Məhkəmə qərarları › İş №1(099)-209/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-209/2023

06.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-209/2023 06.02.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şirvan şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı2h Balabəy oğlu, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 2003-cü ildə Ucar rayonu, Bərgüşad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Laçın rayonu, Əhmədli kəndində qeydiyyatda olan, faktiki Ağcabədi rayonu Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivi, Əhmədli obasında yaşamış, 02 noyabr 2022-ci il tarixdən barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan sağ qulaq seyvanının travmatik amputasiyası (ayrılması) xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Belə ki, o, 14 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində Ağcabədi rayonu Taxtakörpü ərazisi, Laçın obaları yaşayış massivinin Ağcakənd obasında yerləşən otlaq sahədən çobanlıq etdiyi həmkəndlisi Şahid3 məxsus heyvanları yaşadığı obaya apararkən, yol üzərində yerləşən kiçik körpünün yaxınlığında öz heyvanlarını saymaqla məşğul olan Zərərçəkmiş şəxs ilə rastlaşıb heyvanların bir-birinə qarışmaması üçün müxtəlif səslər çıxardaraq heyvanlarını kənarda dayandırmaqla bağlı etdiyi hərəkətlər Zərərçəkmiş şəxs heyvanlarını ürkütdüyündən və sonuncunun heyvan saymasına mane olduğundan Zərərçəkmiş şəxs bu barədə öz iradlarını bildirdikdə sonuncu ilə mübahisə etmiş, daha sonra isə yollarına davam edərək heyvanlarını Zərərçəkmiş şəxs evinin yanından keçirərkən Zərərçəkmiş şəxsla təkrarən rastlaşarkən həmin mübahisə ilə əlaqədar sonuncudan qisasını almaq məqsədi ilə evin qarşısında yenidən mübahisə edib dalaşmış və bu zaman Zərərçəkmiş şəxs yaxasından dartıb yerə yıxaraq qarşılıqlı yaxalaşarkən, sonuncunun özünü müdafiə etmək məqsədi ilə əllərindən tutub özünə sıxdığından hər hansı formada zərbə vura bilmədiyini görüb sonuncunun sağ qulağını qəsdən dişləyərək hissəvi qoparmaqla həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən sağ qulaq seyvanının travmatik amputasiyası (ayrılması) xəsarəti yetirməklə sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində Zərərçəkmiş şəxs ilə aralarında qohumluq və düşmənçilik münasibəti olmadığını, Bəhruzun əmisi Şahid3 heyvanlarına çobanlıq etdiyini, heyvanları aparıb-gətirən zaman Bəhruzla tez-tez rastlaşdığını, 14 sentyabr 2022-ci il tarixdə, təxminən saat 19 radələrində Salehlə birlikdə sonuncuya məxsus heyvanları otlaq sahəsindən tövləyə gətirən zaman yol üstündə yerləşən körpünün yaxınlığında Bəhruz və sonuncunun çobanı Şahid1la qarşılaşmışdığını, Bəhruz körpünün üzərindən heyvanlarını keçirə-keçirə saymaqla məşğul olduğunu, heyvanlar qarışmaması üçün ilk öncə Saleh, daha sonra isə özü bir neçə dəfə fit çalaraq heyvanları harayladığını, bu hərəkəti bir neçə dəfə təkrarladığını, həmin vaxt Bəhruz onun bu cür səs çıxarmasının heyvanları saymasına mane olduğunu əsəbi halda bildirərək sakit durmalarını tələb etdiyini, bununla bağlı Bəhruz bir-birilərinə qarşılıqlı şəkildə öz iradlarını bildirsələrdə aralarında heç bir dava-dalaş baş vermədiyini, ilk öncə Bəhruz, sonra isə özləri heyvanları obaya tərəf apardıqlarını, Bəhruza məxsus evin qarşısından keçib gedərkən sonuncu ilə təkrar qarşılaşdığını, bu zaman Bəhruzun yenidən irad bildirdiyini, bununla əlaqədar aralarında təkrarən mübahisə yarandığını, bir-birlərinə qarşısılıqlı söyüş söydüklərini, Bəhruzun ona qarşı etdiyi söyüşlərə görə əsəbiləşib sonuncu ilə dalaşdığını, dalaşarkən yerə yıxıldıqlarını, Bəhruzun onun üstünə çıxdığını, Bəhruz onu vura bilməməsi üçün əlləri ilə onu qucaqlayıb möhkəm şəkildə özünə sıxıb saxladığını, Bəhruz əlverişli mövqedə olduğundan əlləri ilə vura bilməyib əsəblərini cilovlaya bilməyib məcburən Bəhruzun qulağını qəsdən möhkəm şəkildə dişləyərək hissəvi qopardıb yerə tüpürdüyünü, səs-küyə Bəhruzun arvadı Şahid2 ora gəldiyini, Saleh, İsmayıl və Lətafətin onları aralaşdırdıqlarını, Salehin sözü ilə oradan çıxıb getdiyini, etdiyi cinayət əməlindən peşman olduğunu bildirmiş və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs dava-dalaş zamanı ilk öncə Zərərçəkmiş şəxs ona hücum etməsi, yerdə yaxalaşan zaman onun altda, Bəhruzun isə onun üzərində, yəni əlverişli mövqedə olması, buna görə Bəhruzu əlləri ilə vura bilməyib məcbur qalıb qulağını dişləməsi ifadələrinə məhkəmə tənqidi yanaşaraq bu ifadələri iş materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və onun ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs, şahidlərin ifadələri, tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları və biri digəri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında heç vaxt mübahisə olmadığını, Qismətin əmisi Şahid3 heyvanlarına çobanlıq etdiyini, 14 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində çobanı Şahid1la birlikdə heyvanları otlaq sahədən geri qaytararkən özünə və İsmayıla məxsus ümumilikdə 400 baş heyvanı körpüdən keçirən zaman saymağa başladığını, sonra Saleh və Qismətin də öz heyvanlarını həmin əraziyə gətirdiyini, Saleh və Qismətin səs-küy salaraq heyvanları qaçırdığını, Qismətə etdiyi hərəkətlərin heyvanı saymasına mane olduğunu dediyini, Qismət və Salehin heç bir cavab vermədiklərini, yenidən Saleh ilə Qismət heyvanlarının saymağına mane olduqlarını, Qismətə öz iradını əsəbi halda yenidən bildirdiyini, həmin vaxtı Qismətin qəfil onun üzərinə hücum etdiyini, bu vaxt arxası üstə yerə yıxıldığını Qismətin isə onun üstünə oturaraq boynunu qucaqlayıb özünə tərəf sıxdığını, buna görə Qisməti özündən aralamaq məqsədi ilə sonuncunun çənəsindən geriyə itələməyə çalışdığını, elə bu anda qulağından möhkəm ağrı hiss etdiyindən qışqıraraq Qismətə onu buraxmasını dediyini, lakin Qismət onu buraxmayaraq sağ qulağını sonacan dişləyərək hissəvi qopardığını, Qismətin ayağa durub ondan təxminən 1 metr aralandığını, qopardığı tikəni yerə tüpürdüyünü və onun ünvanına nalayiq ifadələr işlətdiyini, sonra isə Salehin sözü ilə Qismətin oradan getdiyini, qoparılmış qulaq tikəsinin cərrahi yolla yerinə tikilməsi üçün ailə üzvləri yerdəki qulaq tikəsini götürüb “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” X8 apardıqlarını, dörd dəfə cərrahiyə əməliyyatı edilməsinə baxmayaraq qulağının tamlığını bərpa etmək mümkün olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində 14 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxsla birlikdə heyvanlarını otarıb geri qaytararkən yaşadıqları obaya gedən yolda yerləşən kiçik körpüyə çatanda qardaşı oğlu Bəhruzun çobanı Şahid1la birlikdə həmin ərazidə heyvanlarını sayıb körpüdən keçirdiklərini gördüklərini, heyvanlar bir-birinə qarışmasın deyə Qismət heyvanın qarşısına keçib müxtəlif səslərlə heyvanı haraylayıb dayandırmağa çalışdığını, Qismətin etdiyi hərəkətlər Bəhruzun fikrini yayındırdığına görə Bəhruz Qismətin ünvanına nalayiq söyüş edib səs-küy salmamasını dediyini, Bəhruz öz heyvanlarını körpüdən keçirərək evinə getdiyini, sonra onlar birlikdə öz heyvanlarını körpüdən keçirərək evə doğru getdiklərini, Bəhruzun evinin qarşısından keçərkən Bəhruz öz həyətindən çıxaraq yenidən Qismətə tərəf gəlib heyvanı saymasına mane olduğuna görə bir daha öz iradını bildirdiyini, bu zaman Qismətlə Bəhruzun arasına girərək onların dalaşmasına mane olmağa çalışdığını, həmin vaxtı Bəhruzun Qismətin üzərinə gedərək əlindəki ağac parçası ilə sonuncunun kürək hissəsinə bir zərbə vurduğunu, sonra bir-birinin yaxasından tutaraq dalaşaraq yerə yıxıldıqlarını, hadisə yerinə gələn Şahid1, arvadı Şahid2 və anası Şahid4 ilə birlikdə onları aralaşdırdığını, Bəhruzun qulağından bərk qan gəldiyini gördüyünü, Qismət Bəhruzun qulağını dişləyərək hissəvi qopardığını, sözü ilə Qismətin həmin yerdən çıxıb getdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində Zərərçəkmiş şəxs oğlu olduğunu, Təqsirləndirilən şəxs isə uzun müddətdir ki, tanıdığını, onunla qohumluğu və düşmənçiliyi olmadığını, Bəhruzla Qismətin yaxşı münasibətdə olduğunu, Qismətin qardaşı Saleh Quliyevin heyvanlarını otardığını, 14 sentyabr 2022-ci il tarixdə axşam saat 19 radələrində səsə çölə çıxdığını, Bəhruzun qulağından qan axa-axa həyətə girdiyini, yanında arvadı Səadətin və Bəhruzun arvadı Lətafətin olduğunu gördüyünü, Bəhruzdan nə baş verdiyini soruşduqda Bəhruzun ona Qismətin onunla dalaşaraq qulağını dişləyərək qopardığını, bundan sonra Bəhruz, Lətafət və Səadət ilə birlikdə Qismətin ögey atası Rəhbərin evinə getdiklərini, orada Qismətin valideynlərinə hadisə barədə məlumat verdiklərini, sonra Bəhruz və Lətafətin xəstəxanaya getdiklərini, Bəhruzun zəng edərək həkimin qulağın qopmuş hissəsinin mütləq tapılmalı olduqlarını bildirdiyini, Səadətin fənərlə çölə çıxaraq qulağın qopmuş hissəsini tapdığını və taksi ilə qulağın hissəsini xəstəxanaya göndərdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. İş materiallarından olan 14 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs aralarında yaranmış münaqişə zamanı X1, onun sağ qulağını dişləyərək xəsarət yetirməsi barədə ərizə ilə Laçın rayon Polis Şöbəsinə müraciət etmişdir. İş materiallarından olan 15 sentyabr 2022-ci il tarixli paltarların istintaqa təqdim edilməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli bir ədəd uzunqol köynəyin üzərində qana bənzər ləkələr və 2 ədəd düymənin bağlanan yerində cırılmış zədələr, habelə ağ rəngli maykanın üzərində qanabənzər ləkələr vardır. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin geyim əşyaları qablaşdırılaraq götürülmüşdür. İş materiallarından olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 11 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Mahmudov X2 rayonu Taxtakörpü qəsəbəsi Laçın obaları yaşayış massivi, Ağcakənd obası ərazisində Zərərçəkmiş şəxsla aralarında yaranmış mübahisə yerini, hadisələrin baş vermə ardıcıllığını, onunla dalaşıb qulağını dişləyərək xəsarət yetirdiyi yeri əyani şəkildə göstərərək, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan “Laçın rayon Mərkəzi Xəstəxanası” X7 21 oktyabr 2022-ci il tarixli, 331 saylı arayışından görünür ki, X4 xəstəxananın Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatına alınmamışdır. İş materiallarından olan məhkəmə-tibbi ekspertizasının 27 sentyabr 2022-ci il tarixli, 711 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarət aşkar edilmişdir:Sağ qulaq seyvanının yuxarı üçdə bir hissəsinin travmatik amputasiyası (ayrılması), belin sağ tış (bayır) səthində qançır, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir. Sağ qulaq seyvanının travmatik amputasiyası kənar şəxsin dişləməsi üçün daha xarakterikdir. Belin sağ tış səthindəki qançır isə kənar şəxs tərəfindən ağacla vurulma nəticəsində əmələ gələ bilərdi. Xəsarətlərin yetirilmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən-sağ qulaq seyvanının travmatik amputasiyası (ayrılması)sifətdə yerləşdiyi üçün silinməz hesab olunur, belə ki, onun aradan götürülməsi üçün cərrahi müdaxilə zəruridir. Qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərdən-belin sağ tış (bayır) şöbəsində olan qançır- sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlərə aiddir. İş materiallarından olan məhkəmə-trasoloji ekspertizasının 21 noyabr 2022-ci il tarixli, 3/1479 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş köynəyin yuxarıdan dördüncü düyməsi yerində müşahidə olunmur. Köynəyin aşağıdan ikinci və üçüncü düymə ilgəyinin hər birinin üzərində 8 mm uzunluqda bir ədəd zədə vardır. Həmin zədələr fiziki qüvvənin təsiri nəticəsində dartılaraq yaranmağa xarakterik olan cırılma zədələridir, sözügedən zədələrin qərarın təsviri hissəsində göstərilmiş şəraitdə yaranması mümkündür. Tədqiqata təqdim edilmiş maykanın üzərində istismar nəticəsində yaranmağa xarakterik izlər və qəhvəyi rəngli qanabənzər maddənin ləkələri müşahidə olundu. Təqdim edilmiş maykanın səthində zədə yoxdur. İş materiallarından olan məhkəmə kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 773/272 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi nevrozabənzər pozuntu, yaddaşın enməsi ilə XTB 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07. Xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətlərinin nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o, hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək, hərəkətlərinin ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən əsəbi psixi-emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın təsdiq edilməsi barədə 1 avqust 2014-cü il tarixli, 269 nömrəli qərarının "Ağır xəsarətlər"ə aid siyahısının 1.10-cu bəndində göstərilmişdir ki, sifətdə bərpa olunmayan xəsarətlər - “Sifətdə, eləcə də qulaq seyvanında vaxt keçdikcə bərpa olunmayan və onların aradan qaldırılması üçün cərrahi müdaxilə (plastik və rekonstruktiv əməliyyatlar) tələb olunan patoloji dəyişikliklər (çapıqlar, burnun və qulağın hissəvi, eləcə də tam amputasiyaları, deformasiya, mimika və çeynəmə pozuntuları, kəskin nəzərəçarpan asimmetriya və s.) nəzərdə tutulur”. İş materiallarında olan 17 dekabr 2022-ci il tarixli qərarla hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qara rəngli uzunqol köynək və bir ədəd ağ rəngli maykanın maddi sübut kimi tanınmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs 05 yanvar 2023-cü il tarixdə istintaqa və məhkəməyə təqdim etdiyi 06 fevral 2023-cü il tarixli ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs hər hansı şikayəti, tələbi və mülki iddiası yoxdur. İş materiallarında olan Laçın rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarı ilə X4 barəsində 03 ay 02 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Laçın rayon İcra Hakimiyyəti Başçısının Əhmədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə X4 müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs X1 törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1ci maddəsi ilə düzgün ittiham verilmiş o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinə əsasən CM-in 59.1.12-ci maddəsində nəzərdə tutulan hal olduqda və cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs cəza təyin edilərkən bu hal nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə yüngülləşdirici hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, ağırlığını, onun şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona təqsirləndirildiyi CM-in 126.1-ci maddəsi ilə müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və təyin olunmuş cəzanı çəkməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Eyni zamanda məhkəmə iş üzrə maddi sübut olan- Laçın rayon Polis Şöbəsində saxlanılan 1 ədəd qara rəngli uzunqol köynək və 1 ədəd ağ rəngli maykanın məhv edilməsini, 80 (səksən) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməsini, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsini, cəzasının çəkilmə müddətinin 02 noyabr 2022-ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 noyabr 2022-ci il tarixdən hesablansın. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Laçın rayon Polis Pöbəsində saxlanılan 1 ədəd qara rəngli uzunqol köynək və 1 ədəd ağ rəngli mayka məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar