Məhkəmə qərarları › İş №1(099)-204/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-204/2024

20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-204/2024 20.02.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini ( bundan sonra – heroin) istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla Astara rayonu, Ərçivan qəsəbəsi ərazisinə daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bundan sonra- DİN-in BMCMİ) əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində 13 iyul 2023-cü il tarixdə, saat 04:30-da Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən yaşadığı fərdi yaşayış evinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Astara rayon Polis Şöbəsinə gətirilib həmin gün saat 05:57-dən etibarən üzərində şəxsi axtarış keçirilərkən əynindəki qəhvəyi rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümdə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynilik təşkil edən ayrıayrılıqda çəkiləri 3,195 qram və 3,267 qram olmaqla ümumi təmiz çəkisi 6,462 (altı tam mində dörd yüz altmış iki) qram qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış - heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 13 iyul 2023-cü il tarixdə gecə saatlarında evində olarkən 20-25 nəfər polis əməkdaşı onun evinə daxil olaraq onu evindən götürüb Astara RPŞ-yə aparmışlar. Polis şöbəsində onun qarşısında iki büküm qoyub həmin bükümlərdəki narkotikləri onun olması barədə ifadə verməsi tələb edilmiş, əks halda evində axtarış aparılacağını və evindən narkotik çıxaracaqlarını bildirmişlər. O, da polis əməkdaşları tərəfindən evində axtarış aparılmasını istəmədiyindən onların dedikləri ilə razılaşmış, polis əməkdaşları tərəfindən verilmiş iki bükümdə heroini cibinə qoyaraq şəxsi axtarış zamanı təqdim etmiş və özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu evindən narkotik vasitə çıxaracaqları ilə hədələmiş, ona qarşı hər hansı fiziki zor tətbiq edilməmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən videoçəkilişdən istifadə olunmuş və həmin vaxt o, polis əməkdaşlarının ona dedikləri formada ifadə vermiş, cibinə qoyduğu narkotik vasitəni özü şəxsən təqdim etmişdir. Narkotik vasitələrdən istifadə etmir, ümumiyyətlə siqaret də çəkmir, 15 yaşından idmanla məşğul olur. Polis əməkdaşları onu küçədə deyil, evində saxlamışlar və bunu ailə üzvləri də görmüşdür, lakin həmin şəxslərin məhkəmə iclasına gəlib ifadə verməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı müvafiq olaraq 13 və 14 iyul 2023-cü il tarixlərdə müvafiq olaraq şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilmiş və məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, saxlanılmazdan bir gün əvvəl yaşadığı Astara raynonu Ərçivan qəsəbəsi ərazisində yerləşən evinin yaxınlığında yerdə iki bükümdə heroin gördüyünü, həmin maddələrin heç kimin əlinə keçməməsi üçün heroini yerdən götürərək məhv etmək üçün üzərində saxlamaqla daşıdığını, heroini heç kimə satmaq, pay vermək və ya hədiyyə qismində vermək niyyətinin olmadığını, heç bir zaman narkotik vasitələrdən istifadə etmədiyini bildirmişdir. Hadisə ilə bağlı onu bildirmişdir ki, 13 iyul 2023-cü il tarixdə təxminən saat 04:30 radələrində o, Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən evinin yaxınlığında olan zaman ona mülki geyimdə olan şəxslər yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirib onu Astara Rayon Polis Şöbəsinə dəvət etmiş, onlarla birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində müdafiəçi ilə təmin edildikdən sonra üzərinə video çəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, cibində heroin olduğunu bildirib, əynində olan qəhvəyi rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoyaraq təqdim etmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və psixi zor tətbiq edilməmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, sonuncu həmin məhkəmə iclasında verdiyi izahatında polis əməkdaşları tərəfindən ona qarşı hər hansı fiziki və ya psixi zor və ya təzyiq edilməsi barədə hər hansı fikir səsləndirməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələrini təsdiq etməyib əlavə ifadəsində bildirmişdir ki, polis əməkdaşları onu döyməmişlər, ancaq hədələmişlər, buna görə də etirafedici ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 12 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, o cümlədən satışı ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün onun tərəfindən qərar qəbul edilmiş, həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış, 13 iyul 2023-cü il tarixdə saat 04:30 radələrində Təqsirləndirilən şəxs Astara rayonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən evinin yaxınlığında olacağı müəyyən edilmiş, bunun üçün onlar birlikdə həmin ünvana getmiş, həmin saatda eyni ünvanda Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış, özlərini təqdim edib onu Astara Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da etiraz etmədən polis əməkdaşları ilə polis şöbəsinə gəlmiş, müdafiəçi dəvət edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qəhvəyi rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmiş, həmin bükümlərdə heroinə oxşar maddə olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini saxlanılmazdan 01 gün əvvəl yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, həmin maddələri sonradan məhv etmək üçün üzərində daşıdığını bildirmişdir. Daha sonra müvafiq sənədləşmə aparılmışdır. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin dövriyyəsi və satışı ilə bağlı əməliyyat məlumatı daxil olmuş, lakin sonradan bu məlumat təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs konkret olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə sübutları da olmamışdır. Təqsirləndirilən şəxs bildirməsinə görə narkotik istifadə etməmişdir. Evinə baxış keçirilərkən də qeyri-qanuni hər hansı maddə və ya əşya aşkar edilməmişdir. Əməliyyat qrupuna üç nəfər əməkdaş daxil olmuş, əlavə əməkdaş olmamış, Astara rayonuna şəxsi avtomobillərlə getmiş, lakin hansı markalı avtomobil olması yadında qalmamışdır. Təqsirləndirilən şəxs 13 iyul saat 04:30 radələrində, evinin yaxınləğında, səhv etmirsə Ərçivan kəndi ərazisində saxlamışdır. Təqsirləndirilən şəxs müşahidəyə götürməmiş, ola biləcəyi yeri bildiklərindən həmin əraziyə getmişlər. Təqsirləndirilən şəxs piyada üç əməkdaş birgə yaxınlaşmış və özü xidməti vəsiqəsini göstərib özlərini təqdim etmişlər. Hünərin əynində nə olması yadında qalmamış, bu barədə videoçəkilişdə vardır. Hünərin saxlanıldığı yerdə hansı obyektlər olması yadında qalmamışdır. Hünəri avtomobilə əyləşdirdikdən sonra Astara RPŞ-yə aparmışlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs heç bir etirazı olmamışdır. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təsir və ya təzyiq olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş BMCMİ-nin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 12 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr əldə etməsi, üstündə saxlaması, eləcə də daşımasına dair əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxsin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir. (i.v. 4-9; 28-31) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 13 iyul 2023-cü il il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:30-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v. 20) - “şəxsi axtarış və götürmə aparılması haqqında” 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman sonuncu əynində olan qəhvəyi rəngli idman şalvarının sağ yan cibindən 02 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş heroini təxminən 1 gün əvvəl yaşadığı Astara rayonu Ərçivan qəsəbəsində olarkən yerdən tapdığını və məhv etmək üçün üzərində saxladığını bildirmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti 13 iyul 2023-cü il tarixdə saat 05:57-də başlamış və həmin tarixdə saat 06:12-də bitmişdir. (i.v. 28-31) -materialların məhkəmə ekspertizasının 13 iyul 2023-cü il tarixli, 6/3815 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksləri olan, “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,195 qram və 3,267 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ümumi təmiz çəkisi – 6,462 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 6,362 qram. ( i.v. 48-52) - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 14 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 77-78) -Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)- 1068/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 13 iyul 2023-cü il tarixdən hesablanmışdır. (i.v. 114-118) -18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 6,362 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış, DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. (i.v. 120-122) -Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(005)- 1240/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 12 iyul 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 130) -Astara Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 5(018)-141/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair BMCMİ-nin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 12 iyul 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. (i.v. 140-141) - DİN-in BMCMİ-nin vəzifəli şəxsi tərəfindən imzalanmış 17 avqust 2023-cü il tarixli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə əldə etməsi müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. (i.v. 144) - “mobil telefona baxış keçirilməsi” haqqında 21.08.23-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “İphone” markalı mobil telefona baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilməmişdir. (i.v. 144; 148) - “telefon zəngləri üzrə aparılmış danışıqalr barədə məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrə daxil olan və çıxan zənglərə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. (i.v. 147;151) -Ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 iyul 2023-cü il tarixli, 4448 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 158-159) -“Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2023-cü il tarixli 2559/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edildi. (i.v. 163-166) -“Məhkəmə-Tibbi Ekspertiza və X6” X8 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 14 iyul 2023-cü il tarixli 288/MEŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi. (i.v. 167-169) - 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq 6,462 qram çəkidə heroinin əldə edilməsi, saxlanması və qanunsuz olaraq Təqsirləndirilən şəxs satılması faktına görə ayrıca icraat materialı ayrılması qərara alınmışdır. (i.v. 181-182) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs küçədə deyil, yaşadığı evdə saxlanılması, polis şöbəsinə gətirilərkən üzərində hər hansı narkotik vasitə olmaması, polis əməkdaşlarının hədəsi ilə onların verdiyi bükümü cibindən çıxararaq təqdim etməsi barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə əlyazma ilə yazdığı ilkin izahatında, bundan sonra isə şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində saxlanılmazdan bir gün əvvəl yaşadığı Astara raynonu, Ərçivan qəsəbəsi ərazisində yerləşən evinin yaxınlığında yerdə iki bükümdə heroin gördüyünü, həmin maddələrin heç kimin əlinə keçməməsi üçün heroini yerdən götürərək məhv etmək üçün üzərində saxlamaqla daşıdığını bildirərək həmin protokolları imzalamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdən görünür ki, sonuncu üzərində aşkar olunmuş bükülünün heroin olmasını, yerdən tapmasını bildirmiş, hər hansı hala etiraz etməmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin yuxarıda adları qeyd edilən əməkdaşları da ifadəsində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən sonuncu cibindən heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, yerdən tapdığını, hər hansı etirazı olmadığını bildirmiş, Hünər Süleymana qarşı hər hansı fiziki və ya psixi zor tətbiq edilməmişdir. Həmçinin “Ekspert rəyinin şübhəli şəxsə elan edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi ilə birlikdə məhkəmə kimyəvi ekpertizanın 13 iyul 2023-cü il tarixli 6/3815 nömrəli rəyi ilə tanış olarkən üzərindən çıxan narkotik vasitə ilə bağlı hər hansı etiraz etməmişdir. Hazırkı iclasda isə ümumiyyətlə üzərində narkotik vasitə olmadığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətə baxılması üçün hakim qarşısına çıxarılan Təqsirləndirilən şəxs hər hansı hala etiraz etməmiş, hər hansı şikayətini bildirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırkı halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarlayuxarıda sadalanan ekpert rəyi və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin izahatını və ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini (üzərində hər hansı miqdarda narkotik vasitənin olmaması, polis əməkdaşlarının psixi təzyiqi nəticəsində onların verdiyi bükümdə olan heroini təqdim etməsi hissədə) özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təzyiqlərə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata Təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Həmçinin təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı üzərində hər hansı növdə narkotik vasitə olmadığını bildirsə də ibtidai istintaq zamanı verdiyi ifadələrində belə bir hal göstərməmiş, əksinə verdiyi ifadələrinə özünü elan olunmuş ittihamla deyil, CM-in 234.1-1ci maddəsi ilə təqsirli bilmişdir. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz psixi təzyiq nəticəsində əldə edilməsinə dair dəlili əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan ifadələrin cinayətprosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçisinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiyinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onun müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlili – narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə ibtidai istintaq zamanı ifadə verməsi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində narkotik vasitələrin satışı ilə məşğul olmadığını qeyd edərək özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs saxlanılan zaman qüvvədə olan “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq iki ədəd bükümdə təmiz çəkisi 6,462 qram, yəni külli miqdar təşkil edən heroini əldə etmiş, üzərində saxlamışdır. Cinayət işi materiallarında olan “Cinayət işinin başlanması haqqında” 13 iyul 2023-cü il tarixli qərardan (i.v.1) görünür ki cinayət işi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə başlamış və sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 6,462 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncuya Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Halbu ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli 4448 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə hallarının aşkar olunması, - məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2023-cü il tarixli 2559/K nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkoloidin sintetik analoqu olan heroin aşkar edilməsi, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 6,462 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 2 dəfə çox olması, - onun ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, məhv etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutları əldə etmək üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefonlara da baxış keçirməsi nəticəsində hər hansı sübut əldə edilə bilməməsi, - Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumatı daxil olsa da həmin məlumatın sonradan təsdiqini tapmaması barədə BMCMİnin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 və digər polis əməkdaşlarının məhkəmə istintaqı zamanı verdikləri ifadəsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin satış məqsədi ilə saxlamaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili əsaslı hesab edir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrıayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, Şahid1 oğlu, Şahid2 və Şahid3 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, materialların məhkəmə ekspertizasının 13 iyul 2023-cü il tarixli 6/3815 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli 4448 nömrəli rəyi, məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2023-cü il tarixli 2559/K nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-in 128-ci maddəsi ilə təqsirli bilinib 300 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa CM-in 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-in 40.2-ci maddəsi ilə xitam verilmişdir. Yəni Təqsirləndirilən şəxs cinayət törədərkən məhkumluğu olmamışdır. (i.v. 128-129) - Astara RİHB-nın Ərçivan qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs orta təhsillidir, subaydır, qəsəbədə yaşadığı müddətdə ailəsi və qonşuları ilə münasibəti normal olmamışdır, bununla bağlı nümayəndəliyə şifahi məlumatlar daxil olmuşdur. Dəfələrlə inzibati xətalar törətmişdir. (i.v. 134-136) Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 6,462 qram olmasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən halın və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 13 iyul 2023-cü il tarixdən hesablanmalı və Nərimanov Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2023-cü il tarixli 4448 nömrəli rəyi nəzərə alınaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 65 (altımış beş) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-də saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 6,362 qram təşkil edən heroin məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakı məhkəmə tərəfindən müəyyən edilmədi. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan – 13 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altımış beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq DİN-in BMCMİ-nin Maddi sübutların saxlanılması yerində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 6,362 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar