Məhkəmə qərarları › İş №1(099)-203/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-203/2023

15.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-203/2023 15.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim – X11 oğlunun sədrliyi ilə, hakimlər – Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məsləhətçi – Rəhimov Emil Vəliağa oğlunun katibliyi ilə, dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi X3, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Sabirabad rayonu Şıxsalahlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Şıxsalahlı kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 30 oktyabr 2022-ci ildə saat 06:30 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz 210D” markalı ** RS *** dövlət qeydiyyat nişanlı mikroavtobusla Ələt-Astara–İran sərhədi yolunun Biləsuvar rayon ərazisindən keçən 95-ci km-də Ələt qəsəbə istiqamətdə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, 1.1 üfüqi nişanlanma xətti (hərəkət istiqamətlərini ayıran ağ bütöv üfüqi nişanlama xətti) çəkildiyi yol sahəsində hər hansı məqsədlə həmin xətti kəsib mikroavtobusu sol hərəkət zolağına çıxarmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə yolun sağ ehtiyyat hissəsində dayandığı yerdən yolun soluna doğru manevr edən Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 523” minik markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomaşınla əks yolda toqquşmuş, nəticədə ehtiyyatsızlıqdan iki və ya daha çox şəxsin, yəni “BMW 523” minik markalı avtomaşında olan sərnişin X4 açıq kəllə-beyin travması, kəllə qapağı sümüklərinin sınığı, baş beyinin yumşaq qişası altına qansızma, başın alın nahiyyəsinin soldan əzilmiş yarası, burun sümüklərinin sınığı kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən, sürücü Təqsirləndirilən şəxs2 qarnın ağır küt travması, qara ciyərin zədələnməsi, qarnın ön divarında qançır kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən, “Mercedes Benz 210D” markalı mikroavtobusun sərnişini Zərərçəkmiş şəxs2 sağəlin İV daraq sümüyünün qapalı, yerdəyişmiş sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına, həmçinin “BMW 523” minik markalı avtomaşında olan sərnişin Zərərçəkmiş şəxs1 baş beyinin əzilməsi, sağ beyin yarımkürəsində subdural, sol beyin yarımkürəsində subaraxnoidal qansızmalar ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol gözaltı və burun nahiyyələrinin əzilmiş-cırılmış yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün idarə etdiyi “Mercedes Benz 210D” markalı ** RS *** dövlət qeydiyyat nişanlı mikroavtobusla işə gedərkən yolda Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW 523” markalı minik avtomobili ilə onu keçmiş və gedib qabaqda dayanmışdır. Onun Şahinin avtomobilinə çatmağına 10-15 metr qalmış isə sonuncu anidən geri dönüş etmiş və maşınlar toqquşaraq hadisə baş vermişdir. O, idarə etdiyi avtomobillə yolda 80-90 km/saat sürətlə hərəkət etmiş, Şahin onu ötüb keçdikdən sonra maşını uzaq məsafədə saxlamış, bunu görüb maşının sürətinin azalması və onun nə üçün saxladığını bilmək üçün ayağını sürət pedalından çəkmişdir. O, təxminən 70 km/saat sürətlə Şahinin maşınına yaxınlaşanda o, anidən yola çıxmış, bu zaman aralarında təxminən 10-15 metr məsafə olmuşdur. Həmin anda əyləci bassa da maşını saxlaya bilməmiş və toqquşma baş vermişdir. O əyləci basdıqdan sonra idarə etdiyi maşın sola istiqamətlənmişdir. Əyləci basdıqdan sonra maşın sola istiqamətlənməyib düz də gedəcəyi halda belə hadisə olacaqdır. Hadisədən sonra xəsarət alanları digər maşınla xəstəxanaya aparmışdır. Şahin onu keçdikdən sonra maşını yolun ehtiyat hissəsini ayıran sarı xəttin yaxınlığında saxlamışdır. O, Şahinin anidən yola çıxdığını görüb dərhal əyləci basmışdır. Onun idarə etdiyi avtomobil özü sola tərəf getmiş, o əyləci basanda maşının sükanını sola döndərməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsinə tənqidi yanaşaraq həmin ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli məhkəmə iclasında tədqiq edilmiş iş materialları, zərərçəkmişşəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, hadisə nəticəsində vəfat edən Bəymirzə Mərdanov onun atasıdır, ona hadisə barədə zəng edilərək məlumat verildikdən sonra dərhal xəstəxanaya getmiş və atasının vəfat etdiyini bilmişdir, hadisə yerində olmamış və hadisəni görməmişdir, onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o 30 oktyabr 2022-ci ildə səhər tezdən “Abcon MMC”-nin qaz borularının təmiri ərazisinə getmək məqsədi ilə Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW” markalı avtomaşına sərnişin kimi qabaq oturacaqda, iş yoldaşı Bəymirzə Mərdanov isə arxa oturacaqda oturmuşdur. Həmin gün saat təxminən 06:30 radələrində Şahinin idarə etdiyi avtomaşınla yolun sağ zolağı ilə hərəkətdə olmuşlar. O yolda yuxulayaraq yatmış, birdən maşının dayandığına görə ayılmış və yolun sağ ehtiyat hissəsində dayandıqlarını görmüşdür. Həmin vaxt nəyinsə yaddan çıxdığı deyilmiş, Şahin geriyə qayıtmaq istədikdə Bəymirzənin qışqırdığını eşitmiş və sonra bir də xəstəxənada ayılmışdır. O yuxulu olduğu üçün Şahinin maşını yolun hansı hissəsində saxlayıb dayandığını bilməmişdir. Şahinin maşını dayanmış, sonra qəfildən dönmüş, onun hansı sürətdə və hansı məsafədə döndüyünü bilməmişdir. Şahinin maşını yola girən kimi anidən hadisə baş vermişdir. Şahinin maşını sürətlə, qəfildən və ani yola çıxmış, maşın dayandığı yerdən dönüb yola girmişdir. Onun Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o 2022-ci ilin oktyabr ayında işlədiyi "xxxx" MMC-nin digər işçiləri ilə birgə Biləsuvar rayon ərazisində olan qaz boruların təmiri işlərinin görülməsi məqsədi ilə Biləsuvar rayonuna ezam olunmuş, 30 oktyabr 2022-ci ildə səhər tezdən qaz boruların təmiri ərazisinə getmək məqsədi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi mikroavtobusda sərnişin kimi arxada oturmuşdur. Yola çıxdıqdan sonra arxada yatmış, birdən avtomaşının nəyəsə çırpıldığını və maşının dayandığını hiss etmiş, oturduqları mikroavtobusun “BMW” markalı avtomaşına çırpılmasını sonradan bilmişdir. Hadisə zamanı xəsarət almış, ani olaraq səsə ayıldıqda maşının yolun ortasında olduğunu görmüşdür. Hadisə zamanı qabağa getmiş, həmin vaxt toqquşma olmuşdur. Onun Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə səhər tezdən iş yoldaşları ilə qaz boruların təmiri ərazisinə getmək məqsədi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusla hərəkətdə olmuşlar. Biləsuvar rayon ərazisində iş yoldaşları Şahin idarə etdiyi “BMW” markalı avtomaşınla yolda onları yüksək sürətlə ötüb keçmişdir. Sonra onlar həmin avtomaşına çatanda ani olaraq “BMW” markalı avtomaşın yolda dönmüş, həmin anda Elməddin toqquşmadan yayınmaq istəsə də bu alınmamışdır. Şahin yüksək sürətlə onları keçib sonra anidən dönmüş, o Şahinin avtomaşınının yolun kənarında dayandığını görməmişdir. Şahin onları keçəndən sonra dönmüş, həmin vaxt aralarında məsafənin nə qədər olmasını isə bilmir. Şahinin maşını yolun ortasında dayandığı vaxt Elməddin maşını əyləcdən istifadə etməklə sola istiqamətləndirsə də maşın yenə hərəkət etmiş və toqquşma baş vermişdir. Şahin gəlib onları keçib dönmüş, onun hansı sürətlə dönməsini isə bilmir. Onlar öz yolunda gedərkən Şahin onları sağdan ötüb keçmişdir. Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadə ilə məhkəmə baxışında verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş istintaq zamanı verdiyi ifadəsindən isə görünür ki, 2022-ci ilin oktyabr ayının 20-dən "xxxx"MMC-də qaynaqçı kimi işləyir. Lakin MMC ilə hər hansı rəsmi əmək müqaviləsi yoxdur. 2022-ci ilin oktyabr ayında "xxxx" MMC-nin digər işçiləri ilə birgə Biləsuvar rayon ərazisində olan qaz boruların təmiri işlərinin görülməsi məqsədi ilə Biləsuvar rayonuna ezam olunmuşdur. xx.xx.2022-ci ildə səhər tezdən “Abcon MMC”-nin qaz boruların təmiri ərazisinə getmək məqsədi ilə Elməddinin idarə etdiyi mikroavtobusa sərnişin kimi əyləşmişdir. Həmin gün saat təxminən 06:30 radələrində Elməddinin idarə etdiyi “Mercedes Benz 210D” markalı mikroavtobusla saatda təxminən 80-90 km sürətlə sağ zolaqla hərəkətdə olmuşlar. Biləsuvar rayon ərazisində təxminən 50-100 metr məsafədən iş yoldaşıŞahinə məxsus “BMW 523” minik markalı avtomaşının yolun sağ kənarında dayanmış vəziyyətdə olduğunu görmüşdür. Həmin minik avtomaşına az qalmış ani olaraq “BMW 523” minik markalı avtomaşın dayandığı yerdən yolun soluna doğru manevr etmiş, bu zaman Elməddin mikroavtobusun əyləcini basmaqla sükanı sola doğru istiqamətləndirmiş, lakin əks yolda avtomaşınlar toqquşmuşlar. Hadisə zamanı avtomaşında olanlarla birgə xəsarət almışdır. “BMW 523” minik markalı avtomaşında olan "xxxx" MMC-nin əməkdaşı sürücüTəqsirləndirilən şəxs2 və sərnişin Bəymirzə Mərdanovun hadisə zamanı aldqları xəsarətlərdən vəfat etdiyini sonradan bilmişdir. Şahid4 istintaq zamanı verdiyi ifadəsi elan edildikdən sonra isə o, ifadəsində göstərmişdir ki, həmin ifadəsini təsdiq edir, istintaq zamanı ifadə verərəkən hadisənin necə baş verməsi dəqiq yadında olmuşdur, hal hazırda hadisədən 3 ay müddət keçdiyinə görə isə müəyyən halları xatırlamır. Şahinin maşını döndüyü vaxt aralarında olan məsafənin nə qədər olmasını xatırlamır, Şahinin maşını anidən yola çıxdığına görə toqquşma baş vermişdir. Şahinin maşını çıxıb yolun ortasında qalmış, Elməddin maşını sola yayındırsa da Şahinin maşını hərəkət etdiyinə görə toqquşma olmuş, hadisə yolun ortasında baş vermişdir.Şahinin idarə etdiyi avtomaşın anidən və sürətlə yola çıxmışdır.“BMW” markalı avtomaşının sürücüsü elə bil yolun ortasında çaşıb qalmış, bunu onun sifətindən müşayət etmiş, həmin vaxt onun sifətini görmüş, sonuncunun gözləri bərəlmiş vəziyyətdə olmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə səhər tezdən qaz boruların təmiri ərazisinə getmək məqsədi ilə Elməddinin idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusla hərəkətdə olmuşlar. Biləsuvar rayon ərazisində iş yoldaşı Şahin idarə etdiyi “BMW” markalı avtomaşınla onları ötüb keçmiş, uzaqlaşdıqdan sonra maşını yolun sağ kənarında saxlamışdır. Onlar həmin avtomaşına çatanda Şahin idarə etdiyi “BMW” markalı avtomaşınla yola çıxmış və hadisə baş vermişdir. Elməddin idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusla hərəkətdə olarkən Şahinin dayanmış “BMW” markalı avtomaşınına çatmasına təxminən 5-10 metr qalmış həmin avtomaşın dayandığı yerdən yola çıxmış, saatda 70-80 km sürətlə gedən avtomaşın üçün maşını saxlamağa məsafə çox az olmuşdur. Onların olduğu “Mercedes Benz” markalı mikroavtobus saatda 70-90 km sürətlə hərəkət etmiş, Şahinin avtomaşını ona çatmalarına qısa məsafə qalmış yola dönmüş, o bir kəlmə «ayda Şahin əmi» deməyi ilə artıq toqquşma baş vermişdir. Elməddin toqquşmanın baş verməsindən yayınmaq istəsə də alınmamışdır. Şahinin avtomaşının yola çıxması ilə toqquşmanın baş verməsi bəlkə bir saniyədən də az, bəlkə də bir saniyə çəkmişdir. Şahin “BMW” markalı avtomaşınla qəfildən sürətlə yerindən sıçrayıb yola çıxmışdır. Şahin maşını yolun sağında saxlamış, avtomaşın yoldan tam kənara çıxmamış vəziyyətdə olmuşdur. Şahin idarə etdiyi avtomaşını tam yolun ehtiyat hissəsinə çıxarıb saxlamamış, avtomaşının müəyyən hissəsi yolda olmuşdur. O 50-100 metr məsafədən Şahinin avtomaşınının dayandığını görmüşdür. Şahin maşını sarı xətdən yolun ehtiyat hissəsinə çıxarıb saxlamış, onun avtomaşını yolun asfalt hissəsində dayanmış vəziyyətdə olmuşdur. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə səhər tezdən qaz boruların təmiri ərazisinə getmək məqsədi ilə Elməddinin idarə etdiyi “Mercedes Benz ” markalı mikroavtobusla hərəkətdə olarkən Biləsuvar rayonu ərazisində yolda iş yoldaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi “BMW” markalı avtomaşınla onları keçmişdir. Sonra ona çatan zaman Şahinin maşınının yolun sağ kənarında dayandığını görmüşdür. Onlar həmin avtomaşına çatanda ani olaraq “BMW” markalı avtomaşın dayandığı yerdən yolun soluna doğru manevr etmişdir. Həmin anda Elməddin mikroavtobusun sükanını sola doğru istiqamətləndirmiş, lakin yolda avtomaşınlar toqquşmuşdur. Elməddinin idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusla hərəkətdə olarkən Şahinin dayanmış “BMW” markalı avtomaşınına çatmalarına təxminən 10 metr qalmış həmin avtomaşın dayandığı yerdən yolun soluna doğru manevr etmişdir. Elməddinin idarə etdiyi avtomaşın öz yolunda Şahinin idarə etdiyi avtomaşına dəymişdir. Məsafə yaxın olduğu üçün Elməddin maşını yüngül qaçırmaq istəmiş və toqquşma baş vermişdir. Şahinin avtomobili yolun sağında dayanmış və təkərinin bir hissəsi asfalt yolda olmuş, o, anidən manevr edərək yola dönmüşdür. Şahin anidən onların qarşısından sürətlə sıçrayıb yola çıxmış və toqquşma baş vermişdir. Hadisədən əvvəl Elməddin əyləcdən istifadə etmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə səhər tezdən iş yoldaşları ilə qaz boruların təmiri ərazisinə getmək məqsədi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz ” markalı mikroavtobusla hərəkətdə olmuşlar. O arxada oturmuş, telefona baxan zaman hadisə baş vermiş və qabağa sürüşmüşdür.Yolda Şahinin idarə etdiyi “BMW” markalı avtomaşının onları yüksək sürətlə ötüb keçdiyini görmüş, sonra telefonla məşğul olarkən qışqırıq səsi eşidib baxanda Şahinin maşınının yolun ortasında dayandığını görmüş və hadisə baş vermişdir. Hadisə zamanı ayaqlarından xəsarət almış, hadisədən sonra ayağa qalxıb ayağının altına baxmış, həyəcanlı olduğundan nə edəcəyini bilməmişdir. Hadisənin necə baş verdiyini telefonla məşğul olduğu üçün görməmişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə səhər tezdən qaz boruların təmiri ərazisinə getmək məqsədi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusla hərəkətdə olarkən qarşıda Şahinin maşını sol tərəfə manevr etmiş və hadisə baş vermişdir. O yolda Şahinin idarə etdiyi “BMW” markalı avtomaşınla onları keçdiyini görməmişdir. O maşında olan şəxslər qışqıranda yola baxmış, həmin vaxt Şahinin maşını yolun ortasında olmuşdur. Şahin maşınını yolun kənarına tərəf saxlamış, onun maşınına çatmalarına az məsafə qaldığı zaman Şahinin maşını yola çıxıb geri dönüş etmişdir. Toqquşma yolun əks istiqamətində baş vermişdir. Məhkəmə iclasında, şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci ildə səhər tezdən iş yoldaşları ilə qaz boruların təmiri ərazisinə getmək məqsədi ilə Elməddinin idarə etdiyi “Mercedes Benz” markalı mikroavtobusla hərəkətdə olarkən yolun kənarında “BMW” markalı avtomaşın dayanmış, ona çatmağa az qalmış həmin avtomaşın yola çıxıb geriyə dönüş edərkən toqquşmuşlar. Onun fikri yolda olmadığı üçün toqquşmanı görməmişdir. O sürücünün arxasında oturmuş,“BMW” markalı avtomaşın yolun kənarında sarı xəttin üzərində dayanmışdır. Elməddin mikroavtobusu saatda təxminən 70-80 km sürətlə idarə etmiş, “BMW” markalı avtomaşın anidən yola çıxıb geriyə dönüş edərkən toqquşma olmuşdur. “BMW” markalı avtomaşın anidən yola çıxarkən Elməddin əyləci basmış, onun maşının sükanını hər hansı bir tərəfə döndərməsini isə görməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar rayon “MTE və PA” şöbəsinin 25 noyabr 2022-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, mərhum Təqsirləndirilən şəxs2 meytində aşkar edilmiş xəsarətlər – qarnın ağır küt travması, qara ciyərin zədələnməsi, qarnın ön divarında qançırdır. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir. Avtomobil qəzası zamanıə mələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 30 oktyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Mərhum Təqsirləndirilən şəxs2 ölümünə səbəb qara ciyərin zədələnməsi nəticəsindəəmələ gəlmiş kəskin qanitirmə olmuşdur. Mərhum Təqsirləndirilən şəxs2 meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar rayon “MTE və PA” şöbəsinin 25 noyabr 2022-ci il tarixli 17 nömrəli rəyindən görünür ki, X1 meytində aşkar edilmiş xəsarətlər – açıq kəllə-beyin travması, kəllə qapağı sümüklərinin sınığı, baş beyinin yumşaq qişası altına qansızma, başın alın nahiyyəsinin soldan əzilmiş yarası, burun sümüklərinin sınığıdır. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın təsirindən törənmişdir, avtomobil qəzası zamanı əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan 30 oktyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. X1 ölümünə açıq kəllə beyin travması nəticəsində baş beynin yumşaq qişası altına qansızma olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş MTE və PA Birliyin MEŞ-nin 02 dekabr 2022-ci il tarixli 519\MEŞ nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində - baş beyinin əzilməsi, sağ beyin yarımkürəsində subdural, sol beyin yarımkürəsində subaraxnoidal qansızmalar ilə müşayiət olunan qapalı kəllə-beyin travması, sol gözaltı və burun nahiyyələrinin əzilmiş-cırılmış yaraları müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən 30 oktyabr 2022-ci il tarixdəəmələ gələ bilərdilər, dərəcəsinə görəümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilmələri mümkündür. Cinayət işinin materiallarına əlavə edilmiş MTE və PA Birliyin MEŞ-nin 02 dekabr 2022-ci il tarixli 520\MEŞ nömrəli tibbi rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində - sağ əlin İV daraq sümüyünün qapalı, yerdəyişmiş sınığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 30 oktyabr 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində avtomaşının salonunda əmələ gələ bilmələri mümkündür. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 06 dekabr 2022-ci il tarixli 8\3080 nömrəli rəyindən görünür ki, “BMW 523” minik markalı ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Eyni rəyə əsasən “Mercedes Benz 210D” markalı ** RS *** dövlət qeydiyyat nişanlı mikroavtobusun sürücüsü Təqsirləndirilən şəxs1 hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin və və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BDYPİ QİS-in 03 noyabr 2022-ci il tarixli 016-145673-1222 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2018-ci ildə AE 528847 nömrəli “BCD” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Eyni məktuba əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2017-ci ildə AC 229094 nömrəli “BC” katiqorialı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Biləsuvar RMX-nın 30 oktyabr 2022-ci il tarixli 391 saylı tibbi müayinə aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs1 hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nə verilmiş tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan AZ-İİ seriyalı 421508 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və X6 15 yanvar 2021-ci il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında qeyd edilmişdir. Cinayət işinin materiallarında olan Sabirabad RŞHB-nın Şıxsalahlı KİƏDÜN-nin 05 dekabr 2022-ci il tarixli 276 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi evdar qadın olan anası, işləməyən qardaşı, evdar qadın olan həyat yoldaşı və xx.xx.2020-ci il təvəllüdlü azyaşlı qızından ibarətdir. Cinayət işinə əlavə edilmiş istintaq orqanına xx.xx.2022-ci il tarixdə daxil olmuş Sabirabad MRX-nın Şıxsalahlı kənd HM-nin müdiri tərəfindən verilmiş arayışdan görünür ki, kənd sakini X6 8 aylıq hamilə olmaqla kənd həkim məntəqəsində qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə edilmiş vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 «Vətən müharibəsi iştirakçısı» və «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalları ilə təltif olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs1 məxsus SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, Füzuli və Cəbrayıl istiqamətində xx.xx.2020-ci il tarixdə gedən döyüşlərdə sürücü vəzifəsində, həmçinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gedən döyüşlərdə iştirak etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş Vərəmli pasiyentin xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ET Ağ ciyər xəstəlikləri İnstutunda ağ ciyərin infiltrativ vərəmi diaqnozu ilə müalicə olunmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş xəstəlik tarixindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ET Ağ ciyər xəstəlikləri İnstutunda ağ ciyərin infiltrativ vərəmi diaqnozu ilə müalicə olunmuşdur. Beləliklə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar: zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, həmçinin işin digər obyektiv halları Təqsirləndirilən şəxs1 istinad edilən cinayət əməlinin məhz onun tərəfindən törədilməsini tam təsdiq edir. Məhkəmə tədqiq edilmiş sübutların məcmuyuna hərtərəfli, tam və obyektiv qiymət verərək hesab edir ki, onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqlarının olmasını, 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə və zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, həmçinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün bərpası uğrunda xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək gedən döyüşlərdə iştirak etməsini, «Vətən müharibəsi iştirakçısı» və «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalları ilə təltif olunmasını, ağ ciyərin infiltrativ vərəmi diaqnozlu xəstəlikdən əziyyət çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və zərər çəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələblərinə görə cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2, 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini, sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirənhalları, cəzasınıağırlaşdıran halların olmadığını, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilmədən və cəza çəkmədən islah olunmasını mümkün saymayaraq, törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən maddi sübutlar məsələsinin necə həll olunmasını müzakirə edərək, iş üzrə maddi sübut olan və sahiblərinə qaytarılmış “Mersedes Benz 210D” markalı mikroavtobus və BMV 528 minik markalı avtomobilin onlarda saxlanılması qərarına gəlir. İş üzrə keçirilmiş ekspertiza xərci olan cəmi 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirli bilinib 3 (üç) il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verildiyi tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Sabirabad rayon İcra və Pribasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan və sahiblərinə qaytarılmış “Mersedes Benz 210D” markalı mikroavtobus və BMV 528 minik markalı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra onların özündə saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci olan 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar