Məhkəmə qərarları › İş №1(099)-209/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-209/2022

10.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-209/2022 10.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru vəzifəsini icra edən, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1976-cı ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ailəli, ünvan 1-də qeydiyyatda olan və yaşayan, iş üzrə 26 noyabr 2021-ci il tarixdən həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasındabaxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs İran İslam Respublikasında olan digər şəxslə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanılması, daşınması, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli-yəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satılmaqla realizə edilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, aralarındakı razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq İran İslam Respublikasında olan şəxs Təqsirləndirilən şəxs sifariş etdiyi külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə hesab olunan metamfetamini Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirib, Ələt- Astara avtomobil yolunun 127-ci kilometrliyində, Masallı rayonu Çaxırlı kəndi ərazisindən keçən hissədə yol nişanın yanında gizlədərək bu barədə ona məlumat verdikdən sonra Rafiq Kərimov həmin yerə gedərək oradan külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə hesab edilən metamfetamini götürməklə satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən, istifadə olunmayan köhnə tikiliyə aparıb orada satış məqsədi ilə hazırlayıb hissələrə bölərək narkotik vasitə və psixotrop maddənin bir hissəsini həmin tikilidə gizlətmiş, bir hissəsini isə üzərində saxlamaqla daşımışdır. Onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqla cinayət törətməsi barədə məlumat almış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklə Mübarizə İdarəsinin X2 Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 26 noyabr 2021-ci il tarixdə saat 07:30 radələrində yaşadığı Masallı şəhəri Seybətin küçəsində saxlanılaraq üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd bükümdə 4,006 qram tiryəkdən kustar üsulla hazırlanmış, külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüş, əməliyyataxtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 12 radələrində Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən istifadə olunmayan tikiliyə baxış keçirilərkən oradan külli miqdarda, yəni 2 ədəd bükümdə ayrı-ayrılıqda 580 qram və 455 qram-ümumilikdə 1035 qram biri-ibiri ilə, həmçinin üzərindən aşkar edilərək götürülmüş 4,006 qram narkotik vasitə heroinlə eyni tərkibli olan, tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 ədəd bükümdə 29,062 qram psixotrop maddə metamfetamin, eləcə də 1 ədəd elektron tərəzi aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə təqsirləndirilən şəxs kimi dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 32,5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü narkotik vasitə istifadəçisidir. Əvvəllər narkotik vasitələrə görə azadlıqdan məhrum edilmişdir. 22 oktyabr 2020-ci il tarixdə həbs yerindən azad olunmuş və Masallı şəhərində yerləşən evində yaşamağa başlamışdır. Bu müddətdə müxtəlif yerlərdən narkotik vasitə heroin əldə edərək istifadə etmişdir. Lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. İran İslam Respublikasında olan hər hansı şəxslə narkotik vasitə heroinin və psixotrop maddə olan matemfetaminin əldə edilməsi və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə söhbəti olmamışdır. 26 noyabr 2021-ci il tarixdə evində olmaqla oğlunun toy məclisinə hazırlıqla məşğul olduğu halda Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin əməkdaşları yaşadığı evə gələrək onu özləri ilə şöbəyə aparmışlar. Həmin vaxt onun üzərində bir bükümdə az miqdarda öz istifadəsi üçün heroin olmuşdur. Lakin onun üzərində şəxsi axtarış aparılarkən polis əməkdaşları narkotik vasitənin üzərinə əlavə edərək 4 qramdan da çox artırmışlar. Polis işçiləri onu döyərək Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən, istifadəsiz tikilidə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoymuş və videoçəkiliş zamanı həmin maddələri qoyulduğu yerdən götürüb, özünə məxsus olduğunu, İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirilməsini etiraf etməsini tələb etmişlər. Əks halda ailə üzvlərini polis şöbəsinə gətirməklə hədələmişlər. O da vəkilin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə qeyd olunan tikiliyə baxış keçirilərkən məcburiyyət qarşısında həmin tikilidə gizlədilmiş, bükümlərdə olan heroini və metamfetamini çıxarıb təqdim edərək özünə məxsus olduğunu və İran İslam Respublikasından onun sifarişi ilə qaçaqmalçılıq yolu ilə gətirildiyini bildirmişdir. Həmin maddələr ona məxsus olmamışlar. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində özünü elan olunmuş ittihamda qismən təqsirli bilərək göstərmişdir ki, təxminən 2010-cu ildən etibarən narkotik vasitələri qəbul etmiş və əvvəllər narkotik vasitələrlə bağlı dəfələrlə həbs olunmuşdur. 2020-ci ildə həbsdə olduğu zaman həbsxanada cəza çəkən Bəhruz adlı məhkum ilə tanış olmuş və sonralar Bəhruz ilə aralarında səmimi münasibət yaranmışdır. O, söhbət əsnasında Bəhruza özünə münasib bildiyi, narkotik vasitələrin satışı ilə məşğul olan İran İslam Respublikası vətəndaşı ilə onu tanış etməsini və həmin şəxsin də həbs yerindən azad olunduqdan sonra ona narkotik vasitələri əldə etməkdə kömək göstərməsini xahiş etmişdir. Bəhruz onunla razılaşaraq Qasım adlı İran İslam Respublikası vətəndaşının hal-hazırda xatırlamadığı mobil nömrəsini verib həmin şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu və narkotik vasitələri əldə etməkdə ona kömək edə biləcəyini demişdir. O, Qasım adlı şəxsin mobil nömrəsini Bəhruzdan almış və özündə saxlamışdır. O, 22 oktyabr 2020-ci il tarixdə həbs yerindən azad olunmuş və Masallı şəhərinə gələrək orada yaşamağa başlamışdır. 2021-ci ilin iyulavqust aylarında Qasım adlı İran İslam Respublikası vətəndaşı ilə mobil telefonundakı “whatsap” ani mesajlaşma xidməti vasitəsi ilə əlaqə saxlamış və narkotik vasitə əldə etməkdə köməklik etməsini Qasım adlı şəxsdən xahiş etmişdir. Qasım adlı şəxs də ona hal-hazırda nömrəsini xatırlamadığı plastik kartın şəklini ataraq narkotik vasitəni satdıqdan sonra həmin kartda qeyd olunan hesab nömrəsinə lazımi məbləğdə pul köçürməli olduğunu bildirmiş və o da Qasım adlı şəxsin bu təklifii ilə razılaşdıqdan sonra ona narkotik vasitə heroin və psixotrop maddə metamfetamin göndərməsini xahiş etmişdir. 2021-ci ilin noyabr ayının əvvəlində, yəni dəqiq xatırlamadığı tarixdə Qasım adlı şəxs onunla əlaqə saxlayaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin Ələt-Astara avtomobil yolunun Masallı rayonu ərazisindən keçən hissəsindəki 127-ci kilometrliyində yerləşən lövhəciyin yaxınlığında qoydurduğunu bildirdikdən sonra o, dərhal qeyd olunan yerə gedərək narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin həmin nişanının yanında olduğunu görmüşdür. O, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürüb üzərində gizlətdikdən sonra Masallı rayonu Təzəkənd kəndi ərazisinə getmiş, orada əvvəllər gördüyü avtomobil yolunun kənarında yerləşən, istifadə olunmayan tikiliyə daxil olaraq narkotik vasitə heroin və psixotrop maddə metamfetamini betonun altında gizlətmiş və yaşadığı evə gəlmişdir. Sonrakı günlərdə saxlanc yerinə gedərək hissə-hissə həmin narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən şəxsi istifadəsi üçün istifadə etməyə başlamış və sonuncu dəfə isə saxlanc yerində gizlətdiyi narkotik vasitə heroinin bir qismindən götürüb üzərində gizlətmişdir. 26 noyabr 2021-ci il tarixdə saat 07:30 radələrində yaşadığı evdən çıxıb Seybətin küçəsində piyada hərəkət etməyə başlamış və bu vaxt polis əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qəbulunda və satışında şübhəli olduğumu demiş və onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbənin inzibati binasına aparmışlar. Orada şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə və video çəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlamazdan əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi təklif etmiş və o da əynindəki qara rəngli idman şalvarın sağ yan cibində gizlətdiyi 1 ədəd selofana bükülmüş, içərisində narkotik vasitə heroin olan bükümü təqdim etmişdir. O, bükümdə heroin olduğunu, bükümü Qasım adlı İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirmişdir. Onun təqdim etdiyi büküm açıldıqda içərsində narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuş və sonra həmin büküm yanında elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 4,30 qram olduğu müəyyən edilmişdir. Həmin maddə götürülmüşdür. Üzərində başqa qanunsuz əşya aşkar olunmamışdır. O, Qasım adlı İran İslam Respublikası vətəndaşının göndərdiyi narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Ələt- Astara şose yolunun Masallı rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində, avtomobil yolunun kənarında olan, istifadəsiz tikilidə gizlətdiyini demiş və daha sonra ərizə ilə müraciət edərək həmin yerə baxış keçirilməsinə etirazının olmadığını göstərmişdir. Bundan sonra o, polis əməkdaşları və müdafiəçi ilə birlikdə həmin yerə getmişlər. Orada daxmada betonun altında gizlətdiyi, şəffaf sellofan torbanın içərisində olan düyü torbasını təqdim etmişdir. Təqdim etdiyi torbaya baxış zamanı içərisində 2 ədəd bükümdə narkotik vasitə heroin, 1 ədəd bükümdə psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və o da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs cinayət əməli onun özünün ifadəsindən əlavə məhkəmə istintaqında dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Baş Narkotiklə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməliyyat müvəkkili işləyir. 26 noyabr 2021-ci il tarixdə daxil olmuş əməliyyat məlumatında ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə əldə etməsi, saxlaması, daşıması və satışında şübhəli olması göstərilmişdir. Bununla bağlı əməliyyat-axtarış tədbiri həyata keçirilməklə 26 noyabr 2021-ci il tarixdə saat 07:30 radələrində şöbənin əməkdaşları Şahid2 və Şahid3 ilə birlikdə Masallı şəhəri Seybətin küçəsində piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlamış, ona narkotik vasitələrin qəbulunda və satışında şübhəli olduğunu bildirib üzərində şəxsi axtarış keçirilməsindən ötrü BNMİ-nin CBRŞ-nin yerləşdiyi inzibati binaya dəvət edilmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmasından əvvəl qadağan edilmiş hər hansı bir maddə və ya predmet varsa, könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan idman şalvarının sağ yan cibindən bir ədəd selofan bükümü çıxarıb təqdim edərək masanın üzərinə qoymuş, bükümün içərisində heroin olduğunu, həmin heroini özü qəbul etmək üçün üzərində saxladığını, heç kimə satmadığını, həbsdə olduğu zaman tanış olduğu və hal-hazırda həbs yerində cəza çəkən Bəhruz adlı şəxsin vasitəsi ilə təxminən üç-dörd ay əvvəl tanıdığı Qasım adlı İran İslam Respublikası vətəndaşının həmin narkotik vasitə heroini tutulmasından iyirmi gün əvvəl Ələt-Astara avtomobil yolunun 127-ci kilometrliyində yerləşən lövhəciyin yanında qoydurduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin narkotik vasitə və psixotrop maddəni Masallı rayonu ərazisində avtomobil yolunun kənarında istifadəsiz tikilidə gizlətdiyini, qorxduğu üçün yaşadığı evə aparmadığını, əgər tutulmasaydı, narkotik vasitələri satdıqdan sonra pulunu Qasım adlı İran İslam Respublikası vətəndaşına göndərəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış zamanı içərisində narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş və həmin kütlə götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkilmiş və çəkisi 4 qramdan çox olmuşdur. Həmin maddə qablaşdırılaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən, istifadə olunmayan tikilidə heroin və metamfetamin gizlətdiyini və onları təqdim etmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxsla birlikdə həmin yerə getmişlər. Təqsirləndirilən şəxs tikilinin məftillə bağlanmış dəmir qapısını açaraq içəri daxil olaraq betonun alt hissəsindən bir ədəd sellofan torbanda üzərində “Besta” yazısı olan torbanı çıxararaq təqdim etmiş və bundan sonra həmin torbanın içərisinə baxış keçirilməyə başlanmışdır. Baxış zamanı həmin torbanın içərisində iki ədəd sellofan bükümdə heroinə bənzər kütlə, bir ədəd sellofan bükümdə metamfetaminə bənzər kütlə və bir ədəd elektron tərəzi aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini tutulmasından iyirmi gün əvvəl orada gizlətdiyini, həmin narkotik vasitə və psixotrop maddədən götürdüyünü, lakin heç kimə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddələr və elektron tərəzi qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilən Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. 26 noyabr 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması barədə protokolundan və videogörüntülərdən görünür ki, Rafiq Kərimovun üzərindən 4,006 qram narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Baxış keçirmə və götürmə aparılması barədə 26 noyabr 2021-ci il tarixli protokolundan və videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs özü sərbəst olaraq, müdafiəçisinin iştirakı ilə Masallı rayonu Təzəkənd kəndi ərazisində yerləşən, istifadəsiz tikilinin olduğu yerə gedərək tikilinin məftillə bağlanmış dəmir qapısını açaraq, oraya daxil olur, betonun altında gizlətdiyi, içərisində heroin, metamfetamin və elektron tərəzisi olan tarbanı çıxarıb təqdim edir. Onun təqdim etdiyi torbada olan iki ədəd bükümlərdə 1035,0 qram narkotik vasitə heroinə bənzər maddə, 1 ədəd bükümdə 29,062 qram psixotrop maddə metamfetamə bənzər maddə aşkar olunaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 26 noyabr 2021-ci il tarixli, 19/1181 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş 01 ədəd bükümdə təmiz çəkisi 4,006 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs Masallı rayon ərazisində təqdim etdiyi iki ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 580,0 qram və 455,0 qram- ümumi təmiz çəkisi 1035,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, 01 ədəd bükümdə təmiz çəkisi 29,062 qram olan ağ rəngli, kristal formada olan maddə metamfetamindir və 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş heroinlərlə müqayisəli tədqiqat (eynilik) aparmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən götürülmüş və Masallı rayonu ərazisində təqdim etdiyi heroinlər xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 29 noyabr 2021-ci il tarixli, 1272 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən suiistifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan tələbnamədən və məhkəmə hökmünün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs - Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.3cü maddəsi ilə təqsirli bilinməklə ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2018-ci ildə cəzanın sonu ilə azad edilmişdir. Masallı Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təsirli bilinərək 11 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində azyaşlı uşaq yoxdur. Təqsirləndirilən şəxs yaşayış yerindən verilmiş xasiyyətnamədə mənfi xarakterizə olunur. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikasında olan digər şəxslə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin əldə edilməsi, qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçiriləcək həmin maddələri qəbul etməklə realizə olunmasını əvvəlcədən vəd etməklə bu barədə razılaşması, qaçaqmalçılıq yolu ilə keçirilmiş həmin maddələri Azərbaycan Respublikası ərazisində qəbul edərək əldə edib, daşımaqla saxlaması, əmlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara və işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində az miqdarda öz istifadəsi üçün saxladığı heroin olması, polis əməkdaşları tərəfindən döyülməsi, İran İslam Respublikasından heroin və metamfetamin gətirilməsini sifariş etməməsi, Masallı rayonu Təzəkənd kəndi ərazisindəki tikilidə gizlədilmiş heroinin və metamfetaminin ona məxsus olmaması, həmin maddələrin oraya polis əməkdaşları tərfindən qoyulması və videoçəkiliş aparılmaqla baxış keçirilərkən polis əməkdaşlarının təzyiqi ilə heroini və metamfetamini daxmadakı betonun altından çıxarmaqla özünə məxsusluğunu, İrandan ona göndərilməsini bildirməsi barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdiyi ilkin ifadələrini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə hesab etməklə sübut kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və Masallı rayonu Təzəkənd kəndi ərazisindəki tikilidə gizlətdiyi heroini və metamfetamini təqdim edərkən aparılmış videoçəkilişdən görünür ki, o, müdafiəçisinin iştirakı ilə həmin maddələri sərbəst şəkildə təqdim edir. Həmçinin işdə olan məhkəmə-tibb eksperi rəyindən görünür ki, Təqsirləndirilən şəxs tutulmasından bir gün sonra şikayəti əsasında tibbi müayinədən keçirilmiş, yalnız bilək nahiyəsində qandalın sürtməsi nəticəsində yaranmış sıyrıq aşkar edilmiş, başqa xəsarət aşkar edilməmişdir. Həiçinin məhkəmə-tibb ekspertinin rəyində qeyd edilmiş obyektiv məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı polis əməkdaşları tərəfindən döyülmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin qaçaqmalçılıq cinayətinə münasibətdə Təqsirləndirilən şəxs narkotik vasitənin və psixotrop maddənin qaçaqmalçılıq yolu ilə keçirilməsində şəxsən birgə icraçı kimi, qrup halında iştirak etmədiyindən, həmin maddələri Azərbaycan Respublikası ərazisində qəbul etməyi əvvəlcədən vəd etməklə qaçaqmalçılıq cinayətində köməkçi kimi iştirak etdiyindən onun əməli CM-nin 32.5, 206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları müəyyən etmədi, əməlində cinayətlərin təhlükəli residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs təyin edilən azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyən edərkən onun əməlində cinayətlərin təhlükəli residivinin olmasını nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbini nəzərə alır. Belə ki, cinayətlərin təhlükəli residivinə görə təyin edilən cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Beləliklə, CM-nin 32.5,206.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi il müəyyən edildiyindən Təqsirləndirilən şəxs həmin maddə ilə təyin edilən azadlıqdan məhrum etmə cəzasının aşağı həddi yeddi ilin üçdə ikisindən, yəni dörd il səkkiz aydan az ola bilməz. CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki il müəyyən edildiyindən həmin maddələrlə təyin edilən azadlıqdan məhrum etmə cəzasının aşağı həddi on iki ilin üçdə ikisindən, yəni səkkiz ildən az ola bilməz. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxs Rafiq Kərimova CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tədiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı rayon polis şöbəsində saxlanılan 1038,856 qram narkotik vasitə heroin, 26,012 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və baxış keçirilməsi zamanı videoçəkilişi özündə əks etdirən iki ədəd videodisklər cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin. Ona CM-nin 32.5,206.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsində saxlanılan 1038,856 qram narkotik vasitə heroin, 26,012 qram psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması və baxış keçirilməsi zamanı videoçəkilişi özündə əks etdirən iki ədəd videodisklər cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar