Məhkəmə qərarları › İş №1(099)-195/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-195/2022

07.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-195/2022 07.04.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Ə.F.Məhəmmədov küçəsi, yataqxana 11, mənzil 514-515-də yaşamış, barəsində 05 oktyabr 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün İran İslam Respublikasının vətəndaşı ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma barədə əvvəlcədən razılığa gəlib cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini əldə edib idarə etdiyi “Chevrolet Cruze” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, 25 sentyabr 2021-ci ildə saat 12 radələrində yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan rayonundan keçən hissəsində yol kənarında yerləşən “Masallı” kafesində tanışı Şahid1 qazanc əldə etmək, yaxud digər şəxsi marağı olmadan əvəzsiz olaraq şəxsi istehlak miqdarında, təmiz çəkisi 0,074 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin vermiş, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının Salyan Rayon Polis Şöbəsinin əməkdaşları ilə birlikdə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 3 oktyabr 2021-ci ildə saat 23 radələrində yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunda avtomobil ilə Astara rayonu istiqamətində hərəkətdə olarkən “Masallı” kafesinin yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılıb yeni Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan rayonu ərazisindən keçən 29.5-ci kilometrliyində yerləşən DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə bilavasitə tabe olan Yol-patrul Xidməti Alayının 728 saylı stasionar YPX postuna aparılmış, oktyabrın 4-də gecə saat 02 radələrində orada avtomobilə baxış keçirilərkən avtomobilin yük yerində ehtiyat təkərinin yanından 1 ədəd bükümdə külli miqdarda, təmiz çəkisi 1 kiloqram 460 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə külli miqdarda təmiz çəkisi 314 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şahid1la cəza çəkərkən tanış olmuş, 25 sentyabr 2021-ci ildə Masallı kafesində Bəxtiyarla oturub çay içmiş, sonra oradan çıxıb Kürdəmir rayonuna getmək istərkən polis əməkdaşları tərəfindən yolda saxlanılmış, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilərkən avtomobilin ehtiyat təkərinin altından narkotik vasitə aşkar edilərək götürülmüş, həmin narkotik vasitə ona məxsus olmamış, aşkar edilən narkotik vasitə polis əməkdaşları tərəfindən avtomobilə qoyulmuş, polis əməkdaşları tərəfindən göstərilən təsir-təzyiq nəticəsində ifadələrinə imza etmişdir. Məhkəmədən barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ona heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ətraflı ifadələr verərək göstərmişdir ki, əvvəllər cəzaçəkmə müəssisəsində tanış olduğu Səyyad adlı İran İslam Respublikası vətəndaşının “Whatsapp” vasitəsi ilə əlaqə saxlaraq sonuncunun Bakı şəhərində Xətai rayonunda yerləşən “Bravo” supermarketin yanında ağacın dibinə qoyduğu külli miqdarda narkotik vasitəni və psixotrop maddəni götürüb Lənkəran rayonuna aparmasını, əvəzində ona 700 manat pul verəcəyini demiş, 3 oktyabr 2021-ci ildə saat 23 radələrində həmin narkotik vasitəni və psixotrop maddəni icarə əsasında idarə etdiyi “Chevrolet Cruze” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə apararkən Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Masallı” adlanan kafenin yaxınlığında mülki geyimdə olan polis əməkdaşları tərəfindən avtomobili saxlanılaraq polis şöbəsinə aparılmış, orada avtomobilə baxış keçirilərkən avtomobilin yük yerində ehtiyat təkərin yanında gizlədərək apardığı iki ədəd sellofan bükülüdə olan külli miqdarda narkotik vasitə və psixotrop maddə aşkar edilərək götürülmüş, keçirilən baxışla bağlı tərtib olunan protokola o da imza etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs yuxarıda verilən ittiham üzrə cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 03 oktyabr 2021-ci ildə Lənkəran şəhər sakini Şahid1 Lənkəran rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 15:00-da Şahid1 saxlanılaraq Regional Şöbəyə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən, Şahid1 əynində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuş, sonuncu həmin kütlənin narkotik vasitə heroin olduğunu, onu bir neçə gün əvvəl Salyan rayonunda yerləşən “Masallı” kafesində əvvəllər eyni cəzaçəkmə müəssəsində cəza çəkdiyi tanışı Arif adlı şəxs ona əvəzsiz olaraq pay verdiyini bildirmiş, davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid1 narkotik vasitəni əldə etdiyi Arif adlı şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, sonuüncu həmin gün saat 23:00 radələrində Ələt-Astara avtomobil yolunun Salyan rayonundan keçən hissəsində yerləşən “Masallı” kafesinin yaxınlığında idarə etdiyi “Chevrolet Cruze” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobildə hərəkətdə olduğu vaxt saxlanılaraq yaxınlıqda yerləşən BDYPİ-nin 728 saylı stasionar postuna aparılmış, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunsuz əşya aşkar edilməmiş, sonra sonuncunun idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin yük yerində ehtiyat təkərin yanından 1 ədəd qara rəngli və 1 ədəd ağ rəngli sellofan bükümləri, eləcə də 1 ədəd elektron tərəzi aşkar edilmiş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs 03 oktyabr 2021-ci ildə İran İslam Respublikası vətəndaşı Səyyad adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə saxladığını, aralarında olan razılaşmaya əsasən birində “kakos”, digərində isə metamfetamin olan bükümləri Bakı şəhəri, Xətai rayonunda yerləşən “Bravo” marketin həyətindən götürmüş, həmin bükümləri Səyyadın deyəcəyi şəxsə çatdıracağı halda sonuncu tərəfindən ona 700 manat pul veriləcəyini bildirmiş, aşkar edilən kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüş, baxışla bağlı tərtib edilən protokol orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, o, əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılaraq şöbəyə gətirilərkən, şöbədə izahatı alınarkən ona təsir-təzyiq göstərilməmiş, həmçinin ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4, Şahid5, Şahid6 və Şahid7 analoji olaraq digər Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 03 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Şahid1 əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 04 oktyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **-PX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerində ehtiyat təkərin yanından 1 ədəd qara rəngli sellofan bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə, 1 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlə və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 19/999 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Şahid1 təqdim etdiyi 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi” sözlər və imzalar olan bir ədəd zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 0,074 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 04 oktyabr 2021-ci il tarixli, 19/1001 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi şevrolet markalı avtomobilindən aşkar edilmiş 01 ədəd bükülüdə heroinə, 01 ədəd bükülüdə metamfetaminə bənzər kütlə, 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd bağlamadakı 1 ədəd bükümdə təmiz çəkisi 1460,0 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz çəkisi 314,0 qram olan ağ rəngli maddə metamfetamindir, 1 ədəd elektron əl tərəzisinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs idarə etdiyi şevrolet markalı avtomobilindən aşkar edilmiş 01 ədəd bükülüdə heroinə, 01 ədəd bükülüdə metamfetaminə bənzər kütlə, 01 ədəd elektron tərəzi qablaşdırıldı və möhürləndi...” və “Rəy №-19/999...” sözlər və imzalar olan bir ədəd bağlamadakı və 1 ədəd zərfdəki heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 06 oktyabr 2021-ci il tarixli, 1092 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Azerfon MMC”-nin 17 noyabr 2021-ci il tarixli, AZF/LGL- 32117/21 nömrəli məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə daxil olan və həmin mobil nömrədən çıxan zənglərin çıxarışlarını, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarını, daxil olan və göndərilən SMS mətnlərini, həmçinin ötürücü antenaların cədvəlini əks etdirən “CD” diskə baxış keçirilərkən həmin mobil nömrəyə aşağıdakı məzmunda SMS mətnlərinin daxil olduğu aşkar edilmişdir: - “Qaqa qapinin axzina at goturum gedim cox pis axriyiram. Ag suyu birez qoyda” - “Qaqa cox pisem kateve yanindayam. 2 torpaq 10 ag su” - “Qaqa Axwamin xeyir qaqa biz terefe kecsen qaqaya bir tike daw vere bilersen yaman beynime duwub?????” - “qaqaya bir iki cet pati verersende kola sabah goturecem hemiweki kimi 3 ya 4 qram pul sabah alacam iwden yaxwi qaqam gozdiyirem seni” - “saat 9 da zeng vurdum sene ki qaqa varindisa bir iki cet pati verere bilersen dunenden dexin gelirem bu gunde yigdim dedim 5 deq qalxiram siz terefe vererem problem deyil ayib olar ki hele gelib cixa bilmirsen iki gundi sabaha mene ya 3 yada 4 qram kola saxla hecne qaqa qoy qalsine kimdi bu boyda yolu vece vaxti patiya gore duwen sabah onsuzda goruweciyik kola goturecem imkanin olar ustunde bir iki cet verersen” - “qaqa salam necesen qaqa ev yeyesi sabah seher geleceq o dediyimi goture bilmedim pul seher olacaq qaqa imkan var 2 ya 3 qram kola veresen seher 100 fayiz verecem pulun eyer mene inanmirsansa telefonumu qoya bilerem pulu verib goturerem telefonumu 250 manat qiymeti var mene he yox dede qaqa agriyiram pis” - “Qaqa bidene ayri yarida duzelt qardawimsan” - “Dayi cehenem olsun buta terefde getsem xeber ele cixim yola bidene cet pati verersen onug on manatdig verec” - “Qaqa 3 torpak yari agsu duzeler. ? Hara gelim” - “Qaqa 2 torpq 10 m ag su mehledeyem. İmkan varsa tez gel ne olar” İş materiallarında olan Bakcell MMC”-nin 15 noyabr 2021-ci il tarixli, BKC/LGL- 19750/21 nömrəli məktubu ilə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***- ***-**-** saylı mobil nömrəyə daxil olan və həmin mobil nömrədən çıxan zənglərin çıxarışlarını, çıxarışda əks olunan nömrələrin abonentlərinin anket məlumatlarını, daxil olan və göndərilən SMS mətnlərini, həmçinin ötürücü antenaların cədvəlini əks etdirən “CD” diskə baxış keçirilərkən həmin mobil nömrəyə aşağıdakı məzmunda SMS mətnlərinin daxil olduğu aşkar edilmişdir: - “Yadinda yaxsi saxla 10 dene tema goturdum 5ni sene verdim, cibimdeki 60-70 manatimi senle rasxod eledim. 100 dene ta goturdun 1 denesini de mene qiymadin” - “Mene 2 p 1k ver hereket eliyim hec neyim yoxdi varyoxun s…. pulunu verecem” - “Abi ozum cekmeye qaqa Bir veya yari gelende bilecem puluma gore” - “20 Alinirsa tez bazar gelim canim qaqam” - “Abi mene bir soz deyirsen qaqatorpaga gore İki eded abim Birazda daw goturecem gedew Baw utse veziyet yaxwi olsa biraz artiqda vererem sene” - “Qaqa torpagi 2 ele” - “Heri abi yari alinsa yari duzelt” - “Abi qafan alim biraz daw qret ede bilmersen qaqanin eli awagidi biraz cox rasxodum olub xecaletinden cixaram” - “Aşkı o pulnan alınmırsada mənim özmə hec olmasa biraz lazımdı neynyək” - “2 qram Abi can mene bir elaqe yarat Torpagi deyirem abican qadan alim” - “Arif gəlim bloka bir qram ver pulun verim sənə gedim işə” - “Qalxim yuxari tez bazar 10 manatlig ver mene” - “Gaga na tez xatrüva dayir yanımda adam vardı onu gırıdı hardasan galim mana 2tema ver san can telfonu ac” - “Qaqa axwamin xeyir menem Tale. 40 manat vermey istiyirem sene. Sende Ag duz ver mene. X8 yanina Cixim? bir cavab de mene. Zeng eliyirem Zanit gedir” - “Kola var? varsa 20 manat var goturum qoyum 40 manatin ustune? mawin surursen cox daniwma telfonnan zeng vurum mene cavab ver bilim indi qaqa Girinc qalmyim mende” - “QAQA ALİNMİR GELİREM PULU VER MEM OLUREM” - “Qaqam bidene yarim patida getir qadan alaram” - “HERGUN 1 QRAM KAKOS ALİRAM SENNEN. SENNEN BAWQADA PATİ KAKOS SATAN TANİMİRAM. AMA DAA SATA BİLMİYECSEN VARYOXUN S…. UZAGİ İKİ GUN SATACSAN” - “Men agridan ise gedmedim seni gozduyirem butada ikidene bes manatdigda olsa arxa suseni verersen” - “Dayi sabahin xeyir sene deymey olar patpirese gore onnug” - “Kolla varsa bir saata lökiye gelirem goturum bir dene” - “QAQA NOLAR PİS VEZYETDEYEM HERESİNNEN BİRCET VER 55 MANATLİGİN BİRİN VERİMDE SENE.QURBAN OLUM BİRDEFE SEVİNDİRDE MENİ” - “20liy tema lazimdi acda telifonu guludu” -“Telfonu ac anasin s…. basim xarab olur uje ele etme bawqa bawqa soh et olsun arif xala oglu dedim adami pewman eleme 25 de verim o gunkiyle 2 dene ver gedim gelirem lokbatana”. İş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən göndərilən SMS mətnlərinə baxış keçirilərkən həmin mobil nömrədən aşağıdakı məzmunda SMS mətnlərinin göndərildiyi aşkar edilmişdir: - “Niyə qaqa allaha and olsun torpaq yoxdu.daş var.pul bugün atsam sabaha torpaq olacaq” - “Hələ heçnə qaqa evdiyəm.daş istəsön tapmaq olar” - “Neçəlik istiyirsən görüm düzələr 20 Alinirsa tez bazar” - “25 ver 05 var verim sənə” - “Bir ? Yoxsa 0.5” - “Qaqa birşey fikirləş o mamama deyər birdən.heçnə danışma onun yanında.pul verməliyəm denən vacib” - “Buralığda qaqa daş var qaqa biraz.üstümdə 20 manatdığ düzələr” - “İki eded abim düzələr qaqa 50 verərsəndə.başqa heçnə lazım deyilki” - “Sənə qaqon qurban pulu gətirərsən qaqon biraz torpaq verərəm sənə zəhmət” - “Xala oğlu super tema gətirəcəm.səbirli ol vatçapun olsa şəkil atardım bax.var vatçap” - “Patı qaqa 1 var ancaq” - “Qaqa axşamun xeyir yaxşı super torpaq var istiyən olsa xəbər elə. Arifdi.yoxa çıxdın ay qaqa”- “Qaqa 135-130 verərsən pulu tərəzini özündə saxla çox dayana bilmiyəcəm zakaz taksiynən gəlirəm”- “Qaqa 4 torpa 10 m ag” - “İmkan yoxdu qaqa nisyə verməyə balamın canı. pul atmalıyam birazdan” İş materiallarında olan 17 noyabr 2021-ci il tarixli təqsirləndirilən şəxsin mobil telefonuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” sosial şəbəkəsində əks olunan danışıqlara baxış keçirilərkən Təqsirləndirilən şəxs ayrı-ayrı vaxtlarda və ayrıayrı şəxslərlə, o cümlədən İran İslam Respublikasına məxsus olan mobil telefon nömrələri ilə olan danışıqlarında narkotik vasitələrin alğı-satqısına dair səsli və yazılı mesaj mətnlərinin, pul köçürmələrinə dair qəbzlərin və kartların fotoşəkillərinin olması müəyyən edilmişdir. İş materiallarında olan Salyan RPŞ-nin əməliyyat tapşırığına verilən cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” markalı, **- PX-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilərək götürülmüş, külli miqdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini şəxsiyyəti müəyyən edilməyən İran İslam Respublikasının vətəndaşı vasitəsilə Bakı şəhərində satış məqsədi ilə əldə edib daşımış, Təqsirləndirilən şəxs əvvəlki müddətdə analoji cinayət əməlinə görə məhkum olunmuş, yaşadığı ərazidə sakinlər arasında narkotik vasitə və psixotrop maddə istifadəçisi kimi tanınır. Təqsirləndirilən şəxs saxlanılarkən idarə etdiyi avtomobildə sərnişin qismində əyləşmiş Şahid2 törədilmiş cinayətdə hər hansı formada iştirakı müəyyən edilməmiş, onun həmin nəqliyyat vasitəsində külli miqdarda narkotik vasitə və psixotrop maddənin daşınmasından məlumatının olmadığı müəyyən edilmişdir. Şahid1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini 2021-ci il sentyabrın 25-də Ələt-Astara avtomobil yolu üzərində, Salyan rayonu ərazisində yerləşən “Masallı” kafesində Təqsirləndirilən şəxs əvəzsiz olaraq əldə etmiş, sonuncunun həmin anda heç bir qazanc əldə etmək yaxud digər marağı olmamışdır. Həmçinin Şahid1 narkotik vasitə heroini Təqsirləndirilən şəxs əldə edib üzərində saxlayarkən satış məqsədi olmamış, yaxud heç kimə satmamışdır. Şahid1 analoji cinayət əməlinə görə məhkum olunmuşdur, yaşadığı ünvanda sakinlər arasında narkotik vasitə və psixotrop maddə istifadəçisi kimi tanınır, lakin onun hər hansı cinayət əlaqəsinin olması yaxud hər hansı cinayətin törədilməsində iştirakı ilə bağlı əməliyyat marağı kəsb edən heç bir məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs və Şahid1 törədilmiş cinayət əməlində əlbirliklərinin olması ilə bağlı əməliyyat marağı kəsb edən heç bir məlumat əldə edilməmiş, Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrin olduğu müəyyən edilmiş, sonuncunun ifadələrində qeyd etdiyi Səyyad adlı İran İslam Respublikası vətəndaşının şəxsiyyətini müəyyən etmək və istintaqa cəlb etmək mümkün olmamışdır. İş materiallarında olan 24 noyabr 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı İstintaq Təcridxanasına yerləşdirildikdən sonra 08 oktyabr 2021-ci ildə tibbi müayinədən keçərkən bədəni üzərində xəsarət aşkar edilmiş və həmin xəsarəti polis əməkdaşları tərəfindən saxlanılarkən aldığını bildirmişdir. Faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından 24 noyabr 2021-ci ildə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayət görə Təqsirləndirilən şəxs ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsini obyektiv ifadə kimi qəbul etmir və hesab edir ki, həmin ifadə işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamini satış məqsədi ilə əldə etməsi qənaətinə gəlir, eyni zamanda onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzadan (cinayət məsuliyyətindən) yanınmağa yönələn cəhdləri kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifini məsələsini müzakirə edərək Təqsirləndirilən şəxs hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrini dispozisiyası şərtlərinə uyğun gəldiyni nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar olmadığından onun əməli cinayət qanununa uyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzanı qanuni və ədalətli hesab edir. Eyni zamanda, onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67.1-ci maddəsinə əsasən 1 (bir) il, 2 (iki) ay, 28 (iyirmi səkkiz) gün müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 7(057)- 95/2021 nömrəli qərarının surətindən görünür ki, həmin tarixdə Qaradağ rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 1(002)-184/2020 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniyadan məcburi müalicə ləğv edilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin 29 aprel 2021-ci il tarixli, 7(057)- 123/2021 nömrəli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Qaradağ rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli, 1(002)-184/2020 nömrəli hökmünə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 09 ay 12 gününü çəkmək üçün məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir İş materiallarında olan 14 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Salyan rayon məhkəməsinin 29 aprel 2021-ci il tarixli qərarına əsasən 20 may 2021-ci ildə Penitensiar Xidmətin 5 saylı cəzaçəkmə müəssisəsindən 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmişdir. (cəzasının əvvəli xx.xx.2020-ci il, cəzasının sonu isə xx.xx.2022-ci il təşkil edir). Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs hər hansı tənbeh tədbiri tətbiq edilməmiş, təkrarən cinayət hadisəsi törətdiyi üçün Salyan rayon məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildiyindən 08 oktyabr 2021-ci ildə müəssisənin qeydiyyatından çıxarılmışdır. Beləliklə, iş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Muradov X4 rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü ilə ona təyin edilmiş 01 il 02 ay 28 gün nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan cəzasının həmin tarixə 4 (dörd) ay 12 (on iki) gün hissəsi çəkilməmiş qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmuyu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixli hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını tam çəkmədən yenidən ağır cinayət əməli törətmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra 2 il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni həbsdə saxlama müddətinin 04 oktyabr 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, Salyan rayon məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs həbsetmənin əvvəli 04 oktyabr 2021-ci ildən hesablanmaqla onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni sinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 10 noyabr 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Lökbatan qəsəbəsi, Ə.F.Məhərrəmov küçəsi, 11 nömrəli yataqxananın 514 və 515 nömrəli otaqlarında himayəsində heç bir yerdə işləməyən arvadı və 2 azyaşlı uşağı ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs məxsus, qanunverigiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Salyan polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1459,95 qram narkotik vasitə heroin, 313,95 qram psixotrop maddə olan metamfetamin, və üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, təqsirləndirilən şəxs Şahid1 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd “CD” disk, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış və götürmə keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd “CD” disk, “Azerfon MMC”-nin 17 noyabr 2021-ci il tarixli, AZF/LGL-32117/21 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd “CD” disk, “Bakcell MMC”-nin 15 noyabr 2021-ci il tarixli, BKC/LGL-19750/21 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus 23 (iyirmi üç) manat pulun, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, etibarnamənin, ödəniş qəbzinin, elektron talonun və icbari sığorta müqaviləsinin anası X3 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Bakı şəhəri, Qaradağ rayon məhkəməsinin 27 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 04 (dörd) ay 12 (on iki) günü və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il, 02 (iki) ay 08 (səkkiz) günü hazırki hökm üzrə təyin edilmiş 8 (səkkiz) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə hökmlərin məcmusu üzrə qəti olaraq 01 (bir) il, 02 (iki) ay 08 (səkkiz) gün müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 04 oktyabr 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Salyan polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1459,95 qram narkotik vasitə heroin, 313,95 qram psixotrop maddə olan metamfetami, üzərində heroin izləri olan 1 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, təqsirləndirilən şəxs Şahid1 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd “CD” disk, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və idarə etdiyi avtomobilə baxış və götürmə keçirilən zaman aparılmış videoçəkilişi özündə əks etdirən 01 ədəd “CD” disk, “Azerfon MMC”-nin 17 noyabr 2021-ci il tarixli, AZF/LGL-32117/21 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd “CD” disk, “Bakcell MMC”-nin 15 noyabr 2021-ci il tarixli, BKC/LGL-19750/21 nömrəli məktubu ilə daxil olmuş 01 ədəd “CD” disk cinayət işinun materiallarında saxlanılsın, Təqsirləndirilən şəxs məxsus 23 (iyirmi üç) manat pulun, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin, etibarnamənin, ödəniş qəbzinin, elektron talonun və icbari sığorta müqaviləsinin anası X3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar