Məhkəmə qərarları › İş №1(099)-207/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-207/2022

05.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-207/2022 05.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1996-cı ildə Astara rayonunun Suparibağ kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Astara şəhəri, Ş.Əliyev küçəsi, ev 8-də qeydiyyatda olmaqla yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda-4,119 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıyarkən daxil olmuş məlumat əsasında 28 oktyabr 2021-ci il tarixdə, saat 16 radələrində Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Astara şəhəri, İstiqlaliyyət küçəsində saxlanılıb polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış zamanı bir ədəd sellofan bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda-4,119 qram narkotik vasitə olan heroin əynindəki idman şalvarının cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, işləmir, anası ilə birlikdə Astara şəhəri, Ş.Əliyev küçəsi, ev 8-də yaşayır. Xeyli müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də heroindən istifadə etmiş, narkomaniya xəstəsidir. Heroini tanımadığı şəxslərdən alıb istifadə etmişdir. Həmçinin xeyli müddət əvvəl Astara şəhərində küçədə piyada hərəkət edərkən avtomobil onu vurduğuna görə travma almış və buna görə də psixi-nevroloji xstəlikdən əziyyət çəkir. Xəstə olduğu üçün mütamadi olaraq heroindən istifadə edir. Əvvələr iki dəfə oğurluğa görə məhkum olunmuş, sonuncu dəfə məhkumluqla bağlı cəzasını 2021-ci ildə çəkib qurtarmışdır. 28 oktyabr 2021-ci il tarixdə, axşam saatlarında iki nəfər polis əməkdaşı onu küçədə tutub rayon polis şöbəsinə (Astara RPŞ-nə) aparmışlar. Polis şöbəsinə aparılmamışdan əvvəl heroin qəbul etdiyi üçün narkotikin təsiri altında olduğundan özündə olmamış, bu vəziyyətdə polislər onu tutub polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən üstündə heroin olmamış, üzərində olan heroini istifadə etdiyindən üstündə heroin qalmamışdır. Polis şöbəsində polis əməkdaşları tərəfindən vəkilin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılması və üzərindən narkotik maddə aşkar edilməsini xatırlamır. Həmin vaxt narkotikin təsiri altında olmuşdur. İzahatını polislər yazmış, özü də imzalamışdır. İzahatında yazılanlardan məlumatı yoxdur. O, heç kimə narkotik maddə satmamış, yalnız özünün şəxsi istifadə üçün heroin əldə edib istifadə etmişdir. Hazırda xatırlayır ki, üzərində axtarış aparılmamışdan bir az əvvəl tanımadığı polis əməkdaşı cibinə heroin qoymuş, bundan sonra üzərində axtarış aparılmış və cibində olan həmin heroin aşkar edilib götürülmüşdür. İstifadə etməsi üçün heroin əldə etməsi və heroindən istifadə etməsinə görə özünü təqsirli bilir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, xeyli müddətdir ki, heroindən istifadə etməyə başlamış, bununla bağlı müalicə alsa da, heroini tərgidə bilməmişdir. 28 oktyabr 2021-ci il tarixdə, saat 16 radələrində Astara şəhər bulvarının qarşısında, Gömrük Postunun nəqliyyat xəttinə gedən yolun kənarında olarkən bir nəfər tanımadığı şəxs ona yaxınlaşıb, söhbət etməyə başlamış, həmin şəxs onunla söhbət edərkən ondan narkotik vasitələrdən istifadə edib-etmədiyini soruşmuş, o da heroin istifadə etdiyini bildirmişdir. Sonra həmin şəxs ona heroin təklif etmiş, o da həmin şəxsə 40 manat verib bir büküm heroin almışdır. Bundan sonra o, Astara şəhərinin mərkəzinə tərəf piyada getməyə başlamış, həmin vaxt iki nəfər polis əməkdaşı onu saxlayıb Astara RPŞ-nə aparmışlar. Polis şöbəsində müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı özü əynindəki idman şalvarının cibindən bir ədəd sellofan bükümdə olan heroin çıxarıb masanın üzərinə qoymuşdur. Şifahi sorğu zamanı o, təqdim etdiyi bükümün içərisində “kakos” adlanan heroin olduğunu, tanımadığı şəxsdən 40 manata aldığını və özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş heroin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür. O, narkotiklərin satışı ilə məşğul olmamış, üzərindən aşkar olunmuş heroini öz istifadəsi üçün əldə etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə üzərində şəxsin axtarışının aparılması ilə bağlı videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməyib əlavə ifadəsində göstərmişdir ki, polislər tərəfindən tutularkən o, istifadə etdiyi narkotikin təsiri altında olmuş, üzərində axtarış zamanı, sonradan isə ifadə verərkən özündə olmamış və nə dediyini xatırlamır. Sonra ifadəsi polis əməkdaşı tərəfindən yazılmış, o da ifadəsini imzalamışdır. Hazırda xatırlayır ki, polis əməkdaşları tərəfindən ona qarşı təzyiqlər olduğu üçün o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş heroin ona məxsus deyil, həmin maddəni cibinə tanımadığı polis əməkdaşı qoymuşdur. İstifadə etməsi üçün heroin əldə etməsi və heroindən istifadə etməsinə görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Astara RPŞnin əməkdaşıdır. Ona 28 oktyabr 2021-ci il tarixdə Astara şəhərində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, istifadəsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanılması üçün əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 16 radələrində Təqsirləndirilən şəxs Astara şəhəri, İstiqlaliyyət küçəsində piyada hərəkətdə olarkən əməliyyat qrupu tərəfindən saxlanılıb qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində saxlaması və istifadəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilib polis şöbəsinə aparılmışdır. Tutulub polis şöbəsinə aparılarkən Təqsirləndirilən şəxsin narkotikin təsiri altında olması hiss olunsa da, o, özünü idarə edə bilmişdir. Polis şöbəsində təhqiqatçı Elnur Məmmədov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarın cibindən bir büküm çıxarıb təqdim edib heroin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini tapdığı və özünün şəxsi istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə elektron tərəzidə çəkildikdən sonra təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermiş, habelə ifadəsində göstərmişdir ki, o, polis əməkdaşı, həm də Astara şəhər sakini kimi Təqsirləndirilən şəxs Astara şəhər sakini, narkoman və tüfeyli həyat tərzi keçirən şəxs kimi tanıyır. Həmçinin tanıdığı müddətdə Təqsirləndirilən şəxs narkotik maddələrin istifadəçisi kimi məlumatlar daxil olsa da, onun narkotik maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. İşdə olan, Astara RPŞ-nin əməkdaşının 28 oktyabr 2021-ci il tarixli “Raport”u ilə müəyyən edilir ki, narkotik vasitə əldə edib saxlamaqda şübhəli olan Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixdə, saat 16 radələrində Astara şəhəri, İstiqlaliyyət küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 30 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə barədə” 28 oktyabr 2021-ci il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Astara RPŞ-nin TB-nin təhqiqatçısı Elnur Məmmədov tərəfindən müdafiəçi Umud Cəfərovun iştirakı ilə və videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir bükümdə heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin heroin olduğunu, yerdən tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 29 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs aşkar olunmuş bir bükümdə kütlə…” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 4,119 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra qalıq heroin 4,069 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Astara Rayon Mərkəzi Xəstəxanası” X9 06 yanvar 2021-ci il tarixli, 17 №-li məktubu ilə müəyyən olunur ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Astara RMX-nın Poliklinika şöbəsinin ruhi-əsəb kabinetində “Yüngül dərəcədə ifadə olunmuş depresiv pozuntu, özünü kəsmələrlə, anemnezində baş-beyin travması” diaqnozu ilə qeydiyyatdadır. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 29 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyac vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 14 yanvar 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Tibbi sənədlərə əsasən anamnezində keçirilmiş depressiv reaksiya qeyd edilmişdir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 27 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağılllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs 27 oktyabr 2021-ci il tarixdən 30 oktyabr 2021-ci il tarixədək olan müddət ərzində narkotik vasitəni aldığı vaxt, üzərində daşıyarkən öz hərəkətlərinə cavab vermək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşdə olan, “Cinayət işinin ayrı icraata ayrılması və icraata qəbul edilmsi haqqında” 16 yanvar 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, narkotik maddənin alınma mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işindən ayrılmışdır. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 16 yanvar 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, ekspertiza tədqiqatından sonra qalıq 4,069 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Astara RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışın aparılmasına dair videoçəkilişin yazıldığı 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, Astara RPŞ-nin 17 noyabr 2021-ci il tarixli məktubu ilə (istintaq orqanının əməliyyat tapşırığına cavab) müəyyən olunur ki, keçirilmiş əməliyyat tədbiri ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik maddə əldə etməsi məlum olsa da, onun əldə etdiyi narkotik vasitəni kimə və ya kimlərə satması, narkotik maddənin əldə etdiyi şxsin kimliyi, habelə əldə etdiyi narkotik maddəni kimlərlə əlbir olub satışını həyata keçirməsini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərində aşkar olunmuş heroinin özünə məxsus olmaması, həmin heroini cibinə tanımadığı polis əməkdaşının qoymasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış barədə protokolla (həmin vaxt üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını, özünün şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni üzərində aşkar olunmuş heroinin özünə məxsus olmaması, həmin heroini cibinə tanımadığı polis əməkdaşının qoyması və bundan sonra üzərində axtarışın aparılmasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə şəxsi axtarış barədə protokol ilə (həmin vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olduğunu göstərmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 4,119 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb üzərində daşıması cinayətini törətmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, 28 oktyabr 2021-ci il tarixdə Astara şəhəri ərazisində istintaqa məlum olmayan mənbədən 01 ədəd bükümdə külli miqdarda-4,119 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 28 oktyabr 2021ci il tarixdə, saat 16:30-da Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri zamanı o, Astara şəhəri, İstiqlaliyyət küçəsində saxlanılaraq Astara rayon Polis Şöbəsinə gətirilmiş və üzərində aparılan şəxsi axtarış zamanı 01 ədəd sellofan bükümdə təmiz çəkisi-4,119 qram narkotik vasitə olan heroin kütləsi onun əynində olan qara rəngli idman şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı verdiyi ifadələrində bildirmişdir ki, o, xeyli müddətdir ki, narkotik vasitə olan heroindən istifadə etməyə başlamış, narkomaniya xəstəsidir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış, üzərində aşkar olunan heroini satmaq məqsədi ilə deyil, özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Habelə, işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmə hesab edir ki, tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs narkotik vasitədən (heroindən) istifadə etməsi və narkomaniya xəstəsi olması tam təsdiq olunur. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. Məhkəmədə şahid kimi ifadə verən polis əməkdaşı da göstərmişlər ki, Təqsirləndirilən şəxs narkotik maddə aşkar olunduqdan sonra o, həmin narkotik maddəni özünün şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmiş, habelə onun kiməsə narkotik vasitə satması barədə məlumat əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 4,119 qram heroin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə olan heroinin miqdarı 4,119 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin külli miqdarda olması onun bu narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi heç bir sübutla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu maddələri satış məqsədi ilə əldə etməsi, habelə onların satışı ilə məşğul olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti, cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qeyd olunan əlamətlərdən bir neçəsinin və ya heç olmasa birinin mövcud olması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (Azərbaycan Respublikası CM-nin 3-cü maddəsi). Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma İlə bağlı hərəkətləri, yəni narkotik vasitəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik maddənin satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə heyəti cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özünə məlum mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 4,119 qram narkotik vasitə olan heroini əldə edib, saxlayıb, üzərində daşıması, 28 oktyabr 2021-ci il tarixdə, saat 16 radələrində Astara RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb üzərində şəxsi axtarış zamanı həmin narkotik vasitənin aşkar edilib götürülməsi onun özünün və şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər təkzibedilməz sübutlarla tam sübuta yetir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə törədilən əməllər az ağır, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Astara Rayon Məhkəməsinin 30 oktyabr 2021-ci il tarixli qərarı ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli cinayət törətməkdə şübhəli şəxs kimi tutulduğu vaxtdan, yəni 28 oktyabr 2021-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə, məhkəmə hökmlərinin surətləri ilə müəyyən olunur ki, Astara Rayon Məhkəməsinin 25 oktyabr 2016-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1000 manat cərimə cəzasına məhkum edilmişdir. Astara Rayon Məhkəməsinin 05 dekabr 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 67.1-ci maddəsi tətbiq edilərək hökmlərin məcmusu ilə qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına və 1000 manat cərimə cəzasına məhkum edilmiş, 24 sentyabr 2020-ci ildə azadlıqdan məhrumetmə cəzasını çəkərək cəzasının sonu ilə azad edilmiş, habelə Astara Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli qərarı ilə 1000 manat cərimə cəzası 360 saat ictimai işlər cəzası ilə əvəz edilmiş, 09 iyun 2021-ci ildə cəzasını tam çəkmiş və icra şöbəsində qeydiyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən (az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir) 25 oktyabr 2016-cı il tarixli və 05 dekabr 2017-ci il tarixli hökmlər üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş, hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməsi cinayətin residivi yaranır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun hazırki əməli cinayətin residivini yaradır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən cinayət törətdiyindən onun bu əməli cinayətin residivi yaratdığından ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. İşdə olan, Astara şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 25 dekabr 2021-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (yaşıdığı ərazi üzrə ondan şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar (Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində göstərilən və başqa) yoxdur. Habelə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayətin residivi olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın onun həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin CM-nin 65.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq cəza ittiham olunduğu maddə üzrə müəyyən edilmiş daha ciddi cəza-azadlıqdan məhrumetmə cəzasının son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyi nəzərə alaraq məhkəmə hesab edir ki, CMnin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalıdır. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Astara RPŞ-nin maddi sübutlar otağında saxlanılan 4,069 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, istintaq hərəkətlərinin aparılması ilə bağlı videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 28 oktyabr 2021-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 4,069 narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübutlar olan və cinayət işinin materiallarına əlavə edilmiş, istintaq hərəkətlərinin aparılması ilə bağlı videoçəkilişin yazıldığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Oruc Cəlilov Hakimlər: Xamməd Nuriyev Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar