Məhkəmə qərarları › İş №1(099)-21/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-21/2022

11.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-21/2022 11.03.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Abdullayev İlkin Qismət oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1984-cü ildə Ağcəbədi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağcabədi rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağcəbədi şəhəri, R.Tağıyev küçəsi, ev 24-də yaşamış, barəsində 31 may 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanunsuz yolla qazanc əldə etmək üçün qanunsuz olaraq satış məqsədi ilə külli miqdar təşkil edən 23,978 qram çəkidə narkotik vasitə heroini və 18,566 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 29 may 2021-ci ildə saat 13:50 radələrində «Kia Picanto» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Hacıqabul rayonunun Nəvahı kəndində yerləşən DYP postunda saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əldə etdiyi narkotik vasitə heroinin 0,208 qramı, psixotrop maddə metamfetaminin 0,166 qramı əynində olan göy rəngli şalvarının qabaq sol cibində bir ədəd «Kent» markalı siqaret qutusunun içərsində kağız kəsiyinə bükülmüş şəkildə, heroinin qalan 23,770 qramı və psixotrop maddə metamfetaminin isə 18,400 qramı idarə etdiyi «Kia Picanto» markalı avtomobilin salonunda bir ədəd sellofan torbada aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25 may 2021-ci ildə Beyləqan şəhərində avtovağzalın yaxınlığında bir ədəd kağız bükülü tapmış, bükülüyə baxarkən içərisində narkotik vasitə heroin, psixotrop maddə olan metamfetamin və bir ədəd balaca ölçüdə işlək vəziyyətdə tərəzi olmuş, onlardan bir hissəsini istifadə etmək üçün «Kent» markalı siqaret qutusunun içərsinə qoymuş, qalan hissəsini isə idarə etdiyi «Kia Picanto» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobildə gizlətmiş, 29 may 2021-ci ildə saat 10 radələrində atasını Bakı şəhərində əməliyyat elətdirmək üçün idarə etdiyi «Kia Picanto» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə yola düşmüş, avtomobildə anası və Ağcəbədi şəhər sakini Şahid1 olmuş, yolda özünü pis hiss etdiyi üçün avtomobili idarə etmək məqsədi ilə tanışı Natiqə vermiş, saat 13 radələrində Hacıqabul rayonu Nəvahı kənd ərazisində yerləşən DYP-nin postunda polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə dəvət olunmuş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən şalvarının cibində olan 01 ədəd «Kent» markalı siqaret qutusunda və avtomobilində saxladığı narkotik vasitə heroini, eləcə də psixotrop maddə metamfetamini, o, cümlədən bir ədəd kiçik ölçüdə işlək vəziyyətdə olan elektron tərəzi polis əməkdaşlarına təqdim etmiş, onlar sənədləşdirilr götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, həmçinin onun tərəfindən imzalanmışdır. Narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamış, üzərindən və avtomobildən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddəni yalnız istifadə etmək məqsədilə üzərində gəzdirmişdir. Hazırda törətdiyi cinayəti etiraf etməklə peşmançılıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən valideynlərinin və arvadının olmasını,narkomaniya xəstəliyindən əziyyət çəkməsini nəzərə alaraq əməlini CM-in 234.1-ci maddəsinə tövsif etməklə ona aşağı həddə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında şahid qismində dindirilmiş Hacıqabul rayon PŞ-nin CAB-də əməliyyat müvəkkili vəzifəsində Şahid3 məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 29 may 2021-ci ildə Ağcəbədi şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat müşahidə qrupu yaradılmış, həmin gün saat 13:50-də Hacıqabul rayonu Nəvahı kənd ərazisində olan 723 saylı DYP-nin stasionar postunda Təqsirləndirilən şəxs məxsus «Kia Picanto» markalı avtomobil saxlanılaraq polis şöbəsinə dəvət olunmuş, polis şöbəsində müdafiəçini iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində və avtomobilində olan narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələri, eləcə də bir ədəd işlək vəziyyətdə olan elektron tərəzini çıxarıb onlara təqdim etmiş, təqdim etdiyi maddələr və elektron tərəzi sənədləşdirilərək götürülmüş, sonra protokol tərtib edilərək orada iştirak edən şəxslər, o cümlədən Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və Şahid6 da Şahid3 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraatı zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu olmaqla ailəsi birlikdə onlara məxsus evdə yaşamışdır. 29 may 2021-ci ildə ərinin gözünün əməliyyat olunması ilə bağlı Bakı şəhərinə gedərkən Hacıqabul rayonu Nəvahı kəndi ərazisində yerləşən DYP-nin postunda polis əməkdaşları oğlu Vüqara məxsus «Kia Picanto» markalı avtomobill saxlayaraq Vüqarı polis şöbəsinə aparmış, bir müddət sonra bilmişdir ki, oğlu Vüqarın üzərində və avtomobilində narkotik maddələr aşkar edilərək götürülmüşdür. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 29 may 2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli şalvarımın sol yan cibindəki 01 ədəd «Kent» adlı siqaret qutusunun içərsində saxladığım 01 ədəd kağız bükülünün içərsindəki psixotrop maddə metamfetaminə və 01 ədəd kağız kəsiyinə bükülmüş içərsində narkotik vasitə heroinə oxşar maddələr aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması ilə əlaqədar narkotik vasitənin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. İş materiallarında olan 29 may 2021-ci il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Kia Picanto» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı «Kia Picanto» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ oturacağının yanında olan sellofan torbanın içərsindən 01 ədəd sellofan bükülünün içərsində narkotik vasitə olan heroinə oxşar maddə, 01 ədəd sellofan bükülünün içərsindəki metamfetaminə oxşar maddə və bir ədəd kiçik işlək vəziyyətdə olan elektron tərəzi aşkr edilərək götürülmüşdür. Baxış və götürmə aparılması ilə əlaqədar narkotik vasitənin aşkar olunmasını özündə əks etdirən 1 ədəd disk iş materialların əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 29 may 2021-ci il tarixli 18/592 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs üzərindən» sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümüdə təmiz çəkisi-0,208 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi-0,166 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs avtomobilindən» sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümüdə təmiz çəkisi- 23,770 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd bükümdə təmiz çəkisi-18,400 qram olan ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 02 ədəd bükümüdə olan heroin və 02 ədəd bükümdə olan mateamfetamin xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. İş materiallarında olan məhkəmə mühəndis-texniki ekspertizasının 22 iyun 2021-ci il tarixli 10/2833 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş tərəzinin «on/off» düyməsini basmaqla tərəzinin tablosunda siqnallar yaranır və avtomatik olaraq kalibrovka («sıfırlaşma») olunur, ekranda «0.00g» göstəricisi əmələ gəldikdən sonra tərəzinin çəki gözünə hər hansı əşya qoyulduqda, ekranda əşyanın çəkisi görünür. Aparılmış tədqiqatla eletron tərəzinin işlək vəziyyətdə olmaqla istismara yaralı olduğu müəyyən edildi. Bununla belə, tərəzinin göstərcisinin tam dəqiq olub-olmaması Azərbaycan Respublikasının Antiinhsar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (bundan sonra-Dövlət Agentliyi) müvafiq çəki etalonları vasitəsi ilə müəyyən edilə bilər (ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini texniki tənzimləmə, standartlaşma, metrolojiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və keyfiyyətin idarə edilməsi sahəsində səlahiyyətləri bu qruma verilmişdir). İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasinin 02 iyun 2021-ci il tarixli 1693 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikiya əlamətlərinin olmamasını nəzərə alaraqa, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olmaması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtyiacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 10 avqust 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 23,878 qram narkotik vasitə heroin, xalis qalıq çəkisi 18,466 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi, axtarış və götürmə aparılan zaman qeydə alınaraq bir ədəd CD diskə köçürülən videogörüntü maddi sübut qismində tanınmış və saxlanılması üçün Hacıqabul rayon polis şöbəsinə təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş, 2695 (iki min altı yüz doxsan beş) manat pul, «Kia Picanto» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin şəhadətnaməsi, Təqsirləndirilən şəxs məxsus AE 904057 nömrəli sürücülük vəsiqəsi, həmin avtomobilə məxsus AR-İ №518796 saylı etibarnaməni, ƏN-Vİ№470669, ƏN- Vİ№615377 saylı bankomat kartını və bir ədəd Vaz-21061 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi saxlanılması üçün anası Şahid2 qaytarılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin məhkəməyədək və məhkəmə icraatı zamanı verdiyi qismən etirafedici, şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinin «üzərindən və avtomobilindən aşkar olunmuş bükümlərdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün üzərində saxladığını, onları satmaq məqsədi olmadığı» hissəsinə tənqidi yanaşaraq həmin ifadəyə məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin hissədə ifadə obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özünü müdafiə xarakteri daşıyır. Belə ki, narkotik vasitə heroin və psixotrop maddə metafetaminin külli miqdar təşkil etməsi, onların şəxsi istehlak miqdarından dəfələrlə çox olması, həmçinin barəsində narkotik vasitələrin və psixotrop maddənin satışı ilə bağlı əməliyyat məlumatlarının olması göstərilən narkotik vasitənin və psixotrop maddənin bilavasitə satış məqsədi ilə əldə olunması nəticəsinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilərək götürülmüş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin satış məqsədi ilə əldə olunması qənaətinə gəlir, eyni zamanda onun ifadəsində göstərdiyi bu xüsusatları ona təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunlarının tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroin, eləcə də psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddə ilə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun saxlanıldığı vaxtdan, yəni – 29 may 2021-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan Hacıqabul rayon məhkəməsinin 31 may 2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 29 may 2021-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Əliyev X2 rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan 5 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş şəxsi işdən arayışdan görünür ki, Təqsirləndirilən şəxs cəzasının sonu 31 iyul 2022-ci ildə başa çatır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67-ci maddəsinin tələbinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Ağcabədi rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 4 (dörd) ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) ay, 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən hesab edir ki, Ağcabədi rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1 (bir) il 4 (dörd) ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) ay, 2 (iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər onlar cəzanı çəkib qurtardıqları gündən sonra iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Hazırda iş üzrə Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş şəxs hesab olunur. Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-in 18.5-ci maddəsinə əsasən isə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla və hədlərdə cinayətlərin residivinə görə daha sərt cəza tətbiq edilir. Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə edilmiş 16 iyun 2021-ci il tarixli, 2446 saylı arayış və xasiyyətnamədən görünür ki, Əliyev X2 şəhəri, R.Tağıyev küçəsi, ev 24-də qeydiyyatda olmaqla himayəsində heç bir yerdə işləməyən valideynləri, arvadı və yetkinlik yaşına çatmayan bir uşağı ilə birgə orada yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən valideynlərinin, arvadının və yetkinlik yaşına çatmayan bir uşağının olmasını, təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsind xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 23,878 qram narkotik vasitə heroin, xalis qalıq çəkisi 18,466 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, axtarış və götürmə aparılan zaman qeydə alınaraq bir ədəd CD diskə köçürülən videogörüntü cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş, 2695 (iki min altı yüz doxsan beş) manat pulun, «Kia Picanto» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin şəhadətnamənin, Təqsirləndirilən şəxs məxsus AE 904057 nömrəli sürücülük vəsiqəsinin, həmin avtomobilə məxsus AR-İ №518796 saylı etibarnamənin, ƏN-Vİ№470669, ƏN-Vİ№615377 saylı bankomat kartının və bir ədəd Vaz- 21061 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin saxlanılması üçün anası Şahid2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə ekspertiza xərci olan 31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Ağcabədi rayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 1(bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 2 (iki) ay 2 (iki) gün müddətə azadıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş 8 (səkkiz) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadıqdan məhrum etmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra xalis qalıq çəkisi 23,878 qram narkotik vasitə heroin, xalis qalıq çəkisi 18,466 qram psixotrop maddə olan metamfetamin və bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış və götürmə aparılan zaman qeydə alınaraq bir ədəd CD diskə köçürülən videogörüntü cinayət işinin materiallarında saxlanılsını, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş, 2695 (iki min altı yüz doxsan beş) manat pulun, «Kia Picanto» markalı ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilin şəhadətnamənin, Təqsirləndirilən şəxs məxsus AE 904057 nömrəli sürücülük vəsiqəsinin, həmin avtomobilə məxsus AR-İ №518796 saylı etibarnamənin, ƏN-Vİ№470669, ƏN- Vİ№615377 saylı bankomat kartının və bir ədəd Vaz-21061 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobilə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnamənin saxlanılması üçün anası Şahid2 qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə ekspertiza xərci 31 (otuz bir) manat 95 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev

2. İlkin Abdullayev

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar