Məhkəmə qərarları › İş №1(099)-20/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-20/2022

03.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-20/2022 03.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Musayev Aqil Əlisa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər- Biləsuvar rayon vəkil bürosunun vəkili Müdafiəçi2 və Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxx 1986-cı ildə Cəlilabad rayonu, Qarğılı kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Cəlilabad rayonu, Qarğılı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində «ev dustaqlığı» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 26 oktyabr 2020-ci il tarixdə şəxsiyyəti məlum olmayan İran İslam Respublikasının vətəndaşı və qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib qazanc əldə etmək niyyəti üçün satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılıq yolla keçirildikdən sonra əldə edib satışını həyata keçirtməyi cinayətkar qrupun müəyyən edilməyən üzvünə vəd verib razılığa gəldikdən sonra İran İslam Respublikası ilə Azərbaycan Respublikasının sərhədində yerləşən Cəlilabad rayonu, Qarğılı kəndi ərazisində bilavasitə keçirildiyi yerdə sonuncudan bir ədəd bükülüdə təmiz çəkisi 193,066 qram psixotrop maddə metamfetamin və iki ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 470 qram, 630 qram, ümumi çəkisi 1100 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki Cəlilabad rayonu, Qarğılı kəndi ərazisində əldə edib idarə etdiyi “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşında daşımaqla saxlamış, 27 oktyabr 2020-ci il tarixdə, saat 20 radələrində Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin Əməliyyat-axtarış şöbəsinin və Cəlilabad rayon polis şöbəsinin əməkdaşlarının keçirtdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad şəhəri, Cavadxan küçəsində saxlanılaraq Cəlilabad rayon polis şöbəsinə gətirilmiş, orada idarə etdiyi “VAZ 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomaşına baxış keçirilən zaman yuxarıda qeyd olunan psixotrop maddə metamfetamin və narkotik vasitə tiryək avtomaşının yük hissəsindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünə məxsus “Vaz 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 27 oktyabr 2020-ci il tarixdə axşam saatlarında həmkəndlisi Xəzər Əzizov müştəri kimi ona zəng edərək özü və anasını Cəlilabad şəhərinə aparmağı xahiş etmiş, bir müddət sonra, saat 20 radələrində o, avtomaşını ilə Xəzərin yaşadığı Cəlilabad rayonu, Qarğılı kəndinə yerləşən evinin qarşısına getmişdir. Xəzər anası Elminaz Əliyeva ilə birlikdə əşyalarını onun avtomobilinin salon və yük hissəsinə yerləşdirmişlər və onlar Cəlilabad rayonu, Uzuntəpə kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Cəlilabad şəhəri, Cavadxan küçəsində olduqları zaman onun idarə etdiyi avtomobil polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra polis əməkdaşları onları rayon polis şöbəsinə getmələrini bildirib onu və Xəzəri idarə etdiyi “Vaz 21074” markalı avtomobildən düşürərək polis avtomobilinə əyləşdirmişlər, Xəzərin anası Elminaz Əliyeva isə həmin avtomobildə qalmışdır. O, həmin vaxt polis əməkdaşlarına təklif etmiş ki, onu polis şöbəsinə öz idarə etdiyi avtomobildə aparsınlar, əks halda onun avtomobilindən aşkar olunacaq hər hansı qanunsuz əşya və ya predmetə görə məsuliyyət daşımayacaq. Lakin polis əməkdaşları onun bu təklifi ilə razılaşmamışlar. Bundan sonra o, polis əməkdaşlarına təklif etmişdir ki, avtomobilə orada baxış keçirilsin. Lakin polis əməkdaşları orada avtomobilə baxış keçirilə bilməyəcəyini demişlər, hətta polis rəisinin müavini Rövşən adlı şəxs onun çiynindən tutaraq “səni basacam içəri, burada qanunları mən verirəm” demiş, onu Xəzərlə hər birini ayrı-ayrı polis avtomobillərinə əyləşdirərək rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onu rayon polis şöbəsinin inzibati binasının arxa tərəfində yerləşən müvəqqəti dayanacağa aparmışlar. Orada Xəzər, Elminaz və polis əməkdaşlarının iştirakı ilə idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman ona, Xəzərə və Elminaz Əliyevaya təklif olunmuşdur ki, avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim edək. O, Xəzər və Elminaz bildirmişlər ki, avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet yoxdur. Bundan sonra polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilmişdir. Avtomobilin salon hissəsində yerləşən əşyalar avtomobildən çıxarılmışdır. Həmin əşyaların içərisinə baxış keçirilmiş, lakin onların içərisindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra avtomobilin yük hissəsində yerləşən əşyalar ardıcıllıqla avtomobilin yük hissəsindən çıxarılaraq içərilərinə baxış keçirilmişdir. Bundan başqa, avtomobilin yük hissəsindən bir ədəd qara rəngli lentlə bağlanmış bükülü aşkar olunmuşdur. Həmin bükülünü ona təqdim edib içərisində nə olduğu soruşulduqda o, həmin bükülünün ona aid olmadığını və həmin bükülünün polis əməkdaşları tərəfindən onun idarə etdiyi avtomobilin yük hissəsinə yerləşdirildiyini bildirmişdir. Aşkar olunaraq götürülmüş həmin bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Lakin o, qablaşdırmanın üzərini imzalamamışdır. Bundan sonra onu şöbənin xidməti otaqlarından birinə apararaq üzərində şəxsi axtarış keçirmişlər, narkotik vasitə və ya qanunla qadağan olumuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ifadəsini davam edərək bildirmişdir ki, 26 oktyabr 2020-ci il tarixdə İranla Azərbaycan arasında sərhədi pozan hər hansı bir şəxslə görüşməmiş, hər hansı narkotik vasitələr götürməmişdir. Həmin gün, yəni 26 oktyabr tarixində dostları ilə birlikdə özünə doğum günü keçirməklə yaşadığı Qarğılı kəndində evində olmuşdur. Narkotik vasitələrdən istifadə etmir. Polis əməkdaşları tərəfindən saxlanılıb avtomobilin açarı ondan alındıqdan sonra onun iştirakı ilə avtomobilə baxış keçirilməsinə qədər təqribən iki saat vaxt keçmiş, həmin vaxt ərzində polis əməkdaşlarından hər hansı biri onun avtomaşınının yük yerinə narkotik vasitələr atmışdır. Hər hansı bir cinayət törətməyib, məhkəmə tərəfindən ona bəraət verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin əməliyyat müvəkkili Şahid6 ifadəsində göstərmişdir ki, X10 Sərhəd dəstəsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26 oktyabr 2020-ci il tarixdə bir nəfər İran İslam Respublikasının vətəndaşının Cəlilabad rayonu, Məlikqasımlı sərhəd zastavasının ərazisindən dövlət sərhədini İran İslam Respublikası-Azərbaycan Respublikası istiqamətində pozaraq Azərbaycan Respublikası tərəfə keçməsi və Cəlilabad rayonu, Cəfərli-Qarğılı kəndləri istiqamətindən gələn bir nəfər naməlum Azərbaycan Respublikası vətəndaşı ilə görüşərək yenidən İran İslam Respublikası ərazisinə qayıtması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumata əsasən ərazidə axtarış tədbirlərinin aparılması məqsədilə “həyəcan qrupu” yaradılmış, ərazidə aşkar olunmuş izlərə baxış keçirilmiş və aparılmış axtarış tədbirləri zamanı izlərin Cəlilabad rayonu, Qarğılı kənd sakini Təqsirləndirilən şəxs məxsus evə istiqamətləndiyi aşkar olunmuşdur. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı məlum olmuşdur ki, şəxsiyyəti məlum olmayan İran vətəndaşı sərhədi pozaraq Azərbaycan ərazisinə gətirdiyi narkotik vasitələri Cəlilabad rayonu, Qarğılı kənd sakini Təqsirləndirilən şəxs vermişdir. Sonuncu şübhəli bilindiyindən yaxalanaraq məsuliyyətə cəlb edilməsinə görə Cəlilabad rayon polis şöbəsinin rəhbərliyinə 27 oktyabr 2020-ci il tarixdə birgə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı müraciət etmişdir. Bundan sonra 27 oktyabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilərək onun cinayət başında yaxalanması məqsədi ilə onun Cəlilabad rayonu, Qarğılı kəndi ərazisində olduğu müəyyən edilmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürülmüşdür. Bundan sonra Cəlilabad rayon polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs həmin gün, saat 20 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində saxlanılmışdır. Həmin vaxt avtomobildə Təqsirləndirilən şəxs başqa Xəzər Əzizov və Elminaz Əliyeva da olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, avtomobildə qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya narkotik vasitə varsa təqdim etsin. Təqsirləndirilən şəxs isə idarə etdiyi avtomobildə narkotik vasitə, o cümlədən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmetin olmadığını bildirmişdir. Bundan sonra nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Avtomobilin yük hissəsindən qara rəngli sellofana bükülü aşkar edilmişdir. Bükülünün içərisində iki ədəd qara rəngli bağlamada narkotik vasitə tiryəkə bənzər və bir ədəd bükülüdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin sellofanın ona məxsus olmadığını bildirmişdir. Aşkar olunan narkotik vasitələr bənzər maddələr ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Dövlət Sərhəd Xidmətinin əməliyyat müvəkkili Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2020-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının N nömrəli hərbi hissəsindən rayon polis şöbəsinə məktub daxil olmuş, həmin məktubda göstərilmişdir ki, 26 oktyabr 2020-ci il tarixdə 3-cü sərhəd dəstəsinin xidməti ərazisi olan Cəlilabad rayonun Məlikqasımlı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəfər naməlum şəxs dövlət sərhədini pozaraq Azərbaycan Respublikası ərazisinə keçmiş və eyni zamanda Cəlilabad rayonunun Qarğılı kəndi istiqamətindən bir nəfər şəxsin həmin sərhəd pozucusuna yaxınlaşaraq geri qayıtmışdır. Bundan başqa məktubda sərhəd xidməti tərəfindən aparılmış agentur-əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmuş bir nəfər naməlum şəxsin əsas mühəndis texniki çəpərinə yaxınlaşması və Cəfərli Qarğılı kəndləri istiqamətindən onu qarşılamağa gələn şəxsin Cəlilabad rayonunun Qarğılı kənd sakini Təqsirləndirilən şəxs olması, eləcə də Təqsirləndirilən şəxs 27 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində ağ rəngli VAZ-21074 markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qarğılı kəndində sərhədçilər tərəfindən müşahidə olunması göstərilməklə onun saxlanılması istiqamətində köməklik göstərilməsi bildirilmişdir. Həmin faktla bağlı Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunub və polis əməkdaşları ilə DSX əməkdaşlarından ibarət əməliyat qrupu yaradılmışdır. Bundan sonra əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobil Cəlilabad rayonun Qarğılı kəndində əməliyyat müşahidəsinə götürülmüşdür. Həmin gün, yəni 27 oktyabr 2020-ci il tarixdə, saat 20 radələrində Cəlilabad şəhəri Cavadxan küçəsində Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşını saxlamışlar, sonuncudan başqa maşında Xəzər və Elminaz adlı şəxslər də olmuşlar. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib yanında olan şəxslərə birlikdə polis şöbəsinə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs və yanında olan şəxslər etiraz etməyərək polis şöbəsinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs idarə etdiyi VAZ- 21074 markalı ** BU *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçiriləcəyi izah edilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, avtomobildə hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs isə idarə avtomobildə narkotik vasitə və yaxud da qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra baxış keçirilməyə başlanmış, avtomobilin yük yerindən qara rəngli sellofan torbada iki ədəd qara rəngli bağlamada narkotik vasitə tiryəkə bənzər və bir ədəd bükülüdə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin sellofan torbada olan kütlələrin ona məxsus olmadığını bildirmişdir. Bundan sonra avtomobilə baxış davam etdirilsə də, iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar edilərək götürülmüş bir ədəd sellofan torbada olan narkotik vasitə tiryəkə və psixotrop maddə metamfetaminə bənzər olan kütlələr qablaşdırlaraq götürülmüş və protokol tərtib edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin əməkdaşları Şahid4 və Şahid5 oxşar məzmunlu ifadələr verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdilər. Məhkəmə baxışında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2020-ci il tarixdə günorta saatlarında anası Elminazı qardaşı Sənanın evinə aparmaq üçün taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Təqsirləndirilən şəxs zəng edərək onları Cəlilabad rayonu, Uzuntəpə kəndinə aparıb bilib-bilməyəcəyini soruşduqda, Cavid yalnız axşam gəlib onları apara biləcəyini demiş və axşam gəlməsi üçün razılaşmışlar. Həmin gün axşam saat 18 radələrində Cavid idarə etdiyi “Vaz 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların həyətinə gəlmişdir. O və anası qardaşının evinə aparılası əşyaları Cavidin avtomobilinin salon və yük hissəsinə yığmağa başlamışlar. Həmin vaxt Cavid də onlara kömək etmişdir. Bütün əşyalarını avtomobilə yığdıqdan sonra Cəlilabad rayonu, Uzuntəpə kəndi istiqamətində hərəkətə başlamışlar. Onlar Cəlilabad şəhərinin mərkəzində olduqları zaman polis əməkdaşları avtomobili saxlatdırmışlar. Onlar özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və Cəlilabad rayon polis şöbəsinə getməklərini təklif etmişlər. Onlar polis əməkdaşlarının təklifi ilə Cəlilabad rayon polis şöbəsinə getməyə razı olmuşlar. Bundan sonra polis əməkdaşları onu və Cavidi avtomobildən düşürdərək hər birini ayrı-ayrı avtomobilə əyləşdirərək polis şöbəsinə aparmışlar, anası Elminaz Əliyeva isə Cavidin idarə etdiyi “Vaz 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Cəlilabad rayon polis şöbəsinə getmişdir. Orada onun özü, anası Elminaz və Cavid şübhəli şəxs qismində tutulmuşlar, o, xidməti otaqlardan birinə aparılmış, tutulduğu üçün şöbəyə polislər tərəfindən vəkil çağırılmış, polis təhqiqatçısı tərəfindən çoxlu sayda sənədlər tərtib edilmiş, o, həmin sənədləri imzalamışdır. Təqribən iki saat müddət keçəndən sonra polis əməkdaşları Cavidin maşınına baxış keçirəcəklərini demişlər. Bundan sonra polis şöbəsinin həyətində Cavidin idarə etdiyi “Vaz 21074” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış keçirilən zaman ona, anası Elminaza və Cavidə təklif olunmuşdur ki, avtomobildə hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsinlər. O, anası Elminaz və Cavid sonuncunun idarə etdiyi avtomobildə onlara aid hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmetin olmadığını bildirmişlər. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmişdir. Avtomobildə onlara aid bütün əşyalar ardıcıllıqla avtomobildən yerə salınaraq içərilərinə baxış keçirilmişdir. Lakin həmin əşyaların və torbaların içərisindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra avtomobilin yük yerinə baxış keçirilmişdir. Bu zaman avtomobilin yük yerinə yerləşdirdikləri əşyaların yanından bir ədəd qara rəngli bükülü aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bükülünün ona aid olmadığını və polis əməkdaşları tərəfindən ora qoyulduğunu bildirmişdir. Aşkar olunaraq götürülmüş bükülü ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Lakin o, anası və Cavid həmin bükülünün üzərini imza etməkdən imtina etmişlər. Qardaşının evinə aparılası əşyaları Cavidin maşının yük yerinə özü düzmüş, həmin zaman yük yerində heç bir büküm olmamışdır, buna görədə aşkar olunan bükülü polis əməkdaşları tərəfindən oraya yerləşdirilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, 27 oktyabr 2020-ci il tarixdə axşam saatlarında oğlu Xəzərlə digər oğlunun evinə qonaq getmək üçün taksi fəaliyyəti ilə məşğul olan həmkəndliləri Təqsirləndirilən şəxs çağırmışlar. Oğlunun evinə aparılası əşyaları maşının salonu və yük yerinə düzmüşlər, sonra Uzuntəpə istiqamətində yola düşmüşlər. Yolda Cəlilabad şəhəri ərazisində, saat 20 radələrində polis əməkdaşları onları saxlamışlar. Oğlu Xəzər və Cavid maşından düşürülüb polis maşınları ilə şöbəyə aparılmışlar. O, maşından düşməmiş, iki polis əməkdaşı maşına minərək polis şöbəsinə getmişlər. Şöbədə olan zaman qorxduğu üçün bir müddət maşından düşməmiş, lakin sonradan polis əməkdaşları onu düşürmüşlər. Onu maşından düşürəndən sonra maşının qapılarının bağlanması, açarın isə kimdə olması barədə dəqiq məlumatı yoxdur. Onu maşından düşürəndən sonra xidməti otaqlardan birinə aparmışlar, orada xeyli sayda sənədləşmə aparıb onu imzalatmışlar. Bundan təqribən iki saat keçəndən sonra Cavidin maşınına baxış keçirmişlər, baxışda o, Xəzər və Cavid iştirak etmişdir. Maşının yük hissəsindən bağlama aşkar olunmuş, bağlamanın içində narkotik vasitələrin olması bildirilmişdir. Həmin narkotik polis əməkdaşları tərəfindən yük yerinə qoyulmuşdur, belə ki oğlunun evinə gedəndə yük hissəsinə əşyalar qoyanda orada həmin büküm olmamışdır. Şahid Elminaz Əliyevanın məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət olduğu üçün onun ibtidai istintaqa verdiyi ifadəsi elan edilmiş, həmin ifadədə o, göstərmişdir ki, Təqsirləndirilən şəxs avtomaşını ilə şöbənin həyətinə polis əməkdaşları ilə birlikdə gəlmişlər. O, və polis əməkdaşları maşından düşmüşlər, polis əməkdaşları avtomaşının qapılarını bağlamışlar, onlar şöbənin inzibati binasına daxil olmuşlar, həmin vaxt Təqsirləndirilən şəxs orada olmuş, polis əməkdaşları da maşının açarlarını Cavidə vermişlər. Oğlunun evinə aparılası əşyaları Cavidin maşınının yük hissəsinə yığan zaman hava qaranlıq olduğu üçün maşının yük hissəsində heçnə görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Aralarında dostluq münasibətləri vardır, mütəmadi olaraq görüşərək birlikdə vaxt keçirirlər. 24 oktyabr 2020-ci il tarixə Cavidin ad günü olduğu üçün Cavid onu qonaq çağırmış, lakin onun həmin günü işi olduğu üçün Caviddən xahiş etmişdir ki, qonaqlığı 26 oktyabra keçirək. 26 oktyabr 2020-ci il tarixdə səhər saatlarından o və çox sayda digər dostları Cavidin Cəlilabad rayonu, Qarğılı kəndində olan evində yığışmışlar. Cavidin ad gününü səhəri gün, yəni 27 oktyabra qədər qeyd etmişlər, həmin vaxt ərzində Cavid evdə olmuş, heç bir yerə getməmişdir. Buna görə də, 26 oktyabrda Cavidin gedib narkotik götürməsi mümkün ola bilməzdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş X7 eyni məzmunlu ifadə verərək şahid X5 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə şahidlər X1 həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi məlumatları tədqiq etmişdir. Belə ki, Elminaz Əliyeva məhkəmə baxışı zaman ifadəsində “polis şöbəsində Təqsirləndirilən şəxs avtomaşınından polis əməkdaşları tərəfindən düşürüləndən sonra maşının qapılarının bağlanması, açarın isə kimdə olması barədə dəqiq məlumatı yoxdur” sözlərini bildirmiş, lakin ibtidai istintaq zamanı ifadəsində “polis şöbəsində Təqsirləndirilən şəxs avtomaşınından düşəndən sonra, polis əməkdaşları avtomaşının qapılarını bağlamışlar, onlar şöbənin inzibati binasına daxil olmuşlar və polis əməkdaşları maşının açarlarını Cavidə vermişdilər” sözlərini göstərmişdir. Məhkəmə qeyd olunan iki ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, E.Əliyevanın məhkəmə baxışı zamanı verdiyi ifadəsində qeyd olunan xüsusat işin faktiki hallarına, iş materiallarına uyğun deyil, digər sübutlarla təkzib olunur. Məhkəmə Elminaz Əliyevanın məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs müdafiə məqsədini daşıdığı qənaətinə gəlir və sübut kimi qəbul etmir. E.Əliyevanın ibtidai istintaq zamanı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Həmçinin şahidlər X11, X8 və X2 məhkəmə baxışı zamanı verdiyi ifadələrdə göstərdikləri xüsusatları tədqiq etmişdir. Belə ki, Xəzər Əzizovun məhkəmə baxışı zamanı ifadəsində “Təqsirləndirilən şəxs avtomaşının yük yerinə qardaşının evinə aparılası əşyaları ozü düzmüş, həmin zaman yük yerində heç bir büküm olmamış, buna görədə içərisində narkotik vasitələr aşkar olunan bükülü polis əməkdaşları tərəfindən oraya yerləşdirilmişdir” göstərdiyi xüsusatı, Fərid Hüseynov və Xalid Həsənovun isə məhkəmə baxışı zamanı ifadələrində “26 oktyabr 2020-ci il tarixdə səhər saatlarından çox sayda dostları ilə Təqsirləndirilən şəxs Cəlilabad rayonu, Qarğılı kəndində olan evində yığışaraq sonuncunun ad gününü 27 oktyabra qədər qeyd etmişlər, həmin vaxt ərzində Təqsirləndirilən şəxs evdə olmuş heç bir yerə getməmiş, buna görə də, 26 oktyabrda Cavidin gedib narkotik götürməsi mümkün ola bilməzdi” xüsusatlarını göstərmişlər. Məhkəmə qeyd olunan ifadələrə qiymət verərək hesab edir ki, qeyd olunan xüsusatlar işin faktiki hallarına və iş materiallarına uyğun deyil, iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Odur ki, məhkəmə Xəzər Əzizov, Fərid Hüseynov və Xalid Həsənovun məhkəmə baxışı zamanı verdiyi ifadələrində göstərilən xüsusatlar Təqsirləndirilən şəxs müdafiə məqsədini daşıdığından sübut kimi qəbul etmir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 oktyabr 2020-ci il tarixli, 19/609 nömrəli rəyində göstərilmişdir ki, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi VAZ-21074 markalı avtomobildən aşkar olunaraq götürülmüş 1 bükümdə narkotik vasitəyə bənzər kütlələr.....” sözlər və imzalar olan bir ədəd bağlamanın içərisindəki, 01 ədəd bükülüdə təmiz çəkisi 193,066 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir və 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 470 qram və 630 qram, ümumi çəkisi 1100,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər, onlar xarici görünüşünə və kimyəvi tərkiblərinə görə eynidirlər. Qeyd: tədqiqatdan sonra metamfetaminin qalıq çəkisi 193,016 qram, tiryəkin isə qalıq çəkisi 1099,9 qram təşkil edir. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 874 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 264 saylı komissiyon rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Halhazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Odur ki, məhkəmə yekun qərar qəbul etdiyi zaman ambulator məhkəmə narkoloji ekspertizasının daha yeni, yəni xx.xx.2021-ci il tarixli rəyini əsas götürməli, məcburi müalicə tədbirlərini təyin etmədən təqsirləndirilən şəxsin profilaktik qeydiyyata alınmasını qərarda öz əksini tapmalıdır. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli, 2230 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtitarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi” haqqında 27 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən bir ədəd bağlamada narkotik vasitə tiryəkə və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilərək götürülmüşdür. İş materiallarında olan istintaq orqanının 29 oktyabr 2020-ci il tarixli “maddi sübutun tanınması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı qalıq 193,016 qram metamfetamin psixotrop maddəsi və 1099,9 qram tiryək narkotik vasitəsi maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsinə təhvil verilmişdir. Bundan əlavə, iş materiallarında olan istintaq orqanının 02 avqust 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, “Nəqliyyat vasitəsinə baxış keçirilməsi” və "şəxsi axtarış keçirilməsi haqqında 27 oktyabr 2020-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 03 ədəd “DVD” disk maddi sübut hesab edilməklə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. İş materiallarında olan «cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21074 markalı, **- BU-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar olunan narkotik vasitə və psixotrop maddənin mənbəyinin müəyyən etmək məqsədilə Azərbaycan Respublikası CM-in 206.3.2, 324.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin 27 oktyabr 2020-ci il tarixli məktubundan görünür ki, 26 oktyabr 2020-ci il tarixdə İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində bir nəfər naməlum şəxs sərhədi pozaraq Azərbaycan ərazisinə keçmiş, eyni zamanda Cəlilabad rayonu, Cəfərli-Qarğılı kəndləri istiqamətindən bir nəfər naməlum şəxs sərhəd pozuçusuna yaxınlaşması və geri qayıtması aşkar edilmişdir. Aparılmış agentur-əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmuş həmin naməlum şəxsin əsas mühəndis-texniki çəpərinə yaxışnlaşması və Cəfərli-Qarğılı iatiqamətindən onu qarşılamağa gələn Cəlilabad rayonu, Qarğılı kənd sakini xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə verərək geri qayıtması barədə əməliyyat məlumatları daxil olmuşdur. İş materiallarında olan 27 oktyabr 2020-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Cəlilabad rayon məhkəməsinin 29 oktyabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Şirvan Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyul 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. İş materiallarında olan yaşayış yerindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, İbiyev X4 rayonu, Qarğılı kəndində qeydiyyatda olmaqla anası, bacısı və dörd qardaşı ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 206.3.2, 324.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq “narkotik vasitə əldə etməməsi, idarə etdiyi avtomobilin yük hissəsində aşkar olunan külli miqdarda narkotik vasitələrin polis əməkdaşları tərəfindən qoyulması” hissəsini məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroini və metamfetamin psixotrop maddəsini əldə etmişdir. Məhkəmə, onun ifadəsində göstərdiyi bu xüsusatları ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206..43.2, 234.1 və 234.4.3-cü maddəsi ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Cəlilabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 193,016 qram metamfetamin psixotrop maddə və 1099,9 qram tiryək narkotik vasitəsi məhv edilməli, “Nəqliyyat vasitəsinə baxış keçirilməsi”, həmçinin “şəxsi axtarış keçirilməsi” haqqında 27 oktyabr 2020-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 03 ədəd “DVD” disklər cinayət işi materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından həbsə alınmalı, seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərcinin ondan tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 27 oktyabr 2020-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 27 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə 65 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq 193,016 qram metamfetamin psixotrop maddə və 1099,9 qram tiryək narkotik vasitəsi məhv edilsin. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi”, həmçinin “şəxsi axtarış keçirilməsi” haqqında 27 oktyabr 2021-ci il tarixli istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş 03 ədəd “DVD” disklər cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar