Məhkəmə qərarları › İş №1(099)-197/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-197/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-197/2023 17.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən) X8 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1997-cı il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində ünvan 2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə külli miqdarda, ümumi təmiz çəkisi 2,113 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 19 sentyabr 2022-ci il tarixdə saat 00:00 radələrində Şirvan Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən Şirvan şəhəri, Vidadi küçəsində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi saxlanılıb Şirvan Şəhər Polis Şöbəsinə gətirilmiş, 19 sentybar 2022-ci il tarixdə saat 01:30-dan saat 01:40-dək müddətdə üzərinə videoçəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində 1 ədəd sellofan bükümdə təmiz çəkisi 2,113 qram olmaqla külli miqdar təşkil edən narkotik vasitə olan heroin əynindəki şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 19 sentyabr 2022-ci il tarixdə gecə saat 12də tanışı Kamran onlara gəlmiş və anasının xəstə olmasını ona dediyindən o Kamranla birlikdə onun evinə getmək istəyərkən, polis əməkdaşları onları saxlayıb, polis şöbəsinə aparmışlar. Orada onun üzərinə vəkilinin iştirakı ilə videoçəkilişlə axtarış keçirmişlər. Həmin vaxt onun üzərində narkotik vasitə olmamışdır. Sonra onun üzərinə narkotik vasitə qoyub, çəkiliş olarkən boynuna almasını deyib, sonra da yenidən üzərində çəkilişlə axtarış keçirmişlər. Həmin vaxt onun üzərindən bir bükümdə heroin çıxmışdır. O da həmin heroinin ona aid olduğunu bildirmişdir. Lakin heroin ona aid olmamışdır. O əvvəllər heç kimə narkotik vasitə satmamışdır. Üzərinə axtarış vəkilinin iştirakı ilə videoçəkilişlə keçirilmişdir. Müstəntiq ondan ifadə alarkən və məhkəmədə onun barəsində həbs qətimkan tədbiri seçilərkən ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Həmin vaxt verdiyi izahat və ifadələri düzdür. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı müdafəçinin iştirakı ilə verdiyi ifadəsində 18 sentyabr 2022-ci il tarixdə saat 10 radələrində Şirvan şəhəri, Vidadi küçəsində bir bükümdə heroin tapdığını və istifadə etmək üçün üzərində saxladığını, 19 sentyabr 2022ci il tarixdə saat 00:00 radərində Şirvan şəhəri, Vidadi küçəsində yaşadığı evin yaxınlığında olduğu zaman polis əməkdaşlarının onu saxlayaraq, Şirvan Şəhər Polis Şöbəsinə apararaq orada vəkilinin iştirakı ilə üzərinə videoçəkilişlə axtarış aparıldığını və axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olduğu təqdirdə onu təqdim etməsi təklif edildiyini, o da əynində olan ağ rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoyduğunu, bükümdə heroinin olduğunu bildirdiyini, verilən şifahi suallara cavab olaraq təqdim etdiyi narkotik vasitəni Şirvan şəhəri, Vidadi küçəsindən yerdən tapdığını bildirdiyini, 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırıldığını və bu barədə protokol tərtib olunduğunu, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etdiyini, üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanıverdiyi ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiqi edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 18 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. 18 sentyabr 2022-ci il tarixdə əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Vidadi küçəsinə getmişlər. 19 sentyabr 2022-ci il tarixdə saat 00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında görüb onu saxlayıb polis şöbəsinə dəvət etmişlər. Orada vəkilinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa onları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs da əynindəki şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü təqim edərək bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəni yaşadığı evin yaxınlığından yerdən tapdığını bildirmişdir. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm qablaşdırılaraq götürülmüş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. İsrailin narkotik vasitəni kiməsə satması müəyyən edilməmişdir. Dindirilmiş Şahid2 Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Cinayət işinin materiallarında olan təhqiqatçının Şirvan Şəhər Polis Şöbəsinin rəisinə ünvanladığı təqrirdən görünür ki, o həmin təqrirdə X2 narkotik vasitəni istifadə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatının olmasını qeyd etmişdir. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 18/1041 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi 2,113 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Məhkəmdə təqdim edilmiş məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2022-ci il tarixli, 6014 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan Şəhər Polis Şöbəsinin məktubunda göstərilmişdir ki, CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. İşdə olan telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş cədvəldən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsi ilə bağlı alınmış telefon danışıqlarına və SMS mübadilələrinə dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş telefona mesajlar daxil olması aşkar olunsa da həmin mesjların bir neçə ay əvvəllərə təsadüf etməsi və Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinin 18 sentyabr 2022-ci il tarixdə saat 23:29:47-də «Şirvan şəhəri, Taleh Ələkbərov küçəsi» anten dairəsində olması göstərilsə də, lakin o həmin vaxt Şirvan şəhəri Vidadı küçəsində saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə aparılmışdır. İşdə olan «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 26 sentyabr 2022-ci il tarixli, 988 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatı yoxdur. İşdə olan Şirvan şəhər prokurorluğunun 01 fevral 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs zorakılığa məruz qalması barədə cinayət işinin rədd edilməsi haqqında qərar qəbul edimişdir. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək, iş materiallarını nəzərdən keçirib, dövlət ittihamçısının Təqsirləndirilən şəxs əməlini CM-nin 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə təklifini və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edərək aşağıdakı nəticəyə gəlir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə tədqiq edilmiş ifadəsindən və şahidlərin ifadələrindən görünür ki, onun narkotik vasitəni satmaqda heç bir şəxslə əlbirliyi olmamış, o heç bir istehlakçı ilə əvvəlcədən razılıq əldə etməmiş və üzərində aşkar edilən heroini Şirvan şəhəri ərazisində taparaq özü istifadə etmək üçün üzərində saxlamışdır. Həm də heroin bir bükümdə olmuşdur. Bundan başqa məhkəmədə müəyyən edildi ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 8-ci bəndində verilmiş izaha əsasən həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, qeyd edilən qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən narkotik vasitə heroinin əldə edilməsini satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq saxladığı heroin külli miqdar təşkil edir. Lakin, ibtidai araşdırma zamanı nə də ki, məhkəmədə onun həmin narkotik maddəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmişdir. İbtidai istintaq orqanının gəldiyi bu nəticə ehtimallara əsaslanmış və məhkəmədə müəyyən edilmiş işin hallarından görünür ki, Təqsirləndirilən şəxs saxlanılarkən üzərinə keçirilmiş şəxsi axtarış zamanı öz istifadəsi üçün üzərində saxladığı qeyd edilən narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Göründüyü kimi Təqsirləndirilən şəxs onda aşkar edilərək götürülmüş narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut əldə edilməmişdir. Azərbaycan Respublikası CPM-nin (bundan sonra CPM-nin) 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmcinin CPM-in 139.0, 139.0.4 və 139.0.6-cı maddələrinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçılarının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə yuxarıda göstərilən, məhkəmədə tədqiq olunmuş sübutları və işin faktiki hallarını, cinayətin iş üzrə verilmiş ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanmışdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Bu Məcəllənin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmçinin bu Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispoziyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi külli miqdarda təmiz çəkisi 2,113 qram olan narkotik vasitə heroini özü istifadə etmək üçün üzərində qanunsuz olaraq saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi barədə heç bir mötəbər sübutlar əldə edilməmiş və onun CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması nə ibtidai istintaq, nə də ki, məhkəmə istintaqı zamanı sübuta yetməmişdir. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin sonradan heç bir əsas göstərilmədən onun hərəkəti CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. İnsan Hüquqlarının və X4 X3 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.1-1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində ondan aşkar edilərək götürülmüş bir bükümdə heroinin ona aid olmadığını, həmin narkotik vasitənin onun üzərinə qoyulduğunu bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən, işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan və məhkəmədə tədqiq edilmiş sübutlarla tamamilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində Təqsirləndirilən şəxs əməlini qismən etiraf etməklə üzərindən aşkar edilərək götürülmüş bir bükümdə heroinin ona məxsus olduğunu, onu evlərinin yanından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə də göstərilən xüsusatlar öz təsdiqini tapır. Məhkəmədə tədqiq edilmiş videoçəkilişlə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan ağ rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də o CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Cinayət işinin materiallarında olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxxx 1997-cı il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur. ünvan 4 ünvanda yaşamışdır. Yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İşdə olan tibbi arayışdan və xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs “dəqiqləşdrilmiş epilepsik tutma” və “12 barmaq bağırsağın kəskin xorası ağır sindromu” diaqnozu ilə xəstədir. İşdə olan ibtidai istintaq orqanının 19 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhə edilən şəxs qismində tutulmuşdur. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 19 sentyabr 2022-ci il tarixdən hesablanmaqla ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-nin BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıda qeyd edilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməsini, xəstə olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və işin vəziyyətini nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə yaxın cəza təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən ona qarşı seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilməklə həbs qətimkan tədbiri ilə əvəz olunmalı və o dərhal məhkəmə iclas zalından həbs edilməlidir. CM-in 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 19 sentyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2,063 qram heroin məhv edilməlidir. İş üzrə 31 manat 95 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 44, 51-2, 132, 344-349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: X5 CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilsin. Barəsində həbs qətimkan tədbiri seçilsin. O məhkəmə iclas zalından dərhal həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 sentyabr 2022-ci il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. O ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan qalıq çəkisi 2,063 qram heroin məhv edilsin. İş üzrə 31 manat 95 qəpik məhkəmə xərci Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar