Məhkəmə qərarları › İş №1(099)-193/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-193/2025

01.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-193/2025 01.05.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- “A.İ.M” vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1985-ci ildə Cəlilabad rayonu, Prişib şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Cəlilabad rayonu, Göytəpə şəhəri, Sabir küçəsi ev 16-da qeydiyyatda olmaqla Cəlilabad rayonu, Privolnoye kəndində yaşamış, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında İran İslam Respublikası vətəndaşı olması güman edilən “Şahin” adlı şəxs və qeyriləri ilə külli miqdarda narkotik vasitələrin satışının həyata keçirilməsi barədə razılığa gələrək külli miqdarda təmiz çəkisi 28 kq 490,638 qram narkotik vasitə qurudulmuş marixuananı Lənkəran rayonu ərazisindən əldə edib həmin narkotik vasitənin xeyli miqdarda 35,638 qram çəkidə olan hissəsini 01 ədəd bükümdə ayıraraq satış üçün hazırlayıb öz üzərində, qalan hissəsini isə əlində və yerdə saxlamaqla Astara-Ələt avtomobil yolunun Lənkəran rayou ərazisindən keçən 52-ci kilometrliyində yolun kənarına daşımış, bu barədə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 şöbəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən 16 iyul 2024-cü il tarixdə, saat 23:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Astara-Ələt avtomobil yolunun Lənkəran rayou ərazisindən keçən 52-ci kilometrliyində yolun kənarında əlində və yerdə sintetik torbalar olarkən saxlanılaraq, X3 Şöbəsinə gətirilərək 17 iyul 2024-cü il tarixdə saat 01:00-dan etibarən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan açıq boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükülüdə təmiz çəkisi 35,638 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, şəxsi axtarış zamanı təqdim etdiyi 02 ədəd sintetik torbada 06 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 5155,0 qram, 4700,0 qram, 5075,0 qram, 5970,0, qram 3510,0, qram, 4045,0 qram olmaqla, ümumi təmiz çəkisi 28 kq 455 qram çəkidə külli miqdarda həm öz aralarında, həm də üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ilə orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə eyni tərkibli olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, İran vətəndaşı zəng vuraraq ona narkotik vasitə göndərməsini təklif etmiş, o da şəxsi istifadəsi üçün iranlıya 1 qramı 7 manatdan olmaqla 15-20 qram nəşə (qurudulmuş marixuana) almağa razılaşmışdır. 16 iyul 2024-cü il tarixdə iranlının telefonda ona göndərdiyi konumla narkotik vasitəsinin olduğu Lənkəran rayou ərazisinə Astara-Ələt avtomobil yolunun kənarına gəlmiş, lakin orada narkotik vasitə olmadığını görüb qayıdıb avtombilə minərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onu polis şöbəsinə gətirmişlər. Şöbədə onun üzərinə bir büküm və yekə bağlama qoyaraq “bunu götürməlisən” sözlərini demişlər. O 10-20 qram narkotik vasitə götürmək üçün gəldiyini, həmin bağlamanın ona məxsus olmadığını bildirdikdə polislər onun əllərini arxadan qandalla bağlamışlar, ona hədə-qorxu gələrək evindən də narkotik vasitə çıxaracaqlarını, ailə üzvlərini də şöbəyə gətirəcəklərini demişlər, o da məcbur qalıb sənədlərə imza etmişdir. O iranlının dediyi yerdən heç bir narkotik vasitə götürməmiş və götürməmişdir. Himayəsində 5 azyaşlı uşağı vardır. Hər hansı bir günahı olmadığı üçün ona bəraət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmiş, o, 17 iyul 2024-cü il tarixli şübhəli və 18 iyul 2024-cü il tarixli təqsriləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, 2010-cu ildən etibarən narkotik vasitə qurudulmuş marixuanadan siqaretə doldurub tüstünüsü çəkmək yolu ilə istifadə edir. Saxlanılmamışdan 1 həftə əvvəl İran İslam Respublikasına məxsus mobil nömrədən özünü Şahin adı ilə təqdim edən şəxs zəng edərək təklif etmişdir ki, ona narkotik vasitə göndərəcək, narkotik vasitəni götürüb dediyi ünvana aparsa bunun qarşılığında ona 3.000 manat pul verəcəkdir. O, həmin şəxslə razılaşmışdır. Lakin, Şahin ona hansı miqdarda narkotik vasitə göndərəcəyi barədə məlumat verməmişdir. 16 iyul 2024-cü il tarixdə saat 22 radələrində Şahin ona konum və fotoşəkil göndərərək nakrotik vasitənin həmin ünvanda olmasını bildirmiş, həmin gün saat 23 radələrində cinayətdən xəbəri olmayan Rasif adlı şəxsin idarə etdiyi avtomobillə Şahinin göndərdiyi istiqamətdə getmişdir. Dəqiq yerini bilmir, konum üzrə hərəkət edərək narkotik vasitənini orada olduğunu görmüş, orada olan kiçik bir bağlamnı şalvarının cibinə qoymuşdur. Bundan əlavə biri böyük biri kiçik ölçülü olmaqla iki ədəd sintetik torbanın olduğunu görmüş, o həmin sintetik torbaları da götürüb avtomobil istiqamətində hərəkət etmək istəyən zaman polis əməkdaşları yaxınlaşıb onları polis şöbəsinə aparmışlar. Şəxsi axtarış aparılan zaman üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmiş, o, da cibindən iranlının göndərdiyi kiçik bükümü təqdim etmişdir. Sonra isə iranlının göndərdiyi iki ədəd sintetik torbaya baxış keçirilmiş, baxış zamanı nisbətən böyük torbanın içərisindən 04 ədəd selofan bükülüdə, digər sintetik torbada isə 02 ədəd selofan bükülüdə narkotik vasitə qurudulmuş marixuana kütlələri aşkar olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “iranlıdan 15-20 qarm narkotik vasitə almaq üçün getməsi, iranlının dediyi yerə getdikdən sonra oradan heç bir narkotik vasitə götürmədən geri qayıdarkən polislər tərəfindən tutulması, onun üzərinə regional polis şöbəsində onun üzərinə narkotik vasitə qoyaraq ona məxsus olmasını demələri, ona hədə-qorxu gələrək evindən də narkotik vasitə çıxaracaqlarını, ailəsini də şöbəyə gətirəcəklərini demələri, məcbur qalıb sənədlərə imza etməsi” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, özünü müdafiə xarakteri daşıyır və onlara cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. İbtidai istintaq zamanı verdiyi ifadələr isə işin faktiki hallarına uyğundurlar, toplanmış digər sübutlarla da öz təsdiqlərini tapırlar. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri sübut növü kimi qəbul edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 16 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 16 iyul 2024-cü il tarixdə saat 23:30-da Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 52-ci kilometrliyində yerləşən körpünün yaxınlığında əlində və yerdə sintetik torba olarkən saxlanılmışdır. Daha sonra yolun kənarında Şahid2 idarə etdiyi Vaz-2107 markalı ** CB *** qeydiyyat nişanlı avtomobildə olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid2 Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 Şöbəsinə dəvət edildikdən sonra Şahid2 idarə etdiyi avtomobili ilə birlikdə polis şöbəsinin həyətinə gəlmişlər. Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan büküm təqdim etmiş, bükülüyə baxış keçirəndə içərisində narkotik maddə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi iki ədəd sintetik torbaya baxış keçirilmiş, baxış zamanı nisbətən böyük torbanın içərisindən 04 ədəd selofan bükülüdə, digər sintetik torbada isə 02 ədəd selllofan bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Qeyd olunan kütlələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı Şahin adlı iranlının təklifi ilə narkotik vasitələri götürərək 3000 manat müqabilində göstərəcəyi yerə qoyacağını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 10-15 ildir ki, tanıyır. 16 iyul 2024-cü il tarixdə saat 23 radələrində Samir ona zəng vuraraq Lənkəran rayonunda avtomobil üçün ehtiyat hissəsi gəldiyini onu götürmək üçün Lənkəran rayonuna getmək lazım olduğunu bildirmiş, o da Samirlə razılaşmışdır. Onlar lənkəran rayonuna yola düşmüşlər, bir qədər hərəkət etdikdən sonra Samir geri istiqamətə dönüb hərəkət etməyi ehtiyat hissəsinin gəlmədiyini bildirmişdir. Onlar Masallı rayonu istiqamətində hərəkət edən zaman Samir təbii ehtiyaclarını ödəmək üçün avotmobili saxlamağını xahiş etmiş, o avtomobili orada olan körpünün yaxınlığında saxlamış, Samir yolun sol tərəfinə getmiş, bir qədər sonra qayıtdaraq yolun sağ tərəfinə getmişdir. Bir müddət sonra avtomobildə əyləşən zaman bir neçə mülki geyimli şəxs avtomobilə yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. Sonradan polislərin Samiri gətirdiklərini görmüşdür. Polislər Samiri gətirərkən orada heç bir bağlama görməmişdir, əgər orada bağlama olsaydı görərdi. Daha sonra onları cənub regional şöbəyə gətirmişlər, orada Samirin üzərində bağlama aşkar olunmasını bilmişdir. İstintaq zamanı müstəntiq onun ifadəsini yazmış, o da oxumadan imzalamışdır. Şahid2 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmiş, həmin ifadədə o göstərmişdir ki, polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayan zaman sonuncunun əlində torbalar olduğunu görmüşdür. Məhkəmə şahidin məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “polislər Samiri gətirərkən orada heç bir bağlama görməmişdir, əgər orada bağlama olsaydı görərdi” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir, təqsirləndirilən şəxsi müdafiə xarakteri daşıyır. İbtidai istintaq zamanı verdiyi ifadəsi isə işin faktiki hallarına uyğundur, toplanmış digər sübutlarla da öz təsdiqlərini tapırlar. Məhkəmə şahidin ibtidai istintaq zamanı verdiyi ifadələri sübut növü kimi qəbul edir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 17 iyul 2023-cü il tarixli 19/552 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi: -35,638 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində "Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi böyük ölçülü sintetik torbada olan 04 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd kisədəki, 04 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -5155,0qr: -4700,0qr: -5075,0qr: -5970,0 qram: ümumi təmiz çəkisi: -20900,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi kiçik ölçülü sintetik torbada olan 02 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırıldı və möhürləndi.....” sözlər və imzalar olan bir ədəd kisədəki, 02 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: -3510,0qr: -4045,0 qram: ümumi təmiz çəkisi: - 7555,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırıldı və möhürləndi. .. ”, “Vət, Təqsirləndirilən şəxs təqdim etdiyi böyük ölçülü sintetik torbada olan 04 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırıldı və möhürləndi və “Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi kiçik ölçülü sintetik torbada olan 02 ədəd bükülüdə qurudulmuş marixuanaya bənzər kütlələr qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd zərfdəki və iki ədəd kisədəki ümumilikdə 07 bükülü olmaqla ümumi təmiz çəkisi: -28490,638 qram olan marixuanalar orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.Marixuana 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş ‘Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr' siyahısına daxildir (Siyahı İ). Tədqiqatdan sonrakı qalıq qurudulmu marixuana narkotik vasitəsi 28489,938 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 130 (yüz otuz) manat təşkil edır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 17 iyul 2024-cü il tarixli 657saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilmədi. İş materiallarında olan 17 iyul 2024-cü il tarixli 594 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinodlərin qəbulundan yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin tibbi-sosial ekspert komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstərişi vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Həmin rəydə deməsinə görə 3 ildir ki, narkotik vasitə qurudulmuş marixuanadan intranazal yolla istifadə edir. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X3 şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs və Şahid2 16 iyul may 2024-cü il tarixdə saat 23:30-da Astara-Ələt avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən 52-ci kilometrliyində yerləşən körpünün altında əlində bağlamalar olarkən saxlanılaraq həmin vaxt yolun kənarnda Şahid2 idarə etdiyi VAZ-2107 markalı ** CB *** qeydiyyat nişanlı avtomobildə olması müəyyən edilmiş və həmin şəxslər Narkotiklərlə Mübarizə İdarəsinin X3 şöbəsinə dəvət olunub üzərilərinə 17 iyul 2024-cü il tarixdə saat 01:00-da şəxsi axtarış və götürmə keçirilərkən Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə 35,638 qram qurudulmuş marixuana, saxlanılarkən əlində saxladığı iki ədəd sintetik torbanın içərsidindən ümumilikdə 28 kq 455 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 13 avqust 2024-cü il tarixli «mobil telefon aparatlarına baxış keçirilməsi haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı ona məxsus “Samsung” markalı mobil telefon götürülmüş və həmin mobil telefonlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “Samsung” markalı tünd mavi rəngli mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastmas gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı adı qeyd edilməmiş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 529 3462 saylı nömrə ilə qeydiyyatdan keçmiş kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında qeyd edilməmiş İran İslam Respublikası mobil operatoruna məxsus +98 914 529 3462 GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi ilə danışıq pəncərəsində həmin şəxs Təqsirləndirilən şəxs 15 iyul 2024-cü il tarixdə mesaj yazaraq silmişdir, daha sonra 16 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs “bu nedir” mətn mesajı yazmış, 16 iyul 2024-cü il tarixdə İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs “bura nə yazmısan?” məzmunlu səsli mesaj göndərmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə“qoydur, Lənkəran yoluna qoydur, konum at mənə” məzmunlu səsli mesaj göndərmiş, həmin şəxs iki mesaj yazaraq silmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə “Mən hazırame bi dənə konum at, konum at gedim” məzmunlu səsli mesaj göndərmiş, həmin şəxs cavab olaraq “saat 9 yarım 10-da atacam” məzmunlu səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq “Nə xəbər dede balasi” mətn mesajı yazmış, həmin şəxs Təqsirləndirilən şəxs “Salam qardaşım hardasan? Hazırsan atıram” məzmunlu səsli mesaj göndərmiş Təqsirləndirilən şəxs cavab olaraq “Hə salam əleyküm necəsən? Nə var yox? Mən ərazidəyəm, öz ərazimizdəyəm” məzmunlu səsli mesaj göndərmiş, daha sonra həmin şəxs Təqsirləndirilən şəxs konum və narkotik vasitənin yerləşdiyi yer işalənmiş iki ədəd fotoşəkil göndərmiş, daha sonra Təqsirləndirilən şəxs “Qağam sən setdən çıxmısane qadanı alım sənin bax gör konuma bax gör nə qədər yolun qalıb” məzmunlu səsli mesaj göndərmiş, daha sonra yönləndirilmiş şəkildə “Lenkerandan Bakiya gedende Sinovul çay plakatının altında” mətn mesajı göndərmiş, “Qağa bura nə yazilib burdadı, men sizin yazını bilmirəm. Qağa mənə cavab ver də sən setdən çıxırsan, belə iş olmaz iş görən setdə olar” məzmunlu səsli mesaj göndərmiş, daha Təqsirləndirilən şəxs cavab olaraq “salam nətərsən nə var nə yox, setdəyəm indi mən” məzmunlu səsli mesaj göndərmiş, həmin şəxs Təqsirləndirilən şəxs “Sənin ciyərinin qadasın alım, mən tez-tez səni yığa bilmirəm, yaxşı?yanımda adam zad olur, bax konumdu, şəkildi, yazıdı, o yazını da mən başa düşmürəm ki, deyir tablonun dibindədi, yolu da yazıb atıb, onu götürdün mənim okeyimi ver, saxla özündə, səhər çıxardarsan, nə vaxt çıxardırsan. Bakıya çıxardırsan haraya çıxartdırırsan çıxartdır” məzmunlu səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq “Gör nə deyirəme, gördüme o konumu zadı da gördüm, o çayı da tanıyıram, znakı da tanıyıram, amma o o qədər yol gəlibsə, tembole şəhəri dəçıxıb hə?” məzmunlu səsli mesaj göndərmiş, həmin şəxs Təqsirləndirilən şəxs “Qardaşım get Allah işini rast gətirsin, ürəyin buz kimi olsun, mal elə bil sənindi, pul veribsən mən vermişəm sənə, sənin öz malındı, ora da getdin tapa bilməsən seti açıq qoy, bahəm bir birmizi kömək əlavə eliyim götür də vəsailə” məzmunlu səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq “Yaxşı, oldu” məzmunlu səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq “yaxşı qaday alım get Alalh işini rast gətirsin, mal elə bil sənin özünündü, sən verirsən mənə, ürəyin buz kimi olsun, ə biz kişiyik e, biz istiyirik həmişə bir birimizə çörək verək, Əbəlfəz kürəyində dursun,haçan orda problemin oldu, mənə de setdəyəm mən, day mənə zəng zad yığmayacam, götürdün apardın evə mənə okey verərsən” məzmunlu səsli mesaj göndərmiş, Təqsirləndirilən şəxs cavab olaraq “Yaxşı” mətn mesajı yazmış, daha sonra “Mənim biraz işim çıxsdı, bugün də olmasa sabah onu gedib götürəcəm, Sabaha saxlamaram iki üç saata götürəcəm, hələ bizdə abu-hava tezdi” məzmunlu səsli mesaj, “Narahat olma” məzmunlu mətn mesajı göndərmişdir. Daha sonra İran İslam Respublikası vətəndaşı olan şəxs Təqsirləndirilən şəxs “Ay qardaşım qadanı alım sənin, mən orda iki dənə sənə sumka vəsail qoymuşam, qrdaş bəs sən mənim telefonumu niyə bağlayırsan? Bəs mən sənlə söz danışmışdım də demişdim maldan bir kilo hərəsindən sənindir, bəs sən indi telefonu götürürsən nolsun? Mən adamıma deyim getsin vəsaili götürsün. “Qağa orda otuz kilo gül var idi, biz danışmışdıq ki, ordan 7 min sənə pul verəm, sən də mənə kartını atacaqdın, kartı da atmıyıbsan, kartını da at mənə, 30 kilo gül var idi, guya o güelü götürəcəkdin ordan da bir kilo sənin özünün haqqın olacaqdı, 7000 puldan sonra. Salam Baba necəsən nə var nə yox, yaxşısan? Qağa orda 30 kilo vəsail idi, qərarımız o idi ki, 30 kilo vəsaili götürəsən, kart atasan, sənə 7000 pul vuram,yaxçı? Sən mənə demişdin ki, onu aparassan Lökbatan kruqunda meyvəlidə qoyasan. Bəs telefonun qabağını niyə bağlayırsan? Açmayassan nömrəni verəcəm polisə, məndə səslərin var, kişiyik biz söz danışdıq biz, bəs sən bayaqdan deyirdin mənim beş balam var, mənim də iki balam var, sən öz hayındasan, mən öz hayımdaya, biz söz danışmışdıq.” Məzmunlu səsli mesaj göndərmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Samsung” markalı mobil telefonun “Qaleriya” bölməsinə baxış zamanı orada iki ədəd narkotik vasitənin yerləşdirildiyi və işarələndiyi yeri göstərən iki ədəd fotoşəklin olması müəyyən edilmiş, qeyd olunan halların fotoşəkili çəkilərək protokola əlavə edilmişdir. İş materiallarında olan 17 iyul 2024-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 17 iyul 2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan 12 sentyabr 2024-cü il tarixli Respublika Psixatriya Xəstəxanası X10 məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan Cəlilabad rayonu, Privolnoe kənd İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30 avqust 2024-cü il tarixli ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Ağayev X2 rayonu, Privolnoe kəndində qekydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından, xx.xx.2013-cü il təvəllüdlü X4, xx.xx.2016-cı il təvəllüdlü X6, xx.xx.2017-ci il təvəllüdlü X9, xx.xx.2019-cu il təvəlludlu X5 və xx.xx.2021-ci il təvəllüdlü X7 adlı azyaşlı uşaqlarından ibarətdir, yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 19 iyul 2024-cü il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatından sonrakı qalıq 28489,938 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış saxlanılması üçün DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına həvil verilmişdir İş materiallarında olan «sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında» 10 dekabr 2024-cü il tarixli qərarından görünür ki, şəxsi axtarış aparılmasının videogörüntülərinin yazıldığı 1 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk və Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmış, kompakt disklər iş materiallarına əlavə olunmuş, bir ədəd “Samsung” markatı mobil telefon DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 10 dekabr 2024-cü il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrinin mənbəyinin müəyyən edilməsindən ötrü İİR vətəndaşı “Şahin” adlı şəxs barəsində Azərbaycan respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinyət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CMin 234.1 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində 5 azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması, ilk məhkumluğunu məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələr ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi xəstəliyi aşkar olunur. Lakin ƏƏSMN-nin yanında DSMF-nin tibbisosial ekspert komissiyasının sonuncu müayinəyə dair məlumatına əsasən İİİ qrup əlil olması səbəbindən narkomaniyadan məcburi müalicəyə əks göstərişi vardır. Ərazi narkoloji dispenserdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – DİN-in BNMİ-də saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 28489,938 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış aparılmasının videogörüntülərinin yazıldığı 1 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, həmin idarədə saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 130 (yüz otuz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 130 (yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertizadan sonra qalıq qalmış 228489,938 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş materiallarına əlavə olunmuş şəxsi axtarış aparılmasının videogörüntülərinin yazıldığı 1 ədəd DVD disk, "xxxx" MMC-dən götürülmüş 1 ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. -DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan 01 ədəd “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyea

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar