunduğu maddədə nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Ona cəza təyin edilərkən qeyd olunan hal nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Kürdəmir rayon polis şöbəsində saxlanılan bir ədəd kilid, bir ədəd tibbi maska, bir ədəd daktiloxəritə və bir ədəd daktilolent məhv edilməsini, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, iş üzrə 61 manat 29 qəpik məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 08 sentyabr 2021-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 08 sentyabr 2021-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. İş üzrə 61 manat 29 qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan Kürdəmir rayon polis şöbəsində saxlanılan bir ədəd kilid, bir ədəd tibbi maska, bir ədəd daktiloxəritə və bir ədəd daktilolent məhv edilsin, Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar