Məhkəmə qərarları › İş №1(099)-209/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-209/2024

04.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-209/2024 04.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxxxx 2000-ci ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, “Oskar” YDM-də operator işləmiş, Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi ev 49 A-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-15,631 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 14 iyul 2023-cü il tarixdə, saat 18 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X7 Şöbəsinin (bundan sonra BNMİ-nin CBRŞ-nin) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən bir ədəd bükümdə külli miqdarda-15,631 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, subaydır, ünvan 1 ünvanında atası Elşadla birlikdə yaşayır, anası bir neçə il əvvəl vəfat etmişdir. Rəsmi olaraq iş yeri yoxdur, lakin Lənkəran şəhərində “Oskar” YDM-də operator işləmişdir. Ona verilmiş ittihamda göstərilənlər tamamilə əsassızdır. Belə ki, o, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş və narkotiklərin satışı ilə məşğul olmamışdır. 14 iyul 2023-cü il tarixdə, gündüz vaxtı yaşadığı ərazidə (Lənkəran şəhəri Ş.Xiyabanı küçəsində) olarkən bir neçə polis əməkdaşı onu tutub polis şöbəsinə (BNMİnin CBRŞ-nə) aparmışlar. Polis şöbəsinə aparılarkən üzərində heç bir narkotik maddə olmamışdır. Polis şöbəsində olarkən ona məlum olmuşdur ki, polis əməkdaşları onu bir müddət əvvəl, yəni 12 iyul 2023-cü il tarixdə onun sosial şəbəkədə “mən sülh içində yaşamaq istəyirəm” yazaraq paylaşım etməyi olmuşdur. Sonra polis əməkdaşları onu döyərək təzyiqlər edib qarşısına qoyulmuş narkotiki üzərinə götürməsi tələb olunmuş, o da qorxusundan həmin narkotik maddəni üzərinə götürmüşdür. Həmçinin polis əməkdaşları ona cibinə qoyulmuş narkotiki tanımadığı şəxsdən 50 manata aldığını və istifadəsi üçün üzərində saxlamasını deməyi tapşırmışlar. Bundan sonra polis əməkdaşları tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə onun üzərində axtarış keçirilmişdir. Axtarış zamanı o, polislərin əvvəldən ona dedikləri kimi hərəkət edib cibində olan bir ədəd bükümü çıxarıb polislərə təqdim edib bükümün içərisində narkotik maddə (heroin) olduğunu, tanımadığı şəxsdən 50 manata aldığını və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Əslində isə üzərində aşkar olunmuş narkotik maddə (heroin) ona məxsus deyil, həmin narkotiki (heroini) üzərinə polis əməkdaşları qoymuşdur. Polis əməkdaşlarının ona qarşı belə hərəkət etmələrinin səbəbi onun Azərbaycan və Erməni bayraqlarının şəkilinin altına “mən sülh içində yaşamaq istəyirəm” yazaraq özünün instarqam səhifəsində bu şəkili və yazdığı sözləri paylaşım etməsi olmuşdur. O, hesab edir ki, bu hərəkəti ilə dövlətə qarşı heç bir təxribat xarakterli hərəkətə yol verməmişdir. Polis şöbəsində olarkən polis əməkdaşları onu döyərək xəsarətlər yetirmiş və ona narkotik maddəni üzərinə götürməsini məcbur etmişlər. Ona görə də o, verilmiş ittiham üzrə özünü təqsirli bilmir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 15 və 16 iyul 2023-cü il tarixli ifadələrində göstərmişdir ki, üzərində aşkar olunmuş heroini tutulduğu gündən bir gün əvvəl Lənkəran şəhərində, tanımadığı şəxsdən 50 manata almışdır. O, 14 iyul 2023cü il tarixdə, saat 18 radələrində Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində yaşadığı evin yaxınlığında olarkən üç nəfər polis əməkdaşı onu saxlayıb X4 dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilib cənub regional şöbəsinə (BNMİ-nin CBRŞ-nə) aparılmışdır. Regional şöbədə müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı özü əynindəki şalvarın cibindən 01 ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı o, aşkar olunmuş narkotik maddəni (heroini) bir gün əvvəl tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra polis əməkdaşları tərəfindən narkotik maddə (heroin) zərfə qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Əldə etdiyi heroindən heç kəsə satmamış və heç kimə də verməmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir qanunsuz hərəkətlər edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 17 iyul 2023-cü il tarixdə məhkəmədə verdiyi ifadəsinə uyğun ifadə vermiş, habelə bu ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində heç bir narkotik maddə olmamış, polis şöbəsinə gətiriləndən sonra polis əməkdaşları tərəfindən üzərinə narkotik maddə qoyulmuşdur. O, özünün instarqam səhifəsində “mən sülh içində yaşamaq istəyirəm” yazaraq paylaşım etməsi səbəbindən polis əməkdaşları tərəfindən tutulmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 15 və 16 iyul 2023-cü il tarixli ifadələrini təsdiq etməyib, 17 iyul 2023-cü il tarixli ifadəsini təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, o, tutulan vaxt üzərində heç bir narkotik maddə olmamışdır. Tutulduqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı fiziki zorakılıq halları, yəni döyülməsi halları olmuş və o, üzərində aşkar olunmuş narkotik maddənin (heroinin) özünə məxsus olduğunu bildirmişdir. Əslində üzərində aşkar olunmuş narkotik maddəni (heroini) üzərinə polis əməkdaşları tərəfindən qoyulmuşdur. O, heç vaxt narkotik vasitələrdən istifadə etməmiş, siqaret belə çəkməmiş və barəsində verilən narkoloji rəylə razı deyil, həmçinin o, narkotiklərin satışı ilə də məşğul olmamışdır. O, üzərində aşkar olunmuş narkotik maddə ilə (heroinlə) bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir və ona bəraət verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, BNMİ-nin, CBRŞ-nin əməkdaşıdır. 14 iyul 2023-cü il tarixdə ona Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik maddələr əldə etməsi, istifadəsi və üzərində daşıması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumata əsasən özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və həmin gün saat 18 radələrində əməliyyataxtarış tədbiri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib CBRŞ-nə aparılmışdır. Regional şöbədə təhqiqatçısı Anar Aslanov tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən bir ədəd bükümü çıxarıb təqdim edib bükümün içərisində heroin olduğunu, tanımadığı şəxsdən 50 manata alıb özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir. Aşkar olunmuş heroinə oxşar kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs sosial şəbəkədə nəsə yazıb paylaşım etməsi barədə məlumatı yoxdur və onun sosial şəbəkədə nəsə yazıb paylaşım etməsi səbəbi ilə polis əməkdaşları tərəfindən tutulması barədə dedikləri yalandır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində daşıması barədə daxil olmuş məlumat əsasında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları, o cümlədən özü və digər polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid2 Babayev Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, DİN-nin BNMİ-nin CBRŞ-nin əməkdaşının 14 iyul 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, 14 iyul 2023-cü il tarixdə Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və daşıması barədə əməliyyat məlumatı daxıl olmuş və bu məlumat üzrə həmin gün saat 18 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 ünvanın yaxınlığında saxlanılıb regional şöbəyə gətirilmişdir. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 14 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 14 iyul 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə BNMİ-nin CBRŞ-nin təhqiqatçısı Anar Aslanov tərəfindən müdafiəçi Əbdülhəsən Əzimovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini Lənkəran şəhərində tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 15 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən edilmiş kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi-15,631 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Ekspertiza tədqiqatından sonra qalıq heroin 15,531 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat təşkil edir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 iyul 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 15 oktyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 15,531 qram heroin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli qərarla müəyyən edilir ki, Lənkəran Rayon Məhkəməsindən daxil olmuş məlumat üzrə (məhkəmə iclasında Təqsirləndirilən şəxs Lənkəran ŞRPŞ-nin polis əməkdaşları tərəfindən təzyiq və zorakılığa məruz qalması ilə bağlı şikayəti üzrə) Lənkəran rayon prokurorluğunda araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalması faktı təsdiq olunmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 15 oktyabr 2023-cü il tarixli qərarla müəyyən olunur ki, hazırki cinayət işindən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin mənbəyi ilə bağlı CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübut və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1 və Şahid2 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (tutulan vaxt üzərində narkotik maddənin (heroinin) olmaması, polis şöbəsində polis əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa məruz qalması və polis əməkdaşları tərəfindən üzərinə narkotik maddə qoyulub həmin narkotik maddənin özünə məxsus olmasını deməyə məcbur edilməsi, özünün instarqam səhifəsində “mən sülh içində yaşamaq istəyirəm” yazaraq paylaşım etməsi səbəbindən polis əməkdaşları tərəfindən tutulmasına və narkotik vasitələrdən istifadə etməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (həmin vaxt o, üzərində aşkar olunmuş heroinin özünə məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını bildirmişdir) təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı verdiyi, habelə ibtidai istintaq zamanı verdiyi 17 iyul 2023-cü il tarixli ifadələrində göstərdiyi xüsusatlar, yəni tutulan vaxt üzərində narkotik maddənin (heroinin) olmaması, polis şöbəsində polis əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa məruz qalması və polis əməkdaşları tərəfindən üzərinə narkotik maddə qoyulub həmin narkotik maddənin özünə məxsus olmasını deməyə məcbur edilməsi, özünün instirqam səhifəsində “mən sülh içində yaşamaq istəyirəm” yazaraq paylaşım etməsi səbəbindən polis əməkdaşları tərəfindən tutulmasına və narkotik vasitələrdən istifadə etməməsinə dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübut, ekspertiza rəyləri (o cümlədən məhkəmə-tibbi ekspertizasının 14 iyul 2023-cü il tarixli rəyinə əsasən tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar olunmamışdır), habelə məcburi-narkoloji tibbi yoxlamanın rəyi ilə (həmin rəyə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır), “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” 14 oktyabr 2023-cü il tarixli qərarla, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla (şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroinin ona məxsus olmasını və şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını, habelə ona qarşı hər hansı zorakılıq hallarına yol verilmədiyini bildirmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi 15 və 16 iyul 2023-cü il tarixli ifadələri ilə (həmin ifadələrində o, üzərində aşkar olunmuş narkotik maddənin (heroinin) özünə məxsus olmasını, həmin heroini tanımadığı şəxsdən 50 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Eyni zamanda məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə əldə olunmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən CM-nin 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-15,631 qram narkotik vasitə olan heroin əldə edib üzərində daşımaqla saxlamış, daxil olmuş məlumat əsasında 14 iyul 2023-cü il tarixdə, saat 18 radələrində BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, Şəhidlər Xiyabani küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarının cibindən bir ədəd sellofan bükümdə külli miqdarda-15,631 qram heroin aşkar edilib götürülmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı verilmiş ittiham üzrə onun əməli məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmır. Belə ki, Təqsirləndirilən şəxs iş üzrə verdiyi ilkin ifadələrində bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və üzərində aşkar olunmuş narkotik maddəni (heroini) şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Habelə işdə olan narkoloji tibbi yoxlamanın rəyi ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur və məcburi müalicəyə ehtiyacı vardır. Eyni zamanda məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs qeyd olunan narkotik maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyi öz təsdiqini tapmamışdır. İş üzrə ifadə vermiş şahidlər (polis əməkdaşları) göstərmişlər ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi və satışı ilə məşğul olması barədə məlumat daxil olsa da, onun kiməsə narkotik vasitələr satması barədə konkret məlumatlar əldə edilməmişdir. Həmçinin saxlandığı vaxt Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş heroini şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun bu tələbinə görə satış dedikdə yalnız qeyd olunan amillərin, yəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində verilmiş izaha əsasən 28 iyun 2005-ci il tarixli Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərindən azad olunmasına nail olmaq, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi başa düşülür. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilmiş, lakin həmin ittihamda təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, bu qanunun tələbi nəzərə alındıqda elan edilmiş bu ittihamın məzmununda təqsirləndirilən şəxsin narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq üçün əldə etməsi müəyyən edilmədiyindən bu halların, yəni təqsirləndirilən şəxsin 15,631 qram heroin əldə edilməsinin satış kimi qiymətləndirilməsi qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik maddə olan heroinin miqdarı 15,631 qram olmaqla külli miqdar təşkil edir, lakin Təqsirləndirilən şəxs əldə etdiyi narkotik maddənin külli miqdarda olması onun bu maddəni məhz satış məqsədi ilə əldə etməsi kimi qiymətləndirilməsinə əsas vermir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma və satma cinayətini, yəni CM-nin 234.4.3-cü maddəsində göstərilən cinayəti törətməsi heç bir mötəbər hesab edilə bilən sübutlarla təsdiq edilməmiş, ümumiyyətlə belə sübutlar əldə edilməmiş, eləcə də məhkəmə istintaqı zamanı da onun bu cinayət əməlini törətməsi məhkəmədə tədqiq olunmuş sübutlarla öz təsdiqini tapmamışdır. Habelə məhkəmə cinayət qanunvericiliyinin müddəaları baxımından da hesab edir ki, hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir, onun hərəkətlərində CM-nin 234.2-ci maddəsinin (bu əməllər külli miqdarda törədildikdə CM-nin 234.4.3-cü maddəsinin) tərkib əlamətləri də yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddəyə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulmuş obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti, cinayətin obyektiv cəhəti, cinayətin subyekti və cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxtda mövcud olduğu təqdirdə törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsinin obyektiv cəhəti təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma hərəkətləri etməkdən ibarətdir. Cinayətin törədilməsi, icra edilməsi dedikdə onun obyektiv tərəfini təşkil edən hərəkətlərin, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma hərəkətlərin edilməsi başa düşülür. Hazırki iş üzrə təqsirkarın satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma və satma hərəkətləri, yəni Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətləri təşkil edir. Bu isə o deməkdir ki, təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma hərəkətləri etməsini, yəni narkotik maddənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi tələb olunur. Lakin hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təqsirkar şəxsin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı hərəkətləri, yəni narkotik maddəni əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər etməsi təsdiq olunmur. Habelə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik maddəni əldə etməyə dair ittiham verilsə də, təqsirləndirilən şəxsin bu maddəni əvəzli və ya qazanc üçün əldə etməsi, yaxud digər şəxsi marağının nədən ibarət olması müəyyən edilməmiş, eyni zamanda bu amillər məhkəmə istintaqı zamanı da öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə tədqiq olunmuş sübutları, işin faktiki hallarını və cinayətin ittihamda göstərildiyi kimi törədilməsini təsdiq edən heç bir sübutun və dəlilin olmadığını nəzərə alaraq hesab edir ki, CM-nin 234.4.3-cü maddəsində (eləcə də həmin Məcəllənin 234.2-ci maddəsində) nəzərdə tutulan cinayətin Təqsirləndirilən şəxs tərəfindən törədilməsinin sübuta yetirilməsi ilə əlaqədar ittiham tərəfindən irəli sürülən dəlillər əsassızdır, bu dəlillər konkret sübutlara deyil, mülahizələrə əsaslanır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərildiyi kimi narkotik maddəni satış məqsədi ilə əldə edilməsinə dair fikir yalnız mülahizə (ehtimal) xarakteri daşıyır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqlarının və X3 X2 6-cı maddəsinin 2-ci hissəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Həmin Konvensiyasının 7-ci maddəsinə əsasən heç kəsə cinayət törədildiyi anda tətbiq edilməli olan cəzadan daha ağır cəza təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 7-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda-15,631 qram heroin əldə edib, saxlayıb, üzərində daşımış, 14 iyul 2023-cü il tarixdə, saat 18 radələrində BNMİ-nin CBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, Şəhidlər Xiyabani küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı qeyd olunan heroin aşkar edilib götürülmüş və bununla da o, CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinə əsasən (bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməlləri bu cinayətin törədilməsi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri olmadığından, onun törətdiyi cinayət əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif olunmalı və o, CM-nin 234.1- 1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 16 iyul 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 14 iyul 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Lənkəran şəhər İƏD üzrə Nümayəndəliyindən verilmiş 10 oktyabr 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Ş.Xiyabanı küçəsi ev 49 A-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İş üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar (CM-nin 59 və 61-ci maddələrində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan 15,531 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 14 iyul 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə yaşadığı ərazi üzrə xəstəxanada narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 15,531 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və cinayət işinin materiallarına əlavə edilmiş, şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-65 (altmış beş) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar