Məhkəmə qərarları › İş №1(099)-194/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-194/2025

22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-194/2025 22.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X10, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Rusiya Federasiyasının, Tumen vilayəti, Noyabrsk şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, məhkumluğu olmayan, Lənkəran rayonu, Bürcəli kəndində qeydiyyatda olmaqla orada yaşamış, 23 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 4(049)-121/2024 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, 2024-cü ilin iyul ayında, istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, külli miqdarda, 1 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 3,287 qram olub külli miqdar təşkil edən, ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetamini əldə etmiş və üzərində daşımaqla saxlamış, 23 iyul 2024-cü il tarixdə saat 19:30-da Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu Şürük kəndində, “Favorit” marketin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq ünvan 1 ünvanında yerləşən, CBRŞ-nin inzibati binasına gətirilmiş və üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sol yan cibindən qeyd edilən çəkidə və bükümdə psixotrop maddə metamfetamin aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi təsdiq olunmamışdır. Belə ki, məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, 23 iyul 2024-cü ildə saat 17 radələrində evdən çıxıb Şürük kəndində yerləşən “Favorit” marketə getmişdir. Marketdən çıxandan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları üzərinə hücum edib onu saxlamaq istəmişlər. Onların əlindən çıxıb qaçmışdır. Yaxınlıqda olan su kanalından keçib kənd sakininin həyətində daxil olmuş, polis əməkdaşları həmin həyətdə onu tutaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinə aparmışlar. Polis əməkdaşları onu saxlayan zaman üzərini axtarmışlar, lakin üzərindən psixotrop maddə metamfetamin aşkar olunmamışdır. Polis şöbəsinə gəldikdən sonra polis əməkdaşları üzərinə yenidən baxış keçirmişlər. Üzərində olan plastik pul kartı və 190 manat məbləğdə pulu götürülmüşdür. Polis əməkdaşlarından qaçdığı zaman telefonu düşmüş, polis əməkdaşları onun telefonunu götürmüşlər. Polis əməkdaşları sənədlərdə isə üzərindən guya 30 manat pul aşkar edildiyini yazmışlar. Psixotrop maddə metamfetamini polis əməkdaşları özləri onun cibinə qoymuşlar. Kakos deyilən narkotik vasitə qəbul etmişdir. Onu üç nəfər tutmuşlar, onlardan iki nəfəri Ramin və Yaşar polis əməkdaşları olmuşlar, digəri isə polis əməkdaşı olmamış, yaşlı kişi olmuş və həmin şəxsin adını bilməmişdir. Tural isə onun saxlanılmasında iştirak etməmişdir. Polis şöbəsinə onu maşınla gətirmişlər. Şöbənin qapısının qarşısında onu maşından düşürüb vura-vura növbətçi hissəyə aparmışlar, sonra onu inzibati binanın ikinci mərtəbəsinə qaldırmışlar. Orada onu bir müddət saxladıqdan sonra polis əməkdaşları ona “bu yaxşılığı edə bilərik sən, bu narkotik vasitəni boynuna götür, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə sənin işini sənədləşdirək” demişlər. Narkotik vasitə istifadə etdiyi üçün polis əməkdaşları ilə razılaşmışdır. Metamfetamini üzərinə polis əməkdaşları Ramil və Yaşar qoymuşlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitə istifadə edən olduğu üçün polis əməkdaşlarından qaçmışdır. Polis əməkdaşı Yaşar onun sinif yoldaşı olmuşdur. Yaşar dəfələrlə ona əməkdaşlıq etməyi, onun üçün işləməyi təklif etmişdir. İmtina etdikdən sonra Yaşar onunla düşmənçilik etmişdir. Məhlədən çıxıb taksiyə oturanda Yaşarı maşın ilə arxasınca gəldiyini görmüşdür. Əgər üstündə metamfetamin olsaydı, metamfetamini çoxdan kənara atardı. Bundan əlavə polis əməkdaşlarının əlindən çıxıb qaçmış, kanala düşmüş, kanaldan çıxıb təxminən 200-300 metr qaçmışdır. Əgər üzərində metamfetamin olsa idi həmin vaxtıda ata bilərdi. Kanal su kanalı olmuş, kanalda göbəyinə kimi su olmuşdur. Girdiyi həyətin sahibini tanımamışdır. Ətrafda çayxana olmuş, adamlar olmuş və marketin kameraları olmuşdur. Həmin kameralara hamısı düşmüşdür. Taksidə getdiyi zaman Yaşarın maşınla arxasınca gəldiyini görüb maşını dükanın qarşısında saxlatdırmışdır. Dükanın bir qapısından daxil olub o biri qapısından çıxmışdır. Dükandan çıxandan sonra Ramil üzərinə gəlib onu tutmaq istədikdə Ramilin əlindən çıxıb qaçmışdır. Üzərində metamfetamin olmadığı halda da polis əməkdaşlarından qaçmışdır. Polis əməkdaşlarından niyə də qaçmamalı idi, hələ üzərində olmaya-olmaya üzərinə polis əməkdaşları metamfetamin qoymuşlar. Saxlanılan zaman üzərində plastik kart və mobil telefon olmuşdur. Polis əməkdaşı Yaşarla Hirkan qəsəbəsində orta məktəbdə bir yerdə oxumuşlar. Yaşar onunla işləməyi dəfələrlə təklif etmişdir. Yaşarın təklifi barədə hər hansı bir yerə şikayət etməmişdir. Bürcəli kəndində yaşamışdır. Üzərinə qoyulmuş metamfetaminlə bağlı Ramil Yaşarla söhbət etmiş, Yaşar metamfetamini sol cibinə qoymuşdur. Yaşargil ona indi gələcəklər “biz sənə necə deyiriksə elə deyərsən” demişlər. Onu Ramil və Yaşar döyməmişlər. Onu üç nəfər polis əməkdaşı döymüş, Tural onu pis vurmuş, onu döyən digər polis əməkdaşlarının adlarını bilməmişdir. Turalgil əllərini qandallayıb onu yerə yıxmışlar, yerdə onu təpiklə vurmuşlar. Sol çiyninə ayaqqabının daban hissəsi dəymiş, ciyni partlamış vəziyyətdə olmuş, hələ də həmin xəsarətin yeri qalmışdır. Həmin xəsarətin yerini proses iştirakçılarına göstərmişdir. Qaçanda və kanala düşəndə yıxılmamış, həmin vaxtı xəsarət almamışdır. Bakı İstintaq Təcridxanasına daxil olanda bədənində olan xəsarətləri qeyd etmişlər. Bununla bağlı araşdırma aparmışlar, prokurorluqdan gəlib izahatını almışlar, ancaq hansı qərar qəbul olunduğunu bilməmişdir. Saxlanılmamışdan əvvəl işi olduğu üçün taksi ilə Lənkəran şəhərinə getmişdir. Arxasınca əməliyyatçı Yaşar ağ rəngli “Hyunday” markalı maşınla gəlmişdir. “Favorit” marketdən heç nə almamış, bir qapıdan girib o biri qapıdan çıxmışdır. Marketdən çıxıb üzbəüz sağ tərəfə çayxana istiqamətində ara yola qaçmışdır. Kimin həyətinə daxil olduğunu bilməmişdir. Həyət sahibi gəlib “sən kimsən polisə zəng edəcəm” demiş, həmin vaxtı polis əməkdaşları da özlərini təqdim etmişlər. Saxlanılan zaman onun arxasınca Ramil qaçmışdır. Polis əməkdaşları onu şöbədə döymüşlər. Yaşargil ona dedikləri ilə razılaşmasa onu külli mirdarda psixotrop maddə ilə sənədləşdirəcəklərini, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə həbs etdirəcəklərini bildirmişlər. Əvvəllər onu polis şöbəsinə çağırmamışlar. Əvvəllər dəfələrlə polis əməkdaşı Yaşarla telefonla “whatsapp” da danışığı olmuşdur. Yaşar ona zəng edib onunla görüşmək istəmiş, evlərinə gəlmiş, ancaq həmin vaxtı evlərində olmamışdır. Bir necə dəfə yaşadığı evin qapısının ağzına gəlib maşında da söhbət etmişlər, hətta saxlanılmamışdan bir ay qabaq Yaşar onu maşına mindirmiş və bir müddət maşında gəzərək söhbət də etmişlər. Polis şöbəsində polis əməkdaşları onu döydükdən sonra videoçəkliş aparılmış, həmin vaxtı döyülməsi nəticəsində bədəni ağrımış və ayağını da ağrıdan çəkmişdir. Bakı İstintaq Təcridxanasında müayinə zamanı bədənində aşkar olunmuş xəsarətləri polis əməkdaşları yetirmişlər. Onu ən çox Tural döymüşdür. 2024-cü ilin fevral ayında onu regional şöbəyə çağırmamışlar. Bundan əlavə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, videoçəkiliş zamanı əynində olan paltarlarla onu saxlamışlar, paltarlarını dəyişməmişdir. Polis əməkdaşları onu saat 17 radələrində saxlamışlar, üzərinə baxışı isə gecə saat 00 radələrində keçirmişlər. Saxlanılan zaman düşdüyü kanalın eni 2 metr, sul ilə dolu dərinliyi isə dizinə qədər olardı. Videoçəkiliş zamanı paltarları tam qurumamışdır. Kanala düşmüş, çıxandan sonra orada olan həyətə qaçmışdır. Kanalın dərinliyi onun boyundan hündür olmuş, ancaq su çox olmamışdır. Kanalda 3-4 dəqiqə qalmış, kanaldan çıxa bilməmişdir. Yaşar və Ramil də başının üstündə olmuşlar. Yaşar “səni güllə ilə vuraram” demişdir. Yaşar və Ramil o kanala girdiyi tərəfdə olmuşlar. Kanalın kənarları sürüşkən olduğu üçün çıxa bilməmişdir. Kanaldan çıxıb qaçandan sonra Ramil haradansa yol tapıb kanalı keçib dalınca gəlmişdir. Kanaldan çıxıb qaçanda Ramil gəlib onu tutmuşdur. Yaşargilin əlində silah görməmişdir, amma Yaşar silahla vuracağını demişdir. Polis əməkdaşları onu birinci mərtəbədə qapıdan şöbəyə salıb növbətçi hissənin yanında döymüşlər. Polis əməkdaşları onu maşınla şöbəyə aparmışlar. Maşında Yaşar, Ramil və bir də yaşlı kişi olmuşdur. Turalı şöbədə görmüş, hadisə yerində görməmişdir. Bədənində olan xəsarətlər kanala düşəndə əmələ gələ bilməzdi. Yaşara əvvəllər məlumat vermişdir. Yaşargildə həmin adamı tutub pulun alıb buraxmışlar. Ramil onu həyətdə saxlamışdır. Telefonu marketin qabağında qaçanda düşmüşdür. Həmçinin verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşlarından ona yaxınlaşan olmamış, üstünə hücum edən Ramil adlı polis əməkdaşı olmuş, digər şəxs isə polis əməkdaşı deyil yaşlı bir kişi olmuşdur. Polis əməkdaşlarının arxasınca gəldiyini görüb avtomobildən düşərək marketə girmiş, marketin digər qapısından çıxan zaman Ramil üstünə qaçmış, həmin vaxt özü də qaçıb kanala tullanmışdır. Marketin çıxışı elə marketin qabaq tərəfi olmuşdur. Kanalın ətrafında taxta, ağac və ya setka olmamışdır. Ramil tərəfdə setka ola bilərdi, ancaq onun tərəfində sekta olmamışdır. Ramil kanala düşməmişdir. Kanaldan çıxıb 50 metr getdikdən sonra tanımadığı həyətə “setka” çəpərin balaca qapısından girmişdir. Kanaldan çıxandan sonra Ramil onun arxasınca qaçmış, həmin vaxtı nəfəsi dayanmış və Ramil gəlib onu tutmuşdur. Ramil onu həyətdə tutan zaman Yaşar ora gəlməmişdir. Tural ümumiyətlə onun saxlanılmasında iştirak etməmişdir. Müstəntiq onu dindirən zaman xəsarəti olmuşdur. Müstəntiq ona xəsarəti tutulmamışdan qabaq aldığını yazdığını, onsuzda əməliyyatçıların ondan əl çəkməyəcəyini demişdir. Əməliyyatçı tərəfindən təqdim olunmuş “whatsapp” yazışmaları və səslər ona məxsusdur. O narkotik vasitələr istifadə edən şəxsdir, təbii ki kimlərdənsə narkotik vasitələr alıb çəkməlidir. Mobil telefonunda adı “Cavid Dəmirçi” kimi qeyd olunan şəxs ustadır. Təqsirləndirilən şəxs heç bir təqsirinin olmadığını, üzərindən aşkar olunduğu yazılmış psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürüldüyünü bildirərək məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı bir dəfə ifadə vermişdir. İki dəfə ifadə verməmişdir. 2024-cü ilin fevral ayında Təqsirləndirilən şəxs barəsində ona əməliyyat məlumatı daxil olmuşdur. Əvvəllər Mahir barəsində olan məlumatlar real olmadığına görə heç bir tədbir görülməmiş, amma Mahir əməliyyat təqibinə götürülmüşdür. Bu barədə əməliyyat işi də açmışdır. Həmin vaxtdan Mahiri nəzarətə götürmüşlər. 23 iyul 2024-cü il tarixdə Mahir barəsində əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə şöbə rəhbərliyinə məruzə olunmuşdur. Mahir onun sinif yoldaşı, həm də qonşu kəndçisidir. Mahirin olduğu yer müəyyən olunmuşdur. Mahiri Şürük kəndində “Favorit” marketin qarşısında saxlayıb şöbəyə gətirmişlər. Şöbədə Mahirin üzərinə baxış keçirilən zaman üzərindən 3 qrama yaxın metamfetamin aşkar olunmuşdur. Verilən suallara cavab olarq Şahid1 bildirmişdir ki, əməliyyatda 3 nəfər o, Ramil və Tural iştirak etmişlər. Əməliyyata öz maşını ilə, yəni ağ rəngli “Hyunday” markalı maşınla getmişdir. Mahir qaçmaq istəyən zaman tutmuşlar. Mahir təxminən 10-15 metr qaçdıqdan sonra onu tutmuşlar. Mahir qaçan zaman kanala düşmüş və Mahirin şalvarı dizə qədər su olmuşdur. Mahir kanala düşən zaman ona heç nə olmamışdır və xəsarət almamışdır. Şöbədə Mahirə bir büküm metamfetamin verib cibinə qoymasını deməmişdir. Şöbədə Mahiri döyən olmamışdır. Yəqin Mahirin üzərində metamfetamin olduğu üçün onlardan qaçmışdır. Əməliyyatda o, Ramil və Tural iştirak etmişlər. Ali Məhkəmənin Plenimunun qərarı ilə bağlı 2024-cü ilin sentyabr ayında Baş İdarədən gələrək onlara təlim keçmişlər. Ondan sonra şəxslərin üzərinə saxlanılan yerdə baxış keçirməyə başlamışlar. Mahiri saat 19 radələrində saxlamışlar. Mahirin saxlanıldığı yerdən şöbəyə 30 dəqiqəlik yoldur. Saxlanıldığı yerdə adam çox olduğu üçün Mahiri şöbəyə aparmışlar, şöbədə təhqiqatçı və vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Şöbədə Mahirə xəsarət yetirilməmişdir. Mahirə dəfələrlə narkotik vasitədən istifadə etməməsini demişdir. Kimliyindən asılı olmayaraq doğmasıda olsa həmin şəxsi tutar. Mahirə dəfələrlə “narkotik vasitə satma, satsan tutaram səni” demişdir. Mahir narkotik vasitə satmış, Mahiri üzərindən külli miqdarda metamfetamin ilə tutmuşdur. Mahirin istifadəsində olan mobil telefonda onun narkotik vasitə satması barədə məlumatlar olmuşdur. İstintaq həmin şəxsləri də cəlb etməli idi. Cinayət işinin materiallarında Mahirin telefonunda olan məlumatların olmamasının səbəbini bilməmişdir. Mahirin telefonundan həmin məlumatları götürmüşdür. Mahirin dediyinə görə “Baba” ləqəbli İran İslam Respublikası vətəndaşı Bakı şəhəri Buzovna qəsəbəsində onun üçün istifadə etməkdən ötrü narkotik vasitə atmış, Mahir də həmin narkotik vasitəni götürmüşdür. Şəxsi axtarış zamanı Mahirin üzərindən telefon aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş 16 fevral 2024-cü il tarixli portal çıxarışını özü çıxartdırmışdır. Həmin vaxtı Mahir barəsində məlumat daxil olduğu üçün çıxartdırmışdır. Mahiri saxlama saatı dəqiq yadında qalmamış, hava qaralma üzrə olmuş, təxminən saat 19 radələri olardı. Mahirin üzərində metamfetamin aşkar olunmuşdur. Baş Prokurorluğa izahat verdiyi zaman ümumi olaraq narkotik vasitə aşkar edildiyini demişdir. Metamfetamini də ola bilsin ümumi olaraq narkotik vasitə kimi demişdir. Mahirə yaxınlaşmışlar, Mahir kanala qaçmış və onu tutmuşlar. Mahir kanala girmiş, o, Mahirlə söhbət edən zaman Ramil Mahirə yaxınlaşıb onu tutmuşlar. Mahir təxminən 30 saniyə kanalın içərisində suda qalmışdır. Kanalın eni təxminən 2 metr, dərinliyi də 1,5-2.0 metr olardı. İbtidai istintaq zamanı bir dəfə ifadə vermişdir. Bu işlə bağlı 23 noyabr 2024-cü ildə ifadə verməyini xatırlamamışdır. Mahir saxlanılandan sonra onun telefonuna zənglər gəlmişdir. Əməliyyat marağı kəsb etdiyinə görə Mahirə telefonla danışmağa icazə vermişlər, Mahirdə telefonla danışmışdır. Hazırda yadına düşmüşdür ki, telefon danışığı ilə bağlı istintaqa ifadə vermişdir. Mahirin bir telefon nömrəsi olmuşdur. Mahirin barəsində 2024-cü ilin fevral ayında əməliyyat işi açmışlar. Tutulana kimi Təqsirləndirilən şəxs “whatsapp” la danışdığı üçün onun danışıqlarını işə əlavə edə bilməmişlər. Mahirə 2024-cü ilin fevral ayından qabaq, onunla əməkdaşlıq etməsini təklif etmişdir. Mahiri tanıdığı üçün etibarlı şəxs kimi təklif etmişdir. Mahir əvvəl-əvvəl onunla əməkdaşlıq etmiş, ona məlumat vermiş, hətta Mahirin məlumatı əsasında tədbirlər də keçirmişlər. Sonra Mahirə zəng etmiş, ancaq telefonuna cavab verməmişdir. Dəfələrlə də Mahirlə görüşmüş, Mahirə məlumatı olanda deməsini deməyini bildirmişdir. Mahir isə ona məlumat verməmişdir. Mahirin əvvəllər verdiyi məlumatlara əsasən şəxslər barəsində məhkəmə hökmləri var. Üzərindən uzun müddət keçdiyi üçün həmin şəxslərin adlarını xatırlamamışdır. Mahir tutulana kimi şöbəyə çağırılıb təlimatlandırılmamışdır. X17 döyməmişdir. İstifadəsində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. Bundan əlavə verilən suallara cavab olarq Şahid1 bildirmişdir ki, saxlanma zamanı Mahir telefonunu yerə çırpmış, telefon onun tərəfindən götürülmüşdür. Şəxsi axtarışdan sonra telefon sındığı üçün düzəltdirmiş və təhqiqatçı tərəfindən telefon Mahirdən götürüldüyü günün səhəri günü, yəni 24 iyul 2024-cü il tarixdə ayrı-ayrı saatlarda baxış keçirmiş, bu səbəbdən də telefonda saatlar fərqli saatlar göstərmişdir. Telefona baxış aparılan zaman Mahirin iştirak etmədiyini, hər hansı bir sənəd tərtib etmədiyini bildirmişdir. Telefonu təhqiqatçıya qaytaran zaman telefonda olan məlumatları silməmişdir. Mahirə məxsus telefondan aşkar olunmuş səs yazıları və smsləri olan şəxslər ilə bağlı əməliyyat-axtarış tədbirləri icra olunmamışdır. Telefonda “Zaur Avrora” kimi qeyd olunmuş şəxs həmkəndlisidir, Zaurun müstəntiq tərəfindən dindirilməsindən məlumatı olmamışdır. Dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 23 iyul 2024-cü il tarixdə şöbənin baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat şöbənin rəhbərliyinə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Şürük kəndində yerləşən “Favorit” marketin qarşısında Təqsirləndirilən şəxs piyada hərəkət etdiyini görüb ona yaxınlaşlamışlar. Marketin qarşısında yol var, kənarında da su kanalı vardır. Mahir onu görən kimi qaçmağa başlamışdır. Səhv etmirsə Mahirin yanında digər şəxslər də olmuşdur. Həmin şəxslərin hamısı onları tanıdıqları üçün qaçmışlar. Həmin şəxsləri də müəyyən edə bilməmişlər. Mahir özünü kanala atmışdır. Kanalın suyu az olmuşdur. Kanala düşüb Mahiri tutub çıxarmışdır. Orada 150 nəfərə yaxın adam olmuşdur. Orada olan adamların hamısı Mahirdən narazılıq etmişlər. Mahirin gün ərzində həmin ərazidə narkotik vasitə satdığını bildirmişlər. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Mahir kanalda ortada qalıb çıxa bilməmişdir. Mahir çıxıb qaçmaq istəyən zaman, kanala tullanıb Mahiri tutub dartıb çıxarmışdır. Tural onlarla əməliyyatda iştirak etmişdir. Mahiri saat 19 radələrində saxlamışlar. Mahir barədə maraqlandıqda məlumat daxil olmuşdur ki, Mahir “Favorit” marketin qarşısındadır. Ona görə də oraya getmişlər. Mahiri maşınla izləməmişlər. Mahir əgər maşında olsa idi o, maşını saxlamazdı. Mahir marketin qarşısında görüb yaxınlaşmışlar. Əvvəllər Astara RPŞ-də 10 il işləmişdir. Orada işlədiyi müddətdən Mahiri tanımışdır. Mahir Astara rayon sakinləri Nəsimi və Vaqif adlı adamlara da narkotik vasitələr satmışdır. Təxminən 8 il bundan qabaq həmin şəxsləri tutmuşdur. Həmin vaxtdan Mahirin gecə-gündüz narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. Mahiri polis şöbəsində döyən olmamışdır. O da kanala tullananda paltarları, mobil telefonu və iş vəsiqəsi suda islanmış, şalvarı kanalın kənarındakı sakinlərin dəmir setkadan olan çəpərinə ilişib cırılmışdır. Orada olan sakinlərin polislərə baxda onu tuta bilmirlər demələrini, Mahirə qarşı narazılıq etmələrini görüb kanala tullanıb Mahiri tutmuşdur. Həmin vaxtı şərait olmadığı üçün videoçəkiliş etməmişlər. Ali Məhkəmənin Plenimum qərarı barədə həmin vaxtı onlara məlumat verilməmişdir. Mahirin üzərinə şöbədə baxış keçirmişlər. Dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, əməliyyat məlumatı Yaşara daxil olmuşdur. Təqsirləndirilən şəxs Lənkəran rayonu, Şürük kəndində yerləşən “Fovarit” marketin yanında qaçarkən saxlamışlar, Mahir tərəflərindən saxlandıqdan sonra Regional Şöbəyə aparmışlar və şöbədə müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilən zaman Mahirin üzərindən metamfetaminə bənzər kütlə aşkarlanmışdır. Mahirin üzərindən aşkarlanan kütlə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Mahiri saxalayan zaman ərazidə olan kanala tərəf qaçmışdır. Mahiri əməliyyat qrupunun üzvü Ramil saxlamışdır. Mahiri saxlayan zaman özü də iştirak etmişdir. Mahiri nahardan sonra təxminən saat 15-16 radələrində saxlamışlar. Təqsirləndirilən şəxsi döyməmişdir. Mahiri saxlayan zaman əməliyyatda iştirak etmiş, avtomobildə arxada Ramillə özü oturmuşdur. Mahirin üzərinə təcili tibbi yardım birqadasının gəlməsi barədə məlumatı olmamışdır. Mahirin kanala düşməyini görməmiş, həmin vaxtı marketin yanında olmuşdur. Beləliklə, ibtidai istintaq, həm də məhkəmə baxışında toplanmış sübutların məhkəmə tərkibi tərəfindən müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi nəticəsində Təqsirləndirilən şəxs təqsirinin sübuta yetmədiyi müəyyən edilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 24 iyul 2024-cü il tarixli qərardan görünür ki, 23 iyul 2024-cü il tarixdə saat 19:30-da Azərbaycan Respublikası DİNnin, Baş Narkotiklərlə Mübarizə İdarəsinin, X9 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 1 ədəd bükümdə külli miqdarda-3,287 qram çəkildə psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsi faktı ilə bağlı toplanmış materiallar əsasında Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılmışdır.(i.v.49) -“şübhəli şəxsin tutulması haqqında” 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, faktiki azadlığı 23 iyul 2024-cü il tarixdə, saat 19:30-da məhdudlaşdırılmış Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:15 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.13) -“şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki şalvarın sol yan cibindən bir ədəd selofan büküm, şalvarın sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, bir ədəd “birbank” plastik bank kartı, bir ədəd 10 manatlıq və on dörd ədəd 1 manatlıq pul əskinası olmaqla cəmi 24 manat pul çıxarıb təqdim edərək masanın üzərinə qoydu və ona verilən suallara cavab olaraq bildirdi ki, təqdim etdiyi bükümün içərsində narkotik maddə şüşə var, özünə məxsusdur, iki ay əvvəl internet vasitəsi ilə tanış olduğu “Baba” adlı İran vətəndaşı ilə iki gün əvvəl telefonla danışıb Bakı şəhəri, Buzovna qəsəbəsində hasarın kənarından özü qəbul etmək üçün 250 manat ödəməklə götürmüş, bundan başqa “Baba” adlı İranlı bir dəfə də onun üçün narkotik maddə göndərmiş və həmin ərazidən gedib götürmüş, əldə etdiyi şüşədən özü qəbul etmiş, heç kimə verməmiş, satmamış, bundan başqa onda narkotik maddə yoxdur. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan bükümün içərisinə baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olundu və götürüldü. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi, axtarış zamanı hər hansı bir qanunsuz əşya, narkotik maddə aşkar olunmadı. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş cəmi 24 manat pul material üzrə əhəmiyyət kəsb etmədiyi üçün onun özünə qaytarıldı, mobil telefon və bank kartı əhəmiyyət kəsb etdiyi üçün götürülərək protokola əlavə olunur. Təqsirləndirilən şəxs təqdim etdiyi selofan büküm elektron tərəzidə çəkildikdə metamfetaminə bənzər kütlə 3,38 qram çəkidə oldu. Sonra həmin selofan büküm zərfə qoyuldu, zərfin üstü “DİN Zərflər üçün №7(1)” möhürü ilə möhürləndi və üzərində müvafiq qeydlər aparılaraq imzalandı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir qanunsuz hərəkətlər edilməmiş, zor tətbiq olunmamışdır. Bu barədə heç bir şikayəti və tələbi yoxdur, törətdiyi əmələ görə peşmandır. Ona verilən sualları tam başa düşdüyünü bildirdi.(i.v.29-32) -“məhkəmə-kimyəvi ekspertizası”nın 24 iyul 2024-cü il tarixli, 19/569 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Vət: Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd bükümdə metamfetaminə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -3,287 qram olan ağ rəngli kristallardan ibarət olan maddə metamfetamindir.(i.v.45-48) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 25 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Lənkəran Rayon Məhkəməsinin 25 iyul 2024-cü il tarixli, 4(049)-121/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 iyul 2024-cü il tarixdən hesablanmışdır.(i.v.55-56, 72-75) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 24 iyul 2024-cü il tarixli, 610 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür.(i.v.76) -“baxış keçirilməsi haqqında” 04 avqsut 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmiş, ancaq iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır.(i.v.84) -Lənkəran şəhər Psixatriya Xəstəxanasın” dan daxil olmuş 25 avqust 2024-cü il tarixli, 3111 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Lənkəran şəhər Psixatriya xəstəxanasında qeydiyyatda olmamışdır.(i.v.98) -“baxış keçirilməsi haqqında” 21 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş telefon nömrəsinə dair "xxxx" MMC-dən götürülmüş məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitəni Bakı şəhərinə gedib orada Buzovna qəsəbəsində hasarın kənarından götürüb əldə etdiyini bildirsə də, anten məlumatlarından Təqsirləndirilən şəxs qeyd edilən vaxtı yaşadığı Lənkəran rayonu, Hirkan qəsəbəsində olması müəyyən edilmişdir.(i.v.110-111) -Təqsirləndirilən şəxs anası Xatirə Əliyevadan alınmış 24 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon ona qaytarılmışdır.(i.v.124) -Lənkəran Rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli, 4(049)-175/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 2 (iki) ay, yəni 23 yanvar 2025-ci il tarixədək uzadılmışdır.(i.v.139-143) -“sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalan 3,237 qram çəkidə psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman çəkilmiş videoçəklişin görüntüsü olan 1 (bir) ədəd disk maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetamin saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş, disk isə cinayət işinin materiallarına əlavə olunmuşdur.(i.v.157-163) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 21 dekabr 2024-cü il tarixli Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 3,287 qram çəkidə psixotrop maddə metamfetaminin əldə edilmə mənbəyi barədə cinayət işindən ayrı icraata Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(i.v.164-165) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs şəxsiyyəti ilə bağlı olan ilkin araşdırma materiallarında, yəni; - tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Rayon Məhkəməsinin 28 aprel 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə tədbiq edilmiş Aministiya qərarına əsasən cəzası 06 ay azaldılmışdır. Suraxanı Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə 5 (beş) ay 15 (on beş) gün vaxtından şərti olaraq cəzadan azad edilmişdir. 25 noyabr 2022-ci il tarixdə cəza müddəti başa çatmışdır.(i.v.85-86) -Lənkəran Şəhəri İcra Hakimiyyəti Başçısının Xanbulan kənd İnzibati-Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Lənkəran rayonu, Hirkan qəsəbəsində qeydiyyatda olmaqla yaşamış, himayəsində 23 avqust 2010-cu il təvəllüdlü, 02 avqust 2015-ci il təvəllüdlü iki uşağı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmamışdur.(i.v.112-113) Azərbaycan Respublikası Konstitusiyasının 60 maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir (bundan sonra-Cinayət-Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 10-36-cı maddələrində göstərilmiş cinayət mühakimə icraatının əsas prinsipləri və şərtləri: 1. Cinayət təqibinin həyata keçirilməsinin əsasını təşkil edən qaydaları müəyyən edir; 2. İnsan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından onun müdafiəsini təmin edir; 3. Hər bir cinayət təqibinin qanuniliyini və əsaslılığını müəyyən edir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respkublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı olan və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, insan hüquqlarının və əsas azadlıqların pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Konvensiyanın və onun 1 və 4 saylı Protokollarının müddəalarından fərqli olaraq 3-cü maddə hər hansı istisnanı nəzərdə tutmamışdır və hətta insanların həyatı üçün təhlükə doğuran fövqəladə vəziyyətin olması halında belə 15-ci maddənin 2-ci bəndi ondan hər hansı formada kənara çıxmağa imkan vermir. Məhkəmə tərkibi cinayət işinin mateariallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla və müdafiə hüququ pozularaq əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” 23 iyul 2024-cü il tarixli qərarı qəbul etmiş və əməliyyat qrupuna rəhbərlik etmiş polis kapitanı Şahid1 ilə əvvəllər əməkdaşlıq etmiş, digər bir neçə şəxslər haqqında məlumatları Şahid1 vermiş və bu məlumatlar əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, Yaşara əvvəllər məlumat vermiş, Yaşargildə həmin adamı tutub pulun alıb buraxmışlar. Şahid1 isə məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2024cü ilin fevral ayından qabaq, onunla əməkdaşlıq etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs tanıdığı üçün etibarlı şəxs kimi təklif etmişdir. Təqsirləndirilən şəxs əvvəl-əvvəl onunla əməkdaşlıq etmiş, ona məlumat vermiş, hətta Təqsirləndirilən şəxs məlumatı əsasında tədbirlər də keçirmişlər. Sonra Təqsirləndirilən şəxs zəng etmiş, ancaq Təqsirləndirilən şəxs telefonuna cavab verməmişdir. Dəfələrlə də Təqsirləndirilən şəxslə görüşmüş, Təqsirləndirilən şəxs məlumatı olanda ona məlumat verməsini bildirmişdir. Təqsirləndirilən şəxs isə ona məlumat verməmişdir. Təqsirləndirilən şəxs əvvəllər verdiyi məlumatlara əsasən şəxslər barəsində məhkəmə hökmləri də çıxmışdır. Üzərindən uzun müddət keçdiyi üçün həmin şəxslərin adlarını xatırlamamışdır. İfadələrdən də göründüyü kimi Təqsirləndirilən şəxslə Şahid1 arasında əvvəllər münasibətlər olmuş, lakin sonradan Təqsirləndirilən şəxs bu münasibətləri kəsmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin çıxarışından görünür ki, həmin sənəd 16 fevral 2024-cü il tarixdə “vmas.mia.gov.az” axtarış sistemindən çıxarılmışdır. Baş Narkotiklərlə Mübarizə İdarəsi X9 Şöbəsindən daxil olmuş 20 yanvar 2025-ci il tarixli, 3-13-7-1/2-41/2025 nömrəli məktubdan isə görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında barəsində 22 fevral 2024-cü il tarixdə müvafiq qaydada qeydiyyat işi açılmışdır. Təqsirləndirilən şəxs barəsində “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” qərar isə 23 iyul 2024-cü il tarixdə qəbul olunmuş və həmin qərar əsasında Təqsirləndirilən şəxs saxlanılmışdır. Qeyd olunan zidiyyətli hallar ibtidai istintaq orqanı tərəfindən araşdırılmamışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının 30-cu bəndində göstərilmişdir ki, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətlərin qarşısının alınması, belə cinayətləri törətmiş, törədilməsini hazırlayan şəxslərin müəyyən olunması üzrə dövlət orqanlarının fəaliyyətində əməliyyat-axtarış fəaliyyətinin xüsusi yer tutduğunu, o cümlədən belə cinayətlərə dair ittihamların əsaslandırılmasında əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunmuş materiallardan geniş istifadə olunduğunu nəzərə alaraq əməliyyat-axtarış fəaliyyəti üzərində məhkəmə nəzarətinin həyata keçirilməsi, eləcə də bu qəbildən olan cinayət işlərinə məhkəmədə baxılarkən əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş sübutların yoxlanılması və qiymətləndirlməsi zamanı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 2021-ci il 24 dekabr tarixli 15 nömrəli Qərarında bu məsələyə həsr olunmuş izahlarla yanaşı, CPM-in 137-ci maddəsindən və digər normalarından, “Əməliyyataxtarış fəaliyyəti haqqında” 1999-cu il 28 oktyabr tarixli 728-İQ nömrəli Azərbaycan Respublikası Qanununun (bundan sonra-728-İQ nömrəli Qanun) müddəalarından irəli gələn, əməliyyat-axtarış tədbirlərinin xüsusiyyətləri, onun gedişatının və nəticələrinin rəsmiləşdirilməsi, əldə olunmuş materialların cinayət təqibi orqanlarına təqdim edilməsi və cinayət prosesində sübut kimi istifadə olunması, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulması, müvəkkil edilmiş şəxslərdən başqa digər şəxslərin əməliyyat-axtarış tədbirində iştirakı, hansı əməliyyat-axtarış tədbirləri barədə məhkəmə nəzarətinin həyata keçirilməli olması və s. məsələlərlə əlaqədar aşağıdakı hüquqi mövqelər nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv həqiqət ondan ibarət olmuşdur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən verilmiş ittihamda qeyd edilən vaxtda, yerdə və formada saxlanılmamış, sonuncu polis əməkdaşlarının Lənkəran rayonu Şürük kəndində, “Favorit” marketin qarşısında onu saxlamaq istədiklərini gördükdən sonra həmin yerdən qaçmış, yaxınlıqda olan su kanalına girib həmin kanaldan keçdikdən sonra polis əməkdaşı tərəfindən saxlanılmışdır. Bu halları araşdırmaqda istintaq orqanı maraqlı olmamışdır. Çünki həmin hallar reallağı aşkara çıxarmış, Təqsirləndirilən şəxs ittiham olduğu cinayət əməlini törətməməsini sübut edən baza faktlar kimi çıxış etmişdir. Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının və digər qanunvericlik aktlarının tələblərinə əsasən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayan zaman həmin yerdə üzərinə şəxsi axtarış keçirməli olmalarına baxmayaraq sonuncunu polis şöbəsinə gətirərək orada şəxsi axtarış və götürmə istintaq hərəkətini icra etmişlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də bir sıra qərarlarında ibtidai araşdırma zamanı yol verilmiş digər nöqsanlarla yanaşı sübut əhəmiyyətinə malik ola biləcək (cinayət təqibi gedişində ittihamın əsaslandırılmasında istifadə edilən) predmetlərin şəxsin tutulduğu yerdə götürülməməsinə sübutun əldə edilməsi şəraitinin ciddi qüsuru kimi baxaraq belə sübutun mötəbərliyini şübhə altına alan, beləliklə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra-Konvensiya) 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu yaradan hal kimi istinad etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 9 nömrəli qərarının 34-cü bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Həmin Plenum qərarının 37-ci bəndində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulduğu yerdə üstünün yoxlanılmasının və sübut əhəmiyyətli ola biləcək əşyaların ondan götürülməsinin rəsmiləşdirilməsinin mümkün qədər CPM-in 246-cı maddəsində nəzərdə tutulmuş şəxsi axtarış və götürmə kimi istintaq hərəkətinə, “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinin isə mümkün qədər CPM-in 236-cı maddəsində nəzərdə tutulmuş “baxış” istintaq hərəkətinə uyğunlaşdırılması o demək deyil ki, istintaq hərəkətində hal şahidlərinin və yaxud müdafiəçinin iştirak etməsinə dair CPM-in müddəaları əməliyyataxtarış tədbirinə də şamil olunmalıdır. Cinayət işinin materiallarından görünən iş üzrə əhəmiyyətli və mübahisəsiz məqam odur ki, Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində həmçinin bildirmişdir ki, 23 iyul 2024-cü ildə saat 17 radələrində Şürük kəndində yerləşən “Favorit” marketdən çıxandan sonra Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları üzərinə hücum edib onu saxlamaq istəmişlər, polis əməkdaşlarının əlindən çıxıb qaçmışdır. Yaxınlıqda olan su kanalından keçib kənd sakininin həyətinə daxil olmuş, polis əməkdaşları həmin həyətdə onu tutaraq polis şöbəsinə aparmışlar. Həmin vaxtı üzərini yoxlamamışlar, polis şöbəsinə gətirdikdən sonra polis əməkdaşları onu döyərək bədəni üzərində xəsarətlər yetirmişlər, hədələmişlər, sonra isə üzərinə psixotrop maddə metamfetamin qoyaraq gecə saat 00 radələrində keçirilmiş şəxsi axtarış zamanı götürmüşlər. Cinayət işinin materiallarının 121-123-cü səhifələrində olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar edilməsi barədə Bakı İstintaq Təcridxanasının məlumatı əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq müraciətdə göstərilən xüsusalar təsdiqini tapmadığından Cinayət- Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs izahatında göstərmişdir ki, 23 iyul 2024-cü il tarixdə Lənkəran rayonu Şürük kəndində olarkən 3 nəfər ona yaxınlaşıb zor tətbiq etməklə avtomobilə əyləşdirib Baş Narkotiklərlə Mübarizə Baş İdarəsinin Cənub Regional Şöbəsinə aparmışlar. Saxlanılan zaman üzərində heç bir narkotik vasitə olmamışdır. Şöbəyə daxil olandan sonra adlarını bilmədiyi polis əməkdaşları onu döymüşlər, külli miqdarda narkotik vasitə ilə yükləyəcəklərini bildirmişlər. O, döyülməkdən qorxduğu üçün polis əməkdaşının ona verdiyi narkotik vasitənin özünə məxsus olması barədə etirafedici ifadə vermişdir. Cinayət işinin materiallarının 152-157-ci səhifələrində olan Təqsirləndirilən şəxs barəsində açılmış 6145/2024 nömrəli “məhkumun tibbi kitabçası” nın surətindən görünür ki, Təqsirləndirilən şəxs “sol çiyin, sol qalça çuxurunda üzəri qərtməkli yaralar” aşkar olunmuşdur. Cinayət işinin materiallarının 27-28-ci səhifələrində olan “məhkəmə-tibbi ekspertizası”nın 24 iyul 2024-cü il tarixli, 681 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. Baş Narkotiklərlə Mübarizə İdarəsi X9 Şöbəsinin 15 yanvar 2025-ci il tarixli, 3-13-7-1/2- 37/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə BNMİnin X9 Şöbəsinə gətirilərkən onun bədəni üzərində hər hansı bir xəsarət müəyyən edilməmişdir. Lənkəran ŞRPŞ-dən daxil olmuş 15 yanvar 2024-cü il tarixli, 96/2-1340/25 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X9 Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə saxlanıldıqdan sonra 24 iyul 2024-cü il tarixdə Lənkəran ŞRPŞ-nin MSY-nə təhvil verilərkən tibbi müayinədən keçirilmiş və bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. “Respublika Təcili və X6 Mərkəzi” X13 daxil olmuş 15 yanvar 2025-ci il tarixli, 18-1- 88/2-107/2025 nömrəli məktubdan görünür ki, RTTTYM Lənkəran TTTYS bölməsi üzrə Mərkəzi Çağrı Xidmətinə (103) 24 iyul 2024-cü il tarixdə saat 23:12 radələrində Lənkəran ŞRPŞ-dən Təqsirləndirilən şəxs adına çağırış daxil olmuşdur. Lənkəran TTTYS bölməsinin təcili yardım briqadası dərhal çağırış ünvanına getmiş, Təqsirləndirilən şəxs müayinə zamanı səhhəti ilə bağlı heç bir narahatçılığı olmadığı məlum olmuş və praktik sağlam olaraq qiymətləndirilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər aşkar olunmasına baxmayaraq prokurorluq orqanı tərəfindən həmin ziddiyyətli hallar aydınlaşdırılmadan qərar qəbul olunmuş, iş üzrə almış “məhkəmə-tibbi ekspertizası” nın yekdil olmayan rəyi ilə kifayətlənilmişdir. Bundan əlavə cinayət işinin materiallarının 157-163-cü səhifələrində olan “sübutların qiymətləndirilməsi haqqında” qərarın 7-ci bəndindən görünür ki, cinayət işi üzrə məhkəməyədək icraatı aparan müstəntiq, polis mayoru X14 Əliyev Bakı İstintaq Təcridxanasına qəbul edildikdən sonra tibbi müayinə zamanı onda aşkar edilmiş sıyrıq xəsarətlərini sonuncu barəsində həbs qətimkan tədbiri seçildikdən sonra əsəbləşib özüözünə yetirdiyini müəyyən etdiyindən həmin xüsusatla bağlı cinayət təqibinin başlanmasının rədd edilməsini yazmaqla kifayətlənmişdir. Qəbul olunmuş qərarda Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin aşkar olunması təsdiq edilsə də həmin xəsarətləri nə vaxt, hansı şəraitdə alması və kim tərəfindən yetirilməsi müzakirə edilərək obyektiv şəkildə qeyd edilməmişdir. Həmin qərarından göründüyü kimi araşdırmanı aparan müstəntiq obeyktiv həqiqətin müəyyən edilməsi üçün digər sübutları əldə etməyə təşəbbüs belə göstərmədən, hər hansı əsaslandırma təqdim etmədən qərar qəbul etmiş, əldə etdiyi ekspert rəyinin məzmununu yalnız təsvir etməklə kifayətlənmiş, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasını təsdiq edən digər sənədlərə ümumiyyətlə münasibət bildirməmişdir. Şərh edilənlərə əsasən qəbul olunmuş “sübutların qiymətləndirilməsi haqqında” qərarda Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması faktına dair hissəsinə qiymət verilməsi əsas götürülməklə tam, hərtərəfli və obyektiv aparılan məhkəmə araşdırmasının nəticələrinə uyğun olamayan qərarın qəbul edilməsi ədalət mühakiməsinin məqsədlərini şübhə altına almış olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” 1950-ci il Roma Konvensiyasının 3-cü maddəsində deyilir ki, heç kəs işgəncə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 103 İQ nömrəli Qanunu ilə ratifikasiya olunmuş “İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəsa növlərinə qarşı” 1984-cü il BMT Konvensiyasının 2-ci maddəsində göstərilir ki, hər bir iştirakçı dövlət öz yurisdiksiyasında olan hər hansı ərazidə işgəncə hərəkətlərinin qarşısını almaq üçün təsirli qanunvericilik, inzibati, məhkəmə tədbirləri, yaxud digər tədbirlər görür. Cinayət Məcəlləsinin 293-cü maddəsində işgəncəyə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəzaya görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 215.3.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 293-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə və Cinayət-Prosessual Məcəlləsinin 215.3.2-ci maddəsinə əsasən əməliyyat-axtarış tədbiri keçirmək səlahiyyətində olan orqanların, o cümlədən polis əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə ibtidai istintaq prokurorluq tərəfindən aparılır. Cinayət işi üzrə məhkəməyədək icraatı aparmış müstəntiq Elgün Məmmədov Cinayət- Prosessual Məcəlləsinin 215-ci maddində nəzərdə tutulmuş cinayət işləri üzrə ibtidai istintaqın aparılması ilə bağlı aidiyyət qaydalarını və Konvensiyanın 3-cü maddəsinin tələblərini pozmaqla qəbul etdiyi “sübutların qiymətləndirilməsi haqqında” qərarda Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olması faktına dair hissəsinə qiymət vermişdir. Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı” iş üzrə qərarının 55-ci bəndində xüsusi olaraq qeyd etmişdir ki, polis şöbəsinin müstəntiqinin həmin şöbənin əməkdaşlarının kobud rəftarı ilə bağlı apardığı araşdırma müstəqil hesab oluna bilməz. Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmasına cinayət işi üzrə ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən də reaksiya verilməmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Təqsirləndirilən şəxs “sol çiyin, sol qalça çuxurunda üzəri qərtməkli yaralar” aşkar olunması faktı ilə bağlı polis orqanının özünün müstəntiqi tərəfindən baxılması ilə qane olmaq olmaz, bü cür “yoxlamanı” işgəncə barədə iddiaları məhkəmədə araşdırmaq zərurətini ortadan qaldıran hal kimi dəyərləndirilməməlidir. Sözügedən fakt prokurorluq orqanları tərəfindən araşdırma aparan zaman aydınlaşdırılmalı idi. Bundan əlavə “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə olunmuş videoçəkilişin 07:24-cü dəqiqəsində və 07:36-cı dəqiqəsində Təqsirləndirilən şəxs hərəkətdə olan zaman sol ayağını çətinliklə yerə basdığı və axsadığı vizual olaraq görünsə də Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmuş müdafiəçisi X4 hüquqlarını müdafiə etdiyi şəxsə qarşı zorakılıq hərəkətlərinin olub-olmamasını araşdırmaq üçün istintaq orqanının qarşısında hər hansı bir vəsatət qaldırmamışdır. Həmçinin ibtidai təhqiqatı aparmış təhqiqatçı Famil Həsənov təqsirləndirilən şəxsin bədəni üzərində xəsarətin olmasını açıqaşkar gördüyü halda ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə əsasən heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz. Xəsarətlər üzrə araşdırmanın vaxtında aparılmaması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” qərarında qeyd etmişdir ki, döyülmədən sonrakı üç gün ərzində vəkili ilə görüşməyinə icazə verilmədiyindən ərizəçi pis rəftar barədə şikayətini dövlət orqanlarının nəzərinə təqdim etmək imkanında olmamışdır. Məsələ birinci dəfə dövlət orqanlarının diqqətinə 2023-cü ilin oktyabrın 22-də ərizəçinin vəkili tibbi müayinənin keçirilməsi barədə vəsatəti qaldırdıqda çatdırılmışdır. Lakin onun vəsatətinə kifayət qədər səylərlə baxılmamışdır, çünki beş gündən sonra tibbi müayinənin keçirilməməsi barədə şikayət vəkil tərəfindən prokurora verilənə qədər heç bir hərəkət yerinə yetirilməmişdir. Hətta bundan sonra tibbi müayinə iki gündən sonra keçirilmişdir. Bununla əlaqədar məhkəmə qeyd edir ki, polis orqanlarının müvəqqəti saxlanma yerində işgəncə qurbanı xarici aləmdən təcrid edildiyi, zəruri sübutları təsdiq və ya toplaya biləcək həkim, vəkil, ailə üzvüləri və dostları ilə görüşmək imkanından məhrum edildiyi halda işgəncə barədə şikayətlərin əsaslandırılması xüsusilə çətindir. Məhkəmə-tibbi ekspertizası rəyinin vaxtında təmin edilməməsi hazırkı işdə araşdırmanın effektsizliyinə gətirib çıxaran vacib amillərdən biri olmuşdur. Vaxtında keçirilmiş tibbi müayinə məhkəmə-tibb eksperti üçün xəsarətlərin səbəbləri və onların yetirilməsi vaxtı barədə daha dəqiq nəticələrə gəlmək imkanını yaradacaqdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Tomasi Fransaya qarşı” qərarında qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. Konvensiyanın 3-cü maddəsi dövlətlərin hərəkətlərinə (hərəkətsizliyinə) ciddi məhdudiyyətlər qoymaqla, eyni zamanda özündə dövlətin pozitiv öhdəliklərini ehtiva etməklə insanın ləyaqətini, fiziki və psixi toxunulmasızlığını qorumaq məqsədi daşıyır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı”, “Selmuni Fransaya qarşı” işlər üzrə qərarlarında qeyd etmişdir ki, 3-cü maddə demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən birini təsbit edir. Hətta terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə kimi ən çətin şəraitdə belə Konvensiya işgəncəni və qeyri-insani və ya alçaldıcı rəftarı, yaxud cəzanı qəti şəkildə qadağan edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə görə milli qanunvericlikdə azadlıqdan məhrum etmənin nə cür təsnif edilməsindən, yəni saxlanılma, tutulma, həbs etmə kimi göstərilməsindən asılı olmayaraq, polis tərəfindən azadlığı məhdudlaşdırılmış şəxslərin pis rəftardan müdafiəsi üçün onların Avropa Komissiyası tərəfindən müəyyən edilmiş öz seçiminə görə hər hansı şəxsi saxlanılması barədə məlumatlandırmaq, vəkillə təmin olunmaq, həkimlə təmin olunmaq, o cümlədən özünün seçdiyi həkim tərəfindən müayinə olmaq hüquqları təmin olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarından görünür ki, məhkəmə bir qayda olaraq şəxsin pis rəftara məruz qalmasını təsdiq edən müvafiq sübutlar pis rəftarın baş verməsini iddia edən ərizəçi tərəfindən təqdim olunduqda, Konvensiyanın 3-cü maddəsinin maddi aspektdə pozuntusunu müəyyən edir. Bu o deməkdir ki, Avropa Məhkəməsi ümumi qayda kimi bü cür iddialar üzrə sübut etmə yükünün pis rəftarın baş verməsini iddia edən tərəfin üzərinə düşdüyünü qəbul edir. Qərarlardan aydın olur ki, işgəncə, pis rəftarın başqa formalarını təsdiq edə biləcək sübutlar sırasında Avropa Məhkəməsi tibbi ekspertin rəyinə, tibbi arayışa, müvəqqəti saxlama yerindən tibbi müayinənin nəticələrinə, təcili tibbi yardım çağırılması haqqında qeydə, hər hansı başqa tibbi sənədə xüsusi əhəmiyyət verir. Bundan başqa Avropa Məhkəməsi pis rəftar faktının araşdırılması zamanı şahid ifadələrinin, videogörüntülərin, fotoşəkillərin əhəmiyyətli olduğunu da vurğulayır. Lakin belə sübutlar olmadığı halda da iddiaçı pis rəftarın baş verməsinin detallı təsvirini verdikdə və onun gətirdiyi müfəssəl, bir-biri ilə uzlaşan dəlillər, baxılan şəraitdə ağlabatanlıqla pis rəftarın baş verməsini ehtimal etməyə əsas yaratdıqda, dövlət isə həmin iddianın təkzib edilməsi üçün əsaslı izah verə bilmədikdə, pis rəftar faktının müəyyən edilmiş sayılması istisna olunmur. Belə hallarda Avropa Məhkəməsi həbsdə olan, saxlanılan şəxslərin vəziyyətinin həssaslığını, onların acizliyini və iddialarını təsdiq edə biləcək sübutları əldə etməkdə imkanlarının məhdudluğunu, dövlətin isə-əksinə hadisə barədə müvafiq məlumatlara və sübutlara malik olduğunu nəzərə alaraq, ümumi qaydadan istisna kimi sübut etmə yükünün iddiaçının deyil, dövlətin üzərinə düşdüyünü qeyd edir. Məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən saxlandıqdan sonra polis şöbəsinə aparılaraq döyülməsi, işgəncələrə məruz qalması və hədələnməsi ilə bağlı bildirdikləri obyektiv həqiqəti özündə ifadə etmiş və cinayət işi üzrə müəyyən olunmuş həqiqi hallarla tam şəkildə uzlaşmışdır. İstintaq oranı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın hansı səbəbdən saxlanıldığı yerdə deyil, polis şöbəsinə aparıldıqdan sonra baxış keçirilməsinin əsasları barədə əsaslı izah verə bilməmişdir. Təqsirləndirilən şəxs üzərində “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə olunmuş videoçəkilişin yaddaşından həmin videoçəklişin 23 iyul 2024-cü il tarixdə saat 22:29 radələrində aparıldığı müəyyən olunur. İstintaq sənədlərinə inanılsa belə Təqsirləndirilən şəxs ən az 3 saat müəddət ərazində qanunsuz olaraq polis əməkdaşlarının sərəncamında olmuşdur. “Sakit Zayidov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının məzmununa əsasən, şəxsin polis əməkdaşları tərəfindən saxlanıldığından, yəni faktiki olaraq, azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən sonra onun üzərinə baxış, əslində şəxsi axtarış və götürmə tədbiri keçirilməsi arasında müəyyən və kifayət qədər müddət keçərsə, bu zaman aşkar olunan sübutun “qoyulması” ilə bağlı əsaslı narahatlıq yaranır. Bu müddət ərzində ərizəçi tamamilə polis əməkdaşlarının tam nəzarətində olması, işdə axtarışın ərizəçinin həbsindən dərhal sonra həyata keçirilməsini mümkünsüz edən hər hansı xüsusi halların mövcud olmaması bu zaman və bu şəraitdə əldə edilmiş sübutun mötəbərliyini ciddi şübhələr altına alır. Avropa Məhkəməsinin hüquqi mövqeyinə əsasən, məhkəmələr ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin, onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, sonra isə sübutun mötəbərliyini təkzib etmək və cinayət işi üzrə icraat zamanı ondan istifadəyə etiraz etmək üçün ərizəçiyə imkan verilib-verilmədiyini araşdırmalıdır. Bundan başqa, “Layicov Azərbaycana qarşı” olan iş üzrə Avropa Məhkəməsinin qərarının 63-cü bəndində qeyd olunur ki, prinsip etibarı ilə konkret sübut növlərinin, misal üçün ölkə qanunvericiliyinə görə qanunsuz yolla əldə edilmiş sübutun mümkünlüyünü və ya təbii olaraq ərizəçinin təqsirli olub-olmadığını müəyyənləşdirmək Məhkəmənin vəzifəsi deyil. Burada cavab verilməli olan sual bütünlükdə prosesin, o cümlədən sübutların əldə edilmə yollarının qanuni olub-olmadığıdır. Həmin qərarın 69-cu bəndində Məhkəmə ilk növbədə qeyd edir ki, ərizəçinin üzərində və onun avtomobilində axtarışın onun həbsindən dərhal sonra həyata keçirilmədiyi tərəflər arasında mübahisə doğurmur. Bu axtarış onun həbs olunduğu yerin yaxınlığında deyil. Zaqatala Rayon Polis Şöbəsində aparılmışdır. Məhkəmə bununla bağlı qeyd edir ki, həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi. Həmin qərarın 76 və 77-ci bəndlərində göstərilir ki, yuxarıdakı mülahizələr Məhkəmənin ərizəçiyə qarşı məhkəmədə istifadə olunmuş maddi sübutun əldə edilmə üsulunun və bu sübutun mötəbərliyi ilə bağlı onun etirazları və haqlı dəlillərinə yerli məhkəmələr tərəfindən baxılmaması proseslərin bütünlükdə ədalətsiz olması qənaətinə gəlməsi üçün kifayətdir. Beləliklə, bu işdə Konvensiyanın 6-cı maddəsinin pozuntusuna yol verilmişdir. Yəni Avropa Məhkəməsinin qənaətincə, axtarış (o cümlədən şəxşi axtarış) şəxs saxlanıldıqdan dərhal sonra cinayət prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla həyata keçirilməlidir. Məhkəmə istintaqı zamanı toplanmış təkzibolunmaz sübutlardan göründüyü kimi, Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırıldığından və polisin tam nəzarəti altına keçdiyindən təxminən ən azı 3 saat sonra şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmiş obyektiv hallardan görünür ki, polis əməkdaşları Təqsirləndirilən şəxs saxlamaq istəyən zaman sonuncu qaçmış, orada olan içərisində su olan kanaldan keçmiş və bir az qacaraq həyətə girdikdən sonra polis əməkdaşı tərəfindən saxlanılmışdır. Hətta polis əməkdaşları iddia etmişlər ki, Təqsirləndirilən şəxs üzərində olan telefonu qaçan zaman atmışdır. İşinin faktı hallarından göründüyü kimi Təqsirləndirilən şəxs qaçan zaman və kanalda suyun içərisindən keçən zaman üzərində aşkar olunması qeyd edilən psixotrop maddə metamfetamini atmaq üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. Bununla da Təqsirləndirilən şəxs istinad edilən psixotrop maddə metamfetaminin ona aid olmaması ehtimalına əsas verməklə, polisin tam nəzarəti altında olduğu vaxtda həmin psixotrop maddə metamfetaminin əldə edilmə üsulu, ümumilikdə isə ittiham tərəfinin təqdim etdiyi “əynindəki şalvarın sol yan cibindən” psixotrop maddə metamfetamin aşkar olunması ilə bağlı şəxsi axtarış və götürmə istintaq hərəkəti, onun nəticəsində aparılan protokollaşmanın sübut kimi mötəbərliyi şübhə altına alınır. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusu işgəncə, qeyri-insani, alçaldıcı rəftara və ya cəzaya məruz qalma barədə iddiaların dövlət orqanları tərəfindən səmərəli araşdırılmamasını, yəni ümumiyyətlə araşdırmanın aparılmamasını və yaxud araşdırmanın tələb olunan keyfiyyət meyarı cavab verilməməsini ehtiva edir. Pis rəftara dair mübahisə edilən iddialar üzrə rəsmi araşdırma aparma-bu birlikdə götürülməklə Konvensiyanın 3-cü maddəsindən və Konvensiya iştirakçılarının onların yurisdiksiyası altında olan hər kəsin Konvensiya ilə müəyyən edilən hüquq və azadlıqlarını təmin etmək öhdəliyini nəzərdə tutan 1-ci maddəsindən irəli gələn vəzifədir. Şərh edilən hallardan göründüyü kimi prokurorluq orqanı tərəfindən beynəlxalq və milli qanunvericliyin tələbləri pozulmaqla Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncələrə məruz qalması ilə bağlı kifayət qədər ətraflı araşdırma aparılmamış və obyektiv həqiqət müəyyən edilməmişdir. Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusuna dair məsələlər üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini aşkarlayan presedent olaraq “Assenov və qeyriləri Bolqarıstana qarşı işi” üzrə qərarda Avropa Məhkəməsi bəyan etmişdir ki, zəruri araşdırma aparılmadıqda işgəncəyə, qeyri-insani, ləyaqəti alçaldan davranışa qoyulan qadağa, fundamental mühümlüyünə baxmayaraq, təcrübədə səmərəsiz olacaq və bu hal bəzən vəzifəli şəxslər üçün onların nəzarəti altında olan şəxslərin hüquqlarından və cəzasızlığından sui-istifadə etmək imkanı yaradacaqdır. Avropa Məhkəməsi bu qərarı onunla səciyyəvidir ki, həmin işdə Məhkəmə pis rəftarı sübut olunmuş saymaq üçün kifayət qədər sübutlar təqdim olunmadığı vəziyyətdə beyə yalnız pis rəftar barədə iddianın milli orqanlar tərəfindən səmərəli araşdırılmamasına görə Konvensiyanın 3-cü maddəsinin pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi qeyd etmişdir ki, dövlət orqanlarının 3-cü maddəsinin əhəmiyyətli pozuntusuna yol verdiklərini “əsaslı şübhədən kənar” standartına uyğun olaraq sübut etmək mümkün olmadığı vəziyyətdə onların ərizədə göstərilən, həqiqiliyi ehtimal oluna bilən faktları müstəqil səmərəli, açıq araşdırmadan imtina etmələri Konvensiyanın 3-cü madəsinin prosedur, yəni prosessual aspektdə pozuntusunu təşkil edə bilər. Bu müddəada Avropa Məhkəməsi araşdırmanın keyfiyyət meyarını da göstərmişdir. Belə ki, keyfiyyətli, yəni qaneedici sayılması üçün araşdırma müstəqil, səmərəli və açıq olmalıdır. Araşdırmanın səmərəliliyi standartı dedikdə, araşdırmanın mütləq şəkildə pis rəftar faktının müəyyən edilməsi ilə nəticələnməsi deyil, hadisəni izah edə biləcək, məqsədyönlü, qoyulan məsələyə adekvat olan, iddianın xüsusiyyətlərini nəzərə alan tədbirlərin görülməsi başa düşülür, yəni Avropa Məhkəməsi nəticənin yox, prosesin, yəni araşdırma vasitələrinin tətbiqinin zəruri olduğunu vurğulayır. Belə tədbirlər işgəncənin, pis rəftarın digər formalarının baş verməsi haqqında iddianın tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməlidir. Bundan əlavə bir sıra işlərdə Avropa Məhkəməsi araşdırmanın formallığına, yəni dövlət orqanının araşdırmanı barələrində şikayət edilən şəxslərin dindirilməsi ilə məhdudlaşdırıb, hadisə barədə məlumat verə biləcək digər şahidləri dindirməkdən imtina etdiyinə, inandırıcı materiallarla, ərizəçinin ağlabatan səlist, detallı izahatı ilə uzlaşmayan, ziddiyyətli tibbi ekspertizasının rəylərinə əsaslandığına, tələm-tələsik qəbul edilmiş qərarlarla ərizəçinin iddiasını rədd etdiyinə görə belə araşdırmanı səmərəsiz hesab edib Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu müəyyən etmişdir. Avropa Məhkəməsi Azərbaycana qarşı işlərdə Konvensiyanın 3-cü maddəsinin prosessual aspektdə pozuntusunu yaradan, səmərli araşdırmanın aparılmadığını göstərən hallar kimi araşdırmanın vaxtında başladılmamasına, iddiaçının müraciət etməsindən çox vaxt keçdikdən sonra dindirilməsinə və yaxud işgəncə barədə iddiaların yoxlanılması üçün tibbi ekspertizanın vaxtında təyin edilməməsinə, gec keçirilməsinə və bu səbəblərdən pis rəftar nəticəsində yetirilməsi ehtimal olunan xəsarətlərin izlərinin itirilməsinə istintad etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Aksoy Türkiyəyə qarşı” iş üzrə qərarında qeyri-insani rəftarla bağlı hadisənin rəsmən araşdırılmamasını 3-cü maddənin pozulması kimi səciyyələndirməklə yanaşı, həm də Konvensiyanın 13-cü maddəsinin pozulması kimi dəyərləndirmişdir. Konvensiyanın 13-ü maddəsində isə deyilir ki, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında təsirli hüquqi müdafiə vasitələrinə malikdir. Avropa Məhkəməsi sözügedən qərarında qeyd edir ki, Konvensiyanın 3-cü maddəsi ilə qorunan hüquqların təbiəti 13-cü maddəyə də öz təsirini göstərir. İşgəncənin qadağan olunmasının böyük əhəmiyyətini və işgəncəyə məruz qalmış şəxslərin aciz vəziyyətini nəzərə alaraq, 13-cü maddə Dövlətlərin üzərinə daxili qanunvericlikdə mövcud olan vasitələrə xələl gətirmədən bütün işgəncə halları üzrə hərtərəfli və səmərəli istintaqın aparılması öhdəliyini qoyur. Məhkəmə tərkibi məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs barəsində alınmış məhkəmə-tibbi ekspertizasının rəyinə də tənqidi yanaşır, Təqsirləndirilən şəxs bədəni üzərində faktiki olaraq xəsarətlər olduğu halda qiymət verilməyən məhkəmə-tibbi ekspertizasının rəyinə əsaslanan araşdırmanın Avropa Məhkəməsinin müəyyən etdiyi standartlar baxımından qaneedici sayıla və müdafiə tərəfinin işgəncə barədə iddialarını mötəbərliklə təkzib edən, məhkəməni işgəncə faktının olub-olmamasını məhkəmə baxışında tədqiq edilmiş sübutlar əsasında müəyyən etmək vəzifəsindən azad edən tədqiqat kimi nəzərdən keçirilə bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs bədəni üzərində aşkar olunmuş xəsarətlərə hüquqi qiymət verilən Lənkəran ŞRPŞ-nin İB-də qəbul olunmuş “sübutların qiymətləndirilməsi haqqında” qərarla bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Baxılan cinayət işi üzrə məhkəmə tərkibi tərəfindən araşdırılmalı olan məsələlərə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə araşdırma apararkən Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Konrekt olaraq “Layıcov Azərbaycana qarşı” işi üzrə qərarının 53-cü bəndində Avropa Məhkəməsi bildirir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutların toplanmas, o cümlədən “inter alia” hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibbi ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmənin müdafiə tərəfinin məhkəmə baxışında təkrarladığı işgəncə barədə iddialarını müstəqil araşdırma aparmadan, müstəsna olaraq həmin iddianın məhkəməyədək icraatda yoxlanılmasına və əsassızlığının müəyyən olunmasına görə rədd edilməsi həm də ona görə qəbuledilməzdir ki, bu vəziyyət cinayət prosesində heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmamasına dair Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmədə tədqiq olunmuş sübutlara əsaslanmasına dair Cinayət-Prosessual Məcəlləsinin 349.5.2-ci maddəsinin tələbləri ilə qəti şəkildə uzlaşmır. Faktiki olaraq məhkəmə işgəncə barədə iddianı yoxlamadan yalnız məhkəməyədək icraat dövründə aparılmış araşdırmanın nəticələrinə görə rədd edərkən və bu iddia ilə mübahisələndirilən sübutuda, o cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi etirafetdici ifadəni mümkün və mötəbər sübut kimi qəbul edərkən, həmin ifadənin mümkünlüyü məsələsini məhkəmə baxışının nəticələrinə görə deyil, cinayət işinin başlanmasının rədd edilməsinə dair qərara əsasən həll edir və beləliklə, sözügedən sübutun qüvvəsini qabaqcadan müəyyən etmiş olur. Məhkəmə tərkibi təhlil edilən halla bağlı belə nəticəyə gəlir ki, işgəncə barədə iddiaların yoxlanılmasına və rədd edilməsinə dair məhkəməyədək icraatda səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarlar olduqda da, məhkəmələr buna özü-özlüyündə işgəncə barədə məhkəmədə yenidən irəli sürülən iddianın əsassız olduğunu göstərən, məhkəməni işgəncə barədə iddianı araşdırmaq vəzifəsindən azad edən hal kimi baxmamalı, məhkəməyədək icraatda aparılmış araşdırmanın keyfiyyətinin yoxlanılması da daxil olmaqla işgəncə barədə iddianın səmərəli şəkildə araşdırılması üçün bütün zəruri tədbirləri görməli, o cümlədən tərəflərin təqdim etdikləri və öz təşəbbüsü ilə zəruri sübutları tədqiq etməlidirlər. İşgəncə barədə iddia, sübutların yolverilənliyi məsələləri üzrə məhkəmə qənaəti də məhkəməyədək icraat dövründə qəbul olunmuş qərara görə deyil, məhkəmədə baxılmış sübutlara müvafiq olaraq əsaslandırılmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkətinin videoçəkilişdə görüntünün yaradılması tarixinə baxanda məlum olur ki, həmin video görüntü 23 iyul 2024-cü il tarixində saat 22:29-da yaradılmışdır. Videogörüntünün 07:24-cü dəqiqəsində və 07:36-cı dəqiqəsində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs sol ayağını çətinliklə yerə basdığı və axsadığı, əynində olan şalvar və corabın su olduğu, Şahid2 paltarlarında hər hansı zədə və suyun olmadığı vizual olaraq görünmüşdür. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş mobil telefona baxış keçirilməmiş və telefon qablaşdırılaraq götürülməmişdir. Müdafiəçi Ədalət Muradov tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir sual verilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 51.1-ci maddəsinin tələblərinə əsasən, cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokolda və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafi neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audioyazılarda, fonoqrammalarda, video və kinoçəkiliş lentlərində, planlarında, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Qanunun mənasına görə, istintaq hərəkətinin aparılması haqqında protokol tərtib edilərkən həmin istintaq hərəkətinin növü protokolun adında, aparılması qaydası və ardıcıllığı, istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslər haqqında məlumat isə protokolun təsviri hissəsində əks olunmalıdır. Məhkəmədə tədqiq edilmiş və işdə olan “şəxsi axtarış və götürmə aparılması haqqında” protokolun və videogörüntünün məzmununun tam olaraq eynilik təşkil etmədiyi müəyyən edilir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi “etirafedici” ifadələrinə münasibətdə qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Avşar Türkiyəyə qarşı” qərarında qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ birlər. Sübutların keyfiyyəti ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Bıkov Rusiyaya qarşı” qərarında qeyd etmişdir ki, sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyü şübhə altına alınıb-alınmadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində polis əməkdaşları tərəfindən döyülməsi faktı ilə bağlı prokurorluq orqanlarında araşdırma aparılsa da qəbul olunmuş qərarın surətinin ona göndərilmədiyini, polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində yaranmış xəsarətləri istintaq təcridxanasına daxil olan zaman adına açılmış tibbi kitabçada yazıldığını bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi faktı və prokurorluq orqanı tərəfindən müvafiq araşdırmanın formal aparılması barədə bildirdikləri məhkəmə istintaqı zamanı toplanmış təkzib olunmaz sübutlar ilə öz təsdiqini tapmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Yallo Almaniyaya qarşı” qərarında qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsindəki prosesin ədalətliliyinə dair ümumi tələblər, törədilmiş hüquq pozuntusunun növündən asılı olmayaraq, bütün cinayət proseslərinə şamil olunur. Bununla belə, bütövlükdə prosesin ədalətli olub-olmadığı müəyyən edilərkən konkret cinayətin istintaqına və cəzalandırılmasına olan ictimai maraq nəzərə alına və təqsirləndirilən şəxsin sübutların qanuni yolla əldə edilməsinə olan marağı ilə tutuşdurula bilər. Lakin ərizəçinin müdafiə hüququnun, o cümlədən Konvensiyanın 6-cı maddəsi ilə təmin edilən özünə qarşı ittihama yardım etməmək hüququnun mahiyyətinə xələl gətirən tədbirlərə ictimai maraq mülahizələri ilə haqq qazandırıla bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (125.2.1-ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Məhkəmə tərkibi tərəfindən məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin faktiki halları ilə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadələrinin həqiqəti özündə əks etdirməsi təsdiqini tapmışdır. Bundan əlavə iş materiallarından görünür ki, cinayət işi üzrə ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiə hüququ səmərəli, keyfiyyətli və praktik şəkildə təmin edilməmiş, cinayət işi üzrə ittihamın əsasını qoymuş sübutlar həm də müdafiə hüququ pozulmaqla əldə edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulan zaman dövlət hesabına müdafiəçi təyin olunmuş Ədalət Muradov da hüquqlarını müdafiə etdiyi təqsirlədirilən şəxs Təqsirləndirilən şəxs xeyrinə hər hansı fəaliyyətlə ümumiyyətlə məşğul olmamış (məsələn, hər hansı şəxsin şahid qismində dindirilməsi, döyülərək işgəncəyə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərə məruz qalması və başqa hallarla bağlı vəsatətləri olmamışdır), onun fəaliyyəti yalnız müstəntiq tərəfindən tərtib olunmuş sənədləri sadəcə olaraq imzalamaqdan ibarət olmuşdur. Müdafiəçi Ədalət Müradov Təqsirləndirilən şəxs “şəxsi axtarış və götürmə aparılması haqqında” istintaq hərəkəti icra ediləndə yeriyən zaman sol ayağının axsamasını, şalvar və corabının su olmasını görməsinə baxmayaraq ibtidai istintaq dövründə hər hansı tədbir görülməsi üçün təşəbbüs belə etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 7.0.27-ci maddəsinə əsasən müdafiə-cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi istintad edilən şəxsə qarşı irəli sürülmüş ittihamın təkzibi və ya yüngülləşdirilməsi, onun hüquq və azadlıqlarının müdafiəsi, habelə cinayət təqibinə qanunsuz məruz qalmış şəxsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə həyata keçirilən prosessual fəaliyyətdir. Həmin Məcəllənin 19.4.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Salduz Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəsin vəkil tərəfindən səmərəli müdafiə olunmaq hüququ ədalətli məhkəmə araşdırmasının fundamental xüsusiyytlərindən biridir. Həmin Məhkəmənin “Dayanan Türkiyəyə qarşı” qərarında göstərilmişdir ki, bir qayda olaraq, şübhəli polis məntəqəsində saxlandığı andan və ya məhkəməyədər həbsdə saxlanma zamanı hüquqi yardıma çatım imkanı ilə təmin olunmaldır. Həmin Məhkəmənin “Lagerblom İsveçə qarşı” və “Qalstyan Ermənistana qarşı” qərarlarında göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında səmərəli şəkildə iştirak hüququna təkcə icraatda deyil, həm də zəruri olduqda, hüquqi yardım almaq hüququ daxildir. Həmin Məhkəmənin “X7rşı” və “Pelladoa Niderlanda qarşı” qərarlarında göstərilmişdir ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3(c) yarımbəndi “praktik və səmərəli” hüquqi yardım hüququnu əhatə edir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxs Ceyhun Məlikzadəyə vəkilin təyin edilməsi öz-özlüyündə effektiv yardımı təmin etmir, çünki hazırkı iş üzrə təyin edilmiş vəkil öz fəaliyyətini Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun yerinə yetirməkdən yayınmışdır. Səmərəli hüquqi yardım hüququna, o cümlədən, təqsirləndirilən şəxsin vəkil ilə təklikdə ünsiyyət qurmaq hüququ daxildir. İş materiallarından görünür ki, müdafiəçi Ədalət Müradovun Təqsirləndirilən şəxs ilə gizli ünsiyyəti olmamış, müdafiəçinin həmin hüquqları məhdudlaşdırılmamışdır. Müdafiəçi Ədalət Müradovun Baş Narkotiklərlə Mübarizə İdarəsi X9 Şöbəsinə hansı saatda daxil olması barədə sorğu verilsə də bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim olunmamış, sözügedən halların təhqiqat sənədlərində öz əksini tapması bildirilmişdir. Mübahisəsizdir ki, müdafiəçinin bü cür fəaliyyəti səmərəli və keyfiyyətli hüquqi yardım kimi qəbul oluna bilməz. Təqsirləndirilən şəxsin müdafiə hüququnun formal həyata keçirilməsi Azərbaycan Respublikasının qanunvericliyinin tələblərinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə ziddir, bu yolla əldə edilmiş sübutların isə mötəbər sübut kimi qəbul edilib ittihamın əsasına qoyulması yolverilməzdir. Məhkəmə tərkibi bununla bağlı belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilənə qədər onun bədənində xəsarətlər olmamış o, həmin xəsarətləri, azadlığı məhdudlaşdırılarkən məhz polis şöbəsinin inzibati binasında ona verilmiş psixotrop maddənin ona məxsus olmasına dair etirafedici izahat və ifadələri verməsi, həmin sözləri şəxsi axtarış istintaq hərəkəti icra edilərkən videoçəkiliş zamanı deməsindən ötrü polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində, eləcə də təqsirləndirilən şəxsə “praktik, səmərəli və keyfiyyətli” hüquqi yardım göstərilməsi təmin edilmədiyindən almışdır. Bu hal isə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən özünə qarşı alınmış ifadələrin zorakılıq, işgəncə və digər qəddar qeyriinsani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi və müdafiə hüqunun pozulması ilə alınmasını təsdiq edir. Bu əsasa görə də “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, eləcə də təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi izahat və ifadələrinin mötəbərliliyi şübhə altına alındığından təqsirləndirilən şəxsin təqsirliliyini müəyyyən edən sübutlar kimi qəbul oluna bilməz, həmin protokol və ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Mübahisəsizdir ki, baxılan iş üzrə adları çəkilən Şahid1, Şahid2 və Şahid3 adlı polis əməkdaşları Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı istintaq hərəkətlərinin aparılmasına dair şahid qismində ifadə vermişlər. Nəzərə almaq lazımdır ki, həmin ifadələr eyni zamanda digər polis əməkdaşlarının fəaliyyətini əks etdirən informasiya daşıyıcısıdır. Bu ifadələr nəinki Təqsirləndirilən şəxs verilmiş ittihamın əsasını, eyni zamanda digər polis əməkdaşlarının hərəkətlərinin qanuni və əsaslı olmasının təsdiqi vasitəsidir. İbtidai istintaq zamanı eyni məzmunlu ifadələr verən polis əməkdaşları Təqsirləndirilən şəxs 23 iyul 2024-cü il tarixdə saat 19 radələrində müşahidəyə götürmüşlər, təxminən saat 19:30-da Təqsirləndirilən şəxs Lənkəran rayonu, Şürük kəndində yerləşən “Favorit” marketin yaxınlığında küçə ilə piyada getdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs özlərini təqdim edib ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirmişlər. Həmin vaxt avtomobillərin və insanların intensiv hərəkətini nəzərə alaraq orada üzərinə baxış keçirmək mümkün olmadığı üçün tərəflərindən regional şöbəsinə getməyi bildirmişdir. Təqsirləndirilən şəxs də onlarla razılaşıb müşahiyətləri altında xidməti avtomobili ilə birlikdə polis şöbəsinə gəlmişdir. Məhkəmə istintaqı zamanı polis əməkdaşı olan şahidlər ibtidai istintaq zamanı verdikləri ifadələri özləri təkzib etmişlər, hətta Şahid3 Təqsirləndirilən şəxs qaçandan sonra saxlanma prosesini görmədiyini və iştirak etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə ifadəsində kanaldan çıxdıqdan sonra onu Şahid2 saxladığını, Şahid1 maşını sürüb gətirdiyini, Şahid3 ümumiyyətlə onun saxlanma prosesində itirak etmədiyini, Şahid3 polis şöbəsində gördüyünü bildirmişdir. Polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, bu ifadələr də orfoqrafik və qramatik səhvlər də daxil olmaqla tamamilə eyni olmuşlar. Bu da bir daha müstəntiq tərəfindən ifadələrin bir-birindən köçürmə üsulu ilə yazılmasının, düzgün ifadə alınmaqla obyektiv həqiqətin müəyyən edilməsinə yönəlməyən fəaliyyətinin aşkar görüntüsüdür. Yuxarıda qeyd olunan hallara əsasən məhkəmə tərkibi hesab edir ki, polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 həm ibtidai istintaq zamanı həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələr mötəbər olmadığından, təqsirləndirilən şəxsin təqsirliliyini müəyyən edən sübutlar kimi qəbul oluna bilməz, bu ifadələr ilə müəyyən edilmiş hallar etibarsız hesab olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, “X2rşı” və bir sıra qərarlarında sübutları qiymətləndirərkən “əsaslı şübhə yerinin qalmaması” sübutetmə standartını tətbiq edir. Polis əməkdaşlarının fəaliyyət göstərdiyi orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların verdikləri ifadələrin qeyd edilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə heç bir şübhə yeri qalmamalıdır. Yeni məzmunlu yanaşma İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Muradov Azərbaycana qarşı” qərarında da öz əksini tapmış və polis əməkdaşlarının istintaq hərəkətləri barəsində şahid kimi verdiyi ifadələrin “əsaslı şübhə doğurmayan” sübut növünə aid olmadığı göstərilmişdir. Cinayət işinin materiallarının 101-ci səhifəsində olan Lənkəran ŞRPŞ-nin İB-nə verilmiş əməliyyat tapşırığına cavab olaraq tərtib edilmiş 08 sentyabr 2024-cü il tarixli məktubda göstərilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə edib, üzərində saxlayaraq daşıması ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 08 sentyabr 2024-cü il tarixli məktubla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Cinayət işinin materiallarında olan “məhkəmə-kimyəvi ekspertizası”nın rəyi ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, bu rəy Təqsirləndirilən şəxs aşkar edilməsi sübuta yetirilməyən psixotrop maddə metamfetamin ilə bağlıdır. Rəyin özü bilavasitə hər hansı əlavə suallar yaratmır, ekspertə təqdim olunmuş maddə ilə bağlı əsaslandırılmış tədqiqatla bağlı gəlinmiş nəticə mövcuddur. Bununla belə, psixotrop maddənin təqsirləndirilən şəxsə məxsus olmaması ilə bağlı gəlinmiş nəticə və buna qədər bütün şübhəli məqamların təqsirləndirilən şəxsin xeyrinə həll olunduğu vəziyyətdə, qeyd edilən ekspert rəyinin təqsirləndirilən şəxsə qarşı deyil, həmin psixotrop maddəni əldə etmiş, hazırlamış, saxlamış, daşımış və satmış şəxsin müəyyən edilməsində sübut kimi istifadə oluna bilməsi mümkündür. “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. Mövcud sübutların məcmusu da nəzərə alınmaqla ittiham aktında sübut kimi istinad olunan bu rəy heç bir halda təqsirləndirilən şəxsin külli miqdarda psixotrop maddəni satış məqsədi olmadan qanunsuz olaraq əldə etməsi, daşıması və aşkar edilib götürülənədək üzərində saxlama əməllərini törətməsini təsdiq etmir. İstintaq orqanı tərəfindən bu məlumatlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin “məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır” tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Baş Narkotiklərlə Mübarizə İdarəsi Cənub Bölgəsində Regionla Şöbəsi tərəfindən 20 yanvar 2025-ci il tarixli məktubla göndərilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş və saxlanılarkən ondan götürülmüş üzərində ***-***-**-** "xxxx" MMC-nə aid nömrə sim kartı olan “Samsung” markalı mobil telefonun “whatsapp” ani yazışma şəbəkəsi vasitəsilə ayrı-ayrı şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınmış 1 (bir) ədəd DVD diskdə olan məlumatlar ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, həmin məlumatları Təqsirləndirilən şəxs özüdə qəbul etmiş, narkotik vasitə istifadəçisi olduğu üçün ayrı-ayrı şəxslərdən narkotik vasitələr aldığını demişdir. Lakin həmin məlumatlar məhkəmə tərəfindən tədqiq olunan zaman Təqsirləndirilən şəxs üzərindən aşkar olunması qeyd olunan psixotrop maddə metamfetamini əldə etməsinə dair hər hansı sübut aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” 23 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı mobil telefon aşkar olunmuş, lakin təhqiqatçı, polis mayoru Famil Həsənov tərəfindən telefona baxış keçirilməmişdir. İş materiallarına əlavə olunmuş müstəntiq, polis mayoru Elgün Məmmədov tərəfindən tərtib olunmuş 04 avqsut 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmiş, ancaq iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs anası Xatirə Əliyevadan alınmış 24 oktyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefon ona qaytarılmış, iş materiallarına əlavə olunmuş “sübutların qiymətləndirilməsi haqqında” 21 dekabr 2024-cü il tarixli qərarın 10-cu bəndində isə göstərilmişdir ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonun anası Xatirə Əliyevaya qaytarılması nəzərə alınmışdır. Məhkəmə istintaqı zamanı Şahid1 Təqsirləndirilən şəxs məxsus mobil telefona Təqsirləndirilən şəxs saxlanıldığı günün səhəri günü, yəni 24 iyul 2024-cü il tarixdə ayrı-ayrı saatlarda baxış keçirdiyini, bu səbəbdən də telefonda saatların fərqli saatlar göstərildiyini bildirmişdir. Telefona baxış aparan zaman Təqsirləndirilən şəxs iştirak etmədiyini, hər hansı bir sənəd tərtib etmədiyini bildirmişdir. Cinayət işinin materiallarının 150-151-ci səhifələrində olan 08 dekabr 2024-cü il tarixli “şahidin dindirilməsi” protokolundan görünür ki, sözügedən telefon məlumatlarında adı “Zaur Avrora” kimi qeyd edilmiş şəxs X8 şahid qismində ifadəsi alınmış, sonuncu ifadəsində narkotik vasitə istifadə etmədiyini demişdir. Hansıkı telefon məlumatlarında Zaur Əliyevin narkotik vasitələr əldə etmək istəməsi və istifadə etməsi ilə bağlı sübutlar olsa da müstəntiq tərəfindən həmin məlumatlara dair Zaur Əliyevə suallar verilməməsi onu deməyə əsas verir ki, həqiqətəndə müstəntiqin sözügedən telefon məlumatlarından xəbəri olmamışdır. Məhkəmə tərkibi hesab edir ki, həmin telefon məlumatlarının ittihamın mahiyyətinə aidiyyəti olmadığından, ittiham tərəfi həmin məlumatlara sübut kimi istinad etmədiyindən təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasını görən şahidlərin dairəsinin müəyyən olunmasına və orada olan təhlükəsizlik kameralarında olan görüntülərin çıxarılmasına təşəbbüs göstərilsə də Baş Narkotiklərlə Mübarizə İdarəsi X9 Şöbəsi tərəfindən verilmiş 20 yanvar 2025-ci il tarixli məktubda şahidlərin dairəsinin müəyyən edilməsinin və videogörüntülərin çıxarılmasının mümkün olmadığı bildirilmişdir. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, işgəncə verilməklə, eləcə də müdafiə hüququ pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63cü maddəsi və Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət-Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində “accusatio desiderat crimen” (“ittiham cinayətin mövcudluğunu ehtimal edir”) prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə “in dubio pro reo” (“şübhə olduğu halda təqsirləndirilənin xeyrinə”) prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” qərarlarında “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini və cinayətin törədilməsinə aidiyyətinin olmamasını nəzərdə tutur. Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunan ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verilərkən onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Lənkəran ŞRPŞ-də saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,237 qram psixotrop maddə metamfetamin materiala əlavə edilməlidir. Təqsirləndirilən şəxs cinayət işi üzrə olan 65 (altmış beş) manat ekspertiza xərcininməhkəmə məsrəfinin ödənilməsindən azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 51-2, 21, 42, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 65 (altmış beş) manat məbləğdə ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınaraq Lənkəran-Şəhər Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 3,237 qram olan psixotrop maddə metamfetamin materiala əlavə edilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar