Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-207/2023 14.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X8, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2, müdafiəçi- Şirvan Regionaal vəkil bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1982-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şirvan şəhəri, X14 küçəsi, ev 11, mənzil 27-də qeydiyyatda olan və yaşamış, 26 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 28 sentyabr 2022-ci il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-2,380 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etmiş, saxlamış, həmin maddələri 26 sentyabr 2022-ci il tarixdə, saat 22:15 radələrində Şirvan şəhəri, X14 prospektində hərəkət etməklə üzərində daşıyarkən, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli şəxs kimi saxlanılıb Şirvan Şəhər Polis Şöbəsinə gətirilib saat 23:10-dan saat 23:25-dək müddətdə üzərinə videoçəkilişlə keçirilmiş şəxsiaxtarış zamanı əynindəki şalvarının sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda-2,380 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bir müddətdir ki, narkotik vasitə heroindən istifadə etdiyini, polislərin onu axşamtərəfi-hava qaralana yaxın çöldə getdiyi yerdə saxladıqlarını, saxlanılan zaman üzərinə baxış keçirdiklərini, üzərində narkotik vasitə aşkar olunmadığını, üzərindən siqaret və pul çıxdığını, başqa heç nə çıxmadığını, qandalının harada olduğunu soruşduqlarını, təxminən 10 gün olardı kı, barəsində məhkəmə hökmü çıxdığını, saxlanılan zaman orada dükan olduğunu, həmin dükanın kamerası olduğunu, polislər tərəfindən saxlanılan zaman onları heç kim görmədiyini, onu saxlayan polis əməkdaşları təzə olduqlarından onları tanımadığını, Şirvan Şəhər Polis Şöbəsinə gətirdiklərini, polislər tərəfindən üzərinə ikinci dəfə baxış keçiriləndə üzərindən narkotik vasitə aşkar oldunduğunu, üzərindən şəxsi axtarış zamanı aşkar olunan 2-3 qram heroinin siqaret qutusunda olduğunu, onu yerdən tapdığını, üzərindən şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitənin, yəni 2-3 qram heroinin əvəzində polislərin evindən 1 kq narkotik vasitə aşkar olunacağını dediklərini, onu hədələyən polis əməkdaşlarının adlarını bilmədiyini, amma sonuncuları üzdən görsə tanıyacağını bildirmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs bildirdiyi xüsusatları izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində də, tutulanda da qeyd etdiyini, narkotik vasitəni satış niyyəti olmadığını, heç yerdə işləmədiyini, heroini almağa pulu olmadığını, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü istifadəçi kimi təqsirli bildiyini, son vaxtlar xəstə olduğu üçün narkotik vasitədən istifadə etmədiyini, amma əvvəllər istifadə etdiyini, gün ərzində 0,3 qram heroini ineksiya yolu ilə qəbul etdiyini bildirmişdir. Aşkar olunan ziddiyyətlərlə bağlı Təqsirləndirilən şəxs məhkəməyədək icraat mərhələsində vermiş olduğu izahatı və ifadələri məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olundu və müəyyən edildi ki, Təqsirləndirilən şəxs tədqiq olunan həmin izahat və ifadələrində 28 sentyabr 2022-ci il tarixdə ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan edilərkən özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini, narkotik vasitə istifadəçisi olduğunu, 26 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində olduğunu, küçə ilə gedən zaman yerdə 1 ədəd sellofan bükümün olduğunu gördüyünü, həmin büküm diqqətini cəlb etdiyini, bükümü yerdən götürdüyünü, bükümün içərsinə baxan zaman narkotik vasitə olan heroinin olduğunu gördüyünü, narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükümü cibinə istifadə etmək üçün qoyduğunu, həmin bükümdə olan narkotik vasitədən istifadə etmədiyini, xx.xx.2022-ci il tarixdə, saat 22 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində olduğu zaman mülki geyimdə olan polis əməkdaşlarının ona yaxınlaşdığını, ona Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirdiklərini, üzərində narkotik vasitə olması barədə onlarda məlumat olmasını dediklərini, üzərində narkotik vasitə olduğu üçün polis əməkdaşlarından yayınmaq istədiyini, Şirvan ŞPŞ-nin əməkdaşları üzərində şəxsi axtarış keçirtmək istədiklərini bildirdiklərini, həmin vaxt ətrafda insanlar olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etdiyini, polis əməkdaşlarının onu Şirvan şəhər polis şöbəsinə dəvət etdiklərini, etiraz etmədiyini, polis əməkdaşları ilə Şirvan Şəhər Polis Şöbəsinə getdiklərini, polis şöbəsində təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunduğunu, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, bir müddət sonra vəkil X6 gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanıldığını, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoyduğunu, həmin bükümdə narkotik vasitə olan heroinin olduğunu bildirdiyini, sonra üzərinə şəxsi axtarış keçirildiyini, axtarış zamanı üzərindən heç bir qanunsuz əşya və ya predment aşkar olunmadığını, verilən şifahi suallara cavab olaraq təqdim etdiyi 1 ədəd sellofan bükümdə olan narkotik vasitəni Şirvan şəhəri, X14 küçəsindən yerdən tapdığını bildirdiyini, sonra təqdim etdiyi 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinin təhqiqatçı tərəfindən götürülərək qablaşdırıldığını, protokol tərtib olunduğunu, iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etdiyini, üzərindən aşkar olunmuş 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroini istifadə etmək üçün üzərində saxladığını, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, polis şöbəsinə gətirilərkən ona qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında polislər tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə aşkar olunmadığını, üzərindən siqaret və pul çıxdığını, başqa heç nə çıxmadığını, polislər tərəfindən üzərinə ikinci dəfə baxış keçiriləndə üzərindən 2-3 qram heroin aşkar olunduğunu, üzərində şəxsi axtarış zamanı aşkar olunan narkotik vasitənin, yəni 2-3 qram heroinin əvəzində polislərin evindən 1 kq narkotik vasitə aşkar edəcəklərini dedikləri ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 ifadəsində 26 sentyabr 2022-ci il tarixdə Şirvan şəhəri, X14 prospekti, ev 11, mənzil 27-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni daşımaqla saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu, məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərarın icrası ilə əlaqədar Şirvan ŞPŞ-nin MSY-nin, polis nəfəri Şahid2 və təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 ibarət əməliyyat qrupu yaradıldığını, 26 sentyabr 2022-ci il tarixdə əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektinə getdiklərini, 26 sentyabr 2022-ci il tarixdə, saat 22:15 radələrində həmin küçədə Təqsirləndirilən şəxs gördüklərini, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan Şəhər Polis Şöbəsinə dəvət etdiklərini, Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə Təqsirləndirilən şəxs onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istədiyini, buna baxmayaraq Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdiklərini, Təqsirləndirilən şəxs üzərində vəkil Salman Fərəcovun iştirakı ilə video çəkilişlə şəxsi axtarış aparıldığını, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etdiyini, həmin bükümdə narkotik vasitə olan heroinin olmasını bildirdiyini, həmin heroini 26 sentyabr 2022-ci il tarixdə yaşadığı məhlədən tapıb və istifadə etmək üçün üzərində gəzdirdiyini bildirdiyini, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə bir ədəd zərfdə qablaşdırılaraq möhürləndiyini və iştirakçılar tərəfindən imzalandığını, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 şahid Fərman Allahverdiyevin ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə verib, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - 26 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində tərtib edilmiş əməliyyat məlumatının daxil olduğu barədə raport, “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərar, onun icra edilməsinin nəticəsi barədə raport, sonuncunun üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülərdən iş üzrə Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbiri və şəxsi axtarışın keçirilməsi əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir (səh. 3-6, 10, 30-32). - “cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixda saat 22:50-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26-27). - “şəxsi axtarış keçirilməsi və götürmə aparılması haqqında” 26 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür (i.v. 30-32). - məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 18/1072 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «…Təqsirləndirilən şəxs üzərindən…» sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə, təmiz çəkisi 2,380 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı"na daxildir (İ siyahı) ( i.v. 38-40). - “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. ( i.v. 52-53) - Şirvan şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, həbs olunmasının əvvəlinin 26 sentyabr 2022-ci il tarixdən hesablanması göstərilmişdir (i.v. 74-75). -Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan Şəhər Polis Şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə əməliyyat məlumatları və məxfi aqentlərdən əldə olunmuş məlumatlara əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən olunmuşdur (i.v. 93). - ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 dekabr 2022-ci il tarixli, 7714 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 115-116). Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə aşkar olunmadığı, üzərindən siqaret və pul çıxdığı, başqa heç nə çıxmadığı, polislər tərəfindən üzərinə ikinci dəfə baxış keçiriləndə üzərindən narkotik vasitə aşkar oldunduğu, şəxsi axtarış zamanı üzərindən 2-3 qram heroini aşkar olunduğu, üzərindən aşkar olunan narkotik vasitənin, yəni 2-3 qram heroinin əvəzində polislərin evindən 1 kq narkotik vasitə aşkar edəcəklərini dedikləri barədə məhkəmə istintaqı zamanı verdiyi ifadələri obyektiv həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayətə görə məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs tərəfindən qeyd edilən ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin faktiki hallarına uyğun gəlmədiyindən habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri, digər ittiham sənədləri və sübutları ilə tamamilə təkzib edildiyindən, obyektiv həqiqəti özündə əks etdirmədiyindən məhkəmə həmin ifadələri inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirlən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində narkotik vasitəni yerdən tapdığını, şəxsi istifadə etməsi üçün üzərində saxladığını, polis əməkdaşları tərəfindən ona hər hansı fiziki zor, hədə-qorxu tətbiq edilmədiyini bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşları X3 və Şahid2 da ifadələrində bir daha təsdiq etmişlər ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən cibindən heroini çıxarıb təqdim etmiş, şifahi sorğu zamanı narkotik vasitənin ona məxsus olmasını, küçədə yerdən tapdığını bildirmiş, hər hansı etirazı olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri saxlanılarkən polis əməkdaşları tərəfindən hədələndiyi üçün həmin narkotik vasitə barədə etirafedici ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilinarkotik vasitələrin satışı ilə məşğul olmaması, üzərində şəxsi istifadəsi məqsədi ilə heroin saxlaması barədə ifadə verməsi barədə göstərdiyi ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinə dair niyyətinin satış deyil, şəxsən istifadə etmək olması barədə özünü müdafiə etmək üçün dəlil irəli sürmüşdür. Məhkəmə cinayət-prosessual qanunvericiliyin müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində isə satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni küllü miqdarda, həmçinin əldə etmə, saxlama və ya daşımağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin narkotik vasitə hesab edilir. Heroin şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının (qramla) isə aşağı həddi 2,0 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarında göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla, narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ona görə ittiham irəli sürmüşdür ki, o, satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd bükümdə külli miqdarda-2,380 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə etmiş, üzərində saxlamış və daşımışdır. Cinayət işi materiallarında olan “şübhəli şəxs qismində tutma haqqında” 26 sentyabr 2022-ci il tarixli qərardan (i.v. 12) görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinə görə şübhəli şəxs qismində tutulduqdan 1 (bir) gün sonra, yəni “Cinayət işinin başlanması haqqında” 27 sentyabr 2022-ci il tarixli qərarla (i.v. 1) material üzrə Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə cinayət işi başlanmış, istintaq orqanı sonuncunun üzərindən aşkar edilmiş heroinə münasibətdə satış məqsədinin olması barədə hər hansı sübut növü əldə etmədən, qəbul etdiyi “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 27 sentyabr 2022-ci il tarixli qərarla (i.v. 50) yalnız Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,380 qram olmaqla, külli miqdarının ən aşağı həddi olan 2,0 qramdan çox olmasına istinad etməklə sonuncunun törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə tövsif etmiş və həmin maddə ilə ona ittiham elan etmişdir. Halbu ki, Təqsirləndirilən şəxs hər hansı şəxsə narkotik vasitə satması hər hansı halla təsdiq olunmamış, həmçinin istifadəsində olan telefon nömrələri ilə aparılmış danışıqlar və ötürülmüş məlumatlar ələ keçirilsə də narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı möhtəbər və obyektiv həqiqəti özündə əks etdirən ittiham sübutları əldə edilməmişdir. Məhkəmə hesab edir ki, göstərilən hallar ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsassız olmasının ilkin əlamətləridir. Məhkəmə qeyd edilən cinayət-prosessual qanunvericiliyin müddəaları və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanaraq belə qənaətə gəlir ki,: - həm ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs qarşı irəli sürdüyü ittihamın əsassız olmasına işarə edən, yuxarıda göstərilmiş ilkin əlamətlər, həm də, - ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 dekabr 2022-ci il tarixli, 7714 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunması, narkomaniyadan məcburi müalicəyə ehtiyacı olması, ərazi narkoloji dispanserində qeydiyyata alınmasının məsləhət görülməsi, - Təqsirləndirilən şəxs “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X15 poliklinika şöbəsinin narkoloji kabinetində “Narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatda olması, - onun üzərindən aşkar edilmiş heroinin bir ədəd bükümdə, təmiz çəkisi 2,380 qram, yəni külli miqdarının aşağı həddindən yalnız 0,380 qram çox olması, - onun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi bütün ifadələrində üzərindən aşkar edilmiş heroinin satış deyil, şəxsən istifadə etmək məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını göstərməsi, - ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əvvəllər psixotrop maddələr və ya narkotik vasitələrin satışı ilə məşğul olması, üzərindən aşkar edilmiş heroinə münasibətdə başqa istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi və ya satış niyyətində olmasına dair hər hansı mötəbər məlumat (məsələn, istifadəsində olmuş mobil nömrəyə dair telefon danışıqları haqqında), heroinin hazırlanması və çəkilib xırda bükümlərə bölünməsi üçün hər hansı avadanlıq (məsələn, elektron tərəzi) və ya digər sübut növü aşkar edə bilməməsi, müvafiq sübutların olub-olmadığını yoxlamaq üçün Təqsirləndirilən şəxs yaşadığı evə və istifadəsində olmuş mobil telefona baxış keçirməməsi, - göstərilən halların ümumi məcmusunun sonuncunun üzərindən aşkar edilmiş heroini əldə etməsi, üzərində saxlamasından ibarət hərəkətləri həmin heroindən şəxsən istifadə etmək niyyəti ilə etməsi anlamını verməsi və ya buna əsaslı şübhə yaratması, ittiham tərəfinin bu şübhəni digər sübut növü ilə aradan qaldıra bilməməsi, həmin kütləyə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə əsas verməməsi, buna görə də Təqsirləndirilən şəxs xeyrinə təfsir edilməli olması iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi, həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməli olduğu barədə nəticəyə gəlməyə tam əsas verir. Dövlət ittihamçısı2 da Təqsirləndirilən şəxs iş üzrə törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinə düzgün tövsif edilmədiyi bildirmiş və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Məhkəmə göstərilənlərə əsasən ibtidai istintaq orqanı tərəfinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin tövsifi ilə bağlı irəli sürdüyü dəlilləri əsassız, sonuncunun məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərindən aşkar edilmiş heroinin şəxsi istifadə məqsədi ilə əldə etməsi, üzərində saxlaması, həmin kütləyə dair satış niyyətinin olmaması barədə irəli sürdüyü dəlili isə əsaslı və işin faktiki halları ilə uzlaşan obyektiv nəticə hesab edir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normaları, hüquqi mövqeləri və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və obyektiv nəticəni özündə ehtiva edən mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini anlaqlı vəziyyətdə törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, X3 və Şahid2 şahid qismində verdiyi ifadələri, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə protokol və ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, məhkəmə fiziki-kimyəvi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli 18/1072 nömrəli, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 19 dekabr 2022-ci il tarixli, 7714 nömrəli rəyləri, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroinin qalığı, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - Şirvan şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur (i.v. 111-114). - Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 30 dekabr 2022-ci il tarixli, 243102/10-7 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı hökmü 12 oktyabr 2022-ci il tarixdə Şirvan şəhəri İcra və Probasiya şöbəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs 28 sentyabr 2022-ci il tarixdə (höküm icraya daxil olmamış) Şirvan şəhər Məhkəməsinin 4(032)-296/2022 saylı, 28 sentyabr 2022-ci il tarixli qərarı ilə 04 ay müddətində həbs edildiyi üçün azadlığın məhdudlaşdırılması cəzasının icrası mümkün olmamışdır (i.v. 108). - Şirvan ŞİHB-nın 1 nömrəli sahə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə, nikah və doğum haqqında şəhadətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində iki nəfər azyaşlı uşağı vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir (i.v. 88- 89). Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq, onun törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və törədilməsi hallarını, məhkumluğunun olmasını, üzərindən aşkar edilmiş heroinin təmiz çəkisinin 2,380 qram olmasını, himayəsində iki nəfər azyaşlı uşağının olmasından (Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən) ibarət cəzasını yüngülləşdirən hal olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara əsasən Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün həmin Məcəllənin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının orta həddə təyin edilməsi zəruridir. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla Təqsirləndirilən şəxs çəkilməmiş qalan 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə birləşdirilərək ona hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbiri seçildiyi üçün tutulduğu 26 sentyabr 2022-ci il tarixdən hesablanmalı və Şirvan şəhər Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, onun “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X15 poliklinika şöbəsinin narkoloji kabinetində “Narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-in 197.1.4 və 198.1-ci maddələrinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,330 qram təşkil edən heroin məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 93.1.2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M . E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Şirvan şəhər Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən həmin cəzanın 2 günü azadlıqdan məhrum etmə cəzasının 1 gününə bərabər tutulmaqla 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı tutulduğu 26 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və onun “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X15 poliklinika şöbəsinin narkoloji kabinetində “Narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik məbləğində pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan Şəhər Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2,330 qram təşkil edən heroin məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-207/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-207/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver