Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-196/2024 30.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi və tərcüməçi X5 iştirakları ilə, xx xxxxxxxx 1983-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 13 iyul 2023-cü il tarixdə saat 04:10-da Astara rayonunun Ərçivan qəsəbəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Astara Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilib gətirilməklə orada həmin gün saat 05:50dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən bir ədəd bükümdə 14,579 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 21,199 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarın sağ yan cibindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Astara rayonu Ərçivan qəsəbəsində 2013-cü il təvəllüdlü azyaşlı oğlu Yusif ilə birlikdə yaşayır. 2021-ci ildə arvadı Cəmalə Hüseynova ürək xəstəliyindən ölmüşdür. 13 iyul 2023-cü il tarixdə saat 04 radələrində oğlu ilə evdə yatmışdır. Üzü maskalı polis əməkdaşları, zirehli maşınlarla həyətinə daxil olaraq evinə zorla daxil olaraq onu polis şöbəsinə aparmışlar. O, evində paltarlarını geyinən vaxtı polis əməkdaşlarından bir nəfər onun cibinə bir büküm qoymuşdur. O, etiraz edən vaxtı polis əməkdaşları oğlunun üstünə silah çəkərək sakit qalmaqlarını, əks halda atəş açacaqlarını bildirmişlər. Səsə həyətinə qonşular gəlmişlər, qonşulara da yaxın gəlməmələrini onları da vuracaqlarını demişlər. Onu Astara rayon Polis Şöbəsinə aparmışlar, üzərinə qoyduqları narkotik vasitəsini boynuna götürməsini demişlər. Sonra onun əllərini bağlayaraq döymüşlər, əgər üzərinə götürməsə evinə 5 kq narkotik vasitə qoyacaqlarını demişlər. Onu döyərək videoçəkiliş zamanı narkotik vasitəsinin ona məxsus olmasını deməsini, əgər deməsə yenidən döyəcəklərini demişlər. Onun bədənində xəsarətlər olmuşdur, polis əməkdaşları ona sorğu zamanı atdan yıxılaraq yaralanmasını deməsini bildirmişlər. Polislər onu sabahısı günü buraxacaqlarını, qohum-qonşularına səs küy salmamasını, onları da çağıracaqlarını demişlər. Heç vaxt narkotik satmamış, narkotik vasitə qəbul eməmişdir. Üzərindən aşka edilmiş narkotik vasitə və psixotrop maddə ona məxsus olmamış, polis əməkdaşları üzərinə qoymuşlar. İstintaq zamanı onu döyərək xəsarətlər yetirdikləri, ailə üzvləri ilə hədələdikləri üçün məcbur qalıb üzərinə qoyulan narkotik vasitəsinin ona məxsus olmasını demişdir. Arvadını ölmasini, himayəsində 11 yaşlı oğlunun olmasını, oğlunun hazırda qardaşının yanında qalmasını, İİ qrup əlil olmasını nəzərə almağı xahiş edir. Həmçinin, heç bir günahı olmadığı üçün barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün, onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, bildirmişdir ki, bir müddət əvvəl “kakos” kimi tanınan heroin narkotik vasitədən yandırıb tüstüsünü nəfəsinə çəkməklə qəbul etməyə başlamışdır, həmin ərəfədən də çox az müddət “patı” kimi tanınan maddəni eyni üsulla qəbul edirmiş. Saxlanılmamışdan təxminən iki gün əvvəl yaşadığı Ərçivan qəsəbəsində tanımadığı bir şəxsdən öz istifadəsi üçün həm “patı”, həm də “kakos” adlanan madddən, hərəsindən bir büküm olmaqla alıb üzərində saxlamış ki, arada istifadə edə bilsin. Saxlanıldığı gün erkən səhər saat 04 radələrində yaşadığı Ərçivan qəsəbəsində şəxsi işlərinin dalınca piyada gedirmiş. Elə həmin vaxt ona mülki geyimdə olan bir neçə nəfər şəxs yaxınlaşaraq polis işçiləri olduqlarını bildirib onu Astara polis şöbəsinə aparmışlar. Şöbədə üzərinə axtarış keçirilmiş və bu vaxt ilk olaraq ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet olduğu təqdirdə təqdim etsin. O da həmin vaxt masaya yaxınlaşıb əynində olan şalvarın sağ yan cibində saxladığı bir qədər əvvəl qeyd etdiyi iki ədəd bükümü çıxarıb masanın üzərinə qoymuşdur. İki ədəd bükümlərə baxış keçirilmiş. Hər biri açılaraq içərisində olan kütlələrə baxış keçirilmiş və bükümlərin birinin içərisində qəhvəyi rəngli zahirən “kakos” adı ilə tanıdığı maddəyə oxşar kütlənin, digər bükümün içərisindən isə ağ şüşə qırıntıları formasında olan zahirən patı adlı maddəyə oxşar kütlənin olması müəyyən edilmişdir. Həmin maddələr qablaşdırılaraq götürülmüşdür. Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 29 sentyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən məhkəməyə verdiyi ifadəyə uyğun ifadə vermişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı 29 sentyabr 2023-cü il tarixli verdiyi ifadələrində “polis əməkdaşlarının üzərinə narkotik vasitələr qoyması, üzərinə narkotik götürmədiyi halda evinə daha ağır çəkidə narkotik qoyulacağı, polis əməkdaşları tərəfindən döyülməsi və qeyd olunan təhdidlərə görə etirafedici ifadə verməsi” xüsusatları obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadələrində göstərdiyi sözü gedən xüsusatları ona cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 12 iyul 2023-cü il tarixdə daxil olmuş məlumatda Astara rayonu, Ərçivan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması göstərilmişdir. Həmin məlumatla bağlı əməliyyat qrupu yaradılmışdır. 13 iyul 2023-cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı saat 04:10-da Astara rayonu, Ərçivan qəsəbəsində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini həmin şəxsə təqdim edib narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirib Astara Rayon Polis Şöbəsinə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Üzərində qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngi şalvarın sağ yan cibindən iki ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə keçirilən baxış zamanı məlum olmuşdur ki, bükümün birinin içərisində qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitə heroinə bənzər, digər bükümdə isə ağ rəngli kristal formalı, psixotrop maddə olan metamfetaminə bənzər maddə kütlələri vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdi ki, təqdim etmiş olduğu maddələr narkotik maddələrdir, sonuncunun özünə məxsusdur, həmin maddələri Astara rayonu ərazisində tanmadığı şəxsdən öz istifadəsi üçün əldə edib saxlamış, başqa heç bir yerdə, o cümlədən də yaşadığı evdə bu kimi maddələr saxlamadığını və evinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Astara rayonu Ərçivan qəsəbəsində yerləşən yaşadığı evə videoçəkilişlə baxış keçirilmişdir. Həmin evə keçirilən baxış zamanı sübut əhəmiyyətli heç bir maddə aşkarlanmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki, psixoloji təzyiq və döymə olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması faktının müəyyən edilməsi mümkün olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş üzrə əlavə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. 13 iyul 2023-cü il tarixdə saat 04 radələrində evdə yatmışdır. Həmin vaxtı kəndə yüksək səslə zirehli maşınlar səsini eşitmiş. Həyətə baxdıqda maskalı polis əməkdaşlarının Vüqarın evinə yaxınladığını görmüş. Polis əməkdaşları Vüqarın evinə daxi oldular. O Vüqarın həyətinə daxil olmaq istəyəndə polis əməkdaşları onu içəri buraxmamışlar. Sonra polis əməkdaşları maşına mindirib aparmışlar. Vüqarı polis əməkdaşları apardıqdan sonra təxminən 10 nəfər polis əməkdaşı Vüqarın həyətində qalmışlar. Bir neçə saat sonra polis əməkdaşları Vüqarı həyətə gətirmişlər evə baxış keçirmişlər. Vüqarın evi atası və qardaşının evinin arasındadır. Vuqarın atdan yıxılaraq xəsarət alması barədə verilən suala cavab olaraq bildirmişdir ki, Vuqarın atı yoxdur, ona görə də atdan yıxılması inandırıcı deyil. Həmçinin, yaşayış yeri üzrə mənfi xarakterizə edilməsinə dair verilən suala cavabında bildirmişdir ki, Vüqar qonşular arasında böyük hörmətə malikdir, qonşulara həmişə köməklik edib, heç kimə pislik etməyib, nə səbəbdən mənfi xarakterizə olmasını anlamır. İş üzrə əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşıdır. 13 iyul 2023-cü il tarixdə saat 04 radələrində namaza qalxmışdır. Həmin vaxtı kəndə yüksək səslə zirehli maşınlar daxil olaraq təxminən 20 nəfər üzü maskalı şəxslər qardaşı Vüqarın həyətinə girdiyini görmüşdür .O, qardaşı Vüqarın həyətinə daxil olmaq istəyəndə polis əməkdaşları onu buraxmamışlar. Sonra polis əməkdaşlarının Vüqarın əl qollarını bağlayıb döyə-döyə avtombilə oturduqlarını görmüşdür. Polis əməkdaşları Vüqarı apardıqdan sonra təxminən 15 nəfər polis əməkdaşı və zirehli maşınlar Vüqarın həyətində qalmışdır. Bir neçə saat sonra polis əməkdaşları Vüqarı həyətə gətirmişlər evə baxış keçirmişlər. Vüqar 11 yaşlı Yusif adlı oğlu ilə yaşayır, arvadı xəstəlikdən vəfat etmişdər. Vüqarın həyətində at yoxdur, o hər hansı atı çaparkən yıxılıb xəsarət almamışdır. Qardaşı Vüqarın nə səbəbə tutulmasını bilmir. Yusifin hazırda onun hiyaməsində qalır, onunla birlikdə yaşayır, öz doğma oğlu kimi ona baxır. İş üzrə əlavə şahid qismində dindirilmiş azyaşlı X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs atasıdır. Özü 5-ci sinifdə oxuyur. Atası ilə birlikdə Astara rayonu, Ərçivan qəsəbəsində yaşayır. Anası isə rəhmətə gedib. 13 iyul 2023-cü il tarixdə saat 04 radələrində evdə atası ilə yatmışdır. Evdən səs eşitmiş, qalxdıqda atasının qapını açdığını və polis əməkdaşlarının evinlərinə daxil olduğunu görmüş. Polis əməkdaşları atasının əl-qolunu bağlamışlar, onu isə başqa otağı salmışlar. Atası səs-küy salmışdır, polis əməkdaşlarından bir nəfər onun üzərinə avtomat dayamışdır. Polis əməkdaşları atasını apardıqdan sonra bir neçə polis həyətdə qalmışdır. Həyətlərindən çöldə isə böyük maşınlar olduğunu görmüşdür. Sonra atasını yenidən evə gətirərək çəkiliş aparmışlar. Atası onu heç vaxt evdə tək saxlayıb heç yerə getməmişdir, həmin gün atası evdə olmuş, polislər atasını evdən aparmışlar. Anası rəhmətə getdiyi, atası isə tutulduğuna görə əmisi Elçin ona baxır, əmisinin evində yaşayır, dərslərini yaxşı oxuyur, atasına köməklik göstərməsini xahiş edir. Məhkəmə şahidlər Elçin Hüseynov və Məzahir Rzayevin məhkəmə baxışı zamanı verdiyi ifadələrində “polis əməkdaşları Təqsirləndirilən şəxs küçədə deyil, yaşadığı evdə tutaraq polis şöbəsinə aparmışlar” xüsusatına qiymət verərək hesab edir ki, qeyd olunan xüsusatlar işin faktiki hallarına və iş materiallarına uyğun deyil, iş üzrə toplanmış digər sübutlarla təkzib olunur, Təqsirləndirilən şəxs müdafiə məqsədini daşıdığından sübut kimi qəbul etmir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə məhkəmə fiziki-kimyəvi ekspertizasının 13 iyul 2023-cü il tarixli 3-16-16/2-6/3807 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əskləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 21,199 qram olan qəhvəyi rəngli maddə kustarü sulla hazırlanmış narkotik vasitə-heroindir, 1(bir) ədəd bükümdə təmiz çəkisi 14,579 qram olan ağ rəngli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Qeyd: Heroinin təmiz çəkisi – 21,199 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 21,149 qram.Metamfetaminin təmiz çəkisi – 14,579 qram, tədqiqata sərf edildi – 0,050 qram, qalıq – 14,529 qram.Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edır. İş materiallarında olan 14 iyul 2023-cü il tarixli 4451 saylı ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs deməsinə görə narkotik vasitə olan marixuanadan çəkməklə və narkotik vasitə tiryəkdən daxilə qəbul etmə yolu ilə istifadə edir. Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 12 avqust 2023-cü il tarixli 283/MEŞ saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sağ diz oynağı nahiyyəsinin və sağ baldırın sayrıqları bərk küt (əşyaların) təsirindən müayinədən 3-4 gün əvvəl əmələ gəlmişdirlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə törənə bildiklərindən dəqiq olaraq ansı şəraitdə törəmələri istintaq yolu ilə aydınlaşa bilərdi. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin axtarışın videogörüntülərindən görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edib Astara rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil məlumat əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsininin əməkdaşları tərəfindən 13 iyul 2023-cü il tarixdə saat 04:10-da Astara rayonu, Ərçivan qəsəbəsində piyada hərəkət edən zaman saxlanılaraq Astara RPŞ-yə gətirilmiş və orada xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd bükümdə 21,199 qram çəkidə narkotik vasitə heroin və bir ədəd bükümdə 14,579 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 13 iyul 2023-cü il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 13 iyul 2023-cü il tarixdən hesablanmmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 17 iyul 2023-cü il tarixli «maddi sübut hesab edilməsi haqqında» qərarla ekspertiza tədqiqatından sonrakı qalıq 21,149 qram narkotik vasitə heroin və 14,529 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və DİN-in BMCMİ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla görünür ki, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 30 sentyabr 2023-cü il tarixli «cinayət işindən materialın ayrılması haqqında» qərarla görünür ki, cinayət işinin materiallarından psixotrop maddə əldə etmə, daşıma, saxlama və satma faktlarının araşdırılması məqsədilə ayrıca material ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 01 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə BMCMİ-nin əməliyyat müvəkkili Şahid1 qərarı qanuni və əsaslı hesab edilmişdir. İş materiallarında olan 25 avqust 2023-cü il tarixli Respublika Psixatriya Xəstəxanası X15 məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə xəstəxanada müalicə olmamışdır. İş materiallarında olan Astara rayon Ərçivan qəsəbə İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli ailə tərkibi haqqında arayışdan, xasiyyətnamədən, görünür ki, Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi 2013-cü il təvəllüdlü Hüseynov Yusif vüqar oğlu adlı azyaşlı oğlundan ibarətdir, arvadı vəfat etmişdir, yaşadığı müddətdə ailəsi və qonşularla münasibəti normal olmamış, bununla bağlı nümayəndəliyə şifahi məlumatlar daxil olmuş, narkotik və psixotrop maddələrinin istifadəsinə meyillidir, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının arayışından görünür ki, Təqsirləndirilən şəxs Şahsevən oğluna xx.xx.2014-cü il tarixdən “İİCV infeksiyası İİİ kliniki mərhələ, generalizasiya olunmamış limfo adekopartiya, oral kandidoz” diaqnouz ilə İİ qrup müddətsiz əllillik dərəcəsi verilmişdir. İş materiallarında olan 07 aprel 2021-ci il tarixli “ölüm haqqında” şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X2 19 mart 2021-ci il tarixdə “durğunluq ürək çatışmamazlığı” diaqnozu ilə vəfat etmişdir. İş materiallarında olan 21 sentyabr 2023-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qalması faktı üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Məhkəmə toplanmış sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə deyil, öz istifadəsi üçün əldə etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması, onu satmaq niyyətində olması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktı nə ibtidai araşdırma zamanı, nədə ki, məhkəmə baxışında toplanmış sübutlarda öz təsdiqini tapmamışdır. İstintaq orqanı ittihamda satış məqsədini yalnız ona görə göstərmişdir ki, təqsirləndirilən şəxsdən aşkar edilmiş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini çəkisi 2 qramdan artıq olmaqla külli miqdar təşkil edir, başqa digər hər hansı bir sübut isə olmamışdır. Əgər iş materiallarında belə sübutlar olsaydı, bundan sonra şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı, həmçinin qeyd olunan maddələrin miqdarı da nəzərə alınmalı idi. Sözü gedən maddələrin külli miqdar təşkil etməsi məsələsinə gəldikdə isə qeyd edilməlidir ki, həmin maddələrin miqdarının çox olması o halda sübut növü kimi qəbul edilə bilər ki, satış məqsədini təsdiq edən digər sübutlar da mövcud olsun. İbtidai araşdırma orqanı belə bir sübuta istinad etməmiş və iş materiallarında da belə bir sübut növü müəyyən olunmamışdır. Bununla da istintaq orqanı yalnız ehtimala əsaslanmaqla Təqsirləndirilən şəxs satış məqsədi barədə müvafiq ittiham vermişdir. Halbuki, qanunvericilik yalnız ehtimala əsaslanmaqla şəxsə hər hansı ittiham verilməsini qadağan edir. Belə bir halda qeyd olunan maddələrin külli miqdar təşkil etməsi həmin maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən amil kimi qiymətləndirilə bilməz. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il, №15-li Qərarının 23-cü bəndində qeyd olunub ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. 37-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviriəsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilir ki, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər satış məqsədi ilə törədilsin. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin deyil, həmin Məcəllənin 234.1-1-ci maddələsinin dispozisiya şərtlərinə uyğun gəlir. Ona görə də məhkəmə təqsirləndirilən şəxsin əməlini CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə deyil, özünün istifadəsi üçün əldə etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Məhkəmə qanunun bu normasına istinad edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli və o, CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 21-ci maddəsinin tələbinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası CPM-in 28.1 və 28.4-cü maddələrində göstərilir ki, məhkəmələr cinayət işlərinə həmin Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalı, cinayət prosesində cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etməli, təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdırlar. Azərbaycan Respublikası CPM-in 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs narkotik vasitənin onun tərəfindən xırda bükümlərə (bağlamalara) bölünməməsi, onların hazırlanması üçün üzərində hər hansı bir avadanlığın olmaması, hər hansı bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya kiminləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi faktının müəyyən edilməməsi nəzərə alınaraq sözü gedən maddələrin satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanunauyğun cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs himayəsində Yusif Hüseynzadə adlı bir azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk məhkumluğunu, arvadı Cəmalə Hüseynovanın 2021-ci il tarixdə “durğunluq ürək çatışmamazlığı” diaqnozu ilə vəfat etməsi, özünün “İİCV infeksiyası (X1) İİİ kliniki mərhələ, generalizasiya olunmamış limfo adekopartiya, oral kandidoz” diaqnouz ilə İİ qrup müddətsiz əllillik dərəcəsini məhkəmə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə, Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Həmçinin, məhkəmə təqsirləndirilən şəxsin azyaşlı övladı Yesif Hüseynzadənin əmisi Elçin Hüseynovun himayəsində olmaqla sonuncunun evində yaşamasını nəzərə alır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 21,149 qram narkotik vasitə heroin və 14,529 qram psixotrop maddə metamfetamin məhv edilməli, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 65 (altmış beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış – DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 21,149 qram narkotik vasitə heroin və 14,529 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş materiallarına əlavə olunmuş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokola əlavə edilmiş 01 (bir) ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanılması müddəti ərzində işdə saxlanılsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-196/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-196/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver