Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-20/2023 12.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülməmməd Ramazanov küçəsi Döngə 1 ev 1 mənzil 11-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X1 İslam Respublikası vətəndaşı olması güman edilən “Niyazi” adlı şəxslə 19 aprel 2022-ci ildə «WhatsApp» proqramı vasitəsi ilə əlaqəyə girərək müəyyən miqdarda narkotik vasitə marixuana müqabilində sonuncunun tapşırığı ilə narkotik vasitələri və psixotrop maddələri gizlədildiyi yerdən yəni, Yardımlı rayonu ərazisində yerləşən “Abidərdə” adlanan ziyarətgahın yaxınlığından götürüb ona bildirəcəyi yerə qoymaq təklifini qəbul edərək, bu məqsədlə həmin gün etibarnamə əsasında idarə etdiyi «KİA OPTİMA» markalı ** PY *** dövlət nömrə nişanlı avtomobillə yaşadığı Bakı şəhərindən çıxaraq Yaradımlı rayonuna gəlmiş, Yardımlı rayonu ərazisində yerləşən “Abidərdə” adlanan ziyarətgahın yaxınlığından Niyazi adlı İran İslam Respublikası vətəndaşının gizlətdiyi içərisində narkotik vasitələr və psixotrop maddələr olan 1(bir) ədəd parça torbanı götürüb əldə edərək idarə etdiyi həmin avtomobilə qoyub saxlayaraq daşıyarkən, Yardımlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 20 aprel 2022-ci il tarixdə saat 00:10 radələrində idarə etdiyi avtomobil ilə Cəlilabad rayonu istiqamətində hərəkət edən zaman polis əməkdaşlarının onu təqib etdiyini görüb cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə içərisində narkotik vasitə və psixotrop maddələr olan bir ədəd torbanı avtomobilin salonundan götürüb yolun kənarına ataraq, idarə etdiyi avtomobillə Yardımlı rayonu Arus kəndi ərazisində gizləndikdən sonra polis əməkdaşlarının çıxıb getdiyini güman edərək, bir müddət keçdikdən sonra idarə etdiyi avtomobil ilə Masallı rayonu istiqamətində hərəkətdə olarkən onu izləyən Yardımlı rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin tarixdə saat 00:30 radələrində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, atdığı yerdən götürülmüş bir ədəd parça torbaya onun iştirakı ilə baxış keçirilən zaman 1 ədəd bağlamada təmiz çəkisi 990 qram ağ rəngli kristal şəkilli olan psixotrop maddə metamfetamin, 2 ədəd bağlamalarda xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-birləri ilə eyni olan, ayrıayrılıqda təmiz çəkiləri 500 qram, 490 qram, ümumi çəkisi 990 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 97 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynilik təşkil edən təsiredici maddəsinin ümumi miqdarı 38,8 qram (bir həbdə 0,04 qr) olan ümumi sayı 970 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər-narkotik vasitə olan metadon aşkar olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, narkotik vasitə marixuanadan istifadə edir. Niyazi adlı iranlı ilə “Whatsapp” vasitəsilə tanış olmuş, xx.xx.2022-ci il tarixdə sonuncudan öz istifadəsi üçün marixuana istəmiş, Niyazi ona Yardımlı rayonu ərazisində «Abidərdə» deyilən ziyarətgahın yaxınlığında yolun kənarında narkotik vasitə marixuana gizlətdiyini, istəsə gedib götürə biləcəyini demişdir. Tanışı Mərahimlə telefonla danışarkən Mərahimin xidməti işi ilə əlaqədar Cəlilabad rayonuna getdiyini öyrənmişdir. O, da Mərahimə Yardımlı rayonu gedəcəyini bildirmişdir. Cəlilabad rayonuna gəldikdə Mərahimə Yardımlı rayonuna gedəcəyini, onunla birlikdə getməyi təklif etmiş, lakin Mərahimə narkotik vasitə əldə etmək üçün gedəcəyini deməmişdir. xx.xx.2022ci il tarixdə gecə saatlarında Yardımlı rayonuna çatmış, Niyazinin dediyi yerdən, «Abidərdə» ziyarətgahın yaxınlığında narkotik vasitə götürmək istəyəndə orada çəkmək üçün deyil bir torbada narkotik vasitə olduğunu görmüşdür. O, Niyaziyə torbada çoxlu narkotik vasitə olduğunu demiş, Niyazi də ona «nə qədər istirsən götür» demiş. Sonra polis əməkdaşları onu tutmuşlar. O, Niyazinin dediyi yerə getsə də orada narkotik vasitəni götürməmişdir. Polis əməkdaşları ona təziqlər edərək narkotik vasitəsinin ona məxsus olması barədə etirafedici ifadə vermiş, sənədlərə imza etdirmişdir. Əslində isə heç bir narkotik vasitə götürməmişdir. Dostu Mərahim Bakı şəhərindən Cəlilabad rayonuna işləri ilə əlaqədar gəlmişdir, narkotik vasitə götürəcəyindən məlumatı olmamışdır. Bərəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxsin məhkəmə baxışında və məhkəməyədək icraat zamanı verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğuna görə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixli şübhəli şəxs qismində, həmçinin xx.xx.2022-ci il arixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan olunmuşdur, həmin ifadələrdə o, göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Niyazi onunla mobil telefon vasitəsi ilə əlaqə saxlayıb xx.xx.2022-ci il tarixdə bir nəfər tanışı üçün Yardımlı rayonu ərazisinə 1 kq narkotik maddə marixuana göndərdiyini, lakin hazırda həmin şəxslə əlaqə saxlaya bilmədiyini bildirmiş, ona həmin narkotikanı oradan götürməyi xahiş edərək əks halda narkotikanı qoyulduğu yerdən kənar şəxsin götürəcəyini demişdir. O, da Niyazinin sözünü yerə salmayaraq sonuncu ilə razılaşmışdır. Niyazi ona narkotik maddənin Yardımlı rayonu ərazisində «Abidərdə» deyilən ziyarətgahın yaxınlığında yolun kənarında olduğunu, Cəlilabad rayonu ərazisindən gedən yolla gəldiyi halda yerini dəqiq deyəcəyəyini söyləmişdir. Sonra Niyazi ona narkotikanın bir hissəsini yəni, 100-200 qramını özü üçün götürməsini təklif edərək, qalan hissəsini isə deyəcəyi yerə aparıb qoymağı tapşıraraq bir adamın gəlib götürəcəyini bildirmişdir. Həmin gün tanışı Mərahimlə yola düşmüş, yolda üstü-örtülü Niyazi ilə danışıb əlaqə saxlamışdır. Niyazi Yardımlı rayonu ərazisində ziyarətgahın yanına çatanda ona zəng etməyi demişdir. Artıq gecə saatlarında ziyarətgahın yanına çatanda o, Niyazi ilə əlaqə saxlamış, Niyazi ziyarətgahdan təxminən 200-300 metr qabaqda yolda çay daşı, həmin daşdan təxminən 10-15 metr kənarda içərisində narkotika olan düyü torbası olduğunu bildirmişdir. O, Niyazinin dediyi yerdə avtomobili saxlayıb yerə düşmüş, Mərahim isə avtomobildə qalmışdır. O, telefonun işığını yandırıb Niyazinin dediyi yerə getmiş və içərisində narkotik olan düyü torbasını götürüb avtomobilin salonuna qoymuş, sonra avtomobili geri döndərib Cəlilabad rayonu istiqamətində hərəkətə başlamışdır. Bu zaman polisləri görüb avtomobilin salonunda olan torbanı götürüb yolun kənarına atmış və avtomobili Yardımlı rayonu istiqamətinə döndərib surətlə hərəkət edərək oradan uzaqlaşmışdır. Yaxınlıqda olan tanımadığı kəndə daxil olmuş və avtomobili yolun kənarına verib gizlənmişlər. Polislər gəlib yanlarından geçib getmiş və onları görməmişlər. Təxminən 15-20 dəqiqə sonra onlar Yardımlı rayonu istiqamətində yollarını davam etdirmişlər. Yardımlı-Masallı yoluna çıxıb Masallı rayonu istiqamətində hərəkətdə olarkən polis əməkdaşları onları saxlayıb şöbəyə gətirmişlər. Polis şöbəsində maşından yerə atdığı bir ədəd parça torba ona təqdim olunmuş və həmin torbaya baxış keçirilmişdir. Baxış zamanı torbadan narkotik vasitələr qurudulmuş marixuana, metadon həbləri və psixotrop maddə metamfetamin aşkar edilmişdir. Bu barədə protokol tərtib olunmuş, o, da həmin protokola imza etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə verdiyi ifadəsində Yardımlı rayonuna öz şəxsi istifadəsi üçün narkotik vasitə götürməyə getdiyini, Şahid1 narkotik vasitə götürmək üçün getdiyini bildirmədiyini, qeyd olunan əraziyə çatdıqdan sonra ətrafda başqa şəxsləri görüb şübhəli hal olduğunu anladığına görə narkotik vasitəni götürmədən ərazidən uzaqlaşdığını, lakin yolda polis əməkdaşları tərəfindən saxlanılaraq Yardımlı Rayon Polis Şöbəsinə aparıldığını, polis əməkdaşlarının onun qarşısına böyük torba ataraq içindəki bütün narkotik vasitələrin ona məxsus olduğuna dair ifadə verməyi tələb etdiklərini, lakin bundan imtina etdiyini, götürmək istədiyi narkotik vasitənin miqdarını bilmədiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı dindirilərkən ifadələrində göstərdiyi məlumatları tədqiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində “Niyazinin dediyi yerdən, «Abidərdə» ziyarətgahın yaxınlığında narkotik vasitə götürmək istəyəndə orada çəkmək üçün deyil bir torbada narkotik vasitə olduğunu gördüyü üçün narkotik vasitəni götürməmiş, polis əməkdaşları ona təziqlər edərək narkotik vasitəsinin ona məxsus olması barədə etirafedici ifadə vermiş, sənədlərə imza etdirmişdir” sözlərini bildirmişdir, lakin ibtidai istintaq zamanı, xx.xx.2022 və xx.xx.2022-ci il tarixli ifadələrində “Niyazinin dediyi yerdə avtomobili saxlayıb yerə düşmüş, telefonun işığını yandırıb Niyazinin dediyi yerə getmiş və içərisində narkotik olan düyü torbasını götürüb avtomobilin salonuna qoymuş, sonra avtomobili geri döndərib Cəlilabad rayonu istiqamətində hərəkətə başlamışdır. Bu zaman polisləri görüb avtomobilin salonunda olan torbanı götürüb yolun kənarına atmış” sözlərini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə zamanı verdiyi ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onun məhkəmə baxışı zamanı, həmçinin ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixli ifadələrində qeyd olunan xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır, ona cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. İş üzrə şahid qismində dindirilmiş Yardımlı rayon Polis şöbəsinin əməkdaşı Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs narkotik maddələr əldə etməsi, daşıması və satması ilə əlaqədar məlumatları daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 00 radələrində Təqsirləndirilən şəxs və Şahid1 «KİA OPTİMA» markalı ** PY *** dövlət nömrə nişanlı avtomobillə Cəlilabad Yardımlı yolunun Yardımlı rayonu ərazisində yerləşən “Abidərdə” adlı ziyarətgahın yanından keçib Yardımlı rayonu istiqamətinə gəlmələri müəyyən edilmişdir. Onlar ziyarətgahı keçəndən təxminən 200-300 metr qabağa gəlib avtomobili yolda saxlamış Rafael narkotik vasitəni götürüb avtomobil Cəlilabad rayonu istiqamətinə döndərərək hərəkətlərini davam etdirmişlər. Təxminən 50 metr hərəkət etdikdən sonra yanında olan digər polis əməkdaşları ilə birlikdə yolda avtomobilin qarşısını kəsmişlər. Təqsirləndirilən şəxs içərisində narkotik vasitə olan torbanı avtomobildən yerə atıb avtomobili döndərib Yardımlı rayonu istiqamətinə surətlə hərəkət etmişlər. Onlar içərisində narkotik vasitə olan torbanı götürüb «KİA OPTİMA» markalı ** PY *** dövlət nömrə nişanlı avtomobilin arxasınca hərəkət etmişlər. Masallı Yardımlı yolunda Arus altı deyilən yerdə döngədə həmin «KİA OPTİMA» markalı ** PY *** dövlət nömrə nişanlı avtomobillə rastlaşmışlar. Onlar avtomobili saxlatdırıb Yardımlı rayon polis şöbəsinə gətirmişlər. Şöbədə Rafaelin avtomaşından yerə atdığı parça düyü torbası Təqsirləndirilən şəxs təqdim edilmiş və torbanıya baxış keçirilmişdir. Baxış zamanı düyü torbasının içərisindən iki ədəd sellofan bükümdə qurudulmuş marixuana, bir ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin və 970 həb narkotik vasitə metadon aşkar edilmişdir. Şifahi sorğu zamanı Rafael bildirmişdir ki, narkotik vasitələri Niyazi adlı iranlı göndərmiş, Mərahimin bu barədə xəbəri olmamış, polis əməkdaşlarını gördüyünə görə torbanı maşından yerə atmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin əməkdaşları Şahid3, Şahid4 və X6 eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdilər. Məhkəmədə elan və tədqiq olunmuş Şahid1 ifadəsindən göstərilmişdir ki, xx.xx.2022ci il tarixdə təxminən saat 16 radələrində X3 ona zəng edərək Yardımlı rayonunda pul alacağı olduğu üçün Yardımlı rayonuna getmək istədiyini bildirmişdir. O, da işi ilə bağlı Cəlilabad rayonuna gedəcəyini bildirmişdir. Həmin tarixdə saat 19-20 radələrində Cəlilabad rayonu ərazisinə çatmışlar. Gec olduğundan o, işlərini təxirə salmışdır. Rafael onun işi ilə əlaqədar Yardımlı rayonuna getməyi təklif etmiş, o da razılaşmışdır. Ancaq Rafaelin nə işlə əlaqədar Yardımlı rayonuna getməsi barədə məlumatı olmamışdır. Yardımlı rayonu ərazisində Rafael ona narkotika dalınca gəldiyini bildirmişdir. O, Rafaelə “sən məni aldatdın, sən mənə belə deməmişdin, allah evini yıxsın” demişdir. Rafael isə ona “narahat olma, sənlik bir şey yoxdur, hər şey mənlikdir” demişdir. Söhbətdən təxminən 10 dəqiqə sonra Rafael avtomobili yolun ortasında işlək halda saxlayıb, yerə düşərək harasa getmiş, çox keçməmiş əlində torba ilə geri qayıtmış, həmin torbanı avtomobilin salonuna qoyub avtomobili geri döndərərək Cəlilabad rayonu istiqamətində hərəkət etmişdir. O, Rafaeldən torbada nə olduğunu soruşmuş, Rafael “narkotikadır, sən narahat olma, sənlik deyil” demişdir. Təxminən bir neçə metr getdikdən sonra Rafael avtomobili yolun mərkəzində saxlayıb, həmin torbanı öz tərəfindən yolun kənarına atmış və geriyə dönərək Yardımlı rayonu istiqamətində hərəkət etməyə başlamışdır. Yolda polis əməkdaşları onları saxlayıb polis şöbəsinə gətirmişlər. Şöbədə bir ədəd parça torba Rafaelə təqdim olunmuşdur. Rafael torbanın ona məxsus olduğunu və içərisində narkotika olmasını bildirmişdir. Sonra həmin torbaya baxış keçirilmişdir. Baxış zamanı torbadan narkotik maddələr aşkar edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki-kimyəvi və bioloji ekspertizasının 20 aprel 2022-ci il tarixli, 19/477 nömrəli rəyində qeyd olunmuşdur ki, təqdiqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs sözlər və imzalar olan kisədəki 1 ədəd bağlamada təmiz çəkisi 990,0 qram ağ rəngli kristal şəkilliolan maddə metamfetamindir, 2 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 500,0 qr: 490,0 qram; ümumi çəkisi: 990,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, xarici görünüşlərinə və bioloci tərkiblərinə görə bir-birləri ilə eynidirlər və 97 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 970 ədəd olan qəhvəyi rəngli, dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı: 38,8qramdır. (bir həbdə 0,04 qr). Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına daxildir. (Siayahı İ). Metadon Azərbaycan Respublikası ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra № 6) daxildir. Metamfetamin təmiz çəkisi-990,0 qr., tədqiqata sərf edildi-0,05qr, qalıq-989,95 qr. Marixuananın ümumi təmiz çəkisi-990,0 qr., cəmi tədqiqata sərf edildi-0,04qr (hər.ob 0,02 qr)., qalıq-989,96 qr. Metadon həb-970 ədəd, cəmi tədqiqata sərf edildi-30 ədəd, qalıq-940 ədəd. Qeyd: Aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edir. İş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının 30 may 2022-ci il tarixli, 623 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiaalarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 24 iyun 2022-ci il tarixli 1677 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi anda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur Buna görə də Təqsirləndirilən şəxs ona ittiham edilən əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan 23 iyun 2022-ci il tarixli «baxış, şəxsi axtarış və götürmə keçirilməsi haqqında» protokoldan həmçinin qeydə alınmış videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs aşkar olunmuş iran istehsalı, üzərində ağ və qırmızı rəngləri olan parça torbaya baxış keçirilən zaman torbasının içərisindən iki ədəd sellofan bükümdə qurudulmuş marixuana, bir ədəd qara rəngli sellofan bükümdə psixotrop maddə metamfetamin və üzərində Methadon 40 yazılmın 970 həb narkotik vasitə aşkar edilmişdir. İş materiallarında olan 22 aprel 2022-ci il tarixli “maddi sübut kimi tanınma haqqında” qərarla ekspertiza tədqiqatından sonrakı qalıq, 989,95 qram psixotrop maddə metamfetamin, 989,96 qram narkotik maddə qurudulmuş marixuana, 940 ədəd metadon həbləri maddi sübut kimi tanınmış Yardımlı Rayon Polis Şöbəsinin saxlanma kamerasına təhvil verilmişdir. İş materiallarında olan 16 may 2022-ci il tarixli Bakı şəhəri Baş Səhiyyə Mərkəzi“ Publik Hüquqi şəxsin 35 №-li şəhər poliklinikasının 115 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda yoxdur. İş materiallarında olan 20 aprel 2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Yardımlı rayon məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 aprel 2022-ci il tarixdən hesablanmmaqla “həbs” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmlərin surətlindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4, 69.4-cü maddələri ilə Səbail rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə Ş.M.V-nin 500 misli cərimə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2, 182.2.2, 182.2.4, 320.2, 66.3, 67.1-ci maddələri ilə ACDİÜ AR Məhkəməsinin xx.xx.2004-cü il tarixli hökmü ilə 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və ş.m.v-nin 500 misli cərimə cəzası üzərində saxlanılmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3, 67.1-cü maddələri ilə Əzizbəyov rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə 05 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkumluğu ödənilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin, nikah və doğum haqqında haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs X5 ilə nikah bağlamış, birgə nikahdan 25 avqust 2022-ci il təvəllüdlü Allahverdiyev dəniz Rafael qızı adlı azyaşlı uşağı vardır. İş materiallarında olan 29 iyun 2022-ci il tarixli Binəqədi Qəsəbə üzrə nümayəndəliyi tərəfindən verilmiş yaşayış yeri haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, yaşadığı müddət ərzində nümayəndəliyə heç bir şikayət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, o, tanışı tanışı iranlı «Niyazi» adlı şəxslə ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə etmiş, daşımış, saxlamışdır. Məhkəmə işin qeyd olunan fakitiki halları baxımından təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 31-ci maddəsinə əsasən “İki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır”. Qanunun qeyd olunan normasında iştirakçılığa verilən anlayış özündə üç əlaməti – cinayətin edilməsində iki və ya daha artıq şəxsin iştirakını, cinayətin edilməsində iki və ya daha artıq şəxsin birgə iştirakını və onların qəsdən törədilən cinayətdə qəsdən birgə iştirakını ehtiva edir. Hər hansı cinayət əməli baş verən zaman hər üç əlamət ardıcıl qaydada mövcud olduğu təqdirdə şəxsin əməli cinayətdə iştirakçılığın növü və ya forması baxımından tövsif edilə bilər. Cinayətin iştirakçılığının birinici və ikinci əlamətinə görə cinayətdə iştirakçılıqda ən azı iki nəfər olmalıdı və həmin şəxslərin hərəkətləri “birgə” olmalıdır. Cinayətin birgə edilməsi anlayışı özündə üç tərkib ünsürünü – cinayətin hər bir iştirakçısının hərəkəti digər iştirakçının edəcəyi hərəkətə kömək etməsini; bütün iştirakçıların hərəkəti vahid nəticəyə doğru istiqamətlənməsini; iştirakçıların hər birinin hərəkəti ilə baş verən ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmasını ehtiva edir. Cinayətdə iştirakçılığın sonuncu əlaməti – cinayətin qəsdən törədilməsinə yönələn qəsdən birgə fəaliyyətdə ifadə olunur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün ittiham verilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olmasını, yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə CM-in 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmalıdırlar. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub- Yardımlı rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq, 989,95 qram psixotrop maddə metamfetamin, 989,96 qram narkotik maddə qurudulmuş marixuana, 940 ədəd metadon həbləri məhv edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin 20 aprel 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 65 (altmış beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Yardımlı rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonrakı qalıq, 989,95 qram psixotrop maddə metamfetamin, 989,96 qram narkotik maddə qurudulmuş marixuana, 940 ədəd metadon həbləri məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Cəlil Nəbiyev Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-20/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-20/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver