Məhkəmə qərarları › İş №1(099)-208/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-208/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-208/2025 25.02.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Astara rayonu, Sım kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, Astara rayonu, Sım kəndində qeydiyyatda olmaqla, həbs olunanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda 5,922 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 23 sentyabr 2024-cü il tarixdə, saat 15:22-də Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri zamanı Astara rayonu, Sım kəndində piyada hərəkətdə olan zaman saxlanılaraq üzərində aparılan yoxlama zamanı 01 ədəd bükümdə təmiz çəkisi 5,922 qram olan narkotik vasitə heroin onun əynində olan göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, 22 sentyabr 2024-cü ildə Sım kəndində çayda balıq tutmağa getmişdir. Balıq tutduğu yerdə görmüş ki, çayın kənarında yeyibiçmək olmuş, kəndləri turistik olduğundan ora qonaqlar gəlib-getmişdir. Orada kimlərsə yeyib-içmək etmişlər, qalıqları da orada qalmışdır. Həmin yerdə isə daşın üstündə bir bağlama görmüşdür, yanında da tərəzi. Bir büküm narkotik imiş. Həmin vaxt narkotiki tanımamış, sonradan heroin olduğunu bilmişdir. Əvvəllər də marixuanadan istifadə etmiş, bir ay olarmış ki, heroindən istifadə edirmiş. Bükümü götürmüş ki, özü istifadə edər. Onun sabahısı isə polislər saxlamış, həmin vaxt narkotik üstündə olmuşdur. Tərəzini isə tapdığı gün yol kənarına qoymuş, sabahısı 23 sentyabr başqa kəndə gedəndə ordan götürüb üstündə saxlamışdır. Tutulanda da tərəzi üstündə olmuşdur. Əməlindən peşmandır, səhv eləyib, himayəsində dörd uşağı var, kariyerlərdə fəhlə işləyib ailəsini dolandırır. 2007-ci ildən bəri kariyerlərdə fəhlə işləmişdir. Ona qarşı heç bir təsir və ya təzyiq edilməyib, əməlindən çox peşmandır. Səhvini başa düşür, şeytana aldanmışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 23 sentyabr 2024-cü il tarixdə ona Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında o, Şahid2 və X2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs videoçəkiliş aparılmaqla Astara rayonu, Sım kəndində tərəflərindən saxlanılmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən bir ədəd elektron tərəzi və narkotik maddə olan heroinə bənzər kütlə aşkar olunaraq qablaşdırılmışdır. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs narkotik maddənin tapdığını bildirmişdir. Bundan sonra Astara Rayon Polis Şöbəsinin xidməti otağında aşkar olunmuş predmetlərə baxış keçirilmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Astara RPŞ-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2024-cü il tarixli “Raport”u ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə icraatına əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yerində yoxlanılması üçün əməliyyat qrupunun yaradılmasına göstəriş verilməsini xahiş etmişdir. (c İ, i.v 4) İşdə olan, «əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərarın məzmunundan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Astara RPŞ-nin CAB-nin rəis VMİE, polis baş leytenantı Elmir Məstiyev tərəfindən qərar qəbul olunmuşdur. (c İ, i.v 6-7) İşdə olan, xx.xx.2024-cü il tarixli əməliyyat-axtarış tədbrinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında protokoldan və video-çəkilişdən görünür ki, 23 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması məqsədilə əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul olunmuş, Təqsirləndirilən şəxs saxlanılaraq üzəri yoxlanılan zaman 01 ədəd bükümdə narkotik vasitə olan heroin aşkar olunaraq müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. (c İ, i.v 11-13) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:22-dən hüquqları məhdudlaşdırılmış hesab edilməlidir. (c İ, i.v 16) İşdə olan, xx.xx.2024-cü il tarixli əməliyyat- axtarış tədbirin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə heroinə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs bir daha həmin kütlənin ona məxsus olmasını təsdiq etmişdir. (c İ, i.v 32-34) İşdə olan, materialların məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 19/672 №-li rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən....” sözlər və imzalar olan bir ədəd zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 5,922 qram olan qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmadı. Rəyin qeyd hissəsindən isə görünür ki, heroinin ümumi təmiz çəkisi 5,922 qramdır, cəmi tədqiqata 0,1 qram sərf edilmiş və 5,822 qram heroin qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 60 manat təşkil edir. (c İ, i.v 39-42) İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(018)- 66/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 23 sentyabr 2024-cü ildən hesablanmışdır. (c İ, i.v 77-83) İşdə olan, xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxsdən aşkar olunaraq götürülmüş 5,922 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut hesab edilmiş, heroinin 0,1 qramının tədqiqata zərf edilməsi nəzərə alınmaqla qalıq çəkisi 5,822 qram qalmış narkotik vasitə heroin 01 ədəd elektron tərəzi ilə birlikdə saxlanılmasından ötrü Astara RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. (c İ, i.v 90-91) İş materiallarında olan Astara Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 5(018)- 191/2024 saylı qərarından görünür ki, 23 sentyabr 2024-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qanuna uyğun hesab edilmişdir. (c İ, i.v 96-97) İşdə olan, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 331 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. (c İ, i.v 106-107) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının 26.09 2024-cü il tarixli, 724 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (c İ, i.v 109) İşdə olan, xx.xx.2024-cü il tarixli Astara RİHB-nın Pəlikəş kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı, 2010, 2012, 2018 və 2019-cu il təvəllüdlü uşaqlarından ibarətdir, barəsində nümayəndəliyə hal-hazıradək heç bir şifahi və yazılı müraciət daxil olmamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c İ, i.v 116-117) İşdə olan, xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (c İ, i.v 118) İşdə olan, xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif olunması haqqında qərardan görünür ki, əməliyyat-axtarış tədbiri nəticəsində təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçirilməsi, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və onun təqsirləndirilən şəxs qismində dindirilməsini özündə əks etdirən ümumilikdə 03 ədəd DVD disk maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmışdır. (c İ, i.v 135-141) İşdə olan, 26 dekabr 2024-cü il tarixli cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi materiallarının ayrıca icraata ayrılması və ********* nömrə altında ibtidai istintaqın davam etdirilməsi qərara alınmışdır. (c İ, i.v 143) Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşıması iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edilən özünün səmimi etirafı ilə mübahisəsiz qaydada sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla bağlı həmçinin aşağıdakıları qeyd edir ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 83-cü sətrinə əsasən heroin narkotik vasitə hesab edilir, həmin maddənin xeyli miqdarının yuxarı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 800 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, ilk dəfə cinayət əməli törətməsi, əməlini etiraf edib səmimi peşman olması və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halın olmamasını, əməlinə tənqidi münasibətini, səmimi peşmançılıq hisslərini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 724 saylı rəyini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5,822 qram narkotik vasitə heroin məhv edilməli, əməliyyat-axtarış tədbiri nəticəsində təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçirilməsi, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və onun təqsirləndirilən şəxs qismində dindirilməsini özündə əks etdirən ümumilikdə 03 (üç) ədəd ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs alınaraq, “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 23 sentyabr 2024cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Astara Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq 5,822 qram narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə olunmuş, əməliyyataxtarış tədbiri nəticəsində təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş əşyaya baxış keçirilməsi, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və onun təqsirləndirilən şəxs qismində dindirilməsini özündə əks etdirən ümumilikdə 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar